Milli Məclis "Həmkarlar ittifaqları haqqında" qanuna dəyişiklik edib.
Cümə günü yaz sessiyasının sonuncu növbədənkənar iclasında qəbul edilən dəyişikliyə görə, mülkiyyət formasından asılı olmayaraq, işəgötürən işçilərin əməkhaqlarından həmkarlar ittifaqına üzvlük haqlarının mühasibatlıq vasitəsilə tutulmasını təmin etməli və dörd iş günü müddətində həmin idarə, müəssisə və təşkilatın həmkarlar ittifaqı təşkilatının xüsusi hesabına köçürməlidir.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rumıniya prezidentinin strateji məsələlər, təhlükəsizlik və xarici siyasət üzrə məsləhətçisi İulian Chifunu qəbul edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, görüşdə iki ölkə arasında münasibətlərin hazırkı vəziyyəti, əməkdaşlıq imkanları və regional proseslər, eləcə də enerji layihələri barədə müzakirələr aparılıb.
Azərbaycanın geostrateji əhəmiyyətini qeyd edən İulian Chifu ölkəmizin Əfqanıstandakı sülhməramlı fəaliyyətini və tranzit ölkə kimi regiondakı rolunu yüksək qiymətləndirib. Rumıniyalı qonaq həmçinin, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilən 20-ci Sammitində imzalanan Yekun Bəyannamənin əhəmiyyətini də vurğulayıb.
Elmar Məmmədyarov Azərbaycanın regionda apardığı xarici siyasətinin ölkəmizin milli maraqları üzərində qurulduğunu diqqətə çatdırıb.
Görüşdə iki ölkə arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi yolları müzakirə olunub.
Azərbaycan prezidenti İlham Əliyev iyunun 28-də Xorvatiyanın keçmiş Prezidenti Stepan Mesiçi qəbul edib. Xorvatiyanın keçmiş prezidenti Stepan Mesiç Azərbaycanda böyük inkişaf proseslərinin şahidi olduğunu məmnunluqla qeyd edib. Xorvatiyalı qonaq Bakıda keçiriləcək Krans Montana Forumunun önəmini vurğulayıb. Görüşdə Azərbaycan ilə Xorvatiya arasında ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğu bildirilib, əməkdaşlığımızın genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Təhsil Nazirliyi Azərbaycanda qızıl medala layiq görülən məzunların sayını dəqiqləşdirir. Bunu təhsil naziri Misir Mərdanov bildirib.
Onun sözlərinə görə, məktəb direktorlarına məktub göndərilib ki, medala namizəd olan məzunlara hələlik attestat yazmasınlar: “Respublika üzrə onların ümumi sayı bəlli olduqdan sonra səmərəli qərar qəbul edəcəyik. Təklif etmişdim ki, medalları TQDK versin, onlar bundan imtina etdilər”.
Nazir məzunlara attestatların verilməsi ilə bağlı heç bir problemin olmadığını vurğulayıb: “Bu günədək Bakıda 20 mindən çox məzuna attestat verilib”.
M.Mərdanov TQDK sədri Məleykə Abbaszadənin nazirliyin məlumat bazasında problemlər olması ilə bağlı dediklərinə də münasibət bildirib: “Təhsil Nazirliyinin məlumat bazasında heç bir problem yoxdur. İmtahan nəticələri bizə daxil olduqca, attestatlar veriləcək”.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda rəsmi səfərdə olan Estoniya parlamentinin sədri Ene Erqmanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, Elmar Məmmədyarov Estoniya parlamentinin sədri Ene Erqmanın ölkəmizə səfərini yüksək qiymətləndirib və bu səfərin iki ölkə arasında münasibətlərin inkişafına xidmət edəcəyini vurğulayıb.
Öz növbəsində Estoniya parlamentinin spikeri Azərbaycana səfər etməsindən məmnun olduğunu ifadə edib və ölkəmizin mühüm strateji əhəmiyyətə malik olduğunu vurğulayıb.
Görüşdə Azərbaycanla Estoniya arasında münasibətlərin inkişaf etdirilməsində ölkələrimizin dövlət başçılarının rolu xüsusi olaraq vurğulanıb. Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn prinsipləri və normaları, xüsusilə BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipləri əsasında həll olunması vacibliyi qeyd edilib.
