Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri xanım Valentina Matviyenkonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Dövlətimizin başçısı Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında münasibətlərin dinamik şəkildə inkişaf etdiyini, siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığımızın genişləndirilməsi ilə bağlı məsələlərin uğurla həll olunduğunu vurğuladı. Əlaqələrimizin inkişafında qarşılıqlı səfərlərin önəmini qeyd edən Prezident İlham Əliyev Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkonun ölkəmizə səfərinin Azərbaycan ilə Rusiya arasında əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən parlamentlərarası əməkdaşlığın daha da genişləndirilməsi işinə xidmət edəcəyinə əminliyini ifadə etdi.
Xanım Valentina Matviyenko ölkəmizə səfəri zamanı ikitərəfli əlaqələrimizin daha da inkişaf etdirilməsi ilə bağlı səmərəli müzakirələr apardıqlarını vurğuladı. O, Azərbaycan Prezidenti İlham Əliyevin MDB ölkələri arasında əməkdaşlığın möhkəmləndirilməsi işinə verdiyi töhfəyə görə ötən ilin dekabrında Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasının qərarı ilə təşkilatın “Birlik” ordeninə layiq görüldüyünü dedi və ordeni dövlətimizin başçısına təqdim etdi.
Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasının yüksək ordeni ilə təltif olunması ilə bağlı təşkilatın qərarına görə minnətdarlığını bildirən Prezident İlham Əliyev bunu MDB məkanında əməkdaşlığın genişləndirilməsində Azərbaycanın fəaliyyətinə verilən qiymət kimi dəyərləndirdi.
Sabah Azərbaycanda 2012-2013-cü tədris ili üçün ali məktəblərə ərizə qəbulu başlayır.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, ali məktəblərə sənəd qəbulu aprelin 10-dan mayın 16-dək aparılacaq. Aprelin 16-dan ərizələrin təsdiqlənməsinə başlanacaq. Bu proses mayın 18-də bitəcək. Rus bölməsi abituriyentləri üçün Azərbaycan dili fənnindən ilk imtahan mayın 13-də, ikinci imtahan isə iyunun 24-də keçiriləcək.
Ali məktəblərə III ixtisas qrupu üzrə qəbul imtahanları iyulun 1-də, I ixtisas qrupu üzrə iyulun 8-də, IV ixtisas qrupu üzrə iyulun 14-də, II ixtisas qrupu üzrə imtahan isə iyulun 20-də keçiriləcək.
Ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu internet vasitəsilə aparılacaq. Abituriyentlər TQDK tərəfindən təyin olunan vaxtda internet vasitəsilə TQDK-nın rəsmi saytında “Abituriyentin elektron ərizəsi”ni dolduraraq, müvafiq sənədləri Komissiya tərəfindən yaradılan Sənəd Qəbulu Komissiyalarına (SQK) şəxsən təqdim etməklə ərizələrini rəsmiləşdirəcəklər. Qəbul imtahanları keçirildikdən sonra müsabiqə şərtlərini yerinə yetirən abituriyentlər “Elektron ərizə”lərində qəbul olunmaq istədikləri ixtisas kodunu qeyd edəcəklər.
Bu il test blokuna iki fənn üzrə açıq tipli test tapşırıqları daxil ediləcək. Belə ki, bütün qruplarda iki imtahan fənninin hər biri üzrə təqdim edilən 25 test tapşırığından 5-i açıq tipli olacaq. I ixtisas qrupunda riyaziyyat və fizika, II ixtisas qrupunda riyaziyyat və coğrafiya, III ixtisas qrupunda riyaziyyat və tarix, IV ixtisas qrupunda isə riyaziyyat və kimya fənlərində açıq tipli test tapşırıqlarından istifadə ediləcək.
Bu il ali təhsil müəssisələrinin III ixtisas qrupunda olan ixtisaslar DT və XH alt qruplarına bölünməyəcək və bu qrupda imtahan balları vahid qaydada hesablanacaq. Həmin qrup üzrə Ana dili və tarix fənləri əsas fənlər hesab olunacaq və fənlərin çəki əmsalları Ana dilində 2, tarixdə 2, riyaziyyat, ədəbiyyat və xarici dil fənlərinin hər birində 1 bal nəzərə alınacaq.
