Azərbaycan Milli Məclisi “İnformasiya əldə etmək haqqında” qanuna dəyişiklikləri qəbul edib
12 iyun 2012 18:35

 

Milli Məclisin növbədənkənar iclasında "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qanuna dəyişikliklər məsələsi müzakirə olunub.

Təklif edilən dəyişikliyə əsasən, kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar konfidensial saxlanılacaq.

Layihə ilə kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar bəzi hallarda sorğu əsasında açıqlana bilər. Belə ki, həmin məlumatlar qanunla müəyyən edilmiş hallarda və qaydada məhkəmə, istintaq və təhqiqat orqanlarına, qanunun müəyyən etdiyi hallarda əməliyyat-axtarış fəaliyyətinin subyektlərinə, "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" qanunla müəyyən olunmuş hallarda və qaydada maliyyə monitorinqi orqanlarına verilə bilər. Həmçinin, məcburi icra orqanlarına, vəkilə, həmin kommersiya hüquqi şəxsin digər təsisçilərinə və iştirakçılarına, barəsində dövlət reyestrindən məlumatların verilməsi tələb olunan şəxsin razılığı ilə üçüncü şəxslərə də bu məlumatların açıqlanmasına icazə veriləcək.

Kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla, hər bir şəxs dövlət reyestrindəki yazılarla tanış olmaq, dövlət reyestrindən çıxarışı və qeydiyyat üçün təqdim olunmuş sənədlərin surətlərini tələb etmək hüququna malikdir.

Paralel olaraq Vergi Məcəlləsi və "Kommersiya sirri haqqında" qanun layihəsi də müzakirə edilib. Həmin layihələrdə də müvafiq dəyişikliklər nəzərdə tutulub.

Həmçinin, “İnformasiya əldə etmək haqqında” qanuna dəyişikliklər də müzakirə olunub.

Qanuna təklif olunan dəyişikliklərə görə informasiyanın əldə olunmasına o şərtlə icazə verilir ki, bu, Azərbaycan Respublikasının siyasi, iqtisadi və hərbi sahələrdə milli maraqlarının, maliyyə-kredit və valyuta siyasəti sahələrində mənafelərinin qorunması, ictimai qaydanın, sağlamlığın və mənəviyyatın qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, kommersiya və digər iqtisadi maraqlarının qorunması, məhkəmənin nüfuzunun və qərəzsizliyinin təmin edilməsi məqsədlərinə zidd olmasın.

BAXCP sədri Qüdrət Həsənquliyev deyib ki, kommersiya sirləri ilə bağlı dəyişiklik layihəsi jurnalistlərin araşdırma aparıb yazı yazmaq imkanları məhdudlaşdırılır. O, təklif edilən dəyişikliyin əleyhinə olduğunu söyləyib: “Onsuz da bədxahlarımız çoxdur. Biz belə bir dəyişikliklə qarayaxma üçün həmin bədxahlara daha çox şərait yaradırıq”.

Spiker Oqtay Əsədov isə Q. Həsənquliyevin dedikləri ilə razılaşmayıb: “Kim deyib ki, bu qanun layihəsi jurnalistlərə qarşıdır? Bu, harada yazılıb?”

DİP sədri Asim Mollazadə də təklif olunan dəyişikliyin əleyhinə olub: “Düşünürəm ki, mövcud şəffaflığı pozmaq olmaz”.

YAP icra katibinin müavini Mübariz Qurbanlı isə təklif edilən dəyişikliyin lehinə olduğunu söyləyib. O deyib ki, əslində təklif edilən dəyişikliklər sahibkarları mediada şantaj olunmaqdan qoruyacaq: “Bu, məntiqi bir addımdır”.

Ümid Partiyasının sədri İqbal Ağazadə isə deyib ki, təklif edilən dəyişiklikdə nəzərdə tutulan məqamlar əslində kommersiya sirri sayıla bilməz: “Dünyanın heç yerində şirkətin payçısı, onun sahibi cəmiyyətdən gizlədilmir”.

MM sədrinin müavini Valeh Ələsgərov isə iradlarla razılaşmayıb: “Əslində, bu dəyişiklik indiyədək mövcud olan qeyri-müəyyənliyi aradan götürür”.

BQP sədri Fazil Mustafa təklif edilən dəyişikliyin şəffaflığa qarşı olduğunu söyləyib.

Sonda hər dörd layihə səsverməyə çıxarılaraq qəbul olunub.

ATƏT sədri: "Münaqişə tərəflərinin hərəkətə keçmək, sülh sazişinin əldə olunması üçün vacib olan kompromisə getməyə hazır olmaq vaxtı çatıb"
12 iyun 2012 13:21

 

ATƏT-in fəaliyyətdə olan sədri, İrlandiyanın xarici işlər və ticarət naziri Eymon Gilmor ümid edir ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Parisdə keçiriləcək qarşıdakı görüşündə Dağlıq Qarabağ üzrə danışıqlarda müəyyən irəliləyiş əldə olunacaq.  ATƏT-in Minsk qrupunun həmsədrlərinin təklifi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iyunun 18-də Parisdə görüşü planlaşdırılıb.

"Parisdə danışıqlar prosesinə yeni həyat verməyə kömək edəcək görüş keçiriləcək. ATƏT tərəflərə dəstək göstərir - biz həll yolunu düşünüb tapa bilmərik, amma bu prosesə cəlb olunanlara kömək edə bilərik", - Gilmor çərşənbə axşamı Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla birgə keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, münaqişə tərəflərinin hərəkətə keçmək, sülh sazişinin əldə olunması üçün vacib olan kompromisə getməyə hazır olmaq vaxtı çatıb.

