Abunəçilərin dayanıqlı və keyfiyyətli içməli su ilə təchiz edilməsi, həmçinin su itkilərinin qarşısını almaq məqsədi ilə "Azərsu" ASC tərəfindən "+ 110 Şərq" su anbarından Bakıxanov qəsəbəsinə 3 kilometr uzunluğunda müxtəlif diametrli borularla çəkilmiş magistral su xətti istismara verilmişdir.
ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, anbardan qəsəbəyə içməli suyun verilməsi özüaxımlı rejimdə 24 saat həyata keçirilir.
Yeni magistral xəttin istismara verilməsi ilə Bakıxanov qəsəbəsinin böyük bir hissəsinin içməli su təchizatı əsaslı şəkildə yaxşılaşmışdır. İndiyə qədər qəsəbəyə içməli su qrafiklə - sutkada 4 saat verilirdisə, yeni xəttin çəkilməsi ilə Bakıxanov qəsəbəsinin 60 mindən çox sakini fasiləsiz su ilə təmin olunur.
Yeni xəttin istismara verilməsi Sabunçu və Suraxanı rayonlarının şərq hissələrinin su təchizatına da müsbət təsir göstərib. Belə ki, Bakıxanov qəsəbəsi əvvəllər "Maştağa" anbarından su alırdı. İndi isə qəsəbənin "+ 110 Şərq" anbarından qidalanması "Maştağa" anbarında əlavə su həcminin yaranması ilə nəticələnib ki, həmin həcm Sabunçu, Bül-Bülə və Əmircan qəsəbələrinin təminatına yönəldilir.
Hazırda "+ 110 Şərq" anbarından Bakıxanov qəsəbəsinə çəkilmiş yeni xəttin imkanlarından istifadə etməklə Qaraçuxur qəsəbəsinin də içməli su ilə fasiləsiz təminatı layihəsi üzərində iş aparılır.
Qeyd edək ki, "Azərsu" ASC-nin 2011-ci ildə və 2012-ci ilin birinci yarısında içməli su təchizatının yaxşılaşdırılması istiqamətində kompleks tədbirlərinin nəticəsində Bakı şəhəri və ətraf qəsəbələrdə bir milyondan artıq insanın su ilə təminatı yaxşılaşıb. 2012-ci ildə görülmüş tədbirlər nəticəsində Suraxanı rayonunun Hövsan qəsəbəsi, Sabunçu rayonunun Bakıxanov və Nardaran qəsəbələri, Ramana südçülük sovxozu, Binəqədi qəsəbəsinin 6 və 9-cu mikrorayonları, 7-ci mikrorayon və Biləcəri qəsəbəsinin bir hissəsi, Nəsimi rayonunun 2, 3, 5-ci mikrorayonları və Xutor yaşayış massivi, Yasamal rayonunun böyük bir hissəsinə 24 saat su vermək mümkün olub.
İyulun 5-6-da Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bolqarıstanda səfərdə olacaq. Ə. Qarayev bolqar həmkarı Vecdi Rəşidovla görüşəcək. Görüşdə ikitərəfli əlaqələrin inkişaf məsələləri müzakirə ediləcək.
Ə. Qarayev səfər çərçivəsində Bolqarıstanın Mili Tarix Muzeyinə baş çəkəcək və Plovdiv şəhərinin görməil yerləri ilə tanış olacaq.
Prezident İlham Əliyev iyulun 4-də İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmmədbağır Bəhramini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
Dövlət başçısı Məhəmmədbağır Bəhramiyə Azərbaycandakı diplomatik fəaliyyəti dövründə ölkələr arasında münasibətlərin inkişaf etdirilməsi istiqamətində göstərdiyi səylərə görə təşəkkürünü bildirib.
Görüşdə Azərbaycanla İran arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) prezidentin sərəncamına uyğun olaraq neft ərazilərindəki qanunsuz tikililərlə bağlı təkliflər hazırlayır.
Bu barədə ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.
Onun sözlərinə görə, təkliflər hazırlanarkən təkcə indi istismarda olan qurudakı neft yataqları yox, həm də perspektiv yataqların mövcudluğu nəzərə alınacaq.