Gəncə şəhərində keçirilən xüsusi əməliyyat zamanı göstərdikləri şücaət və igidliyə görə Milli Təhlükəsizlik Nazirliyinin (MTN) bir qrup əməkdaşı Azərbaycan prezidentinin 2012-ci il 9 aprel tarixli sərəncamı ilə orden və medallarla təltif olunub.
Sərəncama əsasən, polkovnik-leytenant Elşad Quliyev ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Qartal” xüsusi təyinatlı dəstəsinin digər əməkdaşları isə “Vətən uğrunda” , “İgidliyə görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif ediliblər.
Qeyd edək ki, Gəncə şəhərində ictimai-siyasi sabitliyi pozmaq, əhali arasında vahimə yaratmaq məqsədilə təxribat-pozuculuq və terror aktları planlaşdıran silahlı qrup MTN-in “Qartal” xüsusi təyinatlı dəstəsi tərəfindən yüksək peşəkarlıqla həyata keçirilmiş əməliyyat nəticəsində zərərsizləşdirilib.
Azərbaycan prezidenti İlham Əliyev Şuşa şəhərinin Ermənistanın Silahlı Qüvvələri tərəfindən işğalının 20-ci ildönümü haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycanda və ölkənin hüdudlarından kənarda Şuşa şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalının 20-ci ildönümü ilə əlaqədar müvafiq anma mərasimlər keçirilməsi nəzərdə tutulub.
Sərəncamda, həmçinin Azərbaycan Prezident Administrasiyasına Şuşa şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalının 20-ci ildönümü ilə bağlı tədbirlər planı hazırlayaraq həyata keçirilməsi tapşırılıb.
Valentina Matviyenko: “Bir neçə məsələ qalıb ki, onlar üzərində işləmək və birgə razılıq əsasında qərar qəbul etmək lazımdır”
“Qəbələ RLS-lə bağlı fikir ayrılıqlarının əksəriyyəti aradan qaldırılıb”. Bunu Azərbaycan Milli Məclisin sədri Oqtay Əsədovla keçirdiyi görüşün yekunlarına dair brifinqdə Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko deyib. O bildirib ki, hazırda normal danışıqlar prosesi gedir: “Bir neçə məsələ qalıb ki, onlar üzərində işləmək və birgə razılıq əsasında qərar qəbul etmək lazımdır. Mən əminəm ki, Qəbələ RLS-lə bağlı razılıq əldə olunacaq. İki ölkə xarici işlər və müdafiə nazirlikləri arasında bir neçə raund danışıqlar keçirilib. Mən əminəm ki, Qəbələ RLS-lə bağlı razılıq əldə olunacaq. Rusiya da, Azərbaycan da bunda maraqlıdır”.
Sabah Bakının bəzi yerlərində dumanlı hava şəraiti davam edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyininin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan bazar günü Trend-ə bildiriblər ki, aprelin 9-da Bakı və Abşeron yarımadasında dəyişkən buludlu, əsasən yağmursuz hava şəraiti gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman olacaq, mülayim cənub küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 6-9 dərəcə isti, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.
Yaxın iki gündə Bakı və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, temperaturların yüksələcəyi gözlənilir. Cənub küləyi əsəcək.
Azərbaycanın rayonlarında aprelin 9-da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman, şərq rayonlarında çiskinli olacağı ehtimalı var. Cənub küləyi əsəcək, gündüz əsasən dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturu gecə 7-12 dərəcə isti, gündüz 22-27 dərəcə isti, dağlarda gecə 4-9 dərəcə isti, gündüz 16-21 dərəcə isti olacağı gözlənilir.
