Bu gün Azərbaycanın ümumtəhsil məktəblərində “Son zəng” keçiriləcək.
Təhsil naziri Misir Mərdanovun əmrinə əsasən, “Son zəng” tədbirləri üç saat müddətində yalnız təhsil müəssisənin ərazisində olacaq. Həmin tədbirində valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyət nümayəndələri iştirak edəcək.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) sektor müdiri Zəminə Əliqızı bildirib ki, paytaxtda son zəng tədbirləri təhsil nazirinin və BŞTİ-nin müdirinin əmrinə əsasən, yalnız məktəbin ərazisində üç saat müddətində keçiriləcək. “Son zəng”lə bağlı məktəbin ərazisindən kənarda keçirilən tədbirdə hər hansı hadisə baş verərsə, məsuliyyət təhsil ocağının deyil, valideynlərin üzərinə düşəcək.
Qeyd edək ki, 2011-2012-ci tədris ilində ölkəmizin ümumi təhsil məktəblərinin buraxılış (XI, XII) siniflərini 92178 şagird bitirəcək. Qiyabi və axşam ümumi təhsil məktəblərinin XII sinfini başa vuran şagirdlərin sayının 786 nəfər olacağı gözlənilir. 2011-2012-ci tədris ilində Bakı şəhərindəki əyani ümumi təhsil məktəblərinin XI sinfini 24285, IX sinfini isə 33977 şagird bitirəcək.
2011-2012-ci dərs ilində ölkə üzrə I sinif şagirdlərinin sayı 125807 nəfər olub. 2012-2013-cü tədris ilində isə ümumi təhsil məktəblərinin I sinfinə 130454 şagirdin qəbul olunacağı proqnozlaşdırılır.