Cəbhədə bütün sutka atışma olub
09 iyun 2012 05:58

 

Müdafiə Nazirliyi: Cəbhədə vəziyyət gərgin olaraq qalır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ermənistan silahlı qüvvələrəninin bölmələri iyunun 8-i saat 8:00-dan bu gün səhər saat 08:00-dək qoşunların təmas xəttinin bütün istiqamətlərindən atəşkəs rejimini pozmaqda davam ediblər.

Atışmaların intensiv xarakter daşımasına baxmayaraq, Azərbaycan tərəfinin heç bir itkisi və yaralısı olmayıb. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub.

QAYIDIŞdan başlanan QURTULUŞ
09 iyun 2012 05:53

 

Ulu öndər Heydər Əliyevin 1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya gəlişi ilə Azərbaycanın xilasının və əsl müstəqilliyinin təməli qoyuldu.

Xalqların qarşıya qoyduğu konkret hədəflərə doğru irəliləməsi prosesində milli dövlətin mövcudluğu vacib şərtlərdən biridir. Milli dövlətə mənsubluq hər bir millətin nəyə qadir olduğunu, keçdiyi şərəfli mübarizə yolunu və dünya dövlətləri sırasında layiqli yer tutmaq əzmini nümayiş etdirir. Vahid təsərrüfat sisteminə, dilə, dinə, adət-ənənə və dəyərlər sisteminə xas insanlar qrupu tarixən konkret ərazi hüdudlarında milli dövlətlərini yaratmaq idealı ilə yaşamış, fəqət bu heç də hamıya nəsib olmamışdır.

70 il imperiya əsarətində qalmış Azərbaycan xalqı daim müstəqilliyini bərpa etmək arzusu ilə yaşasa da, obyektiv səbəblərdən bu niyyətini yalnız ötən əsrin sonlarına doğru gerçəkləşdirmək şansı qazandı. Keçmiş ittifaqın süqutu zəminində cərəyan edən müəyyən proseslər xalqın öz hüquqları uğrunda fəal mücadiləyə qalxmasına və nəticədə 1991-ci ilin 18 oktyabrında müstəqilliyini bərpa etməsinə imkan yaratdı. Azərbaycanın de-yure müstəqilliyinin əldə olunmasına baxmayaraq, respublikanın de-fakto müstəqil dövlətçilik təsisatlarının formalaşması prosesi getmirdi. Dövlətçiliyin iqtisadi, siyasi, hüquqi və ideoloji əsaslarını sarsıdan bir çox sosial-mənəvi problemlər də məhz müstəqilliyin şərti səciyyə daşıması üzündən meydana çıxmışdı. De-yure müstəqilliyini bəyan etmiş Azərbaycanın de-fakto müstəqil dövlət kimi tanınmasına, müstəqil siyasət yeritməsinə ciddi problemlər mövcud idi. Bu həm də hakimiyyətdə yüksək postlarda təmsil olunan bəzi məmurların müəyyən xarici dövlətlərin diktəsi və təsiri altında hərəkət etməsi, antimilli mövqe tutması ilə şərtlənirdi.

Müstəqilliyini qanı, canı bahasına bərpa etmiş müdrik xalqımızın 1991-ci ildən 1993-cü ilin iyun ayınadək böyük sarsıntı və fəlakətləri öz taleyində yaşamaq məcburiyyətində qalması, ümumilikdə, dövlətin özünün gələcəyinin sual altında olması ilə şərtlənirdi. Müstəqilliyin ilk illərində xalqın iradəsinə zidd şəkildə iqtidara yiyələnən, dövlətçilik və siyasi idarəçiliklə bağlı baxışları son dərəcədə primitiv məlum qüvvələr faktiki olaraq Azərbaycanı taleyin ümidinə buraxmışdılar. Üstəlik, hakimiyyət uğrunda mübarizənin qanunsuz silahlı qruplaşmalar səviyyəsində aparılması ölkədəki siyasi, iqtisadi və mənəvi böhranı daha da dərinləşdirir, bədxah xarici qüvvələrin təsiri ilə etnik-milli münasibətlərin qızışdırılmasına, separatizm meyllərinə rəvac verir, vətəndaş müharibəsinə bir növ zəmin hazırlayırdı.

1993-cü ilin 4 iyununda Gəncədə baş vermiş hadisələr isə respublikanın  yenicə nail olduğu dövlət müstəqilliyinə ciddi təhlükə olmaqla yanaşı, silahlı vətəndaş müharibəsinə, Azərbaycanın ayrı-ayrı bölgələrə parçalanmasına zəmin yaratmışdı. Şimalda separatçı "Sadval" hərəkatının fəallaşması, Cənubda qondarma "Talış-Muğan Respublikası"nın yaradılması təşəbbüslərinin baş qaldırması da ölkədəki hakimiyyətsizliyin, xaos və anarxiyanın, qanunsuzluğun bariz təcəssümü idi.