Yanğının söndürülməsinə FHN-nin helikopteri cəlb olunub
Bu gün Qusarın Zuxul və Yuxarı Tahircal kəndləri istiqamətində dağlıq ərazidə kol-kos yanması müşahidə olunur. FHN-nin rəsmi saytına istinadən yaydığı məlumata görə, yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvə və vasitələri və aviasiya dəstəsinin 1 ədəd helikopteri cəlb olunub. Hal-hazırda yanğının söndürülməsi və meşə zolağına keçməsinin qarşısının alınması üçün zəruri tədbirlər görülür.
Sumqayıtda zavodda partlayış olub.
Fövqəladə Hallar Nazirliyinin verdiyi xəbərə görə, hadisə Sumqayıt şəhərində Etilen Polietilen zavodunun E-12 şöbəsinin propilen qaz anbarında qeydə alınıb.
Anbara qaz dolduran zaman vətəndaşa məxsus, həcmi 20 kub olan "KamAZ" markalı yük avtomobilində ani partlayış baş verib. Nəticədə avtomobilin çəni dağılıb, yaxınlıqda dayanmış digər "KamAZ" markalı qaz daşıyan avtomobillin ventili zədələnib və ətrafa qaz sızması baş verib. Yanğın hadisəsi və dağıntı olmayıb.
Qəza vəziyyəti aradan qaldırılana qədər yanğın avtomobilləri yanğın-təhlükəsizlik tədbirləri məqsədi ilə hadisə yerində növbə çəkib.
Partlayışın baş vermə səbəbi müvafiq qurumlar tərəfindən araşdırılır.
Gürcüstan paytaxtının mərkəzi sayılan Rustaveli küçəsində güclü yanğın baş verib.
Yanğın nəticəsində 25 ailə zərər çəkib. Yanğın 1500 kvadratmetr sahəni əhatə edib. Hadisə nəticəsində 50 yaşlarında 2 nəfər həlak olub. 11 yaşlı qız isə şok vəziyyətində Tiflisdəki İaşvili adına xəstəxanaya yerləşdirilib. Yanğın nəticəsində daha 5 nəfər xəsarət alıb. Onlara hadisə yerində ilkin tibbi yardım göstərilib. Hadisə yerində zərər çəkən yaşayış binalarından əlavə Rustaveli, 23 ünvanında yerləşən “Lampari” adlı tədris mərkəzinə də ziyan dəyib. Bu küçədə yerləşən Teatr Universitetinin arxivinin dam örtüyü də yanğından zərər çəkib. Hadisə ilə bağlı araşdırma aparılır.
Ölkə ərazisində dumanlı hava şəraitinin müşahidə olunmasının əsas səbəbi cənub-şərq küləyinin əsməsi və rütubətli hava kütlələrinin Xəzər dənizindən əraziyə daxil olmasıdır. Bunu şənbə günü Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyininin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan deyiblər.
Bürodan bildirilib ki, hazırda dumanlı hava şəraiti daha çox Bakı və Abşeron yarımadasında müşahidə edilir. Ümumilikdə isə ölkədə dumanlı hava şəraitinin aprelin 10-dək davam edəcəyi gözlənilir. Bakı və Abşeron yarımadasında aprelin 8-də də hava dumanlı olacaq. Aprelin 9-10-da isə səhər və axşam saatlarda bəzi yerlərdə havanın dumanlı olacağı proqnozlaşdırılır. Həmin günlərdə hava əsasən, yağmursuz olacaq, mülayim cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın tenperaturu gündüz 23-28 dərəcə isti olacaq.
Qeyd edək ki, aprelin 6-da da Bakı və Abşeron yarımadasında dumanlı hava şəraiti müşahidə edilib.
Azərbaycan rayonlarında aprelin 9-10-da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək, gündüz dağlıq ərazilərdə güclənəcək. Aprelin 10-da axşam cənub küləyi qərb küləyinə keçəcək.
Aprelin 9-10-da Aran rayonlarında havanın temperaturu gecə 6-11, gündüz 25-30, dağlarda gecə 4-9, gündüz 17-22 dərəcə isti olacaq.
