Bakıda 77 yaşlı qadının meyiti tapılıb
13 may 2012 06:22

 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermir.

Fövqəladə Hallar Nazirliyinin rəsmi saytı məlumat verir ki, Yasamal rayonunda mənzildə bağlı qapı arxasında 1935-ci il təvəllüdlü qadın köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının damından enərək 3-cü mərtəbədəki mənzilə pəncərədən daxil olublar. Mənzilə baxış keçirilərkən Həsənova Lilya Nikalayevna hərəkətsiz vəziyyətdə aşkarlanıb.

Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə nəticəsində Həsənovanın vəfat etdiyi müəyyən olunub. Onun cəsədi xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.

Tacikistanda 5,7 bal gücündə zəlzələ baş verib
13 may 2012 06:16

 

Tacikistanda gecə saatlarında 5,7 bal gücündə zəlzələ baş verib.

Bu barədə məlumatı ABŞ-ın Seysmoloji Xidməti yayıb. Zəlzələnin episentri Kulyab səhərində 99 km şimal-şərqdə, Düşənbədən 145 km şərqdə qeydə alınıb, mərkəzi isə yer səthinin 10 km dərinliyində olub. Tələfat və dağıntılar barədə xəbər verilmir.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın "012 Bakı Public Art Festivalı" çərçivəsində təqdim olunmuş "Beyin" əsəri qeyri-ənənəvi memarlığın ən yüksək nümunəsidir
12 may 2012 06:01

 

Mayın 11-də Bakıda, Neftçilər prospektində, Qız qalasının yanındakı boş sahədə “YARAT!” qeyri-kommersiya təşkilatının Birinci “012 Bakı Public Art Festivalı” çərçivəsində rəssam, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Beyin” əsəri təqdim edilmişdir.

Tədbirdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iştirak etmişdir.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva əsəri haqqında məlumat vermişdir. Bildirmişdir ki, “Beyin” memarlıq obyekti formal baxımdan qeyri-adi dərəcədə paradoksaldır və bu səbəbdən də hiper-simvolikdir. Müəllif tərəfindən yaradılmış bu qeyri-ənənəvi memarlıq nümunəsi beynin yox, ürəyin üçölçülü plastik “təsvirini” əks etdirir...          

Yəni müəllif fiziki ürəyi beyin adlandırır və bununla da hər dəfə təzadlarla və yaxud paradoksla üzləşən zaman bizim qavramamızı itiləşdirir. Axı, məhz bu, şüurlu olaraq şeyləri öz adı ilə çağırmamaq əməliyyatı və beləliklə də məna və məntiqi təzadın yaranması bütün işin məğzini təşkil edir. Bu situasiyada həmin fikir öz mənbəyini qədim dini nəzəriyyələrdən alır ki, burada da çox zaman Ürək məkandan xaric Müdrikliyi özündə var edən sırf düşünmə orqanı kimi, gerçəkliyi ayıran, deməli, qeyri-həyati olan Beyinə əks kimi göstərilir... Bu nəzəriyyələrə əsasən, Beyin təhlil edir, ayırır, bütövü bölür və detalları araşdırır; Ürək isə intuitiv olaraq məğzin özünə nüfuz edir, bütövün hissələrini özündə birləşdirir və bütün təzadları dəf edir. Lakin bu nəzəriyyələrdə, ŞÜUR adlı belə bir bütöv anlayış da mövcuddur ki, bu da Ürəyin qaynar müdrikliyini və Beynin soyuq səmərəliliyini birləşdirən güclü mental sahəni özündə əks etdirir. Hətta “ağılın ürəyə enməsi” kimi belə bir ifadə vardır ki, bu da mənəvi mücahidin aydınlaşması prosesini simvolizə edir.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “YARAT!” qeyri-kommersiya təşkilatının rəhbəri Aida Mahmudovaya yaradıcı insanların əsərlərinin nümayiş olunduğu belə bir festivalın təşkilinə görə təşəkkürünü bildirmişdir.

Əsərlə tanış olarkən biz “Beyin” obyektini yüksək mənəvi sintezin simvolu kimi dəyərləndiririk. Şirvanşahlar dövlətinin hakimiyyəti dövründə Ürək simvolu kimi çiçəklənən və şöhrət qazanan Bakı şəhəri, regionun ən gözəl və bənzərsiz şəhərlərindən birinə çevrilmiş, Beyin simvolu kimi hesab olunan aktiv intellektual fəaliyyət mərkəzi olmuşdu.

Bakı şəhərini yüksək mənəvi sintezin simvolu kimi təsəvvür etmək olar. Məhz bu nöqteyi-nəzərdən fiziki ürəyi vizuallaşdıran “Beyin” art obyekti Bakı şəhərinin simvolu kimi təqdim olunur.

