Mayın 16-da Daxili İşlər Nazirliyinin Zuğulbada inşa edilmiş “Xəzri” İstirahət və Sağlamlıq Mərkəzinin açılışı olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak etmişdir.
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Ali Baş Komandan, Prezident İlham Əliyevə raport verdi.
Dövlətimizin başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.
Məlumat verildi ki, 13,5 hektar ərazidə salınan “Xəzri” İstirahət və Sağlamlıq Mərkəzində yeddimərtəbəli əsas korpus, nəzarət-buraxılış məntəqəsi, konfrans bölməsi, idman meydançaları, açıq və qapalı hovuzlar, xüsusi çimərlik sahəsi, ikimərtəbəli kotteclər, dəniz kənarında müxtəlif iaşə obyektləri və digər istirahət guşələri yaradılmışdır. İnşa edilmiş bina və qurğuların ümumi sahəsi 30 min kvadratmetrdir. Mərkəzin su təchizatı məqsədi ilə artezian quyuları qazılmışdır. Həm mərkəzin qarşısında, həm də sahil boyu ərazidə göz oxşayan geniş yaşıllaşdırma işləri aparılmışdır. Dəniz gəzintisi üçün xüsusi ərazi vardır. “Xəzri” İstirahət və Sağlamlıq Mərkəzi bütün zəruri mühəndis-kommunikasiya və müasir işıqlandırma sistemləri ilə təchiz olunmuşdur. Mərkəzin ərazisindəki yollar da yenidən qurulmuşdur.
Əsas korpusla tanışlıq zamanı bildirildi ki, müasir memarlıq üslubunda inşa olunmuş yeddimərtəbəli binanın ümumi sahəsi 25 min kvadratmetrə yaxındır. Burada 328 yerlik yataq və istirahət otaqları yaradılmışdır. Binanın foyesində və birinci mərtəbəsində istirahət guşələri qurulmuşdur. Mərkəzdə müasir tələblərə cavab verən iaşə obyektləri inşa olunmuşdur. Müxtəlif beynəlxalq və yerli tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan 400 nəfərlik konfrans zalında hər cür şərait vardır. Burada fitnes və ən müasir idman avadanlığı quraşdırılmışdır, uşaqlar üçün əyləncə mərkəzi fəaliyyət göstərir.
Sonra Prezident İlham Əliyev mərkəzin otaqlarında yaradılan şəraitlə tanış oldu.
Məlumat verildi ki, bütün otaqlarda istirahət üçün yüksək şərait vardır. Otaqlardan Xəzər dənizinə gözəl mənzərə açılır.
Daha sonra Azərbaycan Prezidenti mərkəzin ərazisini gəzdi. Qeyd olundu ki, mərkəzin dənizə baxan hissəsində 160 kvadratmetr ərazidə dekorativ su hovuzu inşa olunmuşdur. Ərazidə əsas korpusla yanaşı, ikimərtəbəli 8 kottec tikilmişdir. Açıq havada yaradılan iki su hovuzu həm böyüklər, həm də kiçiklər üçün nəzərdə tutulmuşdur. Mərkəzdə qonaqların istirahətinin yüksək səviyyədə təşkili məqsədi ilə sahilə yaxın ərazidə ilin müxtəlif mövsümlərində iaşə obyektləri fəaliyyət göstərəcəkdir. Bu istirahət guşələri də müasir standartlar səviyyəsində qurulmuşdur. Dəniz gəzintisinə çıxmaq istəyənlər qayıqlardan istifadə edə biləcəklər. İstirahət məkanını dənizin çimərliyi tamamlayır.
Mərkəzdə yaradılmış şəraiti yüksək qiymətləndirən Prezident İlham Əliyev kollektivi təbrik etdi, uğurlar arzuladı.