Hadisə Siyəzəndə yerləşən kərpic sexinin anbarında baş verib. Müəssisədə fəhlə işləyən 22 yaşlı rayon sakini Sahib Qafarov bədbəxt hadisə nəticəsində ağır bədən xəsarəti alaraq Siyəzən regional müalicə-diaqnostika mərkəzinə çatdırılıb. O, sexdə içərisində kərpic olan dəmir konstruksiyalı daşıyıcı qurğunu hərəkət etdirən zaman hasarla qurğu arasında qalıb. Aparat onun başını divara sıxıb. Tibb müəssisəsində yaralıya qapalı kəllə-beyin travması və baş beynin əzilməsi diaqnozu qoyulub.
Təcili tibbi yardımdan sonra Sahib Qafarov Sumqayıt şəhərində yerləşən xəstəxanaların birinə göndərilib. Kərpic sexinin məsul işçisi Sahib Qasımov hadisənin Qafarovun səhvi ucbatından baş verdiyini bildirib. Onun sözlərinə görə, Sahib təhlükəsizlik qaydalarına riayət etməyib. Bundan əlavə, o, qurğunu hərəkət etdirən zaman müəyyən olunan mövqedə durmayub. Elə hadisə də bu səbəbdən baş verib.
Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcəkdir. Səhər və axşam bəzi yerlərdə duman olacaqdır.
Temperatur gecə 6-9° isti, gündüz 17-22° isti olacaqdır.
Bakıda gecə 7-9° isti, gündüz 19-21° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 760 millimetr civə sütunundan 756 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 85-95 faiz, gündüz 65-70 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperaturun gecə 5-10° isti, gündüz 23-28° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 3-8° isti, gündüz 16-21° isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 6-11° isti, gündüz 21-26° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaqdır.
Temperatur gecə 5-10° isti, gündüz 18-23° isti, dağlarda gecə 0-5° isti, gündüz 13-18° isti təşkil edəcəkdir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam duman olacaqdır.
Temperaturun gecə 5-10° isti, gündüz 22-27° isti olacağı gözlənilir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Temperaturun gecə 5-10° isti, gündüz 18-23° isti, dağlarda gecə 5-10° isti, gündüz 15-20° isti olacağı gözlənilir.
Azərbaycanın Balakən rayonunda yanğın hadisəsi qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Balakən Yanğından Mühafizə Hissəsindən verilən məlumata görə, yanğın rayonun Qazbinə kəndinin inzibati ərazisində quru ot və kol-kos sahəsində qeydə alınıb.
Hadisə yerinə Balakən rayon YMH-nin texnikası və canlı qüvvəsi cəlb edilib. Baş vermiş yanğın nəticəsində ümumilikdə 1,5 hektar sahə yanıb. Yanğından ərazidəki ağaclar mühafizə olunub.
Faktla bağlı Balakən rayon YMH-də araşdırma aparılır.
Azərbaycanın Qəbələ rayonu ərazisində qar uçqununa düşmüş şəxslərin cəsədləri tapılıb.
Fövqəladə Hallar Nazirliyinin saytının xəbərinə görə, nazirliyin “112” qaynar telefon xəttinə 04 aprel 2012-ci il tarixində, günün ikinci yarısında daxil olan məlumata əsasən, Qəbələ rayonu Vəndam kəndinin 3 sakini - 1990-cı il təvəllüdlü Bayramov Nadir Tahir oğlu, 1991-ci il təvəllüdlü Baxşəliyev Zakir Qəzənfər oğlu və 1992-ci il təvəllüdlü Kərimov Elçin Müharif oğlu 30 mart 2012-ci il tarixində ov etmək məqsədilə dağa gediblər və geri qayıtmayıblar. Yaxınları onların qar uçqununa düşdüyünü bildiriblər.