Görüşdə iki ölkə arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb və bu istiqamətdə səylərin artırılmasının vacibliyi qeyd edilib.
"Rusiya Azərbaycan üçün strateji tərəfdaş ölkədir".
"Üçüncü Rusiya-Azərbaycan regionlararası forumunun əsas məqsədi iki ölkə arasında formalaşmış strateji tərəfdaşlıq münasibətlərinin regional aspektlərini müzakirə etmək və bu sahədə mövcud vəziyyəti dəyərləndirmək, gələcək prioritet istiqamətləri müəyyənləşdirməkdir".
Bu sözləri iyunun 28-də Bakıda keçirilən üçüncü Rusiya-Azərbaycan regionlararası forumunda iştirak edən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov jurnalistlərə müsahibəsində demişdir.
Prezident Administrasiyasının şöbə müdiri bildirmişdir ki, forumda Rusiya və Azərbaycanı təmsil edən 300-dən çox nümayəndə iki ölkə arasında regional əməkdaşlığın bütün sahələri - iqtisadi, siyasi, sosial, mədəni, gənclərarası dialoq, humanitar əməkdaşlıq və digər istiqamətlər üzrə mövcud əlaqələri, perspektivləri geniş şəkildə müzakirə etmişlər.
Hər iki ölkənin dövlət başçılarının forumda müzakirə olunacaq məsələlərlə bağlı fikirlərinin açıqlandığını vurğulayan Əli Həsənov bu fikirlər ətrafında müzakirələrin davam etdiriləcəyini bildirmişdir. Rusiya Azərbaycan üçün strateji tərəfdaş ölkədir. Rusiya postsovet məkanının ən böyük ölkəsidir. Azərbaycanın bu ölkə ilə münasibətlərinin mühüm əhəmiyyəti vardır. Rusiyada böyük Azərbaycan diasporu fəaliyyət göstərir və onların nümayəndələri bugünkü tədbirdə təmsil olunmuşlar.
Azərbaycan ilə Rusiya arasındakı əlaqələrin xalqlarımızın maraqlarına cavab verdiyini vurğulayan Əli Həsənov demişdir ki, bu kurs Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin tərəfindən müəyyən olunmuş, strateji tərəfdaşlıq istiqamətində davam etdirilmiş və bundan sonra da davam etdiriləcəkdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Rusiya-Azərbaycan dialoqu-2012” üçüncü Rusiya-Azərbaycan regionlararası forumunun iştirakçılarına müraciət ünvanlayıb.
Müraciətdə deyilir:
"Əziz dostlar!
Sizi - üçüncü Rusiya-Azərbaycan regionlararası forumunun iştirakçılarını və qonaqlarını səmimi qəlbdən salamlayıram. Diqqətəlayiq haldır ki, bu forumlar xoş ənənə kimi ikitərəfli əməkdaşlığın aktual məsələlərinin müzakirəsi üçün səmərəli tribunaya çevrilmişdir.
Strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-Rusiya münasibətləri bütün sahələrdə uğurla inkişaf etməkdədir. İqtisadi, elmi-texniki və humanitar əlaqələrin dərinləşməsi hər iki ölkə vətəndaşlarının rifahının yüksəlməsinə, xalqlarımız arasında tarixi dostluq tellərinin möhkəmlənməsinə müsbət təsir göstərir.
Son illərin təcrübəsi təsdiq edir ki, qonşu dövlətlərin regionları arasında əlverişli ticarət-iqtisadi və investisiya mühitinin formalaşdırılması bir çox dünya ölkələrinin rastlaşdığı qlobal maliyyə böhranının mənfi nəticələrinin qarşısını almağa imkan yaradır. Bu baxımdan Rusiya və Azərbaycanın regionlararası əməkdaşlıq təcrübəsi yaxşı nümunə ola bilər. Məmnunluqla qeyd etmək istərdim ki, hazırda respublikamız Rusiya Federasiyasının əksər subyektləri ilə birbaşa əlaqələr qurmuş, onların bəziləri ilə hökumətlərarası sazişlər imzalamışdır.