R.Abdullayev qeyd edib ki, prezidentin sərəncamı qanunsuz tikililərlə bağlı indiyə qədər aparılan məhkəmə işlərinin dayandırılmasına səbəb olmayacaq: “Çünki indiyə qədərki bütün iddialar bu qanunsuz tikililərin hasilat zonasında yerləşməsi ilə bağlı olub. Hasilat zonasında yerləşməyən tikililərlə bağlı isə iddia qaldırılmayıb”.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib. İdarənin bölmə rəisi Vaqif Əsədov açıqlamasında bildirib ki, paytaxtın Şərifzadə və Zərdabi küçələrində aparılan təmir tikinti işləri, habelə Həsən Əliyev küçəsi kəsişməsindən C. Məmmədquluzadə küçəsi – Bakıxanov küçəsi istiqamətində yol boyu səki daşlarının dəyişdirilməsi ilə əlaqədar bəzi ərazilərdə nəqliyyatın hərəkət istiqaməti dəyişdirilib.
Adıçəkilən ünvanlarda aparılan işlərlə əlaqədar yollarda yaranmış daralmanı nəzərə alaraq sürücülərdən həmin istiqamətlərdə şəxsi nəqliyyat vasitələrində mümkün qədər az istifadə etmələri və diqqətli olmaları xahiş olunur.
İyulun 5-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin gecə saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var.
ETSN-in mətbuat xidmətindən verilən məlumata görə, mülayim şimal-qərb küləyi axşama doğru arabir güclənəcək.
Havanın temperaturu gecə 18-22 isti, gündüz 27-32 dərəcə isti olacaq.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22, Zuğulba, Buzovna, Mərdəkan, Şüvəlanda 21-22, Türkan, Hövsan, Sahil, Şıxda 23-24 dərəcə təşkil edəcək.
Azərbaycanın rayonlarında iyulun 5-də əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 17-22, gündüz 27-32, dağlarda gecə 7-11, gündüz 15-20 dərəcə isti olacaq.
Yaxın 2 gündə gündüz saatlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Temperatur rejimində mühüm dəyişiklik gözlənilmir. Mülayim şimal küləyi arabir güclənəcək.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 3-də Argentina Respublikasının xarici işlər və etiqad naziri Hektor Timermanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Dövlətimizin başçısı Argentinanın xarici işlər və etiqad naziri Hektor Timerman ilə Nyu-Yorkda keçirdiyi görüşü məmnunluqla xatırladı. Azərbaycan ilə Argentina arasında ikitərəfli əlaqələrin dinamik şəkildə inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev əməkdaşlığın genişləndirilməsində qarşılıqlı səfərlərin önəmini qeyd etdi.
Argentina ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin genişləndiyini qeyd edən Hektor Timerman bu əlaqələrin daha da möhkəmləndirilməsi üçün böyük potensialın olduğunu qeyd etdi. İş adamlarından ibarət nümayəndə heyəti ilə Azərbaycana səfər etdiyini deyən qonaq bu səfərin ölkələrimiz arasında işgüzar əlaqələrin qurulması üçün yaxşı imkan yaradacağını vurğuladı.
Görüşdə ölkələrimiz arasında əməkdaşlığın enerji, kənd təsərrüfatı və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının paytaxtı London şəhərində keçiriləcək XXX Yay Olimpiya oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyətinin iyulun 3-də rəsmi yolasalma mərasimi keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər.
Heydər Əliyev Mərkəzinin foyesində Azərbaycanın Olimpiya hərəkatını əks etdirən fotobannerlər düzülmüşdü.
Səhnədə Azərbaycan Respublikasının dövlət bayrağı qoyulmuşdu.
Mərasimə toplaşanlar dövlətimizin başçısını və Azərbaycanın birinci xanımını hərarətlə qarşıladılar.
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə nitq söyləyib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 3-də Ümum Həmkarlar İttifaqları Konfederasiyasının prezidenti Mixail Şmakovu və konfederasiyanın baş katibi Vladimir Şerbakovu qəbul etmişdir.
Ümum Həmkarlar İttifaqları Konfederasiyasının prezidenti Mixail Şmakov Azərbaycanda ölkə rəhbərliyi ilə həmkarlar qurumları arasında sıx əlaqələrin və fəal əməkdaşlığın mövcudluğunu məmnunluqla qeyd etdi. Təşkilatın baş katibi Vladimir Şerbakov bu il Ümum Həmkarlar İttifaqları Konfederasiyasının növbəti qurultayının olacağı və qurultaya hazırlıq işləri barədə dövlətimizin başçısına məlumat verdi. O, Rusiyada və Azərbaycanda hökumət qurumları ilə həmkarlar ittifaqları arasında münasibətləri yüksək dəyərləndirdi.
