Azərbaycan prezidenti İlham Əliyev Salyan rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
On min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Kürsəngi-Yolüstü avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə 2012-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitdən Salyan Rayon İcra Hakimiyyətinə 4,0 (dörd) milyon manat ayrılıb. Maliyyə Nazirliyinə sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.
Azərbaycan Səhiyyə Nazirliyi bu gün Sədərək Ticarət Mərkəzinin yaxınlığında, Xarici Dairəvi Yolda qeydə alınan qəzada xəsarət alanların ilkin sayını açıqlayıb.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, qəzada 9 nəfər xəsarət alıb. Onlardan 1 nəfəri hadisə yerində keçinib. 8 nəfər Respublika Kliniki Xəstəxanasına yerləşdirilib. Onlardan 6 nəfəri reanimasiya şöbəsinə qəbul edilib. Hazırda həmin şəxslərin həyatı təhlükədə deyil.
Kliniki Tibbi Mərkəzə isə 1 nəfər yerləşdirilib. Onun ayağının amputasiya edildiyi bildirilir.
Respublika Kliniki Xəstəxanasının qəbul şöbəsindən isə bildirilib ki, xəstəxanaya 10 nəfər gətirilib. Onların vəziyyəti orta-ağırdır. Yaralılar travmatologiya və reanimasiya şöbələrinə yerləşdiriliblər. Reanimasiyaya yerləşdirilən xəstələrin sayı 7 nəfərdir. Kliniki Tibbi Mərkəzdən verilən məlumata görə, xəstəxanaya 2 nəfər gətirilib. Onlardan 4 yaşlı Cavidan Abbaslıya yardım göstərildikdən sonra evə buraxılıb.
Klinik Tibbi Mərkəzinin tibb bacısı Məlahət Əliyeva bildirilib ki, xəstəxanaya yerləşdirilənlərdən 30 yaşlı Əlizadə Naibə, 6 yaşlı Əiizadə Azərin, 3 yaşlı Əlizadə Ümid bir ailənin üzvləridir. Digər yaralılar isə bunlardır: 16 yaşlı Rəcəbli Nərmin, 17 yaşlı Bədirli Minayə, 35 yaşlı İlqar Abdullayev, 35 yaşlı Xasıyeva Könül, 18 yaşlı Əhmədli Əsli və 20 yaşlı Əhmədova Hicran. Xəstələrin vəziyyətləri orta-ağır qiymətləndirilir.
Daha iki yaralı Şəfiqə Süleymanova və Şərif Əfəndiyev 4 saylı Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
Qaradağ rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə zamanı avtobusun sürücüsü 55 yaşlı Eldar Vahidov dünyasını dəyişib. Qəza zamanı şəxsiyyəti hələlik məlum olmayan qadın da hadisə yerində ölüb.
Bu gün Bakının Xəzər və Binəqədi rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq.
Azərbaycan Dövlət Neft Şirkətindən verilən məlumata görə, təmir işləri ilə əlaqədar olaraq bu gün saat 10:00-dan 18:00-dək «Digah» və «Binə» Qazpaylayıcı Stansiyalarından təbii qaz təchizatı dayandırılacaq.
Təmir işləri müddətində Xəzər rayonunun Binə qəsəbəsinə və Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsinə təbii qazın verilişində fasilələr yaranacaq.
Milli Məclis Seçki Məcəlləsinə dəyişikliklər edilib.
Dəyişikliyə əsasən qeydə alınmış namizədlərin adlarının, eləcə də Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınmış referendum üzrə təşviqat qrupları barədə məlumatların açıqlanması üçün nəzərdə tutulan müddət 48 saatdan 24 saata endirilib.
Digər dəyişikliklə seçki komissiyasına seçkilərin gedişi zamanı daxil olan hər bir şikayət üzrə qərar 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa, 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq) dərhal qəbul edilir və şikayətçiyə çatdırılır.
Məcəllənin 112.11-ci maddəsinə edilmiş dəyişikliyə əsasən seçki komissiyalarının qərarlarından şikayətlərə məhkəmələr (bu Məcəllə ilə daha qısa müddət müəyyən edilməyibsə) 3 gün müddətində, səsverməyə 30 gündən az müddət qalırsa 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq) baxmalıdır. Məhkəmə qərarından yuxarı instansiya məhkəməsinə şikayət 3 gün müddətində verilə bilər.
112-1.10-cu maddəyə edilmiş dəyişikliklə şikayəti araşdıran ekspert Seçki Məcəlləsinin 112.10-cu maddəsində nəzərdə tutulmuş müddətdə rəy qəbul etməlidir. Əgər əlavə araşdırma tələb olunarsa, müvafiq seçki komissiyası bu barədə qərar qəbul edə bilər. Belə qərar şikayət daxil olduğu gündən 3 gün müddətində, səsverməyə 30 gündən az müddət qalarsa 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü isə dərhal qəbul edilməlidir. Əlavə araşdırma müddəti 3 gündən artıq olmamalıdır. 112-1.13-cü maddəyə təklif olunan dəyişikliklə ekspert rəyinin açıqlanma müddəti 6 saat azaldılıb. Belə ki, dəyişikliyə əsasən ekspert rəyi verildikdən dərhal sonra elan olunur və ya növbəti 18 saatdan gec olmayaraq dərc edilir (internet səhifəsində yerləşdirilir) və şikayətçiyə çatdırılır, yaxud göndərilir.