Tarixə nəzər salsaq görərik ki, Azərbaycan ərazisində ən qədim dövlət olan Manna miladdan əvvəl IX əsrdə Urmiya gölünün sahilində yaranmışdır. Bu dövlətin mərkəzi şəhəri İzirtu olmuşdur. Mannanın əmələ gəlməsi – tarix yolunun əvvəlidir. Müasir Azərbaycanın tarixində paytaxtı Qazaka şəhəri olmaqla miladdan əvvəl 321-ci ildə əsası qoyulan və VII əsrə qədər mövcud olmuş Atropatena dövləti əhəmiyyətli rol oynamışdır. Sasani dövlətinin ərəblər tərəfindən işğalı nəticəsində Atropatena ərazisi Xilafətin tərkibinə Azərbaycan vilayəti kimi daxil edilmişdir. Ərəb xilafətinin işğal edilən ərazilər üzərində siyasi hakimiyyətinin zəifləməsi nəticəsində müstəqil feodal dövlətlər təşəkkül tapmağa başlamışdır. Onlardan biri Şirvanşah-Məzyədi dövləti olmuşdur. 1192-ci ildə Şamaxıda baş verən dağıdıcı zəlzələdən sonra Dərbəndilər sülaləsindən şirvanşah I Axsitan şirvanşahların mərkəzi iqamətgahını Şamaxıdan Bakıya köçürmüşdür. Dərbəndilərin hakimiyyət illəri (1382-1538-ci illər) Şirvanşahlar dövlətinin hakimiyyətinin ən mütərəqqi dövrü hesab edilir. VI-XVI əsrlər boyu min illik hakimiyyət ənənəsinin qorunmasında Şirvanşahların rolu danılmazıdır. Xəlilüllah ibn İbrahim Dərbəndi Bakı şəhərini abadlaşdırmış, ayrılıqda hər tikilisinin formalarının incəliyi və dekoru ilə seçilən Şirvanşahlar sarayını inşa etdirmişdir. Yaxında yerləşən dağların quyularından kəhrizlər vasitəsilə qalaya içməli su çəkdirmiş, karvansaraların tikintisinə diqqət yetirmişdir. Azərbaycan ərazisində parçalanma dövründə, 1748-ci ildə I Mirzə Məhəmməd tərəfindən mərkəzi Bakı şəhəri olmaqla Bakı xanlığının əsası qoyulmuşdur.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda dünya siyasəti ixtisası üzrə təhsil almışdır. O, həmçinin “Baku” jurnalının təsisçisi kimi də Azərbaycan mədəniyyətinin inkişafında yaxından iştirak edir. Onun xarakterik və ekspressiv qrafik əsərləri Bakıdakı Müasir İncəsənət Muzeyinin kolleksiyasında saxlanılır.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın əsərləri 2011-ci ildə Bakıda “Qız qalası” İkinci Beynəlxalq incəsənət festivalında, “Ön söz” - “YARAT! Müasir İncəsənət Məkanı” tərəfindən təşkil edilmiş sərgidə nümayiş etdirilmişdir. 2012-ci ildə Londonun məşhur “Phillips de Pury & Company” sərgi qalereyasında və Parisin məşhur Salomon de Rotşild malikanəsində keçirilmiş “Bakıya uçuş: Müasir Azərbaycan incəsənəti” sərgilərinin təşkili ideyası da Leyla Əliyevaya məxsusdur. Onun müəllifi olduğu “Nar”, “Nar ağacı”, “Həyat davam edir” və digər rəsm əsərləri də orijinallığı ilə geniş tamaşaçı auditoriyasının qəlbinə yol tapır.

“012 Bakı Public Art Festivalı”nda həm tanınmış, həm də yeni fəaliyyətə başlayan 21 rəssam iştirak edir. Onlar Bakıda tarixi keçmişi olan bir sıra yerləri əsərlərində əks etdirmişlər. Layihə sentyabrın 1-dək davam edəcəkdir.

Mayın 12-nə Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
12 may 2012 05:55

 

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Temperatur gecə 15-18° isti, gündüz 25-29° isti olacaqdır.

Bakıda gecə 16-18° isti, gündüz 27-29° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 761 millimetr civə sütunundan 758 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 70-80 faiz, gündüz 60-65 faiz olacaq.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.

Temperaturun gecə 13-18°, gündüz 27-32° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə saatlarında bəzi yerlərdə şimşək çaxacağı, lokal qısamüddətli yağış yağacağı ehtimalı var.

Temperaturun gecə 7-11°, gündüz 17-22° isti olacağı gözlənilir.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə saatlarında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.

Temperaturun gecə 13-18°, gündüz 25-30° isti olacağı gözlənilir.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran,  Quba-Qusar-Xaçmaz rayonlarında gündüz əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, lokal qısamüddətli yağış yağacağı ehtimalı var.

