Lənkəranda ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib. Lənkəran Şəhər-Rayon Polis Şöbəsindən (ŞRPŞ) verilən məlumata görə, hadisə ötən axşam saat 21.30 radələrində şəhərin Heydər Əliyev prospektində qeydə alınıb. Lənkəran şəhər sakini, 1963-cü il təvəllüdlü Nazim Adil oğlu Səfərovun idarə etdiyi “VAZ-2109” markalı, 10 HA 568 dövlət nömrə nişanlı avtomaşın qarşı tərəfdən gələn Bakı şəhər sakini Natiq Əliyevin idarə etdiyi “Mersedes” markalı, 10 VJ 860 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Nəticədə “VAZ-2109” markalı avtomobilin sürücüsü aldığı müxtəlif dərəcəli bədən xəsarətlərindən hadisə yerindəcə dünyasını dəyişib. İlkin versiya kimi hadisəyə hər iki avtomobilin sürət həddini aşmasının səbəb olduğu bildirilir.
Faktla bağlı Lənkəran ŞRPŞ-də Azərbaycan Respublikası CM-nin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.