Xəbərlər

Bakının Nizami rayonunda yenidən qurulan Heydər Əliyev parkı istifadəyə verildi
14 sentyabr 2012 10:25

Bakı, 14 sentyabr (ERtv). Bu gün Azərbaycan prezidenti İlham Əliyev və xanımı Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Bakının Nizami rayonunun ərazisindəki Heydər Əliyev parkının yenidənqurmadan sonra açılışında iştirak edib.

Parkın rəmzi açılışını bildirən lenti kəsən dövlət başçısı yaradılan şəraitlə tanış olub.

Bildirilib ki, 1998-ci ildə ulu öndəri Heydər Əliyevin anadan olmasının 75 illik yubileyi münasibətilə salınan parkın ərazisi 56 min kvadratmetrdir. Burada inşa olunan dördmərtəbəli binada kafelər, rəssamlıq, xalçaçılıq və heykəltəraşlıq dərnəkləri, ofislər var. Parkda, həmçinin iki kafenin fəaliyyət göstərdiyi üçmərtəbəli bina və yeraltı əyləncə mərkəzi tikilib.

Prezident İlham Əliyev parkda görülən işlərdən razılığını bildirib.

Prezident İlham Əliyev Bakıda “8 KM” stadionunun açılışında iştirak edib
14 sentyabr 2012 09:34

Bakı, 14 sentyabr (ERtv). Bu gün Bakıda “8 KM” stadionunun açılışı olub. Açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak edib. Dövlət başçısı stadionun rəmzi açılışını bildirən lenti kəsib.

Məlumat verilib ki, 11 min tamaşaçı yeri olan stadion 22,5 min kvadratmetr sahəni əhatə edir. Beynəlxalq yarışların keçirilməsi üçün hər cür şəraitin yaradıldığı təbii ot örtüklü stadionun dünya standartlarına cavab verməsi FİFA tərəfindən təsdiq olunub.

Prezident İlham Əliyev stadionda yaradılan şəraiti yüksək qiymətləndirib.

Sabah Azərbaycan Premyer Liqasında V turun oyunlarına start veriləcək
14 sentyabr 2012 09:27

Bakı, 14 sentyabr (ERtv). Bu gün Azərbaycan Premyer Liqasında V turun oyunlarına start veriləcək. İlk oyun günündə yalnız bir qarşılaşma baş tutacaq. Mövsümə yaxşı başlamayan paytaxtın "Bakı" klubu doğma meydanında "Turan"ı qəbul edəcək. Oyun Bakı saatı ilə 20:00-da baş tutacaq.

Oyunun hakimləri Vüsal Əliyev, Zeynal Zeynalov, İsgəndər Əliyev, Orxan Məmmədovdur.

Qeyd edək ki, V turun qalan görüşləri sabah və biri gün keçiriləcək. Oyunların təqvimini təqdim edirik:

 

15 sentyabr (şənbə)

17:00.“Neftçi” – “Xəzər Lənkəran”

İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu.

17:00. “Kəpəz” - “Qəbələ”

Gəncə şəhər stadionu.

18:00. “İnter” – “Sumqayıt”

“Şəfa” stadionu.

19:00. “Rəvan” – “Simurq”

Bayıl Arena stadionu.

 

16 sentyabr (bazar)

18:30. AZAL – “Qarabağ”

AZAL Arena stadionu.

Almaniyada Heydər Əliyev adına Dünya kəməri uğrunda boks turniri keçiriləcək
14 sentyabr 2012 09:19

Bakı, 14 sentyabr (ERtv). Bu gün Almaninyanın Halle şəhərində Heydər Əliyev adına Dünya Boks Komitəsinin təşkilatçılığı ilə boks turniri keçiriləcək. Diasporla İş Üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən ERtv-yə verilən məlumata görə, ağır çəkidə “Alman palıdı” ləqəbli Timo Hofmann və Stefan Kretchman Azərbaycanın ulu öndəri Heydər Əliyevin adını daşıyan Dünya kəməri uğrunda mübarizə aparacaq. Turnir Avrosport telekanalı tərəfindən yayımlanacaq.