Azərbaycan Respublikasını dağılmaqdan, dövlətçiliyi məhv olmaqdan, ölkəni etnik prinsiplərə əsasən parçalanmaqdan, vətəndaş müharibəsi təhlükəsindən, mənəvi-psixoloji sarsıntıdan qurtarmaq üçün xalq öz xilaskarı Heydər Əliyevə müraciət etdi. Səbir kasası dolmuş xalq qətiyyətlə onun siyasi hakimiyyətə qayıtmasını tələb edirdi. Xalq yaranmış vəziyyətdən çıxış yolunu zəngin təcrübəyə malik görkəmli dövlət və siyasi xadim, Azərbaycanın böyük oğlu Heydər Əliyevin şəxsində görürdü. Naxçıvanda bütün Azərbaycanın müqəddəratı üçün taleyüklü fəaliyyət göstərən Heydər Əliyevin yanına dəstə-dəstə adamlar - nümayəndələr gəlir, teleqramlar göndərilirdi.

Heydər Əliyev 1993-cü il iyunun 9-da Bakıya gəldi. Ulu öndər həmin dövrü belə xarakterizə etmişdi: "Mən buraya heç də partiyanın lideri kimi gəlməmişəm. Mən buraya tamam könülsüz, tez-tələsik yox, adamların təzyiqindən çox, yaranmış vəziyyətə görə gəldim, çünki xalqın taleyi həll olunurdu".

Heydər Əliyev ağır vəziyyətdən çıxmağın ancaq danışıqlar yolu ilə, qarşılıqlı anlaşma vasitəsilə, sülh və barışıqla mümkün olacağını göstərdi. Ümummilli lider Azərbaycanın bütün vətənpərvər insanlarının hamısının birləşib bu ağır vəziyyətdən çıxmaq üçün çalışmaları təklifini irəli sürdü.

AXC-Müsavat cütlüyünün ulu öndər Heydər Əliyevi Naxçıvandan acizanə şəkildə Bakıya dəvət etməsi həm də xalqın təkidli tələbi ilə bağlı idi. Belə böhranlı və ağır vəziyyətdə ölkə vətəndaşları yeganə çıxış yolunu yenə də müdrik rəhbərinin hakimiyyət sükanı arxasına keçməsində görürdü. Bu taleyüklü sınaq anında xalqın çağırışına səs verən, dövlətin gələcək taleyinə biganə qalmayan böyük strateq Heydər Əliyev Bakıya dönərək respublikada yaranmış hakimiyyət böhranının aradan qaldırılması istiqamətində əməli fəaliyyətə başladı. Ümummilli liderin bir qrup ziyalı ilə Gəncəyə səfər etməsi və heç bir riskdən çəkinməyərək silahlanmış qüvvələrlə danışıqlar aparması vətəndaş müharibəsi təhlükəsinin qarşısının alınmasında mühüm addım oldu. Bundan bir neçə gün sonra - iyunun 15-də isə ulu öndər parlamentdə səslənən təkidli xahişləri, ən əsası xalqın istəyini nəzərə alaraq o zamankı Azərbaycan Respublikası Ali Sovetinin sədri vəzifəsinə seçilməsinə razılıq verdi. Bu tarixi hadisə respublika həyatında xaos və anarxiyadan qurtuluşa doğru yeni mərhələnin başlanğıcına çevrildi.

1993-cü il iyunun 15-də Azərbaycan parlamentində dərin məzmunlu nitq söyləyən ulu öndər Heydər Əliyev respublikanı xaos və anarxiya burulğanından çıxarmaq, xalqın etimadını doğrultmaq üçün səylə çalışacağını bəyan etdi: "...Azərbaycan Respublikasının dövlət müstəqilliyi ən əsas məsələdir. Müstəqil Azərbaycanda demokratiya inkişaf etdirilməlidir. Siyasi plüralizmə geniş yol verilməlidir. Azərbaycan Respublikasında Konstitusiyanın pozulmasına, qanun pozuntularına yol verilməməlidir. Dövlət quruculuğu və cəmiyyətin formalaşması məhz demokratik prinsiplər əsasında olmalıdır. Siyasətdə və iqtisadiyyatda sərbəstlik, hürriyyət, insan azadlığı, insan hüquqlarının qorunması və sərbəst iqtisadiyyat, bazar iqtisadiyyatı prinsipləri bərqərar olmalıdır. Yəni bizim respublikamız bir il bundan öncə başladığı yolla getməkdə davam etməlidir. Bu, düzgün yoldur, doğru yoldur, bu yolla bizim respublika daha qətiyyətlə getməlidir. Əmin olmalısınız ki, mən bu yola həmişə sadiq olacağam".

