Elmar Məmmədyarov: "Ermənistan qoşunları Azərbaycanın işğal altında olan ərazilərindən çıxmalıdır"
21 iyun 2012 17:37

 

Xarici işlər naziri Elmar Məmmədyarov Fransanın Azərbaycana yeni təyin olunmuş səfiri Paskal Monini qəbul edib. XİN-in mətbuat xidmətindən verilən məlumata görə, Məmmədyarov Monini ölkəmizə səfir təyin olunması münasibətilə təbrik edib və ona uğurlar arzulayıb. Nazir yeni səfirin iki ölkə arasında əlaqələrin daha da inkişafına töhfə verəcəyinə ümid etdiyini bildirib.

Fransalı diplomat Paskal Moni ölkəmizə səfir təyin olunmağından məmnunluq ifadə edib və Azərbaycanın müasir, tolerant və çox mədəniyyətli ölkə olduğunu vurğulayıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan nazir Elmar Məmmədyarov münaqişənin həllinin uzanmasının yolverilməz olduğunu bildirib. Münaqişənin həlli üçün ilk növbədə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal altında olan ərazilərindən çıxmasının vacibliyini vurğulayan nazir qeyd edib ki, Ermənistan tərəfindən edilən təhriflər yolverilməzdir və işğal faktı öz adı ilə çağırılmalıdır.

Öz növbəsində, fransalı diplomat Moni bildirib ki, Azərbaycan və Fransanın ümumi maraqları çoxdur. Səfir, həmçinin qeyd edib ki, iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən təhlükəsizlik sahəsində əməkdaşlığı inkişaf etdirmək üçün geniş potensial mövcuddur.

Görüşdə, həmçinin, ikitərəfli iqtisadi əlaqələrin inkişaf etdirilməsi yolları müzakirə edilib.

 

Yaxın iki gündə Bakıda hava necə olacaq
21 iyun 2012 08:29

Bakıda nisbətən sərin hava şəraiti davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, iyunun 22-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi saniyədə 7-12 metr sürəti ilə əsəcək, gündüz küləyin sürəti arabir 15 metr olacaq. Havanın temperaturunun gecə 18-21, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir.

İyunun 23-də havanın dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi saniyədə 9-14 metr sürəti ilə əsəcək, gündüz cənub-şərq küləyi saniyədə 7-12 metr olacaq. Havanın temperaturunun gecə 18-21, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir.

Nazir: “Azərbaycan Olimpiya oyunları keçirməyə hazır idisə, futbol üzrə Avropa çempionatı keçirmək üçün də imkanları yetərincədir”
21 iyun 2012 06:40

“Azərbaycan 2020-ci ildə futbol üzrə Avropa çempionatına ev sahibliyi etmək məsələsinə çox ciddi yanaşar”. Bunu gənclər və idman naziri Azad Rəhimov deyib.

Nazir bildirib ki, iyunun 30-da namizəd ölkələrin adları açıqlanacaq: “Əgər Azərbaycan Olimpiya oyunları keçirməyə hazır idisə, futbol üzrə Avropa çempionatı keçirmək üçün də imkanları yetərincədir. Bununla bağlı stadionlar və infrastrukturu inkişaf etdirilməlidir. Nəinki Bakıda, Lənkəranda, Mingəçevirdə, Gəncədə və başqa şəhərlərdə elə stadionlar tikilməlidir ki, UEFA standartlarına uyğun olsun. Biz bunun üzərində işləyirik və çalışırıq ki, bu işləri uğurla həyata keçirək”.

Qeyd edək ki, Azərbaycan və Gürcüstan 2020-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatına birgə ev sahibliyi etmək niyyətindədir.

"Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında" qanun təsdiqləndi
21 iyun 2012 06:33

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Konstitusiya Qanununu təsdiqləyib.

Dövlət başçısı “Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Konstitusiya Qanununun tətbiqi barədə Fərman da imzalayıb. Fərmana əsasən, Nazirlər Kabinetinə tapşırılıb ki, üç ay müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlasın və Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin. Bundan başqa, hökumət üç ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Konstitusiya Qanununa uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidir.

“Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 10.1.1-ci maddəsində göstərilən şəxslər və 10.1.2-ci maddəsində nəzərdə tutulan nəqliyyat vasitəsi Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən ayrılacaq.

Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun tam mətni ilə burada tanış ola bilərsiniz.

Azərbaycan ərazisində hava şəraitində mühüm dəyişiklik gözlənilmir
20 iyun 2012 15:00

 

İyunun 21-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir.

 Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 17-21, gündüz 25-30 dərəcə isti olacaq.

 Abşeronun çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 20-21, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 21-22 Türkan, Hövsan, Sahil, Şıxda 22-23 dərəcə isti olacağı gözlənilir.

 Azərbaycanın rayonlarında iyunun 21-də hava şəraitin gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 17-22 , gündüz 29-34, dağlarda gecə 10-15, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.

 İyunun 21-də hava şəraitində mühüm dəyişiklik gözlənilmir. Hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi üstünlük təşkil edəcək.

TQDK iyunun 18-də keçirilmiş buraxılış imtahanlarında iştirak edən şagirdlərin qiymət göstəricilərini açıqlayıb
20 iyun 2012 10:55

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 18-də Xocavənd, Yevlax, Ağcabədi, Ağdam, Bərdə, Tərtər, İmişli, Saatlı, Sabirabad, Füzuli, Zərdab və Beyləqan şəhərlərində orta ümumtəhsil müəssisələrinin XI və IX sinif şagirdləri üçün keçirilən buraxılış imtahanlarında iştirak edən şagirdlərin qiymət göstəricilərini açıqlayıb.

TQDK-nın mətbuat xidmətindən verilən xəbərə görə, tam orta təhsil bazasında (11 illik) keçirilmiş buraxılış imtahanın nəticələrinə əsasən, imtahanda iştirak edən 10328 şagirddən 1059-u Ana dilindən, 1252-si Riyaziyyatdan “2” qiymət alıb. Ana dilindən “5” alan şagirdlərin sayı 933, Riyaziyyatdan “5” alan şagirdlərin sayı isə 666 nəfərdir.

 İmtahanda iştirak edən 6503 şagird Ana dilindən, 6557 şagird Riyaziyyatdan “3”, 1833 şagird Ana dilindən, 1853 şagird isə Riyaziyyatdan “4” alıb.

 Ümumi orta təhsil bazasında (9 illik) keçirilmiş buraxılış imtahanının nəticələrinə əsasən, imtahanda iştirak edən 16255 şagirddən 2197 nəfəri Ana dilindən, 3434 nəfəri Riyaziyyatdan “2” alıb. Ana dilindən “5” alan 9-ci sinif şagirdlərinin sayı 402, Riyaziyyatdan “5” alanların sayı isə 653 nəfərdir.

 İmtahanda iştirak edən 11474 şagird Ana dilindən, 10732 şagird Riyaziyyatdan “3”, 2182 şagird Ana dilindən, 1436 şagird isə Riyaziyyatdan “4” qiymət alıb.

Azərbaycan prezidenti dövlət orqanlarının internet informasiya ehtiyatlarının və elektron poçt ünvanlarının təhlükəsizliyinin təmin edilməsi haqqında fərman imzalayıb
20 iyun 2012 10:53

 

Azərbaycan prezidenti dövlət orqanlarının internet informasiya ehtiyatlarının və elektron poçt ünvanlarının təhlükəsizliyinin təmin edilməsi ilə bağlı bəzi tədbirlər haqqında fərman imzalayıb.

Fərmanda Nazirlər Kabinetinə iki ay müddətində dövlət orqanlarının internet informasiya ehtiyatlarının yaradılmasına və idarə edilməsinə dair tələbləri müəyyən etmək tapşırılıb.

Həmçinin Prezident Administrasiyasına, Nazirlər Kabinetinə, mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, Milli Məclisinin Aparatına, Konstitusiya Məhkəməsinə, Hesablama Palatasına, Respublika Prokurorluğuna, Ali Məhkəməyə və Apellyasiya məhkəmələrinə internet informasiya ehtiyatlarını və elektron poçt ünvanlarını Xüsusi Dövlət Mühafizə Xidmətinin sərəncamında olan Azərbaycan Respublikasının dövlət orqanları üçün məlumat və resurs mərkəzində yerləşdirmələri tövsiyə olunub.

