Bəzi ali məktəblərində magistraturaya qəbul dayandırılıb
02 iyun 2012 06:09

 

2012/2013-ci tədris ili üçün Azərbaycanın bəzi ali məktəblərində magistraturaya qəbul dayandırılıb. Bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə cümə günü keçirdiyi mətbuat konfransında deyib.

TQDK sədri bəzi məktəblərdə magistraturaya qəbulun dayandırılmasının səbəbinin onlara məlum olmadığını deyib və bildirib ki, magistraturaya qəbul planı onlara hazır şəkildə daxil olur.

Abbaszadə magistraturaya qəbulun dayandırıldığı ali məktəblərin adlarını da açıqlayıb. O deyib ki, Təfəkkür, Bakı Asiya, Avrasiya, Bakı Biznes, Qızlar, Azərbaycan Koorporasiya, Mingəçevir Politexnik universitetləri və Azərbaycan Müəllimlər İnstitutunda magistraturaya qəbul aparılmayacaq.

TQDK sədri əlavə edib ki, cari ildə magistratura səviyyəsi üzrə ayrılmış plan yerlərinin ümumu sayı 5 faiz artaraq 6107 olub. Ötən il isə plan yerlərinin sayı 5815 olub. Dövlət sifarişi üzrə ayrılmış yerlərin sayı ötən illə müqayisədə 14 faiz artıb. Belə ki, cari ildə magistraturaya dövlət sifarişi üzrə qəbul aparılacaq yerlərin sayı 2387-dir. Ötən il bu rəqəm 2095 olub.

Azərbaycan prezidenti Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkətinin yaradılması haqqında Fərman imzalayıb
01 iyun 2012 15:54

 

Azərbaycan prezidenti Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkətinin yaradılması haqqında Fərman imzalayıb.

Yeni dövlət şirkəti Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin əsasında yaradılacaq. Fərmanda bildirilir ki, Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkəti alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması sahəsində dövlət xidmətləri göstərən, habelə bərpa olunan enerji resursları mənbələrinin müəyyən olunmasını təşkil edən və bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirən dövlətə məxsus şirkətdir. Fərmanın üçüncü bəndinə əsasən ləğv edilmiş Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyinin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin əmlakı Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkətinə verilib. Şirkətin yenidən təşkili və (və ya) ləğv edilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir. Fərmanla Nazirlər Kabinetinə Şirkətin Nizamnaməsini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdıraraq iki ay müddətində müəyyən etmək, şirkətin ümumi yığıncağının səlahiyyətlərini həyata keçirən icra hakimiyyəti orqanları barədə təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək, Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb. Fərmanda Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə Şirkətin dövlət qeydiyyatına alınması üçün zəruri tədbirlər görmək tapşırılıb.

 Prezidentin digər sərəncamı ilə Akim Bədəl oğlu Bədəlov Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Şirkətinin sədri təyin edilib.  

Bakıda avtomobil təmiri sexində faciə baş verib, ölən var
01 iyun 2012 15:52

 

Bakı sakini bədbəxt hadisə nəticəsində ölüb.Bu barədə Qaradağ Rayon Prokurorluğundan bildirilib.

Hadisə Qaradağ rayonu, Heybət stansiyası yaxınlığında qeydə alınıb. Dəmir yolu stansiyasına məxsus avtomobil təmiri sexində təmirə dayanan “KamAz” markalı yük maşınının təkəri partlayıb. Nəticədə orada işləyən, 22 yaşlı Ziya Cəlilov ağır xəsarətlə xəstəxanaya aparılıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Azərbaycan prezidenti Qazax rayonunda Ədəbiyyat Muzeyinin tikintisi haqqında sərəncam imzalayıb
01 iyun 2012 15:46

 

Azərbaycan prezidenti Qazax rayonunda Ədəbiyyat Muzeyinin tikintisi haqqında sərəncam imzalayıb. Sərəncamın preambula hissəsində bildirilir ki, Azərbaycanın şairlər və aşıqlar yurdu kimi tanınmış qədim Qazax bölgəsi bütün həyatları boyu doğma vətənimizi tərənnüm etmiş, poeziyamıza dəyərli söz sənəti inciləri vermiş Molla Vəli Vidadi, Molla Pənah Vaqif, Səməd Vurğun, Mehdi Hüseyn, İsmayıl Şıxlı, Mirvarid Dilbazi kimi görkəmli şəxsiyyətlər yetişdirib. Qüdrətli sənətkarların Azərbaycanın bədii fikir salnaməsində parlaq səhifələr açmış ölməz əsərləri bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsinə misilsiz xidmət göstərir. Ölkəmizdə söz-sənət ustadlarının xatirəsi həmişə əziz tutulmuş, onların adına park və xiyabanlar salınmış, abidələr ucaldılmış, ev muzeyləri yaradılmış və bu ənənələr hazırda da davam etdirilir. Qazax rayonunda fəaliyyət göstərən Səməd Vurğun poeziya evində, Molla Vəli Vidadi və Molla Pənah Vaqifin xatirə muzeyində dahi sənətkarların həyat və yaradıcılığının dərindən öyrənilməsi və təbliğ edilməsinə, yaradıcı insanların görüşlərinin, toplantılarının, poeziya gecələrinin keçirilməsinə lazımi şəraitin olmaması müasir ədəbi mərkəzin yaradılmasını zəruri edir.