Temperaturun gecə 11-16°, gündüz 24-28° isti, dağlarda gecə 6-11° isti, gündüz 18-23° isti olacağı gözlənilir.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə saatlarında bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.

Temperaturun gecə 15-20°, gündüz 27-32° isti olacağı gözlənilir.

Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.

Temperaturun gecə 15-19° isti, gündüz 25-30° isti, dağlarda gecə 10-15° isti, gündüz 20-25° isti olacağı gözlənilir.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva "EuroClub"da görülmüş işlərlə tanış olub
12 may 2012 05:53

 

Mayın 11-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, “Eurovision-2012” mahnı müsabiqəsinin Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva Bakıdakı “EuroClub”da görülmüş işlərlə tanış olmuşdur.

Burada Mehriban xanım Əliyevaya “EuroClub”da görülən işlərlə bağlı ətraflı məlumat verilmişdir.

Bildirilmişdir ki, “EuroClub” “Eurovision” mahnı müsabiqəsi tarixində şounun bütün iştirakçılarına təqdim olunan ən möhtəşəm məkanlardandır. “EuroClub”un məqsədi bütün “Eurovision-2012” yarışması iştirakçılarının əyləncələrini təmin etməkdir. Akkreditasiyadan keçmiş bütün şəxslər burada təşkil olunan tədbirlərdə iştirak edə biləcəklər. Eyni zamanda, ayrı-ayrı ölkələrin “Eurovision-2012” mahnı müsabiqəsində təmsilçiləri “EuroClub”dan özlərinin təbliğat vasitəsi kimi də istifadə edəcəklər. Başqa sözlə, iştirakçılar onların ixtiyarına veriləcək bu möhtəşəm səhnədə mahnılarını ifa edib fanatları və nümayəndə heyətlərinin üzvləri ilə əlavə təmasda olacaqlar. Burada, həmçinin hər bir nümayəndə heyəti öz gecələrini keçirəcəklər. İştirakçılar böyük səhnəsi olan “EuroClub”da disko-zalın, barın və restoranın xidmətindən yararlana biləcəklər.

Məlumat verilmişdir ki, hər gün “EuroClub”da musiqiçilərin ifasında canlı və dicelərin (dj) ifasında müxtəlif janr və mövzulu musiqilər, rəqslər və digər şou proqramlar təqdim ediləcəkdir. Bu da Bakı “EuroClub”unun özəlliklərindən biridir. Həm həcminə, həm də təqdim edilən müasir işıq və səhnə avadanlığına görə Bakı “EuroClub”u uzun müddət “Eurovision” fanatlarının və iştirakçılarının yadında qalacaqdır.

Bildirilmişdir ki, eyni vaxtda 3 min nəfərin əylənməsi üçün nəzərdə tutulan “EuroClub”da bir neçə rəsmi ziyafətin - “Eurovision”un rəsmi açılış mərasiminin, hər yarımfinaldan sonra finala vəsiqə qazanan qaliblər üçün ziyafətlərin və final konsertindən sonra vida gecəsinin təşkili də nəzərdə tutulmuşdur.

“EuroClub”da görülmüş işlərlə yaxından tanış olan Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, “Eurovision-2012” mahnı müsabiqəsinin Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva Bakıda qarşıdakı musiqi yarışmasının yüksək səviyyədə keçirilməsində bu klubun əhəmiyyətli rol oynayacağına əmin olduğunu bildirmişdir.

Lənkəranda yol qəzasında bir nəfər ölüb
12 may 2012 05:45

 

Lənkəranda ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib. Lənkəran Şəhər-Rayon Polis Şöbəsindən (ŞRPŞ) verilən məlumata görə, hadisə ötən axşam saat 21.30 radələrində şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Lənkəran şəhər sakini, 1963-cü il təvəllüdlü Nazim Adil oğlu Səfərovun idarə etdiyi “VAZ-2109” markalı, 10 HA 568 dövlət nömrə nişanlı avtomaşın qarşı tərəfdən gələn Bakı şəhər sakini Natiq Əliyevin idarə etdiyi “Mersedes” markalı, 10 VJ 860 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Nəticədə “VAZ-2109” markalı avtomobilin sürücüsü aldığı müxtəlif dərəcəli bədən xəsarətlərindən hadisə yerindəcə dünyasını dəyişib. İlkin versiya kimi hadisəyə hər iki avtomobilin sürət həddini aşmasının səbəb olduğu bildirilir.

