Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 2-də Kolumbiya Respublikası Senatının ikinci konstitusional komitəsinin sədri xanım Aleksandra Moreno Piraquivenin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Dövlətimizin başçısı xanım Aleksandra Moreno Piraquivenin Azərbaycana səfərinin ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi işinə xidmət edəcəyinə əminliyini ifadə etdi. Prezident İlham Əliyev Azərbaycan ilə Kolumbiya arasında ikitərəfli münasibətlərin güclü tərəfdaşlıq əlaqələrinə çevrildiyini məmnunluqla qeyd etdi. Ölkələrimiz arasında siyasi əlaqələrin razılıq doğurduğunu deyən dövlətimizin başçısı bu əlaqələrin iqtisadi sahədə əməkdaşlığın inkişafı işinə kömək edəcəyinə ümidvar olduğunu bildirdi. İkitərəfli münasibətlərin genişlənməsində parlamentlərarası əlaqələrin əhəmiyyətini vurğulayan Prezident İlham Əliyev ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı gələcəkdə də davam etdirəcəyinə əminliyini ifadə etdi. Kolumbiya Parlamentinin Azərbaycan ərazilərinin Ermənistan tərəfindən qanunsuz işğalı ilə bağlı qəbul etdiyi qərarın ölkəmiz üçün böyük əhəmiyyət daşıdığını vurğulayan dövlətimizin başçısı qəbul olunan qərara və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı tutduğu ədalətli mövqeyə görə Kolumbiya dövlətinə və xalqına, Kolumbiya parlamentinə və şəxsən xanım Aleksandra Moreno Piraquiveyə minnətdarlığını bildirdi.
Kolumbiya Senatının komitə sədri xanım Aleksandra Moreno Piraquive Azərbaycana səfərindən məmnunluğunu ifadə etdi. O, ölkəsinin Azərbaycanda baş verən inkişaf proseslərini yaxından izlədiyini dedi. Kolumbiyalı qonaq ölkəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğuladı, münaqişənin beynəlxalq hüquq çərçivəsində həllinə tərəfdar olduğunu dedi. Kolumbiyanın iqtisadi inkişafı, investisiya imkanlarından danışan xanım Aleksandra Moreno Piraquive ölkələrimiz arasında mövcud dostluq əlaqələrini siyasi, iqtisadi, mədəni və digər sahələrdə daha da genişləndirməyin önəmini qeyd etdi.
Azərbaycan xalqının böyük tarixə, zəngin mədəniyyətə malik olan Kolumbiya xalqına dost münasibət bəslədiyini vurğulayan Prezident İlham Əliyev bu münasibətləri iqtisadi və mədəni əməkdaşlıq sahələrində daha da möhkəmləndirməyin zəruriliyini qeyd etdi.
Kolumbiyada Azərbaycan səfirliyinin fəaliyyətə başlamasından sonra ikitərəfli münasibətlərimizin yüksək səviyyədə inkişaf etdiyini bildirən Prezident İlham Əliyev əlaqələrimizin genişlənməsində qarşılıqlı səfərlərin önəmini vurğuladı. Dövlətimizin başçısı Azərbaycan Respublikası ilə Kolumbiya Respublikası arasında dostluq əlaqələrinin inkişafına verdiyi töhfəyə görə xanım Aleksandra Moreno Piraquivenin Azərbaycanın ən yüksək dövlət mükafatlarından olan “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görüldüyünü dedi və mükafatı qonağa təqdim etdi.
Xanım Aleksandra Moreno Pirquive Azərbaycanın yüksək mükafatına layiq görüldüyünə görə minnətdarlığını bildirdi.
Sonda xatirə şəkli çəkdirildi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 2-də Bolqarıstan Respublikasının Konstitusiya Məhkəməsinin sədri Yevgeni Taniçevi qəbul etmişdir.
İki il bundan əvvəl ölkəmizə səfər etdiyini xatırlayan Bolqarıstan Konstitusiya Məhkəməsinin sədri Yevgeni Taniçev ötən dövr ərzində Azərbaycanda gedən sürətli inkişaf proseslərinin şahidi olduğunu dedi. Yevgeni Taniçev Azərbaycanda keçirilən “Evrovision” mahnı müsabiqəsinin və Krans Montana Forumunun beynəlxalq əhəmiyyətini vurğuladı.
Dövlətimizin başçısı ölkəmizin əldə etdiyi nailiyyətləri dünyaya göstərmək üçün bu cür beynəlxalq müsabiqə və forumların önəmini qeyd etdi, gələcəkdə belə beynəlxalq tədbirlərin mütəmadi olaraq keçiriləcəyini dedi.
Görüşdə Azərbaycan ilə Bolqarıstan arasında əlaqələrin müxtəlif sahələrdə, o cümlədən Konstitusiya məhkəmələrinin əməkdaşlığının genişləndirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq, iyulun 1-dən ölkəmizdə növbəti həqiqi hərbi xidmətə çağırış başlanmışdır.
Bir ay davam edəcək çağırış prosesində minlərlə gənc hərbin sirlərinə dərindən yiyələnmək, Vətənin keşiyində əzmlə dayanmaq kimi şərəfli borcunu yerinə yetirmək üçün əsgəri xidmətə yollanırlar.
Sərəncama əsasən, 1994-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1977-1993-cü illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikasının vətəndaşları 2012-ci il iyulun 1-dən 31-dək müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
Sərəncama uyğun olaraq, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2012-ci il iyulun 1-dən 31-dək ehtiyata buraxılacaqlar.
Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 19-da Azərbaycan vətəndaşlarının 2012-ci il iyulun 1-dən 31-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalamışdır.
Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğu bugünkü dövlət siyasətinin əsas prioritetlərindəndir. Bunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının "Vətəndaş cəmiyyətinin möhkəmləndirilməsində QHT-hökumət dialoqu" mövzusunda keçirdiyi tədbirdə bildirib.
"Biz iqtisadi uğurlarımızı, Azərbaycanın dinamik inkişafını siyasi islahatlarsız, vətəndaş cəmiyyəti olmadan, daxili ictimai-siyasi proseslərdə fəal vətəndaşların iştirakı olmadan təsəvvür etmirik", - Həsənov deyib.
Həsənov QHT-lərin müxtəlif fəal vətəndaşların təşəbbüslərini reallaşdıran bir institut olduğunu qeyd edərək bildirib ki, QHT-lər ictimai davranış normalarını müəyyən edən və onun həyata keçirilməsini təlqin edən institutlardır.
