Bakıda yol qəzası baş verib, ölən və yaralananlar var
31 mart 2012 09:10

 

 Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. Bakı şəhər Baş Polis İdarəsindən  verilən məlumata görə, martın 30-u saat 23:55 radələrində Babək prospektində Bakı şəhər sakinləri Emin Əliyev idarə etdiyi «VAZ-2107» markalı və Rafiq Rəhmanovun idarə etdiyi «Mersedes» markalı avtomobillər toqquşub. Qəza nəticəsində yaralanan E. Əliyev xəstəxanaya aparılarkən yolda ölüb. «Mersedes» markalı avtomobilin sərnişinləri Hökümə Rəhimova və oğlu İbrahim xəstəxanaya yerləşdirilib.

Aprel ayının ikinci yarısında havanın temperaturu yüksələcəkdir
31 mart 2012 09:08


Aprel ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi şimal və şərq rayonlarında isə normadan bir qədər çox olacağı ehtimal olunur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzərTAc-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 11-13° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1° yüksəkdir. Gecə 5-10° isti, ayın ikinci yarısının bəzi günlərində 12-15° isti, gündüz 13-18° isti, ayın ikinci yarısında isə temperatur 22-27°-dək yüksələcəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 23-33 mm) olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 6-8° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1° yüksəkdir. Gecə 3-8° isti, birinci ongünlüyün bəzi günlərində 0°-yə yaxın, ayın ikinci yarısının bəzi günlərində 9-13° isti təşkil edəcəkdir. Gündüz 14-19° isti, ayın ikinci yarısının bəzi günlərində temperatur 25-29°-dək yüksələcəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına (norma 34-59 mm) yaxın olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən, Gədəbəy rayonlarında orta aylıq temperaturun 6-10° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecə 2-7° isti, birinci ongünlüyün bəzi günlərində 0-4° şaxta təşkil edəcək, gündüz 9-14° isti, ayın ikinci yarısında 18-23°-dək yüksələcəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına (norma 54-83 mm) yaxın olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında orta aylıq temperaturun 12-14° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1° yüksəkdir. Gecə 5-9° isti, birinci ongünlüyün bəzi günlərində 0-4° isti təşkil edəcək, gündüz 12-17° isti, ayın ikinci yarısının bəzi günlərində temperatur 22-27°-dək yüksələcəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına (norma 31-40 mm) yaxın, bəzi yerlərdə isə normadan bir qədər çox olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında orta aylıq temperaturun 8-13° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1° yüksəkdir. Gecə 4-9° isti, birinci ongünlüyün bəzi günlərində 0-3° şaxta təşkil edəcək, gündüz 11-16° isti, birinci ongünlüyün bəzi günlərində 3-8° isti, ayın ikinci yarısında isə temperatur 22-27°-dək yüksələcəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına (norma 43-103 mm) yaxın, bəzi yerlərdə isə normadan bir qədər çox olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 13-15° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1° yüksəkdir. Gecə 7-12° isti, birinci ongünlüyün bəzi günlərində 0-4° isti təşkil edəcək, gündüz 15-20° isti, bəzi günlərdə isə temperatur 25-30°-dək yüksələcəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına (norma 30-34 mm) yaxın olacağı gözlənilir.
Masallı-Lənkəran-Astara-Lerik, Yardımlı rayonlarında orta aylıq temperaturun 10-15° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 2° yüksəkdir. Gecə 6-11° isti, bəzi günlərdə 1-3° isti, dağlarda 0-5° şaxta təşkil edəcək, gündüz 14-19° isti, bəzi günlərdə temperatur 23-27°-dək yüksələcəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 41-63 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Qırğızıstan Prezidenti və xanımını Heydər Əliyev Fondunda qəbul ediblər
31 mart 2012 06:26

 

Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində Qırğız Respublikasının Prezidenti Almazbek Atambayev və xanımı Raisa Atambayeva martın 30-da Heydər Əliyev Fondunda olublar.

Qırğız Respublikasının başçısını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva qarşıladılar. Ali qonağa və xanımına Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə yaradılmış Fondun məqsədi və fəaliyyəti barədə məlumat verildi. Bildirildi ki, Fond ümummilli liderin zəngin irsini öyrənir və təbliğ edir, müxtəlif sosial–iqtisadi, humanitar layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin inkişafına və tarixinin öyrənilməsinə kömək göstərir. Prezident Almazbek Atambayev və xanımı ulu öndər Heydər Əliyevin arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərinə aid fotoşəkillərlə, habelə müxtəlif eksponatlarla tanış oldular. Fondla tanışlıq zamanı qonaqlara məlumat verildi ki, ümummilli liderin hakimiyyətdə olduğu dövr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. Bu gün beynəlxalq birlik tərəfindən ölkəmizin misilsiz uğurları kimi qəbul edilən sosial-iqtisadi inkişaf, əldə olunan nailiyyətlər məhz ümummilli liderin fəaliyyətinin bəhrələridir. Qonaqlar fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə, nüfuzlu elm, mədəniyyət və incəsənət xadimlərinin müstəqil Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri ilə tanış oldular, xarici ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş şəkillərə maraqla baxdılar. Prezident Almazbek Atambayev Fondla tanışlıqdan sonra Xatirə kitabına ürək sözlərini yazdı. Sonra qarşılıqlı xatirə hədiyyələri təqdim olundu. Sonda Qırğız Respublikasının Prezidenti və xanımı Heydər Əliyev Fondunun fəaliyyətindən bəhs edən filmə tamaşa etdilər. Qonaqlar Heydər Əliyev Fondundan zəngin təəssüratla ayrıldılar.

