“Dövlət və özəl sektor əməkdaşlığı – alternativ satınalmalar modeli” mövzusunda seminar keçirildi
06 sentyabr 2012 13:20

Bakı, 06 sentyabr (ERtv). İqtisadi İnkişaf Nazirliyi və Asiya İnkişaf Bankının birgə təşkilatçılığı ilə “Dövlət və özəl sektor əməkdaşlığı - alternativ satınalmalar modeli” mövzusunda seminar keçirilib. Seminarda aidiyyəti dövlət qurumlarının, beynəlxalq təşkilatların nümayəndələri və sahibkarlar iştirak edib.

Qeyd olunub ki, uğurla həyata keçirilən iqtisadi siyasət nəticəsində ölkəmizin dünyada nüfuzu daha da artmış, regionun lider dövlətinə, iqtisadi və mədəni mərkəzinə çevrilib. Bildirilib ki, iqtisadi siyasətin prioritetlərindən olan sahibkarlığın inkişafının sürətləndirilməsi məqsədilə biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığa dövlət dəstəyinin genişləndirilməsi, maarifləndirmə, sahibkarların işgüzar əlaqələrinin genişləndirilməsi və s. kimi kompleks tədbirlər davam etdirilir. Asiya İnkişaf Bankının Azərbaycandakı nümayəndəsi Olli Norojono satınalmalarla bağlı qabaqcıl dünya təcrübəsi barədə seminar iştirakçılarına məlumat verib, Azərbaycanla Asiya İnkişaf Bankı arasında əməkdaşlığın genişləndiyini diqqətə çatdırıb.

Şahmat üzrə Dünya Kuboku və 42-ci Ümumdünya Şahmat Olimpiadası Bakıda keçirilə bilər
06 sentyabr 2012 12:33

Bakı, 06 sentyabr, (ERtv). 2015-ci ildə şahmat üzrə Dünya Kuboku yarısının və 2016-ci ildə 42-ci Ümumdünya Şahmat Olimpiadasının Bakıda keçirilməsi Türkiyədə müzakirə olunacaq. Bu barədə ERtv-yə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bu məqsədlə gənclər və idman naziri Azad Rəhimovun bu gündən etibarən  Türkiyəyə rəsmi səfəri başlayır.

Qeyd edək ki, Beynəlxalq Şahmat Federasiyasının (FİDE)  prezidenti K.İlyumjinovun  Azərbaycana səfəri zamanı Azərbaycanda 2015-ci ildə şahmat üzrə Dünya Kuboku yarısının və 2016-ci ildə 42-ci Ümumdünya Şahmat Olimpiadasının keçirilməsi barədə ilkin razılığa gəlinib.

Məhz, 7-9 sentyabr 2012-ci il tarixdə İstanbul şəhərində keçiriləcək Beynəlxalq Şahmat Federasiyasının Baş Assambleyasında  həmin tədbirlərin ölkəmizdə keçirilməsi ilə əlaqədar təqdimatın edilməsi və çıxış nəzərdə tutulub.

Səfər sentyabrın 9-dək davam edəcək. 

İsrailin Azərbaycanda yeni təyin olunan səfirirəsmi fəaliyyətə başladı
05 sentyabr 2012 15:39

Bakı, 05 sentyabr (ERtv). Azərbaycan prezidenti İlham Əliyev bu gün İsrail Dövlətinin ölkəmizdə yeni təyin olunan səfiri Rafael Harpazın etimadnaməsini qəbul edib.

Səfir Rafael Harpaz İsrail Dövlətinin Prezidenti Şimon Peresin salamlarını prezident İlham Əliyevə çatdırıb.

Azərbaycanla İsrail arasında ikitərəfli münasibətlərin səviyyəsinin razılıq doğurduğu vurğulanan görüşdə münasibətləri gələcək inkişafına dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Prezident İlham Əliyev İranın vitse-prezidenti, İran Mədəni İrs və Mədəniyyət Təşkilatının sədri Seyid Həsən Musəvinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
05 sentyabr 2012 15:34

Bakı, 05 sentyabr (ERtv). Azərbaycan prezidenti İlham Əliyev bu gün İran İslam Respublikasının vitse-prezidenti, İran Mədəni İrs və Mədəniyyət Təşkilatının sədri Seyid Həsən Musəvinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

İkitərəfli münasibətlərin inkişafında mədəni əlaqələrin xüsusi əhəmiyyət daşıdığını vurğulayan prezident İlham Əliyev “İpək yolunun dadı: kulinariya, mədəniyyət və turizm” mövzusunda Bakıda keçiriləcək konfransın önəmini qeyd edib. Dövlət başçısı ölkələr arasında ikitərəfli əlaqələrin gələcəkdə də uğurla inkişaf edəcəyinə əminliyini bildirib.