Seçki Məcəlləsinin 140-cı maddəsinə edilmiş dəyişikliyə görə, referendum yolu ilə qəbul olunmuş qərar və referendumun yekunları haqqında rəsmi elan referendum yolu ilə qəbul edilmiş aktın mətni ilə birlikdə səsvermə günündən ən geci 30 gün keçənədək Mərkəzi Seçki Komissiyası tərəfindən dərc edilir. Bundan əvvəl isə bu prosedur üçün 20 gün nəzərdə tutlmuşdu.
Bələdiyyə seçkilərinin yekunlarının elan edilməsini nəzərdə tutan 241-ci maddəyə edilmiş dəyişikliklə bələdiyyə seçkilərinin yekunlarının elan edilməsi üçün nəzərdə tutulan maksimum müddət 30 gündən 25 günə endirilib.
Həmçinin, parlament İnzibati Prosessual və Mülki Prosessual məcəllələrə əlavə və dəyişikliklər edib. Dəyişikliyə əsasən, seçki prosesində qeydə alınan pozuntulara baxılması inzibati məhkəmələrin səlahiyyətinə verilib.
Əlavələrə əsasən, seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi ilə bağlı iddia ərizələri apelyasiya instansiyası məhkəmələrinə Azərbaycan Respublikasının Seçki Məcəlləsi ilə müəyyən edilmiş qaydada veriləcək.
Seçki (referendumda iştirak) hüquqlarının müdafiəsinə dair işlər üzrə daxil olmuş iddia ərizəsinə məhkəmə tərəfindən 3 gün müddətinə, səsvermə gününə 30 gündən az müddət qalırsa, 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra daxil olmuş iddia ərizəsinə isə dərhal baxılmalı və onun mahiyyəti üzrə qərar qəbul edilməlidir.
Məhkəmə tərəfindən iddia ərizəsinə ərizəçinin, müvafiq seçki komissiyasının və ya digər maraqlı şəxslərin iştirakı ilə baxılır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş göstərilən şəxslərin məhkəməyə gəlməməsi işə baxılmasına və onun həll edilməsinə mane olmur.
İş üzrə yazılı formada tam məhkəmə qərarı onun nəticəvi hissəsinin elan olunduğu vaxtdan 24 saatdan, səsvermə gününə 30 gün qalmış və ondan sonra qəbul edilmiş qərarlar isə 18 saatdan gec olmayaraq təqdim olunmalıdır.
İş üzrə məhkəmə qərarından həmin qərarın tam formada təqdim olunduğu gündən 3 gün müddətində Ali Məhkəməyə şikayət verilə bilər. Bu şikayətə 3 gün müddətində, səsvermə gününə 30 gündən az müddət qalırsa, 2 gün müddətində (lakin səsvermə günündən gec olmayaraq), səsvermə günü və həmin gündən sonra daxil olmuş ərizələrə isə dərhal baxılmalıdır.
Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var.
Temperatur gecə 10-14° isti, gündüz 20-25° isti olacaq.
Bakıda gecə 12-14° isti, gündüz 21-23° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 754 millimetr civə sütunundan 758 millimetr civə sütununa yüksələcək, nisbi rütubət gecə 80-90 faiz olacaq.
Naxçıvan Muxtar Respublikasında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Temperaturun gecə 8-13°, gündüz 21-26° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Temperaturun gecə 3-8°, gündüz 12-17° isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Temperaturun gecə 9-14°, gündüz 20-25° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq.
Temperaturun gecə 7-12°, gündüz 17-22° isti, dağlarda gecə 7-12° isti, gündüz 17-22° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperaturun gecə 10-15°, gündüz 21-26° isti olacağı gözlənilir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq.
Temperaturun gecə 11-15° isti, gündüz 20-25° isti, dağlarda gecə 6-11° isti, gündüz 15-20° isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz: aprelin 19-u axşam Abşeron yarımadasında atmosfer təzyiqinin normadan aşağı olması və 20-də xeyli yüksəlməsi meteohəssas insanlarda diskomfort hissi yaratsa da, aprelin 21-22-də əlverişli temperatur şəraiti və meteoroloji amillərin normal sutkalıq gedişi müsbət amildir.
Azərbaycanda Təhsil Nazirliyinin səlahiyyətlərinin bir hissəsi TQDK-ya verilib.
Orta məktəblərdə mərkəzləşmiş buraxılış imtahanlarının keçirilməsi və dərsliklərin monitorinqinin aparılması TQDK-ya həvalə edilib.
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə fərman imzalayıb. Fərmanda “Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”yə ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsinin (attestasiyasının) həyata keçirilməsi və ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə istifadə edilən dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodiki monitorinqinin həyata keçirilməsi ilə bağlı bəndlər əlavə olunub.