Dərhal Fövqəladə Hallar Nazirliyinin aviasiaya dəstəsinin 1 helikopteri, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri, həmçinin xüsusi təlim keçmiş itləri hadisə rayonuna cəlb olunublar. Aparılmış əməliyyat xilasetmə işləri nəticəsində 07 aprel 2012-ci il tarixində itkin düşmüş şəxslərin cəsədləri səhər saat 09:30 radələrində Qoçqaya adlanan ərazidə, 3 metr dərinlikdə qar uçqununun altından tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən "Mən gənc səfirəm" ASAIF forumu cümə günü Macarıstan parlamentində öz işini davam edir. Görüşdə 25 ölkədən 250-dən artıq gənc iştirak edir.
Azərbaycan Gənclər və İdman Nazirliyindən verilən məlumata görə, nazirlər, dövlət rəsmiləri, Azərbaycanın müxtəlif ölkələrdəki fövqəladə və səlahiyyətli səfirlərinin də qatıldığı görüşdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov, ilk növbədə, böyük tarixi olan Macarıstan parlamentində forumun keçirilməsi üçün şərait yaratdıqlarına görə Macarıstan parlamentinin rəhbərliyinə, dövlət rəsmilərinə, eləcə də Azərbaycanın Macarıstandakı səfirliynə öz təşəkkürünü bildirib.
"Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı"nın önəmindən söz açan nazir, xaricdə oxuyan və məzun olmuş gənclərin hərtərəfli inkişafı, onların sözün əsl mənasında ölkə üçün insan kapitalına çevrilməsi və bütün bu proseslərdə yüksəksəviyyəli təhsilin, geniş ictimai təcrübənin, ünsiyyət, peşəkar və insani əlaqələrin əhəmiyyətindən danışıb.
Ümumilikdə, ASAIF-in əsas fəaliyyətinin Azərbaycanın mövqelərinin möhkəmləndirilməsi, Azərbaycanla bağlı təbliğatın aparılması və bu istiqamətdə yeni formaların, kreativ ideyaların yaradılması olduğunu qeyd edən Azad Rəhimov, gənclərin yaşadıqları ölkələrin ictiami həyatında önəmini də xüsusi vurğulayıb.
"Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı"nın hazırlanması zamanı sənədin geniş ictimai müzakirələrə çıxarılmasını, layihəyə gənclər tərəfindən 2 mindən artıq təklifin irəli sürülməsini, Azərbaycanın bütün zümrələrindən olan vətəndaşlar, eləcə də beynəlxalq təşkilatlar üçün müzakirələrin açıq olduğunu qeyd etmək istəyirəm. Xüsusi yaradılmış elektron ünvana sizdən - xaricdə təhsil alan gənclərimizdən gələn təkliflər isə mütləq vurğulanmalıdır. Çünki bunu sizin vətəndaş yetkinliyiniz kimi qiymətləndiririk", - Rəhimov deyib.
Dövlət proqramı haqqında bir qədər məlumat verən nazir orada gəncləri birbaşa maraqlandıran "Azərbaycanın gənc dostları" mübadilə proqramının həyata keçirilməsi, gənc alimlərin tədqiqatlarının dəstəklənməsi, xaricdə təhsil alıb Vətənə qayıdan gənclərin işlə təmin edilməsi üçün şəraitin yaradılması barədə məlumatlar verib.
"Tələbələrimizin elmi konfranslarda, seminarlar və müsabiqələrdə iştirakı bizim tərəfimizdən bundan sonra da dəstəklənəcək. Tələbələrin və məzunların bu sahədə əldə etdiyi hazırkı və gələcək müvəffəqiyyətlərinin lazımınca ictimaiyyətə təqdim olunmasında, yaşadıqları ölkənin kütləvi informasiya vasitələrində işıqlandırılmasında dəstək göstərmək üçün ASAIF bu sahədə öz potensialının artırılması haqqında düşünməlidir. Azərbaycan gəncləri üçün ASAIF-in hər il keçirdiyi forumlar əlamətdar bir hadisədir. Təşkilat yaşayır və fəaliyyət dairəsini genişləndirir. Humanitar sahədə - tarix, sosiologiya, politologiya, beynəlxalq münasibətlər, jurnalistika və s. sahələrdə təhsil alan tələbələr öz tədqiqat işlərini Azərbaycanla bağlı aparmalı, eləcə də digər tədqiqatçıları buna cəlb etməlidirlər", - nazir bildirib.