"İnsanların sülh şəraitində yaşamaları üçün ilk növbədə zorakılığı dayandırmalıyıq. Bunun üçün əsas var. Sülh nizamlanmasının prinsipləri artıq təsdiqlənib, danışıqların aparılması üzrə ATƏT-in Minsk qrupunun mexanizmi var. Biz danışıqlar prosesi sayəsində təmin olunmuş irəliləyişi görməliyik", - o qeyd edib.

Azərbaycan prezidenti İlham Əliyev Aleksandr İşeinin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
12 iyun 2012 05:47

 

Azərbaycan prezidenti İlham Əliyev Aleksandr İşeinin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. A. İşein Azərbaycan və Rusiya xalqları arasında dostluq əlaqələrinin inkişafındakı xidmətlərinə görə təltif edilib.

Azərbaycan Müdafiə Nazirliyi: Cəbhədə vəziyyət gərgin olaraq qalır
12 iyun 2012 05:45

 

Cəbhədə vəziyyət gərgin olaraq qalır.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan Ordusunun bölmələri iyunun 11-i saat 08.00-dan bu gün səhər saat 08.00-dək qoşunların təmas xəttinin Göygöl, Daşkəsən, Gədəbəy, Goranboy, Tərtər, Ağdam, Xocavənd, Füzuli və Cəbrayıl rayonları istiqamətlərində atəşkəs rejimini intensiv şəkildə pozmaqda davam edib.

Azərbaycan tərəfinin heç bir itkisi və yaralısı olmayıb.

Düşmən cavab atəşi ilə susdurulub.  

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Cenevrədə Beynəlxalq təşkilatların ofislərində görüşlər keçirib
12 iyun 2012 05:42

 

Heydər Əliyev Fondunun vitse-prezidenti, ətraf mühit üzrə beynəlxalq IDEA kampaniyasının təşəbbüsçüsü Leyla Əliyeva iyunun 11-də Cenevrədə səfərdə olmuşdur. Səfər zamanı BMT-nin Cenevrə bölməsində, UNİCEF-in Cenevrə ofisində və UNEP-in Avropa üzrə regional ofisində görüşlər keçirilmişdir.

Leyla Əliyeva BMT-nin Cenevrə bölməsində baş katibin müavini, BMT-nin Cenevrə bölməsinin baş direktoru Qasımcomərd Tokayevlə görüşmüşdür. Görüşdə Leyla Əliyeva Azərbaycanın son illərdə qazandığı nailiyyətlər barədə danışmışdır. Q.Tokayev isə ölkəmizə səfərlərini xatırlamış, ölkəmizin sanballı uğurlarını və Azərbaycanın BMT çərçivəsində səmərəli fəaliyyətini qeyd etmişdir. Görüşdə ətraf mühitin qorunması sahəsində BMT-nin Cenevrə ofisi tərəfindən həyata keçirilən layihələr barəsində fikir mübadiləsi olmuşdur.

Sonra Q.Tokayev qonağı BMT-nin Cenevrə bölməsi ilə tanış etmişdir. Leyla Əliyeva BMT-nin tərksilah üzrə konfransının iclas salonuna (Q.Tokayev həm də BMT-nin tərksilah üzrə konfransının baş katibidir), ölkəmizin hökuməti tərəfindən bərpa olunmuş və milli xalçalarla, Azərbaycan rəssamlarının və tətbiqi sənət ustalarının əsərləri ilə bəzədilmiş “Azərbaycan otağı”na baş çəkmişdir. Q.Tokayev tanışlıq zamanı Leyla Əliyevaya rəssam Rafael Abbasovun fırçasının məhsulu olan, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən hədiyyə edilmiş “Bakı” rəsmini göstərmişdir.

Sonra Leyla Əliyeva BMT-nin İnsan Hüquqları Şurasının iclas salonuna, Millətlər Liqası Muzeyinə və BMT-nin Cenevrə bölməsinin kitabxanasına baş çəkmişdir. Heydər Əliyev Fondunun vitse-prezidenti Millətlər Liqasının arxivində Azərbaycan Xalq Cümhuriyyətinin 1920-ci ildə buraxılmış xəritəsi ilə tanış olmuşdur. Muzeyin və kitabxananın əməkdaşları Leyla Əliyevaya 1920-ci ilin axırlarında Azərbaycan Xalq Cümhuriyyətinin Millətlər Liqasına üzvlüyə qəbul edilməsi barədə sənədin layihəsini nümayiş etdirmişlər. Arxivdə Azərbaycan Xalq Cümhuriyyəti ilə Millətlər Liqasının qarşılıqlı münasibətlərinin tarixini əks etdirən başqa eksponatlar da saxlanılır.

Sonra Leyla Əliyeva UNİCEF-in Cenevrə ofisində olmuş, burada bu təşkilatın regional direktorunun müavini Kirsi Madi ilə görüşmüşdür. UNİCEF-in nümayəndəsi keçən il Azərbaycana səfərini xatırlamış və təmsil etdiyi təşkilat tərəfindən Yardımlıda həyata keçirilən layihə barədə söhbət açmışdır. O demişdir ki, Bakının, bütövlükdə Azərbaycanın sürətli inkişafı güclü təsir bağışlayır. O, bu yaxınlarda Azərbaycan paytaxtında keçirilmiş “Eurovision” mahnı müsabiqəsinin böyük uğurla başa çatdığını bildirmişdir. K.Madi UNİCEF-in Cenevrə ofisi ilə Heydər Əliyev Fondu arasında əməkdaşlığın səviyyəsini yüksək qiymətləndirmişdir.

