Fövqəladə hallar naziri Kəmaləddin Heydərov dünən baş vermiş zəlzələ ilə əlaqədar yenidən Zaqatalaya gedib
19 may 2012 11:18

 

Nazir Zaqatalanın bir neçə kəndində yeri sakinlərlə görüşüb, yaranmış problemlərlə tanış olub

Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov ölkənin şimal-qərbində baş vermiş zəlzələ ilə əlaqədar yenidən Zaqatalaya səfər edib. K. Heydərov ötən gün baş verən növbəti zəlzələdən zərər çəkmiş bir neçə kənddə olub, yerli sakinlərlə görüşüb, onların problemləri ilə birbaşa yerində tanış olub.

Qeyd edək ki, mayın 7-də Zaqatalada iki güclü zəlzələ baş verib. Nəticədə 3000 mindən çox tikili uçub və qəzalı vəziyyətə düşüb. Zəlzələnin törətdiyi fəsadları aradan qaldırmaqdan ötrü dövlət büdcəsindən 20 milyon manat vəsait ayrılıb.

Ötən gün axşam saatlarında yenidən Zaqatalada güclü zəlzələ baş verib. Yeraltı təkanların episentrdə (12 ballıq cədvəl üzrə) 6 bal, Zaqatalada və ocağa yaxın məntəqələrdə 5 və 4 bal gücündə hiss olunub. Əvvəlki təkanlarda qəzalı vəziyyətə düşən tikililərin əksəriyyəti uçub. Zaqatala rayon mərkəzi xəstəxanası qəzalı vəziyyətə düşüb.

Misir Mərdanov: “Zaqatala, Şəki və Balakən rayonlarında zəlzələdən ziyan çəkən məktəblərdə tədris dayandırılıb”
19 may 2012 11:16

 

Azərbaycanın Zaqatala, Şəki və Balakən rayonlarında baş verən zəlzələ ilə bağlı əsasən bəzi köhnə məktəb binalarına ziyan dəyib.

Bunu təhsil naziri Misir Mərdanov deyib. M. Mərdanov bildirib ki, hər 3 rayonda ziyan çəkən məktəblərdə tədris dayandırılıb. Həmin məktəblərin buraxılış siniflərinin şagirdləri də buraxılış imtahanlarından azad olunub.                                  

Bundan başqa nazir bildirib ki, Bakıda bəzi orta məktəblərdə dərslərin bir həftə tez başa çatdırılması haqqında tapşırıq olub.

 “Bakının “Evrovision” yarışması keçirilən ərazilərində yerləşən bəzi orta məktəblərdə dərslərin bir həftə tez başa çatdırılması haqqında tapşırıq olub. Bu barədə rəsmi əmr verilməyib. Bu barədə əvvəlcədən bilirdik, məktəblərlə iş aparmışdıq və dərs proqramlarında sıxışdırma olmuşdu ki, tədrisdə boşluq qalmasın”.

Nazir deyib ki, bu işin həyata keçirilməsində heç bir ciddi problem yaranmayacaq.

Nazir dərsləri vaxtından əvvəl dayandırılan 30 məktəbin əsasən, Səbail və Nəsimi rayonlarında yerləşdiyini deyib.

Mayın 19-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
19 may 2012 06:49

 

Bu gün Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Temperatur gecə 16-21 dərəcə isti, gündüz 25-30 dərəcə isti, Bakıda gecə 19-21 dərəcə isti, gündüz 28-30 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Temperaturun gecə 10-15 dərəcə isti, gündüz 28-33 dərəcə isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında gündüz hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Temperaturun gecə 7-12 dərəcə isti, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Ağcabədi, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Temperaturun gecə 15-18 dərəcə isti, gündüz 26-31 dərəcə isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz,Qusar rayonlarında gündüz hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Temperaturun gecə 11-16 dərəcə isti, gündüz 25-30 dərəcə isti, dağlarda gecə 7-11 dərəcə isti, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı ehtimalı var. Temperaturun gecə 16-21 dərəcə isti, gündüz 28-33 dərəcə isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında gündüz hava əsasən yağmursuz keçəcək. Lakin gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.