Qeyd edək ki, Heydər Əliyev adına Dünya Boks Komitəsi Almaniyanın Maqdeburq şəhərində soydaşımız Yaşar Niftəliyev Millinits tərəfindən yaradılıb. Komitənin məqsədi dünyada yaşayan idmançıları birləşdirmək, ulu öndər Heydər Əliyevin gənclərə və idmana dair tövsiyələrini yerinə yetirmək, başqa millətlərdən olan idmançılarla Avropada yaşayan soydaşlarımızla dostluq əlaqələrini möhkəmləndirmək, xalqımızın üçrəngli bayrağını uca tutub Azərbaycanın Dövlət Himnini səsləndirmək, Heydər Əliyevin adını daşıyan Dünya kəmərlərini Dünyanın ən məşhur kəmərləri sırasına gətirməkdir. 

“AzəriLayt” markalı neftin bir barreli 118,92 dollara satılıb
14 sentyabr 2012 08:26

Bakı, 14 sentyabr (ERtv). Dünya bazarlarında neftin qiyməti artıb. Nyu-Yorkun “NYMEX” (New York Merchantile Exchange) birjasında “Layt” markalı neftin bir barrelinin qiyməti 1,30 dollar bahalaşaraq 98,31 dollar, Londonun İCE (İnterContinental Exchange Futures) birjasında keçirilən hərraclarda “Brent” markalı neftin bir barrelinin qiyməti isə 0,94 dollar qalxaraq 116,90 dollar olub.

Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsindən ERtv-yə verilən məlumata görə, “AzəriLayt” markalı neftin bir barreli London birjasında 0,62 dollar artaraq 118,92 dollara satılıb.

Rezidenturaya ixtisas seçimi başa çatdı
14 sentyabr 2012 08:18

Bakı, 14 sentyabr (ERtv). Azərbaycanda 2012-2013-cü tədris ili üçün rezidenturaya ixtisas seçimi başa çatıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən ERtv-yə verilən məlumata görə, ixtisas seçimi internet vasitəsilə sentyabrın 11-i saat 9.00-dan bu gün saat 9.00-dək aparılıb.

Bu müddətdə ixtisas seçimi etməyən namizədlər müsabiqədə iştirak hüququnu itirib.

İxtisas seçimində iştirak etmək üçün qoyulan minimal tələblər (müsabiqə şərtləri) müalicə işi, pediatriya istiqamətinə aid olan ixtisaslar üçün baza fənləri üzrə 40 bal, ixtisas fənləri üzrə 50 bal; stomatologiya istiqamətinə aid olan ixtisaslar üçün - baza fənləri üzrə 40 bal, ixtisas fənləri üzrə 50 bal; tibbi biologiya istiqamətinə aid olan ixtisaslar üçün - baza fənləri üzrə 30 bal, ixtisas fənləri üzrə 40 bal; tibbi profilaktika istiqamətinə aid olan ixtisaslar üçün - baza fənləri üzrə 30 bal, ixtisas fənləri üzrə 40 bal müəyyən edilib.

Qeyd edək ki, rezidenturaya sentyabrın 8-9-da keçirilən qəbul imtahanlarının nəticələrinə əsasən, namizədlərdən ümumilikdə 835 nəfəri ixtisas seçimində iştirak etmək hüququ qazanıb.

Rezidenturaya qəbulun nəticələri bu gün elan olunacaq.

Artur Rəsizadə Ermənistanla bağlı sərt danışdı
14 sentyabr 2012 08:12

Bakı, 14 sentyabr (ERtv). “Ermənistanın separatizmə və terrorizmə əsaslanan qeyri-konstruktiv addımları heç bir nəticə verməyəcək”. Bunu Azərbaycanın Baş naziri Artur Rasizadə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefortla görüşündə bəyan edib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən ERtv-yə verilən məlumata görə, Azərbaycanla Avropa İttifaqı arasındakı əlaqələrin dinamik inkişaf etdiyini vurğulayan Baş nazir bu münasibətlərin bütün istiqamətlərdə, o cümlədən iqtisadiyyat sahəsində böyük perspektivə malik olduğunu bildirib.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan A.Rasizadə məsələnin həllində digər beynəlxalq qurumlarla yanaşı, Avropa İttifaqının da yaxından iştirakının səmərəli olacağına əminliyini bildirib. O, bir daha bəyan edib ki, Ermənistanın separatizmə və terrorizmə əsaslanan qeyri-konstruktiv addımları heç bir nəticə verməyəcək. Münaqişənin həlli yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı çərçivəsində mümkündür.

