Tanınmış türk müğənnisi Özcan Dəniz 4 ildə 5 dəfə ayrılıb 6 dəfə barışdığı sevgilisi Fəхriyə Evcənlə yenə ayrıldı.
Özcan Dənizlə Evcən bir daha barışmamaq şərti ilə ayrılıblar.
Özcan Dəniz yaхın dostlarına "Sevgimiz sonsuza qədər bitti" açıqlamasını verərək bir daha barışacaqları barədə söhbət belə gedə bilməz deyə hər kəsi agah edib.
Qeyd edək ki, Özcan Dəniz ikinci rejissor işi olan "Evim Sənsən" adlı romantik filmdə Fəхriyə Evcənlə baş rolda çəkilmiş, elə hey evlənmək istədiyini söyləyən sevgilisiylə rol üçün nikah masasına da oturmuştu.
Beləliklə, Dənizlə Evcənin sevgisi yalnız "Evim Sənsən" filmində öpüşərkən görüntülənən fotoşəkillərdə qaldı.
Bu gündən ali məktəblərdə vakant qalmış yerlərə ixtisas seçiminin aparılmasına başlanılır.
Bu gündən 2012-2013-cü tədris ili üzrə ali məktəblərə keçirilmiş qəbul imtahanlarının nəticələrinə əsasən, ali məktəblərdə vakant qalmış yerlərə ixtisas seçiminin aparılmasına başlanılır. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Trend-ə verilən məlumata görə, ixtisas seçimi avqustun 19-23-də aparılacaq. İxtisas seçiminin nəticələri avqustun 24-də açıqlanacaq.
Bu il ali məktəblərdə 1924 plan yeri vakant qalıb. Bu il II ixtisas qrupunda qəbul planı 100 faiz yerinə yetirilib. I ixtisas qrupunda 799, III qrupda 510, IV qrupda 615 plan yeri boş qalıb.
Qeyd edək ki, ali məktəblərin cari ildə ayrılmış 33918 plan yerinə 31994 abituriyent qəbul olub. Qəbul planı 94% dolub.
I ixtisas qrupunda 11 244 plan yerinə 10 445 nəfər, II qrupda 9304 plan yerinə 9304 nəfər, III qrupda 9114 plan yerinə 8604 nəfər, IV qrupda 4256 plan yerinə 3641 nəfər abituriyent qəbul olunub.
Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Temperaturun gecə 21-26, gündüz 29-34 isti, Bakıda gecə 23-25, gündüz 32-34 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu təşkil edəcək, nisbi rütubət 70-75 faiz olacaq.
Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 25-26, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26, Türkan, Hövsan, Sahil, Şıxda 27-28 isti olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında əsasən, gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı ehtimalı var. Temperaturun gecə 20-25, gündüz 31-36 dərəcə isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında əsasən, gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Temperaturun gecə 12-17, gündüz 24-29 dərəcə isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən, yağmursuz olacaqdır. Lakin gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı ehtimalı var. Temperaturun gecə 20-24, gündüz 30-35 dərəcə isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında əsasən, gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Temperaturun gecə 16-21, gündüz 29-33 dərəcə isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən, yağmursuz keçəcək. Temperaturun gecə 20-25, gündüz 30-35 dərəcə isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən, yağmursuz keçəcək. Temperaturun gecə 20-25, gündüz 30-35 dərəcə isti, dağlarda gecə 16-20, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.
Ramazan bayramı Azərbaycanda iki gün qeyd edilir.
Müqəddəs Ramazan ayı müsəlmanlar tərəfindən hicri təqviminin ikinci (622-ci il) ilindən qeyd olunmağa başlayıb.
Ramazan ayı insanlara Allahı sevməyi öyrədir; onlara öz iradəsini, dözümünü yoxlamaq imkanı verir; insanları gözüaçıq, təmizvicdanlı olmağa yönəldir və bunlar orucla ifadə olunur.
Orucluq öz tarixinə Məhəmməd Peyğəmbər (s.ə.s) tərəfindən Mədinədə bu məqsədlə Ramazan ayı keçiriləndən başlayır. Məhz Ramazan ayının axırıncı 10 gecəsinin birində Quran nazil edilib. Deyilənlərə görə, bu hadisə ayın 23-dən 24-nə, ya da 26-dan 27-nə keçən gecə baş verib. Bu gecə "leylətul-qadr" - qüdrətli, əzəmətli gecə adlanır. Quranda bu gecə haqqında belə yazılır: "Biz bu gecə, həqiqətən, qüdrət, əzəmət hədiyyə etmişik; bu gecə 1000 aydan da qüdrətlidir. Mələklər aşağı enərək, Allahın əmrini gözləyirlər, bu gecə şəfəq doğanadək əmin-amanlıqdır, sülhdür" (97:1-5).