Rəhimov çıxışını bu fikirlə bitirib ki, inkişaf və təhsil heç bir insana sadəcə olaraq ötürülə və ya bağışlana bilməz. "Hər kəs ki, onlara sahib olmaq istəyir, bunu öz fəaliyyəti, öz qüvvəsi və səyi nəticəsində etməlidir. İnanıram ki, Azərbaycan gənci buna qadirdir", - o deyib.
Aprelin 6-da gecə saatlarında Bakıda baş verən yol qəzalarında iki nəfər ölüb, iki nəfər isə yaralanıb.
Respublika Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, Nərimanov rayonu ərazisində “Toyota” və “Opel” markalı avtomobillər toqquşub. Nəticədə bir nəfər ölüb, bir nəfər isə yaralanıb.
Daha bir ölümlə nəticələnən yol qəzası isə Nəsimi rayonunda qeydə alınıb. “Mercedes” və “VAZ-2107” markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər ölüb, bir nəfər xəsarət alıb. Hər bir faktla bağlı araşdırma aparılır.
Aprelin 7-nə Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat.
Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Səhər və axşam yarımadanın bəzi yerlərində duman olacaq.
Temperatur gecə 5-8° isti, gündüz 17-22° isti olacaq. Bakıda gecə 6-8° isti, gündüz 19-21° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 763 millimetr civə sütunundan 759 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 80-90 faiz, gündüz 60-70 faiz olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman olacaq.
Temperatur gecə 5-10° isti, gündüz 20-25° isti, dağlarda gecə 2-7° isti, gündüz 14-19° isti olacaq.
Naxçıvan Muxtar Respublikasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperaturun gecə 5-10° isti, gündüz 21-26° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq.
Temperaturun gecə 2-7° isti, gündüz 14-19° isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək.
Temperaturun gecə 5-10° isti, gündüz 19-24° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər və axşam bəzi yerlərdə duman olacaq.
Temperatur gecə 5-10° isti, gündüz 18-23° isti, dağlarda gecə 0-5° isti, gündüz 13-18° isti təşkil edəcək.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman olacaq.
Temperaturun gecə 5-10° isti, gündüz 20-25° isti olacağı gözlənilir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər və axşam bəzi yerlərdə duman olacaq.
Temperaturun gecə 5-10° isti, gündüz 18-23° isti, dağlarda gecə 5-10° isti, gündüz 15-20° isti olacağı gözlənilir.
Azərbaycanda heç kim sərbəst düşüncəsinə, yaydığı məlumata, yazdığı yazıya görə təqib edilmir və edilməyəcək. Bunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov aprelin 4-də jurnalistlər qarşısında çıxış edərkən bildirib.
“Azərbaycanda fikir, söz və məlumat azadlığı tam təmin olunub. Hər kəs öz fikrini ifadə etməkdə, onu mətbuata çıxartmaqda, cəmiyyətə çatdırtmaqda azaddır”, - Həsənov deyib. PA rəsmisi bildirib ki, demokratik ölkə olan Azərbaycanın mətbuatında bu və ya digər məsələlərlə bağlı fərqli fikirlər, mövqelər mövcuddur. “Çoxsaylı mətbuat orqanları hər gün heç bir maneə ilə rastlaşmadan dövlət orqanlarının fəaliyyətini araşdırır, təhlil edir, yüksək vəzifəli şəxslər, məmurlar barədə tənqidi yazılar verir. Bəzi hallarda mətbuatda etik tələblərin pozulması, təhqirlər də yer alır. Belə ölkədə "söz, mətbuat azadlığı yoxdur" fikri fiksiyadır. Biz demokratik azadlıqların olmadığı ölkələrdəki vəziyyəti bilirik, oradakı mətbuatın durumundan məlumatlıyıq.