"Bu səbəbdən biz dövlət olaraq QHT-ləri özümüzə tərəfdaş görürük. QHT-lərin məşğul olduğu sahə onların fəaliyyətinin əsasını təşkil edən ictimai-siyasi, sosial-mədəni həyatın müxtəlif sahələri, eyni zamanda dövlət siyasətinin prioritetlərini təşkil edir", - o əlavə edib.
PA rəsmisi bu gün təşkil edilən görüşün tam şəffaf, səmimi bir şəraitdə keçiriləcəyini qeyd edərək bu sahədə Azərbaycanın ictimai həyatında, sosial sahədə ictimai əhəmiyyət kəsb edən və QHT-lərin hansısa şəkildə fəaliyyətinə aid olan bütün məsələləri açıq və şəffaf müzakirə etməyə hazır olduğunu vurğulayıb.
"Bu görüşü formal bir görüş kimi görmürəm. QHT-lərin səsləndirdiyi təkliflər qeydə alınıb təhlil olunacaq. Həmin təkliflər ümumiləşdirilmiş şəkildə vətəndaş cəmiyyəti institutları ilə gələcək əlaqələrin strategiyasını müəyyən edəcək. QHT-ləri narahat edən problemlər eyni zamanda dövləti, dövlət başçısını, hakimiyyət orqanlarını narahat edir", - Həsənov deyib.
Zaqatala və ətraf rayonlarda baş verən zəlzələ nəticəsində ziyan çəkən bütün kəndlərdə təhlillər tam başa çatdırılıb, bəzi sakinlər onların evinə təkrar baxış keçirməyi xahiş ediblər və hazırda bununla bağlı yoxlamalar davam etdirilir.
Bunu Qəbələ rayonunda keçirilən “Gənc xilasedici və yanğınsöndürən” adlı I Ümumrespublika yarışının qaliblərinin mükafatlandırılması mərasimində iştirak edən Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov bildirib.
Onun sözlərinə görə, zəlzələ bölgəsində 2-5 otaqlı evlərin inşası üçün layihələr hazırlanaraq tikinti şirkətlərinə təqdim olunub: “Dünənə olan məlumata görə, artıq məktəblərin və evlərin tikintisinə başlanılıb. Bütün evlər və sosial obyektlər deyilən müddətə təhvil veriləcək”.
Nazir dünən Daşkəsən və Goranboyda leysan yağışlarının yaratdığı sel sularının törətdiyi fəsadlardan danışarkən, FHN-nin və həmin rayonların yerli fövqəladə hallar komissiyalarının vətəndaşlarla görüşdüyünü bildirib. K. Heydərov deyib ki, əhaliyə dəyən ziyanla bağlı bütün müraciətlərə baxılır, araşdırmalar əsasında təhlillər aparılır.
K. Heydərov prezident İlham Əliyevin tapşırığı ilə həm 2010-cu ildə Kür çayı sahilindəki rayonlarda subasma, həm də bu il Zaqatala və ətraf rayonlarda baş verən zəlzələ nəticəsində ziyan çəkmiş vətəndaşların heç birinin dövlət yardımlarından kənar qalmadığını bildirib. O, artıq Goranboy və Daşkəsəndə seldən zərər çəkənlərə ilkin yardımın verildiyini və bu tədbirlərin davam etdiriləcəyini bildirib.
Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir. Temperaturun gecə 18-20°, gündüz 22-27° isti, Bakıda gecə 18-20°, gündüz 24-26° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək, nisbi rütubət 80-90 faiz olacaqdır.
Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran və Bilgəhdə 20-21°, Zuğulba, Buzovna, Mərdəkan və Şüvəlanda 21-22°, Türkan, Hövsan, Sahil və Şıxda 23-24° isti olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Temperaturun gecə 13-18°, gündüz 23-28° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Temperaturun gecə 6-10°, gündüz 14-18° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Temperaturun gecə 14-18°, gündüz 23-28° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Temperaturun gecə 11-16°, gündüz 20-25° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Temperaturun gecə 14-18°, gündüz 22-27° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Temperaturun gecə 15-18°, gündüz 23-27° isti, dağlarda gecə 9-14°, gündüz 19-23° isti olacağı gözlənilir.
İyunun 30-da Bakıda Krans Montana Forumu çərçivəsində “Gələcəyin yeni liderləri” mövzusunda xüsusi iclas keçirilmişdir.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, fondun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak etmişlər.
Krans Montana Forumunun elmi şurasının professoru Daniel Varnerin moderatorluğu ilə keçən tədbirdə “Dəyişən dünyada gələcək liderlərin rolu”, “Qloballaşmanın ətraf mühitə təsiri” mövzularında məruzələr edilmiş, səmərəli müzakirələr aparılmışdır.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iclasda çıxış edərək dedi:
- Zati-aliləri, hörmətli qonaqlar, xanımlar və cənablar!
Mən sizi gözəl şəhərimiz Bakıda salamlamaq istərdim. Ümidvaram ki, burada vaxtınız çox maraqlı keçir.
Mən çox vacib bir mövzu - Azərbaycanın və ümumiyyətlə, dünyanın bütün gənclərinin ətraf mühitin qorunması sahəsində rolu haqqında danışmaq istərdim. Mən gələcəyin liderlərinin davamlı inkişafı təmin edən rolları haqqında danışmaq istərdim.
Bilirsiniz ki, dünyada davamlı inkişaf ətraf mühitin qorunması məsələsini aktuallaşdırmışdır.
Bunun təmin edilməsi üçün çoxlu tədbirlərin keçirilməsi olduqca önəmlidir. Bugünkü ekoloji problemlər həm millətləri ayırır, həm də onların bütün maraqlarının təmin edilməsinə imkan vermir. Ona görə də hər bir ölkənin təbii ehtiyatlarının düzgün idarə olunması çox önəmli məsələdir. Bu, iqlim dəyişikliyi nöqteyi-nəzərindən də çox önəmli bir məsələdir. Bu məsələlər bizim həyatımıza həm müsbət, həm də mənfi təsir göstərə bilər. Ona görə də bu dəyişiklikləri düzgün idarə etməyi bacarmalıyıq. Dəyişikliklər prosesinin ətraf mühitdə baş verməsi xüsusilə gənc nəslin bu sahədə rolunu daha da önəmli edir.