Əminəm ki, forum çərçivəsində işgüzar fikir mübadiləsi və müzakirələr Azərbaycan-Rusiya münasibətlərinin inkişafına yeni impuls verəcək, ölkələrimiz arasında qarşılıqlı anlaşmanın və əməkdaşlığın daha da dərinləşməsinə kömək edəcəkdir.
Forumun bütün iştirakçılarına uğurlu və məhsuldar iş arzulayıram".
Sabahdan Azərbaycanın əksər ərazilərində yağış yağacağı, güclü külək əsəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinindən daxil olan məlumata görə, Bakıda və Abşeron yarımadasında iyunun 29-da hava şəraitinin buludlu olacağı, arabir yağış yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə 20-23, günün birinci yarısında 27-30, günün ikinci yarısında 22-24 dərəcə isti olacağı gözlənilir.
Abşeronun çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 22-23 , Zuğulba, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24, Türkan, Hövsan, Sahil, Şıxda 25-26 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında iyunun 29-da şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 18-23, gündüz 26-31, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.
İyunun 29-30-da Bakıda və Abşeron yarımadasında güclü xəzri küləyi və atmosfer təzyiqinin xeyli yüksəlməsi meteohəssas insanlar üçün əlverişsiz olsa da, lakin temperaturun ötən günlərlə müqayisədə tədricən aşağı enməsini müsbət amil kimi qiymətləndirmək olar.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 28-də İraqın Baş nazirinin iqtisadi məsələlər üzrə müavini Rouş Nuri Şaveysin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Dövlətimizin başçısı Azərbaycan ilə İraq arasında ikitərəfli əlaqələrin böyük tarixə malik olduğunu və uğurla inkişaf etdiyini vurğulayaraq bu əlaqələrin gələcəkdə daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğunu dedi. Siyasi sahədə əməkdaşlığımıza toxunan Prezident İlham Əliyev ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləməsinin önəmini qeyd etdi. Dövlətimizin başçısı iqtisadi sahədə əməkdaşlığımızın inkişaf etdirilməsi üçün də geniş imkanların olduğunu bildirdi. İraqın Baş nazirinin iqtisadi məsələlər üzrə müavini Rouş Nuri Şaveysin Krans Montana Forumunda iştirakının önəmini qeyd edən Prezident İlham Əliyev səfərin ikitərəfli əlaqələrimizə dair məsələlərin müzakirəsi baxımından da əhəmiyyətli olacağına əminliyini vurğuladı.
Rouş Nuri Şaveys İraq Prezidenti Cəlal Tələbaninin, Baş nazir Nuri Əl-Malikinin salamlarını dövlətimizin başçısına çatdırdı. O, Azərbaycana səfərindən və Prezident İlham Əliyev ilə görüşündən məmnunluğunu bildirdi.
Görüşdə ölkələrimiz arasında energetika sektorunda, turizm, sərmayə qoyuluşu və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı potensialın olduğu vurğulandı.
Dövlətimizin başçısı Prezident Cəlal Tələbaninin və Baş nazir Nuri Əl-Malikinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İraq Prezidentinə və Baş nazirə çatdırmağı xahiş etdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 28-də Estoniya parlamentinin sədri xanım Ene Erqmanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Görüşdə Azərbaycan ilə Estoniya arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən parlamentlərarası əlaqələr sahəsində inkişaf etdirilməsi, ölkələrimizin, eyni zamanda, Avropa İttifaqı çərçivəsində əməkdaşlığının perspektivlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
"TANAP layihəsi Avropanın enerji təhlükəsizliyinin təminatı baxımından mühüm töhfədir".
ARDNŞ prezidenti Rövnəq Abdullayev Trans-Anadolu qaz nəqli sisteminin inşa olunması üzrə sənədlərin imzalanmasını Azərbaycan və Türkiyə arasında enerji münasibətlərinin inkişafında böyük irəliləyiş və "Cənub Qaz Dəhlizi" layihəsinin yaradılmasına verilən real töhfə kimi qiymətləndirib. Bu barədə ARDNŞ-nin rəsmi saytına istinadən məlumat veririk.