Temperaturun gecə 17-21 dərəcə isti, gündüz 27-32 dərəcə isti, dağlarda gecə 12-17 dərəcə isti, gündüz 22-26 dərəcə isti olacağı gözlənilir.

Fövqəladə Hallar Nazirliyi baş vermiş zəlzələ ilə əlaqədar Zaqatalaya əlavə qüvvələr göndərib
19 may 2012 06:44

 

Əhali çadır və lazımi tələbat malları ilə təmin olunacaq

Fövqəladə Hallar Nazirliyi (FHN) baş vermiş zəlzələ ilə əlaqədar Zaqatalaya əlavə qüvvələr göndərib. Bu barədə FHN-in saytında məlumat yerləşdirilib.

Məlumatda bildirilir ki, dünən Bakı vaxtı ilə saat 19:46-da Zaqatala rayonundan 15 km cənubda qeydə alınmış zəlzələ ilə əlaqədar bölgəyə Fövqəladə Hallar Nazirliyinin əlavə qüvvələri göndərilib, ehtiyacı olan əhali çadır və lazımi tələbat malları ilə təmin olunacaq.

Qeyd edək ki, ötən gün axşam saatlarında da Zaqatalada güclü zəlzələ baş verib. Yeraltı təkanların episentrdə (12 ballıq cədvəl üzrə) 6 bal, Zaqatalada və ocağa yaxın məntəqələrdə 5 və 4 bal gücündə hiss olunub. Dağıntılar və xəsarət alan var.

“Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar bu gündən Bakının bir sıra küçə və prospektlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb
19 may 2012 06:43

 

Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar paytaxtda nəqliyyat vasitələrinin hansı marşrutlar üzrə hərəkətinə icazə veriləcəyini və məhdudlaşdırılacaq küçə və prospektlərin siyahısını açıqlayıb.

İdarənin şöbə rəisi Kamran Əliyev bildirib ki, mayın 19-dan 28-dək Bakı-Salyan yolunun 14-cü kilometrliyindən Bayıl istiqamətinə avtomobillərin girişi qadağan olunacaq. Maşınlar yalnız kənar keçmə yol ilə şəhərə daxil ola biləcəklər. Bundan başqa 20-ci sahədən Bayıl istiqamətinə avtomobillərin hərəkəti məhdudlaşdırılaraq istiqamət Badamdar qəsəbəsinə yönəldiləcək. Həmçinin Bayıl qəsəbəsindən Neftçilər prospektinə gələn yolda da avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.

Müsabiqənin keçiriləcəyi dövrdə Bülbül və Azadlıq prospektləri ilə Nizami küçəsinin kəsişmələrindən Neftçilər prospektinə doğru, İstiqlaliyyət küçəsi ilə Azərbaycan prospektinin kəsişməsindən Əziz Əliyev küçəsinə doğru, Yusif Səfərov küçəsindən 28 May küçəsinə, Afiyəddin Cəlilov küçəsinin kəsişməsindən Üzeyir Hacıbəyov küçəsinə doğru avtomobillərin hərəkəti məhdudlaşdırılaraq istiqamət dəyişdiriləcək.

K. Əliyev, nəqliyyat vasitəsi sahiblərinə müraciət edərək müsabiqənin keçirildiyi dövrdə adıçəkilən küçə və prospektlərdə, həmçinin Bakının mərkəzi hissələrində şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etməyə çağırıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov isə APA-ya bildirib ki, Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsi zamanı daha bir neçə yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Belə ki, Şeyx Şamil və İstiqlaliyyət küçəsinin kəsişməsindən Azərbaycan küçəsi istiqamətinə, Qoşa Qala qapısı - Gənclər meydanından “5 mərtəbə” dairəsi istiqamətinə, Parlament prospekti – Mehdi Hüseyn küçəsi, Parlament prospekti – M. Müşfiq küçələri kəsişmələrindən, Nərimanov prospekti – M. Müşfiq küçəsi kəsişməsindən, H. Əliyev Mərkəzi yanından Təbriz küçəsi istiqamətinə nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq.

O, həmçinin bildirib ki, “Eurovision-2012” tamaşaçılarını Səməd Vurğun parkı, Azadlıq meydanı, Azneft meydanı, “Dalğa Plaza”nın yanından və Neftçilər prospekti - Muzey Mərkəzinin qarşısından xüsusi ayrılmış avtobuslarla daşınması təmin ediləcək.