Ulu öndər Heydər Əliyevin iyunun 15-də Ali Sovetin sədri seçilməsi böyük strateqin sadəcə, hakimiyyətə qayıdışı deyil, eyni zamanda xalqın qurtuluş və özünütəsdiq tarixidir. Bu tarixi qayıdış ilk növbədə, Azərbaycanın varlığını, müstəqilliyini, dövlətçiliyini qoruyub saxlamış, ölkəni parçalanmaqdan, vətəndaş müharibəsindən, düşmən işğalının geniş miqyas almasından xilas etdi.

Böyük strateq Heydər Əliyevin ümummilli liderlik zirvəsinə yüksəlməsi həm də onun milli inkişaf strategiyasının banisi olması ilə şərtlənir. Ulu öndər ilk günlərdən Azərbaycanın perspektiv inkişaf prioritetlərini açıqladı, demokratik inkişafa doğru sürət götürmüş müstəqil Azərbaycan dövlətini qısa müddət ərzində möhkəmlənən, qüdrətlənən, regionda və ümumilikdə dünyada əhəmiyyəti həlledici dərəcədə artan sosial-siyasi reallığa çevirdi. Mütərəqqi iqtisadi inkişaf yolunun seçilməsi, yeni neft strategiyasının məntiqi nəticəsi kimi "Əsrin müqaviləsi"nin imzalanması, özəlləşdirmə adı altında dövlət əmlakının ayrı-ayrı biznes maqnatlarının əlinə keçməsinin qarşısının alınması, dövlət aparatının və idarəçiliyinin təkmilləşdirilməsi, planlı iqtisadiyyat və bölgü sisteminin dağıdılaraq əvəzində milli sahibkarlıq sinfinin formalaşdırılması Heydər Əliyevin xalq qarşısındakı misilsiz xidmətlərinin yalnız bir hissəsidir.

Ulu öndərin 1993-cü ilin 15 iyununda Ali Sovetin sədri seçilməsi Azərbaycanda eyni zamanda mütərəqqi parlamentarizm ənənələrinin formalaşmasını təmin etdi. Heydər Əliyev bu vəzifədə səylə çalışaraq ilk növbədə, parlamentin cəmiyyətdəki nüfuzunun sağlamlaşdırılması tədbirlərinə başladı, yüksək idarəçilik keyfiyyətləri sayəsində ali qanunverici orqanda xoşagəlməz siyasi çəkişmələrin, qeyri-etik davranışların qarşısını aldı. Müzakirə və diskussiyaların sivil demokratik meyarlar çərçivəsində aparılması üçün şəxsi nümunə göstərdi, parlament idarəçiliyinə yeni ruh və müasirlik gətirdi. Milli Məclisin iclasları, mətbuat konfransları, respublika əhəmiyyətli müşavirələr birbaşa yayımla televiziya ekranlarına verildi. Ölkədəki vəziyyət olduğu kimi xalqa çatdırıldı. Ümummilli liderin Milli Məclisdəki səlist, rəvan və yüksək məntiqə əsaslanan nitqləri, əsaslandırılmış mövqeyi, mürəkkəb situasiyalarda çevik qərarlar qəbul etmək qabiliyyəti bu gün də böyük rəğbətlə xatırlanır.

Qazaxıstan parlamenti Senatının sədri Heydər Əliyev Fondunda olub
08 iyun 2012 10:48

 

Azərbaycana rəsmi səfəri çərçivəsində  Qazaxıstan parlamenti Senatının sədri Kayrat Maminin rəhbərlik etdiyi nümayəndə heyəti iyunun 8-də Heydər Əliyev Fondunda olmuşdur.

Qonaqlara Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə yaradılmış Fondun məqsədi və fəaliyyəti barədə məlumat verildi. Bildirildi ki, Fond ulu öndərin zəngin irsini öyrənir və təbliğ edir, müxtəlif sosial–iqtisadi, humanitar layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin inkişafına və tarixinin öyrənilməsinə kömək göstərir.

Qazaxıstan nümayəndə heyətinin üzvləri ümummilli lider Heydər Əliyevin arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərinə aid fotoşəkillərlə, habelə müxtəlif eksponatlarla tanış oldular.

Fondla tanışlıq zamanı qonaqlara məlumat verildi ki, ulu öndərin hakimiyyətdə olduğu dövr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biridir. Bu gün Azərbaycanın uğurlu sosial-iqtisadi inkişafı, əldə olunan nailiyyətlər məhz ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərinin bəhrəsidir.