"Azərbaycan və Türkiyə əl-ələ verərək, həm onlar, həm də bütün Avropa üçün böyük strateji önəm daşıyan bu layihəni birlikdə gerçəkləşdirəcəklər. TANAP Türkiyənin daxili bazarına təbii qazın tədarük olunması üçün, qardaş ölkənin enerji təhlükəsizliyinin təmin olunması üçün müstəsna əhəmiyyət kəsb edən bir layihədir", - Abdullayev deyib.
O qeyd edib ki, eyni zamanda, bu layihə Avropa ölkələrinin enerji təhlükəsizliyinin təminatı baxımından mühüm töhfədir.
"Məlum olduğu kimi, Avropa ölkələrinə qazın hansı yolla nəql olunacağı barədə son qərar 2013-cü ildə veriləcək. Bu günlərdə isə "Şahdəniz" konsorsiumu yataqdan hasil olunacaq təbii qaz həcmlərini Mərkəzi Avropaya təchiz edəcək boru kəmərləri arasında (Nabucco Vest və South East European Pipeline layihələri arasında) seçim edəcək. Seçiləcək variant və TAP (Transadriatik qaz boru kəməri) layihəsi son qərarın çıxarılması prosesində bərabər hüquqda nəzərdən keçiriləcək", - ARDNŞ prezidenti bildirib.
Abdullayevin sözlərinə görə, İstanbulda imzalanmış sənədlər paketi tərəflər arasında razılaşdırılmış qrafikə uyğun hazırlanıb. Həmin qrafikə əsasən, 2011-ci ilin dekabrında tərəflər TANAP üzrə konsorsiumun yaradılmasına dair memorandum imzalamış və layihədəki iştirak paylarını razılaşdırmışdılar. Memorandumda tərəflər həmçinin 2012-ci il iyun ayının sonlarına qədər layihə şirkətinin yaradılması, hökumətlərarası müqavilənin və "TANAP Co" ilə Türkiyə hökuməti arasında müqavilənin (bu sənəddə tərəflərin layihənin icrası üzrə hüquq və vəzifələri öz əksini tapır) imzalanması haqqında razılığa gəlmişdilər. İstanbuldakı imzalanma mərasimi ilə bütün bu məsələlər artıq reallığa çevrilib.
"Qeyd etməliyəm ki, TANAP layihəsi ilə əlaqədar proseslər bütün bu dövrdə Azərbaycan Prezidenti İlham Əliyevin diqqət mərkəzində olub. Dövlətimizin başçısı dəfələrlə işlərin gedişi ilə maraqlanıb, öz rəhbər göstərişlərini bizdən əsirgəməyib. Məhz möhtərəm Prezidentimizin rəhbərliyi altında görülən genişmiqyaslı işlərin nəticəsidir ki, ARDNŞ artıq bu gün boru kəmərinin texniki iqtisadi araşdırmalarının yerinə yetirilməsi istiqamətində addımlar atmaqdadır. Biz bundan sonra da türkiyəli həmkarlarımızla birlikdə əlimizdən gələni edəcəyik ki, TANAP layihəsi "Şahdəniz" yatağının işlənilməsinin 2-ci mərhələsi çərçivəsində təbii qaz hasil olunana qədər həyata keçirilsin", - o deyib.
Onun sözlərinə görə, TANAP layihəsi üzrə sənədlərin Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə imzalanması iki qardaş dövlət tərəfindən Azərbaycan Respublikasının uzunmüddətli perspektiv dövr üçün qaz strategiyasının əsasını təşkil edən Trans-Anadolu Qaz Boru Kəməri layihəsinə verilən müstəsna əhəmiyyətin bariz göstəricisidir.