Zaqatalada 6 bal gücündə zəlzələ baş verib
19 may 2012 06:36

 

Dünən yerli vaxtla saat 19:46:33-də Zaqataladan 15 km cənubda zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzi yeraltı təkanların episentrdə (12 ballıq cədvəl üzrə) 6 bal, Zaqatalada və ocağa yaxın məntəqələrdə 5 və 4 bal gücündə hiss olunduğu barədə məlumat verib.

Baş vermiş zəlzələ nəticəsində Zaqatala və Qax rayonunda yenidən dağıntılar qeydə alınıb. Hər iki rayonun icra hakimiyyətlərindən verilən məlumata görə, əvvəlki zəlzələdə qəzalı vəziyyətə düşmüş tikililərin böyük əksəriyyəti uçub.

Zaqatala Mərkəzi Rayon Xəstəxanasından verilən məlumata görə, bir neçə nəfər təcili tibbi yardım maşını ilə xəstəxanaya gətirilib. Gələnlərin əksəriyyəti stress keçirmiş insanlardır.

Fövqəladə Hallar Nazirliyi bir nəfərin yüngül xəsarət aldığı barədə məlumat verib.

Zaqatala Rayon Polis Şöbəsindən APA-ya bildirilib ki, zəlzələ baş verən zaman Zaqatala-Muxax yolu ilə hərəkət edən, 21 yaşlı Fərid Hacıömərov idarə etdiyi avtomobili həyəcandan yol kənarındakı ağaca çırpıb. Nəticədə sürücü aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib.

Zaqatala rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Elman Ramazanov APA-ya bildirib ki, hazırda komissiya baş vermiş sonuncu təkan nəticəsində meydana gələn fəsadları araşdırır. O, dağıntılar barədə hesablamalardan sonra məlumat veriləcəyini qeyd edib.

Bakının bəzi məktəblərində dərslər dayandırılacaq
18 may 2012 15:16

 

"Eurovision-2012" Mahnı Müsabiqəsi ilə əlaqədar paytaxtın mərkəzində yerləşən 30-a yaxın məktəbdə 1 həftə müddətində dərslər dayandırılacaq.

 Bunu Bakı Şəhər Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı verib.

Onun sözlərinə görə, bununla bağlı Təhsil Nazirliyi məktəblərə şifahi tapşırıq verib.

Məktəblərdə dərslərin dayandırılmasının məqsədi mərkəzdə yarana biləcək tıxacların qarşısını almaq və məktəblilərin təhlükəsizliyini təmin etməkdir.

Əliqızı deyib ki, mayın 28-i Respublika Günü olduğundan və həmin gün qeyri-rəsmi iş günü hesab edildiyindən şagirdlər məktəbə mayın 29-da gələcəklər. "Son zəng" isə ötən illərdə olduğu kimi, bu il də mayın 31-də keçiriləcək.

Əliqızı bildirib ki, dərslərin dayandırılması məktəblilərin tədrisi üçün problem yaratmayacaq.

"Çünki artıq tədris ili sona çatır. Son bir həftədə demək olar ki, biliklər təkrarlanır. Buna görə də şagirdlər dərslərin dayandırılması səbəbindən proqamdan geri qala bilməzlər", - idarə rəsmisi əlavə edib.

TQDK buraxılış imtahanı ilə bağlı bəzi məsələlərə aydınlıq gətirib
18 may 2012 15:11

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası buraxılış imtahanı verəcək IX sinif şagirdlərini maraqlandıran bəzi məsələlərə aydınlıq gətirib.

Komissiyadan verilən məlumata görə, 9-cu sinif şagirdləri buraxılış imtahanına gələrkən özləri ilə bir sıra sənədlər gətirməlidirlər. Həmin sənədlər "İmtahana buraxılış vərəqəsi", şəxsiyyəti təsdiq edən sənədin əsli (şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə) və təhsil müəssisəsi tərəfindən verilmiş və şagirdin fotoşəkli yapışdırılmış arayışdır (arayışa şagirdin 3x4 sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

Şəxsiyyət vəsiqəsi olmayan 9-cu sinif şagirdləri buraxılış imtahanında şəxsiyyəti təsdiq edən sənəd kimi doğum haqqında şəhadətnamənin əslini və təhsil müəssisəsi tərəfindən verilmiş, fotoşəkil yapışdırılmış arayışı təqdim etməklə iştirak edə biləcəklər.