Bakı-Şamaxı avtomobil yolunda 4 nəfərin ölümü, bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə bu gün saat 15:30 radələrində yolun 73.8-ci kilometrliyində, Qobustan rayonu ərazisində qeydə alınıb. Məlumata görə 90-KZ-938 dövlət nömrə nişanlı “Mercedes” markalı minik maşını qarşı tərəfdən gələn 10-FN-274 dövlət nömrə nişanlı “ZİL” markalı yük maşını ilə toqquşub. Hadisə nəticəsində hələlik adları müəyyən edilməyən Qəbələ rayon sakinləri - “Mercedes”in sürücüsü, onun həyat yoldaşı və iki azyaşlı övladı dünyasını dəyişib. Özəl şirkətə məxsus propan qazı daşıyan avtomobilin sürücüsü xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Propan qazı ilə dolu olan maşın zərbə nəticəsində partlamayıb.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən cinayət işi açılıb. araşdırma aparılır.
Milli Məclisdə 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr edilmiş “Azərbaycanda uşaqların asudə vaxtının təşkilinin hüquqi aspektləri” mövzusunda konfrans keçirilib. APA-nın məlumatına görə, Milli Məclisin (MM) Sosial siyasət Komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, Azərbaycanda uşaqların asudə vaxtının təşkil olunması istiqamətində qanunvericilikdə bir sıra təkmilləşmələr aparılıb. O, uşaqların idman qurğularından pulsuz istifadə etməsi, həmçinin əlil və kimsəsiz uşaqlara verilən imtiyazlardan danışıb.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev uşaqların asudə vaxtının səmərəli təşkil edilməsinin zəruriliyini vurğulayıb: “Vaxtilə pioner düşərgələri və bunun kimi digər məkanlar var idi. Amma ölkəmizin müharibəyə cəlb edilməsi, qaçqın və məcburi köçkün problemləri ucbatından bu sistem ləğv olundu. Biz bu sistemi yenidən qururuq”.
UNİCEF-in Azərbaycan üzrə direktorunun müavini Rəşid Mustafa, Avropa Şurasının Bakı Ofisinin rəhbəri Konstantin Yerokostopulos çıxış edərək tədbirin və müzakirə olunan mövzunun əhəmiyyətini vurğulayıb.
MM Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adilə Abasova “Uşaq hüquqları: Milli qanunvericilik” mövzusunda məruzə ilə çıxış edib.
Tədbirdə iştirak edən digər hökumət və qeyri-hökumət təşkilatlarının nümayəndələri təkliflərlə çıxış ediblər.
Azərbaycan “Eurovision-2012” mahnı müsabiqəsini təhlükəsiz, beynəlxalq standartlara cavab verən formada keçirəndən sonra artıq rahatlıqla özünü dünyanın bir parçası, inkişaf etmiş, qabaqcıl dövləti kimi tanıtdıracaq. Bunu Trend-ə açıqlamasında Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.
“Azərbaycan sonuncu Eurovision müsabiqəsinin Bakıda keçirilməsi üçün əlindən gələni etdi və hər şeyi də vaxtında çatdırdı. Ötən ilin payızında bəyan olunduğu kimi, bu müsabiqənin təşkilinin ən yaxşı nümunəsinin göstərilməsi üçün həm dövlət, həm İctimai Televiziya, həm də Avropa Yayım Birliyi bütün üzərinə düşən öhdəlikləri yerinə yetirdi. Hazırda tədbirin keçiriləcəyi yer, eləcə də şəhərdə hotellər, infrastrukturlar qonaqları, jurnalistləri, tamaşaçıları, musiqisevərləri qəbul etməyə hazırdır”, - Həsənov deyib.
PA rəsmisi bildirib ki, Azərbaycan hazırda dünyada sözün həqiqi mənasında söz sahibi olan dövlətdir.
“Azərbaycan hazırda BMT Təhlükəsizlik Şurasına rəhbərlik edir, Azərbaycan bölgənin və dünyanın enerji siyasətində öncül mövqelərdən birini tutur. Azərbaycan dünya mədəniyyətinə, mədəni irsinə öz töhfələrini verməkdə davam edir. Təəssüflər olsun ki, bəzi dairələr, o cümlədən erməni diasporu və onun təsirində olan xarici mətbuat orqanları, bəzi xarici QHT-lər, ictimai-siyasi xadimlər Azərbaycanın dünyanın diqqət mərkəzinə çıxması faktından istifadə edib, ölkəmizə qarşı böhtan kampaniyasını apardılar və bu gün də aparmaqda davam edirlər”, - Həsənov açıqlamasında deyib.