 Faktla bağlı Lənkəran ŞRPŞ-də Azərbaycan Respublikası CM-nin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Prezident İlham Əliyev Heydər Əliyev prospektinin Suraxanı rayonu ərazisindən keçən hissəsində yeni salınmış parkın açılışında iştirak edib
11 may 2012 16:26

 

Azərbaycan prezidenti İlham Əliyev Heydər Əliyev prospektinin Suraxanı rayonu ərazisindən keçən hissəsində yeni salınmış parkın açılışında iştirak edib.

Dövlət başçısı ərazinin əvvəlki və hazırkı görkəmini əks etdirən fotolara baxıb. Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Azərbaycan Prezidentinə məlumat verib ki, parkın salınmasına 2011-ci ilin sonunda başlanılıb. Bu, Suraxanı rayonu ərazisində sayca beşinci parkdır. Bülbülə qəsəbəsinin sakinləri bu parkda mənalı istirahət edə biləcəklər. Parkın ümumi sahəsi 17 min 538 kvadratmetrdir.

Azərbaycan prezidenti “Siyasi partiyalar haqqında qanuna dəyişikliklər barədə” qanunun tətbiqi haqqında fərman imzalayıb
11 may 2012 15:42

 

Azərbaycan prezidenti “Siyasi partiyalar haqqında qanuna dəyişikliklər barədə” qanunun tətbiqi haqqında fərman imzalayıb.

fərmana əsasən, Nazirlər Kabineti üç ay müddətində qanunların və Azərbaycan Respublikası Prezidentinin aktlarının bu qanuna uyğunlaşdırılması ilə bağlı təkliflər hazırlayaraq prezidentə təqdim etməlidir. Bundan başqa Nazirlər Kabineti qanunun 21.4-cü maddəsində nəzərdə tutulmuş siyasi partiyaların maliyyə hesabatlarının formasını, məzmununu və təqdim edilmə qaydasını, həmin qanunun 19.6-cı maddəsinin tələbləri nəzərə alınmaqla, müəyyən etməli, bu qanunun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb prezidentə təqdim etməlidir.

Fərmana əsasən müəyyən edilib ki, qeyd olunan qanunun 19.6-cı və 21.4-cü maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Nazirlər Kabineti, 6-1.2-ci, 12-1.1.3-cü, 14.1-ci, 16.3-cü, 16.4-cü və 16.5-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Ədliyyə Nazirliyi, 12-1.1.2-ci, 17-1.4-cü və 21.2-ci maddələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Maliyyə Nazirliyi həyata keçirir.

Fərmanın 3-cü bəndinə əsasən, Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların qeyd olunan qanuna uyğunlaşdırılmasını təmin etməli və bu barədə Nazirlər Kabinetinə məlumat verməlidir.

ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona səfəri başlayıb
11 may 2012 15:40

 

Həmsədrlərin Azərbaycanın işğal altında olan ərazilərinə planlaşdırdığı səfər hava şəraiti səbəbilə təxirə salınıb

ATƏT-in Minsk Qrupunun həmsədrləri Robert Bradtke, Jak For, İqor Popov və ATƏT-in fəaliyyət olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin regiona növbəti səfəri başlayıb. Həmsədrlər bu gün İrəvana gəliblər.

Sabah vasitəçilər Ermənistan prezidenti Serj Sərkisyan və xarici işlər naziri Edvard Nalbandyanla görüşəcəklər. Həmsədrlərin bu gün Azərbaycanın işğal altında olan ərazilərinə planlaşdırdığı səfər hava şəraiti səbəbilə baş tutmayacaq.

Həmsədrlər mayın 13-də Bakıda gələcək və Azərbaycan prezidenti İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarovla görüş keçirəcəklər.

Azərbaycan prezidenti Sudanın xarici işlər nazirini qəbul edib
11 may 2012 15:37

 

Azərbaycan prezidenti İlham Əliyev mayın 11-də Sudan Respublikasının xarici işlər naziri Əli Əhmed Kartininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Əli Əhməd Kartini Sudan prezidenti Ömər Həsən Əhməd əl-Bəşirin məktubunu və salamlarını dövlət başçısına çatdırıb. O, Azərbaycanın beynəlxalq təşkilatlarda Sudanı dəstəkləməsinə görə minnətdarlığını ifadə edib.

Azərbaycanla Sudanın beynəlxalq təşkilatlarda bir-birinə daim dəstək verməsinin önəmini vurğulayan prezident İlham Əliyev bu əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə əminliyini bildirib. Dövlət başçısı Sudan Respublikasının xarici işlər naziri Əli Əhməd Kartininin ölkəmizə səfərinin ikitərəfli əlaqələrimizin genişləndiriləcəyi işinə xidmət edəcəyinə ümidvar olduğunu vurğulayıb.

TQDK orta məktəblərdə buraxılış imtahanlarının həyata keçirilməsinin müvəqqəti qaydalarını təsdiq edib
11 may 2012 15:35

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə  “Ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsinin (attestasiyasının) həyata keçirilməsinin müvəqqəti qaydaları”nın təsdiq edilməsi haqqında qərar imzalayıb. Bu barədə TQDK-nın mətbuat xidmətindən bildirilib.