Leyla Əliyeva isə Fondun işi barədə, xüsusən gənclərin cəmiyyətin fəal həyatına cəlb edilməsi sahəsində görülən işlər haqqında danışmışdır. O bildirmişdir ki, Fond əlil uşaqlarla iş məsələsinə ciddi diqqət yetirir. Görüşün sonunda Leyla Əliyeva Kirsi Madiyə Heydər Əliyev Fondu və IDEA kampaniyası adından xatirə hədiyyələri təqdim etmişdir.

Sonra BMT-nin Ətraf Mühit üzrə Proqramının (UNEP) Cenevrədəki regional bürosunda ətraf mühit üzrə Beynəlxalq IDEA kampaniyasının təşəbbüsçüsü Leyla Əliyeva ilə UNEP-in direktoru vəzifəsini icra edən və Avropa üzrə regional nümayəndə Yan Dusikin görüşü olmuşdur. Görüşdə Leyla Əliyeva və Yan Dusik Xəzər dənizinin ekoloji aspektlərini, o cümlədən nərəkimilərin reproduksiyası, yerli balıqçıların bu balıq növünün süni şəraitdə yetişdirilməsinə dair proqram haqqında məlumatının artırılması, “yaşıl iqtisadiyyat”ın və Azərbaycanda həyata keçirilən “yaşıl iqtisadiyyat” layihəsinin aktual məsələlərini müzakirə etmişlər. Bu layihə UNEP-in Avropada AMEA, Ekologiya və Təbii Sərvətlər Nazirliyi timsalında Azərbaycanla birgə həyata keçirdiyi ilk pilot proqramıdır. Bundan əlavə, ətraf mühitin və sağlamlığın qorunması, ətraf mühit haqqında biliklərin artırılması üzrə gənclərlə maarifləndirmə işi aparılması məsələləri də nəzərdən keçirilmişdir. Həmsöhbətlər Cenevrədə bu aspektlərdən bəzilərini əhatə edə biləcək IDEA və UNEP-in birgə konfransının keçirilməsi məsələsini də müzakirə etmişlər.

Leyla Əliyeva Heydər Əliyev Fondunun ətraf mühit sahəsində fəaliyyəti barədə, o cümlədən ekologiya mövzusunda beynəlxalq uşaq fotomüsabiqəsi keçirilməsinə dair IDEA və National Geograpic-in məşhur fotoqrafı Reza Diqqətinin birgə layihəsi barədə məlumat vermişdir. Qafqazda nəsli kəsilmək təhlükəsi ilə üzləşmiş 5 fauna növünün (ayı, canavar, ceyran, qartal və bəbir) qorunmasını əhatə edən “Böyük beşlik” proqramı bu təşkilatın xüsusi qürur mövzusudur. Ceyranların çoxaldılması və onların vəhşi təbiətə buraxılması həmin proqramın tərkib hissəsidir. Leyla Əliyeva bildirmişdir ki, iki həftə bundan əvvəl IDEA ceyran mövzusunda heykəllər müsabiqəsində iştirak etmək üçün 20-dən çox ölkədən rəssamları dəvət etmişdir. Onun sözlərinə görə, bu yolla həmin gözəl, lakin nəsli kəsilmək təhlükəsi ilə üzləşmiş heyvana cəmiyyətdə diqqət güclənəcəkdir. Bundan əlavə, IDEA 300 min ting əkməyi planlaşdırır. Leyla Əliyeva bildirmişdir ki, Moskvada, Moldovada, Gürcüstanda və Litvada IDEA-nın nümayəndəlikləri açılır. Ətraf mühit üzrə IDEA kampaniyasının təşəbbüskarı onu da bildirmişdir ki, mayın axırlarında Bakıda Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Cənubi Qafqazda ilk dəfə tələbələr üçün ekoloji resurs mərkəzi açılmışdır.

Yan Dusik UNEP-in su ehtiyatları və dağlarla əlaqədar layihələri barədə məlumat vermişdir. Onun sözlərinə görə, Karpat Konvensiyasının hazırda Vyanada fəaliyyət göstərən Katibliyi öz layihələrini Qafqaz dağlarına da şamil etmək niyyətindədir. UNEP nümayəndəsi Bakıda açılmış ekoloji resurs mərkəzinə tədris proqramı ilə bağlı kömək təklif etmişdir.

Görüşün sonunda Leyla Əliyeva Heydər Əliyev Fondu və IDEA kampaniyası adından Yan Dusikə xatirə hədiyyələri təqdim etmişdir.

Bununla da Leyla Əliyevanın Cenevrəyə səfəri başa çatmışdır.

İyunun 12-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
12 iyun 2012 05:25

 

Bakıda və Abşeron yarımadasında hava az buludlu, yağmursuz keçəcək. Temperatur gecə 17-22° isti, gündüz 28-33° isti olacaq. Bakıda gecə 20-22° isti, gündüz 30-32° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 757 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-80 faiz, gündüz 50-60 faiz olacaq.

Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 22-23°, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlan, Türkan, Hövsan, Şıx, Sahildə 23-24° olacaq.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Temperaturun gecə 15-20° isti, gündüz 31-36° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən, yağmursuz keçəcək. Temperaturun gecə 8-13°, gündüz 24-26° isti olacağı gözlənilir.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında hava əsasən, yağmursuz keçəcək. Temperaturun gecə 16-21°, gündüz 27-32° isti olacağı gözlənilir.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında hava əsasən, yağmursuz keçəcək. Temperaturun gecə 15-20°, gündüz 25-30° isti, dağlarda gecə 10-15° isti, gündüz 20-25° isti olacağı gözlənilir.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,Neftçala rayonlarında hava əsasən, yağmursuz keçəcək. Temperaturun gecə 17-22°, gündüz 31-36° isti olacağı gözlənilir.

Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında hava əsasən, yağmursuz keçəcək. Temperaturun gecə 18-22° isti, gündüz 30-35° isti, dağlarda gecə 13-18° isti, gündüz 22-27° isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz: İyunun 12-dən 16-dək Abşeron yarımadasında sabit hava şəraiti və meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən, əlverişlidir. Bununla yanaşı ayın 13-dən 16-dək gündüz saatlarında isti diskomfort şərait gözlənilir.  

Azərbaycan prezidenti Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası II Elizabeti təbrik edib
11 iyun 2012 16:59

 

Azərbaycan prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabetə təbrik məktubu göndərib. Təbrikdə deyilir: “Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli bayramı – Təvəllüd gününüz və Taxta çıxmağınızın 60 illiyi münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Bu gün Azərbaycan ilə Birləşmiş Krallıq arasındakı münasibətlər dinamik və hərtərəfli inkişaf yolundadır. Dövlətlərarası münasibətlərimizin yüksək səviyyəsi əməkdaşlığımızın geniş spektrdə müvəffəqiyyətlə davam etməsinə mühüm təsir göstərir.

Əminəm ki, ölkələrimiz arasındakı siyasi, iqtisadi və mədəni əlaqələr, qarşılıqlı maraq doğuran faydalı əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, Birləşmiş Krallığın dost xalqına əmin-amanlıq və firavanlıq diləyirəm”.

Azərbaycanın xarici işlər naziri Niderlandda bir sıra görüşlər keçirib
11 iyun 2012 16:57

 

Bu gün Niderland Krallığının xarici işlər naziri Uri Rosental Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun bu ölkəyə rəsmi səfəri ilə əlaqədar hökumətin Xüsusi Qonaq Rezidensiyası olan “Johan de Witthuis” (Yohan de Virhaus) sarayında işgüzar nahar ziyafəti verib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nahar zamanı E.Məmmədyarov Azərbaycanın surətli iqtisadi inkişafı, enerji təhlükəsizliyi üzrə Avropanın etibarlı tərəfdaşı olduğunu qeyd edərək, Azərbaycanla Niderland arasında siyasi dialoqun daha da intensivləşdirilməsinin vacibliyini bildirib.

Regional təhlükəsizlik məsələsinə toxunan nazir Ermənistanın tərəfindən Azərbaycanın 20% ərazisinin işğal edildiyini, azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin yürüdüldüyünü, münaqişənin həllinə dair BMT Təhlükəsizlik Şurasının və müxtəlif beynəlxalq təşkilatların qətnamələrinin Ermənistan tərəfindən yerinə yetirilmədiyini qeyd edərək, Azərbaycanın münaqişəni beynəlxalq hüququn prinsip və normalarına uyğun olaraq həllinin tərəfdarı olduğunu bildirib.

Nazir Uri Rozental Azərbaycanın Niderland cəmiyyətində daim müsbət qarşılandığını, ölkənin adının dünya aləmində yalnız nailiyyətlərlə çəkildiyini, “Eurovision-2012” mahnı müsabiqəsinin yüksək səviyyədə təşkil olunduğunu, Azərbaycanın Niderlandda təşkil olunan “Floriade 2012” beynəlxalq sərgisində müvəffəqiyyətlə təmsil olunması ilə yanaşı, Azərbaycanın sürətli iqtisadi inkişafını, regionda xüsusi əhəmiyyətə malik olduğunu, enerji təhlükəsizliyində Avropanın etibarlı tərəfdaşı olduğunu, Niderlandın Azərbaycanla daha intensiv siyasi dialoqda maraqlı olduğunu bildirib.

Səfər çərçivəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Niderlandın baş nazir müavini, eyni zamanda iqtisadi məsələlər, kənd təsərrüfatı və innovasiya naziri Maksim Verhagenlə görüşüb. E.Məmmədyarov iki ölkə arasında enerji, qeyri-neft sektoru, alternativ və bərpa olunan enerji, fövqəladə halların, xüsusən də daşqınlar və təbii fəlakətlərin qarşısının alınması sahəsində əməkdaşlığın inkişafının vacibliyini deyib, Niderland şirkətlərini kənd təsərrüfatı, innovasiya texnologiyalarının tətbiqi, nəqliyyat infrastrukturun təkmilləşməsi, su idarəçiliyi, kanal təsərrüfatı və digər sahələrdə əməkdaşlığa çağırıb.

Nazir Elmar Məmmədyarov Maksim Verhageni Azərbaycana işgüzar səfərə dəvət edərək, səfər çərçivəsində Azərbaycan və Niderlandın işgüzar dairələri arasında biznes-forumun təşkil olunması təklifini irəli sürüb. Dəvəti qəbul edən Maksim Verhagen beynəlxalq aləmdə Azərbaycanın etibarlı tərəfdaş kimi qəbul edildiyini, Niderlandın Azərbaycanla iqtisadi əlaqələrin inkişafında maraqlı olduğunu bildirərək, gələcəkdə qeyd olunan sahələrdə əlaqələrin genişlənməsinin vacibliyini vurğulayıb.