Azərbaycanda ətraf mühitin qorunması sahəsində çox gözəl proqramlar və kampaniyalar başlanmışdır. Biz bu kampaniyalara gəncləri və bütün insanları dəvət edirik. Bu iş əlbəttə ki, dialoq, liderlik və təhsil prinsipləri əsasında bütün millətə xidmət etmək üçün həyata keçirilir. Bu, eyni zamanda, ətraf mühitin qorunması və davamlı inkişafın təmin olunması üçün çox önəmli məsələdir. Bütün dünyada bu istiqamətdə əməkdaşlığı təmin etmək, tədbirlər görmək üçün regional və beynəlxalq əlaqələr önəmlidir.
Bildiyiniz kimi, on bir iqlim qurşağından doqquzu Azərbaycan Respublikasındadır. Bu da Azərbaycanın təbiətini çox zəngin edir. Azərbaycanın zəngin təbiətinin qorunması üçün qarşımızda çox önəmli vəzifələr durur. Bunlar ətraf mühitin qorunması, suyun, təbiətin çirklənməməsi, qorunub saxlanılmasıdır. Azərbaycanda bizi narahat edən bütün həmin məsələləri həll etmək üçün gənclər bu prosesə fəal cəlb olunur.
Mən bir həftə əvvəl Cenevrədə keçirdiyim görüşlərdə bütün bu məsələləri qaldırmışdım. Bu məsələlərin Azərbaycanda və Qafqaz regionunda çox önəmli olduğunu bildirmişdim.
Ekologiya ilə bağlı məsələlər bizim üçün çox önəmlidir. Ona görə də düşünürəm ki, bu məsələləri hələ sinif otaqlarından tədris etməyə başlamaq lazımdır. Zənnimcə, bununla uşaqlar artıq erkən yaşlarından yaşadıqları ölkələrdə təbiətin qorunması haqqında məlumatlar almış olacaqlar. Mənə elə gəlir ki, ekoloji çağırışlara cavab verilməsi üçün bu, çox böyük əhəmiyyət daşıyacaqdır.
Təmiz ətraf mühit təmiz və saf cəmiyyətdən başlayır. Ona görə də mən hesab edirəm ki, insanlara belə fikirləri aşılamaq lazımdır. Ətraf mühitə zərər verməyən texnologiyadan istifadə olunmalı, enerji resurslarına qənaət edilməli və s. Bu məsələlərin həlli planetimizin gələcəyini təmin edəcəkdir. Bu məsələlərin həlli bizim yaşayış tərzimizdən də çox asılıdır.
Ona görə də biz bütün imkanlardan istifadə edərək, hərəkətlərimizə görə məsuliyyət daşımalıyıq.
Sovet dövründə uzun illər neft və qaz hasilatı nəticəsində həm dənizdə, həm də quruda çoxlu çirklənmə baş vermişdir. Bu da bizə, müstəqil ölkəmizə bir problem kimi qalmışdır.
Müstəqil Azərbaycan üçün həmin məsələləri həll etmək başlıca vəzifələrdən biridir. Biz bütün bunları nəzərə alaraq fəaliyyətə başlamışıq.
Bu məsələlərin həlli üçün bütün güclərin səfərbər olunması çox vacib idi. Müstəqilliyini yenicə bərpa etmiş ölkə üçün bu məsələlərin həlli Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi ilə daha çətinləşmişdi. Bu, Cənubi Qafqaz regionunda da çox böyük çətinliklər yaratmışdı. Bilirsiniz ki, həmin ərazilərdə çox zəngin ekosistem, flora və fauna vardır. Biz Azərbaycanda 2010-cu ili “Ekologiya ili” elan etdik. O vaxt həmin kampaniya çərçivəsində yüz minlərlə ağac əkilmişdir. Bu kampaniya gənclər arasında təşviq olunurdu.
Bildiyiniz kimi, Azərbaycan əhalisi dünyada ən gənc əhalilərdən biridir. Ona görə də biz çalışırıq ki, bütün bu məsələləri gənclərimizə aşılayaq. Bu səpkidə müxtəlif tədbirlər keçirilir, sərgilər təşkil olunur. Bütün bunlar vasitəsilə biz ölkəmizdə və dünyada ətraf mühitlə bağlı problemlər barədə gənclərimizə məlumat veririk.
Xanımlar və cənablar, dünyada ətraf mühitin qorunması, davamlı inkişafın təmin olunması üçün Minilliyin İnkişaf Məqsədləri qəbul edilmişdir. Əsas məqsəd insanlara bu sahədə qərar qəbul etmək imkanları vermək, onları bu prosesə cəlb etməkdir. Düşünürəm ki, “yaşıl iqtisadiyyat”ın təmin olunması ilə bağlı bütün ölkələrin üzərinə öhdəliklər düşür. Əgər bu öhdəliklər yerinə yetirilsə, davamlı iqtisadi inkişaf da reallığa çevriləcəkdir. Əminəm ki, gənclərın fəal iştirakı ilə davamlı iqtisadi inkişaf, ətraf mühitin davamlı qorunması prosesi təmin olunacaqdır.
Bundan başqa, hesab edirəm ki, səmərəli tədbirlər planının həyata keçirilməsi üçün səmərəli təhsil lazımdır. Buna görə də biz öyrənməyə və öyrətməyə hazırıq. Sizi də bu təşəbbüslərə qoşulmağa çağırırıq.
Ümidvaram ki, doğrudan da Bakıda olmaqdan böyük həzz alırsınız və Bakı haqqında sizdə yalnız xoş xatirələr qalacaqdır.
Diqqətinizə görə sağ olun, təşəkkür edirəm.
"Dövlət qurumlarının elan və reklamlarının yalnız rəsmi mətbuatda dərcinə dair müddəa aradan qaldırıla bilər".
Bu gün Azərbaycan Mətbuat Şurasında ölkənin aparıcı kütləvi informasiya vasitələri təmsilçilərinin Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovla görüşü keçirilib. Bu barədə Mətbuat Şurasından məlumat verilib.
Toplantını açan MŞ sədri Əflatun Amaşov görüşün rəhbərlik etdiyi qurumun "Nazir-Redaktor dialoqu" layihəsi çərçivəsində reallaşdırdığı tədbirlərdən biri olduğunu vurğulayıb. O bildirib ki, Şura müxtəlif illərdə dövlət qurumlarının təmsilçiləri ilə belə tədbirlər keçirib. Bugünkü toplantı isə mətbuatın ən mühüm problemlərindən olan yayım məsələlərinə, qəzet satışı ilə bağlı vəziyyətə həsr edilib.
