Ulu öndər Heydər Əliyevin 1993-cü il iyunun 9-da Naxçıvandan Bakıya gəlişi ilə Azərbaycanın xilasının və əsl müstəqilliyinin təməli qoyuldu.
Xalqların qarşıya qoyduğu konkret hədəflərə doğru irəliləməsi prosesində milli dövlətin mövcudluğu vacib şərtlərdən biridir. Milli dövlətə mənsubluq hər bir millətin nəyə qadir olduğunu, keçdiyi şərəfli mübarizə yolunu və dünya dövlətləri sırasında layiqli yer tutmaq əzmini nümayiş etdirir. Vahid təsərrüfat sisteminə, dilə, dinə, adət-ənənə və dəyərlər sisteminə xas insanlar qrupu tarixən konkret ərazi hüdudlarında milli dövlətlərini yaratmaq idealı ilə yaşamış, fəqət bu heç də hamıya nəsib olmamışdır.
70 il imperiya əsarətində qalmış Azərbaycan xalqı daim müstəqilliyini bərpa etmək arzusu ilə yaşasa da, obyektiv səbəblərdən bu niyyətini yalnız ötən əsrin sonlarına doğru gerçəkləşdirmək şansı qazandı. Keçmiş ittifaqın süqutu zəminində cərəyan edən müəyyən proseslər xalqın öz hüquqları uğrunda fəal mücadiləyə qalxmasına və nəticədə 1991-ci ilin 18 oktyabrında müstəqilliyini bərpa etməsinə imkan yaratdı. Azərbaycanın de-yure müstəqilliyinin əldə olunmasına baxmayaraq, respublikanın de-fakto müstəqil dövlətçilik təsisatlarının formalaşması prosesi getmirdi. Dövlətçiliyin iqtisadi, siyasi, hüquqi və ideoloji əsaslarını sarsıdan bir çox sosial-mənəvi problemlər də məhz müstəqilliyin şərti səciyyə daşıması üzündən meydana çıxmışdı. De-yure müstəqilliyini bəyan etmiş Azərbaycanın de-fakto müstəqil dövlət kimi tanınmasına, müstəqil siyasət yeritməsinə ciddi problemlər mövcud idi. Bu həm də hakimiyyətdə yüksək postlarda təmsil olunan bəzi məmurların müəyyən xarici dövlətlərin diktəsi və təsiri altında hərəkət etməsi, antimilli mövqe tutması ilə şərtlənirdi.
Müstəqilliyini qanı, canı bahasına bərpa etmiş müdrik xalqımızın 1991-ci ildən 1993-cü ilin iyun ayınadək böyük sarsıntı və fəlakətləri öz taleyində yaşamaq məcburiyyətində qalması, ümumilikdə, dövlətin özünün gələcəyinin sual altında olması ilə şərtlənirdi. Müstəqilliyin ilk illərində xalqın iradəsinə zidd şəkildə iqtidara yiyələnən, dövlətçilik və siyasi idarəçiliklə bağlı baxışları son dərəcədə primitiv məlum qüvvələr faktiki olaraq Azərbaycanı taleyin ümidinə buraxmışdılar. Üstəlik, hakimiyyət uğrunda mübarizənin qanunsuz silahlı qruplaşmalar səviyyəsində aparılması ölkədəki siyasi, iqtisadi və mənəvi böhranı daha da dərinləşdirir, bədxah xarici qüvvələrin təsiri ilə etnik-milli münasibətlərin qızışdırılmasına, separatizm meyllərinə rəvac verir, vətəndaş müharibəsinə bir növ zəmin hazırlayırdı.
1993-cü ilin 4 iyununda Gəncədə baş vermiş hadisələr isə respublikanın yenicə nail olduğu dövlət müstəqilliyinə ciddi təhlükə olmaqla yanaşı, silahlı vətəndaş müharibəsinə, Azərbaycanın ayrı-ayrı bölgələrə parçalanmasına zəmin yaratmışdı. Şimalda separatçı "Sadval" hərəkatının fəallaşması, Cənubda qondarma "Talış-Muğan Respublikası"nın yaradılması təşəbbüslərinin baş qaldırması da ölkədəki hakimiyyətsizliyin, xaos və anarxiyanın, qanunsuzluğun bariz təcəssümü idi.