31 Mart - Azərbaycanlıların Soyqırımı günüdür
31 mart 2012 05:46

 

Erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımından 94 il ötür.
1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan kütləvi qırğınlar 20 minə yaxın günahsız insanın, o cümlədən çoxlu sayda qoca, qadın və uşaqların öldürülməsi ilə nəticələnib.
Martın 30-dan aprelin 2-dək davam edən kütləvi qırğınlarda Stepan Şaumyanın rəhbərlik etdiyi erməni bolşevik dəstələri Bakıda minlərlə insanı qətlə yetirib, müsəlman ziyarətgahlarını yandırıb, Bakı əhalisinin 400 milyon manatlıq əmlakını müsadirə ediblər. Kütləvi qırğınlar zamanı şəhərin ən möhtəşəm məscidi sayılan Təzəpir məscidi aramsız top atəşinə tutulub, ermənilər Bakının ən möhtəşəm memarlıq incilərindən olan “İsmailiyyə” binasını yandırıblar.
 Azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı siyasəti təkcə Bakı şəhəri ilə məhdudlaşmayıb. Martın 31-də erməni daşnakları Şamaxı qəzasının 53 kəndində 8027 azərbaycanlını, o cümlədən 2560 qadın və 1277 uşağı qətlə yetiriblər. Qubanın 162 kəndində öldürülən günahsız azərbaycanlıların sayı isə 16 mindən artıq olub. Erməni daşnakları Lənkəran, Muğan bölgəsi və Dağlıq Qarabağda minlərlə kəndi yandırıb, on minlərlə insanı vəhşicəsinə qətlə yetiriblər. 1918-ci il iyulun 15-də Azərbaycan Demokratik Respublikasının yaratdığı Fövqəladə Təhqiqat Komissiyası bu qırğınlarla bağlı çoxsaylı sənədləri toplayaraq hökumətə təqdim edib, 1919-cu ildə Azərbaycan parlamenti 31 Mart tarixinin Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunması barədə qərar qəbul edib. Sovet hakimiyyəti illərində bu tarix yaddaşlardan silinsə də, müstəqillik dövründə tarixi sənədlər əsasında 31 mart 1918-ci ildə Azərbaycan xalqının başına gətirilən faciəvi hadisələrlə bağlı çoxsaylı araşdırmalar aparılıb, kitablar dərc olunub. 1998-ci il martın 26-da prezident Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” fərman imzalayıb. Həmin gündən başlayaraq 31 Mart tarixi Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunur.
Bu gün 31 mart - Azərbaycanlıların Soyqırımı günü münasibətilə dünyanın müxtəlif ölkələrində tədbirlər, anım mərasimləri, konfranslar keçiriləcək.

Azərbaycan prezidenti: “Türk xalqlarının birliyinin gələcəkdə daha da möhkəmlənməsi təşəbbüslərini dəstəkləyirik”
30 mart 2012 15:12

“Qırğız Respublikasının prezidenti Almazbek Atambayevin ilk rəsmi səfərlərindən birini məhz Azərbaycana etməsi dostluq və qardaşlığın göstəricisidir. Bu səfər ölkələrimiz arasında əlaqələrdə yeni səhifə açacaq”.
Bu fikirləri Azərbaycan prezidenti İlham Əliyev ölkəmizdə səfərdə olan Qırğızıstan prezidenti Almazbek Atambayevlə birgə mətbuat konfransında deyib. 
Prezident bildirib ki, hazırda ikitərəfli münasibətlərin inkişafında dinamika müşahidə olunur: “Bu gün imzalanan sənədlər çox əhəmiyyətlidir. Bu sənədlərin sayı son 20 ildə iki ölkə arasında imzalanan sənədlərin sayından çoxdur. Ümid edirəm ki, bizim əlaqələrin gələcəyi böyükdür. Biz Türk xalqlarının birliyinin gələcəkdə daha da möhkəmlənməsi təşəbbüslərini dəstəkləyirik” .

