Türkiyənin Trabzon şəhərində Türkiyə, Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilib.
Azərbaycan XİN-in mətbuat xidmətindən verilən məlumata görə, görüşdə çıxış edən nazir Elmar Məmmədyarov açılış nitqində Türkiyə tərəfinə səmimi qəbula və qonaqpərvərliyə görə təşəkkürünü bildirib.
Nazir regional əməkdaşlığa əhəmiyyət verdiyini bildirib və 3 ölkə arasında enerji və infrastruktur layihələrinin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Məmmədyarov Azərbaycanın Əfqanıstanda sülhməramlı əməliyyatlarında oynadığı rolun əhəmiyyətindən irəli gələrək, tranzit baxımından ölkəmizin əhəmiyyətini nəzərə alaraq, regional əməkdaşlığa töhfəsini qeyd edib.
Ermənistan-Azərbaycan münaqişəsindən danışan Elmar Məmmədyarov münaqişənin yalnız beynəlxalq hüquq və onun prinsipləri əsasında həllinin vacibliyini bildirib. Münaqişənin həllindən yalnız xalqların bəhrələnəcəyini qeyd edən nazir işğalçı siyasətin regionda əməkdaşlığı sarsıtdığını vurğulayıb, işğalçı və etnik təmizləmə həyata keçirmiş və beynəlxalq hüquq normalarını pozan ölkə ilə əməkdaşlıq edilə bilməyəcəyini söyləyib.
Məmmədyarov bir sıra sahələrdə, o cümlədən humanitar və turizm sahələrində əməkdaşlıq üçün böyük potensialın olduğunu qeyd edib. Azərbaycan, Türkiyə və Gürcüstan arasında əməkdaşlığın regionda sülhə, sabitliyə və əmin-amanlığa xidmət etdiyini bildirən nazir mehriban qonşuluq siyasətinin Azərbaycanın hədəfi olduğunu vurğulayıb.
Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin cümə günü Türkiyənin Trabzon şəhərində keçiriləcək görüşünün əsas mövzusu logistik mərkəzin yaradılmasının müzakirəsi olacaq. Trend-in Türkiyə KİV-nə istinadən verdiyi məlumata görə, bu barədəTrabzon valisi Rəcəb Kızılcık bildirib.
Onun sözlərinə görə, Trabzonda logistik mərkəzin yaradılması haqqında hesabat bir gün əvvəl Türkiyənin xarici işlər naziri Əhməd Davudoğluna təqdim edilib: "Trabzonda logistik mərkəzin yardılması bu vilayətin inkişafına kömək edəcək. Bu, bütün region üçün vacib layihədir".
Bu, Azərbaycan, Türkiyə və Gürcüstan XİN rəhbərləri Elmar Məmmədyarov, Əhməd Davudoğlu və Qriqol Vaşadzenin ilk üçtərəfli görüşüdür.