Orucluqda günün işıqlı vaxtı yemək, içmək, siqaret çəkmək, ər-arvad arasında cinsi yaxınlıq və s. olmaz. Bunlardan yalnız uşaqlar, xəstələr, hamilə qadınlar, cəbhədə vuruşanlar, yolçular (səyyahlar) azad olunurlar. Orucluq Ramazan ayında təzə Ay çıxandan başlanır və 29-30 sutka davam edir. Quranda yazılır: "Yeyin, için, ta qara sap ağ sapdan seçilənədək, sonra qaranlıq düşənədək oruc tutun" (2:187).
Orucluq islamdan da əvvəl mövcud idi. Hələ qədim ərəblər öz allahları rizasına oruc tuturdular. Bu barədə Quranda deyilir: "Sizlərə oruc tutmaq buyrulduğu kimi, bizdən əvvəlkilərə də buyrulmuşdur".
Orucluq pəhrizi qurtarmaq - "id əl-fitr" bayramı ilə başa çatır. Həmin gün bütün imkanlı müsəlmanlar kasıblara yardım etməlidirlər. Fitrə verərkən bütün ailə üzvləri nəzərə alınır. Azərbaycanda Ramazan bayramı 1993-cü ildən dövlət səviyyəsində qeyd olunur.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bu gündən tam orta təhsil bazasında Azərbaycanın orta ixtisas təhsili müəssisələrinə ərizə vermək istəyən abituriyentlər üçün ixtisas seçiminə başlayır.
Komissiyadan verilən məlumata görə, orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında tələbə qəbulu müsabiqəsi ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında toplanılan ballar əsasında aparılır.
İxtisas seçimi avqustun 19-dan 23-dək internet vasitəsilə aparılacaq. Abituriyentlər elektron ərizədə orta ixtisas məktəblərinin ixtisasları ilə yanaşı, ali təhsil müəssisələrinin boş qalan yerləri olan ixtisaslarının da kodlarını göstərə bilərlər.
İxtisas seçmək hüququ olan abituriyent ali təhsil müəssisələrinin və orta ixtisas təhsili müəssisələrinin təhsili dövlət sifarişi əsasında (dövlət hesabına) və ödənişli əsaslarla olan 20-dək ixtisas kodunu seçə bilər.
Elektron ixtisas seçimi ərizəsini təsdiqləməyən abituriyentlər müsabiqəyə buraxılmayacaqlar.
Cari ildə 11 illik təhsil bazasından 54 orta ixtisas təhsili müəssisəsində 8727 plan yeri ayrılıb. Onlardan 7174-ü Azərbaycan bölməsi, 36 yer rus bölməsinin abituriyentləri üçündür. 1517 plan yerinə isə Azərbaycan və rus bölməsinin abituriyentləri üçün birgə müsabiqə keçiriləcək.
Amerikalı aktrisa Jennifer Aniston bir ildir birlikdə olduğu Amerikalı aktyor Justin Theroux ilə nişanlandı.
43 yaşındakı Aniston cümə günü ad günü olan 41 yaşındakı Therouxun evlənmə təklifini qəbul etdi. Therouxun prodüseri Anistonun nişanlanarak "qeyri-adi" bir ad günü hədiyyəsi verdiyini söylədi.
2012-2013-cü tədris ili üçün Azərbaycanın ali məktəblərinə keçirilmiş qəbul imtahanlarının nəticələrinə əsasən, aparılan ixtisas seçiminin nəticələri açıqlanıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bildirib ki, nəticələr komissiyanın internet saytında yerləşdirilib.
Ali məktəblərə keçirilmiş qəbul imtahanlarının nəticələrinə əsasən, müsabiqə şərtlərini ödəyərək ixtisas seçiminə buraxılan 38 minə yaxın abituriyentdən 35 893-ü ixtisas seçimi ərizəsini təsdiq edib. Abituriyentlərdən 2000-dən çoxu ixtisas seçimi etməyib.
Ərizələrini təsdiqləməyən abituriyentlər müsabiqədə iştirak etmək hüququnu itiriblər.
Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.
Təbrikdə deyilir:
"Hörmətli həmvətənlər!
Sizi mübarək Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm.