Əli Həsənov Mətbuat Şurasındakı görüşdə məqsədin ölkənin KİV rəhbərlərinin mediamızdakı mövcud problemlərlə bağlı təkliflərini dinləməkdən ibarət olduğunu vurğulayıb.
PA-nın şöbə müdiri Əli Həsənov medianın problemlərinin həllinin Azərbaycan dövləti üçün prioritetliyini bildirərək bugünkü toplantıda səslənən təkliflərin ümumiləşdirilmiş formada müvafiq qurumlara çatdırılacağını deyib. O, metro stansiyalarında qəzet stendlərinin yerləşdirilməsi məsələsinin tez bir zamanda həllinin mümkünlüyünü ifadə edib.
Digər məqamlarla əladəqar söz açan PA rəsmisi bildirib ki, hər bir rayon icra başçısı və ya hansısa bölgəyə məsul şəxs həmin yerin inkişafı məsələsinə müxtəlif cür yanaşır. Bəziləri hesab edirlər ki, qəzet köşkləri ümumi görünüşə xələl gətirir, bəziləri başqa cür düşünürlər. Hər bir halda bu kimi məsələlər müzakirələr yolu ilə həllini tapmalıdır. Haqqında söhbət açılan və "Reklam haqqında" Qanunda dəyişikliyin nəzərdə tutulması ilə əlaqədar təklifə gəlincə, Əli Həsənov da hesab edib ki, dövlət qurumlarının elan və reklamlarının yalnız rəsmi mətbuatda dərcinə dair müddəa aradan qaldırıla bilər. O, Mətbuat Şurasının elan və reklamların bölüşdürülməsi ilə bağlı Türkiyə təcrübəsini öyrəndiyini və bununla bağlı məsələlərə Azərbaycan dövlətinin də dəstək verdiyini bildirərək mövcud istiqamətdə ayrıca qurumun formalaşdırılmasının mümkünlüyünü diqqətə çatdırıb.
Bütün dünyada qəzetlərin satışdan çox reklamlardan gəlir əldə etdiyindən söhbət açan Həsənovun sözlərinə görə, əgər Azərbaycanın KİV-ləri bu axara düşə bilsələr, onlar üçün məhsullarının satışı o qədər də önəm daşımayacaq. Şöbə müdiri hazırkı dövrdə internet nəşrlərin ənənəvi medianı sıxışdırması ilə bağlı tendensiyanın aktual səciyyə daşıdığından söz açaraq bunu həm də texnoloji hadisə kimi dəyərləndirib. O, ölkə KİV-lərini vəziyyətlə ayaqlaşmağa, daha çox özlərinin internet resurslarını təkmilləşdirməyə çağırıb.
Həsənov Azərbaycan dövlətinin, şəxsən Prezident İlham Əliyev cənablarının hər zaman mətbuatın problemlərinə həssas yanaşdığını deyib. PA rəsmisi özünün də hər zaman medianın üzləşdiyi çətinliklərin həllinə çalışdığını bildirib. O, buna görə də mətbuata gileyini söyləmək haqqına sahibliyini deyib. Bu mənada "Eurovision-2012" zamanı Azərbaycanda siyasi məhbus məsələsini qaldıran bəzi KİV-lərin eyni zamanda Xocalı və Qarabağ həqiqətlərini də tirajlayan məlumatlar verməsinin zəruriliyini vurğulayıb. Bunun müşahidə edilməməsindən təəssüfünü ifadə edib.
Görüşdə müxtəlif KİV-lərin nümayəndələri mövcud problemlərlə bağlı təkliflərini səsləndiriblər.
Görüşün sonunda belə qərara gəlinib ki, Mətbuat Şurası səslənən təklifləri ümumiləşdirsin və KİV təmsilçiləri adından dövlət rəhbərliyinə müvafiq müraciət ünvanlansın.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 30-da Macarıstanın Baş naziri Viktor Orban ilə görüşmüşdür.
Azərbaycan Prezidenti İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbanı qarşıladı.
Sonra Prezident İlham Əliyev ilə Macarıstanın Baş naziri Viktor Orban arasında təkbətək görüş oldu.
Macarıstanın Baş naziri Viktor Orban Azərbaycana ilk səfərindən ötən dövr ərzində Bakıda çox böyük inkişafın şahidi olduğunu vurğuladı və bu inkişafın onda böyük təəssürat yaratdığını dedi.
Azərbaycan ilə Macarıstan arasında əlaqələrin, o cümlədən siyasi sahədə fəal əməkdaşlığın sürətli və uğurlu inkişafından məmnunluğunu ifadə edən dövlətimizin başçısı iqtisadi sahədə daha çox inkişafa nail olunacağına ümid etdiyini bildirdi. Ölkələrimiz arasında güclü tərəfdaşlıq əlaqələrinin qurulduğunu deyən Prezident İlham Əliyev energetika sektoru ilə bağlı əməkdaşlığımızın genişləndiyini vurğuladı. Bakıda keçirilən Krans Montana Forumunun beynəlxalq əhəmiyyətinə toxunan dövlətimizin başçısı Macarıstanın Baş naziri Viktor Orbanın Forumda iştirakının önəmini qeyd etdi. Prezident İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orbanın ölkəmizə səfərinin ikitərəfli əlaqələrimizin inkişafı ilə bağlı məsələlərin müzakirəsi baxımından da əhəmiyyətli olacağına əminliyini bildirdi.
Sonra görüş geniş tərkibdə davam etdirildi. Dövlətimizin başçısı Azərbaycan ilə Macarıstan arasında ikitərəfli əlaqələrin, o cümlədən Avropa İttifaqı çərçivəsində əməkdaşlığın önəmini vurğuladı. Macarıstanı Azərbaycan üçün əhəmiyyətli tərəfdaş və dost ölkə hesab etdiyini deyən Prezident İlham Əliyev ölkəmizin Macarıstan ilə ikitərəfli əlaqələri daha da inkişaf etdirməkdə maraqlı olduğunu bildirdi. Dövlətimizin başçısı ölkələrimiz arasında siyasi sahədə güclü əlaqələrin mövcud olduğunu dedi və bildirdi ki, iqtisadiyyat, energetika, təhlükəsizlik və mədəniyyət sahələrində əməkdaşlığımızın genişləndirilməsi üçün isə yaxşı perspektivlər vardır.