Qonaqlar fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin ulu öndərə bəxş etdikləri hədiyyələrlə, nüfuzlu elm, mədəniyyət və incəsənət xadimlərinin müstəqil Azərbaycan dövlətinin qurucusu haqqında fikirləri ilə tanış oldular, xarici ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş şəkillərə maraqla baxdılar.

Fondla tanışlıqdan sonra Qazaxıstan parlamenti Senatının sədri K.Mamin Xatirə kitabına ürək sözlərini yazdı.

Sonra Senatın sədri Heydər Əliyev Fonduna xatirə hədiyyəsi təqdim etdi.

Qazaxıstan nümayəndə heyəti Heydər Əliyev Fondundan zəngin təəssüratla ayrılmışdır.

İyunun 8-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
08 iyun 2012 05:08

 

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Temperatur gecə 18-23, gündüz 27-32 dərəcə isti olacaq.

Bakıda gecə 20-22, gündüz 30-32 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 753 millimetr civə sütunundan 757 millimetr civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80 faiz, gündüz 50-55 faiz olacaq.

Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22, Zuğulba, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23, Türkan, Hövsan, Şıx, Sahildə 23-24 dərəcə olacaq.

Naxçıvan Muxtar Respublikasında gündüz hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Temperaturun gecə 16-21, gündüz 30-35 dərəcə isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında hava gündüz əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Temperaturun gecə 11-16, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında hava gündüz əsasən yağmursuz keçəcək. Temperaturun gecə 17-22, gündüz 29-34 dərəcə isti olacağı gözlənilir.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında hava gündüz yağmursuz keçəcək. Lakin axşam bəzi qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Temperaturun gecə 15-20, gündüz 24-29 dərəcə isti, dağlarda gecə 10-15, gündüz 19-23 dərəcə isti olacağı gözlənilir.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Temperaturun gecə 17-22, gündüz 30-35 dərəcə isti olacağı gözlənilir.

Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında hava əsasən yağmursuz keçəcək.  Temperaturun gecə 19-23, gündüz 30-35 dərəcə isti, dağlarda gecə 14-19, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz

İyunun 8-dən 10-dək Abşeron yarımadasında davamlı xəzri küləyinin yaratdığı sərinlik müsbət amil olsa da, iyunun 8-9-da güclü külək bəzi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.

Bu gün Azərbaycanda növbəti buraxılış imtahanları keçirilir
08 iyun 2012 05:03

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gün Sumqayıt, Abşeron, Xətai, Xızı, Siyəzən, Şamaxı, İsmayıllı, Qobustan, Quba, Şabran, Qusar və Xaçmaz şəhərlərində orta ümumtəhsil müəssisələrinin XI və IX sinif şagirdləri üçün buraxılış imtahanı keçirir.

TQDK-nın mətbuat xidmətindən verilən məlumata görə, hər bir rayon üzrə saat 10.00-da XI siniflər, saat 15:00- da isə IX siniflər öz biliklərini nümayiş etdirəcəklər.

Orta ümumtəhsil müəssisələrinin XI siniflərində təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün həmin rayonlarda ümumilikdə 32 imtahan mərkəzi ayrılıb. İmtahan Sumqayıt şəhərində 5, Xətai rayonunda 1, Abşeron rayonunda 4, Xızı rayonunda 1, Siyəzən rayonunda 1, Şamaxı rayonunda 2, İsmayıllı rayonunda 3, Qobustan rayonunda 1, Quba rayonunda 6, Şabran rayonunda 2, Qusar rayonunda 3, Xaçmaz rayonunda isə 3 binada keçiriləcək. Adı çəkilən rayonlar üzrə 10692 nəfər XI sinif şagirdinin (Xətai rayonunda 437, Sumqayıt şəhərində 3224, Abşeron rayonunda 1539, Xızı rayonunda 135, Siyəzən rayonunda 377, Şamaxı rayonunda 513, İsmayıllı rayonunda 909, Qobustan rayonunda 278, Quba rayonunda 977, Şabran rayonunda 401, Qusar rayonunda 747, Xaçmaz rayonunda 1155 nəfər) buraxılış imtahanında iştirakı nəzərdə tutulur.

