İyunun 25-də Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin 2012-ci il buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev mərasimdə iştirak etmişdir.
Dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Müdafiə naziri general-polkovnik Səfər Əbiyev və fəxri qarovul dəstəsinin rəisi Ali Baş Komandana raport verdilər.
Dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoydu.
Prezident, Ali Baş Komandan İlham Əliyev Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində aparılmış yenidənqurma və maddi-texniki bazanın gücləndirilməsi ilə bağlı görülən işlərlə tanış oldu.
Müdafiə naziri Səfər Əbiyev dövlətimizin başçısına məlumat verdi ki, ölkəmizin bütün ali hərbi təhsil müəssisələri ən müasir tələblər səviyyəsində yenidən qurulur, onların maddi-texniki bazası möhkəmləndirilir. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində də ardıcıl və məqsədyönlü tədbirlərin reallaşdırıldığı, hərbi təhsil müəssisəsində əsaslı abadlıq və yenidənqurma işlərinin görüldüyü diqqətə çatdırıldı. Ordu quruculuğunun möhkəmləndirilməsi istiqamətində ulu öndər Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü tədbirlər Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın iqtisadi imkanları artdıqca ölkəmizin Silahlı Qüvvələrinin də maddi-texniki bazasının daha da möhkəmləndirilməsi geniş vüsət alır.
Prezident İlham Əliyevə bu istiqamətdə həyata keçirilən tədbirlər barədə geniş məlumat verildi, yeni avadanlıq və silahlar nümayiş etdirildi. Qeyd olundu ki, hazırda Azərbaycan Silahlı Qüvvələri nəinki regionun, eləcə də dünyanın ən güclü ordularından biri sayılır. Azərbaycan ordusu mütəmadi qaydada ən müasir silah-sursatla təchiz olunur. Ölkənin dövlət büdcəsində hərbi xərclər ildən ilə artırılır. Azərbaycan Silahlı Qüvvələrinin silah-sursatla təchizatında artıq Müdafiə Sənayesi Nazirliyi də mühüm yer tutur. Prezident, Ali Baş Komandan İlham Əliyevin tapşırığına uyğun olaraq bütün sahələrdə olduğu kimi, ordumuzda da yalnız ən son elmi-texniki yeniliklər tətbiq edilir. Bu baxımdan ölkəmizin ali hərbi məktəblərində də zabitlərin günün tələbləri səviyyəsində hazırlanması üçün yüksək şərait yaradılmışdır.
Dövlətimizin başçısına buraxılış mərasiminin nişanı təqdim olundu. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində aparılan yenidənqurma işləri ilə tanış olan Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verdi.
Sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin növbəti buraxılışı münasibətilə mərasim başlandı.
Prezident İlham Əliyev mərasimin keçirildiyi stadiona gəldi.
Mərasimə toplaşanlar dövlətimizin başçısını hərarətli alqışlarla qarşıladılar.
Ali Hərbi Məktəbin rəisi, polkovnik Mirzəli Yusifov Ali Baş Komandan, Prezident İlham Əliyevə raport verərək şəxsi heyətin buraxılış mərasimi münasibətilə düzüldüyünü bildirdi.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev məzunları salamladı.
Mərasimin proqramı elan edildikdən sonra Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin və ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin və kursantların ifasında Azərbaycanın dövlət himni əzəmətlə səsləndi.