Prezident gənc yaradıcı nəslin potensialının üzə çıxarılmasının, ədəbiyyatımızın milli istiqamətlərinin və xalqımızın ədəbi-mədəni irsinin qorunmasının və təbliğinin vacibliyini, habelə bölgə yazıçı və şairlərinin Ədəbiyyat muzeyinin yaradılması barədə müraciətlərini nəzərə alaraq Qazax şəhərində Ədəbiyyat muzeyinin tikintisi üçün Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qazax Rayon İcra Hakimiyyətinə 5 milyon manat ayırıb.

Əbülfəs Qarayev Dünya İqtisadi Forumunda iştirak edəcək
01 iyun 2012 14:12

 

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Türkiyənin İstanbul şəhərində keçiriləcək Yaxın Şərq, Şimali Afrika və Avrasiya regionu üzrə “Keçid dövründə olan regionların əlaqələndirilməsi” adlı Dünya İqtisadi Forumunun xüsusi iclasında iştirak edəcək. Nazirliyin beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsindən verilən məlumata görə, iyunun 4-dən 6-na kimi keçiriləcək forum, inkişaf naminə əməkdaşlıqları genişləndirmək üçün dünyanın müxtəlif ölkələrindən olan 1000-ə yaxın siyasət və biznes liderlərini bir araya gətirəcək.

 Dünya İqtisadi Forumu öz 42 illik tarixində ilk dəfədir ki, Yaxın Şərq, Şimali Afrika və Avrasiya regionuna həsr edilmiş xüsusi iclas keçirir. Ə. Qarayevin “Mədəniyyət sosial dəyişiklik üçün bir vasitə” adlı sessiyada çıxış etməsi nəzərdə tutulur.  

Azərbaycanın fövqəladə hallar naziri: “Zəlzələ nəticəsində qəzalı vəziyyətə düşmüş 2800-ə yaxın ev yenidən tikiləcək”
01 iyun 2012 14:09

 

Azərbaycanın zəlzələdən zərər çəkən Şəki-Zaqatala bölgəsində 12 minə yaxın ev təhlil olunub.

Bunu fövqəladə hallar naziri Kəmaləddin Heydərov jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, bu evlərdən 2800-ə yaxını qəzalı vəziyyətdədir və uçurularaq yenidən tikiləcək.

Onun sözlərinə görə, qəzalı vəziyyətdə olan 2500-ə yaxın evdə isə bərpa-gücləndirmə işləri aparılacaq. Bu evlərdən də bərpaya yaramayanları olsa, sökülərək yenidən tikiləcək. Nazir qeyd edib ki, çatlar yaranan bir çox ev də təmir-bərpa olunacaq.

K. Heydərov artıq regionda inşaat bazalarının yaradıldığını, əraziyə tikinti materiallarının daşındığını açıqlayıb.

Nazir Zaqatala, Balakən, Qax və Şəki rayonlarında zəlzələdən zərər çəkən məktəblərin də təmir olunacağını deyib. Artıq bir neçə məktəbdə isə tikinti işlərinə başlanıb.

Növbəti tədris ilinə kimi həmin məktəblər tikilərək istifadəyə veriləcək.

Azərbaycanda hava şəraiti pisləşəcək
01 iyun 2012 14:08

 

Sabahdan Azərbaycanda hava şəraiti dəyişəcək, temperatur enəcək. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyunun 2-də hava şəraitinin dəyişkən buludlu, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 15-20, gündüz 23-27 dərəcə isti olacaq.

İyunun 2-də Azərbaycanın ayrı-ayrı rayonlarında gecə və axşam saatlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Bakıda və Abşeron yarımadasında hava şəraitinin küləkli keçəcəyi, temperaturun ötən günlərə nisbətən 3-4 dərəcə aşağı enəcəyi proqnozlaşdırılır.

Abşeronun şimal çimərliklərində dəniz suyunun temperaturu 21-22, cənub çimərliklərində isə 22-23 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyunun 2-də şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 15-20, gündüz 25-30, dağlarda gecə 7-12, gündüz 16-21 dərəcə isti olacaq.

Ölkədə xarici pasportların verilməsi qaydaları dəyişdirilir
01 iyun 2012 10:18

 

Azərbaycanda ümumvətəndaş (xarici) pasportlarının verilməsi qaydalarına dəyişikliklər ediləcək.

Milli Məclisdən verilən məlumata görə, bununla bağlı "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında" Qanuna dəyişikliklərlə bağlı qanun layihəsi hazırlanıb.

Layihədə qeyd olunur ki, ümumvətəndaş pasportu vətəndaş müraciət etdikdən sonra 10 iş günü müddətində verilməlidir. Qeyd edək ki, hazırda qüvvədə olan qanunda bu müddət bir ay nəzərdə tutulub.

Digər bir dəyişiklikdə isə göstərilir ki, ümumvətəndaş pasportu alınarkən vətəndaş müvafiq quruma fotoşəkil təqdim etməyəcək.