Kəmaləddin Heydərov: “Kür və Araz çaylarında daşqınların qarşısının alınması məqsədilə proqram hazırlanır”
30 mart 2012 15:04

 

 Bu gün Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov Sabirabadda Kür daşqınlarından zərər çəkmiş rayonların icra hakimiyyəti başçıları ilə keçirilmiş müşavirədən sonra rayonun Ulacalı kəndinə gəlib. Nazir kənddə daşqınlardan zərər çəkmiş əhali üçün salınmış qəsəbədə yerli sakinlərlə görüşüb.  Nazir bildirib ki, prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Kür çayında baş vermiş daşqınlar nəticəsində dəymiş zərərin aradan qaldırılması üçün ayrılmış 300 milyon manat vəsaitdən 202 milyon manatı evlərin, sosial obyektlərin və infrastrukturun bərpasına sərf olunub. Bu prosesə ilk daşqınlar baş verəndən dərhal sonra başlanılıb: “Komissiya bu müddət ərzində fəaliyyət göstərib, orda Fövqəladə Hallar, Maliyyə, İqtisadi İnkişaf nazirliklərinin, yerli icra hakimiyyəti nümayəndələrinin iştirakı ilə təhlillər aparılıb, daha hansı evlərə və sosial obyektlərə ziyan dəydiyi dəqiqləşdirilib. Komissiyanın hazırladığı rəy cənab prezidentə təqdim olunub, bunun əsasında da cənab prezident qalan məsələləri həll etmək üçün dünən sərəncam imzalayıb və müvafiq tapşırıqlar verib. Zərər çəkmiş digər fərdi evlərin, infrastruktur və sosial obyektlərin yenidən tikilməsi və təmiri də məhz bu sərəncamda əksini tapır”.  K. Heydərov bildirib ki, bugünkü müşavirədə Kür ətrafı rayonların icra başçıları ilə sərəncamın icrası ilə bağlı məsələlər müzakirə olunub: “ Müşavirədə təmirə və tikintiyə ehtiyacı olan obyektlərin, yaşayış evlərinin siyahısının operativ şəkildə hazırlanaraq, FHN-ə təqdim olunmasının zəruriliyi vurğulandı” .Kür və Araz çaylarında gələcəkdə baş verə biləcək daşqınların qarşısının alınması məqsədi ilə görüləcək kompleks tədbirlər planına toxunan nazir bunun mühüm məsələ olduğunu deyib: “2010-cu ildə baş verən daşqınlardan sonra xaricdən çoxlu ekspert dəvət olundu. Biz Hollandiyadan da bu məsələlər üzrə ixtisaslaşmış məşhur şirkətlərin ekspertlərini dəvət etdik. Onlar Kürün məcrası boyu təhlil apardılar. Bu təhlillər nəticəsində yekun sənədlər hazırlanıb. İndi bu sənədlər əsasında proqram hazırlanır”. 
K. Heydərov deyib ki, bu proqramda Kür və Araz çayları boyunca təhlükəsizliyin təmin olunması, çaylardan səmərəli istifadə edilməsi əksini tapacaq: “Bütün dünyada qlobal iqlim dəyişikliyi baş verir və heç bir ölkə təbii fəlakətdən sığortalanmayıb. İki il əvvəl baş vermiş təbii fəlakətin nə zamansa yenidən təkrarlanması mümkündü. Ona görə də hər iki çay boyu su anbarlarının və hövzələrinin təhlükəsizliyi təmin edilməlidir”.

Azərbaycanda aprel ayı üçün hava proqnozu açıqlanıb
30 mart 2012 08:01

 

Aprel ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən cümə günü verilən məlumata görə, aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi şimal və şərq rayonlarında isə normadan bir qədər çox olacağı ehtimal olunur.
 Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 11-13 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir.
 Gecələr 5-10 dərəcə isti, ayın ikinci yarısının bəzi günlərində 12-15 dərəcə isti təşkil edəcək. Gündüzlər 13-18 dərəcə isti olacaq, ayın ikinci yarısında 22-27 dərəcəyədək yüksələcək.
 Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 23-33 mm) olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 11-15 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Gündüzlər 14-19 dərəcə isti olacaq, ayın ikinci yarısının bəzi günlərində temperatur 25-29 dərəcəyədək yüksələcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 34-59 mm) olacağı gözlənilir.
Yuxarı Qarabağ- Xankəndi, Şuşa, Xocalı, Xocavənd; Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən, Gədəbəy rayonlarında orta aylıq temperaturun 6-10 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 54-83 mm) gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tər-Tər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında orta aylıq temperaturun 12-14 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir.
 Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə (norma 31-40 mm) isə normadan bir qədər çox olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında orta aylıq temperaturun 8-13 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 48-103 mm) gözlənilir.
Mərkəzi-Aran- Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 13-15 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 30-34 mm) olacağı gözlənilir. Masallı-Lənkəran-Astara-Lerik, Yardımlı rayonlarında orta aylıq temperaturun 10-15 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 2 dərəcə yüksəkdir.Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 41-63 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.

Finlandiyanın xarici işlər naziri aprelin 1-də Azərbaycana səfərə gəlir
30 mart 2012 06:38

 

Finlandiyanın xarici işlər naziri Erkki Tuomioya aprelin 1-3-də Azərbaycanda rəsmi səfərdə olacaq.
 Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev məlumat verib. Səfər zamanı Erkki Tuomioya rəsmi şəxslərlə görüşlər keçirəcək. Görüşlərdə ikitərəfli əməkdaşlığın bütün spektrini əhatə edən məsələlər müzakirə olunacaq, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılacaq.