Fərmana əsasən, TQDK bir ay müddətində aparatında ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə istifadə edilən dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodiki monitorinqini həyata keçirəcək struktur bölmə yaratmalı, üç regional bölmənin yaradılması barədə təklifini Azərbaycan Nazirlər Kabinetinə təqdim etməli və fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
Təhsil Nazirliyi isə ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) üçün istifadə etdiyi maddi-teхniki avadanlığın və elektron məlumat bazasının on beş gün müddətində TQDK-ya verilməsini təmin etməlidir.
Azərbaycan Nazirlər Kabineti ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsinin (attestasiyasının) həyata keçirilməsi və Fərmana uyğun olaraq yeni qurumların yaradılması ilə əlaqədar əlavə ştat vahidlərinin saxlanılması üçün zəruri olan maliyyə vəsaitinin TQDK-nın əsaslandırılmış təklifi əsasında bir ay müddətində Komissiyaya ayrılmasını təmin etməli, üç ay müddətində Azərbaycan prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlamalı və Prezidentə təqdim etməli, üç ay müddətində Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin etməlidir. Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin etməli və bu barədə Nazirlər Kabinetinə məlumat verməlidir.
“Azərbaycan həm qoşun hissələri göndərməklə, həm də öz ərazisindən tranzit kimi istifadə olunmasına icazə verməklə, habelə qardaş əfqan xalqına qeyri-hərbi yardım proqramları təmin etməklə İSAF əməliyyatlarına tövhə verməyə davam etməkdə qərarlıdır”.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu fikirləri NATO-nun Şimali Atlantika Şurasının ISAF-a (Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri) tövhə verən dövlətlərin xarici işlər nazirləri ilə iclasında çıxışı zamanı deyib.
O, Azərbaycanın təhlükəsizliyin, habelə nizam-intizamın təmin edilməsi üçün məsuliyyətin Əfqan hakimiyyətinə ötürülməsini dəstəklədiyini bildirib: “Əfqanıstan rəhbərliyi və inkişaf etməkdə olan Əfqan potensialı keçid prosesinin uğurla tamamlanması üçün əsas amildir. Azərbaycan Əfqan Milli Təhlükəsizlik Qüvvələrinin imkanlarının gücləndirilməsi istiqamətində beynəlxalq dəstək məsələsinə böyük əhəmiyyət verir. Azərbaycan prezidenti İlham Əliyev cari ilin fevralında NATO mənzil-qərargahına səfəri zamanı Əfqanıstan Milli Ordusu Fonduna 1 milyon avro ayrıldığını elan etdi və həmin məbləğ bu yaxınlarda Fondun hesabına köçürülüb. Və bu bir başlanğıcdır. Biz tam şəkildə inanırıq ki, geniş miqyaslı mülki təlim proqramları da digər bir prioritet sahə olmalıdır. Əfqanıstanın spesifik ehtiyaclarını nəzərə alaraq, Azərbaycan müxtəlif institutlar – Azərbaycan Diplomatik Akademiyası, Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik və Sərhəd Xidməti Akademiyası vasitəsilə Əfqanıstanda təhsil və təlim proqramları həyata keçirir”.
Elmar Məmmədyarov bildirib ki, ANAMA bu yaxınlarda Əfqanıstan məktəblərində istifadə olunması üçün yerli dillərdə mina təhlükəsi barədə nəşrlər hazırlayıb və bu ölkəyə çatdırıb: “Bu xüsusilə Əfqan dostlarımız tərəfindən yüksək qiymətləndirilib. Yekun olaraq, Azərbaycanla NATO arasında sıx siyasi dialoq və əsaslı praktik əməkdaşlığın vacibliyini vurğulamaq istəyirəm. Bunlar NATO-nun başçılıq etdiyi ISAF əməliyyatlarına və Əfqanıstanda sülh və təhlükəsizliyə başlıca tövhə verən amillər olub”.
Fövqəladə Hallar Nazirliyi (FHN) 2012-ci ilin I rübü ərzində respublika ərazisində baş vermiş hadisələrə dair statistikasını açıqlayıb.
FHN-in saytının verdiyi xəbərə görə, cari ilin ötən 3 ayı ərzində respublikada 7 partlayış hadisəsi baş verib ki, bu da 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 5 hadisə və ya 42% azdır. Partlayışlar zamanı 3 nəfər həlak olub, 5 nəfər isə xəsarət alıb.
Respublika ərazisində baş verən yanğın hadisələri zamanı isə 26 nəfər ölüb, 30 nəfər xəsarət alıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə yanğından həlak olanların sayı 4 nəfər və ya 18% çox, xəsarət alanların sayı isə 16 nəfər və ya 35% azdır. 2012-ci ilin I rübü ərzində baş vermiş yanğınların aradan qaldırılması üçün daxil olmuş müxtəlif çağırışlar üzrə operativ olaraq 1623 çıxış edilib.