“Bu layihə Türkiyə ilə Azərbaycan arasındakı sosial, iqtisadi və digər sahələrdə indiyədək mövcud olan qardaşlıq münasibətlərinə əlavə dəstəkdir”
“Azərbaycanla Türkiyə arasında imzalanan “Trans Anadolu Qaz Boru Kəməri” (TANAP) layihəsi Azərbaycanın təşəbbüsü və liderliyi ilə reallaşan transmilli qaz ixracı layihəsidir”. Bunu açıqlamasında Prezident Adminstrasiyasının (PA) ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib. O bildirib ki, uzun müddətdir Xəzər hövzəsinin qaz ehtiyatlarının Avropa bazarlarına çıxarılması mövzusu dünyanın əsas aktual problemlərindən birinə çevrilib: “Bu məsələ ətrafında neçə illərdir danışıqlar gedir. Avropa Birliyinin təşəbbüsü ilə “Nabucco” adlı qaz layihəsinin reallaşdırılması gündəmdədir. Amma təəssüflər olsun ki, neçə illərdir bu layihələr haqqında danışılsa da, ortada real bir iş yoxdur. “Nabucco”nun taleyi də bu gün artıq müəyyən dairələrdə nikbin əhval-ruhiyyə doğurmur. Azərbaycan Xəzər hövzəsindən dünya bazarlarına alternativ neftin ixracının əsas təşəbbüskarıdır. Ölkəmizin təşəbbüsü ilə Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri reallaşıb və hazırda Xəzər hövzəsinin ildə 40 milyon tondan artıq neftinin dünya bazarlarına nəqli həyata keçirilir. Bu layihənin də təşəbbüskarı kimi Azərbaycan çıxış elədi. Azərbaycanın “Şahdəniz” yatağının ikinci fazasından və ümumiyyətlə, Xəzər hövzəsində reallaşdırdığı layihələrdən əldə edilən əlavə qazın Avropa bazarlarına çıxarılması üçün bu, indiyədək seçilmiş layihələrin ən mükəmməli və etbarlısıdır”.
Ə. Həsənov bəyan edib ki, Türkiyə dövləti TANAP layihəsində Azərbaycanın əsas tərəfdaşı və partnyorudur: “Bu layihədə Azərbaycanı dəstəkləyən əsas ölkə Türkiyədir. İki ölkənin dünən imzaladığı sazişlə Türkiyənin Gürcüstandan başlayan sərhədindən Avropada bitən sərhədinə qədər olan məsafədə Xəzər hövzəsindən çıxan Azərbaycan qazının Avropa bazarlarına birbaşa nəqli nəzərdə tutulur. Bu nəqlin bütün şərtləri, layihənin reallaşdırılması və layihə ətrafında yaranan konsorsiumun tərkibi Azərbaycanla razılaşdırılıb. Bütün bu proseslərdə Azərbaycan öz lider mövqeyini saxlayır”.
Şöbə müdiri bildirib ki, TANAP layihəsi Türkiyə ilə Azərbaycan arasındakı sosial, iqtisadi və digər sahələrdə indiyədək mövcud olan qardaşlıq münasibətlərinə əlavə dəstəkdir: “Azərbaycan 1994-cü ildən ümummilli lider Heydər Əliyev başda olmaqla, ölkənin enerji resurlarının Avropa bazarlarına çıxarılması üçün ən etibarlı marşrut kimi Bakı-Tbilis-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz marşrutunu seçib. Sonrakı proseslər göstərdi ki, Azərbaycanın ümummilli lideri bu məsələdə yanılmayıb, ən doğru və optimal variantı seçib. Hesab edirəm ki, TANAP layihəsi də Azərbaycanla Türkiyənin, eləcə də Azərbaycan-Gürcüstan-Türkiyənin üçünün birlikdə bölgədə enerji təhlükəsizliyi, Avropanın enerji təhlükəsizliyinə dəstək sahəsində həyata keçirdikləri mühüm strateji layihədir. Bu strateji layihə üç ölkənin münasibətlərinin strateji əhəmiyyətini bir daha təsdiqləyir”.
İyunun 28-də Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək.
ETSN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 19-23, gündüz 30-35 dərəcə isti olacaq.
Abşeronun çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 22-23, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24, Türkan, Hövsan, Sahil, Şıxda 26-27 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında iyunun 28-də hava əsasən yağmursuz keçəcək. Lakin günün ikinci yarısında əsasən respublikanın şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-23, gündüz 32-37, dağlarda gecə 10-15, gündüz 22-27 isti olacağı gözlənilir.