Bakıda keçirilən Krans Montana Forumunun önəmini qeyd edən Macarıstanın Baş naziri Viktor Orban forumda iştirakından məmnunluğunu ifadə etdi. Baş nazir ölkəsinin Azərbaycan ilə istər ikitərəfli, istərsə çoxtərəfli formatda əməkdaşlığı daha da genişləndirəcəyinə əminliyini bildirdi.
Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Macarıstanın Baş naziri Viktor Orbanın şərəfinə nahar verildi.
İyulun 1-də Bakı və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir.
ETSN-in mətbuat xidmətindən verilən məlumata görə, mülayim şimal küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 18-20, gündüz 22-27 isti olacaq.
Abşeronun çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 20-21, Zuğulba, Buzovna, Mərdəkan, Şüvəlanda 21-22, Türkan, Hövsan, Sahil, Şıxda 23-24 dərəcə olacağı gözlənilir.
Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı proqnozlaşdırılır. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 14-18, gündüz 22-27, dağlarda gecə 6-10, gündüz 14-18 dərəcə isti olacağı gözlənilir.
İyulun 1-də ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam edəcəyi gözlənilir.
İyunun 29-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva Bakıda keçirilən Krans Montana Forumunda iştirak edən Nigerin birinci xanımı Aissata İssufu Mahamadu ilə görüşmüşdür.
Niqerin birinci xanımını Azərbaycanda salamlayan Mehriban xanım Əliyeva dəvəti qəbul edib Bakıda keçirilən Krans Montana Forumunda iştirakına görə Aissata İssufu Mahamaduya minnətdarlığını bildirdi. Azərbaycanın birinci xanımı qonağın çıxışının maraqlı olduğunu, onun öz ölkəsi haqqında dəyərli məlumat verdiyini diqqətə çatdırdı.
Aissata İssufu Mahamadu dəvətə görə Mehriban xanım Əliyevaya təşəkkürünü bildirdi. “Mən Azərbaycan haqqında çox eşitmişdim, amma gördüklərim bütün məlumatları üstələyir”, - deyən Nigerin birinci xanımı Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ölkənin inkişafı üçün gördükləri işləri yüksək qiymətləndirdi. O vurğuladı ki, Azərbaycan Niger üçün model ola bilər.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva iyunun 29-da Bakıda keçirilən Krans Montana Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Keniyanın Baş nazirinin xanımı İda Odinqa ilə görüşmüşdür.
Keniya Baş nazirinin xanımını Azərbaycanda görməkdən məmnunluğunu bildirən Mehriban xanım Əliyeva qonağa Krans Montana Forumundakı çıxışında ölkəsində qadın hüquqları ilə verdiyi maraqlı məlumatlara görə təşəkkürünü çatdırdı. Azərbaycanın birinci xanımı İda Odinqanı Keniya Baş naziri ilə birlikdə ölkəmizə səfərə dəvət etdi.
Krans Montana Forumunda iştirak üçün dəvətə görə Mehriban xanım Əliyevaya minnətdarlığını bildirən xanım İda Odinqa Azərbaycanın çox maraqlı ölkə olduğunu vurğuladı. O, gələcəkdə də Azərbaycana səfər edəcəyinə ümidvar olduğunu söylədi.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva iyunun 29-da Bakıda keçirilən Krans Montana Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri ilə görüşmüşdür.
Baş direktor Əbdüləziz bin Osman əl-Tüveycri rəhbərlik etdiyi qurumun 30 illiyi münasibətilə təsis olunan xatirə medalını İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevaya təqdim etdi.
Görüşdə Azərbaycan ilə İSESCO arasında əməkdaşlıq məsələləri müzakirə olundu. Əbdüləziz bin Osman əl-Tüveycri yenidən Bakıya səfərindən məmnunluğunu qeyd edərək Krans Montana Forumunun Bakıda yüksək səviyyədə təşkil olunduğunu vurğuladı.
Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir.
Havanın temperaturunun gecə 20-23, günün birinci yarısında 27-30, günün ikinci yarısında 22-24, Bakıda gecə 21-23, günün birinci yarısında 27-29, günün ikinci yarısında 22-24 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz olacaq.
Abşeronun çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran və Bilgəhdə 22-23, Zuğulba, Buzovna, Mərdəkan və Şüvəlanda 23-24, Türkan, Hövsan, Sahil və Şıxda 25-26 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Temperaturun gecə 18-23, gündüz 26-31, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Temperaturun gecə 12-17, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Temperaturun gecə 8-13, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Temperaturun gecə 15-20, gündüz 24-29 dərəcə isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Temperaturun gecə 13-18, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Temperaturun gecə 18-23, gündüz 26-31 dərəcə isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Temperaturun gecə 17-20, gündüz 25-28 dərəcə isti, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
İyunun 29-da və 30-da Bakıda və Abşeron yarımadasında güclü xəzri küləyi və atmosfer təzyiqinin xeyli yüksəlməsi meteohəssas insanlar üçün əlverişsiz olsa da, lakin temperaturun ötən günlərlə müqayisədə tədricən aşağı enməsini müsbət amil kimi qiymətləndirmək olar.
Azərbaycanda ali təhsil müəssisələrinin magistraturalarına ixtisaslaşma seçimi başa çatıb.
Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən bildirilib.
Bu il Azərbaycanda magistratura səviyyəsi üzrə ayrılmış plan yerlərinin ümumu sayı 5 faiz artaraq 6107 olub (ötən il 5815 yer). Dövlət sifarişi üzrə ayrılmış yerlərinin sayı ötən illə müqayisədə 14 faiz artıb. Belə ki, cari ildə magistraturaya dövlət sifarişi üzrə qəbul aparılacaq yerlərin sayı 2387-dir (ötən il 2095 yer).
Xatırladaq ki, iyunun 27-dən başlayan ixtisaslaşma seçiminin aparılması prosesi iyunun 29-da başa çatmalı olsa da, bu müddət iyunun 30-u saat 12.00-dək uzadılıb.
İyunun 29-da Bakıda keçirilən Krans Montana Forumu çərçivəsində “Qadın hüquqları insan hüquqlarıdır, insan hüquqları isə qadınların hüququdur” mövzusunda plenar iclas olmuşdur.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iclasda iştirak etmişdir.
İclası açan Krans Montana Forumunun təsisçisi və prezidenti, səfir Jan Pol Karteron Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı mərasim iştirakçılarına təqdim etdi.