Həmçinin vətəndaş ölkədən yetkinlik yaşına çatmamış uşaqları ilə birlikdə gedərsə, bu halda onun ümumvətəndaş pasportuna həmin uşaqların yazılması və fotoşəkillərinin yapışdırlmasını nəzərdə tutan müddəanın da qanundan çıxarılması nəzərdə tutulub.

Ümumvətəndaş pasportlarının 1 yaşadək, 1-3 yaşadək, 3-18 yaşadək və 18 yaşınadək uşaqlara verilməsi təklif olunub.

Pasportların 1 yaşadək uşaqlar üçün 1 illik, 1-3 yaşadək uşaqlar üçün 3 illik, 3-18 yaşadək 5 illik, 18 yaşına çatmış şəxslər üçün isə 10 illlik müddətə verilməsi nəzərdə tutulur.

Yeni sənəddə qeyd olunur ki, xidməti pasportun alınması və dəyişdirilməsi üçün dövlət rüsumu alınmayacaq.

Pasportda göstərilən məlumatlar sırasında pasportun seriyası, vətəndaşla birgə gedən 18 yaşına çatmamış uşaqların soyadı, adı, cinsi və doğulduğu tarix sözləri çıxarılır, məlumatlar sırasına "fərdi identifikasiya nömrəsi" və "etibarlılıq müddəti" sözləri əlavə olunur.

Pasportda elektron daşıyıcı (çip) yerləşdirilir. Elektron daşıyıcıya pasport sahibinin imzası istisna olmaqla, müvafiq məlumatlar, pasport sahibinin üz təsviri, iki əl-barmaq izi daxil edilir.

Pasport almaq istəyən vətəndaşın əl-barmaq izlərinin götürülməsi və fotoşəkilinin çəkilməsi pasportu verən dövlət orqanında həyata keçirilir.

Pasportun etibarlılıq müddəti bitdikdə, yaxud vətəndaşın adı, atasının adı, soyadı dəyişdikdə və ya pasport, onun elektron daşıyıcısı yararsız hala düşdükdə, yaxud pasportun üzərindəki və ya elektron daşıyıcısındakı məlumatların səhv olduğu müəyyənləşdirildikdə, pasport dəyişdirilməlidir.

Pasportun üzərindəki və ya elektron daşıyıcısındakı məlumatların səhv olduğu müəyyənləşdirildikdə, həmin pasport təqdim edildiyi vaxtdan bir gün müddətində dövlət rüsumu alınmadan dəyişdirilməlidir.

Qanun layihəsi qəbul olunarsa, 2013-cü il iyunun 1-dək verilən pasportlar etibarlılıq müddəti bitənədək və ya vətəndaşın soyadı, adı, atasının adı dəyişənədək, yaxud pasport itənədək, yararsız hala düşənədək və ya pasportun üzərindəki məlumatların səhv olduğu müəyyənləşdirilənədək qüvvədə qalır.

Qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

TQDK valideyn və şagirdlərə çağırış edib
01 iyun 2012 08:18

 

"Uşaqlarına bilə-bilə hansısa yardımçı vasitələr vermək həmin uşağın nəticəsini əvvəlcədən "0" etmək deməkdir".

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə buraxılış imtahanlarında iştirak edəcək şagirdlərə və valideynlərə müraciət edib. Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında bildirib ki, valideynlər və şagirdlər imtahan prosesinə məsuliyyətli yanaşmalıdırlar. Amma təəssüflər olsun ki, bəzi valideynlərin səhlənkarlığı nəticəsində uşaqlar imtahandan əvvəl stres keçirirlər.

"Onlar hansısa sənədi unudurlar və ya tıxaca düşürlər. Ona görə də imtahana lazım olan sənədləri bir gün əvvəldən hazırlamaq və imtahan binasına tez gəlmək lazımdır. Uşaqlarına bilə-bilə hansısa yardımçı vasitələr vermək həmin uşağın nəticəsini əvvəlcədən "0" etmək deməkdir. Belə valideynlər öz uşaqlarını uçuruma aparırlar", - Abbaszadə qeyd edib.

O əlavə edib ki, buraxılış imtahanlarına hazırlıq yüksək səviyyədə həyata keçirilib.

"Bu işə qarışmaq istəyənlərə bələdçi olmaq istəmirəm. Ancaq onu deyə bilərəm ki, imtahandan bir gün əvvəl bütün binalar yoxlanılır, möhürlənir və mühafizə üçün müvafiq orqanlara təhvil verilir. Sabah səhər möhürlər açılandan sonra imtahan binaları yenidən yoxlanacaq. Əgər hansısa bir otaqda möhür əvvəldən açılıbsa, o bina yenidən yoxlanacaq", - Abbaszadə qeyd edib.

TQDK sədri deyib ki, sabah 100-ə yaxın ucqar kənd məktəbində də buraxılış imtahanı keçiriləcək. Həmin məktəblərin təhlükəsizliyini yoxlayan heyət 1 gün əvvəldən rayonlara göndərilib.

Məleykə Abbaszadə imtahan verəcək şagirdlərə onu da deyib ki, buraxılış imtahanlarının sualları qəbul imtahanları ilə müqayisədə asan olacaq. İmtahanda "3" almaq üçün 10-12 suala cavab vermək kifayətdir. İmtahanda təqdim ediləcək ilk suallar asan, sonrakı suallar orta səviyyəli, sonuncu suallar isə qismən çətin olacaq.