Rəsmi Bakı Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyadan çox şey gözləyir
30 mart 2012 06:23

 

Rusiya kimi böyük bir qonşu dövlətin xarici işlər nazirinin Azərbaycana səfəri sıradan bir hadisə deyil, növbəti illər üçün münasibətlərimizin qarşısında duran prioritetlərin müəyyən olunması istiqamətində, qarşılıqlı şəkildə maraqlara daxil olan məsələlərin çərçivəsinin müəyyən olunmasında mühüm bir addım kimi dəyərləndirilməlidir. Bunu cümə axşamı jurnalistlərə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
"Rusiya ilə Azərbaycan arasında çox geniş spektrli məsələlər var ki, bunlar qarşılıqlı şəkildə müzakirə olunur, qərarlar qəbul olunur və həyata keçirilir", - Həsənov əlavə edib. PA rəsmisi deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyadan çox şey gözləyirik. "Bu münaqişənin həllində dünyada Rusiyadan daha güclü təsirə malik olan dövlət yoxdur. Biz həm regional məsələlərdə, həm Dağlıq Qarabağ məsələsinə yanaşmada, həm Ermənistan üzərindəki mövcud təsiri nəzərə alaraq bu bəyanatı veririk. Sözün həqiqi mənasında, Ermənistan üzərində Rusiyanın təsiri dünyada analoqu olmayan bir təsirdir. İstədiyi istiqamətə bu dövləti yönəldə bilər, istənilən məsələdə konstruktivliyə yönəldə bilər. Bu anlamda Rusiyadan çox şey gözləyirik. Rusiya tərəfindən təşəbbüslər var, Putin və Medvedev tərəfindən bu istiqamətdə səylər nümayiş etdirilib. Güman edirik ki, bu səylər bundan sonra da davam etdiriləcək və bu il ciddi bir irəliləyişi müşahidə edəcəyik", - Həsənov bildirib.
Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov aprelin 3-4-də Azərbaycana rəsmi səfər edəcək.

Oqtay Əsədov: “Müstəqil Dövlətlər Birliyi ümidləri tam doğrultmadı”
30 mart 2012 05:57

 

“Ümumiyyətlə, Müstəqil Dövlətlər Birliyi böyük bir qurum olaraq üzərinə düşən öhdəliklərin yerinə yetirilməsinə, müəyyən mənada, nail olub. Ölkələrimiz arasında əlaqələrin qorunub saxlanılmasında, qarşılıqlı səmərəli əməkdaşlıq ənənələrinin davam etdirilməsində müsbət nəticələr əldə olunub. Təbii ki, MDB Parlamentlərarası Assambleyası bu sahədə xüsusi rol oynamış və əməkdaşlığın möhkəm hüquqi əsasını yaradıb. Assambleyanın qəbul etdiyi silsilə hüquqi aktlar ümumi maraqlara söykənib, MDB çərçivəsində demokratik proseslərin inkişafına, bazar iqtisadiyyatının formalaşmasına və milli parlamentlərin bu istiqamətdəki fəaliyyətinə öz töhfəsini verib”. Bu fikirləri Milli Məclisin sədri Oqtay Əsədov MDB Parlamentlərarası Assambleyasının (PA) 20 illik yubileyinə həsr olunmuş tədbirdə deyib. 
 O bildirib ki, Assambleya milli parlamentlər arasındakı əməkdaşlığın inkişafını, demokratik prosesləri, insan hüquq və azadlıqlarını, seçki hüququ və parlamentarizm ənənələrinin təkmilləşdirilməsini daim diqqət mərkəzində saxlayıb. MM sədri təəssüflə bildirib ki, bütün uğurlara baxmayaraq, Müstəqil Dövlətlər Birliyi yarandığı vaxt ona bəslənən ümidləri tam doğrultmayıb: “Bir sıra məsələlərin, xüsusilə, postsovet məkanında baş verən münaqişələrin həllində beynəlxalq hüququn norma və prinsiplərinin həyata keçirilməsinə hələ də nail olunmayıb”.
 Oqtay Əsədov çıxışının sonunda belə bir inamı ifadə edib ki, MDB PA bundan sonrakı fəaliyyətində yeni islahatlar həyata keçirəcək, qarşıdakı vəzifələri yerinə yetirmək üçün daha ciddi addımlar ataraq növbəti inkişaf və təkmilləşmə mərhələsinə qədəm qoyacaq. Qeyd edək ki, Qazaxıstanın Almatı şəhərində MDB Parlament Assambleyasının 20 illik yubileyinə həsr olunmuş tədbirlər keçirilib. Tədbirlərə Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti də iştirak edib.

Elmar Məmmədyarov Bolqarıstan səfirini ölkəmizdə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib
29 mart 2012 18:40

 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bolqarıstanın Azərbaycan Respublikasındakı Səfiri Vasil Todorov Kalinovu ölkəmizdə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. XİN mətbuat xidmətindən  verilən məlumata görə, görüş zamanı V. T. Kalinov Azərbaycanda işlədiyi dövrdə Bolqarıstanla Azərbaycan arasındakı münasibətlərin daha da genişlənməsi və inkişafı üçün fəaliyyət göstərdiyini qeyd edib və faydalı əməkdaşlığa görə Xarici İşlər Nazirliyinə minnətdarlıq bildirib. 
 Nazir Elmar Məmmədyarov hər iki ölkə rəhbərinin siyasi iradələri nəticəsində Azərbaycanla Bolqarıstan arasında münasibətlərin hər zaman yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdıraraq, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə Bolqarıstan hökumətinə öz təşəkkürünü bildirib. 
Elmar Məmmədyarov V.T.Kalinova xoş arzularını bildirib və gələcək işlərində müvəffəqiyyətlər arzulayıb.