Filipp Lefort təmsil etdiyi qurumun region ölkələri, o cümlədən Azərbaycanla əməkdaşlığın daim genişləndirilməsində maraqlı olduğunu bildirib. Regiondakı bütün münaqişələrin tezliklə aradan qaldırılmasının vacibliyini vurğulayan qonaq Avropa İttifaqının da bu istiqamətdə əlindən gələn köməyi göstərməyə hazır olduğunu deyib.

Görüşdə Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın perspektivləri ilə bağlı digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Ebru Gündəş əri üçün restoran bağlatdı
14 sentyabr 2012 07:57

Bakı, 14 sentyabr (ERtv). Məşhur müğənni Ebru Gündeş ərinə sürpriz doğum günü mərasimi təşkil edib. 37 yaşlı müğənni 27 yaşına daxil olan əri Rza Zərrab üçün Hilton otelindəki restoranı bağlatdırıb. Sürprizin pozulmaması üçün diqqətlə çalışan müğənni ən yaxın dostlarını da doğum günü tədbirinə dəvət edib.

Yıldız Tilbe və Ərmağan Çağlayanın iştirak etdiyi doğum gününün sürpriz qonağı isə Ebru Gündeşin əri üçün özəl gətirdiyi rəqqas Nura Sultan olub.

Qeyd edək ki, Ebru Gündeş əri Rza Zərrabdan fərqli olaraq ona aldığı hədiyyəni hamıdan gizli saxlayıb.

“Real” klubu artıq yaşıl rəngli formada olacaq
14 sentyabr 2012 07:01

Bakı, 14 sentyabr (ERtv). İspaniyanın “Real” klubunun 2012-2013 mövsümü üçün hazırlatdığı üçüncü alternativ formanın rəngi müəyyənləşib. Klubun yeni formaları yaşıl rəngdə olacaq.

Bundan öncə ağ və göy rəngdə klassik iki forma təqdim edən “Real” üçüncü formanın təqdimatını keçirməyib. Lakin yaxın günlərdə təqdim olunacaq yaşıl formaları “Real” futbolçuları Çempionlar Liqasında geyinəcək.

Qeyd edək ki, “Real” ilə dəfə 1965-ci ildə Argentinanın “River Playt” klubu ilə keçirilən yoldaşlıq oyununda yaşıl forma geyinib və bundan sonra bir daha bu rəngdən istifadə etməyib.

Milli komandamızın oyunlarının təqvimi açıqlandı
14 sentyabr 2012 06:47

Bakı, 14 sentyabr (ERtv). Qadınlardan ibarət voleybolçular arasında Avropa çempionatının seçmə mərhələsində yığmamızın yer aldığı qrupun ikinci dövrəsinin oyunları Bakıda keçiriləcək.

Bakıda keçiriləcək görüşlər bu gündən başlayaraq ayın 16-na kmi davam edəcək. Oyunların təqvimini təqdim edirik:

 

14 sentyabr

16:00. Avstriya – Belarus

18:30. Azərbaycan – Finlandiya

 

15 sentyabr

16:00. Belarus – Finlandiya

18:30. Avstriya – Azərbaycan

 

16 sentyabr

16:00. Finlandiya – Avstriya

18:30. Azərbaycan – Belarus

 

Qeyd edək ki, millimiz Avstriya, Belarus və Finlandiya ilə eyni qrupda yer alır. Finlandiyada keçirilən ilk dövrənin oyunlarında yığmamız hər üç görüşdə, qrup lideri olub.