2012-ci ilin I rübü ərzində Azərbaycan ərazisində 1667 təbii və texnogen mənşəli hadisə baş verib. Bu da 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 424 hadisə və ya 34% çoxdur. Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 30 nəfər həlak olub, 35 nəfər xəsarət alıb, 135 nəfər xilas edilib və 26 nəfər təxliyə olunub.
Bu gün Bakıda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Avropa üzrə 28-ci regional konfransı işə başlayıb.
Azərbaycan prezidenti İlham Əliyev konfransın açılış mərasimində iştirak edib.
Dünyanın 50-dən artıq ölkəsindən yüksək səviyyəli nümayəndələrin qatıldığı regional konfransın əsas məqsədi 2012-2013-cü illər üçün FAO-nun region üzrə iş proqramının və büdcəsinin təsdiq olunması, kənd təsərrüfatı, meşəçilik və balıqçılıq sahələrinin inkişaf etdirilməsi sahəsində 2014-2015-ci illər üzrə region üçün prioritetləri müəyyənləşdirməkdir.
Konfrans çərçivəsində nazirlərin “dəyirmi masa”sında ərzaq təhlükəsizliyinə dair məsələlər də müzakirə olunacaq.
FAO-nun baş direktoru Joze Qratsiano da Silva konfransın yüksək səviyyədə təşkilinə və açılış mərasimində iştirakına görə Azərbaycan prezidentinə minnətdarlığını bildirib.
Prezident İlham Əliyev konfransın açılışında çıxış edib. Sonra dövlət başçısı konfrans iştirakçıları ilə görüşüb.
“Türkiyədə baş verən güclü yağış və fırtınanın Azərbaycan ərazisinə elə də güclü təsiri yoxdur.
Bu prosesin qismən təsiri nəticəsində Azərbaycanın qərb rayonlarında, Naxçıvan Muxtar Respublikasında, Qazax, Gəncə bölgəsində şimşəklə müşahidə olunan qısamüddətli yağışlar gözlənilir”. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev deyib.
Onun sözlərinə görə, yaxın 3 gün ərzində Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Aprelin 20-də şimal-qərb küləyinin gündüz saatlarında arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu bu gün paytaxtda 21-26 dərəcə, ayın 20-21-də 20-25 dərəcə isti təşkil edəcək.
Azərbaycanın bölgələrində aprelin 20-də bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi arabir güclənəcək. Havanın temperaturu Aran rayonlarında gündüz 21-26 dərəcə, dağlıq rayonlarda 12-17 dərəcə isti təşkil edəcək.
Aprelin 21-də də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Havanın temperaturu Aran rayonlarında 22-27 dərəcə, dağlıq rayonlarda 13-18 dərəcə isti təşkil edəcək.
Qeyd edək ki, aprelin 18-də Türkiyə ərazisində baş verən fırtına və güclü yağış nəticəsində İstanbul və Ankara da daxil olmaqla, bir neçə vilayətdə tikililərdə dağıntı qeydə alınıb, ölən və yaralananlar olub.
Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərov Türkiyənin Trabzon şəhərində keçirilən Avropa Olimpiya təsnifat turnirini izləyib.
Federasiya prezidenti yığmamızın üzvü Məhəmməd Abdulhəmidovun (56 kq) lisenziya qazanmasından sonra fikirlərini bildirib: “Boksçularımızın çıxışını yaxşı qiymətləndirirəm. Bu yarışda milli komandamızın üzvləri yaxşı təsir bağışladılar. Artıq Olimpiya Oyunlarına 6 lisenziya qazanmışıq. Bu, son illərdə əldə olunmuş ən böyük nailiyyətlərdən biridir. Daha bir lisenziya qazanmaq şansımız qalır. Əgər Olimpiadaya 7-ci vəsiqəni də alsaq, bu, daha səmərəli, daha keyfiyyətli olardı”.
K.Heydərov lisenziya qazana bilməyən boksçulara da dəstək verib: “Lisenziya qazana bilməyən idmançılara gələcək yarışlarda uğurlar arzu edirəm. Çünki onlar həqiqətən yaxşı vuruşdular. Amma lisenziya turnirlərində böyük rəqabət olur. Gərgin mübarizə gedir. Bu dəfə həmin boksçularımızın bəxti gətirmədi. Gələcəkdə onlara da ümid bəsləyəcəyik. 81 kq çəki dərəcəsində mübarizə aparan Vətən Hüseynlidən də lisenziya gözləyirik. O da güclü idmançıdır. İnanırıq ki, komandamıza 7-ci lisenziyanı qazandıracaq”.
Federasiya başçısı boksçularımızın London Olimpiadasındakı perspektivlərinə də toxunub: “Hamımızın məqsədi odur ki, Olimpiya Oyunlarında yaxşı çıxış edək. Amma bunun üçün çox çalışmaq lazımdır. Boksçularımız öz üzərlərində daim işləməlidirlər. Həm fiziki, həm texniki, həm də həm də psixoloji hazırlığa diqqət yetirmək lazımdır. Olimpiya oyunlarına 3 ay qalıb. Bu müddətdən səmərəli istifadə etmək lazımdır. Əminəm ki, boksçularımız daha əzmlə məşq edib, Olimpiya Oyunlarında layiqincə çıxış edəcəklər”.
