Bakı, 03 sentyabr (ERtv). Velosipedçilərin çoxgünlük ötüşmələri üzrə Azərbaycan çempionatı keçirilib. Azərbaycan Velosiped İdmanı Federasiyasından ERtv-yə verilən məlumata görə, yürüşdə müxtəlif yaş qruplarından ibarət 41 idmançı fərdi və qrup şəklində iştirak edib. Yarış 4 mərhələdə təşkil olunub.
Çempionatın birinci mərhələsində velosipedçilər Xudat-Nabran-Yalama marşrutu ilə 120 kilometr məsafə qət edib. Növbəti mərhələlərdə qrup yarışları Quba-Xudat-Qusar-Quba marşrutu üzrə keçirilib. Sonuncu mərhələdə Quba şəhəri və rayonun İspik kəndi arasında fərdi ötüşmə təşkil olunub. Ümumilikdə, velosipedçilər 500 kilometrə yaxın məsafə qət edib.
Azərbaycan çempionatının ümumi nəticəsinə görə, U-23/elit yaş qrupunda 1-ci yeri Ruslan Mustafayev, 2-ci yeri Elmar İsmayılov, 3-cü yeri Akif Abdullayev tutub.
U-17-lərin yarışında 1-ci yeri Ceyhun İlyasov, 2-ci yeri Ruslan Həsənov, 3-cü yeri Elgün Əlizadə əldə edib. U-15-lərin mübarizəsində Maksim Naperstkov qızıl, Zahid Əliyev gümüş, Tural Xanməmmədov bürünc medala sahib olub.