Nazir Elmar Məmmədyarov həmçinin Niderland Parlamentinin Xarici Əlaqələr Komissiyasının rəhbəri xanım Nebahat Albayrak və Komissiyanın üzvləri De Roon, cənab Ormel və cənab Ten Broeke ilə də görüş keçirib. O, Azərbaycanın iki ölkənin parlamentləri arasında əlaqələrin genişlənməsində maraqlı olduğunu, bu yaxınlarda Azərbaycan Milli Məclisində Niderland-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun yeni tərkibinin təsdiq edildiyini və bu müstəvidə gələcəkdə qarşılıqlı səfərlərin təşkil olunmasının vacibliyini vurğulayıb və Niderland parlamentinin nümayəndələrini AŞ PA çərçivəsində Azərbaycan nümayəndə heyəti ilə daha sıx əməkdaşlığa çağırıb.

Görüşdə parlamentlərarası əlaqələrin inkişaf etdirilməsinin vacib olduğu təsdiq olunaraq gələcəkdə bu istiqamətdə səylərin artırılmasının vacibliyi vurğulanıb.

Nazir Elmar Məmmədyarov Azərbaycanın BMT TŞ-də fəaliyyəti ilə bağlı deputatların suallarını cavablandırıb və Yaxın Şərqdə gedən proseslərlə bağlı fikir mübadiləsi aparıb.

Azərbaycan prezidenti rusiyalı həmkarına təbrik məktubu göndərib
11 iyun 2012 16:56

 

Azərbaycan prezidenti İlham Əliyev Rusiya prezidenti Vladimir Putinə təbrik məktubu göndərib. Məktubda deyilir: “Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizi və bütün Rusiya xalqını dövlət bayramı – Rusiya Günü münasibətilə ürəkdən təbrik edirəm.

Sevindirici haldır ki, dövlətçiliyin və hüquq qaydasının möhkəmləndirilməsi işində, demokratik dəyişikliklərin həyata keçirilməsində sanballı uğurlar qazanmış dost Rusiya bu gün genişmiqyaslı islahatlar və cəmiyyət həyatının bütün cəhətlərinin təkmilləşdirilməsi, beynəlxalq aləmdə ölkənin mövqelərinin gücləndirilməsi yolu ilə irəliləyir.

Azərbaycanla Rusiyanı tarixən yaranmış, indi keyfiyyətcə yeni xarakter kəsb etmiş dostluq və mehriban qonşuluq münasibətləri sıx bağlayır. Əminəm ki, bizim ikitərəfli münasibətlər, çoxplanlı qarşılıqlı fəaliyyətimiz və strateji tərəfdaşlığımız xalqlarımızın rifahı, regionda sülhün, təhlükəsizliyin və tərəqqinin mənafeyi naminə bundan sonra da möhkəmlənəcək və intensiv inkişaf edəcək.

Hörmətli Vladimir Vladimiroviç, Sizə möhkəm cansağlığı, səadət və dövləti fəaliyyətinizdə uğurlar, bütün Rusiya xalqına sülh və firavanlıq arzulayıram”.

Azərbaycan Türkiyəyə qaz nəqlini bərpa edib
11 iyun 2012 09:57

 

Azərbaycandan Türkiyəyə təbii qazın nəqli bərpa edilib.

Bu barədə «BP-Azerbaijan» şirkətindən məlumat verilib.

Şirkətdən bildiriblər ki, qazın nəqli iyunun 9-da bərpa edilib. Hazırda kəmərlə qazın nəqli adi rejimdə – gündə təqribən 12 mln. kubmetr olmaqla davam etdirilir.

Qeyd edək ki, Bakı-Tbilisi-Ərzurum kəməri ilə qazın nəqli mayın 30-da kəmərin Türkiyə hissəsində baş verən partlayışla əlaqədar, bu hissəni idarə edən «Botaş» şirkətinin xahişi ilə dayandırılmışdı.

Azərbaycan ərazisində havanın temperaturu yüksəlir, isti diskomfort şərait gözlənilir
11 iyun 2012 09:55

 

İyunun 12-də Bakı və Abşeron yarımadasında hava az buludlu, yağmursuz olacaq.

ETSN-in mətbuat xidmətindən verilən məlumata görə, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 17-22, gündüz 28-33 dərəcə isti olacaq. Dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 22-23, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlan, Türkan, Hövsan, Sahil və Şıx çimərliyində 23-24 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında iyunun 12-də hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-22, gündüz 31-36, dağlarda gecə 8-13, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnozlara əsasən, iyunun 12-dən 16-dək Abşeron yarımadasında sabit hava şəraiti və meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Bununla yanaşı, ayın 13-dən 16-dək gündüz saatlarında isti diskomfort şərait gözlənilir.

Baş Prokurorluq yeni korrupsiya faktı ilə bağlı məlumat yayıb
11 iyun 2012 09:53

 

Baş Prokurorluq yeni korrupsiya faktı ilə bağlı məlumat yayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, Bərdə rayon sakininin özünü Nazirlər Kabinetinin əməkdaşı kimi təqdim edən İmamverdiyev Ramin Baba oğlunun qanunsuz hərəkətləri barədə “161- Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə araşdırılıb.

Müəyyən edilib ki, R.İmamverdiyev aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özbaşına özünü Nazirlər Kabinetinin əməkdaşı kimi təqdim edərək Bərdə rayonu Türkmən kəndi ərazisində torpaq sahələrinin təyinatının dəyişdirilməsi adı ilə rayon sakinindən 2012-ci ilin aprelində 10.0 min 100 manat, rayonun Gərənə kəndi ərazisində isə 20.0 min ABŞ dolları müqabilində torpaq sahəsinin satılmasını təşkil edəcəyini vəd edərək may ayında həmin puldan 10.0 min ABŞ dollarını alıb.

Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində iyunun 6-da Bakı şəhəri, Q.Qarayev prospekti 59 saylı ünvanda yerləşən “McDonalds” kafesinin yaxınlığında R.İmamverdiyev əvvəlcədən razılaşdıqları pulun qalan hissəsini, yəni 8.0 min manatı Bərdə rayon sakinindən alarkən cinayət başında yaxalanıb.

Beləliklə, R.İmamverdiyev özünü vəzifəli şəxs kimi təqdim edərək ümumilikdə 25.905 manat məbləğində pulu dələduzluq yolu ilə ələ keçirməklə vətəndaşın hüquqlarının əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törədib.

Fakta görə R.İmamverdiyev barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə cinayət işi başlanıb.

R.İmamverdiyev təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 Hazırda cinayət işi üzrə tam, hərtərəfli və obyektiv istintaq aparılmaqla fiziki şəxsin pozulmuş hüquqlarının bərpası istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.

Azərbaycanda magistraturaya qəbul olunmaq istəyənlərin nəzərinə!
11 iyun 2012 09:48

 

Azərbaycanın ali təhsil müəssisələrinin magistraturalarına ixtisas seçimi sabah saat 24:00-da başa çatacaq. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından verilən məlumata görə, martın 4-də keçirilmiş qəbul imtahanının birinci mərhələsinin nəticələri əsasında müsabiqə şərtlərini ödəyərək imtahanın ikinci mərhələsinə buraxılmış bakalavrlar iyunun 4-dən proqram seçiminə başlayıblar.

Bakalavrlar qeyd olunan müddətə qədər elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalavr ixtisasına uyğun qəbul proqramını seçib təsdiq etməlidirlər.

Proqram seçib təsdiq etmiş bakalavrlar iyunun 20-dən 23-dək öz elektron ərizələrinə daxil olaraq ikinci mərhələ üçün "Bakalavrın imtahana buraxılış vərəqəsi"ni çap edib götürməlidirlər.

Qəbul imtahanının ikinci mərhələsi iyunun 24-də Bakı, Naxçıvan və Gəncə şəhərlərində keçiriləcək.

İmtahanın ikinci mərhələsində bakalavrların ixtisas üzrə bilikləri test üsulu ilə onlara 50 test tapşırığı təqdim olunmaqla (bəzi proqramlar üzrə isə yazılı imtahanla) yoxlanılır. İkinci mərhələdə imtahan suallarının cavablandırılmasına 1 saat 30 dəqiqə vaxt ayrılır.

Azərbaycanın təhsil naziri İtaliyada səfərdə olub
10 iyun 2012 07:50

 

Bu il 4 – 6 iyun tarixlərində təhsil naziri Misir Mərdanovun rəhbərlik etdiyi nümayəndə heyəti İtaliyanın təhsil və tədqiqatlar naziri professor Françesko Profumonun dəvətilə bu ölkədə rəsmi səfərdə olub.

Azərbaycanın İtaliyadakı səfirliyindən verilən məlumata görə, nazir Avropanın ən böyük universitetlərindən olan “La Sapienza”da olub, rektor Luici Frati ilə görüşüb, universitetlə Azərbaycan ali məktəbləri arasında əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib.

Görüşdə birgə layihələr nəzərdən keçirilib, bu ilin sonuna qədər Bakı və Romada bir sıra tədbirlərin təşkil olunması ilə bağlı razılıq əldə edilib.

Nazir italiyalı həmkarı Françesko Profumo ilə görüşündə iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb, Azərbaycanda təhsilin inkişafına ölkə rəhbərliyinin diqqətindən bəhs edib.

Görüşdə Azərbaycanın təhsil ocaqlarında italyan dilinin tədris olunması, təhsil ocaqları arasında əlaqələrin qurulması, iki ölkə arasında tələbə və müəllim mübadiləsinin inkişafı məsələləri müzakirə olunub. M. Mərdanov F. Profumonu Azərbaycana səfərə dəvət edib.

Nazir F.Profumo təhsil sahəsində geniş əməkdaşlıq əlaqələrinin təşkili və inkişafı istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.

Nazir İtaliyada təhsil alan bir qrup azərbaycanlı tələbə ilə də görüşüb. Nazir prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş xaricdə Azərbaycan gənclərinin təhsili haqqında proqramının uğurla həyata keçirilməsi haqda geniş məlumat verib, xaricdə təhsil alan tələbələrin yaşadıqları ölkələrdə Azərbaycan haqqında məlumatın və biliklərin yayılması işində əhəmiyyətli rolunu qeyd edib.

M.Mərdanov İtaliya Senatının təhsil, elm və mədəniyyət daimi komissiyasının sədri, Senatın YUNESKO ilə əməkdaşlıq qrupunun əlaqələndiricisi senator Quido Possa və komissiya üzvlərilə də görüşüb.

Görüşdə İtaliya Senatının Avropa İttifaqı siyasəti üzrə daimi komissiyasının sədri, İtaliya-Azərbaycan parlament dostluq qrupunun sədri xanım Rozanna Boldi iştirak edib.

Nazir “Dante Aliqyeri” Cəmiyyətinin baş katibi Alessandro Mazi ilə görüşüb. Görüşdə A.Mazi Azərbaycanda öz mərkəzinin açılması təklifini irəli sürüb.

Görüşlərdə Azərbaycan İtaliyadakı səfiri Vaqif Sadıqov da iştirak edib.

