Prezident İlham Əliyev martın 28-də Bolqarıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vasil Kalinovu fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib.
Dövlət başçısı Vasil Kalinovun ölkəmizdəki diplomatik fəaliyyəti dövründə Azərbaycan ilə Bolqarıstan arasında siyasi, təhlükəsizlik, energetika və regional əməkdaşlıq sahələrində əlaqələrin inkişaf edərək yaxın tərəfdaşlıq səviyyəsinə yüksəlməsindən məmnunluğunu bildirib. Bolqarıstanlı diplomatın Azərbaycandakı fəaliyyətini yüksək qiymətləndirən Prezident İlham Əliyev gələcək fəaliyyətində ona uğurlar arzulayıb. Səfir V. Kalinov ölkələrimiz arasında münasibətlərin uğurla inkişaf etdiyini vurğulayaraq münasibətlərimizin genişlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd edib. Vasil Kalinov diplomatik fəaliyyəti dövründə səfirliyin fəaliyyətinə yaradılan şəraitə görə Azərbaycan hökumətinə və prezidentə minnətdarlığını bildirib.