Qərara əsasən, “Ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə təhsil alanların biliyinin yekun qiymətləndirilməsinin (attestasiyasının) həyata keçirilməsinin müvəqqəti qaydaları” təsdiq olunub.

Qeyd olunub ki, bu qərar 3 gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməlidir.

Prezident İlham Əliyev Hindistanın Azərbaycandakı səfirini qəbul edib
11 may 2012 15:34

 

Prezident İlham Əliyev mayın 11-də Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Debnat Şounu diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Dövlət başçısı Azərbaycanla Hindistan arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi üçün yaxşı perspektivlərin olduğunu vurğulayıb. Ölkələrimiz arasında münasibətlərin genişləndirilməsi işinə verdiyi töhfəyə görə səfirə təşəkkürünü bildirən prezident İlham Əliyev ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Səfir Debnat Şou Azərbaycanda fəaliyyət göstərməkdən məmnun qaldığını bildirib.

Hindistanlı diplomat ölkəmizdəki fəaliyyəti dövründə ikitərəfli əlaqələrimizin inkişaf etdiyini vurğulayıb.

Azərbaycan paytaxtında havanın temperaturunun 86 illik sutkalıq rekord göstəricisi yenilənib
11 may 2012 09:23

 

Mayın 10-da Bakıda orta sutkalıq temperatur iqlim normasından 6 dərəcə yuxarı olub

Bakı və Abşeron yarımadasında mayın 12-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, şimal-şərq küləyi əsəcək, gecə 15-18, gündüz 25-29 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında mayın 12-də əksər rayonlarda hava şəraitinin, əsasən yağmursuz keçəcəyi, lakin gecə saatlarında bəzi yerlərdə şimşək çaxacağı, lokal qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20, gündüz 27-32, dağlarda gecə 7-11, gündüz 17-22 dərəcə isti olacaq.

Mayın 12-13-də Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Mayın 13-də axşam bəzi yerlərdə qısa müddətli az yağış yağacağı ehtimalı var.

Qeyd edək ki, mayın 10-da Bakıda orta sutkalıq temperatur iqlim normasından 6.0 dərəcə yuxarı olub, havanın maksimal temperaturu isə Bakıda 29.0 dərəcə isti təşkil edib. Bununla, 10 may 1926-cı il tarixində olan sutkalıq rekord göstərici (28.1 dərəcə) yenilənib.

Misir Mərdanov: ““Son zəng” tədbirləri əvvəlki illərdə olduğu kimi, yenə də məktəb daxilində təşkil olunacaq”
11 may 2012 06:26

 

“Orta məktəblərdə “Son zəng” tədbirləri əvvəlki illərdə olduğu kimi, yenə də məktəb daxilində təşkil olunacaq”.

Bunu təhsil naziri Misir Mərdanov bildirib. Nazir “Son zəng” keçirilməsi ilə bağlı 10-15 günə əmr imzalayacağını deyib: “Əvvəlki illərdə atdığımız addımları bu il də atacağıq. Çünki son illər “son zəng”in təşkili ilə bağlı elə bir ciddi problemlə rastlaşmamışıq”.

Azərbaycan FHN: Zəlzələ bölgəsində evi qəzalı vəziyyətə düşən hər ailəyə bir çadır qurulub
11 may 2012 06:25

 

Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) zəlzələ bölgəsindəki operativ qərargahları fəaliyyətini davam etdirir.

Zaqatala, Balakən və Qax rayonlarında təbii fəlakət nəticəsində evləri qəzalı vəziyyətə düşən ailələrin hər biri üçün çadırların qurulması işi artıq başa çatmaq üzrədir.

Məlumatda bildirilib ki, 12 məntəqədə zəlzələdən zərər çəkən ailələrin istirahətini təmin etmək üçün televizor və digər avadanlıqların olduğu iri çadırlar qurulub.

Zəlzələdən zərər çəkənlərə ərzaq və paltar paylanılıb. Suya ehtiyacı olan yerlər nazirliyin xüsusi təyinatlı avtomobilləri ilə içməli su ilə təmin edilir.

Məlumatda o da qeyd edilib ki, bölgədə nazirliyin tikinti sahəsi üzrə mütəxəssisləri, yerli icra hakimiyyəti orqanlarının və rayon maliyyə şöbələrinin nümayəndələrindən ibarət komissiyalar yaşayış və sosial obyektlərin vəziyyətini müəyyən etmək üçün işlərini davam etdirirlər.