Sənədə əsasən Xüsusi Dövlət Mühafizə Xidməti sərəncamında olan Azərbaycan Respublikasının dövlət orqanları üçün məlumat və resurs mərkəzində yerləşdirilən internet informasiya ehtiyatlarının və elektron poçt ünvanlarının təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görməlidir.

Prezident İlham Əliyevin sədrliyi ilə "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na həsr olunmuş konfrans işə başlayıb
20 iyun 2012 07:33

İyunun 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunmuş konfrans işə başlayıb. Məlumatı AzərTAc dövlət agentliyi yayıb.

Dövlətimizin başçısı əvvəlcə Dövlət Proqramının birinci ili çərçivəsində Bakı şəhərində və ətraf qəsəbələrdə həyata keçirilən yenidənqurma tədbirlərini əks etdirən fotostendlərlə tanış olub.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Dövlət Proqramının birinci ili çərçivəsində görülən işlər və nəzərdə tutulan layihələr barədə Azərbaycan Prezidenti İlham Əliyevə məlumat verib.

Dövlətimizin başçısı konfransda çıxış edib. 

Əli Həsənov: "Bizim güzəştə getmək niyyətimız yoxdur"
20 iyun 2012 07:27

Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov ATƏT-in Minsk Qrupunun həmsədri olan ABŞ, Rusiya və Fransanın dövlət başçılarının Dağlıq Qarabağ münaqişəsini gündəmə gətirməsini və bununla bağlı ayrıca bəyanatla çıxış etməsini dəyərləndirib. Əli Həsənov “Media forum” saytına verdiyi açıqlamasında deyib ki, həmsədr ölkələrin rəhbərləri ötən il də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birgə bəyanatla çıxış ediblər:

“Üç prezidentin ötən il verdikləri bəyanatda qeyd olunmuşdu ki, status-kvonun saxlanması yolverilməzdir və münaqişənin həllində irəliləyişə nail olunması zəruridir. Hesab edirik ki, 18 iyun bəyanatı həmsədr ölkələrin iradəsinin davamıdır. Dağlıq Qarabağ probleminin dünyanın həllini gözləyən əsas məsələlərindən biri kimi dəyərləndirilməsi, tərəflərin kompromis addımlara çağırılması müsbət haldır. Lakin onu da deməyi borc bilirik ki, Azərbaycan tərəfi bu məsələdə konstruktiv mövqe ortaya qoyub.

Dağlıq Qarabağ münaqişəsinin həllində qeyri-konstruktivlik göstərən, problemin aradan qaldırılmasına ciddi yanaşmayan Ermənistandır. Ona görə də münaqişənin həlli üçün Ermənistan addımlar atmalıdır, bu ölkə Azərbaycanın konstruktiv mövqeyinə cavab verməlidir. Azərbaycan bütün beynəlxalq hüquq normalarının, ATƏT-in prinsiplərinin, prezidentlərin birgə bəyanatında istinad olunan Helsinki Yekun Aktının imkan verdiyi maksimum güzəştləri ortaya qoyub. Bizim bundan artıq güzəştə getmək imkanımız və niyyətimiz yoxdur”.

Həmsədr ölkələrin Azərbaycan və Ermənistanı güc tətbiqindən çəkinməyə çağırmasına gəlincə, şöbə müdiri bildirib ki, güc tətbiqindən çəkinmək BMT-nin dövlətlərarası münasibətlərdə mübahisəli məsələlərin həlli üçün müəyyənləşdirdiyi təməl prinsiplərdəndir: “Bu prinsip mübahisəli məsələlərin, münaqişələrin dinc yolla həllini, müharibəyə yol verməməyi nəzərdə tutur. Ona görə də üç prezidentin birgə bəyanatında bu məsələyə toxunulmasını həmin prinsipə istinad olunması kimi dəyərləndiririk. Amma bu o demək deyil ki, ərazi işğalı faktı uzun müddət davam edəcək, Azərbaycan öz torpaqlarını işğaldan azad etmək hüququndan məhrum olacaq. Azərbaycan bu hüququ özündə saxlayır. Lakin biz də bu məsələnin sülh yolu, danışıqlarla həll olunmasına tərəfdarıq. Üç həmsədr ölkənin çağırışını da onların münaqişənin sülh yolu ilə həllinə üstünlük vermələri kimi dəyərləndiririk”.