TQDK buraxılış vərəqələrinin şagirdlərə təqdim olunması ilə bağlı əlavə məlumat verəcək.

Bakıda 30 dərəcə isti gözlənilir
18 may 2012 07:08

 

Sabah Azərbaycanda isti hava şəraiti davam edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, mayın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi axşam şimal küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 16-21, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.

Mayın 19-20-də Abşeron yarımadasında hava şərtaitinin dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında hava gündüz əsasən yağmursuz olacaq. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, şimşək çaxanda arabir güclənəcək. Havanın temperaturu gecə 16-21, gündüz 28-33, dağlarda gecə 7-12, gündüz 19-24 dərəcə isti olacaq.

ATƏT Parlament Assambleyasının 2014-cü ildə illik yay sessiyası Bakıda keçiriləcək
18 may 2012 07:07

 

ATƏT Parlament Assambleyasının (PA) 2014-cü il illik yay sessiyası Bakıda keçiriləcək.

Bunu Milli Məclis sədrinin müavini, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova jurnalistlərə açıqlamasında deyib.

 Bahar Muradova bildirib ki, Azərbaycan tərəfi 2014-cü ildə qurumun yaz sessiyasının Bakıda keçirilməsi üçün müraciət edib: “Amma ATƏT Parlament Assambleyasının baş katibliyi bu müraciətə daha diqqətlə yanaşaraq 2014-cü il illik yay sessiyasının Bakıda keçirilməsi barədə Azərbaycan nümayəndə heyəti ilə söhbət apardı. Bu gün Azərbaycan parlamentinin razılıq məktubu baş katibə göndəriləcək. Məktub artıq hazırdır. İllik sessiyanın Bakıda keçirilməsi Azərbaycan - ATƏT münasibətləri, eləcədə də Azərbaycanın dünyada tutduğu yer baxımından mühüm hadisə olacaq. Bu gündən sessiyaya hazırlığa başlanacaq”.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Bakıda "Afrovision - Afrikadan müasir incəsənət" sərgisinin açılışında iştirak edib
18 may 2012 05:24

 

Mayın 17-də Bakıda, Müasir İncəsənət Muzeyində “Afrovision – Afrikadan müasir incəsənət” sərgisinin açılışı olmuşdur.

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva sərgidə iştirak etmişlər.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sərgi iştirakçılarını salamlayaraq dedi:

- Afrika incəsənəti qeyri-adidir. Çünki buradakı hər bir əsər böyük mənaya malikdir və özündə güclü enerji ehtiva edir. Bu sərgi “Afrovision” adlanır. Burada 11 rəssam tərəfindən yaradılmış müasir sənət nümunələri nümayiş olunur. Onların bəziləri tanınmış və nüfuzlu, bəziləri isə gənc və perspektivli rəssamlardır. Mən sərginin bu muzeydə keçirilməsindən çox məmnunam. Hesab edirəm ki, ümumilikdə, müasir sənət dünyasında Afrika rəssamlarının rolu getdikcə daha da yüksəlir. Ötən 20 ildə Afrika rəssamlarının sayı əhəmiyyətli dərəcədə artmışdır. Azərbaycan mədəniyyətini bütün dünyada təbliğ edən Heydər Əliyev Fondu hər zaman başqa mədəniyyətlərə böyük hörmət və ehtiramla yanaşmışdır. Mənim fikrimcə, Afrika incəsənəti xüsusi əhəmiyyətə malikdir. Çünki Afrika rəssamları insanların emosiyalarını, onların real həyatlarını nümayiş etdirirlər. Mən burada iştirak edənlərin hər birinə təşəkkür etmək istərdim. Heydər Əliyev Fondu rəssamları hər zaman dəstəkləmişdir. Biz Parisdə və Londonda “Bakıya uçuş” sərgisini təşkil etmiş və öz işlərini xaricdə nümayiş etdirmələri üçün Azərbaycandan olan 21 rəssama imkan yaratmışıq. Biz “Bakıya uçuş” sərgisini hələ başa çatdırmamışıq. Sərginin Romada, Nyu-Yorkda, Moskvada və digər şəhərlərdə keçirilməsini planlaşdırırıq. Mən doktor Bernd Kleinə təşəkkür etmək istərdim. Çünki o, bu sərginin keçirilməsinin təşəbbüskarıdır. Buradakı bütün işlər onun şəxsi kolleksiyasındandır. Mən, həmçinin cənab Hazumiyə təşəkkür etmək istərdim. O, böyük heykəltəraş və buradakı işlərdən birinin müəllifidir.

