Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən "Mən gənc səfirəm" ASAIF forumu cümə günü Macarıstan parlamentində öz işini davam edir. Görüşdə 25 ölkədən 250-dən artıq gənc iştirak edir.
Azərbaycan Gənclər və İdman Nazirliyindən verilən məlumata görə, nazirlər, dövlət rəsmiləri, Azərbaycanın müxtəlif ölkələrdəki fövqəladə və səlahiyyətli səfirlərinin də qatıldığı görüşdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov, ilk növbədə, böyük tarixi olan Macarıstan parlamentində forumun keçirilməsi üçün şərait yaratdıqlarına görə Macarıstan parlamentinin rəhbərliyinə, dövlət rəsmilərinə, eləcə də Azərbaycanın Macarıstandakı səfirliynə öz təşəkkürünü bildirib.
"Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı"nın önəmindən söz açan nazir, xaricdə oxuyan və məzun olmuş gənclərin hərtərəfli inkişafı, onların sözün əsl mənasında ölkə üçün insan kapitalına çevrilməsi və bütün bu proseslərdə yüksəksəviyyəli təhsilin, geniş ictimai təcrübənin, ünsiyyət, peşəkar və insani əlaqələrin əhəmiyyətindən danışıb.
Ümumilikdə, ASAIF-in əsas fəaliyyətinin Azərbaycanın mövqelərinin möhkəmləndirilməsi, Azərbaycanla bağlı təbliğatın aparılması və bu istiqamətdə yeni formaların, kreativ ideyaların yaradılması olduğunu qeyd edən Azad Rəhimov, gənclərin yaşadıqları ölkələrin ictiami həyatında önəmini də xüsusi vurğulayıb.
"Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı"nın hazırlanması zamanı sənədin geniş ictimai müzakirələrə çıxarılmasını, layihəyə gənclər tərəfindən 2 mindən artıq təklifin irəli sürülməsini, Azərbaycanın bütün zümrələrindən olan vətəndaşlar, eləcə də beynəlxalq təşkilatlar üçün müzakirələrin açıq olduğunu qeyd etmək istəyirəm. Xüsusi yaradılmış elektron ünvana sizdən - xaricdə təhsil alan gənclərimizdən gələn təkliflər isə mütləq vurğulanmalıdır. Çünki bunu sizin vətəndaş yetkinliyiniz kimi qiymətləndiririk", - Rəhimov deyib.
Dövlət proqramı haqqında bir qədər məlumat verən nazir orada gəncləri birbaşa maraqlandıran "Azərbaycanın gənc dostları" mübadilə proqramının həyata keçirilməsi, gənc alimlərin tədqiqatlarının dəstəklənməsi, xaricdə təhsil alıb Vətənə qayıdan gənclərin işlə təmin edilməsi üçün şəraitin yaradılması barədə məlumatlar verib.
"Tələbələrimizin elmi konfranslarda, seminarlar və müsabiqələrdə iştirakı bizim tərəfimizdən bundan sonra da dəstəklənəcək. Tələbələrin və məzunların bu sahədə əldə etdiyi hazırkı və gələcək müvəffəqiyyətlərinin lazımınca ictimaiyyətə təqdim olunmasında, yaşadıqları ölkənin kütləvi informasiya vasitələrində işıqlandırılmasında dəstək göstərmək üçün ASAIF bu sahədə öz potensialının artırılması haqqında düşünməlidir. Azərbaycan gəncləri üçün ASAIF-in hər il keçirdiyi forumlar əlamətdar bir hadisədir. Təşkilat yaşayır və fəaliyyət dairəsini genişləndirir. Humanitar sahədə - tarix, sosiologiya, politologiya, beynəlxalq münasibətlər, jurnalistika və s. sahələrdə təhsil alan tələbələr öz tədqiqat işlərini Azərbaycanla bağlı aparmalı, eləcə də digər tədqiqatçıları buna cəlb etməlidirlər", - nazir bildirib.
Rəhimov çıxışını bu fikirlə bitirib ki, inkişaf və təhsil heç bir insana sadəcə olaraq ötürülə və ya bağışlana bilməz. "Hər kəs ki, onlara sahib olmaq istəyir, bunu öz fəaliyyəti, öz qüvvəsi və səyi nəticəsində etməlidir. İnanıram ki, Azərbaycan gənci buna qadirdir", - o deyib.