Azərbaycan XİN: Türkmənistan iki ölkə prezidenti arasında əldə olunmuş razılığı pozub
19 iyun 2012 16:30

 

“Türkmənistanın “Kəpəz” yatağında seysmik tədqiqat işləri aparmaq cəhdi iki ölkə prezidenti arasında əldə olunmuş razılığa ziddir”.Bu sözləri açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib.Türkmənistan XİN-in bu ölkənin Azərbaycandakı səfirliyi tərəfindən yayılan bəyanatını şərh edən E. Abdullayev bildirib ki, prezidentlərin razılaşmasına əsasən Xəzərin dibinin bölünməsinə dair razılıq əldə edilənə qədər sektorların kəsişməsində hər hansı kəşfiyyat işləri həyata keçirilməməlidir: “Təəssüf ki, Türkmənistan bu razılığı pozmağa cəhd göstərdi və biz bununla əlaqədar öz etirazımızı və narahatlığımızı ifadə etdik. Azərbaycan Xəzər dənizində suveren hüquqlara malikdir və bu hüquqları müdafiə etmək haqqını özündə saxlayır”.

Dövlət başçısı İlham Əliyev hərbi xidmətə çağırış və hərbi qulluqçuların ehtiyata buraxılması haqqında sərəncam verib
19 iyun 2012 16:24

 

Prezident İlham Əliyev Azərbaycan vətəndaşlarının 2012-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunub ki, 1994-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1977-1993-cü illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikasının vətəndaşları 2012-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılsınlar.

“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2012-ci il iyulun 1-dən 30-dək ehtiyata buraxılsınlar. Nazirlər Kabinetinə bu sərəncamın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görmək tapşırılıb.

Prezident İlham Əliyev: "İnhisarçılığın, haqsız rəqabətin və süni qiymət artımının qarşısının alınması dövlətin iqtisadi siyasətinin prioritet istiqamətlərindəndir"
19 iyun 2012 16:09

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “İqtisadiyyatın inkişafında antiinhisar siyasətinin rolu” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanlayıb.

Müraciətdə deyilir:

"Hörmətli konfrans iştirakçıları!

Sizi ölkəmizdə antiinhisar fəaliyyətini həyata keçirən qurumun yaradılmasının 20-ci ildönümünə həsr olunmuş beynəlxalq konfransın öz işinə başlaması münasibətilə təbrik edirəm, hər birinizə cansağlığı və gələcək işlərinizdə müvəffəqiyyətlər diləyirəm.

Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasından sonra bazar iqtisadiyyatının əsaslarının formalaşması məqsədi ilə köklü islahatlar gerçəkləşdirilmişdir. Sosial-iqtisadi inkişafın davamlı artım tempinə nail olan ölkəmizdə həyat səviyyəsinin yaxşılaşdırılması sahəsində ardıcıl tədbirlər görülmüş və böyük irəliləyişlər əldə edilmişdir.

İnhisarçılığın, haqsız rəqabətin və süni qiymət artımının qarşısının alınması dövlətin iqtisadi siyasətinin prioritet istiqamətlərindəndir. Əmtəə və xidmət bazarlarında istehlakçıların hüquqlarının qorunmasını təmin edən etibarlı mexanizmin tətbiqi üçün bütün lazımi şərait mövcuddur. Bununla əlaqədar qanunvericilik bazasının təkmilləşdirilməsi daim diqqət mərkəzində saxlanılır.