Azərbaycanda daha 167 müəllim işə götürüldü
14 sentyabr 2012 06:37

Bakı, 14 sentyabr (ERtv). Ümumi təhsil müəssisələri və peşə liseylərindəki vakant yerlərə müəllimlərin işə qəbulu üzrə boş qalan və imtina olunan yerlərə sentyabrın 7-də aparılan əlavə yerləşdirmənin və sentyabr 10-da keçirilən müsahibənin nəticələri açıqlanıb. Təhsil Nazirliyinin mətbuat xidmətindən ERtv-yə verilən məlumata görə, boş qalan və imtina olunan yerlərə əlavə yerləşdirmənin və müsahibənin nəticələrinə görə, müxtəlif fənlər üzrə daha 167 nəfər müəllim işə qəbul edilib.

Cəbhə xəttində atəşkəs pozuldu
14 sentyabr 2012 06:25

Bakı, 14 sentyabr (ERtv). Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Baş Qərvənd, Füzulinin Aşağı Seyidəhmədli, Horadiz və adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ERtv-yə verilən məlumata görə, qarşı tərəf cavab atəşi ilə susdurulub.

Ronaldoya 200 milyon avro qiymət qoyuldu
13 sentyabr 2012 18:57

Bakı, 13 sentyabr (ERtv). "Real Madrid"in portuqaliyalı ulduzu Kristiano Ronaldonun transfer qiyməti bəlli olub. Madrid klubunun rəhbərliyi futbolçuya 200 milyon avro qiymət qoyub. Transferə isə yalnız Ronaldonun klubdakı narazılığı həll etməyəcəyi təqdirdə gələn mövsüm icazə veriləcək. 

Qeyd edək ki, klubda xoşbəxt olmadığını deyən Ronaldo milli komandanın oyunlarından sonra "Real Madrid"lə məşqə qatılacaq.

Onun baş məşqçi Joze Mourinyo və klub prezidenti Florentino Perezlə təkbətək görüşü gözlənilir.

Moskvada dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illiyinə həsr edilən təntənəli tədbir keçirildi
13 sentyabr 2012 18:38

Bakı, 13 sentyabr (ERtv). Moskvanın mərkəzində, Azərbaycanın Rusiyadakı səfirliyinin yanındakı bağda dahi Azərbaycan şairi Nizaminin abidəsi önündə böyük şair, mütəfəkkir və filosof Nizami Gəncəvinin 870 illiyinə həsr edilən təntənəli tədbir olub. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, orta əsr Şərqinin dünya ədəbiyyatı şedevrləri sırasına daxil olan ən böyük şairlərindən birinin yaradıcılıq irsindən danışıb. P.Bülbüloğlu qeyd edib ki, Nizaminin yubileyinin dünyanın mədəni mərkəzlərindən birində keçirilməsi mühüm hadisədir. Səfir bildirib ki, yubiley tədbiri Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə ölkənin hər yerində keçirilir. Səfir, həmçinin qeyd edib ki, dahi Azərbaycan şairinə təkcə Moskvada deyil, həm də Sankt-Peterburqda, Rusiyanın şimal paytaxtının mərkəzindəki eyniadlı bağda gözəl abidə qoyulub.

Mərasimdə Rusiya və Azərbaycan artistlərinin ifasında hər iki dildə yubilyarın şeirləri əsasında hazırlanan poetik kompozisiyalar səslənib, Bakıdan dəvət olunan xalq artistləri Mələkxanım Əyyubova, Fəxrəddin Dadaşov və Möhlət Mövsümovun iştirakı ilə konsert proqramı nümayiş etdirilib.

Yubiley şənliyində Rusiya ictimaiyyətinin və yaradıcı ziyalıların nümayəndələri, bir sıra ölkələrin səfirləri, Rusiya Federasiyası Dövlət Dumasının deputatları, Xarici İşlər Nazirliyinin əməkdaşları, Azərbaycandan xüsusi olaraq dəvət olunan qonaqlar, həmçinin Azərbaycan diasporunun tanınmış nümayəndələri iştirak edib.