Azərbaycan həmişə islam dünyasının tarixi-mədəni mərkəzlərindən biri olmuş, xalqımız əsrlər boyu öz dininə və milli mənəvi dəyərlərinə sadiqliyini qoruyub saxlamışdır. Müstəqil respublikamızda vətəndaşların vicdan və dini etiqad azadlığı ölkə qanunvericiliyinə və beynəlxalq hüquq normalarına uyğun olaraq təmin edilmiş, dini ayin və mərasimlərin sərbəst şəkildə icra edilməsi, bayramların keçirilməsi üçün münbit şərait yaradılmışdır.
Ramazan bayramını bütün müsəlman aləmi kimi bizim xalqımız da hər il böyük məmnunluq hissi ilə qeyd edir. Müqəddəs kitabımız Qurani-Kərimin nazil olduğu Ramazan ayı insanlar arasında birlik və bərabərliyin, xeyirxahlıq və şəfqətin, Uca Yaradana və ilahi hikmətə bağlılığın təntənəsini nümayiş etdirir. Bu ayda müsəlmanlar Allah və din qarşısında vicdani borclarını daha dolğun ödəmək fürsəti əldə edir, mənəvi zənginliyin və əxlaqi kamilliyin nəfs üzərində qələbə sevincini yaşayırlar.
Cəmiyyətdə vəhdət və humanizm duyğularını, Allah və Vətən sevgisini daha da gücləndirən Ramazan ayı artıq başa çatmaqdadır. Orucluğun sınaqlarından alnıaçıq çıxan vətəndaşlarımız bu günlərdə könül xoşluğu ilə bayram sevincini bölüşürlər. Xalqımızın və dövlətimizin əmin-amanlığı və tərəqqisi üçün diləklər edilir, şəhidlərimizin ölməz ruhuna dualar oxunur.
Əziz bacı və qardaşlarım!
Dua və diləklərinizin Tanrı dərgahında qəbul olunması arzusu ilə bir daha sizə və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımıza Ramazan təbriklərimi çatdırır, ailələrinizə xoşbəxtlik, süfrələrinizə xeyir-bərəkət arzulayıram.
Allah orucunuzu qəbul etsin!"
Sabah Bakıda güclü şimal küləyi əsəcək və temperatur nisbətən enəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən bildiriblər ki, Bakıda və Abşeron yarımadasında avqustun 18-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 21-25, gündüz 29-34 isti olacağı gözlənilir.
Avqustun 18-də Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.
Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 25-26, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27, Türkan, Hövsan, Şıx, Sahildə 28-29 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında avqustun 18-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Arabir güclənən qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25, gündüz 32-37, dağlarda gecə 12-17, gündüz 24-29 dərəcə isti olacaq.
Avqustun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tofiq Bəhramov adına Respublika Stadionunun əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak etmişdir.
Dövlətimizin başçısı rəmzi açılışı bildirən lenti kəsdi.
Gənclər və idman naziri Azad Rəhimov Azərbaycan Prezidentinə məlumat verdi ki, stadionun 85 min 700 kvadratmetr ərazisində əsaslı təmir və yenidənqurma işləri Koreya Respublikasının “Samhwa Telecom” şirkəti tərəfindən həyata keçirilmişdir. Oturacaqlarının sayı 29 min 870-dən 31 min 200-ə çatdırılmış stadionun ot örtüklü futbol meydançası FİFA standartlarına tam uyğun şəkildə yenidən qurulmuşdur. Meydançanın ot örtüyünün alt hissəsində torpaqbərkitmə işləri yerinə yetirilmiş, drenaj sistemi və Almaniya istehsalı olan xüsusi isitmə sistemi quraşdırılmışdır.
Stadionun ot örtüyünün yenidən qurulması Niderlanddan gətirilmiş xüsusi toxum vasitəsilə həyata keçirilmişdir. Meydançanın ətrafındakı qaçış zolağı da Almaniyadan gətirilmiş xüsusi örtüklə yenidən qurulmuşdur.
Oyunlar zamanı meydançanın işıqlandırılması üçün köhnə projektor dirəkləri sökülmüş, yeni müasir işıqlandırma sistemi quraşdırılmışdır.
Diqqətə çatdırıldı ki, stadionda tribunaların üstünün bağlanması üçün Koreya Respublikasından gətirilmiş xüsusi fəza konstruksiyası quraşdırılmış və 30 min kvadratmetr ölçüdə yanğına və digər təsirlərə davamlı xüsusi membran örtüklə tam örtülmüşdür.
