İlham Əliyev yüksək tribunadan Ermənistandakı Atom Elektrik Stansiyasının təhlükə mənbəyinə çevrildiyini bəyan edib.
Koreya Respublikasının paytaxtı Seul şəhərində keçirilən Nüvə Təhlükəsizliyi Sammiti martın 27-də öz işini davam etdirib. Sammitdə Azərbaycan prezidenti İlham Əliyev çıxış edib. Sammitin ikinci günü nüvə təhlükəsizliyi sahəsində milli tədbirlərin təhlilinə və fiziki nüvə təhlükəsizliyinin möhkəmləndirilməsində beynəlxalq əməkdaşlığa həsr olunub. Zirvə görüşündə dünya liderləri nüvə terrorizminin qarşısının alınması üzrə uzunmüddətli və səmərəli beynəlxalq əməkdaşlıq məsələsində yeni səylər haqqında fikir mübadiləsi aparıblar. Sammit iştirakçıları məsələ ilə bağlı son iki ildə əldə edilən irəliləyişə baxmayaraq, nüvə terrorizmi təhlükəsinin hələ də mövcud olduğunu və bu təhlükənin qarşısının alınması üçün dünyanın düzgün istiqamətdə irəlilədiyini bildiriblər. Sammitin birinci plenar iclasında çıxış edən Azərbaycan prezidenti İ. Əliyev nüvə təhlükəsizliyinin bu gün dünya üçün, o cümlədən Azərbaycan üçün mühüm məsələ olduğunu deyib. Dövlət başçısı Azərbaycanın nüvə təhlükəsizliyi ilə bağlı dünyada qəbul edilən qərarlara hörmətlə yanaşdığını diqqətə çatdırıb. Prezident bildirib ki, Azərbaycan bu qərarları yerinə yetirir, beynəlxalq birliyin bu istiqamətdə səylərini dəstəkləyir və bundan sonra da dəstəkləyəcək. Dövlət başçısı regionda nüvə təhlükəsizliyi məsələsinə toxunaraq bildirib ki, 1976-cı ildə Ermənistanda tikilən Atom Elektrik Stansiyası köhnəlib, müasir standartlara cavab vermir və seysmik zonada yerləşir. Bütün bunlar Ermənistandakı Atom Elektrik Stansiyasını təhlükə mənbəyinə çevirib. Prezident sammitin müasir dünyada nüvə təhlükəsizliyinə dair çağırışlarla bağlı müzakirələrin aparılması baxımından səmərəli nəticələr verəcəyinə əminliyini vurğulayıb. Zirvə görüşündə nüvə terrorizmi təhlükəsinin qarşısının alınması üçün daha ciddi tədbirlərin görülməsi və yeni öhdəliklərin götürülməsi niyyəti ilə 50-dən çox ölkənin dövlət və hökumət rəhbərinin Seulda danışıqlar masası arxasında bir araya gəlməsinin bu sahədə yeni, daha real addımların atılacağına ümidlər yaratdığı və bunun nəticəsi kimi dünya əhalisinin özünü nüvə terrorizmindən təhlükəsiz hiss edəcəyi vurğulanıb. Toplantıda atom energetikası obyektlərində terror təhlükəsinin qarşısının alınması, yüksək zənginləşdirilmiş uran və plutonium kimi xammalın istifadəsini minimuma endirməklə bağlı məsələlər də müzakirə olunub. Diqqət yetirilən əsas məsələlərdən biri də nüvə enerjisindən və radioaktiv materiallardan məkrli məqsədlərlə istifadənin qarşısının əvvəlcədən alınması olub. İclasın yekununda liderlər birgə foto çəkdiriblər. Sonra dövlət və hökumət başçılarının şərəfinə işçi nahar verilib. Azərbaycan prezidenti İlham Əliyev naharda iştirak edib. Günün ikinci yarısında sammitin ikinci qapalı plenar iclası keçirilib. Sammitdə yekun kommunike qəbul olunub və növbəti nüvə təhlükəsizliyi sammitinin 2014-cü ildə Niderlandda keçirilməsi qərara alınıb.