Azərbaycan Respublikasını dağılmaqdan, dövlətçiliyi məhv olmaqdan, ölkəni etnik prinsiplərə əsasən parçalanmaqdan, vətəndaş müharibəsi təhlükəsindən, mənəvi-psixoloji sarsıntıdan qurtarmaq üçün xalq öz xilaskarı Heydər Əliyevə müraciət etdi. Səbir kasası dolmuş xalq qətiyyətlə onun siyasi hakimiyyətə qayıtmasını tələb edirdi. Xalq yaranmış vəziyyətdən çıxış yolunu zəngin təcrübəyə malik görkəmli dövlət və siyasi xadim, Azərbaycanın böyük oğlu Heydər Əliyevin şəxsində görürdü. Naxçıvanda bütün Azərbaycanın müqəddəratı üçün taleyüklü fəaliyyət göstərən Heydər Əliyevin yanına dəstə-dəstə adamlar - nümayəndələr gəlir, teleqramlar göndərilirdi.
Heydər Əliyev 1993-cü il iyunun 9-da Bakıya gəldi. Ulu öndər həmin dövrü belə xarakterizə etmişdi: "Mən buraya heç də partiyanın lideri kimi gəlməmişəm. Mən buraya tamam könülsüz, tez-tələsik yox, adamların təzyiqindən çox, yaranmış vəziyyətə görə gəldim, çünki xalqın taleyi həll olunurdu".
Heydər Əliyev ağır vəziyyətdən çıxmağın ancaq danışıqlar yolu ilə, qarşılıqlı anlaşma vasitəsilə, sülh və barışıqla mümkün olacağını göstərdi. Ümummilli lider Azərbaycanın bütün vətənpərvər insanlarının hamısının birləşib bu ağır vəziyyətdən çıxmaq üçün çalışmaları təklifini irəli sürdü.
AXC-Müsavat cütlüyünün ulu öndər Heydər Əliyevi Naxçıvandan acizanə şəkildə Bakıya dəvət etməsi həm də xalqın təkidli tələbi ilə bağlı idi. Belə böhranlı və ağır vəziyyətdə ölkə vətəndaşları yeganə çıxış yolunu yenə də müdrik rəhbərinin hakimiyyət sükanı arxasına keçməsində görürdü. Bu taleyüklü sınaq anında xalqın çağırışına səs verən, dövlətin gələcək taleyinə biganə qalmayan böyük strateq Heydər Əliyev Bakıya dönərək respublikada yaranmış hakimiyyət böhranının aradan qaldırılması istiqamətində əməli fəaliyyətə başladı. Ümummilli liderin bir qrup ziyalı ilə Gəncəyə səfər etməsi və heç bir riskdən çəkinməyərək silahlanmış qüvvələrlə danışıqlar aparması vətəndaş müharibəsi təhlükəsinin qarşısının alınmasında mühüm addım oldu. Bundan bir neçə gün sonra - iyunun 15-də isə ulu öndər parlamentdə səslənən təkidli xahişləri, ən əsası xalqın istəyini nəzərə alaraq o zamankı Azərbaycan Respublikası Ali Sovetinin sədri vəzifəsinə seçilməsinə razılıq verdi. Bu tarixi hadisə respublika həyatında xaos və anarxiyadan qurtuluşa doğru yeni mərhələnin başlanğıcına çevrildi.