Bildirildi ki, tribunada hər biri 10 nəfərlik 16 “ailə baxış otağı” da inşa edilmişdir. Üst hissəsində böyük monitorun quraşdırıldığı tribunada mətbuat nümayəndələri üçün lazımi avadanlıqla təchiz edilmiş 500 nəfərlik xüsusi oturacaqlar qurulmuşdur.
Qeyd edildi ki, tribunanın alt hissəsində dörd komandanın istifadəsi üçün soyunub-geyinmə otaqları, sanitar qovşaqlar, duş otaqları, konfrans zalı, məşqçilər, hakimlər üçün otaqlar, həkim otağı, dopinq nəzarət otağı və digər köməkçi otaqlar yaradılmışdır. Burada, eyni zamanda, mərkəzi idarəetmə və təhlükəsizliyə nəzarət-müşahidə otağı və şərhçi otaqları inşa edilmişdir. Bütün otaqlar müasir yanğın təhlükəsizliyi və mərkəzi havalandırma sistemləri ilə təchiz olunmuşdur. Əlillərin tribunaya qalxmaları üçün xüsusi lift quraşdırılmışdır.
Məlumat verildi ki, stadionun VİP binası və tribunası da əsaslı surətdə yenidən qurulmuşdur. Burada, həmçinin Türkiyə istehsalı olan mebellərlə təchiz edilmiş 205 nəfərlik restoran yaradılmışdır.
Bildirildi ki, stadionda əlavə olaraq məşqlərin keçirilməsi üçün nəzərdə tutulan mövcud futbol meydançası yenidən qurulmuş, soyunub-geyinmə otaqları, sanitar qovşaqları, duş kabinələri olan bina inşa edilmişdir.
Diqqətə çatdırıldı ki, stadionda ot örtüyünün isitmə sistemini istiliklə təmin etmək üçün qazanxana inşa edilmişdir. Giriş hissədə eyni vaxta 50 nəfərin keçə biləcəyi turniket keçid sistemi quraşdırılmışdır. Stadionun fasadında uzunluğu 30 metr olan elektron monitor quraşdırılmışdır. Burada quraşdırılmış 44 işıqlandırma dirəyinə təhlükəsizlik nəzarət kameraları və səsgücləndirici dinamiklər birləşdirilmişdir. Stadionun daxili və xarici elektrik, su-kanalizasiya, rabitə, internet şəbəkəsi və qaz xətləri tamamilə yenidən qurulmuşdur.
Ərazidə 2 min kvadratmetr sahədə yaşıllaşdırma işləri görülmüşdür.
Prezident İlham Əliyev stadionda görülmüş işlərdən razılığını bildirdi, müvafiq tapşırıq və tövsiyələrini verdi.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov "İqtisadi artım sosial yönümlü və ekoloji cəhətdən davamlı ola bilərmi?" mövzusunda keçiriləcək "Zalsburq trilogiyası" Konfransında iştirak etmək üçün avqustun 17-19-da Avstriyanın Zalsburq şəhərinə səfər edəcək.
XİN-in mətbuat xidmətinin verdiyi məlumata görə, səfər çərçivəsində nazir Elmar Məmmədyarovun Avstriya rəsmiləri, digər ölkələrdən olan iştirakçılar ilə ikitərəfli görüşləri və eyni zamanda tədbirdə çıxışı nəzərdə tutulub.
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Azərbaycanfilm" kinostudiyasında ümummilli lider Heydər Əliyevin həyatından bəhs edən "Ən sadə soyad" adlı bədii filmin çəkilişlərinə başlanılıb. Bu barədə nazirliyin rəsmi saytı xəbər verir.
Cari ilin iyul ayının ortalarından başlanan çəkilişlər Naxçıvan, Moskva, Sankt Peterburq və Riqa şəhərlərində aparılmaqla yarım il davam edəcək.
Üç hissədən ibarət olacaq filmin Heydər Əliyevin anadan olmasından 1969-cu ilə qədər olan həyatını əhatə edən birinci hissəsinin çəkilişləri 2013-cü ilin may ayında (Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində) başa çatacaq.
Filmdə Rusiyadan Konstantin Qluşko, Aleksandr Andreenko, Emmanuil Vitorqan və Yuriy Stoyanov kimi aktyorların iştirakı nəzərdə tutulur.