Onun sözlərinə görə, həmin qüvvələr Azərbaycanın imicinə mənfi zərbə vuran, müxtəlif uydurmalar, müxtəlif təxribatçı materiallar yayaraq, o cümlədən insan haqları, mətbuat, söz azadlığı sahəsindəki vəziyyəti təhrif edərək Azərbaycanı dünyada qeyri-demokratik dövlət kimi təqdim etməyə cəhd göstərirlər.
“Onların bu cəhdləri heç bir nəticə vermədi və verə də bilməzdi. İndi Azərbaycana gələn turistlər, qonaqlar gözləri ilə görəcəklər ki, Azərbaycan cəmiyyəti tolerant cəmiyyətdir, Azərbaycanda siyasi plüralizm tam təmin olunub, respublikada insan hüquqları, vətəndaş cəmiyyəti normaları Avropa ölkələrinin heç birindən geridə deyil. Azərbaycanın gözəl mədəniyyətini, xalqımızın qonaqpərvərliyini, Azərbaycanın tolerant cəmiyyətini və onun digər dəyərlərini öz gözləri ilə görüb, əlbəttə o təxribatçı, antiazərbaycan yazıların bilərəkdən uydurulduğunun şahidi olacaqlar”, - Həsənov qeyd edib.
PA rəsmisi vurğulayıb ki, Azərbaycan "Eurovision"ın keçirilməsinə heç zaman məqsəd kimi baxmayıb.
“Buna, sadəcə, Azərbaycan dəyərlərini, Azərbaycan xalqının varlığını, mədəniyyətini, iqtisadi, siyasi və sosial həyatını dünyaya nümayiş etdirmək üçün vasitə kimi baxmışıq. Azərbaycan gəncləri qalib gəliblər, bu qələbəni və yarışmanı Azərbaycana gətiriblər. Biz onlarla fəxr edirik, qürur hissi keçiririk. Təəssüf edirik ki, Azərbaycanın daxilində və xaricində bəzi dairələr bu qələbədən sui-istifadə edib, Azərbaycana, bu gənclərin Vətəninə qarşı təxribat etmək istəyirlər və bunlar da nəticəsiz yekunlaşacaq”, - Həsənov deyib.
Yaxın 2 gündə ölkə ərazisində gündüz saatlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Temperatur rejimində mühüm dəyişiklik gözlənilmir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, mayın 16-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 15-19 dərəcə, gündüz 25-30 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında gündüz əsasən yağmursuz keçəcək. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi 5-10 arabir güclənəcək. Havanın temperaturu gecə 15-20 dərəcə, gündüz 27-32 dərəcə,
dağlarda gecə 5-10 dərəcə, gündüz 17-22 dərəcə isti təşkil edəcək.
Azərbaycan prezidenti İlham Əliyev mayın 15-də Moskvaya işgüzar səfərə yola düşüb.
Dövlət başçısını Heydər Əliyev Beynəlxalq Aeroportunda Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola salıblar.
Səfərin məqsədi MDB-nin üzvü olan ölkələrin Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında iştirak etməkdir.
Azərbaycanın Şəki rayonunda yenidən zəlzələ olub. Respublika Seysmoloji Xidmət Mərkəzinin verdiyi xəbərə görə, yerli vaxtla saat 20:51:30 -da Şəki rayonu ərazisində, Şəki şəhərindən 10 km qərbdə zəlzələ qeydə alınıb. Zəlzələ episentirdə 4 bala qədər, Şəki şəhərində 3 bala qədər hiss olunub. İnsan tələfatı yoxdur.
Azərbaycanın zəlzələ baş verən bölgəsində evsiz qalan əhali çadırlarla tam təmin olunub.
Bu barədə açıqlamasında fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov bildirib. Nazir qeyd edib ki, hazırda zəlzələ bölgəsində planlaşdırılmış işlər ardıcıllıqla davam etdirilir: “Bu gün Qax, Zaqatala və Balakəndə qəzalı evləri müəyyənləşdirməkdən ötrü 15 komissiya araşdırma aparır. Komissiyaların sayının artırılması nəzərdə tutulub. Çünki qəzalı evlərə səthi baxış keçirmək olmaz. Komissiyalar dəqiq araşdırma aparmalı, evlərin nə dərəcədə qəzalı olduğunu müəyyənləşdirməlidir. Komissiyaların təqdimatı əsasında biz öz işimizi görəcəyik”.