Orta ümumtəhsil müəssisələrinin IX siniflərində təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün həmin rayonlarda ümumilikdə 36 imtahan mərkəzi ayrılıb. İmtahan Sumqayıt şəhərində 7, Abşeron rayonunda 6, Xətai rayonunda 1, Xızı rayonunda 1, Siyəzən rayonunda 1, Şamaxı rayonunda 2, İsmayıllı rayonunda 3, Qobustan rayonunda 1, Quba rayonunda 6, Şabran rayonunda 2, Qusar rayonunda 3, Xaçmaz rayonunda isə 3 binada keçiriləcək. İmtahan keçiriləcək rayonlar üzrə 17226 nəfər IX sinif şagirdinin (Xətai rayonunda 236, Sumqayıt şəhərində 4399, Abşeron rayonunda 2901, Xızı rayonunda 244, Siyəzən rayonunda 618, Şamaxı rayonunda 1087, İsmayıllı rayonunda 1206, Qobustan rayonunda 476, Quba rayonunda 2167, Şabran rayonunda 834, Qusar rayonunda 1141, Xaçmaz rayonunda 1917 nəfər) buraxılış imtahanında iştirakı nəzərdə tutulur.

Buraxılış imtahanı ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün - Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün - rus dili fənni) və riyaziyyat fənləri üzrə keçirilir. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı təqdim edilir. Bundan əlavə, şagirdlər təqdim edilmiş mövzu üzrə yazı işi yerinə yetirirlər. İmtahanın müddəti 2 saatdır. Test tapşırıqlarının yerinə yetirilməsinə 1 saat 30 dəqiqə, yazı işinin yerinə yetirilməsinə 30 dəqiqə vaxt ayrılır. Yazı işi balla qiymətləndirilmir, yalnız xüsusi hallarda əlavə meyar kimi istifadə edilir.

Şagirdin test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumat onun imtahan verdiyi gündən etibarən 5 günədək müddətdə elan edilir. Səhhəti, ailə vəziyyəti ilə bağlı Buraxılış imtahanında üzrlü səbəbdən iştirak etməyən şagirdlər iyul ayının 4-də buraxılış imtahanı verəcəklər.

XİN Azərbaycan-Ermənistan sərhədində baş verən qanlı insidenti şərh etdi
08 iyun 2012 05:02

 

Rəsmi Yerevan Azərbaycanın gənc hərbçilərinin ölümünə görə tam məsuliyyət daşıyır. Bu barədə cümə axşamı Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Elman Abdullayev Ermənistan Prezidenti Serj Sarkisyanın son bəyanatını şərh edərkən bildirib.

"Biz yaxşı bilirik ki, bu gün təmas xəttində yaranan vəziyyət kimin günahı üzündən baş verib. Ermənistan rəhbərliyi cəbhə xəttində gənc hərbçilərin ölümünə görə tam məsuliyyət daşıyır, çünki bu təcavüzkar ölkə Azərbaycan ərazisinin 20 faizini işğal edib, nəticədə bir milyon azərbaycanlı öz evinə qayıda bilmir", - Abdullayev deyib.

O qeyd edib ki, Ermənistan rəhbərliyi günahı başqalarının üzərinə ataraq işğalçı siyasəti yürüdür.

"Ermənistan rəhbərliyi təxribat və əsassız bəyanatlarla keçmiş cinayətlərini gizlədə və ya əməllərinə haqq qazandıra biləcəklərini düşünürlərsə, səhv edirlər. Azərbaycan insanlığa qarşı cinayət törətmiş günahkarlara ədalətli cəzanın verilməsinə nail olacaq", - Abdullayev deyib.

Onun fikrincə, Ermənistanın uzun illərdir beynəlxalq hüquqa laqeydliyi və beynəlxalq təşkilatların qəbul etdiyi sənəd və qətnamələrə məhəl qoymaması dünya ictimaiyyətinin reaksiya və ittihamından kənarda qala bilməz.

"Ermənistan rəhbərliyinin destruktiv fəaliyyəti və ekspansiya siyasəti sayəsində region münaqişə zonasına çevrilib ki, bu da regionun çiçəklənməsinə mane olur, - XİN rəsmisi bildirib. - Biz erməni rəhbərlərin etnik təmizləmələrin həyata keçirilməsi, Xocalı soyqırımında dinc sakinlərin qətli barədə lovğa "etiraflarını", habelə erməni və azərbaycanlıların birgə yaşamasının qeyri-mümkünlüyü haqqında bəyanatlarını unutmamışıq", - o deyib.

Abdullayev vurğulayıb ki, Azərbaycan dövlətinin hazırda öz ərazi bütövlüyünü bərpa etməyə qanuni haqqı və bütün imkanları var ki, bu da beynəlxalq qanunvericilikdə dəqiq əksini tapıb.