Abşeron rayonunun Masazır qəsəbəsində sürüşmə və uçqun prosesləri aktivləşib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının baş mühəndisi Şaiq Niftiyev bildirib ki, uçqunun qaş hissəsi getdikcə fərdi yaşayış evlərinə yaxınlaşır. Torpaqdan olan axın tipli proseslər - qruntun axması intensivləşir. Artıq bu proseslər bir ev üçün təhlükə yaradıb. "Uçqun artıq evə çox - 6-8 metr məsafəyədək yaxınlaşıb. Uçqunun altı yuyulub gedir. Yamacın alt hissəsində güclü aşınma prosesləri gedir. O istənilən an qalan həmin 6-8 metrlik kütləni də uçurub apara bilər", - baş mühəndis əlavə edib.
O bildirib ki, Masazırda dünən keçirilmiş monitorinqin nəticələri bu gün Nazirlər Kabinetinə (NK) təqdim ediləcək. Həmin monitorinqin nəticələrinə görə, Masazırda sürüşmə və uçqun prosesləri paralel olaraq baş verir. Orada sürüşmə axma tiplidir. Ərazidəki torpaq çox güclü qrunt suları tərəfindən nəmlənib, axıcı plastik vəziyyətə gəlib. Bunlardan əlavə, ətraf ərazilərdə də yeraltı suların səviyyəsi qalxıb. Axma artıq evlər istiqamətində hərəkət edir. "Ora lokal sahə olsa da, proseslər intensivdir. Vəziyyət o qədər də xoşagələn deyil", - Niftiyev bildirib. Baş mühəndis əraziyə daxil olan suların qarşısını almaq üçün yerli bələdiyyə tərəfindən tədbirlərin həyata keçiriləcəyini söyləyib. Onun sözlərinə görə, əraziyə suların daxil olmasının qarşısı alınsa, vəziyyət stabilləşə bilər. NK-ya bununla bağlı bu gün təqdim ediləcək tədbirlər planındakı əsas tədbir də üst və qrunt sularının əraziyə daxil olmasının qarşısını almaqdır.
Niftiyev Bakıdakı sürüşmə sahələrində vəziyyətin stabil olduğunu bildirib.
Respublikanın dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir
Martın 28-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, yağıntılı olacağı, yağıntıların gündüz kəsiləcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA-ya verilən məlumata görə, gündüz mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2-4, gündüz 6-9 dərəcə isti olacaq.
Martın 29-da hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Axşam bəzi yerlərdə duman müşahidə ediləcək. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 2-4, gündüz 11-16 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında martın 28-də havanın arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək. Havanın temperaturu gecə 1-5, gündüz 9-14 dərəcə isti,
dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 10-15 dərəcə şaxta təşkil edəcək.
Martın 29-da bölgələrdə hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman müşahidə ediləcək. Cənub-qərb küləyi əsəcək, bəzi dağlıq ərazilərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-6, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 7-12 dərəcə şaxta olacağı proqnozlaşdırılır.
Azərbaycan parlamentinin spikeri qırğızıstanlı və moldovalı həmkarları ilə görüşüb
Qazaxıstanın Almatı şəhərində keçirilən MDB Parlament Assambleyasının toplantısı çərçivəsində Azərbaycan və Qırğızıstan parlament sədrlərinin ikitərəfli görüşü olub. Bu barədə Qazaxıstan KİV-i məlumat verib. Milli Məclisin sədri Oqtay Əsədov və Qırğızıstan parlamentinin (Joqorku Keneşi) sədri Asılbek Jeenbekovun görüşündə ölkələr arasında ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib.
Səfər çərçivəsində O.Əsədov həmçinin Moldova parlamentinin sədri Marian Lupu ilə də görüşüb.
