Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyunun 18-də Xocavənd, Yevlax, Ağcabədi, Ağdam, Bərdə, Tərtər, İmişli, Saatlı, Sabirabad, Füzuli, Zərdab və Beyləqan şəhərlərində orta ümumtəhsil müəssisələrinin XI və IX sinif şagirdləri üçün keçirilən buraxılış imtahanlarında iştirak edən şagirdlərin qiymət göstəricilərini açıqlayıb.
TQDK-nın mətbuat xidmətindən verilən xəbərə görə, tam orta təhsil bazasında (11 illik) keçirilmiş buraxılış imtahanın nəticələrinə əsasən, imtahanda iştirak edən 10328 şagirddən 1059-u Ana dilindən, 1252-si Riyaziyyatdan “2” qiymət alıb. Ana dilindən “5” alan şagirdlərin sayı 933, Riyaziyyatdan “5” alan şagirdlərin sayı isə 666 nəfərdir.
İmtahanda iştirak edən 6503 şagird Ana dilindən, 6557 şagird Riyaziyyatdan “3”, 1833 şagird Ana dilindən, 1853 şagird isə Riyaziyyatdan “4” alıb.
Ümumi orta təhsil bazasında (9 illik) keçirilmiş buraxılış imtahanının nəticələrinə əsasən, imtahanda iştirak edən 16255 şagirddən 2197 nəfəri Ana dilindən, 3434 nəfəri Riyaziyyatdan “2” alıb. Ana dilindən “5” alan 9-ci sinif şagirdlərinin sayı 402, Riyaziyyatdan “5” alanların sayı isə 653 nəfərdir.
İmtahanda iştirak edən 11474 şagird Ana dilindən, 10732 şagird Riyaziyyatdan “3”, 2182 şagird Ana dilindən, 1436 şagird isə Riyaziyyatdan “4” qiymət alıb.