Ölkəmizə hər dəfə səfər etdikləri zaman Azərbaycanda böyük inkişaf proseslərinin və müsbət dəyişikliklərin şahidi olduqlarını vurğulayan Ümum Həmkarlar İttifaqları Konfederasiyasının prezidenti Mixail Şmakov bu istiqamətdə Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycanın təcrübəsinin və əldə etdiyi nailiyyətlərin yaxşı nümunə kimi rəhbərlik etdiyi təşkilatın iclaslarında müzakirə etdiklərini söylədi. Mixail Şmakov həmkarlar hərəkatındakı yüksək xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ümum Həmkarlar İttifaqları Konfederasiyasının ali mükafatına - Qızıl döş nişanına layiq görülməsi ilə bağlı təşkilatın yekdilliklə qərar qəbul etdiyini dedi və mükafatı dövlətimizin başçısına təqdim etdi.
Dövlətimizin başçısı Ümum Həmkarlar İttifaqları Konfederasiyasının yüksək mükafatına layiq görülməsindən məmnunluğunu ifadə etdi və bunu ölkəmizdə hökumət orqanları ilə həmkarlar ittifaqları arasında əməkdaşlığa verilən yüksək qiymət kimi dəyərləndirdi. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan dövlətinin əsas məqsədi insanların sosial həyat şəraitini yaxşılaşdırmaqdan, ölkə iqtisadiyyatını daha da gücləndirməkdən ibarətdir.
Dövlətimizin başçısı ölkələrimiz arasında əlaqələrin bütün istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi və mədəni sahələrdə uğurla inkişaf etdiyini vurğuladı, münasibətlərimizin strateji tərəfdaşlıq xarakteri daşıdığını dedi. İkitərəfli münasibətlərimizin güclü tarixi bazaya və humanitar əməkdaşlığa əsaslandığını deyən Prezident İlham Əliyev Azərbaycanda Slavyan Universitetinin, rusdilli məktəblərin, Rusiya Mədəniyyət Mərkəzinin, Moskva Dövlət Universitetinin Bakı filialının fəaliyyətini, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının inzibati binasının tikintisini bu sahədə əməkdaşlığın nümunəsi kimi qiymətləndirdi. Dövlətimizin başçısı əlaqələrimizin bundan sonra da genişlənəcəyinə əminliyini ifadə etdi.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva iyulun 3-də Kolumbiya Senatının ikinci konstitusional komitəsinin sədri xanım Alexandra Moreno Pirakivenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Görüşdən əvvəl qonaqlar Heydər Əliyev Fondunun fəaliyyətindən bəhs edən filmə baxmışlar.
Sonra birinci xanım Mehriban Əliyeva qonaqlar ilə görüşdü. Fondun prezidenti Mehriban xanım Əliyeva Azərbaycana ilk dəfə səfər edən Kolumbiya Senatının ikinci konstitusional komitəsinin sədrini ölkəmizdə görməkdən məmnun olduğunu dedi. Azərbaycanın birinci xanımı Alexandra Moreno Pirakiveyə Kolumbiya parlamentinin Dağlıq Qarabağ münaqişəsi, xüsusən də Xocalı soyqırımının tanınması ilə bağlı qəbul etdiyi qərara görə təşəkkür etdi. Mehriban xanım Əliyeva bu işdə Alexandra Moreno Pirakivenin fəaliyyətini xüsusi vurğuladı.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verən Mehriban xanım Əliyeva Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin işğal olunduğunu, 1 milyondan çox azərbaycanlının etnik təmizləmə siyasətinə məruz qaldığını qonaqların diqqətinə çatdırdı. Bildirildi ki, Xocalı qətliamı bu münaqişənin ən qanlı səhifələrindəndir. Bu hadisənin dünyaya çatdırılması, təbliğatı belə qətliamların bir daha yaşanmaması baxımından önəmlidir.
Kolumbiya Senatının ikinci konstitusional komitəsinin sədri xanım Alexandra Moreno Pirakive Azərbaycana səfərinin xoş təəssüratlarla yadda qalacağını dedi, ölkəsinin ikitərəfli münasibətlərin inkişafında maraqlı olduğunu vurğuladı.
Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) dəvəti ilə Rusiya Federasiyasının dövlət və qeyri-hökumət təşkilatlarından, ali təhsil müəssisələrindən olan bir qrup gənc ölkəmizdə səfərdədir.
İyulun 3-də rusiyalı gənclər Heydər Əliyev Fondunda RAGT-ın sədri, Fondun vitse-prezidenti Leyla Əliyeva ilə görüşmüşlər.
Heydər Əliyev Fondunda rusiyalı gəncləri salamlayan Leyla Əliyeva görüşdən məmnunluğunu bildirdi.
Qonaqlara Heydər Əliyev Fondunun tarixi, fəaliyyəti, məqsədləri barədə ətraflı məlumat verən Leyla Əliyeva qeyd etdi ki, Fond yarandığı gündən Azərbaycanda təhsilin, səhiyyənin inkişafı, mədəni irsin, ekologiyanın qorunması istiqamətində müxtəlif genişmiqyaslı proqramlar və layihələr həyata keçirir. Azərbaycanın tərəqqisinə, mədəniyyətinin inkişafına və tarixinin öyrənilməsinə kömək göstərir.
Azərbaycanda həyata keçirilən gənclər siyasətindən danışan Heydər Əliyev Fondunun vitse-prezidenti dedi ki, azərbaycanlı gənclər rusiyalı gənclərlə yaxşı əməkdaşlıq edirlər. Leyla Əliyeva bu istiqamətdə reallaşdırılan layihələrin əhəmiyyətini vurğuladı.
Heydər Əliyev Fondunun vitse-prezidenti ölkəmizə beşgünlük səfərə gələn rusiyalı gənclərin Azərbaycan ilə yaxından tanış olacaqlarına əminliyini bildirdi.
Belə bir dəvətə və görüşə görə təşəkkürlərini bildirən rusiyalı gənclər Azərbaycandan vətənlərinə zəngin və xoş təəssüratlarla qayıdacaqlarını dedilər. Bu cür səfərlərin Azərbaycan ilə Rusiya arasında gənclər sahəsində əməkdaşlığı daha da möhkəmləndirdiyini vurğuladılar.
Rusiyalı qonaqlar iyulun 6-dək Bakı ilə yanaşı, ölkəmizin regionlarına da səfər edəcək, Azərbaycan reallıqları, respublikamızda aparılan quruculuq işləri və tarixi yerlərlə yaxından tanış olacaqlar.
Rusiyalı gənclərin Azərbaycana səfəri bir neçə ildir ki, təşkil olunur. Səfərin məqsədi gənclərin Azərbaycan haqqında məlumatlarının artırılması, birgə əməkdaşlığın daha da möhkəmləndirilməsidir.
"ABŞ Azərbaycana heç vaxt silah satmayıb".
"ABŞ-ın Azərbaycana silah satışını dayandırması barədə xəbərlərin heç bir əsası yoxdur". Bunu açıqlamasında Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib.
"Ümumiyyətlə, ABŞ Azərbaycana heç vaxt silah satmayıb. Azərbaycan da heç vaxt ABŞ-dan silah almaq təşəbbüsündə olmayıb. Ona görə də belə məlumatların heç bir əsası yoxdur", - deyə Ə. Həsənov vurğulayıb.
Ə.Həsənovun sözlərinə görə, bu informasiya anti-Azərbaycan qüvvələri tərəfindən təxribat məqsədi ilə ortaya atılıb: "Məqsəd Azərbaycan ictimaiyyətində ABŞ-a qarşı mənfi rəy formalaşdırmaq, ölkələr arasında münasibətlərə xələl gətirməkdir. Bu cür təxribat xarakterli xəbərlərin yayılmasının arxasında Amerika Erməni Milli Komitəsi və onların himayə etdiyi informasiya strukturları dayanır".
Qeyd edək ki, Amerika Erməni Milli Komitəsinin məlumatına görə, ABŞ Dövlət Departamenti Amerika hərbi texnikasının satılacağı ölkələr siyahısından Azərbaycanın adını çıxararaq rəsmi Bakıya hərbi helikopter istehsalı üçün lazım olan hissələrin satışından imtina edib. Məsələ Demokratlar Partiyasının Xarici Əlaqələr Palatasındakı nümayəndəsi Harvard Bermanın Konqresə göndərdiyi məktubdan sonra gündəmə gəlib.