İyunun 29-dan başlayaraq hava şəraitinin sərinləşəcəyi, qeyri-sabit keçəcəyi, küləkli olacağı gözlənilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 27-də Portuqaliya Respublikasının xarici işlər naziri Paulo Portasın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Dövlətimizin başçısı Portuqaliyanın xarici işlər naziri Paulo Portasın ölkəmizə səfərinin ikitərəfli əlaqələrimizin inkişafında yeni səhifə açacağına ümidvar olduğunu bildirdi.
Prezident İlham Əliyev qonağın ölkəmizdə keçirəcəyi görüşlərin səmərəli olacağına və bu səfərin əməkdaşlığımızın əsas istiqamətlərinin müəyyənləşdirilməsi baxımından yaxşı imkan yaradacağına əminliyini qeyd etdi. Dövlətimizin başçısı Azərbaycan ilə Portuqaliya arasında əməkdaşlığı inkişaf etdirmək, güclü tərəfdaşlıq əlaqələrinin yaradılması üçün böyük potensialın olduğunu vurğuladı.
Xarici işlər naziri Paulo Portas Portuqaliya Respublikasının Prezidenti Anibal Kavaku Silvanın salamlarını dövlətimizin başçısına çatdırdı. O, ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu vurğuladı. Portuqaliyanın xarici işlər naziri ölkələrimizin BMT Təhlükəsizlik Şurasında əməkdaşlığının önəmini qeyd etdi. O, yaxın gələcəkdə Portuqaliyanın Azərbaycanda səfirliyinin açılacağını bildirdi. Paulo Portas ölkəsinin Azərbaycan ilə əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, kənd təsərrüfatı və turizm sahələrində inkişaf etdirməkdə maraqlı olduğunu dedi.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması, Avropa İttifaqı ilə əməkdaşlıq və digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Dövlətimizin başçısı Prezident Anibal Kavaku Silvanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Portuqaliya dövlətinin başçısına çatdırmağı xahiş etdi.
Bakı-Şamaxı yolunda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə bu gün səhər 9:30-da, yolun 106-cı kilometrliyində, Acıdərə adlanan ərazidə qeydə alınıb. Yolda eyni istiqamətdə hərəkət edən iki asfaltdaşıyan maşından biri yoldan çıxaraq aşıb. Onun ardınca gələn ikinci yük maşını isə əks istiqamətdə hərəkət edən “VAZ 2106” markalı avtomobillə toqquşub.
Nəticədə “VAZ 2106”-nın sürücüsü və maşında olan 4 sərnişin hadisə yerində dünyasını dəyişib. Onların adları hələlik məlum deyil. Məlumata görə, hər iki yük maşınının sürücüsü hadisə yerindən qaçıb. Hazırda onların şəxsiyyətlərinin dəqiqləşdirilməsi və faktla bağlı araşdırmalara aparılır.
Sabah Bakıda keçiriləcək 3-cü Rusiya-Azərbaycan Regional Əməkdaşlıq Forumunda iki ölkə arasındakı strateji tərəfdaşlıq kursunun davam etdirilməsi məsələsi müzakirə olunacaq. Bunu çərşənbə günü Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.
"Forumda iki ölkə arasındakı strateji tərəfdaşlıq kursunun davam etdirilməsinin, dövlət başçılarının müəyyən etdiyi kursa müvafiq olaraq bütün istiqamətlər üzrə münasibətlərin müzakirə edilməsi və gələcək əməkdaşlığın prioritetlərinin müəyyən olunması vəzifəsi qoyulub. Rusiya və Azərbaycanın yüksəkvəzifəli şəxslərinin qatıldığı forumda 7 seksiyada siyasi, iqtisadi, mədəni, sosial, təhlükəsizlik, dövlətlərarası münasibətlərin regional aspektləri, Xəzər dənizi və onun ətrafında əməkdaşlıq məsələləri və digər məsələlələr müzakirə olunacaq, mühüm qərarlar qəbul ediləcək. Birgə bəyanatın qəbul olunacağı və iki ölkənin müvafiq strukturları arasında sazişlər imzalanacağı gözlənilir", - Həsənov bildirib.
PA rəsmisinin sözlərinə görə, tədbir Rusiya ilə Azərbaycanın regional əməkdaşlığına həsr olunub.