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında 2012-ci ilin “İdman ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nı təsdiqləyib
29 mart 2012 18:20

 

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında 2012-ci ilin “İdman ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Tədbirlər Planının icrasının təşkilində əlaqələndirici orqan Gənclər və İdman Nazirliyi müəyyən edilib. Nazirlər Kabinetinə “Azərbaycan Respublikasında 2012-ci ilin “İdman ili” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nda nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsini təmin etmək və sərəncamdan irəli gələn digər məsələlərin həlli tapşırılıb.

Azərbaycan prezidenti Kür və Araz çaylarının daşması nəticəsində baş vermiş təbii fəlakətin fəsadlarının aradan qaldırılmasına əlavə 50 milyon manat ayırıb
29 mart 2012 18:14

 

Azərbaycan prezidenti İlham Əliyev 2010-cu ildə Kür və Araz çaylarının daşması nəticəsində baş vermiş təbii fəlakətin fəsadlarının aradan qaldırılmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir ki, Kür və Araz çaylarının daşması nəticəsində Sabirabad, Saatlı, İmişli, Hacıqabul, Salyan, Neftçala, Kürdəmir, Zərdab rayonlarında və Şirvan şəhərində 27 yaşayış məntəqəsi, ümumilikdə 70 min hektar ərazi subasmaya məruz qalıb, minlərlə fərdi yaşayış evi, sosial obyektlər uçmuş və ya qəzalı vəziyyətə düşüb.
Təbii fəlakətin fəsadlarının aradan qaldırılması ilə əlaqədar görülmüş tədbirlər nəticəsində 5 yeni qəsəbə salınıb, 3 mindən artıq ev, yüzə yaxın sosial və infrastruktur obyekti tikilib və ya bərpa olunub, 5 min evdə təmir işləri aparılıb. Əmlaklarına və əkin sahələrinə dəymiş ziyana görə əhaliyə 20 milyon manat məbləğində kompensasiya ödənilib.

 Bu istiqamətdə görülən işlərin davam etdirilməsini təmin etmək məqsədi ilə Nazirlər Kabinetinə tapşırılıb ki, Fövqəladə Hallar Nazirliyinə 50,0 (əlli) milyon manat vəsaitin ayrılması üzrə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini təmin etsin.
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə tapşırılsın ki, sərəncamın icrası ilə bağlı müvafiq şəhər və rayon icra hakimiyyətləri ilə birlikdə Kür və Araz çaylarının daşması nəticəsində baş vermiş təbii fəlakətin fəsadlarının aradan qaldırılması üçün fərdi yaşayış evlərinin, sosial və infrastruktur obyektlərinin tikintisi, bərpa-gücləndirilməsi, habelə subasmadan ziyan çəkmiş ailələrin sosial müdafiəsi üzrə digər zəruri tədbirlərin həyata keçirilməsi işlərinin başa çatdırılmasını sürətləndirsin, sərəncamla bağlı görülmüş işlər barədə məlumatı üç ayda bir dəfə Azərbaycan prezidentinə təqdim etsin.

Qırğızıstan prezidenti Azərbaycana rəsmi səfərə gəlib
29 mart 2012 18:09

 

Qırğızıstan prezidenti Almazbek Atambayev martın 29-da Azərbaycana rəsmi səfərə gəlib.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Qırğızıstan prezidenti Almazbek Atambayevi hava limanında Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.
Hava limanının ali qonaqlar üçün salonunda prezident Almazbek Atambayev və Baş nazirin birinci müavini Yaqub Eyyubov arasında qısa protokol söhbəti olub.

Ukraynanın baş naziri gələn həftə Azərbaycana səfər edəcək
29 mart 2012 08:40

 

Ukraynanın baş naziri Nikolay Azarovun aprelin 3-4-də Bakıya səfəri gözlənilir.

Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, səfər zamanı iki ölkə arasında əməkdaşlıq məsələləri müzakirə olunacaq. Yerli mətbuat Ukrayna və Azərbaycanın energetika sahəsində əməkdaşlığı genişləndirmək niyyətində olduğunu yazır.