Qeyd edək ki, son günlər cəbhə xəttində atəşkəsin pozulması intensivləşib. Müdafiə Nazirliyinin mətbuat xidmətin yaydığı məlumata görə, iyunun 5-də saat 06:30 radələrində Ermənistanın təxribatçı qrupu Qazax rayonunun Aşağı Əskipara kəndində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə girməyə cəhd etsə də, itki verərək geri çəkilməyə məcbur edilib. Döyüş zamanı Azərbaycan Silahlı Qüvvələrinin dörd hərbi qulluqçusu şəhid olub. Daha bir əsgər isə Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdən açılan atəş nəticəsində dünyasını dəyişib.

Azərbaycanda işçilərin maaşından tutulmalar ola bilər
07 iyun 2012 14:11

 

Milli Məclis "Həmkarlar ittifaqı haqqında" qanuna dəyişiklik edəcək.

Qanuna təklif olunan dəyişikliyə əsasən, mülkiyyət formasından asılı olmayaraq, işəgötürən işçilərin əməkhaqlarından həmkarlar ittifaqına üzvlük haqlarının mühasibatlıq vasitəsilə tutulmasını təmin etməli və dörd iş günü müddətində həmin idarə, müəssisə və təşkilatın həmkarlar ittifaqı təşkilatının xüsusi hesabına köçürməlidir.

Əlavə Milli Məclisin cümə axşamı keçirilən iclasında müzakirəyə çıxarılacaq.

İyunun 7-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
07 iyun 2012 14:10

 

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Temperatur gecə 17-22° isti, gündüz 30-35° isti olacaq. Bakıda gecə 19-21° isti, gündüz 32-34° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 754 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-80 faiz, gündüz 50-55 faiz olacaq.

Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 22-23°, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24°, Türkan, Hövsan, Şıx, Sahildə 24-25° olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Temperaturun gecə 14-19° isti, gündüz 32-37° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,Daşkəsən, Gədəbəy rayonlarında hava gündüz əsasən, yağmursuz keçəcək. Temperaturun gecə 10-15°, gündüz 22-27° isti olacağı gözlənilir.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Temperaturun gecə 18-22°, gündüz 29-34° isti olacağı gözlənilir.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında hava gündüz yağmursuz keçəcək. Temperaturun gecə 15-20°, gündüz 27-32° isti, dağlarda gecə 9-14° isti, gündüz 21-26° isti olacağı gözlənilir.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Temperaturun gecə 17-22°, gündüz 32-37° isti olacağı gözlənilir.

Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında hava əsasən yağmursuz keçəcək. Temperaturun gecə 18-23° isti, gündüz 28-33° isti, dağlarda gecə 12-17° isti, gündüz 23-28° isti olacağı gözlənilir.

Rovsen Eyyubov
07 iyun 2012 09:36

Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-ın dövlət katibi Hillari Klintonu qəbul edib
06 iyun 2012 13:18

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 6-da ABŞ-ın dövlət katibi Hillari Klintonu qəbul etmişdir.

ABŞ-ın dövlət katibi Hillari Klintonun Azərbaycana növbəti səfərindən məmnunluğunu bildirən dövlətimizin başçısı bunu ölkələrimiz arasında dostluq və tərəfdaşlıq əlaqələrinin göstəricisi kimi dəyərləndirdi. Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında iqtisadi, enerji, regional təhlükəsizlik, siyasi islahatlar, münaqişənin nizama salınması və digər sahələrdə əməkdaşlıq məsələlərinə toxunan Prezident İlham Əliyev ikitərəfli əlaqələrimizin uğurla inkişaf etdiyini bildirdi.

ABŞ-ın dövlət katibi Hillari Klinton yenidən Bakıya səfərindən və ikitərəfli əlaqələrimizlə bağlı Azərbaycan Prezidenti ilə məsləhətləşməkdən məmnun olduğunu dedi. Xanım Klinton Azərbaycan Prezidenti İlham Əliyevin NATO-nun Çikaqo sammitində iştirakının önəmini qeyd etdi. Ölkələrimizin bir çox sahələrdə uğurlu əməkdaşlıq etməsinin əhəmiyyətini vurğulayan ABŞ-ın dövlət katibi ölkəsinin Azərbaycan ilə sıx və strateji tərəfdaşlıq əlaqələrinin olmasını məmnunluqla qeyd etdi. O, Azərbaycanın regionda mühüm rolunu vurğuladı. Xanım Klinton ikitərəfli münasibətlərimizin inkişafı ilə bağlı müzakirə ediləcək məsələlərin geniş gündəliyə malik olduğunu dedi.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması, ölkələrimizin enerji və digər sahələrdə əməkdaşlığının genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından ABŞ-ın dövlət katibi Hillari Klintonun şərəfinə lanç verildi.