Ümumilikdə Azərbaycan, Rusiya, Ukrayna və Gürcüstandan olan kinematoqrafçıların rol alacağı ekran əsərində Heydər Əliyev rolunu 5 aktyor canlandıracaq ki, onlar qəhrəmanın həyatının dövlərindən asılı olaraq bir-birini əvəz edəcəklər. H.Əliyevin yaşlı rolunu Rusiyalı aktyor Aleksandr Nikitin ifa edəcək.
Ssenarisi millət vəkili Elmira Axundovanın "Heydər Əliyev", "Şəxsiyyət və epoxa" kitabları əsasında yazılan filmin rejissoru Ramiz Fətəliyevdir.
Türkiyəli müğənni Ceylanın üçüncü evliliyi 20 oktyabr 2011-də olmuşdu. Ceylan bir müddət əvvəl onun boşanması barədə xəbərlərini şayiə adlandırmışdı. O, Twitter səhifəsində əri Güçal Tanörən ilə ayrıldığını rəsmən açıqlayıb. Ceylan bildirib ki, uşaq sahibi olmaq üçün evlənib, ancaq onlarda heç nə alınmayıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında ərizə vermək istəyən abituriyentlərə müraciət edib.
Komissiyanın mətbuat xidmətindən verilən məlumata görə, bu təhsil müəssisələrinə ixtisas seçimi avqustun 19-dan 23-dək internet vasitəsilə aparılacaq. Abituriyentlər elektron ərizədə orta ixtisas məktəblərinin ixtisasları ilə yanaşı, ali təhsil müəssisələrinin boş qalan yerləri olan ixtisaslarının da kodlarını göstərə bilərlər.
İxtisas seçmək hüququ olan abituriyent ali təhsil müəssisələrinin və orta ixtisas təhsili müəssisələrinin təhsili dövlət sifarişi əsasında (dövlət hesabına) və ödənişli əsaslarla olan 20-dək ixtisas kodunu seçə bilər.
Abituriyent seçdiyi ixtisasları www.tqdk.gov.az/ali2012/pageparol.aspx internet ünvanında yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə istədiyi ardıcıllıqla daxil etməlidir.
Ərizəsini təsdiqləmək üçün isə abituriyent TQDK-nın yeni virtual ödəmə kartını almalı və onun şifrindən istifadə etməlidir. Virtual ödəmə kartını plastik kartdan istifadə etməklə http://system.goldenpay.az/tqdk/index.jsp və NETMONEY kartlarından istifadə etməklə www.netmoney.az (www.portmanat.az) internet ünvanlarından əldə etmək olar.
Virtual ödəmə kartlarını SMS-lə əldə etmək istəyən abituriyentlər isə Azercell, Baksel və Nar Mobile nömrələrindən 7725 nömrəsinə SMS göndərməlidirlər. SMS-ə cavab olaraq abonentin telefonuna kartın seriya nömrəsi və Pin kodu göstərilən virtual ödəmə kartı daxil olacaq.
Elektron ixtisas seçimi ərizəsini təsdiqləməyən abituriyentlər müsabiqəyə buraxılmayacaqlar.
Qeyd edək ki, bu il 11 illik təhsil bazasından 54 orta ixtisas təhsili müəssisəsində 8727 plan yeri ayrılıb. Onlardan 7174-si Azərbaycan bölməsi, 36 yer isə Rus bölməsinin abituriyentləri üçün, 1517 plan yerinə isə Azərbaycan və rus bölməsinin abituriyentləri üçün birgə müsabiqə keçiriləcək.
Orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında tələbə qəbulu müsabiqəsi Azərbaycanın ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında toplanılan ballar əsasında aparılır.
Azərbaycan fövqəladə hallar nazirinin iştirakı ilə Zaqatala Rayon İcra Hakimiyyətində müşavirə keçirilib
“Zəlzələ bölgəsində məktəblərin tikintisini yəqin ki, tədris ilinin başlanğıcına - sentyabrın 15-dək yekunlaşdıracağıq. Komissiyaların verdiyi ilk rəylər əsasında tikintisinə başlanan fərdi evlərin inşası isə hesab edirik ki, oktyabrın ortalarına başa çatacaq”. APA-nın yerli bürosunun məlumatına görə, bunu fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Zaqatala Rayon İcra Hakimiyyətində əlaqədar qurumların nümayəndələri və tikinti təşkilatları rəhbərlərinin iştirakı ilə keçirilən müşavirədən sonra jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, sonradan tikintisinə başlanan evlər də soyuqlar düşənədək tikilib əhaliyə təhvil veriləcək.
