Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 14-də ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popovu (Rusiya), Robert Bradtkeni (ABŞ), Jak Foru (Fransa) və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul etmişdir.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər müzakirə edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 14-də Bolqarıstan Respublikası Xalq Məclisinin sədri xanım Tsetska Tsaçevanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Dövlətimizin başçısı ölkələrimiz arasında əlaqələrin zəngin tarixə malik olduğunu qeyd etdi, yüksək səviyyədə təmasların səmərəli nəticələr verdiyini vurğuladı. Prezident İlham Əliyev Bolqarıstan Respublikası Xalq Məclisi sədrinin səfərinin, həmçinin Baş nazir Boyko Borisovun bu yaxınlarda ölkəmizə gəlişini xatırlayaraq həmin səfərlərin əlaqələrimizin dinamik inkişafının nümunəsi kimi dəyərləndirdi. Dövlətimizin başçısı ölkələrimiz arasında enerji, turizm və digər sahələrdə mövcud olan bir sıra birgə layihələrin önəmini qeyd etdi. Azərbaycan Prezidenti parlamentlərarası əməkdaşlığa toxunaraq Avronest layihəsində iki ölkənin fəal əməkdaşlığından məmnunluğunu ifadə etdi. Dövlətimizin başçısı xanım Tsetska Tsaçevanın səfərinin dost ölkə olan Bolqarıstan ilə ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən parlamentlərarası əlaqələr sahəsində bundan sonra da möhkəmləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminliyini bildirdi.
Bolqarıstan Xalq Məclisinin sədri xanım Tsetska Tsaçeva Azərbaycan ilə Bolqarıstan arasında diplomatik əlaqələrin qurulmasının 20-ci ildönümü ərəfəsində Bolqarıstan parlament nümayəndə heyətinin Azərbaycana səfərinin önəmini vurğulayaraq ali qanunverici orqanlar arasında əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminliyini ifadə etdi.