Təhsil naziri orta məktəblərində Heydər Əliyevin həyat və fəaliyyətinin daha dərindən öyrədilməsi tədbirləri haqqında əmr imzalayıb
10 may 2012 18:39

 

Təhsil naziri Misir Mərdanov ümumi təhsil məktəblərində Heydər Əliyevin həyat və fəaliyyətinin daha dərindən öyrədilməsi tədbirləri haqqında əmr imzalayıb. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, əmrə əsasən, kinorejissor Vaqif Mustafayevin Heydər Əliyevə həsr edilmiş sənədli filmlərinin xüsusi əhəmiyyətli tədris resursu və tərbiyə vasitəsi olaraq ümumi təhsil məktəblərində sistemli şəkildə nümayişi məqsədəmüvafiq hesab edildiyi üçün Təhsil Nazirliyinin müvafiq şöbə və struktur rəhbərlərinə 1 həftə müddətinə bu işin təşkili üzrə təklif və tövsiyələr hazırlamaq barədə tapşırıq verilib.

 Hər il mayın 10-da ümumi təhsil məktəblərində ilk dərslərin Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunması, bütün ümumi orta və tam orta ümumi təhsil məktəblərində, lisey və gimnaziyalarda tədris ili ərzində daimi fəaliyyət göstərən “Heydər Əliyev lektoriyası”nın yaradılması, tanınmış alim və mütəxəssislərin iştirakı ilə Heydər Əliyevin Azərbaycan dili, ədəbiyyatı və tarixi, iqtisadiyyat, mədəniyyət, incəsənət, milli-mənəvi dəyərlər barədə irəli sürdüyü müddəaların şərhinə həsr olunmuş tədbirlərin təşkili məsələləri də əmrdə əksini tapıb.

 Məktəb kitabxanalarında Heydər Əliyevə həsr olunmuş kitablardan ibarət ayrıca bölmənin yaradılması, bu kitabların məzmunu ilə şagirdlərin tanış olmalarının təmin edilməsi, görkəmli şəxsiyyətlərin H. Əliyev haqqında söylədiyi fikirlərin şagirdlərə çatdırılması, şagirdlər arasında “Dahi rəhbər Heydər Əliyev haqqında bildiklərim” mövzusunda təqdimat müsabiqəsinin keçirilməsi və şagirdləri maraqlandıran digər tədbirlərin təşkili əmrdə ayrıca bəndlərlə verilib.

Bakıda Heydər Əliyev Mərkəzi fəaliyyətə başlayıb
10 may 2012 18:37

 

Bu gün Bakıda Heydər Əliyev Mərkəzinin açılışı münasibətilə mərasim keçirilib.

Mərkəzdə Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü və Heydər Əliyev Fondunun fəaliyyətə başlamasının 8 illiyi münasibətilə təntənəli mərasim də keçirilib.

Mərasimdə Azərbaycan prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri iştirak ediblər.

Prezident İlham Əliyev Mərkəzin açılış mərasimində çıxış edib.

Dövlət başçısı Heydər Əliyev Mərkəzinin nadir memarlıq abidəsi adlandırıb və kompleksin yaradılması ideyasından danışıb.

Prezident mərkəzin layihəsinin müəllifi olan memar Zaha Hadidə və tikintidə iştirak edənlərə təşəkkürünü bildirib.

Prezident Bakının rəmzləri sırasına Dənizkənarı Milli Park, Dövlət Bayrağı Meydanı, Alov qüllələri, “Kristal saray” və Heydər Əliyev Mərkəzinin də daxil olduğunu bildirib.

Prezident Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi illərdə gördüyü işlərdən danışıb: “Heydər Əliyev ölkəyə rəhbərliyi dövründə Azərbaycanın inkişafına çalışıb. Ulu öndər hakimiyyətdən uzaqlaşdırılandan sonra Azərbaycan böyük problemlərlə üzləşdi, Dağlıq Qarabağda separatçılıq meyilləri gücləndi, Qanlı Yanvar hadisəsi, Xocalı soyqırımı baş verdi, torpaqlarımızın işğalı prosesi başladı, ölkə gərgin ictimai-siyasi təzyiqlərlə üz-üzə qaldı. 1993-cü ildə xalqın tələbi ilə ölkədə yenidən rəhbərliyə qayıdan Heydər Əliyevin siyasi iradəsi, müdrikliyi, cəsarəti və xalqın ona olan məhəbbəti sayəsində Azərbaycan üzləşdiyi fəlakətlərdən xilas oldu. Ölkə tərəqqi dövrünə qədəm qoydu, bütün sahələrdə inkişaf meyilləri gücləndi. Ona görə də Heydər Əliyev müasir, müstəqil Azərbaycanın banisi və qurucusudur”.

Prezident son illərdə ölkədə həyata keçirilən siyasi-iqtisadi islahatlardan danışıb, demokratikləşmə prosesinin sürətlə getdiyini bildirib.

