Bakı, 13 sentyabr (ERtv). Moskvanın mərkəzində, Azərbaycanın Rusiyadakı səfirliyinin yanındakı bağda dahi Azərbaycan şairi Nizaminin abidəsi önündə böyük şair, mütəfəkkir və filosof Nizami Gəncəvinin 870 illiyinə həsr edilən təntənəli tədbir olub. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, orta əsr Şərqinin dünya ədəbiyyatı şedevrləri sırasına daxil olan ən böyük şairlərindən birinin yaradıcılıq irsindən danışıb. P.Bülbüloğlu qeyd edib ki, Nizaminin yubileyinin dünyanın mədəni mərkəzlərindən birində keçirilməsi mühüm hadisədir. Səfir bildirib ki, yubiley tədbiri Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə ölkənin hər yerində keçirilir. Səfir, həmçinin qeyd edib ki, dahi Azərbaycan şairinə təkcə Moskvada deyil, həm də Sankt-Peterburqda, Rusiyanın şimal paytaxtının mərkəzindəki eyniadlı bağda gözəl abidə qoyulub.
Mərasimdə Rusiya və Azərbaycan artistlərinin ifasında hər iki dildə yubilyarın şeirləri əsasında hazırlanan poetik kompozisiyalar səslənib, Bakıdan dəvət olunan xalq artistləri Mələkxanım Əyyubova, Fəxrəddin Dadaşov və Möhlət Mövsümovun iştirakı ilə konsert proqramı nümayiş etdirilib.
Yubiley şənliyində Rusiya ictimaiyyətinin və yaradıcı ziyalıların nümayəndələri, bir sıra ölkələrin səfirləri, Rusiya Federasiyası Dövlət Dumasının deputatları, Xarici İşlər Nazirliyinin əməkdaşları, Azərbaycandan xüsusi olaraq dəvət olunan qonaqlar, həmçinin Azərbaycan diasporunun tanınmış nümayəndələri iştirak edib.