Əli Həsənov: "Biz fəxr edirik ki, müsəlmanıq və dünyəvi dövlətik"
06 iyun 2012 13:15

 

Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov hesab edir ki, Azərbaycanla İran arasında mövcud olan problemlər yoluna qoyulacaq.

“Biz elə bir formul tapacağıq ki, dünyəvi dövlət dini dövlətlə sülh şəraitində yaşayacaq. Biz fəxr edirik ki, müsəlmanıq və dünyəvi dövlətik”, - bunu Həsənov İran-Azərbaycan münasibətlərinə dair ABŞ-ın nüfuzlu "The New York Times" qəzetinə açıqlamasında deyib. Bu barədə müəllif David M.Herszenhorn məqaləsində yazır.

Bakıda hələ də ABŞ səfirinin olmamasına münasibət bildirən PA rəsmisi deyib ki, ABŞ səfirinin olmaması müəyyən problem yaradır.

“Biz ABŞ səfiri ilə məsləhətləşmələr apara bilmirik. Amerikalılar Azərbaycan kimi ölkəni belə asanlıqla itirə bilməzlər. Onlar Azərbaycanı təkbaşına buraxa bilməzlər”, - Həsənov əlavə edib.

Müəllif yazıda qeyd edib ki, Qəbələ Radiolokasiya Stansiyasının (RLS) Rusiyaya icarəyə verilməsi haqqının 300 milyon dollara qaldırılması məsələsinə münasibət bildirən Əli Həsənov bunu əmlak qiymətlərində ciddi artımın olması ilə əlaqələndirib.

Azərbaycan prezidenti Gəncə şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb
06 iyun 2012 10:01

 

Azərbaycan prezidenti Gəncə şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən  otuz beş min nəfər əhalinin yaşadığı Məhsəti, Sadıllı, Natəvan, Şıxzamanlı, Cavad xan qəsəbələrini Gəncə şəhəri ilə birləşdirən, ümumi uzunluğu 21 kilometr olan avtomobil yollarının tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə ilkin olaraq 3 milyon manat ayrılıb. Maliyyə Nazirliyinə bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Azərbaycan ərazisində havanın temperaturu yüksəlir
06 iyun 2012 09:56

 

Bakıda 35, rayonlarda 37 dərəcə isti gözlənilir

İyunun 7-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, yağmursuz keçəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Gecə 17-22, gündüz 30-35 dərəcə isti olacaq.

Abşeronun çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 22-23, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24, Türkan, Hövsan, Şıx, Sahildə 24-25 dərəcə olacağı gözlənilir.

Azərbaycanın rayonlarında iyunun 7-də hava əsasən yağmursuz keçəcək. Lakin gecəyə doğru bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-22, gündüz 32-37, dağlarda gecə 10-15, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.

Yaxın 2 gündə hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam və gecə dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. İyunun 8-də mülayim şimal-qərb küləyi arabir güclənəcək. Temperatur rejimində mühüm dəyişiklik gözlənilmir.

Azərbaycan prezidenti İlham Əliyev Hidayət Orucova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb
06 iyun 2012 09:55

 

Azərbaycan prezidenti İlham Əliyev Hidayət Orucova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Hidayət Xuduş oğlu Orucova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.

ABŞ-ın dövlət katibi Hillari Klintonun Azərbaycana səfəri başlayıb
06 iyun 2012 09:54

 

ABŞ-ın dövlət katibi Hillari Klinton Azərbaycana səfərə gəlib.

Dövlət katibi səfər çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev və vətəndaş cəmiyyətinin üzvləri ilə görüşlər keçirəcək. Dövlət katibinin dünən Bakıda açılışı keçirilən 19-cu Beynəlxalq. Xəzər Neft, Qaz, Neftayırma və Neft kimyası Sərgi-Konfransı ilə tanış olacağı da gözlənilir.

Dövlət katibi Bakıda keçirdiyi görüşlərdə Azərbaycanla ABŞ münasibətlərinin bütün spektri, energetika sahəsində əməkdaşlıq, regional məsələlər, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı fikir mübadiləsi aparacaq.

 Xatırladaq ki, Hillari Klinton iyunun 4-də Ermənistanda, dünən isə Gürcüstanda səfərdə olub.

Azərbaycan prezidenti Böyük Britaniyanın lordlardan ibarət nümayəndə heyətini qəbul edib
06 iyun 2012 09:48

 

Azərbaycan prezidenti İlham Əliyev Lord Şeyx Mohamed İltaf, Lord Patel Kamleş Kumar, Lord Dük Hugh Con Maksvell, Lord Risbi Riçard Con Grenvilldən ibarət Böyük Britaniya nümayəndə heyətini qəbul edib.

