Azərbaycan Respublikası Baş Dövlət Yol Polisi İdarəsi Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar paytaxtda nəqliyyat vasitələrinin hansı marşrutlar üzrə hərəkətinə icazə veriləcəyini və məhdudlaşdırılacaq küçə və prospektlərin siyahısını açıqlayıb.
İdarənin şöbə rəisi Kamran Əliyev bildirib ki, mayın 19-dan 28-dək Bakı-Salyan yolunun 14-cü kilometrliyindən Bayıl istiqamətinə avtomobillərin girişi qadağan olunacaq. Maşınlar yalnız kənar keçmə yol ilə şəhərə daxil ola biləcəklər. Bundan başqa 20-ci sahədən Bayıl istiqamətinə avtomobillərin hərəkəti məhdudlaşdırılaraq istiqamət Badamdar qəsəbəsinə yönəldiləcək. Həmçinin Bayıl qəsəbəsindən Neftçilər prospektinə gələn yolda da avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.
Müsabiqənin keçiriləcəyi dövrdə Bülbül və Azadlıq prospektləri ilə Nizami küçəsinin kəsişmələrindən Neftçilər prospektinə doğru, İstiqlaliyyət küçəsi ilə Azərbaycan prospektinin kəsişməsindən Əziz Əliyev küçəsinə doğru, Yusif Səfərov küçəsindən 28 May küçəsinə, Afiyəddin Cəlilov küçəsinin kəsişməsindən Üzeyir Hacıbəyov küçəsinə doğru avtomobillərin hərəkəti məhdudlaşdırılaraq istiqamət dəyişdiriləcək.
K. Əliyev, nəqliyyat vasitəsi sahiblərinə müraciət edərək müsabiqənin keçirildiyi dövrdə adıçəkilən küçə və prospektlərdə, həmçinin Bakının mərkəzi hissələrində şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etməyə çağırıb.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov isə APA-ya bildirib ki, Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsi zamanı daha bir neçə yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Belə ki, Şeyx Şamil və İstiqlaliyyət küçəsinin kəsişməsindən Azərbaycan küçəsi istiqamətinə, Qoşa Qala qapısı - Gənclər meydanından “5 mərtəbə” dairəsi istiqamətinə, Parlament prospekti – Mehdi Hüseyn küçəsi, Parlament prospekti – M. Müşfiq küçələri kəsişmələrindən, Nərimanov prospekti – M. Müşfiq küçəsi kəsişməsindən, H. Əliyev Mərkəzi yanından Təbriz küçəsi istiqamətinə nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq.
O, həmçinin bildirib ki, “Eurovision-2012” tamaşaçılarını Səməd Vurğun parkı, Azadlıq meydanı, Azneft meydanı, “Dalğa Plaza”nın yanından və Neftçilər prospekti - Muzey Mərkəzinin qarşısından xüsusi ayrılmış avtobuslarla daşınması təmin ediləcək.