İnanıram ki, konfransınızın gedişində aparılan müzakirələr və təcrübə mübadiləsi qarşılıqlı faydalı əməkdaşlığın daha da dərinləşməsi işinə töhfəsini verəcək və onun səmərəli nəticələri iştirakçı ölkələrin iqtisadiyyatının gələcək perspektivləri baxımından əhəmiyyətli olacaqdır.

Konfransın işinə uğurlar arzulayıram!"

Bakıya istilər yenə qayıdır
19 iyun 2012 13:43

İyunun 20-də Abşeron yarımadasında gün ərzində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, temperaturun iqlim normasına yaxın olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iyunun 20-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 17-20, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.

Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 20-21, Zuğulba, Buzovna, Mərdəkan, Şüvəlanda 21-22, Türkan, Hövsan, Sahil, Şıxda 21-22 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında iyunun 20-də əsasən gecə və axşam saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 16-21, gündüz 29-34, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.

Azərbaycan XİN: Ermənistan ordusunun Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması münaqişənin sülh yolu ilə həllinə şərait yaradacaq
19 iyun 2012 07:19

“Paris görüşünün yekunu əsasında həmsədrlər öz vasitəçilik səylərini daha da intensivləşdirmək qərarına gəliblər. Bu məqsədlə onlar yaxın vaxtlarda bölgəyə növbəti səfər edəcəklər”.

Bu sözləri açıqlamasında Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Paris görüşünü şərh edən Azərbaycan XİN-in mətbuat katibi Elman Abdullayev deyib. O bildirib ki, Azərbaycanın mövqeyi dəyişməz qalır: “Mövcud status-kvo Azərbaycan, bütün bölgə və dünya birliyi üçün qəbuledilməzdir. Ermənistan hərbi birləşmələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmağa başlaması münaqişənin sülh yolu ilə həllinə şərait yaradacaq“.

Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş keçirilib
19 iyun 2012 07:14

Həmsədrlər yaxın həftələrdə bölgəyə səfər edəcəklər. Bu gün Paris şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında görüş keçirilib. Görüşdə ATƏT-in Minsk Qrupunun həmsədrləri Jak For (Fransa), Robert Bradtke (ABŞ), İqor Popov (Rusiya) və ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edib.

Həmsədrlər görüşün yekunlarına dair birgə bəyanatla çıxış ediblər. Bəyanata əsasən görüşdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli, humanitar əlaqələrin inkişafı, atəşkəs rejimi pozuntularının araşdırılması üçün mexanizmin yaradılması, tarixi-mədəniyyət abidələrinin qorunması kimi məsələlər üzrə görüləcək işlər müzakirə olunub.

Həmsədrlər təmas xəttində baş verən insidentlərdən dərin narahatlıqlarını bir daha ifadə edərək atəşkəs razılaşmasına əməl olunmasının vacibliyini vurğulayıblar. Bəyanatda deyilir ki, nazirlər münaqişənin sülh yolu ilə həlli üçün həmsədrlərlə birgə işi davam etdirməkdə qərarlı olduqlarını, eləcə də danışıqların atmosferinə müsbət təsir göstərəcək etimad artırıcı tədbirlərin həyata keçirilməsinə hazır olduqlarını bildiriblər: “Görüş müsbət və konstruktiv məcrada keçdi. Növbəti addım kimi həmsədrlər yaxın həftələrdə bölgəyə səfər edəcəklər”.

Prezident İlham Əliyev Dünya Bankının Cənubi Qafqaz üzrə keçmiş və yeni regional direktorlarını qəbul edib
18 iyun 2012 13:04

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 18-də Dünya Bankının Cənubi Qafqaz üzrə keçmiş regional direktoru Əsəd Alamı və bu vəzifəyə yeni təyin olunmuş Henri Keralini qəbul etmişdir.