Azərbaycanda söz və mətbuat azadlığının guya boğulduğunu, azad fikrin olmadığını iddia edən bəzi xarici təşkilatlar, beynəlxalq və yerli dairələr cəmiyyətimizdə insanların sərbəst şəkildə öz fikirlərini ifadə etmək və ya mətbuata vermək imkanlarının məhdudlaşdırılmasına dair fakt göstərə bilərlərmi? Yaxud konkret fakt əsasında deyə bilərlərmi ki, insanların azad şəkildə informasiya almaq, mətbuatı oxumaq, televiziyaya baxmaq, radiolara qulaq asmaq, internetdən istifadə etmək imkanı yoxdur? Belə faktlar olmadığına görə, onların hesabatları, bəyanatları, yaydıqları məlumatlar də subyektiv, qeyri-obyektiv mülahizələrdən ibarətdir. Əgər söz və məlumat azadlığının başqa, daha demokratik nümunəsi varsa, böyük məmnuniyyətlə onunla tanış olmağa hazırıq”, - Əli Həsənov çıxışında deyib. PA rəsmisinin sözlərinə görə, dünyada mütləq, sərhədsiz azadlıq mövcud deyil. “Bütün ölkələrdə, hətta beynəlxalq qanunlarda da söz və məlumat azadlığına bu və ya digər şəkildə məhdudiyyətlər tətbiq olunub. "Kim nəyi necə istəyir, elə də yazır" praktikası heç bir ölkədə mövcud deyil. Dünyada hüququn, azadlığın sərhədi, balansı var. Bir insanın hüququ başqa bir insanın hüququ başlayan yerdə bitir. Necə ola bilər ki, bir insanın hüququ hədsiz-hüdudsuz olsun, başqa bir insanın hüququnun reallaşmasına isə meydan verilməsin? Demokratik cəmiyyətlərdə bu, mümkün deyil”, - Əli Həsənov bildirib. Onun fikrincə, demokratiya azad insanların məsuliyyətli fəaliyyətinin meydanıdır. “Demokratiya dərk olunmuş nizam-intizamdır. Biz demokratiya deyəndə həm insanların öz potensialını sərbəst şəkildə ifadə etmək hüququnun reallaşmasını, həm də bunun nəticələrinin onlar tərəfindən dərk olunmasını nəzərdə tuturuq. Söhbət məsuliyyətli demokratiyadan gedir. Buna görə də, bəzilərinin cəmiyyətimizdə mövcud olan plüralizmdən istifadə edib dövlətimizi, millətimizi, cəmiyyətimizi nüfuzdan salmağa çalışmasını qəbul edə bilmərik”, - Həsənov deyib. PA rəsmisi cəmiyyəti Azərbaycana qara yaxanlara qarşı mübariz olmağa çağırıb. “Biz - fəal vətəndaşlar, ziyalılar, gənclər bəlli maraqlar çərçivəsində Azərbaycan cəmiyyətinə qara yaxanlara qarşı biganəlik göstərməməli, öz fəallığımızla bunun cavabını verməyi bacarmalıyıq”, - Həsənov qeyd edib.
Aprelin 5-də Azərbaycan Prezidentinin xanımı Mehriban Əliyevanın Çexiya Prezidentinin xanımı Livia Klausova ilə birgə görüşü olmuşdur.
Sonra Azərbaycanın birinci xanımı Çexiya dövlətinin başçısının xanımının müşayiəti ilə Praqa qəsrini gəzdi. Mehriban xanım Əliyevaya məlumat verildi ki, Praqa qəsri Çexiya paytaxtının ən görməli yerlərindən biridir. Qəsrin 1100-dən çox yaşı vardır. Hər il minlərlə turist muzeyləri, müqəddəs məkanları və qəsrləri görmək üçün buraya axın edir. Dünyanın ən gözəl mədəniyyət abidələrindən sayılan Praqa qəsri tarix boyu Çexiya hökmdarlarının iqamətgahı olmuşdur. Ümumilikdə Praqanın tarixi bu qəsr ilə sıx bağlıdır. Şəhər əsas ticarət yolları üzərində yerləşdiyi üçün müdafiə qurğusunun tikilməsi zəruri idi. Müdafiə qabiliyyətinə görə ətrafdakı heç bir istehkam Praqa qəsri ilə müqayisə edilə bilməz. Yüksək bir təpədə qərar tutan qəsr arxitekturasına görə çox zəngindir.
