Neftçilər prospektində təmir işlərinə başlanması, xüsusilə kommunikasiyaların dəyişdirilməsi, asfalt örtüyünün yenilənməsi ilə əlaqədar prospekt istiqamətində bir neçə yolda hərəkət istiqaməti dəyişdirilib.
Bakıda təmir işləri ilə əlaqədar bir neçə yolda hərəkət istiqaməti dəyişdirilib.
Bu barədə Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov məlumat verib.
Belə ki, Nobel prospektindən Afiyəddin Cəlilov küçəsi istiqamətinə Amay inzibati binasının yanından avtomobillərin hərəkəti Nəcəfqulu Rəfiyev küçəsi istiqamətinə yönəldilib. Afiyəddin Cəlilov küçəsinin Yusif Səfərov küçəsi ilə kəsişməsindən hərəkət tam məhdudlaşdırılıb.
Neftçilər prospekti istiqamətində Bakı-Salyan yolunun 14-cü km-dən avtomobillərin hərəkəti 3-cü Kənar Dairəvi yola; 20-ci sahədən Dağüstü yolla Badamdar qəsəbəsindən keçməklə istənilən istiqamətə; Bayıl qəsəbəsindən Qurban Abbasov küçəsi ilə Dağüstü park istiqamətindən Teymur Elçin, Mehdi Hüseyn küçələrinə, Parlament prospekti və digər istiqamətlərə yönəldilib.
Həmçinin "Dalğa Plaza" mehmanxanasının qarşısından geriyə Bayıl istiqamətindən qeyd edilən küçələrə avtomobillərin hərəkəti tövsiyə olunur.
Eləcə də, Rəsul Rza küçəsinin Neftçilər prospekti ilə kəsişməsində R.Rza küçəsi ilə Zərifə Əliyeva küçəsi və Z.Əliyeva küçəsi ilə Azadlıq prospekti istiqamətində ikitərəfli yol təşkil edilib. Həmin yolda bütün xətlər çəkilib, müvafiq yol nişanları qoyulub. Həmçinin Zərifə Əliyeva küçəsi ilə Rəşid Behbudov, Bülbül, Səməd Vurğun küçələrinin kəsişmələrində əlavə işıqfor obyektləri quraşdırılıb. Qeyd olunan istiqamət boyu avtomobillərin parklandırılmaması üçün xüsusi nişanlar qoyulub.
Eyni zamanda, Azadlıq prospekti ilə Üzeyir Hacıbəyov küçəsinin kəsişməsindən Cavanşir körpüsü istiqamətində Yusif Səfərov küçəsi ilə kəsişməyədək yol ikitərəfli dörd zolaqlı təşkil edilib.
Yusif Səfərov küçəsi ilə 28 May küçəsinin kəsişməsindən istiqamət Rəşid Behbudov küçəsi istiqamətinə müəyyən edilib və Neftçilər prospekti ilə kəsişən əksər küçələrdə manelər qoyularaq istiqamət dəyişdirilib.
Neftçilər prospektinin Əziz Əliyev küçəsi ilə kəsişməsində Qoşa Qala qapısının yanından hərəkət məhdudlaşdırılıb.
Artıq xüsusi texnika Kukla Teatrının qarşısında kollektorun tikinti işlərinə başlayıb.
Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsi sürücülərdən xahiş edir ki, Nefçilər prospektinə giriş-çıxışın mümkünsüzlüyünü nəzərə alsınlar və prospektdə təmir işləri ilə əlaqədar nəqliyyat sıxlığının yaranmaması üçün alternativ yollardan istifadə etsinlər.