Qeyd edək ki, Kəmaləddin Heydərov artıq Vətənə dönüb.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva aprelin 13-də Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru adına layiq görülmüşdür. Fəxri professor xatirə nişanının və diplomunun təntənəli təqdimat mərasimindən sonra birinci xanım Mehriban Əliyevanın adından ziyafət təşkil edilmişdir.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru Viktor Sadovniçi, Rusiya Federasiyasının Dövlət Dumasının sədri Sergey Narışkin, İTAR-TASS-ın baş direktoru Vitali İqnatenko, bu agentliyin baş direktorunun birinci müavini Mixail Qusman, Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin prorektoru Pyotr Litvitski, MDB və Baltikyanı ölkələrin Dövlətlərarası Aviasiya Komitəsinin sədri Tatyana Anodina ziyafətdə çıxış edərək Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı “Birliyin ulduzları” Dövlətlərarası mükafatına və Birinci Moskva Dövlət Tibb Universitetinin Fəxri professoru adına layiq görülməsi münasibətilə təbrik etmişlər.
Natiqlər təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf strategiyasını Prezident İlham Əliyevin uğurla davam etdirməsi nəticəsində Azərbaycanın regionun lider dövlətinə çevrildiyini bildirmiş, Azərbaycan ilə Rusiya arasında əlaqələrin əhəmiyyətini vurğulamış, humanitar sahədə münasibətlərin inkişafında Heydər Əliyev Fondunun və onun rəhbəri, xoşməramlı səfir Mehriban xanım Əliyevanın xidmətlərini xüsusi qeyd etmişlər.
Mərasimdə Azərbaycanın qədim və zəngin mədəniyyət ənənələrinə malik olduğu, Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında təhsilin müasir standartlar səviyyəsində qurulduğu, burada istedadlı gənclərin elmlərin sirlərinə dərindən yiyələndikləri vurğulanmış, respublikamızda rus dilinə göstərilən diqqət və qayğı yüksək qiymətləndirilmişdir.
Sonra ziyafətdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva çıxış etmişdir. Birinci xanım demişdir:
- Mən dostlarımın əhatəsindəyəm, xeyli xatirələrlə bağlandığım ölkədəyəm. Həyatımın xeyli illəri, gəncliyim bu ölkədə keçib. Bu da mənim üzərimə böyük məsuliyyət qoyurdu.
Mən bütün bu tədbirlərin təşkil olunmasında, məni hər iki mükafatla təltif etmək qərarının qəbul olunmasında iştirak edənlərin hamısına təşəkkür etmək istəyirəm. Yaratdığınız şəraitə görə də sizə təşəkkür etmək istəyirəm. Mən belə şəraitdə özümü elə rahat, elə yaxşı, elə fərəhli hiss edirdim ki, bu duyğular indi sizin əhatənizdə də davam edir. Demək istəyirəm ki, biz bu gün Azərbaycanda həqiqətən öz ölkəmizlə fəxr edirik. Əminəm ki, buradakıların əksəriyyəti bizim ölkəmizdə olub və onlar mənim nə demək istədiyimi yaxşı başa düşürlər. Çünki 20 il tarixi baxımdan o qədər də böyük vaxt olmasa da, qısa müddət ərzində ölkəmiz böyük nailiyyətlər əldə edib.
Biz azərbaycanlılar fəxr edirik ki, bu gün Azərbaycanın adı beynəlxalq aləmdə səslənir, ölkəmizin insanları daha yaxşı yaşamağa başlayıblar, həyatımızın bütün sahələrindəki tərəqqini elə ilk baxışdan görmək olar. Buna görə də, indi mən sizin aranızda olarkən demək istəyirəm ki, hamınızı Azərbaycanda görməyimizə çox şad olardıq. Sizin hamınızı salamlamağa şad olardıq. Bizim ümumi keçmişimiz vardır, bizi çox şey birləşdirir. Hansı proseslər, hansı dəyişikliklər baş versə də, bu keçmişi silmək, unutmaq mümkün deyildir. Onu heç unutmaq lazım da deyildir.
Bu gün Azərbaycanda rus dilinə, rus ədəbiyyatına, rus poeziyasına dərin hörmətlə yanaşırlar. Ölkəmizdə müstəqillik illərində heç bir rusdilli məktəb bağlanmayıb, onların hamısı fəaliyyət göstərir. Bakıda Slavyan Universiteti, Rus Dram Teatrı, Rus Mədəniyyət Mərkəzi fəaliyyət göstərir. Təbii ki, rus ədəbiyyatı, rus dili dünyəvi sərvətdir. Buna bizim insanların münasibəti də həmişəki kimi böyük hörmət və ehtiram olacaqdır. Buna görə də mən fürsətdən istifadə edərək sizin hamınızı Bakıya, paytaxtımıza dəvət etmək istəyirəm. Təkcə paytaxtımıza yox, regionlarımıza da. Bizdə çox gözəl yerlər vardır. Bizim gözəl Xəzər dənizimiz vardır. Eyni zamanda, bizdə indi çox müasir, çox gözəl dağ xizəkçiliyi kurortu inşa olunur. Dağlarımız, meşələrimiz vardır, görməli, istirahət etməli yerlərimiz çoxdur. Mən hamınızı ölkəmizə dəvət edirəm.