Dövlət başçısı Azərbaycanın iqtisadi nailiyyətlərinin beynəlxalq maliyyə qurumları tərəfindən də təsdiqləndiyini qeyd edib: “İndi Azərbaycan güclü iqtisadiyyata və güclü orduya malikdir. Biz heç vaxt imkan vermərik ki, Azərbaycanın suverenliyinə və inkişaf haqqına kimsə müdaxilə etsin”.

Ölkə başçısı Azərbaycanın beynəlxalq təşkilatlarda göstərdiyi prinsipial mövqeyinin milli maraqlara, ədalətə və beynəlxalq hüquqa əsaslandığını vurğulayıb.

Dövlət başçısı Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsini ölkənin diplomatik uğuru olduğunu da qeyd edib. Prezidentin çıxışından sonra Heydər Əliyev Mərkəzi ilə bağlı film nümayiş olunub. Daha sonra Heydər Əliyev Fondunun fəaliyyətinin 8 illiyinə həsr olunmuş mərasim keçirilib.

Mərasimdə çıxış edən Fondun prezidenti Mehriban Əliyeva rəhbərlik etdiyi təşkilatın fəaliyyətindən danışıb, bu qurumun bir çox beynəlxalq layihələrdə uğurla iştirak etdiyini deyib.

M. Əliyeva Bakıda keçiriləcək “Eurovision-2012” beynəlxalq mahnı müsabiqəsinin uğurla başa çatması üçün Heydər Əliyev Fondunun imkanlarını əsirgəməyəcəyini də qeyd edib.

Daha sonra isə Fondun təsis etdiyi “Qızıl çinar” beynəlxalq mükafatının təqdimetmə mərasimi keçirilib. Heydər Əliyev Fondunun təhsil sahəsindəki fəaliyyətinə göstərdiyi dəstəyə görə Litvanın Azərbaycandakı səfiri Kestutis Kudzmanas mükafatla təltif olunub. Beynəlxalq idman yarışlarında Azərbaycanı layiqincə təmsil etdiyinə görə əməkdar idman ustası İlham Zəkiyev də “Qızıl çınar” mükafatına layiq görülüb.

Daha sonra mərasim konsert proqramı ilə davam edib.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə Bakıda təşkil edilmiş Gül bayramında iştirak ediblər
10 may 2012 12:51

 

Mayın 10-da Azərbaycan xalqının ümummilli lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə Bakıda, ulu öndərin adını daşıyan sarayın qarşısındakı parkda möhtəşəm Gül bayramı təşkil edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Gül bayramında olmuşlar.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov dövlətimizin başçısına məlumat verdi ki, səhər tezdən başlayaraq paytaxt sakinləri dünyanın bir sıra ölkəsindən gətirilmiş gül-çiçəklə bəzədilmiş parka gəlirlər.

Müstəqil dövlətimizin xilaskarı və qurucusu, xalqımızın dahi oğlu Heydər Əliyevin əzəmətli abidəsinin ətrafı gül-çiçəyə qərq olmuş, postament ağ güllərlə hörülmüşdür.

Prezident İlham Əliyev və ailə üzvləri ulu öndərin abidəsini ziyarət etdilər, başdan-başa bahar ətirli güllərə qərq olmuş parkın gözəlliyini seyr etdilər.

Müxtəlif güllərdən yığılmış “xalça”lar və türk dünyasının böyük oğlu Heydər Əliyevin tər çiçəklərdən “toxunmuş” portret xalçası orijinallığı ilə göz oxşayırdı. Cürbəcür çiçəklərdən yığılmış “89” rəqəminin təsvir olunduğu kompozisiya da diqqəti cəlb edirdi.

Bu gün xüsusi görkəm almış parkda diqqəti çəkən kompozisiyalardan biri də tarixi abidələrimizin təsviridir. Bu baxımdan Qız qalası, Qoşa Qala qapısının güllərdən hazırlanmış maketi xüsusi fərqlənir. Park həm də nağıllar aləmini xatırladırdı. Burada Azərbaycanın və dünya xalqlarının nağıllarının əlvan güllərdən hazırlanmış qəhrəmanları vardır.

Gül və müxtəlif nağıl qəhrəmanları kimi bəzənmiş, bayramı daha da gözəlləşdirən uşaqlar Prezident İlham Əliyevi və ailə üzvlərini özlərinə xas səmimiyyətlə salamladılar.

Dövlətimizin başçısı və ailə üzvləri uşaqlarla söhbət etdilər, ulu öndər Heydər Əliyevin gül-çiçəyə qərq olmuş abidəsi önündə fidan balalarla xatirə şəkli çəkdirdilər.