Astanada TÜRKSOY-un üzvü olan ölkələrin UNESCO-nun işləri üzrə Milli komissiya və komitələrinin üçüncü müşavirəsi işə başladı
13 sentyabr 2012 18:29

Bakı, 13 sentyabr (ERtv). Astananın türk dünyasının mədəniyyət paytaxtı elan olunması ilə əlaqədar bu gün Qazaxıstan paytaxtında TÜRKSOY-un üzvü olan ölkələrin UNESCO-nun işləri üzrə Milli komissiya və komitələrinin üçüncü müşavirəsi işə başlayıb.

Tədbirdə Azərbaycanın UNESCO üzrə Milli Komissiyasının (MK) baş katibi Günel Əfəndiyevanın rəhbərliyi ilə nümayəndə heyəti də iştirak edir.

Astana şəhərinin akimi, UNESCO və İSESCO üzrə Qazaxıstan Milli komissiyasının sədri İmanqali Tasmaqambetov müşavirəni açaraq bildirib ki, türkdilli ölkələr və subyektlər arasında bu dialoqa 2010-cu ildə Ankarada başlanıb, ötən il Kazanda görüş keçirilib: "Şadam ki, növbəti müşavirə Astanada keçirilir və Qazaxıstan TÜRKSOY və UNESCO ilə humanitar əlaqələrin dərinləşdirilməsində maraqlıdır".

Qazaxıstanın xarici işlər naziri Erjan Kazıxanov, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Xəlil Akınçı, görkəmli siyasi və ictimai xadim, Qazaxıstanın UNESCO-dakı nümayəndəsi Oljas Süleymenov, TÜRKSOY-un baş direktoru Düsen Kaseinov və başqaları çıxış edib. Bildirilib ki, gələn il TÜRKSOY-un yaradılmasının 20 illiyi tamam olur. Öz məqsəd və vəzifələri, türkdilli xalqların mədəniyyətinin təbliği və inkişafı istiqamətində TÜRKSOY bir növ türk dünyasının UNESCO-sudur.

Sonra Azərbaycan, Türkiyə, Qırğızıstan, Türkmənistan və Rusiyanın altı türkdilli subyektləri - Tatarıstan, Başqırdıstan, Altay, Xakasiya, Saxa-Yakutiya, Tıva respublikaları və Moldovanın Qaqauz Yeri muxtar inzibati bölgəsinin təqdimatı keçirilib.

Günel Əfəndiyeva bildirib ki, bu il ölkəmizin UNESCO-ya üzv olmasından 20 il ötür. Bu illər ərzində ölkəmiz, o cümlədən Milli Komissiya təşkilatın prioritet sahələri üzrə intensiv əməkdaşlıq həyata keçirib, çoxsaylı uğurlu layihələrə imza atıb.

Bildirilib ki, qurum ilə Azərbaycan arasında əməkdaşlıq əlaqələrinin inkişafında Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın xüsusi rolu olub. Onun fəaliyyəti kilsə və məscidlərin, mədəni abidələrin bərpası və bu kimi çoxsaylı layihələrin həyata keçirilməsi ilə məhdudlaşmır. Mehriban Əliyeva Afrikada savadsızlığın ləğvi, xarici ölkələrdə məktəblərin tikintisi kimi layihələrin həyata keçirilməsi sahəsində də uğurla fəaliyyət göstərir.

G.Əfəndiyeva Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında danışıb, Azərbaycanın işğal olunan ərazilərində Ermənistanın dağıtdığı milli mədəni sərvətlərimiz haqqında ətraflı məlumat verib.

Müşavirə işini davam etdirir.

Bakıda yeni stadion istifadəyə verildi
13 sentyabr 2012 18:22

Bakı, 13 sentyabr (ERtv). Bu gün Bakının Xəzər rayonunun Binə qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə FİFA standartları səviyyəsində tikilən yeni stadion istifadəyə verilib. Mərasimində iştirak edən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban Əliyeva rəmzi açılışı bildirən lenti kəsib. Məlumat verilib ki, süni ot örtüklü stadionda 600 tamaşaçı yeri, oyunları geniş formatda nümayiş etdirən monitor, hakim və həkim otaqları var. Bildirilib ki, yaxın günlərdə Bakıda 17 yaşlı qadınlar arasında keçiriləcək futbol üzrə Dünya Çempionatının iştirakçı komandaları məhz bu stadionda məşq edəcək.