O bildirdi ki, forumun ən ali mükafatı olan “Prix de la Fondation” mükafatı beynəlxalq səviyyədə fəaliyyəti ilə seçilən və rəğbət qazanan insanlara verilir. Bu sırada qadınlar olanda isə mükafat daha böyük məna və mahiyyət kəsb edir.
“Mehriban Əliyeva dünyada humanitar fəaliyyəti ilə diqqət çəkir, zərurət mövcud olan yerləri nəzərdən qaçırmır”, - deyən Jan Pol Karteron bildirdi ki, bu irs Azərbaycan xalqının dahi oğlu Heydər Əliyevdən miras qalmışdır. İndi bu böyük insanın adını daşıyan Fond regional və qlobal miqyasda təhsil, səhiyyə, mədəniyyət, idman və təbii ki, qadın hüquqlarının qorunması sahəsində geniş fəaliyyət göstərir.
İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın fəaliyyətindən danışdı, Prezident İlham Əliyevin ölkəmizdə gördüyü işlərin yüksək səviyyədə həyata keçirilməsində onun yaxından iştirak etdiyini vurğuladı.
Sonra mükafatlandırma mərasimi oldu.
Krans Montana Forumunun ən ali mükafatı - “Prix de la Fondation” Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya təqdim edildi.
Təltif olunmasına görə minnətdarlığını bildirən Azərbaycanın birinci xanımı Mehriban ƏLİYEVA dedi:
- Mən Krans Montana Forumunun prezidentinə təşəkkürümü bildirmək istərdim. Bu qərarı qəbul edənlərin hamısına təşəkkürümü bildirmək istərdim.
Krans Montana Forumundan belə yüksək mükafatı almaq mənim üçün böyük şərəfdir. Mən bu mükafatı Heydər Əliyev Fondunun müxtəlif sahələrdə qazandığı nailiyyətlərin tanınmasının bir rəmzi kimi qəbul edirəm. Həmçinin, mən bu mükafatı Heydər Əliyev Fondunun müxtəlif mədəniyyətlər, müxtəlif millətlər arasında əlaqələrin daha da yaxşılaşdırılmasındakı nailiyyətlərinin rəğbətlə qəbul edilməsinin bir nişanəsi kimi dəyərləndirirəm. Çox sağ olun.
Eyni mükafat Beynəlxalq İnkişaf, Siyasi və İnsan Hüquqları Təşkilatının baş məsləhətçisi, Liviyadan olan xanım Fəridə Allagiyə də verildi.
Fəridə Allagi də çıxışında mükafata layiq görüldüyünə görə təşəkkürünü bildirdi.
Sonra “Qadın hüquqları insan hüquqlarıdır, insan hüquqları isə qadınların hüququdur” mövzusunda plenar iclas işə başladı.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva plenar iclasda çıxış etdi.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avstraliya İttifaqı baş nazirinin Balkan ölkələri, Şərqi Avropa və Qafqaz üzrə xüsusi nümayəndəsi Russel Trudinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Nazir Elmar Məmmədyarov Avstraliyalı qonağı ölkəmizdə salamlayıb və bu səfərin iki ölkə arasında münasibətlərin inkişafına xidmət edəcəyinə ümid etdiyini bildirib.
Xüsusi nümayəndə Russel Trudi Azərbaycanın geostrateji əhəmiyyətini xüsusi vurğulayaraq, Avstraliyanın Azərbaycanla ikitərəfli münasibətlərin inkişafında maraqlı qeyd edib.
Görüşdə həmçinin, iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcud olduğu qeyd edilib, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın perspektivləri müzakirə olunub, həmçinin Azərbaycan və Avstraliyanın sülhməramlı əməliyyatlara verdiyi töhfələr xüsusi vurğulanıb.
Gürcüstan prezidenti Mixail Saakaşvili Sameqreloda (Qərbi Gürcüstan) baş verən dağıdıcı daşqınlarla əlaqədar Azərbaycana rəsmi səfərini yarımçıq qoyaraq ölkəsinə qayıdıb.
Bu barədə Gürcüstan prezidentinin rəsmi saytında məlumat yerləşdirilib. Xəbərdə Mixail Saakaşvilinin Crans Montana Forumunda iştirak etmək üçün Azərbaycan prezidenti İlham Əliyev və forumun təsisçisi və icraçı sədri Jan-Pol Karteronun dəvəti ilə Bakıda səfərdə olduğu, lakin Sameqreloda baş verən daşqınlarla əlaqədar səfərini yarımçıq qoyaraq ölkəsinə qayıtdığı bildirilir.
Xatırladaq ki, Gürcüstanda yağan aramsız leysan yağışları Gürcüstanın qərbində güclü daşqınlara səbəb olub. Kəndlər su altında qalıb, yollar və körpülər dağılıb. Yeddi kənddə vəziyyət kritik həddədir. Daşqının nəticələrinin aradan qaldırılması üçün regiona mobil qüvvələr və texnika gətirilib, bir neçə yerdə xüsusi qərargahlar yaradılıb.
“Orta məktəb məzunlarına attestatların verilməsində heç bir problem yoxdur”
“Bu il qızıl və gümüş medalların verilməsi ilə əlaqədar qərar qəbul etməmişik. Bütün buraxılış imtahanları qurtardıqdan, nəticələr Təhsil Nazirliyinə gəldikdən sonra bununla bağlı qərar qəbul ediləcək”. Bu barədə təhsil naziri Misir Mərdanov deyib. Onun sözlərinə görə, qızıl medallar Azərbaycan Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalara əsasən verilə bilər: “Ötən il buraxılış imtahanlarını Təhsil Nazirliyi keçirirdi. Bu il dəyişiiklik olub. Həmin dəyişikliyə uyğun bu məsələyə yenidən baxmalıyıq. Hələlik Azərbaycanda bu ilin yekunlarına əsasən heç kəsə qızıl və gümüş medal verilməyib”.
Nazir bildirib ki, orta məktəb məzunlarına attestatların verilməsində heç bir problem yoxdur: “Bakı şəhəri üzrə attestatlar verilib. TQDK-dan qiymətlər haqqında məlumatlar aldıqca attestatları verəcəyik. Burada heç bir problem yaranmayacaq. Bir gün ərzində bütün attestatları verə bilərik”.
İctimai Televiziyanın Yayım Şurasının səlahiyyətləri artırılıb, kanalın yayım proqramları siyahısından “seriallar” sözü çıxarılıb.