8888888888888888888888888
Prezident İlham Əliyev Argentina Respublikasının xarici işlər və etiqad nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 3-də Argentina Respublikasının xarici işlər və etiqad naziri Hektor Timermanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Dövlətimizin başçısı Argentinanın xarici işlər və etiqad naziri Hektor Timerman ilə Nyu-Yorkda keçirdiyi görüşü məmnunluqla xatırladı. Azərbaycan ilə Argentina arasında ikitərəfli əlaqələrin dinamik şəkildə inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev əməkdaşlığın genişləndirilməsində qarşılıqlı səfərlərin önəmini qeyd etdi.
Argentina ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin genişləndiyini qeyd edən Hektor Timerman bu əlaqələrin daha da möhkəmləndirilməsi üçün böyük potensialın olduğunu qeyd etdi. İş adamlarından ibarət nümayəndə heyəti ilə Azərbaycana səfər etdiyini deyən qonaq bu səfərin ölkələrimiz arasında işgüzar əlaqələrin qurulması üçün yaxşı imkan yaradacağını vurğuladı.
Görüşdə ölkələrimiz arasında əməkdaşlığın enerji, kənd təsərrüfatı və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının paytaxtı London şəhərində keçiriləcək XXX Yay Olimpiya oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyətini iyulun 3-də yolasalma mərasimi keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər.
Heydər Əliyev Mərkəzinin foyesində Azərbaycanın Olimpiya hərəkatını özündə əks etdirən fotobannerlər düzülmüşdü. Səhnədə Azərbaycan Respublikasının dövlət bayrağı qoyulmuşdu.
Mərasimə toplaşanlar dövlətimizin başçısını və Azərbaycanın birinci xanımını hərarətlə qarşıladılar.
Azərbaycan Respublikasının dövlət himni səsləndi.
Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə nitq söylədi.
Sonra gənclər və idman naziri Azad Rəhimov çıxış etdi.
Daha sonra sərbəst güləş üzrə Azərbaycan yığma komandasının böyük məşqçisi Firdovsi Umudov, idmanın atletika növü üzrə paralimpiya yığma komandasının üzvü, üçqat dünya çempionu Hüseyn Həsənov, boks üzrə yığma komandanın üzvü Vətən Hüseynov çıxış edərək Olimpiya oyunlarında ölkəmizin layiqincə təmsil olunması üçün var qüvvələri ilə mübarizə aparacaqlarını bildirdilər.
Boks üzrə yığma komandanın üzvü Vətən Hüseynov idmançılarımızın Olimpiya andının mətnini oxudu.
Olimpiyaçılar Azərbaycanın dövlət bayrağını öpdülər.
Prezident İlham Əliyev idmançılara bir daha uğurlar arzuladı.
Mərasimin sonunda dövlətimizin başçısı idmançılarla xatirə şəkli çəkdirdi.
Azərbaycanda hazırda müşahidə edilən qeyri-sabit hava şəraiti iyulun 11-dək davam edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva çərşənbə axşamı bildirib ki, iyulun 11-dək fasilələrlə, xüsusən gecə və axşam saatlarında respublikanın rayonlarında yağıntı müşahidə olunacaq. Bəzi yerlərdə yağışın leysan xarakterli olacağı gözlənilir. Dağlıq və dağətəyi rayonlarda dolu düşəcəyi ehtimalı var.
Qeyd edək ki, Gürcüstanın Havanın Monitorinqi Mərkəzinin məlumatına görə, bu gün ölkənin Rusiya ilə sərhədində yerləşən dağlıq ərazisində - Tuşetidə qar yağıb. Yağan qarın hündürlüyü 10 sm olub. Sinoptiklər yaxın 3 gün ərzində Gürcüstanda havanın temperaturunun daha da enəcəyini proqnozlaşdırırlar.
Gürcüstandakı hava kütlələrinin Azərbaycana təsirinə gəldikdə, Tağıyeva deyib ki, hazırda ölkəmizdə hava sərin keçir. Temperatur artıq bir neçə gündür ki, çoxillik normadan 3-4 dərəcə aşağıdır. Ən minimal temperatur müsbət 8-10 dərəcə intervalında respublikanın dağlıq rayonlarında müşahidə edilir.
"Temperaturun bundan daha çox aşağı enəcəyi gözlənilmir. Dağlıq ərazilərdə ən aşağı temperatur müsbət 5-10 dərəcə təşkil edəcək. Bu, o deməkdir ki, Azərbaycanda Gürcüstanda müşahidə edilən hava şəraitinin təkrarlanması gözlənilmir", - Tağıyeva əlavə edib.
