Bu gün Bakıda BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Avropa üzrə 28-ci regional konfransı işə başlayıb.
Azərbaycan prezidenti İlham Əliyev konfransın açılış mərasimində iştirak edib.
Dünyanın 50-dən artıq ölkəsindən yüksək səviyyəli nümayəndələrin qatıldığı regional konfransın əsas məqsədi 2012-2013-cü illər üçün FAO-nun region üzrə iş proqramının və büdcəsinin təsdiq olunması, kənd təsərrüfatı, meşəçilik və balıqçılıq sahələrinin inkişaf etdirilməsi sahəsində 2014-2015-ci illər üzrə region üçün prioritetləri müəyyənləşdirməkdir.
Konfrans çərçivəsində nazirlərin “dəyirmi masa”sında ərzaq təhlükəsizliyinə dair məsələlər də müzakirə olunacaq.
FAO-nun baş direktoru Joze Qratsiano da Silva konfransın yüksək səviyyədə təşkilinə və açılış mərasimində iştirakına görə Azərbaycan prezidentinə minnətdarlığını bildirib.
Prezident İlham Əliyev konfransın açılışında çıxış edib. Sonra dövlət başçısı konfrans iştirakçıları ilə görüşüb.