K. Heydərov müşavirədən əvvəl rayonların İcra Hakimiyyəti başçıları və iş icraçıları ilə birlikdə tikinti aparılan ərazilərə baxış keçirdiklərini deyib: “Tikinti işlərinin sürəti normaldır. Komissiyaların verdikləri ilk rəylər əsasında demək olar ki, hər yerdə tikinti işlərinə başlanıb. Əhalinin müraciətlərinə əsasən, komissiyalar hələ də yerlərdə yoxlamaları davam etdirir, fərdi evlərə təkrar baxış keçirilir. Hazırda zəlzələ bölgəsində 12 işçi qrupu fəaliyyətini davam etdirir”.
Nazirin sözlərinə görə, artıq 3200-ə yaxın evdə tikinti işlərinə başlanıb: “Təkrar yoxlamalar zamanı Şəki də daxil olmaqla, 4 rayonda daha 513 fərdi evin qəzalı vəziyyətə düşdüyü müəyyənləşib və hazırda onların da tikintisinə başlanıb. Eyni zamanda, əlavə olaraq 2 mindən artıq evin bərpa və gücləndirməyə ehtiyacı olduğu müəyyən edilib. Bərpa-gücləndirmə işləri də tikinti şirkətləri tərəfindən həyata keçiriləcək”.
Ötən ay 43 yaşı tamam olan müğənni və aktrisa Cennifer Lopez sevgi axtarışındadır.
Bu barədə C.Lopez "İnStyle" jurnalına açıqlamasında deyib. O deyib ki, "yaxşı oğlan" xüsusiyyəti kişilərdə onu cəlb edən cəhətdir. "Həm ailədə, hə də sevgidə hər şeyə müvəffəq olan yaxşı oğlanları sevirəm", - o qeyd edib.
Bakıda və Abşeron yarımadasında havanın günəşli olacağı gözlənilir. Temperatur gecə 21-26, gündüz 36-38, bəzi yerlərdə 40 dərəcə isti olacaq.
Bakıda gecə 24-26, gündüz 36-38 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan aşağı 755 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 65-75 faiz, gündüz 30-40 faiz olacaq.
Abşeronun çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə, Zuğulbada 26-27, Buzovna, Mərdəkan, Şüvəlanda 27-28, Türkan, Hövsan, Sahil, Şıxda 29-30 dərəcə isti olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında hava yağmursuz keçəcək. Temperaturun gecə 21-26, gündüz 35-38, bəzi yerlərdə 42 dərəcə isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən, yağmursuz keçəcəkdir. Temperaturun gecə 14-18, gündüz 30-35 dərəcə isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında hava yağmursuz keçəcək. Temperaturun gecə 21-26, gündüz 33-38 dərəcə isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında hava əsasən, yağmursuz keçəcək. Temperaturun gecə 19-24, gündüz 33-38 dərəcə olacağı gözlənilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 15-də Beynəlxalq Şahmat Federasiyasının prezidenti Kirsan İlümjinovu qəbul etmişdir.
Beynəlxalq Şahmat Federasiyasının prezidenti Kirsan İlümjinov 1993-cü ildə Azərbaycana ilk səfərini və xalqımızın ümummilli lideri Heydər Əliyevlə görüşünü məmnunluqla xatırladı. O, ötən dövr ərzində respublikamızda gedən sürətli inkişaf proseslərinin şahidi olduğunu dedi.
Beynəlxalq Şahmat Federasiyası ilə ölkəmizin müvafiq qurumları arasında uğurlu əməkdaşlığın həyata keçirildiyini vurğulayan Kirsan İlümjinov rəhbərlik etdiyi təşkilata daxil olan 177 ölkədən ilk dəfə olaraq Azərbaycanda şahmat idman növünün inkişaf etdirilməsi ilə bağlı xüsusi Dövlət Proqramının qəbul olunmasının və bu proqramın uğurla həyata keçirilməsinin önəmini qeyd etdi. Kirsan İlümjinov Dünya Şahmat Olimpiadasının 2016-cı ildə Bakıda keçirilməsi ilə bağlı Beynəlxalq Şahmat Federasiyasının təkliflərini diqqətə çatdırdı.
Azərbaycanlı şahmatçıların müxtəlif beynəlxalq yarışlarda əldə etdikləri nəticələrin razılıq doğurduğunu vurğulayan Prezident İlham Əliyev ölkəmizdə idmanın bütün növlərinin, o cümlədən şahmatın inkişaf etdirilməsi ilə bağlı məqsədyönlü tədbirlərin ardıcıl olaraq həyata keçirildiyini qeyd etdi. Dövlətimizin başçısı Dünya Şahmat Olimpiadasının 2016-cı ildə Bakıda keçirilməsi ilə bağlı təklifləri yüksək qiymətləndirdi. Prezident İlham Əliyev Beynəlxalq Şahmat Federasiyası ilə ölkəmizin müvafiq qurumları arasında əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə əminliyini ifadə etdi.