Seyid Həsən Musəvi Azərbaycana səfərindən və prezident İlham Əliyevlə görüşündən məmnunluğunu deyib. Seyid Həsən Musəvi İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejatın salamlarını və məktubunu dövlət başçısına çatdırıb. O, Azərbaycana bu səfərinin ölkələr arasında ikitərəfli münasibətlərin gələcək inkişafı ilə bağlı məsələlərin müzakirəsi baxımından yaxşı fürsət yaratdığını deyib.

Görüşdə ikitərəfli münasibətlərin təməl prinsipi olan xalqlarımız və dövlətlərimiz arasında mövcud olan dostluq, mehriban qonşuluq və sıx əməkdaşlıq münasibətlərinin hazırkı vəziyyəti və daha da inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

Prezident Bakının Səbaildəki 49 nömrəli “İntellekt” məktəb-liseyin və Yasamaldakı 21 nömrəli məktəbin binalarının əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olub
05 sentyabr 2012 15:27

Bakı, 05 sentyabr (ERtv). Azərbaycan prezidenti İlham Əliyev bu gün Bakının Səbail rayonundakı 49 nömrəli “İntellekt” məktəb-liseyin və Yasamal rayonundakı 21 nömrəli məktəbin binalarının əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub.

Dövlət başçısı məktəbin təmirdən əvvəlki və sonrakı vəziyyətini əks etdirən fotolardan ibarət stendə baxıb. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı prezident İlham Əliyevə məlumat verib. Bildirilib ki, Dövlət Proqramına uyğun olaraq məktəbin təmirinə 2012-ci ilin mayında başlanılıb. Ümumi sahəsi 5700 kvadratmetr olan üçmərtəbəli məktəb binasının 51 sinif və yardımçı otaqları, idman və akt zalları, dəhlizlər, sanitariya qovşaqları tam təmir edilib, üç kompyuter sinfi yaradılıb, təhsil ocağının həyətində 1500 kvadratmetr sahəyə asfalt örtüyü döşənmiş, binanın əvvəlki dam örtüyü təzələnib, pilləkən və tutacaqlar yenilənib, foyeyə tamet daşlar düzülüb, bütün elektrik və kommunikasiya xətləri dəyişdirilib. Dövlət başçısı sinif otaqlarında yaradılan şəraitlə yaxından tanış olub.

Ətraf ərazilərdə əhalinin sayının artması ilə əlaqədar tələbat nəzərə alınaraq məktəbdə 36 əlavə sinif otağından ibarət, 660 şagird yerlik üçmərtəbəli yeni tədris korpusu da inşa olunub.

Prezident İlham Əliyev yeni korpusda yaradılan şəraitlə də tanış olub. Bildirilib ki, yeni korpusda tikinti işləri müasir standartlara uyğun olaraq yüksək keyfiyyətlə aparılıb. Yeni korpusdakı sinif otaqlarında da təhsil üçün müasir şərait yaradılıb. Korpusun mansardında ibtidai sinif şagirdləri üçün idman və internet şəbəkəsinə qoşulan müasir kompyuter zalları fəaliyyət göstərəcək. Kompyuter zalı şagirdlərin informatika sahəsində biliklərinin artırılması üçün digər vəsaitlərlə də təmin olunub. Məktəbin həyəti və ətraf ərazi abadlaşdırılmış, yaşıllaşdırma işləri görülüb. Həyətyanı sahədə yeni qazanxana tikilərək müasir istilik avadanlığı ilə təchiz olunub. Tədris korpusunun istiliklə təminatı tam həll edilib, su, işıq və kanalizasiya xətləri çəkilib, məktəbin içməli su ilə tam təchizatı üçün müvafiq işlər görülüb.

Sonra prezident İlham Əliyev paytaxtın Yasamal rayonundakı 20 Yanvar şəhidi Eldar Məmmədov adına 21 nömrəli tam orta məktəbin əsaslı təmir və yenidənqurma işlərindən sonrakı vəziyyəti ilə tanış olub.

Dövlət başçısı burada da məktəbin təmirdən əvvəlki və yenidənqurma işlərindən sonrakı vəziyyətini əks etdirən fotostendə baxıb.

Görülən işlərlə bağlı prezident İlham Əliyevə məlumat verilib. Bildirilib ki, 21 nömrəli məktəbin əvvəlki binası 1953-cü ildə inşa edilib, ilk vaxtlar 7 illik, 1958-ci ildən isə tam orta məktəb kimi fəaliyyət göstərib. Məktəbdə 920 şagird təhsil alır, 85 müəllim pedaqoji fəaliyyətlə məşğul olur.

Dövlət Proqramına uyğun olaraq 21 nömrəli tam orta məktəbin əsaslı təmiri və şagird sıxlığının aradan qaldırılması məqsədi ilə 16 əlavə sinif otağının tikintisi yüksək səviyyədə həyata keçirilib. Məktəbin 25 sinif otağı, o cümlədən fizika, kimya, biologiya, informatika kabinetləri və laboratoriyalar müasir avadanlıq və informasiya-kommunikasiya texnologiyaları ilə tam təmin edilib.

Prezident İlham Əliyev məktəbin ayrı-ayrı sinif otaqlarında, kabinetlərdə və laboratoriyalarda yaradılan şəraitlə yaxından tanış olub.