Əli Həsənov: “Ayrı-ayrı dairələr və beynəlxalq qurumlar Azərbaycanla İran arasında münasibətləri pozmaq istəyir”
29 mart 2012 06:52

 

“Azərbaycan dövlətinin ərazisindən İrana, Türkiyəyə, Rusiyaya və Gürcüstana qarşı heç bir hərəkət olunmayıb, olmur və olmayacaq”
 “Dəfələrlə bəyan etdiyimiz tezisi bir daha təkrar edirik: Azərbaycan dövlətinin ərazisindən İrana, Türkiyəyə, Rusiyaya və Gürcüstana qarşı heç bir hərəkət olunmayıb, olmur və olmayacaq”. APA-nın məlumatına görə, bunu Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bəzi qərb mətbuatı və yerli KİV-də İsrailin Azərbaycan ərazisindən İrana qarşı istifadə etməsi barədə yayılan məlumatlara münasibət bildirərkən deyib. 
Ə. Həsənov bunu ayrı-ayrı dairələrin həyata keçirdiyi spekulyasiyalar adlandıraraq, məqsədin ara qarışdırmaq olduğunu bildirib: “İstər ayrı-ayrı müxalifət dairələri, istər onlara məxsus KİV, istərsə də hansısa beynəlxalq qurumlar və onlara məxsus mətbuat İran ətrafında olan mövcud vəziyyətdən istifadə edərək Azərbaycanla İranı bir-birinə qarşı qoymaq, iki dövlət arasında münasibətləri pozmaq, düşmən vəziyyətə gətirmək istəyirlər. Bu məsələdə marağı olan ölkələr və dairələr var. Bu marağı olan ölkələrə və dairələrə birmənalı şəkildə bildiririk ki, onların niyyəti baş tutmayacaq, Azərbaycanla İran və digər qonşu dövlətlər - Ermənistan istisna olmaqla, münsibətləri korlamaq heç kimə nəsib olmayacaq”.

Leyla Əliyeva: "Mənim vətənim "ilklər" diyarıdır və hər zaman dözümlülüyü, dini və mədəni müxtəlifliyi, adət ənənələri ilə tanınmışdır"
28 mart 2012 15:05

 

Britaniya parlamentinin Lordlar Palatasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın İDEA beynəlxalq ətraf mühit kampaniyasını təqdim etməsinin şərəfinə Lordlar Palatasının üzvü Məhəmməd Şeyx tərəfindən rəsmi ziyafət təşkil olunmuşdur.

İDEA kampaniyasının təqdimatının keçirildiyi tədbiri Britaniyanın EcoMuslim ekoloji təşkilatının icraçı direktoru Ömər Faruk açaraq çıxış etmişdir.

Müasir Azərbaycanın inkişafının mühüm istiqamətlərini və son illərdə ölkədə həyata keçirilən ətraf mühit təşəbbüslərini diqqətə çatdıran Ömər Faruk, İDEA kampaniyasının əsas fəaliyyət istiqamətləri və bu təşəbbüsün Cənubi Qafqaz ölkələri üçün aktuallığını vurğulamışdır.