Ölkələrimiz arasında siyasi, iqtisadi, enerji və digər sahələrdə əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayan Lord Şeyx Mohamed İltaf bu əlaqələrin gələcəkdə daha geniş sahələri əhatə edəcəyinə ümidvar olduğunu bildirib. bp-nin Azərbaycandakı fəaliyyətinin əhəmiyyətini qeyd edən Lord Şeyx Mohamed İltaf ölkəmizlə mədəni əlaqələrlə yanaşı, biznes sahəsində əməkdaşlığın daha da genişləndirilməsində də maraqlı olduqlarını vurğulayıb.

Dövlət başçısı NATO-nun Çikaqo sammitində Böyük Britaniyanın Baş naziri Devid Kemeron ilə görüşünü və ikitərəfli əlaqələrimizlə bağlı aparılan müzakirələri məmnunluqla xatırladıb. Azərbaycanın Böyük Britaniya ilə ikitərəfli münasibətlərinin tarixinin zəngin olduğunu vurğulayan prezident İlham Əliyev enerji sektorunda, sərmayə qoyuluşu və eləcə də iqtisadiyyatın digər sahələrində əməkdaşlığın önəmini qeyd edib. Bu gün keçirilən 19-cu Beynəlxalq Xəzər neft, qaz, neftayırma, neft kimyası sərgi və konfransının əhəmiyyətini vurğulayan dövlətimizin başçısı bp-nin Azərbaycanın əsas tərəfdaşlarından biri olduğunu, təkcə enerji sahəsində deyil, digər sahələrdə də uğurlu əməkdaşlıq etdiyini deyib.

Kanada Parlamentində Xocalı qətliamı ilə bağlı bəyanat səsləndirilib
06 iyun 2012 09:47

 

Kanada Federal Parlamentinin və hakim Mühafizəkarlar Patiyasının üzvü cənab Ed Holder parlamentin İcmalar Palatasının iclası zamanı Xocalı qətliamı ilə bağlı bəyanat səsləndirib. Bəyanatda 20 il öncə Azərbaycan xalqına qarşı törədilən ən dəhşətli hadisənin - Xocalı qətliamının Kanadada xatırlandığı qeyd olunub.

Xatırladaq ki, 1992-ci il fevralın 26-da Ermənistan silahlı birləşmələrinin Xocalı şəhərinin yeddi minlik əhalisinə qarşı törətdiyi soyqırım aktı zamanı 613 soydaşımız, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilib, meyitlər üzərində təhqiredici hərəkətlərə yol verilib.

Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsi haqqında əsasnamənin və komitənin strukturunun təsdiq edilməsi barədə fərman imzalayıb
06 iyun 2012 09:46

 

Prezident İlham Əliyev Dövlət Gömrük Komitəsi haqqında əsasnamənin və komitənin strukturunun təsdiq edilməsi barədə fərman imzalayıb.

Fərmana əsasən, “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə” və “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin strukturu” edilib.

Fərmanda Nazirlər Kabinetinə üç ay müddətində Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlamaq prezidentə təqdim etmək tapşırılıb. Bundan başqa Nazirlər Kabineti öz normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin etməli və bu barədə Azərbaycan prezidentinə məlumat verməlidir.    

Fövqəladə hallar naziri Sabirabad rayonunda 2010-cu ildə Kür daşqınlarından əziyyət çəkən sakinlərlə görüşüb
05 iyun 2012 18:41

 

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Sabirabad rayonunda 2010-cu ildə Kür daşqınlarından əziyyət çəkən sakinlərlə görüşüb.

nazir Kür daşqınlarının vurduğu ziyanın aradan qaldırılması istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, tikinti işləri plan üzrə davam etdirilir. Nazir bir neçə ay əvvəl dövlət başçısı tərəfindən əlavə vəsaitin ayrıldığını söyləyib. Kəmaləddin Heydərov deyib ki, layihə smeta sənədləri artıq hazırlanıb və gələn həftədən tikinti işlərinə başlanılacaq. Nazir sakinlərlə görüşdə onların problemləri ilə yaxından tanış olub.

Zaqatala rayonunda zəlzələ olub
05 iyun 2012 18:39

 

Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən daxil olmuş məlumata əsasən, 5 iyun 2012-ci il tarixində Bakı vaxtı ilə saat 21:29-da Zaqatala şəhərindən 15 km cənubda zəlzələ qeydə alınıb. Yeraltı təkanların gücü episentrdə 4 bala qədər olub. İnsan tələfatı və tikililərdə dağıntılar yoxdur.

 əvvəlki    25  26  27  28  29  30  31  32  33  34  35    növbəti 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.