Qeyd edək ki, ilk buraxılış imtahanı iyunun 2-də və 3-də Bakı şəhərində keçiriləcək. Eyni gündə Gəncə, Sumqayıt, Abşeron, Mingəçevir, Yevlax, Lənkəran, Quba, Qusar və Xaçmaz rayonlarının rus bölməsinin şagirdləri də imtahan verəcək. İyunun 2-də ümumtəhsil məktəblərinin XI siniflərində şagirdlərin imtahan verməsi üçün 53, iyunun 3-də IX sinif şagirdlərinin imtahan verməsi üçün 68 imtahan binası ayrılıb. Həmin gün Bakı şəhəri üzrə 23914 nəfər XI sinif şagirdinin, iyunun 3-də isə 34277 nəfər IX sinif şagirdinin buraxılış imtahanında iştirakı nəzərdə tutulur.

Regionlarda isə iyunun 2-də rus bölməsi üzrə təhsil alan 1935 nəfər XI sinif, iyunun 3-də isə 2096 nəfər IX sinif şagirdi imtahan verəcək.

Elmar Məmmədyarov: "Biz öz enerji ehtiyatlarımızı millətin və ölkənin inkişafı üçün möhkəm təməl hesab edirik"
31 may 2012 19:44

 

"Azərbaycan insan kapitalının inkişafını, insanların təfəkkürünün tədricən dəyişməsini, habelə cəmiyyətdə ümumavropa dəyərlərinin bərqərar olmasını ölkənin firavanlığının əsas elementi hesab edir".

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu fikri Almaniyanın “Agenda Media” nəşrinə verdiyi müsahibədə söyləmişdir.

Nazir vurğulamışdır ki, Azərbaycan rəhbərliyi ölkənin inkişafında iqtisadi artım, müxtəlif sahələrdə islahatların dərinləşməsi kimi amillərə arxalanır, lakin əsas etibarilə Azərbaycan vətəndaşlarının gənc nəslinə güvənir. Müstəqilliyin 20 ili ərzində Azərbaycan sovet imperiyasının ucqar kommunist ölkəsindən inamla inkişaf edən demokratik dövlətə çevrilmişdir. İnsanların təfəkküründə dəyişiklik uğrunda mübarizə bu məsələdə böyük rol oynamışdır.

“Bu, bizim mübarizəmizin əsasıdır. Fikrimcə, ölkənin gələcək inkişafı, çox cəhətdən, Azərbaycanın gənc nəslinə xas olan fikir və baxışların müxtəlifliyindən asılıdır”, - deyən E.Məmmədyarov daha sonra əlavə etmişdir ki, Azərbaycan gənclərinin xaricdə təhsil alması da bu məsələdə sonuncu amil deyildir.

Nazir demişdir: “İnsan kapitalının inkişafı baxımından sərmayə qoyulması üçün ən yaxşı sahə təhsildir. Bunun üçün bizim hazırladığımız dövlət proqramına əsasən, ən istedadlı tələbələr xaricdə təhsil ala biləcək, sonra isə vətənə qayıdaraq onun inkişafına öz töhfəsini verəcəklər”.

E.Məmmədyarov vurğulamışdır ki, ölkə rəhbərliyinin qəti inamına görə, gənclərin Avropada və ABŞ-da təhsil alması onların vahid Avropa dəyərlərinə inamını möhkəmlədəcəkdir. O demişdir: “Biz belə hesab edirik ki, bu, ölkənin inkişafının ən yaxşı üsulu olmaqla bərabər, həm də bütün Avropa məkanında mövcud olan vahid Avropa dəyərlərini Azərbaycan cəmiyyətində bərqərar etmək üçün yaxşı imkandır”.

Nazir qeyd etmişdir ki, ölkənin xarici siyasət xəttinin əsas istiqamətlərindən biri Avropa və Avroatlantika strukturlarına inteqrasiyanın davam etdirilməsidir. E.Məmmədyarov demişdir: “Lakin biz o qədər sadəlövh deyilik ki, inteqrasiya dedikdə bu strukturların üzvü olmağı nəzərdə tutaq. Biz öz siyasətimizi NATO-ya və ya Avropa İttifaqına daxil olub-olmamaq prinsipləri əsasında qurmuruq”.

Nazir vurğulamışdır ki, Azərbaycanın NATO ilə əməkdaşlığı Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Planı (İPAP) çərçivəsində inkişaf edir. O, həmin planı hərbi sahədə islahatların davam etdirilməsi və dərinləşdirilməsi üçün səmərəli mexanizm adlandırmışdır.

“Avropa İttifaqı ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün nəzərdə tutulan “Şərq tərəfdaşlığı” proqramı həm də Azərbaycanın Aİ üzvü olan ölkələrlə, Avropa Komissiyası və Avropa Parlamenti ilə əməkdaşlıq və tərəfdaşlığını möhkəmlətmək üçün yaxşı platformadır”, - deyən nazir daha sonra əlavə etmişdir ki, Azərbaycanın bu proqram çərçivəsində son uğurları Aİ ilə əməkdaşlığın inkişafını çox səmərəli bir hadisə kimi qiymətləndirməyə əsas verir. Üstəlik, Aİ ilə əməkdaşlığın inkişafı müstəqilliyin möhkəmləndirilməsi üçün daha bir dayaq nöqtəsi kimi qiymətləndirilir.