Sözümün sonunda burada çıxış edənlərin hamısına mənim ünvanıma, fəaliyyətim haqqında, ilk növbədə Azərbaycanın ünvanına dedikləri hərarətli, səmimi sözlərə görə təşəkkür edirəm. Mən həqiqətən burada söylənilənlərin hamısının ölkəmin ünvanına deyildiyini hesab edirəm və bununla qürur duyuram. Çox sağ olun.
Azərbaycan prezidenti İlham Əliyev “Cənubi Qafqaz. 1903-cü il” xəritəsinin nəşri haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir: “Son vaxtlar ayrı-ayrı ölkələrdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, tarixi və coğrafi adlarının təhrif olunması, inzibati ərazi vahidlərinin sərhədlərinin dəyişdirilməsi istiqamətində təxribat xarakterli materialların, xəritə və atlasların kütləvi informasiya vasitələrində yayılması halları artıb. Belə təxribatların qarşısını almaq və ölkəmiz haqqında düzgün məlumatları dünya ictimaiyyətinə çatdırmaq məqsədi ilə qərara alıram:
1. 1903-cü ildə Rusiyada tərtib edilmiş «Karta Kavkazskoqo Voennoqo Okruqa 1903-qo qoda» xəritəsi əsasında Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən hazırlanmış “Cənubi Qafqaz. 1903-cü il” xəritəsi nəşr olunsun.
2. “Cənubi Qafqaz. 1903-cü il” xəritəsinin nəşri üçün Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 225,0 (iki yüz iyirmi beş) min manat ayrılsın.
3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 2-ci hissəsində nəzərdə tutulmuş məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.
Avropa Parlamentinin Strasburqda keçirilən sessiyası çərçivəsində Azərbaycanla Avropa Birliyi arasında assosiativ saziş üzrə danışıqların gedişinə dair qətnamə qəbul olunub.
Səsvermədə 520 deputat qətnamənin lehinə, 32 deputat əleyhinə səs verib, 24 deputat isə bitərəf qalıb. Avropa Parlamentinin bugünkü plenar iclasında Ermənistanla assosiativ saziş üzrə danışıqların gedişinə dair də qətnamə qəbul olunub.
Qeyd edək ki, hər iki ölkə üzrə müzakirələr parlamentin dünənki plenar iclasında keçirilib.
Bu gün səsvermə ərəfəsində keçirilən müzakirələrdə avropalı deputatlar Azərbaycan və Ermənistanla Avropa Birliyi arasında assosiativ saziş üzrə aparılan danışıqların regiondakı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün çox əlverişli olacağına ümidvar olduqlarını bir daha qeyd ediblər. AP üzvlərinin fikrincə, bu saziş hər iki ölkədə insan hüquqları və demokratik islahatlar sahəsindəki vəziyyəti daha da yaxşılaşdıra, bu prosesdə Avropa Birliyinin rolunu daha da artıracaq.
Azərbaycan prezidenti İlham Əliyev aprelin 18-də BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş direktoru Joze Qratsiano da Silvanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycanla BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı arasında uğurlu əməkdaşlıqdan məmnunluğunu bildirən dövlət başçısı təşkilatın Avropa üzrə 28-ci regional konfransının Bakıda keçirilməsinin bu əməkdaşlığın yaxşı göstəricisi kimi dəyərləndirib. Prezident İlham Əliyev konfransın uğurlu keçəcəyinə və nümayəndə heyətinin Azərbaycanı yaxından tanıması üçün tədbirin yaxşı fürsət yaradacağına əminliyini ifadə edib.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş direktoru Joze Qratsiano da Silva tədbirdə dünyanın 50-dən artıq region ölkəsindən 46-nın yüksək səviyyədə təmsil olunmasını konfransa olan marağın nəticəsi kimi qiymətləndirib. O bildirib ki, tədbirin əsas məqsədlərindən biri kənd təsərrüfatının inkişaf etdirilməsi üzrə prioritetlərin müəyyənləşdirilməsidir. Baş direktor konfrans çərçivəsində nazirlərin “dəyirmi masa”sında ərzaq təhlükəsizliyinə dair məsələlərin də müzakirə olunacağını qeyd edib.
Joze Qratsiano da Silva Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi münasibətilə dövlətimizin başçısını təbrik edib.