Azərbaycanın 17 yaşlı qadınlardan ibarət milli komandasının heyəti ilə görüşən Mehriban Əliyevaya millimizin rəsmi köynəyi hədiyyə olunub.

Heydər Əliyev Fondunun prezidenti futbolçu qadınlarla xatirə şəkli çəkdirib.

Meydançada Dünya Çempionatının kubokuna baxan Mehriban Əliyevaya məlumat verilib ki, bu kubok qalib gələn komandaya verilir və növbəti qalibədək həmin ölkədə saxlanılır.

Azərbaycanın birinci xanımı futbolçularımıza qarşıdan gələn çempionatda uğurlar arzulayıb.

Türkiyənin “meqa” starı Tarkan Bakıya gəlir
13 sentyabr 2012 18:12

Bakı, 13 sentyabr (ERtv). Türkiyəli müğənni ən qısa zamanda paytaxtımızın qonağı olacaq. Tarkanın Azərbaycan səfərinin tanıtım çarxını təşkilatçı Nahid Emiloğlu şəxsi Facebook səhifəsində yerləşdirib.

Qeyd edək ki, çarxda konsertin vaxtı və məkanı barədə heç bir məlumat yazılmayıb.

Dünya şöhrətli pop ulduz Okeana Azərbaycana gəlir
13 sentyabr 2012 18:07

Bakı, 13 sentyabr (ERtv). FİFA U-17 qadınlararsı dünya çempionatı Azərbaycan 2012-yə həsr olunan Fan Zona azarkeşlərin tam əyləncəsi və rahatlığı üçün Dənizkənarı Milli Parkın ərazisində qurulur.  Fan Zona 15 sentyabr - 13 oktyabr tarixlərində hər gün saat 12:00-dan 22:00-dək açıq olacaq və qonaqlarını müxtəlif oyunlar, lotoreya, çempionatın və sponsorların hədiyyələri ilə yanaşı bir çox başqa sürprizlərlə sevindirəcək. 15 sentyabr - şənbə gününə təsadüf edən Fan Zonanın açılışında və eyni zamanda  Kubok turunun bağlanış mərasiminə həsr olunan möhtəşəm konsert proqramında dünya şöhrətli pop ulduz,  Avro-2012-nin rəsmi mahnısının ifaçısı Okeana çıxış edəcək.

Qeyd edək ki, Okeana ilk dəfə dünya reytinqlərində hitə çevrilən  "Cry Cry" mahnısı ilə məhşurluq qazanıb. 

Kanada yığması Bakıya gəldi
13 sentyabr 2012 18:02

Bakı, 13 sentyabr (ERtv). FİFA U-17 qadınlararası dünya çempionatında iştirak edəcək komandaların Azərbaycana gəlişi artıq başlayıb. Ölkəmizə ilk təşrif buyuran komanda Kanada yığması olub. Mundial iştirakçısını Heydər Əliyev Beynəlxalq Hava Limanında FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin rəsmi maskotu Top Top Qız qarşılayıb. Top Top Qızın təqdim etdiyi gül dəstələrini aldıqdan və kollektiv şəkil çəkdirdikdən sonra komandanın üzvləri qalacaqları otelə yola düşüb. Kanada yığması qonaqpərvərliklə qarşılanmalarından məmnun olduqlarını bildirib.

Prezident İlham Əliyev ABŞ-ın “Stratfor” analitik mərkəzinin təsisçisi və icraçı direktorunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
13 sentyabr 2012 17:59

Bakı, 13 sentyabr (ERtv). Azərbaycan prezidenti İlham Əliyev bu gün ABŞ-da fəaliyyət göstərən “Stratfor” analitik mərkəzinin təsisçisi və icraçı direktoru Corc Fridmanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlər, “Stratfor” analitik mərkəzi ilə ölkəmizin müxtəlif analitik mərkəzləri arasında əməkdaşlığa dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 əvvəlki    976  977  978  979  980  981  982  983  984  985  986    növbəti 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.