Nazir Azərbaycanın energetika sənayesinin inkişafından əldə edilən gəlirlər mövzusuna da toxunaraq demişdir ki, həmin gəlirlər müxtəlif sahələrin inkişafına yönəldilir.

E.Məmmədyarov demişdir: “Biz öz enerji ehtiyatlarımızı millətin və ölkənin inkişafı üçün, müstəqillik və suverenliyi möhkəmləndirilməsi üçün, habelə insan kapitalının inkişafı üçün möhkəm təməl hesab edirik. Ölkədə daxili inkişafa sərmayə qoyulması üzrə xüsusi dövlət proqramları həyata keçirilir. Dövlət kənd regionlarının inkişafı üçün xüsusi proqram hazırlamışdır. Bu proqram Abşeron yarımadasında müşahidə olunan inkişaf tempi ilə uzlaşdırılacaqdır.

Biz çalışırıq ki, Azərbaycanın hər bir vətəndaşı ölkənin enerji ehtiyatlarının işlənməsindən və ixracından yaranan pozitiv effekti öz üzərində hiss etsin”.

Din amilinin inkişaf üçün təhlükəli olub-olmaması barədə sualın cavabında nazir qeyd etmişdir ki, o, həmin amili ölkənin sabitliyi üçün böyük təhdid mənbəyi hesab etmir, çünki Azərbaycan dünyəvi müsəlman dövlətidir, bu cəmiyyətdə dünyəvi həyat tərzi kök salmışdır. Nazir vurğulamışdır: “Digər tərəfdən, ənənələr və mədəni irs baxımından din çox mühüm və çox incə elementdir. Ona ehtiyatla yanaşmaq lazımdır”. Nazir sonda demişdir: “Təhlükəsizliyin əsas elementləri ilə yanaşı cəmiyyətin təhsil və şüur səviyyəsinin yüksək olmasını təmin etmək lazımdır. Belə cəmiyyətdə qanuna və demokratiya prinsiplərinə hörmət edilməlidir”.

İyunun 1-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
31 may 2012 19:38

 

Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, gün ərzində əsasən yağmursuz keçəcək. Temperatur gecə 16-21, gündüz 27-31 dərəcə isti olacaq. Bakıda gecə 19-21, gündüz 28-30 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 757 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-80 faiz, gündüz 50-60 faiz olacaq.

Naxçıvan Muxtar Respublikasında əsasən axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Temperaturun gecə 13-18, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında əsasən axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Temperaturun gecə 13-18, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında əsasən axşam və gecə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Temperaturun gecə 15-20, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında əsasən axşam və gecə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Temperaturun gecə 14-19, gündüz 24-29 dərəcə isti, dağlarda gecə 9-14, gündüz 17-22 dərəcə isti olacağı gözlənilir.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında gündüz hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Temperaturun gecə 16-21, gündüz 28-33 dərəcə isti olacağı gözlənilir.

Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında gündüz hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Temperaturun gecə 18-21, gündüz 27-32 dərəcə isti, dağlarda gecə 13-18, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz: Yaxın 3 gün ərzində Abşeron yarımadasında mövsüm üçün səciyyəvi olan temperatur rejimi meteohəssas insanlar üçün müsbət amil olsa da, iyunun 1-i axşam və 2-də atmosfer təzyiqinin xeyli yüksəlməsi fonunda arabir güclənən xəzri küləyi bəzi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.

Prezident İlham Əliyev Rusiya Federasiyasının MDB işləri üzrə xüsusi nümayəndəsini qəbul edib
31 may 2012 14:11

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 31-də Rusiya Federasiyasının MDB işləri üzrə xüsusi nümayəndəsi, MDB işləri, xaricdə yaşayan həmvətənlər və beynəlxalq humanitar əməkdaşlıq üzrə Federal Agentliyin rəhbəri Konstantin Kosaçovu qəbul etmişdir.

Konstantin Kosaçov Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin və Baş nazir Dmitri Medvedevin salamlarını dövlətimizin başçısına çatdırdı, Respublika Günü münasibətilə Prezident İlham Əliyevi təbrik etdi. O, bu yaxınlarda Moskvada Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş mərasimdə iştirakını məmnunluqla xatırladı. Ölkələrimiz arasında əlaqələrin müxtəlif istiqamətlərdə, xüsusilə də iqtisadi və humanitar sahələrdə uğurla inkişaf etdiyini vurğulayan Konstantin Kosaçov humanitar sahədə əməkdaşlığın daha da genişləndirilməsində Bakı Beynəlxalq Humanitar Forumunun önəmini qeyd etdi.

Dövlətimizin başçısı Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğuladı. Ölkələrimiz arasında əlaqələrin dərin tarixi köklərə malik olduğunu qeyd edən Prezident İlham Əliyev bildirdi ki, iqtisadi və humanitar sahələrdə əməkdaşlığımızın yüksək səviyyədə olması əlaqələrimizin digər sahələrdə genişləndirilməsi işinə də öz töhfəsini verir.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Dövlətimizin başçısı Prezident Vladimir Putinin və Baş nazir Dmitri Medvedevin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Rusiya Federasiyasının Prezidentinə və Baş nazirə çatdırmağı xahiş etdi.