Bu sərgi Azərbaycan əhalisinə Afrika mədəniyyətini kəşf etməyə imkan verəcəkdir. Xüsusilə, əhəmiyyətlidir ki, bu sərgi çox əlamətdar bir gündə təşkil edilmişdir. Çünki bir neçə gündən sonra biz “Eurovision” mahnı müsabiqəsinin ən həyəcanlı anlarının şahidi olacağıq. Ümid edirəm ki, “Afrovision” sərgisi bizə haqqında çox şey bilmədiyimiz dünyanın bir hissəsini kəşf etmək üçün imkan yaradacaqdır.

Çox sağ olun.

Sərgidə alman kolleksioneri Bernd Kleinin kolleksiyasından seçilmiş şedevrlər nümayiş etdirilir. O, Afrikanın müasir incəsənətinin aparıcı kolleksiyalarından birinə malikdir.

Bernd Klein tədbirdə çıxış edərək bu kolleksiyanı uzun illərdir ki, topladığını dedi, iştirakçılara Afrika incəsənəti haqqında məlumat verdi. Sərginin yüksək səviyyədə təşkil edildiyini deyən Bernd Klein Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya təşəkkür edərək dedi: “Mənin minnətdarlıq etmək istədiyim insanlar çoxdur. Lakin mən xüsusi olaraq iki xanıma təşəkkür etmək istərdim. Onlardan biri Mehriban xanım Əliyeva, digəri isə Leyla Əliyevadır. Onlar bu sərginin Bakıda keçirilməsi üçün çox böyük iş görmüşlər”. Heydər Əliyev Fondunun və onun rəhbəri Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinin dünyada təbliği istiqamətində həyata keçirdiyi layihələri yüksək qiymətləndirən Bernd Klein demişdir: “Azərbaycanın fəxr etməli çox şeyi vardır. Lakin bu cür gözəl, ağıllı, vətənpərvər birinci xanımı olmaq hər bir ölkəyə heç də həmişə nəsib olmur. Bilirsiniz ki, birinci xanım nəyisə etməyə qərar verəndə bunu yüksək səviyyədə edir. Bu sözlər həm “Eurovision”a, həm də “Afrovision”a aiddir. Bu sözləri Leyla Əliyeva haqqında da demək olar”.

Leyla Əliyeva sərginin açılışını bildirən lenti kəsdi.

Sonra sərgi ilə tanışlıq oldu. Məlumat verildi ki, ekspozisiyada Afrikanın 7 ölkəsini təmsil edən 11 rəssamın 63 əsəri təqdim olunur. Son onilliklər ərzində bir çox Afrika ölkələrindən parlaq və yüksək orijinallığı ilə seçilən sənət əsərləri meydana çıxmışdır. Onların müəlliflərinin şöhrəti dünyada gündən-günə artmaqdadır. Konqolu rəssam Şeri Samba və beninli heykəltəraş Romuald Hazuminin əsərləri dünyanın ən nüfuzlu muzeylərində, Venesiya Biennalesi və Kassel Dokumenta kimi aparıcı müasir incəsənət sərgilərində nümayiş olunur. Sərgiyə çıxarılmış əsərlərin tematikası əsl dəyərlər uğrunda mübarizəyə, dəb dünyasının obrazlarına, müxtəlif mərasimlərə, Afrika folkloruna və digər mövzulara həsr olunmuşdur. Əsərlər şən, cəlbedici rənglər, maraqlı obrazlarla insanlarda Afrika həyatının bir çox tərəfləri haqqında geniş təsəvvür yaradır. Məsələn, gündəlik həyatda baş verən müxtəlif hadisələr, dəb dünyasının obrazları, insanların gecə həyatının canlandırılması Peintre Mokenin əsərlərinin əsas qayəsini təşkil edir. Sərgidə sənətkarın kətan üzərində yağlı boya ilə işlənmiş bir sıra əsərləri nümayiş etdirilir. Tədbir Afrikanın milli rəqs qrupunun ifasında musiqi proqramı ilə davam etdi. Sərgidə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, incəsənət xadimləri və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