Dünən keçirilmiş buraxılış imtahanlarında 8 şagird qanun pozuntusuna yol verdiyi üçün imtahandan uzaqlaşdırılıb
10 iyun 2012 07:47

 

TQDK son buraxılış imtahanları ilə bağlı məlumat yayıb

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 8-də Sumqayıt, Abşeron, Xətai, Xızı, Siyəzən, Şamaxı, İsmayıllı, Qobustan, Quba, Şabran, Qusar və Xaçmaz şəhərlərində orta ümumtəhsil müəssisələrinin XI və IX sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanları ilə bağlı məlumat yayıb.

TQDK mətbuat xidmətindən verilən məlumata görə, iyunun 8-də hər bir rayon üzrə saat 10:00-da XI siniflər, həmin gün 15:00- da isə IX siniflər öz biliklərini nümayiş etdiriblər.

İmtahan prosesinin idarə olunması üçün Komissiyada operativ qərargah fəaliyyət göstərib, imtahanın keçirildiyi bütün binalarla müntəzəm olaraq əlaqə saxlanıb və imtahan prosesinin gedişi nəzarətdə saxlanıb.

TQDK sədri Məleykə Abbaszadə imtahan prosesini yaxından izləmək üçün Şamaxı və İsmayıllı rayonlarındakı imtahan mərkəzlərində olub, imtahanın gedişi ilə tanış olub.

Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, şagirdlərin öz bilik səvyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

Hazırda Komissiyada imtahan protokollarının və cavab kartlarının emalı aparılır. Nəticələrin yaxın günlərdə elan edilməsi nəzərdə tutulur.

Bəzi şagirdlər imtahan binasına hər iki sənədi və ya sənədlərindən biri olmadan yaxınlaşıb, qaydalara uyğun olaraq həmin şagirdlər imtahana buraxılmayıblar.

İlkin məlumatlara əsasən, müxtəlif binalarda 8 şagird müxtəlif qayda pozuntularına yol verdiklərinə, o cümlədən imtahan binasına mobil telefonla keçmə, imtahanın gedişinə mane olma və köçürməyə cəhd etdiklərinə görə imtahandan xaric edilib və onların nəticələri ləğv olunub.

Abdullah Gül: “İnşallah, Ermənistan işğalı altında olan bütün Azərbaycan torpaqları azad ediləcək”
10 iyun 2012 07:44

 

Türkiyə prezidenti Abdullah Gül ölkənin İğdır vilayətinə səfəri çərçivəsində bölgənin və Qafqazın gələcəyinə dair jurnalistlərə açıqlama verib.

A. Gül bildirib ki, Qafqazlarda daimi sülhün təmin olunması üçün çox çalışırlar: “İnşallah, Azərbaycanın Ermənistanın işğalı altında olan bütün torpaqları azad ediləcək, qarşılıqlı olaraq keçmişdə baş verənlər unudulacaq və gələcəyə birlikdə baxılacaq. İnşallah, Qafqazlarda daimi sülhü təmin etdiyimizdə bölgə bütün Asiya ilə Avropa arasında çox böyük bir qapı vəzifəsini yerinə yetirəcək. Artıq bunun qoxusunu alan hər kəs bura yavaş-yavaş gəlməyə başlayıb”.

İyunun 10-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
10 iyun 2012 07:43

 

Bakıda və Abşeron yarımadasında havanın tutulub açılacağı, gün ərzində yağmursuz keçəcəyi gözlənilir. Temperatur gecə 16-21° isti, gündüz 24-29° isti olacaqdır. Bakıda gecə 18-20° isti, gündüz 27-29° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 763 millimetr civə sütunundan 760 millimetr civə sütununa enəcək, nisbi rütubət 70-80 faiz olacaqdır.

Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 20-21°, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlan, Türkan, Hövsan, Sahil, Şıxda 21-22° isti olacaqdır.

Naxçıvan Muxtar Respublikasında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Temperaturun gecə 15-20° isti, gündüz 24-29° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir.  Temperaturun gecə 7-12°, gündüz 19-24° isti olacağı gözlənilir.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Temperaturun gecə 15-19°, gündüz 25-30° isti olacağı gözlənilir.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Temperaturun gecə 13-18°, gündüz 22-27° isti, dağlarda gecə 8-13° isti, gündüz 15-20° isti olacağı gözlənilir.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında əsasən, gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Temperaturun gecə 16-21°, gündüz 25-30° isti olacağı gözlənilir.

Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında əsasən, gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Temperaturun gecə 17-20° isti, gündüz 25-30° isti, dağlarda gecə 13-17° isti, gündüz 20-25° isti olacağı gözlənilir.

Elmar Məmmədyarov: "Azərbaycan, Türkiyə və Gürcüstan arasında əməkdaşlıq regionda sülhə və sabitliyə xidmət edir"
09 iyun 2012 06:04

 

Türkiyənin Trabzon şəhərində Türkiyə, Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilib.

Azərbaycan XİN-in mətbuat xidmətindən verilən məlumata görə, görüşdə çıxış edən nazir Elmar Məmmədyarov açılış nitqində Türkiyə tərəfinə səmimi qəbula və qonaqpərvərliyə görə təşəkkürünü bildirib.

Nazir regional əməkdaşlığa əhəmiyyət verdiyini bildirib və 3 ölkə arasında enerji və infrastruktur layihələrinin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb.

Məmmədyarov Azərbaycanın Əfqanıstanda sülhməramlı əməliyyatlarında oynadığı rolun əhəmiyyətindən irəli gələrək, tranzit baxımından ölkəmizin əhəmiyyətini nəzərə alaraq, regional əməkdaşlığa töhfəsini qeyd edib.