Əli Həsənov: “Azərbaycan “Evrovision” mahnı yarışmasında təhlükəsizliyi yüksək səviyyədə təşkil etdi”
31 may 2012 06:47

 

“Azərbaycan “Evrovision” mahnı yarışmasında təhlükəsizliyi yüksək səviyyədə təşkil etdi”.

Bunu Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib.

«Biz dövlət olaraq Azərbaycana gələn bütün iştirakçıların təhlükəsizliyinə zəmanət vermişdik. Bütün hüquq-mühafizə orqanları gücləndirilmiş rejimə keçmişdi. Bunun nəticəsi olaraq terror və “Evrovision”un pozulması cəhdlərinin qarşısı alındı», - deyə Ə. Həsənov vurğulayıb.

PA rəsmisi onu da bildirib ki, Azərbaycan “Evrovision”un ən yaxşı nümunəsini ortaya qoyub.

Azərbaycan prezidenti: “Naxçıvanda bütün sahələrdə çox uğurlu, dinamik inkişaf prosesi gedir”
31 may 2012 06:46

 

“Naxçıvanda bütün sahələrdə çox uğurlu, dinamik inkişaf prosesi gedir. Sənaye istehsalı artır, yeni müəssisələr açılır”. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev Naxçıvan muxtar respublikaya səfəri çərçivəsində Naxçıvan–Culfa magistral avtomobil yolunun açılışındakı çıxışında deyib.

Ümumi daxili məhsul artmasını vurğulayan prezident bildirib ki, inkişaf templərinə görə Azərbaycan dünyada lider ölkədir.

Onun sözlərinə görə, qeyri-neft sektorunun inkişafı böyük rəqəmlərlə ölçülür. İlin birinci rübündə ölkənin qeyri-neft sənayesində 16 faizdən çox artım olub. “Son səkkiz il ərzində ümumi daxili məhsul üç dəfə artıb və növbəti on il ərzində daha iki dəfə artırmalıdır. Xüsusilə qeyri-neft sektorunun hesabına”.

Prezident vurğulayıb ki, buna nail olmaq üçün hazırda böyük proqramlar hazırlanır. Bu məsələ ilə bağlı konkret tapşırıqlar verilib və bütün bölgələrdə inkişaf, quruculuq, abadlıq işləri aparılır.

 Naxçıvanın inkişafı barədə danışan prezident bildirib ki, açılışı qeyd olunan Naxçıvan-Culfa magistral yolu və iki il bundan əvvəl istifadəyə verilən Naxçıvan-Sədərək avtomobil yolu Naxçıvanı tranzit mərkəzə çevirəcək. Növbəti dövrlərdə Naxçıvanın yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi üçün əlavə tədbirlər görüləcək.

 O bildirib ki, Naxçıvanda digər infrastruktur layihələri uğurla icra edilir. Bələ ki, Naxçıvan 100 faiz qazlaşdırılıb, elektrik enerjisi ilə təchizat çox yüksək səviyyədədir. Hal-hazırda respublikada, bütün şəhər və rayon mərkəzlərində içməli su və kanalizasiya layihələri icra edilir. Bu layihələrin gələn ilin sonuna qədər başa çatması nəzərdə tutulub. Dövlət başçısı bildirib ki, təhsil, səhiyyə ilə bağlı məsələlər öz həllini tapır. Naxçıvan Şəhər Xəstəxanasının yenidən qurulması layihəsi işlənilir.

 O vurğulayıb ki, respublikanın müdafiəsi, döyüş qabiliyyəti çox yüksək səviyyədə təşkil olunub. Hava hücumuna qarşı qurğular yerləşdirilib, müasir artilleriya qurğuları gətirilib.

 Respublikanın kənd təsərrüfatı sahəsində konkret proqramlar icra olunur. Naxçıvan özünü əsas ərzaq məhsulları ilə təmin edir və bu da ərzaq təhlükəsizliyi məsələlərinin həlli üçün çox vacibdir.

Bu gün Azərbaycanda “Son zəng”dir
31 may 2012 06:43

 

Bu gün Azərbaycanın ümumtəhsil məktəblərində “Son zəng” keçiriləcək.

Təhsil naziri Misir Mərdanovun əmrinə əsasən, “Son zəng” tədbirləri üç saat müddətində yalnız təhsil müəssisənin ərazisində olacaq. Həmin tədbirində valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyət nümayəndələri iştirak edəcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) sektor müdiri Zəminə Əliqızı bildirib ki, paytaxtda son zəng tədbirləri təhsil nazirinin və BŞTİ-nin müdirinin əmrinə əsasən, yalnız məktəbin ərazisində üç saat müddətində keçiriləcək. “Son zəng”lə bağlı məktəbin ərazisindən kənarda keçirilən tədbirdə hər hansı hadisə baş verərsə, məsuliyyət təhsil ocağının deyil, valideynlərin üzərinə düşəcək.