Ermənilərin Azərbaycanın Laçın rayonunu işğal etməsindən 20 il ötür
18 may 2012 05:18

 

Bu gün Azərbaycanın Laçın rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmasından 20 il keçir.

1992-ci il mayın 18-də Ermənistan Silahlı Qüvvələrinin Laçın rayonunu ələ keçirməsi ilə Dağlıq Qarabağ “de-fakto” Ermənistana birləşdirilib.

İşğal nəticəsində Laçında 1 şəhər, 1 qəsəbə və 120 kənd düşmən əlinə keçib, 264 nəfər şəhid olub, 65 nəfər girov götürülüb, 103 nəfər əlil olub. Rayon üzrə 1 yaşdan 16 yaşadək 24374 uşaqdan 18-i şəhid, 225 nəfəri əlil olub, 31-i hər iki valideynini itirib, 64 min nəfər məcburi köçkünə çevrilib. Rayon ərazisindəki 133 iri və orta müəssisə, 20 tibb müəssisəsi, 217 mədəniyyət ocağı, 40-dək mədəni və tarixi abidə, onlarla təhsil müəssisəsi hazırda işğal altındadır.

İşğal nəticəsində 1835 kvadrat kilometr ərazisi olan Laçın rayonundakı bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan edilib və ya erməniləşdirilib. Əhəmiyyətli geostrateji mövqeyə malik olan Laçının işğalı Azərbaycan iqtisadiyyatına ciddi ziyan vurub. Düşmən rayonun yüngül sənaye mərkəzlərini, kənd təsərrüfatı sahələrini yararsız hala salıb.

XİN: Azərbaycan və İran arasındakı münasibətlərə xələl vuran qüvvələr var
17 may 2012 12:46

 

Azərbaycanla İran arasında qədim tarixi-mədəni əlaqələr mövcuddur. İki ölkə arasında qədim tarixi mahiyyətə malik olan münasibətlər var. Bunu cümə axşamı jurnalistlərə Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev deyib.

"Son zamanlar Azərbaycanın Təbrizdəki baş konsulluğu qarşısında aksiyaların artması ilə bağlı öz narahatlığımızı bildiririk və təəssüflənirik ki, bu cür aksiyaların arxasında Azərbaycan və İran arasındakı münasibətlərə xələl vuran qüvvələr dayanıb və bu dairələr Azərbaycanla İranın münasibətlərinin inkişafında maraqlı deyillər", - Abdullayev bildirib.

XİN rəsmisinin sözlərinə görə, Azərbaycan rəhbərliyinin qəbul etdiyi qərarlar Azərbaycan xalqının maraqlarına xidmət edir.

Abdullayev bildirib ki, qonşu ölkələrlə münasibətlərimizi mehriban qonşuluq prinsplərinə əsasən qururuq.

"Heç bir ölkə bir-birinin işinə qarışmamalıdır və Azərbaycan bu prinsiplərə sadiqdir. Bir daha bəyan edirik ki, Azərbaycanın qəbul etdiyi qərarlar tam müstəqildir. Bu gün Azərbaycan artıq 20 il bundan öncə olan Azərbaycan deyil, bu gün Azərbaycan dünya ictimaiyyəti tərəfindən etibarlı tərəfdaş kimi qəbul olunan, beynəlxalq arenada özünəməxsus çəkisi olan bir ölkədir", - Abdullayev əlavə edib.

XİN sözçüsünün bildirdiyinə görə, regionun inkişafına mane olan ən böyük əngəl Ermənistanın Azərbaycana qarşı apardığı işğal siyasətidir.