Azərbaycan Milli Məclisi “İctimai televiziya və radio yayımı haqqında” Qanuna dəyişikliklər edib. Qanun layihəsi barədə məlumat verən parlamentin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov bildirib ki, qanuna 11 dəyişiklik təklif olunur.
Dəyişikliyə əsasən, ictimai yayım proqramlarından “seriallar” sözü çıxarılıb. Yeni varianta əsasən dünya ölkələrinin ən yaxşı sənədli, bədii və cizgi filmlərinin Azərbaycan dilinə çevrilərək və Azərbaycan dilində subtitrlərlə müşayiət edilərək tamaşaçılara çatdırılmasına şərait yaradılmalıdır. Azərbaycan dilinə çevrilmədən Azərbaycan dilində subtitrlə müşayiət edilərək yayımlanan həmin verilişlərin həcmi müvafiq dövlət orqanı tərəfindən müəyyən edilir.
Qanuna edilmiş digər əlavəyə əsasən İctimai Televiziyanın Yayım Şurasının səlahiyyətləri də artırılıb. Şuraya texniki avadanlıqlarını və yayımın keyfiyyət standartlarını müəyyənləşdirmək səlahiyyəti verilib.
İctimai yayım xidmətinin maliyyələşmə mənbələrinə abonent haqqından daxil olmalarla yanaşı dövlət büdcəsindən ayırmalar da daxil edilib.
Qanun layihəsinə dəyişikliklər səsə qoyularaq qəbul edilib.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşı təltif edilib. Bu əməkdaşlar cinayətkarlığa qarşı mübarizədə, hüquq qaydasının möhkəmləndirilməsində, ictimai asayişin qorunmasında və xüsusi tapşırıqların yerinə yetirilməsində fərqləndiklərinə görə Azərbaycan polisi günü münasibətilə təltif ediliblər.
İyunun 29-da Bakıda, Heydər Əliyev Mərkəzində Krans Montana Forumunun rəsmi açılışı olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər.
Bu il 23-cü dəfə keçirilən Krans Montana Forumunda Gürcüstanın, Keçmiş Yuqoslaviya Respublikası Makedoniyanın və Monteneqronun dövlət başçıları, xarici ölkələrdən gəlmiş ictimai xadimlər, parlament nümayəndələri, ziyalılar, biznes dairələrinin təmsilçiləri mərasimdə iştirak etmişlər.
Tədbirin əsas məqsədi 2013-cü ildə keçiriləcək növbəti Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və mədəniyyətlərarası dialoqa dair Bakı Prosesi ilə bağlı təşviqatın aparılması və ölkəmizin bu dialoqun mərkəzi olması barədə təbliğatın gücləndirilməsidir.
Forum 1986-cı ildə İsveçrə rəsmilərinin dəstəyi ilə yaradılan beynəlxalq təşkilatdır. Dünyada böyük nüfuza malik bu qurum BMT, Avropa İttifaqı, Avropa Şurası, həmçinin UNESCO, İSESCO və digər beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir. Forumun təsisçisi və prezidenti, səfir Jan Pol Karterondur. Beynəlxalq əməkdaşlıq və dialoqa yardım məqsədilə yaradılan bu qurumun işində Azərbaycan da yaxından iştirak edir. Sivilizasiyaların kəsişdiyi məkanda yerləşən, mədəniyyətlərarası dialoqa töhfələrini əsirgəməyən ölkəmizin fəaliyyəti beynəlxalq səviyyədə, o cümlədən Krans Montana Forumu çərçivəsində layiqincə qiymətləndirilir. 2011-ci ildə Brüsseldə Krans Montana Forumunda Prezident İlham Əliyevin bu təşkilatın ən ali mükafatına - “Prix De La Fondation” mükafatına, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın forumun Qızıl medalına layiq görülmələri bunun əyani nümunəsidir. Krans Montana Forumunun bu il Bakıda keçirilməsinə qərar verilməsi də Azərbaycanın durmadan artan beynəlxalq nüfuzuna, mədəniyyətlərarası dialoqun və beynəlxalq tədbirlərin mərkəzinə çevrilməsinə dəlalət edir.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva forumun işində iştirak edən dövlət başçıları və müxtəlif ölkələrin yüksək vəzifəli rəsmiləri ilə görüşdülər.
Mərasimi açan forumun təsisçisi və prezidenti, səfir Jan Pol Karteron Bakıda keçirilən 23-cü illik toplantıda iştirak edən qonaqları salamladı. Azərbaycan Prezidentinə yaradılan yüksək şəraitə görə təşəkkür edən Jan Pol Karteron bu gün dünyanın mühüm dairələrinin Azərbaycana toplaşdığını dedi. O, 1993-cü ildən Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanda həyata keçirilən və bu gün uğurla davam etdirilən proseslərin ölkəmizin inkişafı ilə nəticələndiyini bildirdi. “Biz bilirik ki, Azərbaycanda hansı inkişaf prosesləri baş verir və ölkəniz dünyada güclü oyunçuya çevrilir”,- deyən Jan Pol Karteron Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Heydər Əliyev Fondunun prezidenti kimi fəaliyyətini yüksək qiymətləndirdi.
Prezident İlham Əliyev forumda çıxış etdi. “Əminəm ki, Bakıya gələn qonaqlar cəmiyyətimizdəki inkişaf ruhunu hiss edəcəklər”, deyən dövlətimizin başçısı son illərdə Azərbaycanda keçirilən beynəlxalq tədbirlərin əhəmiyyətini vurğuladı, bunu ölkəmizin tarixi irsi kimi xarakterizə etdi. Prezident İlham Əliyev uzun illərdir müxtəlif mədəniyyətlərə malik insanların ölkəmizdə sülh şəraitində birgə yaşamasını Azərbaycan üçün tarixi nailiyyət adlandırdı, ötən 20 ildə siyasi-iqtisadi cəhətdən inkişaf edən ölkəmizin demokratik inkişaf yolu ilə uğurla irəlilədiyini bildirdi. “Müstəqillik bizim üçün ən böyük sərvətdir”, - deyən dövlətimizin başçısı çıxışında Azərbaycanda gedən iqtisadi inkişaf proseslərindən danışdı, ölkəmizin regional əməkdaşlığa böyük önəm verdiyini dedi.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan Prezident İlham Əliyev torpaqlarımızın 20 faizinin işğal olunduğunu, beynəlxalq təşkilatların, xüsusilə də BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə baxmayaraq, Ermənistanın hələ də bu qərarları yerinə yetirmədiyini diqqətə çatdırdı.