ATƏT-in Bakı Ofisi Azərbaycanın ATƏT-ə üzv qəbul olmasının 20 illiyi münasibətilə bir sıra tədbirlər keçirəcək. ATƏT-in Bakı Ofisinin mətbuat katibi Rəşad Hüseynovun verdiyi məlumata görə, 15-29 aprel tarixlərində gerçəkləşəcək tədbirlərə dəyirmi masalar, diskussiyalar, universitetlərdə görüşlərin keçirilməsi, vətəndaş cəmiyyəti ilə görüşlər daxildir.
Xatırladaq ki, Azərbaycan 1992-ci ilin yanvarında ATƏT-ə üzv qəbul olunub. ATƏT-in Bakı Ofisi ATƏT Daimi Şurasının 1999-cu il noyabrın 16-da qəbul etdiyi qərar əsasında təsis olunub və 2000-ci ilin iyulundan fəaliyyətə başlayıb.
Martın 20-dən etibarən Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunur.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyətinə dair verdiyi məlumatda bildirilir. Məlumata əsasən, hazırda Kür çayının Surra məntəqəsində suyun səviyyəsi 56, Şirvanda 36, Bankədə 26, Salyanda 35, Araz çayının Novruzlu məntəqəsində isə 40 santimetr azalıb. Surra məntəqəsində suyun səviyyəsi 664, Şirvanda 577, Salyanda 510, Bankədə 345, Araz çayının Novruzlu məntəqəsində isə 410 santimetr təşkil edir.
Hazırda Böyük Qafqazın çaylarında sululuq ongünlük normanın 100-220, Kiçik Qafqazın çaylarında 95-100, Lənkəran-Astara bölgəsi çaylarında 65-105, Naxçıvan Muxtar Respublikası çaylarında isə normanın 30-35 faizini təşkil edir. Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 163 kubmetr/saniyə, ongünlük normanın 53 faizinə bərabərdir. Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 95,0 kubmetr/saniyə olmaqla, ongünlük normanın 85 faizini təşkil edir.
Sabahdan Azərbaycan ərazisində hava soyuyacaq, bəzi yerlərdə qar yağacaq. Martın 27-si və 28-də Azərbaycanın dağlıq və dağətəyi rayonlarında sulu qar və qar yağacağı gözlənilir. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev məlumat verib. A. Verdiyevin sözlərinə görə, bölgələrdə martın 27-də arabir yağıntı olacaq, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacaq. Bəzi yerlərdə yağıntının intensiv olacağı ehtimalı var. Bölgələrdə qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Temperatur aran rayonlarda gecə 3-7, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz isə 3-8 dərəcə isti gözlənilir. Martın 28-də isə arabir yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı gözlənilir. Bəzi yerlərdə qarın intensiv olacağı ehtimalı var. Havanın temperaturu gecə aran rayonlarında 0-4, gündüz 8-12 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq. Abşeron yarımadasında isə martın 27-də buludlu hava şəraiti üstünlük təşkil edəcək, gecə və səhər bəzi yerlərdə zəif duman olacağı, axşama doğru yağış yağacağı gözlənilir. Bakı və Abşeronda külək olacaq, gecəyə doğru yarımadanın bəzi yerlərində külək güclənəcək. Temperaturun gecə 2-5, günün birinci yarısında 11 dərəcəyədək, günün ikinci yarısında isə 4 dərəcəyədək isti olacağı gözlənilir. Martın 28-də isə paytaxtda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək, yağıntılı olacaq. Gündüz yağıntının tədricən kəsiləcəyi gözlənilir. Gündüz mülayim şimal küləyi əsəcək, temperatur gecə 2-4, gündüz 6-9 dərəcə isti olacaq.