Təhsil ocağının girişi və hasarı yenidən qurulub, döşəmə, tavan, qapı və pəncərələr ən müasir və keyfiyyətli inşaat materialları ilə işlənib. Ərazi abadlaşdırılıb, 1339 kvadratmetr sahədə yeni yaşıllıq zolaqları salınıb, 1000 kvadratmetr sahəyə asfalt örtüyü, 1000 kvadratmetr sahəyə isə tamet döşənib. Sanitariya qovşaqları, enerji, istilik, su sistemləri tamamilə yenidən qurulub. Məktəbin həyətində içməli su və yanğın təhlükəsizliyi ehtiyatı üçün hər birinin tutumu 100 ton olan su anbarları tikilib. Məktəbdə 20 Yanvar şəhidi Eldar Məmmədovun büstü bərpa olunub, təhsil ocağının girişində onun guşəsi yaradılıb. Hazırda məktəbin əlavə tədris korpusunun, idman və iclas zalının, yeməkxananın, emalatxananın tikintisi, idman meydançasının yaradılması ilə bağlı işlər davam etdirilir.

Görülən işlərlə tanış olan dövlət başçısı müvafiq tapşırıqlarını verib.

Bakının Badamdar qəsəbəsində yeni inşa olunan 329 nömrəli tam orta məktəbin və uşaq bağçasının binaları istifadəyə verildi
05 sentyabr 2012 15:14

Bakı, 04 sentyabr (ERtv). Bakının Səbail rayonunun Badamdar qəsəbəsində yeni inşa olunan 329 nömrəli tam orta məktəbin və uşaq bağçasının binaları istifadəyə verilib. Azərbaycan prezidenti İlham Əliyev açılış mərasimlərində iştirak edib.

Görülən işlərlə bağlı prezidentə məlumat verilib. Məktəbin birinci mərtəbəsində ulu öndər Heydər Əliyevin və prezident İlham Əliyevin fəaliyyətini əks etdirən fotostend yaradılıb. Bildirilib ki, 3 əsas mərtəbədən və zirzəmidən ibarət binanın ümumi sahəsi 6 min 581 kvadratmetrdir. Məktəbdə 48 sinif, 4 kompyuter, 3 laboratoriya otağı, tarix, riyaziyyat və hərbi hazırlıq kabinetləri yaradılıb. Kompyuter otaqları internet şəbəkəsinə qoşulub. Binanın fasad və divarları üzlük daşla üzlənib, burada böyük kitabxana, yeməkxana və bufet, tibb otaqları, idman və kütləvi tədbirlərin keçirilməsi üçün 120 nəfərlik akt zalı yaradılıb.

Dövlət başçısı ayrı-ayrı sinif otaqlarına baxıb, tədris şəraiti ilə tanış olub. Məktəbin həyətində idman meydançasının qurulduğu da qeyd olunub. Məktəbin 8 min 800 kvadratmetr həyətyanı sahəsinin 5 min kvadratmetr hissəsinə asfalt örtük döşənib, abadlıq və yaşıllaşdırma işləri görülüb. Məktəbin həyətində 1500 kvadratmetrlik istinad divarı tikilib və üzlənib. Binanın ərazisi abadlaşdırılıb, məktəb istiqamətində uzanan küçə təmir olunaraq asfaltlaşdırılılb. Məktəb binasının qarşısındakı pilləkənlər qranitdən, daxili pilləkənlər isə mərmərdən qurulub, tutacaqlar quraşdırılıb. Təhsil müəssisəsi üçün yeni elektrik, qaz, su və kanalizasiya xətləri çəkilib, istilik sistemi qurulub, müasir qazanxana tikilib. Həyətdə yeni elektrik transformatoru quraşdırılıb, nasosxana yaradılıb. Binanın bütün gün ərzində içməli su ilə tam təchizatı üçün müvafiq işlər görülüb. Məktəbdə müşahidə kameraları, yanğından xəbərdarlıq qurğuları da quraşdırılıb. Tədris ocağı yeni mebel, avadanlıq, dərs ləvazimatları ilə tam təmin olunub.

Dövlət başçısı məktəb binasında yaradılan şəraitlə tanışlıqdan sonra qəsəbədə inşa olunan 120 yerlik yeni uşaq bağçasının açılış mərasimində iştirak edib.

Prezident İlham Əliyev rəmzi açılışı bildirən lenti kəsib.

Uşaq bağçasında yaradılan şəraitlə bağlı prezidentə məlumat verilib. İki mərtəbədən ibarət binada uşaqların təlim-tərbiyəsi üçün bütün lazımi şəraitin yaradıldığı qeyd olunub. Bildirilib ki, ümumi sahəsi 1620 kvadratmetr olan bağça binası qısa müddətdə tikilərək üzlük daşla üzlənib. Bağçada 6 qrup fəaliyyət göstərəcək. Uşaqlar üçün nəzərdə tutulan qrup və yataq otaqlarından başqa böyük və işıqlı yeməkxana, musiqi və idman zalları, tibb və oyun otaqları, mətbəx, yardımçı otaqlar da yaradılıb. Bağça binasında müasir istilik sistemi qurularaq qazanxanaya birləşdirilib. Yeni kommunikasiya xətləri çəkilmiş binanın su ilə daimi təminatı üçün həyətdə 3 çən qurulub, nasosxana tikilib. Binada yanğından xəbərdarlıq sistemi qurulub.