K. Heydərov ilk işlərin görülməsi üçün lazım olan inşaat materiallarının artıq gətirildiyini qeyd edib: “Əhaliyə ilk ərzaq yardımı da göstərilib və bu, ayda bir dəfə davam etdiriləcək. Sakinlər üçün müvəqqəti hamamlar tikilir, artıq bir neçəsi istifadəyə verilib. Evləri dağılan sakinlərdən ötrü xüsusi çadırlar quraşdırılıb ki, burada onlar istirahət etmək, televiziyaya baxmaq, ölkədə baş verən prosesləri izləmək imkanına malikdirlər. Bütün məsələlər prezident İlham Əliyevin bilavasitə diqqət mərkəzindədir. Hər gün görülmüş işlərlə bağlı prezidentə məruzə olunur”.
Nazir yerli əhalinin də zəlzələnin fəsadlarının aradan qaldırılmasına yaxından köməklik etdiyini bildirib: “Yerli sakinlər aparılacaq tikinti işlərində çalışmaq istəyini bildirib. Onlar bu məqsədlə burda çalışacaq şirkətlərə müraciət ediblər. Sakinlər həmin şirkətlərlə razılaşıb, tikinti işlərində iştirak edə biləcəklər”.
K. Heydərov hazırda bölgədə təkanların davam etdiyini bildirib: “Hazırda təkanlar az güclə davam etməkdədir. Bu geoloji bir prosesdir. Mütəxəssislərin dediyinə görə, qarşıda hər hansı dağıdıcı təkanlar gözlənilmir. Buna baxmayaraq, Fövqəladə Hallar Nazirliyi hər cür təhlükəsizlik tədbirləri görməkdədir”.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bolqarıstan Xalq Məclisinin sədri xanım Tsetska Tsaçevanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. XİN-in mətbuat xidmətindən T. Tsaçeva Azərbaycana səfərindən məmnunluq duyduğunu ifadə edərək ölkədə gedən sürətli iqtisadi inkişafın şahidi olduğunu bildirib. Azərbaycanın ölkəsinə qarşı bəslədiyi dostluq münasibətlərini hər zaman hiss etdiklərini dilə gətirən qonaq, ikitərəfli əlaqələrdə əldə edilmiş nailiyyətlərdən razı qaldıqlarını vurğulayıb. T. Tsaçeva Bolqarıstan parlamentində Azərbaycan və Bolqarıstan arasında diplomatik münasibətlərin yaranmasının 20 illiyinə həsr edilmiş sərginin keçirilməsinin nəzərdə tutulduğunu da diqqətə çatdırıb.
Görüş zamanı Azərbaycanla Bolqarıstan arasında əməkdaşlıq perspektivləri və müxtəlif sahələrdə, xüsusi ilə də iqtisadi, humanitar, mədəniyyət və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb.
Bu il Azərbaycanda ilk dəfə olaraq, orta məktəb məzunlarına adi şəhadətnamə və attestatlarla yanaşı, elektron şəhadətnamə və attestatlar da veriləcək.
Bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bazar ertəsi keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, bu il ilk dəfə olaraq, Azərbaycanda elektron attestat və elektron şəhadətnamələr bazası yaradılacaq.
Məleykə Abbaszadə deyib ki, elektron attestat və şəhadətnamələr TQDK-nın bazasında fayl kimi saxlanılacaq. TQDK buraxılış imtahanları bitdikdən sonra bu faylları məktəb direktorlarına, rayon, şəhər təhsil şöbələrinə göndərəcək.
“Builki məzunlar qəbul imtahanlarında iştirak etmək üçün elektron ərizələrini doldurduqda oraya attestatlardakı qiymətlərini də daxil etməli olurlar. İndi buna ehtiyac qalmayacaq. Çünki artıq məzunların elektron attestatları TQDK-nın məlumat bazasında olacaq”, - Abbaszadə əlavə edib.