”Azərbaycan torpaqlarının erməni işğalı altında olması hamıdan çox bizi üzür”
“Biz ATƏT-in Minsk qrupunu çox passiv görürük. Minsk qrupu ya öz üzərinə düşən vəzifəni yerinə yetirərək Azərbaycanla Ermənistan arasında konsensus yaratmaq üçün nəticə əldə etməli, ya da “bu işi görə bilmirik, bacaran gəlib bu işi görsün”, deməlidir. Ya bu işi görsün, ya da görə bilmədiyini etiraf etsin”. Bunu Türkiyənin Avropa Birliyi naziri və baş müzakirəçisi Egemen Bağış bildirib.
E. Bağış deyib ki, Türkiyə Azərbaycanın sevincini öz sevinci, kədərini öz kədəri kimi qəbul edir: “Bu gün Azərbaycan torpaqlarının iyirmi faizinin erməni işğalı altında olması hamıdan çox bizi üzür. Ona görə də mən dedim ki, kaş Ermənistan “Eurovision”dan çəkilmək yerinə Qarabağdan çəkiləydi. Onda bu problem də həll edilərdi”.
“Avropa İnsan Haqları Məhkəməsi İsveçrənin söz və fikir azadlığını məhdudlaşdırdığına dair qərar qəbul edərsə, Türkiyə “soyqırım” qərarı qəbul etmiş Avropa Birliyi ölkələrinin parlamentlərinə qərarları ləğv etmələri üçün təzyiq göstərməyə başlayacaqmı” sualına isə nazir belə cavab verib: “İsveçrə Avropa Birliyinin üzvü olan ölkə deyil, ona görə də İsveçrənin qərarı birlik ölkələrinə aid ola bilməz. İsveçrənin də, başqa ölkələrin də tarixi məsələləri müzakirə etməyi yasaqlaması ifadə azadlığı prinsipinə, Avropa Birliyinin dəyərlərinə və Avropa Şurasının fundamental quruluş fəlsəfəsinə ziddir. Belə bir qərar ola bilməz”.
NATO Parlament Assambleyasının (NATO PA) prezidenti Karl Lamersin Azərbaycana səfəri planlaşdırılır.
Diplomatik mənbələrdən APA-ya verilən məlumata görə, konkret tarixi mediaya açıqlanmayan səfərin cari ilin ortasında baş tutacağı gözlənilir.
Səfər çərçivəsində K. Lamersi NATO PA-nın Siyasi Komitəsinin üzvlərindən ibarət nümayəndə heyəti müşahidə edəcək.
Martın 16-da Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə “Eurovision–2012” mahnı müsabiqəsinin keçirilməsi ilə bağlı yaradılan Təşkilat Komitəsinin növbəti iclası olmuşdur.
İclasda Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsi ilə bağlı fəal hazırlıq işlərinin aparıldığını bildirdi.
Azərbaycanın birinci xanımı “Eurovision-2012” mahnı müsabiqəsinin ən yüksək səviyyədə keçirilməsinin vacibliyini vurğuladı və Təşkilat Komitəsi üzvlərinin diqqətinə çatdırdı ki, bu istiqamətdə bir çox məsələlər artıq həllini tapmış, amma bununla belə icrası vacib bəzi məsələlər də vardır.
“Eurovision-2012” mahnı müsabiqəsinə iki aydan az vaxtın qaldığını deyən Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva qeyd etdi ki, yarışmanın keçirilməsi ilə bağlı hər istiqamət üzrə plan hazırlanmışdır.
Sonra Təşkilat Komitəsinin üzvlərinin “Eurovision-2012” mahnı müsabiqəsinin keçirilməsi üzrə görülən işlər barədə məlumatları dinlənildi. Bildirildi ki, həm şounun təşkili, həm də müsabiqəyə hazırlıqla bağlı işlər sürətlə gedir. Avropa Yayımları Birliyinin mütəxəssisləri görülən işləri yüksək qiymətləndirmişlər. Martın 19-20-də 42 ölkənin nümayəndəsi Bakıda toplaşacaq və müsabiqə ilə bağlı hazırlıq işləri ilə tanış olacaqlar.