Dövlət başçısı bağçada yaradılan şəraitlə yaxından tanış olub. Binanın həyətində də abadlıq işləri görülüb, 1000 kvadratmetr sahəyə asfalt döşənib, idman və əyləncə qurğuları quraşdırılıb, istirahət guşələri, həmçinin yol hərəkəti təhlükəsizliyi qaydalarının öyrədilməsi üçün meydança yaradılıb. Bağça binasının qarşısındakı pilləkənlər qranitdən, daxili pilləkənlər isə mərmərdən düzəldilib.

Uşaq bağçasında yaradılan şəraitlə tanış olan prezident İlham Əliyev müvafiq tapşırıqlarını verib.

Prezident İlham Əliyev ABŞ-ın Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin Avropa və Avrasiya altkomitəsinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
05 sentyabr 2012 14:59

Bakı, 04 sentyabr (ERtv). Azərbaycan prezidenti İlham Əliyev ABŞ-ın Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin Avropa və Avrasiya altkomitəsinin sədri Dan Börtonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Paytaxtda gedən sürətli inkişaf proseslərindən məmnunluğunu ifadə edən Dan Börton Azərbaycanın regionda mühüm bir dövlət olduğunu vurğulayaraq ABŞ-ın ölkəmizlə əməkdaşlığın genişləndirilməsinə böyük əhəmiyyət verdiyini deyib.

Dövlət başçısı ölkələr arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb, əlaqələrin daha da möhkəmləndirilməsində qanunverici orqanlar arasında əməkdaşlığın önəmini qeyd edib.

Görüşdə enerji, təhlükəsizlik, Beynəlxalq Sülhməramlı missiyanın tərkibində Azərbaycan sülhməramlılarının uğurlu iştirakı və əməkdaşlığımızın bir sıra digər sahələri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb, əlaqələrin daha da genişlənəcəyinə əminlik ifadə olunub. 

Müdafiə Nazirliyi: "Ənənəsinə sadiq olan Sarkisyan Ramil Səfərovu terror vasitəsi ilə aradan götürmək yolunu seçib".
04 sentyabr 2012 10:11

Bakı, 04 sentyabr (ERtv). "Azərbaycan zabiti Ramil Səfərovun prezident İlham Əliyevin şəxsi təşəbbüsü və səyi nəticəsində vətənə gətirilərək əfv edilməsi xalqımız tərəfindən böyük hadisə kimi qarşılanıb". Bu barədə açıqlama verən Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu bildirib ki, Ermənistanda isə əvvəlcədən məlum olduğu kimi bu hadisə etirazlara və isterikaya səbəb olub: "Ermənistan hakimiyyətinin uğursuz siyasəti kimi dəyərləndirilən bu məsələnin Sarkisyan rejimi üçün ciddi problemlər yaratdığını sübuta yetirməyə artıq ehtiyac yoxdur. Əhalinin qəzəbini sakitləşdirməyə çalışan Ermənistan rəhbəri müxtəlif üsullara və siyasi xilasa hesablanan sərt bəyənatlara əl atsa da, istədiyi nəticəni reallaşdıra bilmir. Odur ki, ənənəsinə sadiq olan Sarkisyan Ramil Səfərovu terror vasitəsi ilə aradan götürmək yolunu seçib və dolaşan xəbərlərə görə aidiyyatı qurumlara öz göstərişlərini də verib".

Azərbaycanın Müdafiə Nazirliyi bildirir ki, terrorizmdə xüsusi təcrübəyə yiyələnən Ermənistan prezidentinin bu alçaq niyyətinin qarşısını almaq və öz zabitinin həyatını qorumaq üçün Azərbaycan kifayət qədər imkanlara və önləyici tədbirlərə malikdir. Azərbaycana hədə-qorxuların əhəmiyyəti yoxdur və bizimlə bu dildə danışmağın vaxtı çoxdan keçib. Yaxşı olar ki,  Ermənistan yeni siyasi və hüquqi vəziyyətin işə düşdüyünü anlamış olsun. Əks təqdirdə regionda yarana biləcək vəziyyəti  indidən təsəvvürə gətirə bilərlər.