Azərbaycana qayıtmış Azərbaycan olimpiyaçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər
Bu gün səhər XXX London Yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycan idmançıları vətənə dönüblər.
İdmançıları Heydər Əliyev Beynəlxalq Hava Limanında ictimaiyyət, idman federasiyalarının nümayəndələri qarşılayıblar.
Qeyd edək ki, Azərbaycan XXX London Yay Olimpiya Oyunlarında idmanın 16 növündə 53 idmançı ilə təmsil olunurdu. Azərbaycan Olimpiya Oyunlarında 2-si qızıl, 2-si gümüş və 6-sı bürünc olmaqla 10 medal qazanıb.
Sərbəst güləşçilərimiz Toğrul Əsgərov, Şərif Şərifov Olimpiya çempionu adını qazanıblar, Xetaq Qazyumov bürünc medala layiq görülüb. Yunan-Roma güləşi üzrə yarışlarda Rövşən Bayramov ikinci yeri tutub, Emin Əhmədov isə bürünc medal qazanıb. Qadınlar arasında güləşçimiz Mariya Stadnik olimpiadanın gümüş medalına sahib olub, Yuliya Ratkeviç isə üçüncü yeri tutub.
Boksçularımız Teymur Məmmədov və Məhəmmədrəsul Məcidov bürünc mükafatlara layiq görülüblər. Azərbaycanın ağır atleti Valentin Xristov da bürünc medal qazanıb.
Avqustun 14-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə yeni iqamətgahında iftar süfrəsi açmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iftar mərasimində iştirak etmişdir.
Şeyxülislam Allahşükür Paşazadə iftar süfrəsinə dəvət edilən Rusiya Federasiyasının Şimali Qafqaz respublikalarından gələn din xadimlərini və türkdilli ölkələrdən olan qonaqları dövlətimizin başçısına təqdim etdi.
Prezident İlham Əliyev müqəddəs Ramazan bayramı münasibətilə onları təbrik etdi və ən xoş arzularını çatdırdı.
Sonra şeyxülislam Allahşükür Paşazadə dövlətimizin başçısına yeni iqamətgah barədə məlumat verdi.
Qeyd olundu ki, iqamətgah bir il ərzində ən müasir standartlar səviyyəsində inşa edilmişdir.
Tikinti işləri zamanı dünya, Şərq və Azərbaycan memarlığının, müxtəlif nəqqaşlıq məktəblərinin nadir nümunələrinə geniş yer verilmişdir. Yeni iqamətgah, eləcə də ölkəmizdə inşa edilən və ya yenidən qurulan ziyarətgahlar xalqımızın və Azərbaycan dövlətinin milli mənəvi dəyərlərə, dini etiqad və vicdan azadlığına həssas münasibətinin parlaq göstəricisidir.
Prezident İlham Əliyevə bildirildi ki, yeni iqamətgahda eyni vaxtda 300 nəfər üçün iftar süfrələri təşkil edilə bilər. İqamətgahda dindarların namaz qılmaları və digər dini ayinləri yerinə yetirmələri üçün də müvafiq şərait yaradılmışdır. Müsəlmanların müqəddəs kitabı Qurani-Kərimin nazil olduğu, cənnətin qapılarının açıldığı, on bir ayın sultanı Ramazan ayında istifadəyə verilən yeni iqamətgah Azərbaycan müsəlmanlarına dəyərli töhfədir.
İftar mərasimi Qurani-Kərimdən ayələrin və Ramazan duasının oxunması ilə başladı.