Onun sözlərinə görə, sabahdan başlayaraq paytaxt məktəblərinin buraxılış imtahanları ilə bağlı buraxılış vərəqələrini Bakı Şəhəri üzrə Təhsil İdarəsinə təqdim edəcəklər.
Məleykə Abbaszadə deyib ki, şəkli bazada olmayan uşaqların "Buraxılış vərəqəsi"ndə onun şəklinin bazada olmaması qeyd olunacaq. Belə uşaqların valideynləri mütləq məktəbdən müvafiq formada arayış almalıdırlar.
“Bizim belə uşaqları imtahana buraxmaq üçün ayrı yolumuz yoxdur. Çünki buraxılış imtahanına gələn uşağın şəkli bazada yoxdursa, imtahana şəxsiyyət vəsiqəsi, məktəbin verdiyi arayışla gəlməyibsə, imtahana buraxılmaya da bilər”, - Komissiya sədri deyib.
O qeyd edib ki, hazırkı qaydalara əsasən, 9 illik bazadan bütün uşaqlar, o cümlədən illik qiymətləndirmə zamanı "qeyri-kafi" alan şagirdlər də buraxılış imtahanına buraxılırlar.
“Təbii ki, belə uşaqlar yay tapşırığı alaraq, əlavə imtahan verəcəklər. Amma ana dili və riyaziyyatdan imtahana buraxılacaqlar. Ana dili və riyaziyyatdan "qeyri-kafi" aldıqda isə onlara yenidən payız imtahanlarında iştirak etmək şansı veriləcək. Onlar payızda da imtahan verə bilməsələr, müvafiq formada arayış alacaqlar və beləliklə, gələn il yenidən eksternat formasında buraxılış imtahanına gələ bilərlər. Faktiki olaraq, 9 illik bazadan yalnız o şəxslər imtahana buraxılmayacaq ki, onların dərsə davamiyyəti olmayıb və bilikləri heç zaman qiymətləndirilməyib. Bütün bu qaydalar 9 illik bazadan imtahan verəcək uşaqlara aiddir”, - TQDK sədri bildirib.
O deyib ki, 11 illik bazadan isə buraxılış imtahanlarına yalnız illik biliyi müsbət qiymətləndirilən uşaqlar buraxılacaq.
Məleykə Abbaszadə əlavə edib ki, Təhsil Nazirliyinin buraxılış imtahanlarında iştirak edəcək məzunların elektron məlumat bazası ilə müəyyən problemlər olub. Hazırda həmin bazadakı məlumatlar yenidən dəqiqləşdirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 14-də ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popovu (Rusiya), Robert Bradtkeni (ABŞ), Jak Foru (Fransa) və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul etmişdir.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər müzakirə edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 14-də Bolqarıstan Respublikası Xalq Məclisinin sədri xanım Tsetska Tsaçevanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Dövlətimizin başçısı ölkələrimiz arasında əlaqələrin zəngin tarixə malik olduğunu qeyd etdi, yüksək səviyyədə təmasların səmərəli nəticələr verdiyini vurğuladı. Prezident İlham Əliyev Bolqarıstan Respublikası Xalq Məclisi sədrinin səfərinin, həmçinin Baş nazir Boyko Borisovun bu yaxınlarda ölkəmizə gəlişini xatırlayaraq həmin səfərlərin əlaqələrimizin dinamik inkişafının nümunəsi kimi dəyərləndirdi. Dövlətimizin başçısı ölkələrimiz arasında enerji, turizm və digər sahələrdə mövcud olan bir sıra birgə layihələrin önəmini qeyd etdi. Azərbaycan Prezidenti parlamentlərarası əməkdaşlığa toxunaraq Avronest layihəsində iki ölkənin fəal əməkdaşlığından məmnunluğunu ifadə etdi. Dövlətimizin başçısı xanım Tsetska Tsaçevanın səfərinin dost ölkə olan Bolqarıstan ilə ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən parlamentlərarası əlaqələr sahəsində bundan sonra da möhkəmləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminliyini bildirdi.
Bolqarıstan Xalq Məclisinin sədri xanım Tsetska Tsaçeva Azərbaycan ilə Bolqarıstan arasında diplomatik əlaqələrin qurulmasının 20-ci ildönümü ərəfəsində Bolqarıstan parlament nümayəndə heyətinin Azərbaycana səfərinin önəmini vurğulayaraq ali qanunverici orqanlar arasında əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminliyini ifadə etdi.
ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Robert Bradtke (ABŞ), Jak For (Fransa) və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik mayın 11-14-də regiona səfərləri çərçivəsində Yerevan və Bakıda olduqları zaman Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə son səyləri müzakirə etmək üçün prezidentlər İlham Əliyev və Serj Sarkisyanla görüşüblər. Bu barədə ATƏT-in saytında yerləşdirilən Minsk qrupunun bəyanatında deyilir.
ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk qrupunun həmsədrləri tərəflərlə yanvarda Soçidə prezidentlər İlham Əliyev və Serj Sarkisyanın birgə bəyanatında qəbul etdikləri öhdəlikləri necə yerinə yetirmək, o cümlədən hərtərəfli sülh nizamlanması üçün zəmin qismində əsas prinsiplər haqqındakı saziş üzərində işi sürətləndirmək, atəşkəs rejiminin pozulmasının araşdırılması mexanizmləri üzərində iş, habelə humanitar əlaqələri hazırlamaq haqqında müzakirəni davam etdiriblər.
Həmsədrlər bu yaxınlarda təmas xətti boyunca baş verən insidentlərlə bağlı narahatlıqlarını ifadə ediblər və tərəfləri təmkinli olmağa və qisasdan çəkinməyə çağırıblar. Həmsədrlər tərəflərin sülh nizamlanmasına nail olmağa sadiq qaldıqlarını təsdiq etmələrini alqışlayıblar.
Həmçinin, həmsədrlər tərəflərlə 1994-cü ildə imzalanan atəşkəs haqqında sazişin möhkəmləndirilməsi və etibarın artırılması üçün hərbi və insanlar arasındakı əlaqələr sahəsində etimad tədbirlərinin inkişafını müzakirə ediblər. Bundan başqa, həmsədrlər yekun və davamlı sülhə nail olmaq üçün davam edən danışıqları nəzərə almaqla, region xalqlarının ümumi irsini qorumaq üçün Azərbaycan və Ermənistan mədəni və tarixi dəyərlərinin qiymətləndirilməsi və mühafizə edilməsinin vacibliyini müzakirə ediblər.
Həmsədrlər yaxın gələcəkdə iki ölkənin xarici işlər nazirləri ilə danışıqları davam etdirmək niyyətindədirlər.
Məhəllədə 1296 şagird yerlik məktəb, 140 çarpayılıq uşaq bağçası, kitabxana, klub, təcili yardım stansiyası, yanğın deposu, poçt binası da tikiləcəkdir.
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Qaradağ rayonunun Müşviqabad qəsəbəsində məcburi köşkün ailələri üçün inşa olunan yaşayış mənzillərindən ibarət məhəllənin tikinti işləri ilə tanış olub.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin saytının verdiyi məlumata görə, 22 hektar ərazidə 1440 məcburi köçkün ailəsi üçün salınan məhəllədə 20 ədəd beşmərtəbəli yaşayış binası tikilir.
Məhəllədə 1296 şagird yerlik məktəb, 140 çarpayılıq uşaq bağçası, kitabxana, klub, təcili yardım stansiyası, yanğın deposu, poçt binası da tikiləcəkdir. Məhəllə qaz, su, elektrik, mərkəzləşdirilmiş istilik sistemi ilə tam təchiz olunacaq. Tikintisinə 2 minədək işçinin cəlb olunduğu məhəllədə parkın, idman meydançasının salınması da nəzərdə tutulub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 13-də Beynəlxalq Velosipedçilər İttifaqının Prezidenti Patrik Mak Quaydı qəbul etmişdir.
Dövlətimizin başçısı ölkəmizdə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq velosiped turunun keçirilməsinin əhəmiyyətini qeyd etdi, bu beynəlxalq tədbirin təkcə paytaxtı deyil, regionları da əhatə etməsinin önəmini vurğuladı.