Macarıstan və Azərbaycan əməkdaşlığı sayəsində vətənə qaytarılan Ramil Səfərov hadisəsindən bəzi kənar qüvvələrin narahatlıq keçirməsini də diqqətdən kənarda saxlamaq olmaz. Burdaca xatırlatmaq yerinə düşər ki, həmin qüvvələrin və havadarların yaxından köməyi ilə Azərbaycanın 20 faiz torpağını işğal edərək yurd yerlərimizi viran qoyan, minlərlə soydaşımızı vəhşicəsinə öldürən, 1 milyona yaxın günahsız insanı öz ocağından didərgin salan Ermənistanın başına görəsən nədən belə sığal çəkilir? Bunun səbəbini və ya hansı beynəlxalq hüquq çərçivəsinə sığdığını izah edə bilərlərmi? Bəli, olduqca ağır faciələr və cinayətlər zaman-zaman ermənilərin əli ilə azərbaycanlıların üzərində sınaqdan çıxarılsa da, lakin qəsbkara lazımi qiymət verilməsinin şahidi olmamışıq. Bizə gələndə isə həmişə susublar, sonra da ədalətdən, insan haqq və hüquqlarından danışıblar. Məgər dünyanın bu işgəncələrdən xəbəri yoxdurmu? Təkcə Xocalı faciəsinə – orada başı kəsilən körpələrin, hamilə qadınların, yaşlı insanların qətliamına görə Ermənistanın Sarkisyan və Köçəryan rejimi beynəlxalq məhkəmə qarşısında dayanmalı idi. Serj Sarkisyanın özünün isə  Xocalı qətliyamındakı birbaşa rolu danılmaz faktdır. Vaxtı ilə hətta bundan qürurlanaraq həyasızcasına mətbuata açıqlama da vermişdi. Ədalətdən, insanlıqdan, vicdandan, bəşəri dəyərlərdən danışmağa onun haqqı olmamalıdır. Lakin ikili standartlar o qədər dərin kök salıb ki, Serj Sarkisyan kimi cinayətkarların törətdikləri soyqırımları sadəcə etiraf etməyə lüzum görmürlər. Bəla da bax bundan ibarətdir.

Ramil Səfərovla bağlı Ermənistanın qopardığı məlum hay-küyə gəldikdə isə Müdafiə Nazirliyi bildirir ki, artıq bunun heç bir əhəmiyyəti yoxdur. Zabitimizin vətənə qaytarılması ədalətin, haqqın və  Azərbaycan diplomatiyasının təntənəsi kimi qiymətləndirilməlidir.

Ermənilər atəşkəsi pozdu
04 sentyabr 2012 08:38

Bakı, 04 sentyabr (ERtv). Erməni silahlı bölmələri ötən gün və bu gecə Ağdam rayonunun Mərzili, Yusifcanlı, Novruzlu, Şıxlar kəndləri yaxınlığında və Xocavənd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən ERtv-yə verilən məlumata görə, qarşı tərəf cavab atəşi ilə susdurulub.

Minsk qrupu həmsədrləri narahatdır
03 sentyabr 2012 17:58

Bakı, 03 sentyabr (ERtv). ATƏT-in Minsk Qrupu həmsədrləri Ramil Səfərovun əfv olunmasının sülh prosesinə zərbə vura biləcəyindən narahatlıq ifadə edib. Bu barədə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını üzərinə götürən ATƏT-in Minsk Qrupu həmsədrləri Parisdə sentyabrın 2-də Ermənistanın xarici işlər naziri, bu gün isə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşün yekunlarına dair yaydığı bəyanatda məlumat verib.

Bəyanatda bildirilir ki, nazirlərlə görüşdə regionda baş verən son hadisələr və Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair bundan sonrakı səylər müzakirə olunub. Görüşlərdə, həmçinin Macarıstanın Ramil Səfərovu Azərbaycana qaytarması məsələsi də müzakirə edilib: “Həmsədrlər Ramil Səfərovun əfv edilməsinin sülh prosesinə və tərəflər arasında qarşılıqlı etimada zərbə vura biləcəyindən, eyni zamanda cinayətə haqq qazandırılması cəhdlərindən dərin narahatlıqlarını və təəssüflərini ifadə edir”.

Bəyanatda o qeyd olunur ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasının alternativi yoxdur: “Həmsədrlər qərara gəliblər ki, gərginliyin azaldılması və sülh prosesinin irəliləməsi üçün tərəflərlə əlaqələri davam etdirsin”.

Sabah Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək
03 sentyabr 2012 17:21

Bakı, 03 sentyabr (ERtv). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Mərkəzinin Proqnozlar Bürosundan ERtv-yə verilən məlumata görə, temperatur gecə 19-23°, gündüz 26-30° isti olacaq. Bakıda gecə 21-23°, gündüz 27-29° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 765 millimetr civə sütunundan 762 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 65-75 faiz, gündüz 50-60 faiz olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə, Zuğulbada 24-25, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25°, Türkan, Hövsan, Sahil, Şıxda 25-26° isti olacağı proqnozlaşdırılır.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Temperatur gecə 14-19°, gündüz 29-34° isti təşkil edəcək.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Temperaturun gecə 8-13°, gündüz 18-23° isti olacağı gözlənilir.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Temperaturun gecə 15-20°, gündüz 23-28° isti olacağı gözlənilir.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında hava əsasən yağmursuz keçəcək. Temperaturun gecə 13-18°, gündüz 21-26° olacağı gözlənilir.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Temperaturun gecə 18-23°, gündüz 29-34° isti gözlənilir.

Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında hava əsasən yağmursuz keçəcək. Temperaturun gecə 19-23°, gündüz 26-30°, dağlarda gecə 10-15°, gündüz 18-23° isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz sentyabrın 4-də Abşeron yarımadasında mövsümə uyğun temperatur rejimi və meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əlverişlidir. Sentyabrın 5-i və 6-da isə atmosfer təzyiqinin xeyli dəyişikliyi, arabir güclənən gilavar küləyinin güclü xəzri küləyinə keçməsi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.

Velosiped idmanı üzrə Azərbaycan çempionatı keçirildi
03 sentyabr 2012 17:07

Bakı, 03 sentyabr (ERtv). Velosipedçilərin çoxgünlük ötüşmələri üzrə Azərbaycan çempionatı keçirilib. Azərbaycan Velosiped İdmanı Federasiyasından ERtv-yə verilən məlumata görə, yürüşdə müxtəlif yaş qruplarından ibarət 41 idmançı fərdi və qrup şəklində iştirak edib. Yarış 4 mərhələdə təşkil olunub.

Çempionatın birinci mərhələsində velosipedçilər Xudat-Nabran-Yalama marşrutu ilə 120 kilometr məsafə qət edib. Növbəti mərhələlərdə qrup yarışları Quba-Xudat-Qusar-Quba marşrutu üzrə keçirilib. Sonuncu mərhələdə Quba şəhəri və rayonun İspik kəndi arasında fərdi ötüşmə təşkil olunub. Ümumilikdə, velosipedçilər 500 kilometrə yaxın məsafə qət edib.

Azərbaycan çempionatının ümumi nəticəsinə görə, U-23/elit yaş qrupunda 1-ci yeri Ruslan Mustafayev, 2-ci yeri Elmar İsmayılov, 3-cü yeri Akif Abdullayev tutub.

U-17-lərin yarışında 1-ci yeri Ceyhun İlyasov, 2-ci yeri Ruslan Həsənov, 3-cü yeri Elgün Əlizadə əldə edib. U-15-lərin mübarizəsində Maksim Naperstkov qızıl, Zahid Əliyev gümüş, Tural Xanməmmədov bürünc medala sahib olub.

Bakıda beşulduzlu “Four Seasons” oteli istifadəyə verildi
03 sentyabr 2012 16:54

Bakı, 03 sentyabr (ERtv). Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakıda beşulduzlu “Four Seasons” otelinin açılışında iştirak edib. Otelin rəmzi açılışını bildirən lenti kəsən dövlət başçısına məlumat verilib ki, “Four Seasons Hotel Baku” məşhur “Four Seasons” otellər şəbəkəsinin dünyadakı 90-cı otelidir. Xəzər dənizinin sahilində, İçərişəhərin və Dənizkənarı Milli Parkın bir neçə addımlığında yerləşən oteldə 27 lüks nömrə, 2 prezident lüksü olmaqla, 171 geniş otaq, klassik interyer yaradılıb. Qonaqlar otaqların əksəriyyətindən Bakının və Xəzər dənizinin füsunkar mənzərəsini seyr edə biləcək.

Oteldə 2 ziyafət, bir neçə kiçik banket zalları, işgüzar görüşlərin keçirilməsi üçün 5 konfrans salonu fəaliyyət göstərir. Burada şüşə tavanlı hovuz, müasir sağlamlıq və idman mərkəzi, 10 prosedur otağı, eləcə də qədim Azərbaycan, türk və fars ənənələri əsasında dəriyə qulluq göstərilən “Jaleh Spa” var.

Oteldə italyan mətbəxinin təamlarının təklif edildiyi “Zafferano” restoranı, çay və ləziz desertlər üçün “Piazza Launge”, “Bentley” barı fəaliyyət göstərir. Dəniz məhsullarının təqdim edildiyi “Kaspia” restoranında özəl ziyafətlər üçün kiçik “Qarabağ” zalı da mövcuddur.

350 nəfər işçisi olan otelin çoxdilli konsyerj xidməti şəhərin əyləncə məkanlarını asanlıqla tapmaq, tarixi yerlərə, çimərliklərə, xizək mərkəzlərinə şəhərdən kənar turist səfərləri etmək imkanı yaradır.

Prezident İlham Əliyev otelin kollektivi ilə görüşüb, onları təbrik edib.

ABŞ-ın Azərbaycanda yeni təyin olunan səfiri rəsmi fəaliyyətə başladı
03 sentyabr 2012 16:41

Bakı, 03 sentyabr (ERtv). Azərbaycan prezidenti İlham Əliyev bu gun Amerika Birləşmiş Ştatlarının ölkəmizdə yeni təyin olunan səfiri Riçard Morninqstarın etimadnaməsini qəbul edib.