Qeyd edək ki, 2011-2012-ci tədris ilində ölkəmizin ümumi təhsil məktəblərinin buraxılış (XI, XII) siniflərini 92178 şagird bitirəcək. Qiyabi və axşam ümumi təhsil məktəblərinin XII sinfini başa vuran şagirdlərin sayının 786 nəfər olacağı gözlənilir. 2011-2012-ci tədris ilində Bakı şəhərindəki əyani ümumi təhsil məktəblərinin XI sinfini 24285, IX sinfini isə 33977 şagird bitirəcək.

2011-2012-ci dərs ilində ölkə üzrə I sinif şagirdlərinin sayı 125807 nəfər olub. 2012-2013-cü tədris ilində isə ümumi təhsil məktəblərinin I sinfinə 130454 şagirdin qəbul olunacağı proqnozlaşdırılır.

Gürcüstan Prezidenti Azərbaycanın dövlət başçısını təbrik edib
30 may 2012 16:52

 

Gürcüstanın dövlət başçısı Mixail Saakaşvili Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib. Təbrikdə deyilir:

“Zati-aliləri, əziz dost, Sizi və qardaş Azərbaycan xalqını dövlət bayramı - Respublika Günü münasibətilə ürəkdən təbrik edirəm.

Gürcüstan ilə Azərbaycanı dərin tarixi tellər bağlayır. Biz həmişə, bütün dövrlərdə mehriban qonşuluq, dostluq və qardaşlıq şəraitində yaşamışıq. Bizim ümumi keçmişimiz var və ümumi çağırışlar qarşısındayıq. Bu gün bizim münasibətlərimiz tamamilə yeni səviyyədə - strateji tərəfdaşlıq səviyyəsindədir.

Əminəm ki, Gürcüstan ilə Azərbaycan Respublikası arasında strateji tərəfdaşlıq ölkələrimizin və xalqlarımızın rifahı naminə bundan sonra da Sizin rəhbərliyiniz altında səmərəli inkişaf edəcək, regionumuzda sülh və sabitliyin bərqərar olmasına, firavanlığa şərait yaradacaqdır.

Fürsətdən istifadə edib, Sizə ən dərin hörmətimi bildirirəm. Sizə ali dövləti fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına səadət və firavanlıq arzulayıram”.

Azərbaycan parlamenti türkdilli ölkələrin vahid valyutasının yaradılmasını labüd sayır
30 may 2012 16:51

 

Türkdilli ölkələrin iqtisadi birliyinin, vahid valyutasının yaradılması artıq zamanın tələbinə çevrilir. Bu barədə Milli Məclisin deputatı, Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun üzvü Məlahət İbrahimqızı bildirib.

"Avropa İttifaqına daxil olan ölkələr iqtisadi böhranla üzləşdikləri bir dövrdə Avropa məkanının etibarlı iqtisadi tərəfdaşı olan Azərbaycana qarşı basqılarını artır. Digər tərəfdən bir sıra iqtisadi cəhətdən geriləyən şərqi Avropa ölkələrinin Aİ-yə üzv qəbul edildiyi bir vaxtda Türkiyə kimi iqtisadi və siyasi güc mərkəzinin həmin quruma üzvlüyünə əngəllər törədilir. Bu, Avropanın türkdilli ölkələrə qarşı ikili standartlarla yanaşdığının göstəricisidir. Avropanın dini və yaxud digər ortaq dəyərlərə söykənən təəssübkeşliyini nəzərə alaraq, tarixi kökləri, mədəniyyəti ilə bir-birinə bağlı olan türk dövlətlərinin iqtisadi birliyinin yaradılması vacibdir", - İbrahimqızı deyib.

Onun sözlərinə görə, hazırda istər Azərbaycan, istər Türkiyə, Qazaxıstan, Türkmənistan, istərsə Özbəkistan, Qırğızıstanın kifayət qədər iqtisadi gücü və potensialı var.

"Türkdilli dövlətlər vahid bir iqtisadi güc kimi öz mövqeyini dünyaya bildirməlidir", - İbrahimqızı deyib.

Deputat TÜRKPA, TÜRKSAM kimi qurumların günü-gündən güclənərək türkdilli dövlətlərin əlaqələrinin genişlənməsinə xidmət edəcəyinə əminliyini bildirib.

Məlahət İbrahimqızı eyni zamanda qeyd edib ki, türkdilli ölkələrin vahid ticarət zonasının və valyutasının yaradılması üçün xeyli iş görülməlidir.

Azərbaycanda iyun ayının hava proqnozu açıqlanıb
30 may 2012 16:49

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti Azərbaycanda iyun ayı üçün gözlənilən hava proqnozunu açıqlayıb.

Nazirlikdən verilən məlumata görə, iyun ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın və bir qədər yüksək olacağı gözlənilir.

Aylıq yağıntının miqdarının bir çox rayonlarda iqlim normasından az və normaya yaxın, əsasən, Naxçıvan Muxtar Respublikasının bəzi rayonlarında isə iqlim normasından bir qədər çox olacağı ehtimal olunur.

İyun ayının birinci ongünlüyünün birinci yarısında ölkə ərazisində hava şəraitinin nisbətən qeyri-sabit keçəcəyi, əsasən, gecə və axşam respublikanın bəzi rayonlarında şimşək çaxacağı, yağış yağacağı, dağlıq və dağətəyi rayonlarda lokal leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir.