Beynəlxalq Velosipedçilər İttifaqının Prezidenti Patrik Mak Quayd müasir dövrdə velosiped sürmə idman növünə dünyanın müxtəlif ölkələrində marağın getdikcə artdığını dedi, qlobal istiləşmə, iqlim dəyişikliyi, ətraf mühitin qorunması və digər məsələlərin həllində bu idman növünə daha çox üstünlük verildiyini vurğuladı. Patrik Mak Quayd Azərbaycanda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş beynəlxalq velosiped turunun keçirilməsinin əhəmiyyətini qeyd etdi.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Zaqatalada zəlzələ nəticəsində dağılan məktəblərin şagirdlərini buraxılış imtahanlarından azad edəcək.
Bu barədə TQDK sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, artıq Komissiya bununla bağlı Fövqəladə Hallar Nazirliyinə (FHN) müraciət edib: “Nazirlər Kabineti tərəfindən təsdiq olunan qaydalara əsasən, TQDK-ya fövqəladə hallarda buraxılış imtahanlarından azad etməklə bağlı səlahiyyət verilib. FHN bu gün Zaqatalada həddən artıq dağıntılara məruz qalan məktəblərin siyahısını TQDK-ya verəcək. Bundan sonra bu həftə ərzində buraxılış imtahanlarından azad olunan məktəblərin siyahısı elan ediləcək. Həmin məktəblərin şagirdlərinin qiymətləndirilməsi dərs ili ərzindəki illik qiymətləndirməyə əsasən aparılacaq”.
Respublika ərazisində qısamüddətli yağışlar yağacaq.
Bakı və Abşeron yarımadasında mayın 15-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasının bəzi ərazilərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal küləyi əsəcək. Gecə 16-21, gündüz 25-30 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında mayın 15-də şimşək çaxacağı, arabir qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, şimşək çaxanda arabir güclənəcək. Havanın temperaturu gecə 15-20, gündüz 27-32, dağlarda gecə 5-10, gündüz 17-22 dərəcə isti gözlənilir.
Tibbi-meteoroloji proqnoza əsasən, mayın 15-17-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Azərbaycan prezidenti İlham Əliyevin İrana səfər edəcəyi gözlənilir. Bu barədə İranın Fars agentliyinə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov açıqlama verib.
Nazir bildirib ki, prezidentin bu ilin avqust ayında Tehranda keçiriləcək Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət başçılarının XVI sammitində iştirak etməyi planlaşdırır.
Qeyd edək ki, sammitin avqustun 26-31-də keçiriləcəyi gözlənilir.
Azərbaycan 2011-ci ilin may ayından Qoşulmama Hərəkatının tamhüquqlu üzvüdür.
Amerikalı həmsədr səfərin məqsədlərini açıqlayıb.
Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını üzərinə götürmüş ATƏT-in Minsk Qrupunun həmsədrləri Robert Bradtke (ABŞ), Jak For (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik (Polşa) regiona səfərləri çərçivəsində mayın 13-də Azərbaycana gəliblər.
R. Bradtke Heydər Əliyev Beynəlxalq Aeroportunda bildirib ki, mayın 12-də Ermənistanda prezident Serj Sarkisyan, xarici işlər naziri Edvard Nalbandyanla görüşüb, danışıqlar aparıblar: “Mayın 14-də isə Azərbaycan rəhbərliyi ilə danışıqlar aparacağıq. Hazırda səfərin ortasındayıq. Səfər başa çatdıqdan sonra həmsədrlər birgə bəyanatla çıxış edəcəklər”.
R. Bradtke regiona budəfəki səfərlərinin məqsədinin Londonda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Varşavada E. Nalbandyanla danışıqlarda müzakirə olunan məsələlərə dair diskussiyanı davam etdirməkdir: “London və Varşavada Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Soçi görüşündə verdikləri birgə bəyanatın elementlərinin yerinə yetirilməsi məsələsini müzakirə etmişdik. Budəfəki səfərin məqsədi həmin diskussiyaları davam etdirməkdir”.
Son günlər cəbhədə vəziyyətin gərginləşməsi ilə bağlı sualın cavabında amerikalı diplomat yaranmış situasiyanın onları narahat etdiyini qeyd edib: “Dublində də qeyd etdiyimiz kimi, biz son vaxtlar cəbhə xəttində situasiyanın gərginləşməsindən çox narahatıq”.