1993-cü il iyunun 15-də Azərbaycan parlamentində dərin məzmunlu nitq söyləyən ulu öndər Heydər Əliyev respublikanı xaos və anarxiya burulğanından çıxarmaq, xalqın etimadını doğrultmaq üçün səylə çalışacağını bəyan etdi: "...Azərbaycan Respublikasının dövlət müstəqilliyi ən əsas məsələdir. Müstəqil Azərbaycanda demokratiya inkişaf etdirilməlidir. Siyasi plüralizmə geniş yol verilməlidir. Azərbaycan Respublikasında Konstitusiyanın pozulmasına, qanun pozuntularına yol verilməməlidir. Dövlət quruculuğu və cəmiyyətin formalaşması məhz demokratik prinsiplər əsasında olmalıdır. Siyasətdə və iqtisadiyyatda sərbəstlik, hürriyyət, insan azadlığı, insan hüquqlarının qorunması və sərbəst iqtisadiyyat, bazar iqtisadiyyatı prinsipləri bərqərar olmalıdır. Yəni bizim respublikamız bir il bundan öncə başladığı yolla getməkdə davam etməlidir. Bu, düzgün yoldur, doğru yoldur, bu yolla bizim respublika daha qətiyyətlə getməlidir. Əmin olmalısınız ki, mən bu yola həmişə sadiq olacağam".
Ulu öndər Heydər Əliyevin iyunun 15-də Ali Sovetin sədri seçilməsi böyük strateqin sadəcə, hakimiyyətə qayıdışı deyil, eyni zamanda xalqın qurtuluş və özünütəsdiq tarixidir. Bu tarixi qayıdış ilk növbədə, Azərbaycanın varlığını, müstəqilliyini, dövlətçiliyini qoruyub saxlamış, ölkəni parçalanmaqdan, vətəndaş müharibəsindən, düşmən işğalının geniş miqyas almasından xilas etdi.
Böyük strateq Heydər Əliyevin ümummilli liderlik zirvəsinə yüksəlməsi həm də onun milli inkişaf strategiyasının banisi olması ilə şərtlənir. Ulu öndər ilk günlərdən Azərbaycanın perspektiv inkişaf prioritetlərini açıqladı, demokratik inkişafa doğru sürət götürmüş müstəqil Azərbaycan dövlətini qısa müddət ərzində möhkəmlənən, qüdrətlənən, regionda və ümumilikdə dünyada əhəmiyyəti həlledici dərəcədə artan sosial-siyasi reallığa çevirdi. Mütərəqqi iqtisadi inkişaf yolunun seçilməsi, yeni neft strategiyasının məntiqi nəticəsi kimi "Əsrin müqaviləsi"nin imzalanması, özəlləşdirmə adı altında dövlət əmlakının ayrı-ayrı biznes maqnatlarının əlinə keçməsinin qarşısının alınması, dövlət aparatının və idarəçiliyinin təkmilləşdirilməsi, planlı iqtisadiyyat və bölgü sisteminin dağıdılaraq əvəzində milli sahibkarlıq sinfinin formalaşdırılması Heydər Əliyevin xalq qarşısındakı misilsiz xidmətlərinin yalnız bir hissəsidir.
Ulu öndərin 1993-cü ilin 15 iyununda Ali Sovetin sədri seçilməsi Azərbaycanda eyni zamanda mütərəqqi parlamentarizm ənənələrinin formalaşmasını təmin etdi. Heydər Əliyev bu vəzifədə səylə çalışaraq ilk növbədə, parlamentin cəmiyyətdəki nüfuzunun sağlamlaşdırılması tədbirlərinə başladı, yüksək idarəçilik keyfiyyətləri sayəsində ali qanunverici orqanda xoşagəlməz siyasi çəkişmələrin, qeyri-etik davranışların qarşısını aldı. Müzakirə və diskussiyaların sivil demokratik meyarlar çərçivəsində aparılması üçün şəxsi nümunə göstərdi, parlament idarəçiliyinə yeni ruh və müasirlik gətirdi. Milli Məclisin iclasları, mətbuat konfransları, respublika əhəmiyyətli müşavirələr birbaşa yayımla televiziya ekranlarına verildi. Ölkədəki vəziyyət olduğu kimi xalqa çatdırıldı. Ümummilli liderin Milli Məclisdəki səlist, rəvan və yüksək məntiqə əsaslanan nitqləri, əsaslandırılmış mövqeyi, mürəkkəb situasiyalarda çevik qərarlar qəbul etmək qabiliyyəti bu gün də böyük rəğbətlə xatırlanır.