Bu gün Bakı-Quba Rusiya Federasiyası yolunun 157-ci km-də, Quba rayonun Nügədi Qazmalar kəndi ərazisində yerləşən körpü uçub. Uzunluğu 90 m olan körpünün uçması səbəbindən magistral yolda avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Qaraçayın üzərində yerləşən körpünün uçması nəticəsində “QAZel” markalı yük maşını çaya düşüb. “QAZel”in sürücüsü, Quba rayonu, İqriq kənd sakini, 1972-ci il təvəllüdlü Ülfət Hüseynov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Prezident İlham Əliyev Milli Olimpiya Komitəsinin yaradılmasının 20 illik yubileyi haqqında sərəncam imzalayıb.
Sərəncamın preambula hissəsində bildirilir ki, 2012-ci ildə Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsinin yaradılmasının 20 ili tamam olur.
Azərbaycan Respublikası dövlət müstəqilliyinin bərpasına nail olduqdan sonra öz idman potensialını tam nümayiş etdirmək imkanı qazanıb. Son üç olimpiadada idmançılarımızın 15 medala layiq görülməsi ölkəmizin idman şöhrətini əhəmiyyətli dərəcədə artırıb. Ötən dövr ərzində Milli Olimpiya Komitəsi işini yalnız Olimpiya Oyunlarında iştirakla məhdudlaşdırmayıb, respublikada Olimpiya ideallarının bərqərar olması və idmanın hərtərəfli, ahəngdar inkişafı naminə səmərəli fəaliyyət göstərib. Milli Olimpiya Komitəsi idmanın maddi-texniki bazasının genişləndirilməsi və müasirləşdirilməsi istiqamətində böyük uğurlar əldə etmişdir. 2000-ci ildən bəri ölkədə 34 olimpiya idman kompleksi və bir sıra ixtisaslaşmış idman qurğuları tikilib istifadəyə verilib, mövcud idman obyektləri yenidən qurulub. İdmançılarımızın Olimpiya Oyunlarındakı nailiyyətləri, mötəbər idman yarışlarının keçirilməsində toplanmış təcrübə və beynəlxalq əlaqələrin yüksək səviyyədə qurulması Milli Olimpiya Komitəsini qitə olimpiya qurumlarının ön sıralarına çıxarmaqla nüfuzlu təşkilata çevirib, Azərbaycanı dünyanın idman mərkəzlərindən biri olaraq tanıdıb. Respublikamızın paytaxtı Bakı şəhəri 2020-ci il Olimpiya Oyunlarının keçirilməsi üçün namizədliyini irəli sürüb və iddiaçı şəhər kimi qeydə alınıb.
Sərəncama əsasən, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin 20 illik yubileyinin ölkənin ictimai-mədəni həyatında əhəmiyyətini nəzərə alaraq və respublikamızda Olimpiya Hərəkatının daha da genişləndirilməsi məqsədi ilə bu yubiley ölkədə geniş qeyd olunacaq. Prezident Nazirlər Kabinetinə Milli Olimpiya Komitəsi ilə birlikdə yubiley tədbirləri planı hazırlayıb həyata keçirməyi və bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməyi tapşırıb.
Zərifə Əliyeva adına liseydə Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə ümumi təhsil məktəbləri və ilk peşə ixtisas təhsili müəssisələrinin şagirdləri arasında keçirilmiş inşa yazı müsabiqəsinin yekun mərhələsi keçirilib. Müsabiqənin yekun mərhələsi ilə bağlı liseydə şagirdlərlə görüşən təhsil naziri Misir Mərdanov bildirib ki, ümumi təhsil məktəblərinin VII-XI sinif və ilk peşə ixtisas təhsili müəssisələri şagirdlərinin iştirak etdiyi müsabiqə 3 mərhələdə - məktəb, rayon, şəhər və respublika mərhələlərində həyata keçirilir: “Müsabiqənin iki mərhələsi aprelin əvvəllərində yekunlaşıb. Respublika mərhələsində 114 şagird iştirak edir”. Nazir deyib ki müsabiqənin qalibləri mayın 7-də mükafatlandırılacaqlar.
İnşa yazı müsabiqəsi Heydər Əliyev Fondu, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirliklərinin təşkilatçılığı ilə keçirilir.
“Bizi antidemokratik addımlarda ittiham etmək istəyənlər getsinlər öz ölkələrində nə baş verdiyini görsünlər”
“Bizim siyasətimizə təsir edə biləcək qüvvə yoxdur və nə qədər ki, mən bu kürsüdəyəm heç vaxt olmayacaq”
“Eurovision” mahnı müsabiqəsi ilə bağlı ölkəmizə qarşı mətbuatda çirkin kampaniya əfsuslar olsun ki, davam edir. Biz bu kampaniyanın arxasında hansı qüvvələrin dayandığını yaxşı bilirik”. Bunu Nazirlər Kabinetinin bu ilin birinci rübünün yekunları ilə bağlı müşavirəsində Azərbaycan Prezidenti İlham Əliyev deyib.