Prezident Administrasiyasından ERtv-yə verilən məlumata görə, Birləşmiş Ştatların səfiri Riçard Morninqstar etimadnaməsini prezident İlham Əliyevə təqdim edib. Riçard Morninqstar ilk dəfə Azərbaycana 1995-ci ildə səfər etdiyini, 2002-ci ildə isə ölkəmizdə qarşılıqlı mübadilə proqramları çərçivəsində həyata keçirilən beynəlxalq təhsil üzrə Amerika şuraları ilə birgə təşkil olunan konfransda xanımı ilə iştirak etdiyini və ulu öndər Heydər Əliyevlə və prezident İlham Əliyevlə görüşlərini məmnunluqla xatırlayıb.

Dövlət başçısı Riçard Morninqstarı Azərbaycanda görməyindən məmnunluğunu ifadə edib. Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini vurğulayan prezident İlham Əliyev Riçard Morninqstara son 20 ildə münasibətlərimizin yaxınlaşmasına və eləcə də ölkəmizin iqtisadi inkişafına verdiyi töhfəyə görə minnətdarlığını bildirib. Dövlət başçısı Bakı-Tiflis-Ceyhan və digər enerji layihələrinin reallaşması istiqamətində ABŞ-ın dəstəyini və Riçard Morninqstarın şəxsi rolunu yüksək qiymətləndirib. Prezident İlham Əliyev Riçard Morninqstarın Azərbaycandakı diplomatik fəaliyyəti dövründə ölkələr arasında əlaqələrin uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib.

Gəncə Qalasının tikintisindən 424 il ötür
02 sentyabr 2012 23:14

Bakı, 03 sentyabr (ERtv). Gəncə qalası 1588-ci ildə sentyabrın 3-də Osmanlı sultanı III Muradın sərəncamına əsasən Qafqazdakı türk qoşunlarının komandanı Fərhad paşa tərəfindən tikdirilib. Qala 40 gün kimi qısa bir zamanda ərzində tikilib. Qalanın inşasında gil-palçıq, çay daşı və Gəncə memarlığı üçün ənənəvi olan qırmızı kərpicdən istifadə olunub. Ümumi uzunluğu 13,7km, hündürlüyü isə 12m. olan qala tikilərkən Gəncənin bəzi məhəllələri Qala divarlarından kənarda saxlanılıb.

Bu şəkildə təsvir edilən Gəncə qalasının qalıqları zamanın əzəmətli tikililərindən biri olub. Qalanın bir küncündə yerləşən bürc digərindən təqribən 600 metr aralı yerləşir. Bu divar Gəncəçayının sahili boyunca davam edir. Vaxtilə təbii sərhəd olan bu çay indi dağılmış vəziyyətdə olan qala divarlarının tədricən sökülməsinə səbəb olur.

Ümumiyyətlə isə 17-19 əsrlər ərzində qədim Gəncənin 72 məhəlləsi olub:

Çölək, Sadıllı, Şəmbiatlı, Sarvanlar, Mollacəlilli, Misgərlər, Seyidli, Ayalmaz, Arazbar, Dəmirçilər, Qacarlar, Qazbinlər, Sofulu, Haxlı, Tatabad, Toyuqçular, Şahsevənlər, Qıllılar, Sutökülən, Qaramanlı, Gorqi, Noraşen, Şərəfxanlı, Tapqışlaq, Şamlı, Qırkilimşi, Xocalı, Şabanlı, Xələni, Qazaxlar, Qızılhacılı, Qırıxlı, Talalı, Carlılar, Toxanlı, Üçtəpə, Qərb qayalı, Mollacəmilli, Caqarlar, Şöylü bəyli, Özümbəyli, Təbrizli, Şayır görən, Səbzəvad, Allahdad, Ərəbli, İyirmidörd, Balabağban, Əttarlar, Dulusçular, Cuhudlar, İmamlı, Kilsəkənd, Hacıməlikli, Qulacadərəsi, Hacıməlikli, Şıx düzü, Quruqobu, Qarməmmədli, Daş körpü, Xarba yeri, Qala, Xanlıqlar, Dördyol, Şərbaflar, Aşıqlar, Böyük bağban, Çaylı, Haçayeri, Boyaqçılar, Sədən, Sabirabad.

Tikili haqqında məlumat

Orijinal adı

Gəncə qalası

 

Ölkə

 Azərbaycan

 

Yeri

Gəncə

 

Tarixi

3 sentyabr 1588

 

Tikdirəni

III Murad

 

Məxsusluğu

Fərad paşa

 

Tikili

Qala

 

Tipi

İstehkam qala

 

Tikinti materialı

kərpic

 

Vəziyyəti

Bəzi hissələri qalıb

 

 

   

 

Azərbaycan prezidenti İlham Əliyev Avropa İttifaqının enerji məsələləri üzrə komissarını qəbul edib
02 sentyabr 2012 21:49

Bakı, 03 sentyabr (ERtv). Azərbaycan prezidenti İlham Əliyev Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottingerin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. 

Prezident Administrasiyasından ERtv-yə verilən məlumata görə, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottinger Avropa Komissiyasının sədri Xose Manuel Barrozunun salamlarını dövlət başçısına çatdırıb.

Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuyun ölkəmizə səfərini xatırladan prezident İlham Əliyev Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin müxtəlif səviyyələrdə inkişafından məmnunluğunu ifadə edib.

Görüşdə Azərbaycanın Avropa İttifaqı ilə enerji sahəsində əməkdaşlığı, “Cənub” dəhlizi və ölkəmizlə Avropa İttifaqı arasında qarşılıqlı faydalı əlaqələrin daha da genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Xose Manuel Barrozunun salamlarına görə minnətdarlığını bildirən prezident İlham Əliyev salamlarını Avropa Komissiyasının sədrinə çatdırmağı xahiş edib. 

Ramil Səfərova mayor rütbəsi verildi
01 sentyabr 2012 18:17

Azərbaycan ordusunun zabiti Ramil Səfərov müdafiə naziri Səfər Əbiyevlə görüşüb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ERTV-yə verilən məlumata görə, vətənə dönməsi və prezident İlham Əliyev tərərfindən əfv edilməsi münasibətilə R.Səfərova təbriklərini çatdıran nazir onu mayor rütbəsi ilə təltif edib.

S.Əbiyev Azərbaycan zabitinə - vətəndaşına göstərdiyi yüksək diqqət və qayğıya görə, prezident İlham Əliyevə öz dərin təşəkkürünü bildirməklə yanaşı, atılan bu addımın xalqımız qarşısında misilsiz xidmət olduğunu bildirib.    

test
01 sentyabr 2012 12:52

 

 

asdfghj

Azərbaycan Ordusunun zabiti Ramil Səfərov azadlığa buraxılıb
31 avqust 2012 10:18

 

Ramil Səfərov Azərbaycana gətirilib.

Azərbaycan prezidenti İlham Əliyev Ramil Səfərovun əfv olunması barədə sərəncam imzalayıb.

Sərəncamda bildirilir ki, 1977-ci ildə anadan olmuş, Macarıstanın Budapeşt Paytaxt Məhkəməsinin 2006-cı il 13 aprel tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Azərbaycan Respublikasının vətəndaşı Səfərov Ramil Sahib oğlu cəza çəkməkdən azad edilib.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Qeyd edək ki, bu gün Azərbaycanın Macarıstanda həbsdə olan zabiti Ramil Səfərov Bakıya ekstradisiya olunub.

Ramil Səfərov 25 avqust 1977-ci ildə Cəbrayıl rayonunda doğulub. 1991-ci ildə Cəmşid Naxçıvanski adına hərbi təmayüllü məktəbə daxil olub. 1992-ci ilin sentyabrında Azərbaycan Müdafiə Nazirliyinin sərəncamı ilə təhsilini davam etdirmək üçün Türkiyənin İzmir şəhərinə göndərilib. Maltəpə hərbi liseyini müvəffəqiyyətlə bitirdikdən sonra Ankara Ali Hərbi məktəbinə daxil olub və hərbi təlim kursları keçib. 2001-ci ilin may ayından 2002-ci ilin mart ayına qədər MN-in sərəncamı ilə Gədəbəydəki "N" saylı hərbi hissədə tağım komandiri vəzifəsində qulluq edib. 2002-ci ilin mart ayında MN-in sərəncamı ilə H. Əliyev adına AHKM-ə göndərilib. Qulluq etdiyi müddətdə baş leytenant rütbəsinə qədər yüksəlib. 2004-cü ilin yanvar ayında MN-in sərəncamı ilə NATO proqramları çərçivəsində Macarıstanın Budapeşt şəhərində keçirilən 3 aylıq ingilis dili kurslarına ezam olunub.

Vətənə dönməyə 20 gün qalmış - fevral ayının 19-da kurslarda iştirak edən Qurqen Markaryan adlı erməni zabitini qətlə yetirib. Elə həmin tarixdə Budapeştin hüquq-mühafizə orqanları tərəfindən həbs olunub. Budapeşt Şəhər Məhkəməsinin 13 aprel 2006-cı il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilib.

Azərbaycanda ali məktəblərə imtahansız qəbul olunanların sayı açıqlanıb
31 avqust 2012 09:37

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bu il Azərbaycanın ali məktəblərinə müsabiqədənkənar qəbul olan şəxslərin sayını açıqlayıb.

TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə deyib ki, bu il Azərbaycanda 90 nəfər ali məktəblərə müsabiqədənkənar qəbul olub. Onların 87-si ali məktəbə IV ixtisas qrupunun bədən tərbiyəsi istiqaməti üzrə daxil olub.

Qalan 3 abituriyent isə III ixtisas qrupu üzrə ali məktəbə qəbul olub. Onlar ali məktəblərdə musiqi və incəsənət ixtisasları üzrə təhsil alacaqlar.

"Təhsil haqqında" qanunun 26.5-ci maddəsinə əsasən, dünya fənn olimpiadalarının, yüksəksəviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar.

 əvvəlki    5  6  7  8  9  10  11  12  13  14  15    növbəti 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.