Dövlətimizin başçısı Azərbaycan ilə Dünya Bankı arasında əlaqələrin inkişafına verdiyi töhfəyə görə Dünya Bankının Cənubi Qafqaz üzrə keçmiş regional direktoru Əsəd Alama təşəkkürünü bildirdi. Müstəqilliyimizin ilk illərində Dünya Bankının dəstəyi ilə mühüm işlərin həyata keçirildiyini vurğulayan Prezident İlham Əliyev ölkəmizin gələcək inkişafı ilə bağlı yaxşı perspektivlərin və çoxlu planların olduğunu dedi. Dövlətimizin başçısı Azərbaycan ilə Dünya Bankı arasında müxtəlif istiqamətlərdə, o cümlədən kənd təsərrüfatı, səhiyyə, bərpa olunan enerji sahələrində və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu bildirdi.

Əsəd Alam Azərbaycanda fəaliyyət göstərməsindən qürur hissi keçirdiyini vurğuladı. O, Dünya Bankı ilə Azərbaycan arasında əməkdaşlığın möhkəmləndirilməsi ilə bağlı Prezident İlham Əliyevin verdiyi tövsiyələrin önəmini qeyd etdi.

Dünya Bankının Cənubi Qafqaz üzrə yeni direktoru Henri Kerali təmsil etdiyi qurumun Azərbaycan ilə əməkdaşlığın bundan sonra da genişləndirilməsi işində səylərini əsirgəməyəcəyini dedi.

Orta ümumtəhsil müəssisələrinin XI və IX sinif şagirdləri üçün buraxılış imtahanı keçirilir
18 iyun 2012 10:13

 

Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Xocavənd, Yevlax, Ağcabədi, Ağdam, Bərdə, Tərtər, İmişli, Saatlı, Sabirabad, Füzuli, Zərdab və Beyləqan şəhərlərində orta ümumtəhsil müəssisələrinin XI və IX sinif şagirdləri üçün buraxılış imtahanı keçirir.

TQDK-nın mətbuat xidmətindən verilən məlumata görə, hər bir rayon üzrə saat 10.00-da XI, 15.00- da isə IX siniflər bilik və bacarıqlarını nümayiş etdirəcəklər.

Orta ümumtəhsil müəssisələrinin XI siniflərində təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün həmin rayonlarda ümumilikdə 44 imtahan mərkəzi ayrılıb. İmtahan Xocavənddə 1, Yevlaxda 3, Ağcabədidə 5, Ağdamda 3, Bərdədə 6, Tərtərdə 2, İmişlidə 4, Saatlıda 3, Sabirabadda 6, Füzulidə 4, Zərdab və Beyləqanda isə 5 binada keçiriləcək. Adı çəkilən rayonlar üzrə 11188 nəfər XI sinif şagirdinin buraxılış imtahanında iştirakı nəzərdə tutulur.

Orta ümumtəhsil müəssisələrinin IX siniflərində təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün isə həmin rayonlarda ümumilikdə 44 imtahan mərkəzi ayrılıb. İmtahan Xocavənddə 1, Yevlaxda 3, Ağcabədidə 5, Ağdamda 3, Bərdədə 6, Tərtərdə 2, İmişlidə 4, Saatlıda 3, Sabirabadda 6, Füzulidə 4, Zərdabda 2, Beyləqanda isə 5 binada keçiriləcək. İmtahan keçiriləcək rayonlar üzrə 18621 nəfər IX sinif şagirdinin buraxılış imtahanında iştirakı nəzərdə tutulur.

Buraxılış imtahanı ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün - Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün - rus dili fənni) və riyaziyyat fənləri üzrə keçirilir. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı təqdim edilir. Bundan əlavə, şagirdlər təqdim edilmiş mövzu üzrə yazı işi yerinə yetirirlər.

İmtahanın müddəti 2 saatdır. Test tapşırıqlarının yerinə yetirilməsinə 1 saat 30 dəqiqə, yazı işinin yerinə yetirilməsinə 30 dəqiqə vaxt ayrılır. Yazı işi balla qiymətləndirilmir, yalnız xüsusi hallarda əlavə meyar kimi istifadə edilir.

Şagirdin test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumat onun imtahan verdiyi gündən etibarən 5 günədək müddətdə elan edilir. Səhhəti, ailə vəziyyəti ilə bağlı buraxılış imtahanında üzrlü səbəbdən iştirak etməyən şagirdlər iyulun 4-də buraxılış imtahanı verəcəklər.