Azərbaycanın artan gücünün münaqişənin həllinə imkan verəcəyini diqqətə çatdıran Prezident İlham Əliyev ölkəmizin xarici siyasətinin tam aydın olduğunu dedi. BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilən Azərbaycanın dünyada etibarlı tərəfdaş olduğunu və bizi dəstəkləyən ölkələrin inamını doğruldacağımızı vurğuladı. Azərbaycanın böyük neft-qaz ehtiyatlarına malik olduğunu deyən dövlətimizin başçısı Azərbaycanın enerji təhlükəsizliyi siyasətinin tam şəffaf olduğunu bildirdi. Qeyd etdi ki, Azərbaycan enerji siyasətinin yeni müstəvilərinin açılması, bununla iqtisadi rifaha malik olmaq məqsədlərini qarşısına qoyub. “Bizim gündəliyimizdə olan bütün layihələr uğurla həyata keçirilib”, - deyən Prezident İlham Əliyev Transanadolu qaz boru kəmərinin tikintisinə dair bu günlərdə İstanbulda imzalanan sənədin əhəmiyyətindən də danışdı.
Gürcüstan Prezidenti Mixeil Saakaşvili çıxışında Azərbaycanın iqtisadi inkişaf sahəsində güclü təcrübə əldə etdiyini, ölkədə həyata keçirilən sosial islahatların və infrastrukturun yaradılmasının sevindirici olduğunu bildirdi. Azərbaycanın beynəlxalq miqyasda da güclü təmsil olunduğunu deyən Gürcüstan Prezidenti qloballaşma məsələlərinə toxundu, ölkəsində həyata keçirilən sosial-iqtisadi islahatlardan danışdı.
Monteneqro Prezidenti Filip Vuyanoviç Krans Montana Forumunun yüksək səviyyədə təşkilinə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi. “Azərbaycanın nailiyyətləri mənə çox böyük təsir bağışlayır və mən rəsmi səfərlər zamanı Azərbaycan haqqında daha çox məlumat əldə etmişdim”, - deyən dövlət başçısı ölkəmizin beynəlxalq prinsiplərə sadiq olduğunu və gələcəyə çox dəqiq baxdığını bildirdi.
Keçmiş Yuqoslaviya Respublikası Makedoniyanın Prezidenti George İvanov isə dünyada gedən qloballaşma və bunun nəticəsində ortaya çıxan problemlər haqqında danışdı. “Yoxsulluğun azaldılması təhsilin səviyyəsindən asılıdır”, - deyən George İvanov Makedoniyanın inkişaf mərhələləri, NATO-ya üzvlük, Avropa İttifaqı ilə əlaqələrin gücləndirilməsinə dair ölkəsinin prioritetləri barədə məlumat verdi. O, Makedoniyanın Azərbaycanla enerji sahəsində əməkdaşlığa böyük önəm verdiyini diqqətə çatdırdı.
Birləşmiş Ərəb Əmiliklərinin Füceyra Əmirliyinin şahzadəsi Şeyx Məhəmməd Hamad bin Məhəmməd əl Şərqi də Prezident İlham Əliyevə bu forumun yüksək səviyyədə təşkilinə görə təşəkkür etdi. “XXI əsrdə inkişaf üçün böyük potensial vardır”, - deyən BƏƏ-nin nümayəndəsi dünyada enerji təhlükəsizliyi ilə bağlı yaşanan proseslərə nəzər saldı.
İraqın Baş nazirinin iqtisadi məsələlər üzrə müavini Rouş Nuri Şaveys bu forumun ölkələrarası əməkdaşlığın inkişafına böyük dəstək verəcəyini dedi. Azərbaycan Prezidentinə 2003-cü ildən İraqda aparılan demokratik proseslərə verdiyi dəstəyə görə təşəkkür edən qonaq ölkəmizdə və paytaxtımızda gedən inkişaf proseslərini yüksək qiymətləndirdi, İraq əsilli Zaha Hadidin memarı olduğu Heydər Əliyev Mərkəzinə gəlməkdən məmnunluğunu bildirdi.
Azərbaycanda həyata keçirilən iqtisadi inkişafın onda böyük təəssürat yaratdığını Estoniya parlamentinin sədri xanım Ene Erqman da vurğuladı. O, Prezident İlham Əliyevin enerji siyasətinin uğurlarından danışdı.
Sonra diskussiya şəraitində davam etdirilən forumda müxtəlif ölkələri təmsil edən nümayəndələr suallar verdilər. Azərbaycanın qarşıdakı 10 ildə inkişaf strategiyası, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, ölkəmizdə həyata keçirilən təhsil islahatları ilə bağlı suallara cavabında Prezident İlham Əliyev enerji layihələrindən əldə olunan mənfəətlərdən səmərəli istifadə edildiyini, Dövlət Neft Fonduna yığılan vəsaitlərin daha çox sosial problemlərin həllinə, xalqın rifah halının yaxşılaşdırılmasına sərf edildiyini bildirdi. Dövlətimizin başçısı qarşıdakı 10 ildə ümumi daxili məhsulun 2 dəfə artırılması, İKT-nin inkişafı, müasir sənaye sahələrinin yaradılması və Azərbaycanın adambaşına düşən gəlirə görə dünyada ön sıralara çıxarılmasının mühüm hədəflər olduğunu bildirdi. Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın mövqeyinin ortada olduğunu, ərazi bütövlüyü prinsipinin aparılan danışıqların əsasını təşkil etdiyini diqqətə çatdırdı. Dövlətimizin başçısı vurğuladı ki, Azərbaycan öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına heç vaxt imkan verməyəcəkdir. Təhsil islahatları ilə bağlı sualın cavabında isə Prezident İlham Əliyev bildirdi ki, bu gün ölkədə həyata keçirilən çoxşaxəli islahatların mühüm tərkib hissəsi olan təhsil sektorunun inkişafı bu sahədə güclü infrastrukturun yaradılmasından, maddi-texniki bazanın yaxşılaşdırılmasından keçir və Azərbaycan öz gələcəyinin yaxşı təhsil üzərində qurulmasına inanır.
Digər çıxışçılar da ölkələrində həyata keçirilən inkişaf prosesləri, qloballaşmanın dünya iqtisadiyyatına təsiri, Avropanın gələcəyi və digər mövzularla bağlı suallara cavab verdilər.
Rəsmi açılış mərasimi başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Forum iştirakçılarının şərəfinə nahar verildi.