"Məhz bu münaqişəyə görə regionun inkişafına əngəl törədilir. Bu baxımdan artıq dünya ictimaiyyəti Azərbaycanın mövqeyini tam dəstəkləyir, xüsusilə Xocalı soyqırımı bir çox ölkələrin parlamentləri tərəfindən tanınıb. Müsəlman aləmi, xüsusən İslam Əməkdaşlıq Təşkilatı Azərbaycan xalqının faciələri və Ermənistanın işğal ilə bağlı müxtəlif vaxtlarda bir sıra qətnamələr qəbul edib, bu problemə biganə olmadığını sənədlərlə vurğulayıb. Təəssüf olsun ki, Azərbaycan və İran arasında münasibətlərin inkişafında maraqlı olmayan dairələr Azərbaycan xalqına qarşı cinayət törədənləri qınamaq əvəzinə, ikitərəfli münasibətlərimizə xələl vururlar", - Abdullayev deyib.

Prezident İlham Əliyev Özbəkistanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
17 may 2012 10:03

 

Prezident İlham Əliyev mayın 17-də Özbəkistanın Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Şerzod Fayziyevin etimadnaməsini qəbul edib.

Ölkələr arasında münasibətlərin inkişafının razılıq doğurduğunu vurğulayan dövlət başçısı bu münasibətlərin səmimi, dostluq xarakteri daşıdığını deyib.

Səfirə fəaliyyətində uğurlar arzulayan prezident iqtisadi xarakterli layihələrin reallaşa biləcəyi yeni mərhələdə münasibətlərin daha da möhkəmləndirilməsi işinə səfirin töhfəsini verəcəyinə ümidvar olduğunu bildirib.

Öz növbəsində, Azərbaycanla Özbəkistan arasında münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayan Ş. Fayziyev bu əlaqələrin, o cümlədən iki ölkənin dövlət başçıları arasında mövcud münasibətlərin səmimi xarakter daşıdığını deyib. 

Avropa Birliyi ilə Azərbaycan arasında assosiativ saziş üzrə danışıqların növbəti raundu gələn ay Brüsseldə keçiriləcək
17 may 2012 07:43

 

İyunda Brüsseldə Avropa Birliyi ilə Azərbaycan arasında assosiativ saziş üzrə danışıqların növbəti raundu keçiriləcək.

Bu barədə jurnalistlərə Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia məlumat verib.

Onun sözlərinə görə, artıq tərəflər bu sazişin 28 bəndindən 15-i razılaşdırıblar: “Üç bənd isə razılaşdırılmağa çox yaxındır. Artıq təhsil, gənclər, nəqliyyat, turizm, dənizçilik və balıqçılıq, iqtisadi dialoq, vergitutmalar, ətraf mühitlə bağlı bəndlər razılaşdırılıb. Hazırda hüquqi məsələlər, səhiyyə, təbii ehtiyatların hasilatı bəndləri üzrə danışıqlar gedir”.

Xatırladaq ki, Avropa Birliyi ilə Azərbaycan arasında assosiativ saziş üzrə danışıqlar 2010-cu ildən aparılır. Mayın 15-də açıqlanmış Avropa Qonşuluq Siyasəti proqramı çərçivəsində ölkəmizlə münasibətlərdə əldə olunan tərəqqiyə həsr olunmuş hesabatda qeyd olunur ki, Azərbaycanla danışıqlar digər ölkələrə nisbətən ləng gedir.

TQDK buraxılış imtahanlarında təqdim olunacaq yazı işi mövzularını açıqlayıb
17 may 2012 05:06

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) buraxılış imtahanlarında təqdim ediləcək yazı işlərinin mövzularını müəyyənləşdirib.

TQDK-nın mətbuat xidmətindən verilən məlumata görə, inşa yazı işləri IX və XI siniflərin Azərbaycan və rus bölmələri üzrə müəyyən olunub. IX sinfin AZərbaycan və rus bölmələri üzrə 80, XI sinfin Azərbaycan və rus bölmələri üzrə isə 85 yazı işi mövzusu təqdim edilib.