Bildirildi ki, Praqa qəsri Çexiyanın ilk hökmdarlarından sayılan şahzadə Borivoyın Fərmanı ilə 870-ci illərdə inşa olunmuşdur. 1920-ci ildə qəsrdə aparılan bərpa işləri zamanı geniş arxeoloji sahə aşkar edilmişdir. İlkin olaraq qəsrdə saray, üç kilsə və monastır fəaliyyət göstərmişdir. Qəsrdə xeyli sayda otaqlar vardır. Tarixin müxtəlif dövrlərində yadellilərin hücumlarına məruz qalmasına baxmayaraq, qəsr bu günədək qorunub saxlanılmışdır. Qəsr hazırda Praqanın canlı əfsanəsinə və rəmzinə çevrilmişdir. XIII əsrdə qəsrdə bərpa işləri görülsə də, XV əsrdə baş verən güclü yanğın ona ciddi zərər vurmuşdur. Qəsr bir əsr sonra imperator II Rudolfun əmri ilə yenidən dirçəliş dövrünə qədəm qoymuşdur. XVIII əsrin ortalarında isə imperatriça Mariya Terezanın göstərişi ilə Praqa qəsri barokko üslubunda yenidən bərpa edilmişdir.
1918-ci ildən etibarən Çexiya Prezidentinin rəsmi rezidensiyası kimi fəaliyyətini davam etdirən Praqa qəsrində Müqəddəs Vita məbədi də yerləşir. Çexiyanın milli-tarixi və mənəvi məkanlarından sayılan bu ərazidə Çexiya krallarının və arxiyepiskoplarının məzarları yerləşir. Orta əsrlər Çexiyasında kralların tacqoyma mərasimləri məhz Müqəddəs Vita məbədində həyata keçirilmişdir.
Sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyeva qəsrdəki kilsədə ibadət mərasimini izlədi. Qeyd olundu ki, bu qəsrin tarixi Praqanın və Çexiyada xristianlığın tarixi ilə sıx bağlıdır. Məhz bu səbəbdən hər gün buraya çoxlu sayda insan ibadətə gəlir. Onların arasında yerli əhalidən başqa xarici ölkələrdən gələn turistlər və zəvvarlar da vardır.
Azərbaycanın birinci xanımı qəsrlə tanışlıq zamanı arfa musiqisini də dinlədi. Mehriban xanım Əliyeva Praqa qəsri ilə tanışlıqdan xoş təəssüratlarla ayrıldı.
Bakı və Abşeron yarımadasında aprelin 7-də hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq.
Səhər və axşam bəzi yerlərdə duman qeydə alınacaq. Gündüz arabir güclənən cənub küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, havanın temperaturu gecə 5-8 dərəcə, gündüz 17-22 dərəcə isti təşkil edəcək.
Aprelin 8-də havanın əsasən yağmursuz keçəcəyi, səhər və axşam bəzi yerlərdə duman olacağı, cənub küləyi əsəcəyi, gündüz arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 5-9 dərəcə, gündüz 20-25 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında aprelin 7-də hava əsasən yağmursuz keçəcək. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək, gündüz bəzi dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-10 dərəcə, gündüz 20-25 dərəcə, dağlarda gecə 2-7 dərəcə, gündüz 14-19 dərəcə isti olacaq.
Aprelin 8-9-da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman olacaq, qərb rayonlarında az yağış yağacağı ehtimalı var. Cənub küləyi əsəcək, gündüz əsasən dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturu gecə 6-11 dərəcə, gündüz 25-30 dərəcə, dağlarda gecə 3-8 dərəcə, gündüz 16-21 dərəcə isti təşkil edəcək.