Azərbaycanda sərin hava şəraiti nə vaxtadək davam edəcək
18 iyun 2012 09:56

 

Yaxın 3 gün ərzində ölkə ərazisində nisbətən sərin hava şəraiti davam edəcək. 

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hiodrolu Asif Verdiyev məlumat verib. O bildirib ki, iyunun 19-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün ikinci yarısında yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək. Gündüz saatlarında 25-29 dərəcə isti olacaq.

İyunun 20-21-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında iyunun 19-da yağıntılı hava şəraiti müşahidə olunacaq, şimşək çaxacaq, yağış yağacaq, yağıntıların bəzi yerlərdə leysan xarakterli, intensiv olacağı ehtimal edilib. Havanın temperaturu Aran rayonlarında 27-32 dərəcə, dağlıq rayonlarda 18-23 dərəcə isti təşkil edəcək.

İyunun 20-21-də hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Havanın hərarəti gündüz Aran rayonlarında 29-34, dağlıq rayonlarda 20-25 dərəcə olacaq.

Kəmaləddin Heydərov: "Azərbaycan əhalisinin yarıdan çoxu təhlükəli seysmik aktiv zonada yaşayır"
18 iyun 2012 09:54

 

Azərbaycan əhalisinin 4,5 milyondan çoxu həmin ərazilərdə yaşayır.

Seysmoloqların son araşdırmalarına görə, Azərbaycan ərazisinin 60 faizə qədərini fövqəladə təhlükəli 8-9 ballıq intensivlik ilə səciyyələnən seysmik zonalar təşkil edir. Bunu Ombusmanların V beynəlxalq konfransında çıxışı zamanı Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib.

Onun sözlərinə görə, Azərbaycan əhalisinin 4,5 milyondan çoxu həmin ərazilərdə yaşayır.

Nazir qeyd edib ki, Azərbaycanda son güclü zəlzələ Zaqatalada 7 bal gücündə olub.

“Həmin zəlzələnin rayonun infrastruktur lahiyələrinə xeyli ziyan vurmasına baxmayaraq, xöşbəxtlikdən, insan tələfatı olmayıb. Fəlakətdən dərhal sonra FHN-nin xilasetmə dəstələri həmin ərazidə fəaliyyətə cəlb olunublar”, - Heydərov deyib.

Bakı Dövlət Yol Polisi sürücülərə müraciət edib
17 iyun 2012 05:34

 

Bakı şəhər Dövlət Yol Polisi Bakının bəzi yollarında təmir-tikinti işlərinin aparılması ilə əlaqədar sürücüləri diqqətli olmağa çağırır.

İdarənin bölmə rəisi Vaqif Əsədov bildirib ki, Yusif Səfərov küçəsi ilə 28 May küçəsinin kəsişməsinə qədər asfalt səthinin yenilənməsi ilə bağlı təmir-tikinti işləri aparılır. Hazırda Yusif Səfərov küçəsi ilə 28 May küçəsinin kəsişməsinə qədər olan yol bağlanmayıb, lakin Bakı şəhər Dövlət Yol Polisi sürücülərin nəzərinə çatdırır ki, həmin yolda bir qədər daralma var.

Vaqif Əsədov həmçinin bildirib ki, Səməd Vurğun küçəsinin kəsişməsindən Ənvər Qasımzadə küçəsi ilə Azadlıq prospektinin kəsişməsinə qədər olan istiqamətdə səki daşlarının dəyişdirilməsi, yolun genişləndirilməsi və yeni asfalt örtüyünün çəkilməsi ilə əlaqədar həmin ərazidə texnika işləyir. Onun sözlərinə görə, bu istiqamətdə də yol daralıb.

Bölmə rəisi qeyd edib ki, sürücülərdən xahiş olunur ki, bunu nəzərə alıb tıxacın, sıxlığın yaranmaması üçün alternativ yollardan istifadə etsinlər və ya həmin yollarda hərəkət edərkən diqqətli olsunlar.

 əvvəlki    22  23  24  25  26  27  28  29  30  31  32    növbəti 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.