"İki ölkə arasında əməkdaşlığın prioritet sahələrini və kursunu dövlət başçıları müəyyən edir, bu tip forumlar isə əsasən bu prioritetlərin dəyərləndirilməsi və həyata keçirilməsi, bəzi mövcud problemlərin aradan qaldırılması məqsədi daşıyır", - Həsənov deyib.
Onun sözlərinə görə, bu forum bu müstəvidə keçirilən üçüncü forum olacaq. İlk forum 3 il bundan öncə Bakıda keçirilib.
Rusiya Prezidenti Administrasiyasının 100-dən artıq yüksək ranqlı nümayəndələri, hökumət və parlament, o cümlədən ayrı-ayrı regionların təmsilçilərinin iştirakı ilə həmin forumda iki ölkə arasındakı strateji əməkdaşlıq kursunun davam etdirilməsi ilə bağlı dövlət başçılarının verdiyi bəyanatlar, imzaladıqları sənədlər və qarşıda duran vəzifələr müzakirə edilmiş və bütün sahələr üzrə gələcək əməkdaşlığın perspektivləri ilə bağlı mühüm qərarlar qəbul olunmuşdu.
Keçən il ikinci forum Həştərxan şəhərində keçirilib. Bu forumda Azərbaycanı təmsil edən 100-dən artıq nümayəndə heyəti Rusiyanın nümayəndələri ilə birlikdə iki ölkə arasındakı münasibətlərin mövcud vəziyyəti və perspektivləri ilə bağlı mühüm qərarlar qəbul edib.
Həsənov deyib ki, bu il forum eyni müstəvidə Bakıda işini davam etdirəcək.
İyunun 26-da İstanbulda Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə sənədlərin imzalanması mərasimi olmuşdur.
Türkiyə Respublikası və Azərbaycan Respublikası arasında Trans-Anadolu Qaz Boru Kəməri üzrə Hökumətlərarası Müqaviləni Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan imzaladılar. Həmçinin Müqaviləni Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev və Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız imzaladılar.
BOTAŞ və ARDNŞ arasında TANAP Layihə Şirkətində təşkilati məsələlərlə bağlı ilkin razılaşmanı Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev, Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız, ARDNŞ-in prezidenti Rövnəq Abdullayev və BOTAŞ-ın baş direktorunun müavini Mehmet Konuk imzaladılar.
Türkiyə Hökuməti ilə Trans-Anadolu Qaz Boru Kəməri Şirkəti arasında “Ev sahibi hökuməti müqaviləsi”ni Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız, TANAP Şirkəti adından ARDNŞ-in prezidenti Rövnəq Abdullayev imzaladılar.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış etdilər, jurnalistlərin suallarını cavablandırdılar.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bu gündən 2012/2013-cü tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinin magistraturalarına qəbul olan bakalavrlar üçün ixtisaslaşma seçiminə başlayıb.
Komissiyadan verilən məlumata görə, imtahanın II mərhələsinin nəticələri artıq saytda yerləşdirilib.
Bu mərhələdən keçərək müsabiqə şərtlərini ödəyən bakalavrlar iyunun 27-dən 29-dək 2012/2013-cü tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul aparılan ixtisaslaşmaların müsabiqəsində iştirak etmək üçün internet vasitəsi ilə ixtisaslaşma seçimini yerinə yetirməlidirlər.
Ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının ikinci mərhələsinin məzmununa dair bakalavrların müraciətlərinə TQDK-da yaradılan apelyasiya komissiyası tərəfindən iyunun 27-dən 29-dək baxılacaq.
Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 19-23° isti, gündüz 32-34° isti olacaqdır.
Bakıda gecə 20-22°, gündüz 32-34° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı - 756 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 65-75 faiz, gündüz 40-50 faiz olacaqdır.
Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22°, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23°, Türkan, Hövsan, Sahil, Şıxda 24-25° isti olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında əsasən, yağmursuz keçəcəyi, temperaturun gecə 15-20° isti, gündüz 32-37° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında havanın əsasən, yağmursuz keçəcəyi, gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Temperaturun gecə 11-16°, gündüz 23-28° isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli- Cəbrayıl rayonlarında hava əsasən, yağmursuz keçəcəkdir. Temperaturun gecə 19-23° isti, gündüz 30-35° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında havanın əsasən, yağmursuz keçəcəyi, gecə 15-20° isti, gündüz 28-33° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən, yağmursuz keçəcəkdir.