R. Bradtke səfər zamanı bu məsələni də tərəflərlə müzakirə edəcəklərini vurğulayıb.
"Eurovision 2012"-nin Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban Əliyeva Azərbaycana gələn qonaqları salamlayıb.
Müsabiqəni işıqlandıracaq jurnalistlərə təqdim olunan rəsmi proqram kitabçasında "Eurovision" Mahnı Müsabiqəsi 2012-nin Təşkilat Komitəsinin sədri, Azərbaycan Respublikasının birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın salamlaması yer alıb.
Salamlamada deyilir: "Əziz dostlar, Sizi, müxtəlif ölkələrin, xalqların və mədəniyyətlərin musiqi bayramı olan Eurovision Mahnı Müsabiqəsi 2012-nin iştirakçıları və qonaqlarını ürəkdən salamlayıram.
Eurovision Mahnı Müsabiqəsi musiqi mədəniyyəti tarixində ənənəyə çevrilmiş böyük bayram olmaqla yanaşı, həm də mədəniyyətlərarası dialoqa töhfə verən əhəmiyyətli bir tədbir kimi tanınmaqdadır.
Bu dəfə bu mötəbər müsabiqə dünya musiqisevərlərinin diqqətini müsəlman Şərqində ilk opera və ilk baletin, YUNESKO tərəfindən bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərləri siyahısına daxil edilmiş muğamın, ürəkləri riqqətə gətirən "Qarabağ şikəstəsi" kimi möcüzəli musiqinin beşiyi olan Azərbaycana yönəldir.
Xalqımız dünya mədəniyyəti incilərini özündə Şərq və Qərb motivlərini, müasir ritm və qədim nəğmələri ahəngdar şəkildə birləşdirən milli musiqi əsərləri ilə daim zənginləşdirmiş, dünya musiqi mədəniyyətinin inkişafına öz töhfəsini vermişdir.
Ölkəmizdə tarixən tolerantlıq ənənələri, mədəniyyət və sivilizasiyaların dialoqu mövcud olmuşdur. Burada müxtəlif xalqların və dinlərin nümayəndələri əsrlər boyu sülh və əmin-amanlıq şəraitində yaşamış və yaşamağa davam edirlər. Eurovision Mahnı Müsabiqəsi keçirilən günlərdə də ifaçıları, qonaqları və tamaşaçıları, milliyyətindən, dinindən və siyasi baxışlarından asılı olmayaraq Bakıya toplaşan bütün insanları musiqi birləşdirəcək".
"Əziz dostlar, Eurovision Mahnı Müsabiqəsinə hazırlıq bizdən böyük və gərgin əmək tələb etdi. Lakin bu gərginlik sizinlə xoş görüş ümidi ilə əvəzlənmişdir. Əminəm ki, müxtəlif mədəniyyətlərin qarşılıqlı zənginləşməsinə səbəb olan və xalqlar arasında olan birliyi daha da gücləndirən bu musiqi bayramının, gözəl Bakımızın və qonaqpərvər xalqımızın xoş xatirəsi qəlbinizdə daim yaşayacaqdır", - Mehriban Əliyevanın salamlamasında bildirilir.
Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə zəif duman olacaq.
Temperaturun gecə 13-18, gündüz 25-30 dərəcə isti, Bakıda gecə 16-18, gündüz 27-29 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan aşağı 758 millimetr civə sütunundan 754 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 60-65 faiz olacaq.
Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.
Temperaturun gecə 12-17, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında gündüz hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, lokal qısamüddətli yağış yağacağı ehtimalı var.
Temperaturun gecə 7-11, gündüz 17-22 dərəcə isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Ağcabədi, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə saatlarında bəzi yerlərdə şimşək çaxacağı, lokal qısamüddətli yağış yağacağı ehtimalı var.
Temperaturun gecə 14-19, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə saatlarında bəzi yerlərdə şimşək çaxacağı, lokal qısamüddətli yağış yağacağı ehtimalı var.
Temperaturun gecə 12-17, gündüz 24-28 dərəcə isti, dağlarda gecə 8-12, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə saatlarında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.
Temperaturun gecə 15-20, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.
Temperaturun gecə 16-20, gündüz 25-30 dərəcə isti, dağlarda gecə 11-16, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.