Prezidentin sözlərinə görə, Azərbaycan hansı ölkənin mətbuatında bu kampaniyanın daha sürətlə getdiyini yaxşı bilir: “Elə ölkələr var ki, orada nəinki hər həftə, hər gün Azərbaycan ilə bağlı çirkin, böhtan xarakterli yazılar gedir. Təbii ki, bu, əlaqələndirilmiş şəkildə aparılan siyasətdir. Ancaq bu siyasətin heç bir nəticəsi yoxdur və olmayacaq. Çünki bizim siyasətimizə təsir edə biləcək qüvvə yoxdur və nə qədər ki, mən bu kürsüdəyəm heç vaxt olmayacaq. Biz öz yolumuzla gedəcəyik. Müstəqillik yolumuzla, azadlıq yolumuzla gedəcəyik!”
Azərbaycanda bütün azadlıqlar olduğunu vurğulayan prezident “Bizi bəzi hallarda nədəsə, yəni, antidemokratik addımlarda ittiham etmək istəyənlər getsinlər öz ölkələrində nə baş verdiyini görsünlər. Orada hər gün, hər həftə nümayişə çıxan insanlar döyülür, əzilir, onların başı partlayır, yüzlərlə nümayişçi həbs edilir. Bu, o ölkələrdir ki, onların bəzi mətbu orqanları Azərbaycana qarşı çirkin kampaniya aparırlar. Yaxşı atalar sözü var bizdə, deyir: “Öz gözündə tiri görmür, başqasının gözündə tükü seçir”. Bax, yerinə düşər bu atalar sözü” deyə, əlavə edib.
Prezident Azərbaycanda demokratiya, söz və vicdan azadlığı, sərbəst toplaşmaq azadlığı olduğunu deyib: “Bütün Azərbaycan ictimaiyyəti bunu da gördü ki, ölkəmizdə sərbəst toplaşmaq azadlığı var. Əgər bütün bu imkanlardan istifadə etmək istəyənlər normal davranış qaydalarını gözləsələr, şəhər meriyasının göstərdiyi yerdə öz tədbirlərini keçirsələr, onda sərbəst toplaşmaq hüququndan yararlana bilərlər. Mən hesab edirəm ki, şəhər meriyası çox müdrik addımlar atıb və nümayişlər, mitinqlər üçün ən məqbul, yəni, o insanlar üçün ən məqbul və onlara yaraşan yeri seçib. O yerdə istənilən tədbiri keçirmək mümkündür. Bu tədbirlər məhz o yerdə keçirilməlidir”.
Prezident ölkənin gələcək planlarından da danışıb: “Biz inamla qabağa gedirik. Bizə qarşı təxribatlar bundan sonra da olacaq. Bizə qarşı informasiya mübarizəsi bundan sonra da aparılacaq. Bu, bizi narahat etmir. Sadəcə olaraq, biz bu barədə danışmalıyıq, öz tədbirlərimizi görməliyik, Azərbaycan xalqının xoşbəxt gələcəyini təmin etməliyik”.
Azərbaycanda verilən kompensasiya ən yüksək səviyyədədir.
“Bəzi hallarda qanunsuz tikilmiş binaların köçürülməsi prosesi gedir. Bəzi hallarda bu məsələ ilə bağlı spekulyasiyalara yol verilir, xüsusilə xarici mətbuatda. Bu da Azərbaycana qarşı bir növ qaralama kampaniyasının tərkib hissəsidir”. Bunu Nazirlər Kabinetinin bu ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirəsindəki çıxışında Azərbaycan prezidenti İlham Əliyev deyib.
Prezident bildirib ki, bu məsələ ilə bağlı yalan məlumatlar verilir, böhtanlar yayılır: “ Təəssüf edirəm ki, özünü hörmətli mətbu orqan sayan telekanallar, yaxud da ki, qəzetlər bu təxribata qarışırlar. Azərbaycanda verilən kompensasiya ən yüksək səviyyədədir. Hər kvadratmetrinə görə 1500 manat vəsait ödənilir. Deyə bilərəm ki, kompensasiya alanların mütləq əksəriyyəti bu məbləğlərlə razıdırlar. Amma təxribatçı qüvvələr var ki, bundan öz məqsədlərinə çatmaq üçün istifadə etmək istəyirlər”.
Prezident deyib ki, şəhərin ümumi abadlaşma prosesi hansısa tədbirlə əlaqədar deyil: “Bizim ümumi xəttimiz, siyasətimiz, şəhərsalma proqramlarımız var”.
Ölkə başçısı Bakının yeni şəhərsalma konsepsiyasını təsdiq etdiyini xatırladaraq, yenilik, quruculuq və köçürmə proseslərinin əvvəlki dövrdən müəyyən edilmiş qaydada aparıldığını vurğulayıb: “Bunun heç bir beynəlxalq tədbirlə əlaqəsi yoxdur. Biz nə qədər mümkündür hər yerdə parklar, yaşıllıq zolaqları salırıq. Şəhərin mərkəzindən köçürülən ərazilərdə avtomobil dayanacaqları, yeraltı avtomobil dayanacaqları yaradılır. Buna böyük ehtiyac var. Onun üstündə gözəl yaşıllıq zolaqları, parklar, ictimai yerlər tikilir və biz bu siyasəti davam etdirəcəyik”.