Temperatur gecə 19-24°, gündüz 33-38° isti olacaqdır.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında gündüz əsasən, yağmursuz olacaqdır. Temperaturun gecə 20-24° isti, gündüz 31-36° isti, dağlarda gecə 12-17° isti, gündüz 23-28° isti olacağı gözlənilir.
İyunun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının 20 illik yubileyi sammitində iştirak etmək üçün Türkiyə Respublikasının İstanbul şəhərinə işgüzar səfərə yola düşmüşdür.
Dövlətimizin başçısını Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola saldılar.
İyunun 25-də Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin 2012-ci il buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev mərasimdə iştirak etmişdir.
Dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Müdafiə naziri general-polkovnik Səfər Əbiyev və fəxri qarovul dəstəsinin rəisi Ali Baş Komandana raport verdilər.
Dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoydu.
Prezident, Ali Baş Komandan İlham Əliyev Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində aparılmış yenidənqurma və maddi-texniki bazanın gücləndirilməsi ilə bağlı görülən işlərlə tanış oldu.
Müdafiə naziri Səfər Əbiyev dövlətimizin başçısına məlumat verdi ki, ölkəmizin bütün ali hərbi təhsil müəssisələri ən müasir tələblər səviyyəsində yenidən qurulur, onların maddi-texniki bazası möhkəmləndirilir. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində də ardıcıl və məqsədyönlü tədbirlərin reallaşdırıldığı, hərbi təhsil müəssisəsində əsaslı abadlıq və yenidənqurma işlərinin görüldüyü diqqətə çatdırıldı. Ordu quruculuğunun möhkəmləndirilməsi istiqamətində ulu öndər Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü tədbirlər Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın iqtisadi imkanları artdıqca ölkəmizin Silahlı Qüvvələrinin də maddi-texniki bazasının daha da möhkəmləndirilməsi geniş vüsət alır.
Prezident İlham Əliyevə bu istiqamətdə həyata keçirilən tədbirlər barədə geniş məlumat verildi, yeni avadanlıq və silahlar nümayiş etdirildi. Qeyd olundu ki, hazırda Azərbaycan Silahlı Qüvvələri nəinki regionun, eləcə də dünyanın ən güclü ordularından biri sayılır. Azərbaycan ordusu mütəmadi qaydada ən müasir silah-sursatla təchiz olunur. Ölkənin dövlət büdcəsində hərbi xərclər ildən ilə artırılır. Azərbaycan Silahlı Qüvvələrinin silah-sursatla təchizatında artıq Müdafiə Sənayesi Nazirliyi də mühüm yer tutur. Prezident, Ali Baş Komandan İlham Əliyevin tapşırığına uyğun olaraq bütün sahələrdə olduğu kimi, ordumuzda da yalnız ən son elmi-texniki yeniliklər tətbiq edilir. Bu baxımdan ölkəmizin ali hərbi məktəblərində də zabitlərin günün tələbləri səviyyəsində hazırlanması üçün yüksək şərait yaradılmışdır.
Dövlətimizin başçısına buraxılış mərasiminin nişanı təqdim olundu. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində aparılan yenidənqurma işləri ilə tanış olan Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verdi.
Sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin növbəti buraxılışı münasibətilə mərasim başlandı.
Prezident İlham Əliyev mərasimin keçirildiyi stadiona gəldi.
Mərasimə toplaşanlar dövlətimizin başçısını hərarətli alqışlarla qarşıladılar.
Ali Hərbi Məktəbin rəisi, polkovnik Mirzəli Yusifov Ali Baş Komandan, Prezident İlham Əliyevə raport verərək şəxsi heyətin buraxılış mərasimi münasibətilə düzüldüyünü bildirdi.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev məzunları salamladı.
Mərasimin proqramı elan edildikdən sonra Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin və ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin və kursantların ifasında Azərbaycanın dövlət himni əzəmətlə səsləndi.