Ermənistan-Azərbaycan münaqişəsindən danışan Elmar Məmmədyarov münaqişənin yalnız beynəlxalq hüquq və onun prinsipləri əsasında həllinin vacibliyini bildirib. Münaqişənin həllindən yalnız xalqların bəhrələnəcəyini qeyd edən nazir işğalçı siyasətin regionda əməkdaşlığı sarsıtdığını vurğulayıb, işğalçı və etnik təmizləmə həyata keçirmiş və beynəlxalq hüquq normalarını pozan ölkə ilə əməkdaşlıq edilə bilməyəcəyini söyləyib.

Məmmədyarov bir sıra sahələrdə, o cümlədən humanitar və turizm sahələrində əməkdaşlıq üçün böyük potensialın olduğunu qeyd edib. Azərbaycan, Türkiyə və Gürcüstan arasında əməkdaşlığın regionda sülhə, sabitliyə və əmin-amanlığa xidmət etdiyini bildirən nazir mehriban qonşuluq siyasətinin Azərbaycanın hədəfi olduğunu vurğulayıb.

Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin cümə günü Türkiyənin Trabzon şəhərində keçiriləcək görüşünün əsas mövzusu logistik mərkəzin yaradılmasının müzakirəsi olacaq. Trend-in Türkiyə KİV-nə istinadən verdiyi məlumata görə, bu barədəTrabzon valisi Rəcəb Kızılcık bildirib.

Onun sözlərinə görə, Trabzonda logistik mərkəzin yaradılması haqqında hesabat bir gün əvvəl Türkiyənin xarici işlər naziri Əhməd Davudoğluna təqdim edilib: "Trabzonda logistik mərkəzin yardılması bu vilayətin inkişafına kömək edəcək. Bu, bütün region üçün vacib layihədir".

Bu, Azərbaycan, Türkiyə və Gürcüstan XİN rəhbərləri Elmar Məmmədyarov, Əhməd Davudoğlu və Qriqol Vaşadzenin ilk üçtərəfli görüşüdür.

Azərbaycanda dəhşətli qəza: 4 nəfər öldü
09 iyun 2012 06:02

 

Masallı rayonunda minik avtomobili "KamAZ"la toqquşub, 4 nəfər həlak olub.

Hadisə ötən gecə saat 22.30 radələrində Ələt-Astara magistralının 158-ci kilometrliyində - Masallının Alvadı kəndi ərazisində qeydə alınıb. 42 BX 855 dövlət nömrə nişanlı “KamAZ” markalı yük maşını Masallı rayonunun Kalinovka kənd sakini Ələddin Əlihüseyn oğlu Hüseynovun idarə etdiyi “Mercedes” markalı, 10 RL 190 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub.

Nəticədə “Mercedes”in sürücüsü və maşındakı sərnişinlər – Lənkəran rayonunun Qumbaşı kənd sakini Rövşən Ərəstun oğlu İsmayılov, Masallının Xıl kənd sakinləri Qəhrəman Möhübbət oğlu Nağıyev və qardaşı Hamil Möhübbət oğlu Nağıyev hadisə yerində dünyasını dəyişiblər. Qəza yerinə gələn Fövqəladə Hallar Nazirliyinin xilasediciləri xüsusi alət və avadanlıqlar vasitəsilə ölənlərin meyitlərini deformasiyaya uğramış “Mercedes”dən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Hadisənin “Mercedes” markalı avtomobilin ötmə əməliyyatını düzgün yerinə yetirməməsi səbəbindən baş verdiyi bildirilir. Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində cinayət işi başlanıb, araşdırma aparılır.

İyunun 9-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
09 iyun 2012 06:00

 

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Temperatur gecə 16-21° isti, gündüz 24-29° isti olacaqdır. Bakıda gecə 18-20° isti, gündüz 27-29° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 757 millimetr civə sütunundan 763 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz olacaqdır.

Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22°, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlan, Türkan, Hövsan, Şıx, Sahildə 22-23° olacaqdır.

Naxçıvan Muxtar Respublikasında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Temperaturun gecə 13-18° isti, gündüz 23-28° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında şimşək çaxacağı, yağış yağacağı, ayrı-ayrı rayonlarda leysan xarakterli intensiv olacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı vardır. Temperaturun gecə 7-12°, gündüz 18-23° isti olacağı gözlənilir.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə leysan xarakterli olacağı ehtimalı vardır. Dolu düşəcəyi ehtimalı vardır. Temperaturun gecə 15-19°, gündüz 25-30° isti olacağı gözlənilir.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı- Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar- Xaçmaz rayonlarında şimşək çaxacağı, yağış yağacağı, ayrı-ayrı rayonlarda leysan xarakterli intensiv olacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı vardır. Temperaturun gecə 13-18°, gündüz 22-27° isti, dağlarda gecə 8-13° isti, gündüz 15-20° isti olacağı gözlənilir.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında şimşək çaxacağı, yağış yağacağı, ayrı-ayrı rayonlarda leysan xarakterli olacağı gözlənilir. Bəzi qərb rayonlarında dolu düşəcəyi ehtimalı vardır. Temperaturun gecə 15-20°, gündüz 25-30° isti olacağı gözlənilir.

Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında şimşək çaxacağı, yağış yağacağı, ayrı-ayrı rayonlarda intensiv olacağı gözlənilir. Temperaturun gecə 17-20° isti, gündüz 25-30° isti, dağlarda gecə 13-17° isti, gündüz 20-25° isti olacağı gözlənilir.

 əvvəlki    24  25  26  27  28  29  30  31  32  33  34    növbəti 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.