Elmar Məmmədyarov: “Qoşulmama Hərəkatının Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə yekdilliklə dəstək verməsinə şadıq”
10 may 2012 12:45

 

“Biz Qoşulmama Hərəkatına üzv ölkələrin BMT-nin dörd qətnaməsində öz əksini tapmış beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə yekdilliklə dəstək verməsinə şadıq”.

Bu fikirləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Misir Ərəb Respublikasının Şarm Əl-Şeyx şəhərində keçirilən Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun iclasında çıxışı zamanı deyib.

 O, adı çəkilən təşkilatın beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasında, regional təhlükəsizlikdən sosial-iqtisadi inkişafa kimi geniş spektrli məsələlərin həllində mühüm rol oynadığını vurğulayıb: “Azərbaycan Qoşulmama Hərəkatı çərçivəsində münasibətlərin inkişafına böyük əhəmiyyət verir. Biz hərəkata üzv ölkələrlə ikitərəfli əlaqələrimizi genişləndirmişik. Azərbaycanın Qoşulmama Hərəkatına üzv bir sıra ölkələrin köməyi ilə bir neçə layihənin həyata keçirilməsinə başlanılıb. Biz bu fəaliyyəti gələcəkdə genişləndirməyi nəzərdə tuturuq”. Xatırladaq ki, Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun iclasında qəbul olunmuş yekun sənəddə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələ də öz əksini tapıb.

Azərbaycanın fövqəladə hallar naziri: “Zaqatalada baş verən zəlzələ nəticəsində son məlumata görə, 3123 tikili uçub və ya zədələnib”
10 may 2012 08:45

 

“Mayın 7-də Zaqatalada baş verən ilk zəlzələnin gücü episentrdə 7 bal olmuşdu.

 Lakin ilk zəlzələ zamanı binalar tam dağılmamışdı. Həmin gün axşam baş verən 5,7 bal gücündə təkanlar isə tikililərin bir hissəsini dağıtdı. Komissiyanın dünən axşama olan məlumatına görə, zəlzələ nəticəsində 3000 minə yaxın ev, həmçinin 123 sosial obyekt uçub və ya zədələnib. Bunlar son məlumatlardır. Lakin dəqiqləşmələr davam edir. Təxmini yekun siyahı yaxın üç-dörd gün ərzində hazır olacaq”. APA-nın məlumatına görə, bunu fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov deyib.

Nazir zəlzələ nəticəsində insan itkisinin olmadığını bildirib.

Azərbaycan prezidentinin ötən gün Zaqatala və Qax rayonlarında olduğunu deyən K. Heydərov dövlət başçısının vəziyyətlə şəxsən tanış olduğunu, müşavirə keçirərək, müvafiq tapşırıqlar verdiyini diqqətə çatdırıb.

Nazir evləri uçmuş sakinlərinin hamısına çadırlar paylandığını bildirib: “Qadınlara, uşaqlara ilkin yardımlar edilib, uşaq yeməkləri paylanıb. Dövlət başçısının tapşırığı ilə Nazirlər Kabineti zəlzələnin fəsadlarının aradan qaldırılması üçün ilkin olaraq 20 milyon manat vəsait ayırıb. Bu bizə imkan verir ki, təhlil işlər aparaq və ilkin yardımları göstərək. Yəqin ki, evlərin və sosial obyektlərin tikintisi üçün əlavə vəsait də ayrılacaq”.

Əhalinin iki gün narahatlıq içində olduğunu qeyd edən K. Heydərov artıq hər kəsin baş verənlərə soyuqqanlı yanaşdığını söyləyib: “Bu gün əhali artıq nə baş verdiyini, bunun təbii fəlakət olduğunu başa düşür. Biz maksimum çalışırıq ki, müvəqqəti məskunlaşma yerlərində, çadırlarda yerləşdirilən şəxslərin rahatlığı təmin edilsin. Həm Səhiyyə, həm də Fövqəladə Hallar nazirliklərinin nümayəndələri tərəfindən sakinlərə tibbi və digər xidmətlər göstərilir. Hazırda əsas qərargahımız Zaqatalada yerləşir. Digər kəndlərdə də qərargahlarımız var”.

Zəlzələnin fəsadlarının aradan qaldırılmasına ümumilikdə nə qədər vəsait ayrılacağı barədə sualına cavabında nazir deyib ki, araşdırmalar tam başa çatmadığına görə bu barədə dəqiq rəqəm söyləmək mümkün deyil: “Hazırda ziyan çəkən evlərin sayı dəqiqləşdirilir. Bu gün səhərə yaxın orada yenə 4 bal gücündə təkan olub. Bu adi vəziyyətdə elə də ciddi rəqəm olmasa da, zədələnmiş tikililər üçün təhlükəlidir”.

 əvvəlki    33  34  35  36  37  38  39  40  41  42  43    növbəti 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.