Şeyxülislam Allahşükür Paşazadə mərasimdə çıxış edərək Qurani-Kərimin nazil olduğu, on bir ayın sultanı mübarək Ramazan ayı münasibətilə açılan iftar süfrəsinə dəvəti qəbul etdiyinə görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirdi, bunu İslam dininə ehtiram və milli mənəvi dəyərlərimizə verilən yüksək qiymət olduğunu bildirdi. Şeyxülislam qeyd etdi ki, Ramazan həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət və ruzi ayıdır. Azərbaycanda təşkil olunan iftar süfrələri də ölkəmizdə ənənəvi tolerantlığı və sıx birliyi nümayiş etdirir.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Azərbaycanda sabitlik, inkişaf, birlik, vicdan azadlığı və tolerantlığın hökm sürməsinin ulu öndər Heydər Əliyevin təməlini qoyduğu müdrik siyasət nəticəsində mümkün olduğunu və bu siyasəti Prezident İlham Əliyevin də uğurla davam etdirdiyini vurğuladı. O, respublikamızda gedən sürətli sosial-iqtisadi inkişafı və nümunəvi tolerantlığı beynəlxalq birliyin də etiraf etdiyini diqqətə çatdırdı. Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanın 155 dövlətin səsini qazanaraq BMT Təhlükəsizlik Şurasına üzv seçilməsini ölkəmizin durmadan artan beynəlxalq nüfuzunun daha bir əyani nümunəsi kimi dəyərləndirdi. Respublikamızda milli mənəvi dəyərlərimizin qorunub möhkəmləndirilməsində Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın da xüsusi xidmətlərini vurğulayan şeyxülislam böyük tarixə malik məscid və ziyarətgahlarımızın, sinaqoq və kilsələrin bərpası istiqamətində dövlətin ardıcıl tədbirlər həyata keçirdiyini bildirdi. O, qeyd etdi ki, əgər sovet dövründə respublikamızda cəmi 18 məscid fəaliyyət göstərirdisə, hazırda onların sayı iki minədəkdir.
Şeyxülislam Allahşükür Paşazadə Ramazan ayı münasibətilə Prezident İlham Əliyevə və xalqımıza ən xoş arzularını çatdırdı.
Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyasının rəhbəri Aleksandr Azərbaycanda hökm sürən tolerantlığın beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini bildirdi və ölkəmizin bütün sahələrdə sürətlə inkişaf etdiyini vurğuladı.
Rusiya Federasiyası Qaraçay-Çərkəz və Çeçenistan respublikalarının müftiləri İsmayıl Berdiyev və Sultan Mirzəyev müqəddəs Ramazan bayramı münasibətilə Şimali Qafqaz xalqlarının ən xoş arzularını Prezident İlham Əliyevə və mərasim iştirakçılarına çatdırdılar.
Onlar ölkəmizə hər səfərlərində sürətli sosial-iqtisadi inkişafın şahidi olduqlarını qeyd etdilər.
Prezident İlham Əliyev iftar mərasimində çıxış etdi.
Dövlətimizin başçısı gözəl ənənəyə çevrilən iftar süfrəsini cəmiyyətimizin vahidliyinin, ümumi amallar naminə ölkəmizdə dövlətlə din arasında sıx birliyin bariz nümunəsi kimi dəyərləndirdi. Azərbaycan Prezidenti əsası ulu öndər Heydər Əliyev və şeyxülislam Allahşükür Paşazadə tərəfindən qoyulan bu ənənənin indi də uğurla davam etdirildiyini bildirdi. Dövlətimizin başçısı Azərbaycanda dinlərarası dialoqun nümunəvi xarakter daşıdığını və ölkəmizdə bütün millətlərin nümayəndələrinin bir ailə kimi yaşadıqlarını qeyd etdi. Prezident İlham Əliyev bəşəri dəyərlərə hörmətlə yanaşan, beynəlxalq birliyə inteqrasiya edən Azərbaycanın İslam həmrəyliyinə də töhfələrini əsirgəmədiyini vurğuladı.
Azərbaycanda əsaslı sosial-iqtisadi inkişafa nail olunduğunu bildirən Prezident İlham Əliyev dünyada maliyyə və iqtisadi böhranın hökm sürdüyü indiki dövrdə də respublikamızın uğurlu inkişafını davam etdirdiyini vurğuladı. Dövlətimizin başçısı XXX London Yay Olimpiya Oyunlarında idmançılarımızın uğurlu çıxışlarını ölkəmizin hərtərəfli inkişafının əyani nümunəsi və bu sahənin tərəqqisi üçün dövlət səviyyəsində aparılan məqsədyönlü siyasətin məntiqi nəticəsi kimi dəyərləndirdi.
Prezident İlham Əliyev şeyxülislam Allahşükür Paşazadənin Vətən qarşısında xüsusi xidmətlərinin olduğunu və onun beynəlxalq səviyyədə də böyük nüfuz qazandığını bildirdi.
Dövlətimizin başçısı iftar mərasimi iştirakçılarına və xalqımıza Ramazan ayı münasibətilə ən xoş arzularını çatdırdı.
Sonra iftar süfrəsi açıldı.