Bundan başqa, TQDK tərəfindən IX və XI siniflər üzrə buraxılış imtahanlarına hazırlaşan şagirdlərə kömək məqsədilə Ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün - rus dili ) və Riyaziyyat fənlərindən test tapşırığı nümunələri də hazırlanıb. Test tapşırığı nümunələri və yazı işi mövzuları TQDK-nın rəsmi internet saytında yerləşdirilib.

Milli Məclisin növbəti plenar sessiyasının vaxtı açıqlanıb
17 may 2012 05:03

 

Milli Məclisin (MM) növbəti plenar sessiyası mayın 22-də keçiriləcək.

MM-n mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlunun verdiyi məlumata görə, iclasın gündəliyinə ümumilikdə 14 məsələ salınıb. İclasda “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” qanun ikinci oxunuşda, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirə olunacaq. Bundan başqa “Prokurorluq haqqında”, “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyələrin nümunəvi nizamnaməsi haqqında” və digər qanun layihələrinə dəyişikliklər ediləcək. İclasda bir neçə hökumətlərarası saziş də təsdiqlənəcək.             

Mayın 17-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
17 may 2012 05:01

 

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Temperatur gecə 15-20, gündüz 25-30 dərəcə isti olacaq.

Bakıda gecə 17-19, gündüz 27-29 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 756 millimetr civə sütun təşkil edəcək, nisbi rütubət gecə 70-80 faiz, gündüz 55-65 faiz olacaq.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.

Temperaturun gecə 10-15, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında hava gündüz əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.

Temperaturun gecə 6-11, gündüz 16-21 dərəcə isti olacağı gözlənilir.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.

Temperaturun gecə 14-17, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Gündüz hava əsasən yağmursuz keçəcək.

Temperaturun gecə 11-16, gündüz 23-28 dərəcə isti, dağlarda gecə 7-11, gündüz 17-22 dərəcə isti olacağı gözlənilir.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı gözlənilir.

Temperaturun gecə 15-20, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir.

Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında hava gündüz əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.

Temperaturun gecə 16-20, gündüz 26-30 dərəcə isti, dağlarda gecə 10-15, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir.       

TQDK abituriyentlərə xəbərdarlıq edir
16 may 2012 16:13

 

2012/2013-cü tədris ili üçün ali təhsil müəssiələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün internetlə ərizə qəbulu bu gün saat 00:00-da başa çatır. 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu gün saat 11:30-a olan məlumata əsasən, 103 934 abituriyent internetlə "Elektron ərizə" doldurub. Lakin onlardan yalnız 98 741 nəfəri ərizəsini Sənəd Qəbulu Komissiyasında (SQK) təsdiq etdirib.

Bununla əlaqədar TQDK abituriyentlərin nəzərinə çatdırır ki, "Elektron ərizə"sini müvafiq SQK-da təsdiq etdirməmiş abituriyentlər mayın 18-i saat 17:00-dək tələb olunan sənədləri təqdim etməklə ərizələrini mütləq təsdiq etdirməlidirlər. Əks halda, həmin abituriyentlər qəbul imtahanlarında iştirak edə bilməyəcəklər.

XİN: Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindən biridir
16 may 2012 14:34

 

“Azərbaycan dövləti həmişə həm öz vətəndaşlarının, həm də ölkədəki əcnəbilərin təhlükəsizliyinin keşiyindədir”.

Azərbaycanın xarici siyasət idarəsi ABŞ-ın ölkəmizdəki səfirliyinin vətəndaşlarını “Eurovision - 2012” ilə bağlı kütləvi tədbirlərdə sayıq olmağa çağırmasına münasibət bildirib. Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev vurğulayıb ki, Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindən biridir. Azərbaycan dövləti həmişə həm öz vətəndaşlarının, həm də ölkədəki əcnəbilərin təhlükəsizliyinin keşiyindədir. Bakıya və ölkənin regionlarına gələn turistlərin təhlükəsizliyi həmişə ən yüksək səviyyədə təmin olunur.

Qeyd edək ki, ABŞ vətəndaşlarına müvafiq xəbərdarlıq Birləşmiş Ştatların Azərbaycandakı səfirliyinin rəsmi saytında yerləşdirilib.

 əvvəlki    31  32  33  34  35  36  37  38  39  40  41    növbəti 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.