Bakı, 05 sentyabr (ERtv). Azərbaycan prezidenti İlham Əliyev bu gün İran İslam Respublikasının vitse-prezidenti, İran Mədəni İrs və Mədəniyyət Təşkilatının sədri Seyid Həsən Musəvinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
İkitərəfli münasibətlərin inkişafında mədəni əlaqələrin xüsusi əhəmiyyət daşıdığını vurğulayan prezident İlham Əliyev “İpək yolunun dadı: kulinariya, mədəniyyət və turizm” mövzusunda Bakıda keçiriləcək konfransın önəmini qeyd edib. Dövlət başçısı ölkələr arasında ikitərəfli əlaqələrin gələcəkdə də uğurla inkişaf edəcəyinə əminliyini bildirib.
Seyid Həsən Musəvi Azərbaycana səfərindən və prezident İlham Əliyevlə görüşündən məmnunluğunu deyib. Seyid Həsən Musəvi İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejatın salamlarını və məktubunu dövlət başçısına çatdırıb. O, Azərbaycana bu səfərinin ölkələr arasında ikitərəfli münasibətlərin gələcək inkişafı ilə bağlı məsələlərin müzakirəsi baxımından yaxşı fürsət yaratdığını deyib.
Görüşdə ikitərəfli münasibətlərin təməl prinsipi olan xalqlarımız və dövlətlərimiz arasında mövcud olan dostluq, mehriban qonşuluq və sıx əməkdaşlıq münasibətlərinin hazırkı vəziyyəti və daha da inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.