Bakı, 03 sentyabr (ERtv). Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakıda beşulduzlu “Four Seasons” otelinin açılışında iştirak edib. Otelin rəmzi açılışını bildirən lenti kəsən dövlət başçısına məlumat verilib ki, “Four Seasons Hotel Baku” məşhur “Four Seasons” otellər şəbəkəsinin dünyadakı 90-cı otelidir. Xəzər dənizinin sahilində, İçərişəhərin və Dənizkənarı Milli Parkın bir neçə addımlığında yerləşən oteldə 27 lüks nömrə, 2 prezident lüksü olmaqla, 171 geniş otaq, klassik interyer yaradılıb. Qonaqlar otaqların əksəriyyətindən Bakının və Xəzər dənizinin füsunkar mənzərəsini seyr edə biləcək.
Oteldə 2 ziyafət, bir neçə kiçik banket zalları, işgüzar görüşlərin keçirilməsi üçün 5 konfrans salonu fəaliyyət göstərir. Burada şüşə tavanlı hovuz, müasir sağlamlıq və idman mərkəzi, 10 prosedur otağı, eləcə də qədim Azərbaycan, türk və fars ənənələri əsasında dəriyə qulluq göstərilən “Jaleh Spa” var.
Oteldə italyan mətbəxinin təamlarının təklif edildiyi “Zafferano” restoranı, çay və ləziz desertlər üçün “Piazza Launge”, “Bentley” barı fəaliyyət göstərir. Dəniz məhsullarının təqdim edildiyi “Kaspia” restoranında özəl ziyafətlər üçün kiçik “Qarabağ” zalı da mövcuddur.
350 nəfər işçisi olan otelin çoxdilli konsyerj xidməti şəhərin əyləncə məkanlarını asanlıqla tapmaq, tarixi yerlərə, çimərliklərə, xizək mərkəzlərinə şəhərdən kənar turist səfərləri etmək imkanı yaradır.
Prezident İlham Əliyev otelin kollektivi ilə görüşüb, onları təbrik edib.