Sonra lord Məhəmməd Şeyx çıxış etmiş, təqdimatın əhəmiyyətini vurğulamış, son illərdə Azərbaycanın regional və qlobal siyasətdə rolunun artdığını və yerinin möhkəmləndiyini bildirmişdir. Ölkənin ən yeni tarixinə toxunan lord Məhəmməd Şeyx, Azərbaycanın fəal iştirakı ilə həyata keçirilən geoiqtisadi, nəqliyyat və enerji layihələri haqqında geniş məlumat vermişdir. Sonra lord Azərbaycanın müasir inkişafı, ölkədə son illərdə reallaşdırılan iqtisadi və siyasi təşəbbüslər barədə danışmışdır. Ətraf mühitin qorunması ilə bağlı problemlərdən və Lordlar Palatasında dəstəklənən təşəbbüslərdən danışan Məhəmməd Şeyx İDEA kampaniyası çərçivəsində həyata keçirilən tədbirləri də qeyd etmişdir. Daha sonra İDEA kampaniyasının təşəbbüskarı Leyla Əliyeva çıxış etmişdir. Leyla Əliyeva Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən ətraf mühit layihələri haqqında ətraflı məlumat vermişdir. O, həmçinin kampaniya çərçivəsində planlaşdırılan yeni layihələr və Azərbaycan gənclərini “Rio+20” konfransına səfərbər etmək üçün BMT-nin İnkişaf Proqramı ilə birgə aparılan əməkdaşlıq barədə danışmışdır. Heydər Əliyev Fondunun vitse-prezidenti İDEA-nın orta məktəblərdəki könüllülərinin fəaliyyətinə də toxunaraq demişdir: “Biz inanırıq ki, ekoloji maarifləndirmə uşaqlıq illərindən izah və tədris edilməlidir. Təbiətə sevgi və onun mühafizəsinin əhəmiyyəti ibtidai və orta məktəblərin siniflərində mənimsənilməlidir. Gənclər ekoloji harmoniyanın önəmini anlamalı, təbiətin həyatı necə mühafizə etdiyini öyrənməli və öz gündəlik fəaliyyətlərinin ətraf mühit üzərindəki təsirini uşaq yaşlarından dərk etməlidirlər. Müəllimlər uşaqlara davamlı yaşam üçün önəmli olan bilik, bacarıq və dəyərləri bütün yaş çağlarında aşılaya bilmək imkanına malikdirlər. Mənim kampaniyamın da əsas fəaliyyət istiqaməti insanların ətraf mühitlə iç-içə yaşam üçün düzgün davranış və hərəkətlərini təmin etməkdə erkən təhsilin rolunu önə çəkməkdir”. Leyla Əliyeva demişdir ki, Cənubi Qafqaz dünyanın bioloji və aqro müxtəlifliklərlə zəngin regionlarından biridir. Bu regionda subtropik meşələrə, Böyük Qafqazın buzlaq və qarla örtülmüş zirvələrinə, aran zonasında çöl və yarımsəhralara rast gəlmək mümkündür. Cənubi Qafqazda demək olar ki, hər növ iqlim qurşağı mövcuddur. Məsələn, 11 iqlim qurşağından Azərbaycanda 9-na rast gəlmək mümkündür. Qafqaz regionu iqlim dəyişikliyinin təsirlərinə çox həssasdır və bu da istənilən iqtisadi fəaliyyətin planlaşdırılması zamanı nəzərə alınmalıdır. İqlim dəyişikliyinin mənfi nəticələri kənd təsərrüfatından tutmuş turizmə qədər bütün sahələrə, xüsusilə də su sektoruna öz təsirini göstərə bilər. Sovet İttifaqının süqutundan sonra Cənubi Qafqazda kəskin ekoloji, səhiyyə və iqtisadi təhlükələr yarada biləcək bir sıra ətraf mühit problemləri üzə çıxmışdır. Qeyri-qanuni ovçuluq, otlaq sahələrinin və meşələrin məhvi və nəzarətsiz urbanizasiya nəticəsində regionun bioloji müxtəlifliyi təhlükə altında qalmışdır. Regionun bütün dövlətləri Bioloji Müxtəliflik haqda Konvensiyanı və digər müvafiq beynəlxalq müqavilələri ratifikasiya etmiş, bununla da, təbiətin qorunması üçün müəyyən öhdəliklər götürmüşlər. Lakin regiondakı mövcud dondurulmuş və fəal münaqişələr ekosistemə çox mənfi təsir etmişdir. Azərbaycanın işğal olunmuş rayonlarında meşələrin qəsdən yandırılması vəhşi flora və faunanı təhlükə altında qoymuşdur. Qafqaz bəbiri kimi nadir heyvanlar tükənmə riski ilə üzləşmişdir. Cənubi Qafqazın hər üç ölkəsində bir sıra ekoloji təhlükələr ciddi ekoloji tənəzzülün müşahidə olunduğu ərazilərdə öz əksini tapır. İnsanlara qarşı ekoloji təhlükələrin mənbələri təkcə meşə qırılmaları, təbii sərvətlərin düzgün istifadə edilməməsi, su çirklənməsi və təbii fəlakətlərdə deyil, həmçinin sənaye istehsalı, nüvə və radioaktiv tullantılarda da özünü büruzə verir. Ermənistanın Metsamor şəhəri yaxınlığında Atom Elektrik Stansiyasının ərazisində yeni nüvə blokunun tikilməsi regionun ətraf mühit təhlükəsizliyinə zərbədir. Azərbaycan Cənubi Qafqaz regionu ölkələri arasında UNECE-nin (BMT-nin Avropa üzrə İqtisadi Komissiyası) Su Konvensiyasını ratifikasiya etmiş yeganə dövlətdir. Transsərhəd su ehtiyatları ilə bağlı problemlərin həllində əməkdaşlıq istəyinin olmaması yeraltı və yerüstü sərvətlərin çirklənməsinə, çay sularının azalmasına və su çatışmazlığına səbəb olmuşdur. Regionun üzləşdiyi bütün bu ekoloji təhlükələrin fonunda, cəmiyyətin gənc üzvləri arasında əməkdaşlıq ətraf mühitin qorunmasının mühüm elementinə çevrilir. Bu təhlükələr bir daha sübut edir ki, ətraf mühit çağırışları beynəlxalq ekoloji idarəetmənin daha da möhkəmləndirilməsi yolu ilə həll edilməlidir. Ölkəmiz barədə geniş məlumat verən Leyla Əliyeva Azərbaycanın tarixinə də nəzər salaraq demişdir: “Mən Şərqdə ilk parlamentli demokratiya qurmuş, 1918-ci ildə qadınlara kişilərlə bərabər siyasi hüquqlar verən və qabaqcıl Qərb dəyərlərini mənimsəmiş ilk müsəlman ölkəsində doğulmaqdan çox qürur duyuram. Azərbaycan Şərq dünyasında ilk operanın, ilk musiqili komediyanın, ilk Qərb üslublu teatrın və ilk baletin vətənidir. Burada həm də müsəlman dünyasında ilk dəfə olaraq qadınlar üçün orta məktəb tikilmişdir. Mənim vətənim “ilklər” diyarıdır və hər zaman dözümlülüyü, dini və mədəni müxtəlifliyi, adət ənənələri ilə tanınmışdır. Azərbaycan kəsişmələr məkanıdır: Avropa və Asiya, Şərq və Qərb”. Rəsmi ziyafətin sonunda Leyla Əliyeva Azərbaycan nümayəndə heyəti adından lord Məhəmməd Şeyxə ölkəmizi təcəssüm etdirən xatirə hədiyyələri təqdim etmişdir. Tədbirdə Britaniya parlamentinin üzvləri, bu ölkədə akkreditə olunmuş diplomatik korpusların nümayəndələri, müxtəlif ekoloji təşkilatların təmsilçiləri, eləcə də Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov, Dövlət Neft Şirkətinin ekoloji məsələlər üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə də iştirak etmişlər.