Birinci ongünlüyün birinci yarısında temperatur iqlim norması daxilində tərəddüd edəcək, ongünlüyün ikinci yarısında isə tədricən 3-4 dərəcə yüksələcək.

Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturun 22-24 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Gecələr 17-22, gündüzlər 25-30 dərəcə isti təşkil edəcək, ayrı-ayrı günlərdə temperatur 32-35 dərəcəyədək yüksələcək.

Aylıq yağıntının miqdarının kiçik mənfi və müsbət fərqlə iqlim normasına yaxın (norma 4-12 mm) olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 20-25 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr 14-19, gündüzlər 26-31 dərəcə isti təşkil edəcək, ayrı-ayrı günlərdə 33-36 dərəcəyədək yüksələcək.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 21-35 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd; Qubadlı, Zəngilan,

Laçın, Kəlbəcər və Daşkəsən, Gədəbəy rayonlarında orta aylıq temperaturun 14-19 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr 8-13, gündüzlər 18-23 dərəcə isti təşkil edəcək, ayrı-ayrı günlərdə 26 dərəcəyədək yüksələcək.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 86-130 mm) olacağı gözlənilir.

Qazax-Gəncə, Goranboy, Tər-Tər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında orta aylıq temperaturun 20-24 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Gecələr 14-18, gündüzlər 25-30 dərəcə isti olacaq, ayrı-ayrı günlərdə 33 dərəcəyədək yüksələcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 46-63 mm), bəzi yerlərdə isə bir qədər az olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında orta aylıq temperaturun 19-23 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr 12-17, gündüzlər 20-25 dərəcə isti təşkil edəcək, ayrı-ayrı günlərdə 28-33 dərəcəyədək yüksələcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 18-179 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.

Mərkəzi-Aran- Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan,

Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 23-26 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Gecələr 17-22, gündüzlər 28-33 dərəcə isti olacaq, ayrı-ayrı günlərdə 34-36 dərəcəyədək yüksələcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 12-50 mm), bəzi yerlərdə isə bir qədər az olacağı gözlənilir.

Masallı-Lənkəran-Astara-Lerik, Yardımlı rayonlarında orta aylıq temperaturun 17-22 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr 15-19, gündüzlər 25-30 dərəcə isti təşkil edəcək, ayrı-ayrı günlərdə 31-33 dərəcəyədək yüksələcək.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 29-47 mm) olacağı gözlənilir.

Azərbaycan prezidentinin Naxçıvana səfəri başa çatıb
30 may 2012 16:45

 

Azərbaycan prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasına (MR) səfəri çərçivəsində mayın 30-da Kəngərli rayonunda olub.

Dövlət başçısı mədəniyyət və istirahət parkında Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstəsi qoyub.

Prezident İ. Əliyev burada Kəngərli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb, sonra isə parkın ərazisində inşa olunmuş Kəngərli rayon mədəniyyət evinin açılışını bildirən lenti kəsib. Dövlət başçısı binada yaradılmış şəraitlə, sonra isə Heydər Əliyevin adını daşıyan mədəniyyət və istirahət parkında yaradılan şəraitlə tanış olub.

Prezident Kəngərli rayonunda Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində qərargah binasının açılışında da iştirak edib, əsgər yataqxanası, yeməkxanası və məişət kompleksi ilə tanış olub. Dövlət başçısı qərargah binasının rəmzi açılışını bildirən lenti kəsib. Prezident hərbi hissənin həyətində nümayiş olunan silah-sursat və hərbi texnikaya baxıb.

Daha sonra dövlət başçısı Naxçıvan-Culfa magistral avtomobil yolunun açılışında iştirak edib. Prezident yolun rəmzi açılışını bildirən lenti kəsib. Açılış mərasimindən sonra dövlət başçısı Naxçıvan ictimaiyyətinin nümayəndələri ilə görüşüb, onların qarşısında çıxış edib.

Azərbaycan prezidenti daha sonra Culfada Uşaq Musiqi Məktəbinin açılışına qatılıb. Prezident Uşaq Musiqi Məktəbinə fortepiano hədiyyə edib.

Prezident Culfa sərhəd komendantlığında və sərhəd zastavasında aparılan yenidənqurma işləri ilə də tanış olub.

Bununla da, Azərbaycan prezidentinin Naxçıvan MR-ə səfəri başa çatıb. Dövlət başçısını Naxçıvan beynəlxalq hava limanından MR Ali Məclisinin sədri Vasif Talıbov və digər rəsmi şəxslər yola salıblar.

Dövlət başçısı bu gün Bakıya qayıdıb.

Azərbaycan prezidenti Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb
30 may 2012 09:54

 

Azərbaycan prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Prezidentin mətbuat xidmətindən verilən məlumata görə, sərəncamda bildirilir:

“Naxçıvan Muxtar Respublikasının tarixi-mədəni irsinin və milli memarlıq ənənələrinin qorunub saxlanılması, şəhərsalma, istirahət və turizm infrastrukturunun yeniləşdirilməsi, abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda müəyyən olunmuş tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi üçün Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 10,0 (on) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin”.

 əvvəlki    27  28  29  30  31  32  33  34  35  36  37    növbəti 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.