Prezident İlham Əliyev Bolqarıstanın Azərbaycandakı səfirini qəbul edib
28 mart 2012 14:59

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 28-də Bolqarıstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vasil Kalinovu fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.

 

Dövlətimizin başçısı Vasil Kalinovun ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Azərbaycan ilə Bolqarıstan arasında siyasi, təhlükəsizlik, energetika və regional əməkdaşlıq sahələrində əlaqələrin inkişaf edərək yaxın tərəfdaşlıq səviyyəsinə yüksəlməsindən məmnunluğunu bildirdi. Bolqarıstanlı diplomatın Azərbaycandakı fəaliyyətini yüksək qiymətləndirən Prezident İlham Əliyev gələcək fəaliyyətində ona uğurlar arzuladı.

Səfir Vasil Kalinov ölkələrimiz arasında münasibətlərin uğurla inkişaf etdiyini vurğulayaraq münasibətlərimizin genişlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd etdi. Vasil Kalinov Azərbaycandakı diplomatik fəaliyyəti dövründə səfirliyin fəaliyyətinə yaradılan şəraitə görə Azərbaycan hökumətinə və şəxsən Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.

Masazırda sürüşmə sahəsində dinamik inkişafla əlaqədar aparılmış mühəndisi-geoloji araşdırma işlərinin nəticələri açıqlanıb
28 mart 2012 14:52

 

Abşeron rayonunun Masazır qəsəbəsində baş vermiş sürüşmə sahəsindəki dinamik inkişafla əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin mütəxəssisləri tərəfindən ərazidə aparılan son mühəndisi-geoloji araşdırma işlərinin nəticələri açıqlanıb.

 ETSN-nin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının baş mühəndisi Şaiq Niftiyev bildirib ki, Şərqi Abşeron sinklinoriumunun şimal-qərb hissəsində ayrılan Sumqayıt-Fatmayi tektonik sahəsinə daxil olan Masazır qəsəbəsi ərazisinin geoloji kəsilişində üst qatda Yeni Xəzər yaşlı gilcələr və onların altında Balaxanı lay dəstəsinin çöküntüləri yatır. Ərazidə qrunt sularının yayıldığını deyən baş mühəndis deyib ki, əsasən texnogen, kanalizasiya və suvarma nəticəsində qidalanma mənbəyinə malik olan bu sular 3-10 metr dərinliyində rast gəlinir.

 Ş. Niftiyev bildirib ki, 2011-ci ilin sonlarında “Qır” gölünün qərb sahilində göldən 100-110 metr aralıda müəyyən olunan sürüşmə sahəsinin eni 30-35, uzunluğu 80-100 metr arasında dəyişir: “Sürüşmə kütləsinin qırılma qaşı 1.0-1.2 metrdir. Axma tipli sürüşmənin ərazisində qalınlığı 0,5-1,0 metr olan çöküntülər axıcı plastikli vəziyyətdədirlər. Gilli çöküntülərin məsaməli olması, mövsümlə əlaqədar yağıntıların düşməsi və tullantı sularının yamaca axıdılması bu süxurlarda çatlılığın inkişaf etməsi, plastikliyin artması, çökmə, oturma və axma proseslərinin inkişaf etməsinə səbəb olub”. Baş mühəndisin sözlərinə görə. hazırda sürüşmə prosesləri yayıldığı sahənin eni 40-42, uzunluğu 85-110, qırılma qaşının hündürlüyü isə 3,5-4,0 metrdir.

Prezident İlham Əliyev Bolqarıstanın Azərbaycandakı səfirini fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib
28 mart 2012 14:48

 

Prezident İlham Əliyev martın 28-də Bolqarıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vasil Kalinovu fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib.

Dövlət başçısı Vasil Kalinovun ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Azərbaycan ilə Bolqarıstan arasında siyasi, təhlükəsizlik, energetika və regional əməkdaşlıq sahələrində əlaqələrin inkişaf edərək yaxın tərəfdaşlıq səviyyəsinə yüksəlməsindən məmnunluğunu bildirib.  Bolqarıstanlı diplomatın Azərbaycandakı fəaliyyətini yüksək qiymətləndirən Prezident İlham Əliyev gələcək fəaliyyətində ona uğurlar arzulayıb. Səfir V. Kalinov ölkələrimiz arasında münasibətlərin uğurla inkişaf etdiyini vurğulayaraq münasibətlərimizin genişlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd edib. Vasil Kalinov diplomatik fəaliyyəti dövründə səfirliyin fəaliyyətinə yaradılan şəraitə görə Azərbaycan hökumətinə və prezidentə minnətdarlığını bildirib.

 əvvəlki    43  44  45  46  47  48  49  50  51  52  53    növbəti 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.