O, Azərbaycanın hələlik Rusiyanın qərbində olduğu kimi, isti hava kütlələrinin təsiri altında olacağının gözlənilmədiyini qeyd edib.
Tağıyeva bildirib ki, hazırda Rusiyanın qərbində isti hava kütlələri hökm sürür. Avropanın bir sıra ölkələrində də isti hava şəraiti müşahidə edilir.
"Amma Azərbaycanda fərqli vəziyyətdir. Nisbətən soyuq hava kütləsi hazırda Türkiyənin şərq bölgəsini, Cənubi Qafqazı, o cümlədən Azərbaycanı əhatə edir. İyulun 11-dək də ölkə ərazisi bu sərin hava kütlələrinin təsiri altında olacaq", - büro direktoru qeyd edib.
ETSN-in mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, iyulun 4-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi axşama doğru arabir güclənəcək.
Havanın temperaturu gecə 17-20, gündüz 26-30 dərəcə isti olacaq.
Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22, Zuğulba, Buzovna, Mərdəkan, Şüvəlanda 21-22, Türkan, Hövsan, Sahil, Şıxda 23-24 dərəcə isti təşkil edəcək.
Yaxın 2 gündə gündüz saatlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Temperatur rejimində mühüm dəyişiklik gözlənilmir. Mülayim şimal küləyi əsəcək.
Azərbaycanın rayonlarında iyulun 4-də şimşək çaxacağı, yağış yağacağı proqnozlaşdırılır.
Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 15-20, gündüz 26-31, dağlarda gecə 7-11, gündüz 13-18 dərəcə isti olacaq.
Ümumtəhsil müəssisələrinin builki məzunlarından buraxılış imtahanlarında yalnız müvəffəq qiymət alanlar ali məktəblərə keçiriləcək qəbul imtahanlarında iştirak edə biləcəklər.
Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən bildirilib.
Həmin şagirdlərin (abituriyentlərin) attestat qiymətləri TQDK tərəfindən onların elektron ərizə formasında avtomatik olaraq yerləşdiriləcək. Odur ki, ümumtəhsil müəssisələrini bu il başa vuran və buraxılış imtahanlarında müvəffəq qiymət alan şagird ali məktəblərə qəbul imtahanlarında iştirak etmək üçün sənəd veribsə, onun attestat qiymətlərinin təsdiqi üçün Sənəd Qəbulu Komissiyasına müraciət etməsinə ehtiyac yoxdur.
İyulun 3-də 10:00-dan etibarən Abşeron rayonunun bütün yaşayış məntəqələrinə təbii qazın verilişində məhdudiyyətlər yaranacaq.
Bu barədə ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Azəriqaz" İstehsalat Birliyinin çərşənbə axşamı yaydığı məlumatda deyilir.
Qazın verilişinin dayandırılması təmir işləri ilə əlaqədardır.
Prezident İlham Əliyev 17 yaşına qədər olan qadınlar arasında futbol üzrə dünya çempionatının final mərhələsinin 2012-ci ildə Azərbaycanda keçirilməsini təmin etmək haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
1. Nazirlər Kabineti 17 yaşına qədər olan qadınlar arasında futbol üzrə dünya çempionatının final mərhələsinin təşkili və keçirilməsi ilə bağlı Azərbaycana gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi barədə təkliflərini 10 gün müddətində Azərbaycan prezidentinə təqdim etsin.
2. Milli Təhlükəsizlik Nazirliyi, Daxili İşlər Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Fövqəladə Hallar Nazirliyi fəaliyyət istiqamətlərinə uyğun olaraq, çempionatın final mərhələsinin keçirilməsi ilə bağlı təhlükəsizliyin təmin olunması, mühafizənin təşkili, çempionat zamanı baş verə biləcək fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması üçün zəruri tədbirləri görsün.
3. Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Komitəsi, Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidməti fəaliyyət istiqamətlərinə uyğun olaraq, çempionatın final mərhələsində iştirak üçün Azərbaycana gələcək Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FİFA) əməkdaşlarının, vəzifəli şəxslərinin, FİFA nümayəndə heyətinin üzvlərinin, FİFA konfederasiyaları və FİFA üzvü olan assosiasiyaların əməkdaşlarının və vəzifəli şəxslərinin ölkəyə gəlmə və ölkədən getmə zamanı dövlət sərhədindən keçməsi, gömrük nəzarətinin aparılması, habelə çempionat və çempionat tədbirləri ilə bağlı Azərbaycana gələcək əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yaşayış yeri üzrə qeydiyyatı, Azərbaycanda müvəqqəti yaşamaq üçün icazə verilməsi kimi məsələlərin həllində operativliyi təmin etsin.
4. Səhiyyə Nazirliyi çempionatın final mərhələsində təcili tibbi yardım, sanitariya və epidemioloji təhlükəsizlik işlərinin təşkili üçün zəruri tədbirlər görülməsini təmin etsin.
5. Dövlət Gömrük Komitəsi, Daxili İşlər Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Müəllif Hüquqları üzrə Dövlət Agentliyi öz səlahiyyətləri çərçivəsində çempionatın final mərhələsinin keçirilməsi ilə bağlı FİFA-nın media, marketinq və digər kommersiya hüquqlarının qorunmasını təmin etsin.
6. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti çempionatın final mərhələsinin keçirilməsi üçün tələb olunan telekommunikasiya və informasiya texnologiyaları xidmətlərinin yüksək səviyyədə təşkili üçün zəruri tədbirlər görsün.
7. Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi və Dövlət Sosial Müdafiə Fondu çempionatın final mərhələsinin təşkili ilə əlaqədar ölkəyə gələn və çempionatın final mərhələsində iştirak edən şəxslərin müraciətlərinə operativ baxılmasını təmin etsin.
8. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Müəllif Hüquqları üzrə Dövlət Agentliyi çempionatla və çempionat tədbirləri ilə bağlı FİFA-nın və (və ya) üçüncü şəxslərin əqli mülkiyyət hüquqlarının qeydiyyatı, qeydiyyatına etiraz və ya qeydiyyatından imtina prosedurlarının operativ həyata keçirilməsini təmin etsin.
9. Nazirlər Kabineti sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
Azərbaycanda 2012-2013-cü tədris ili üçün ali məktəblərin magistraturalarına qəbul imtahanlarının yekun nəticələri açıqlanıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən verilən xəbərə görə, ali təhsil müəssisələrinin magistraturalarına qəbul olanların siyahısı iyulun 2-də saat 19:30-dan etibarən Komissiyanın internet saytında yerləşdirilib.
Bakalavrlar qəbulun nəticələri ilə bağlı məlumatı Komissiyanın rəsmi internet saytından və mobil telefondan iş nömrəsini 7727 nömrəsinə SMS-lə göndərməklə öyrənə biləcəklər. Qəbul olunanların siyahısı iyulun 3-də “Magistr” jurnalının 5-ci sayında dərc olunacaq.
Müsabiqənin nəticələrinə əsasən 5020 bakalavr respublika ali təhsil müəssisələrinin magistraturalarına qəbul olub. Qəbul olanlardan 3303 nəfəri ali təhsil müəssisələrinin builki məzunları, 1717 nəfəri isə əvvəlki illərin məzunudur.
Qəbul olanların 2281 nəfərini oğlanlar, 2739 nəfərini isə qızlar təşkil edir.
Ali təhsil müəssisələrinin magistraturasına qəbul olanlar iyulun 3-dən 12-dək tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları ali təhsil müəssisəsində qeydiyyatdan keçməlidirlər. Bakalavrın həmin müddətdə qeydiyyatdan keçməməsi müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olanlar siyahısından xaric ediləcək.
Azərbaycanda fəaliyyət göstərən tanınmış şirkətin əməkdaşları barəsində cinayət işi başlanıb.
Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.
Məlumata görə, “Veysəloğlu” Məhdud Məsuliyyətli Cəmiyyətin əməkdaşlarının hesablarında külli miqdarda çatışmazlıq aşkar edilməsi barədə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə daxil olmuş müraciət araşdırılıb.
Aparılmış audit yoxlaması ilə cəmiyyətin satış şöbəsinin satış təmsilçiləri Əliyev İlqar Kərəm oğlunun həmin vəzifədə işlədiyi müddət ərzində hesabında 9 min 98 manat, Vəliyev Şamil Vəliyyəddin oğlunun hesabında 9 min 525 manat, Həşimov Fuad Yadigar oğlunun hesabında 5 min 773 manat və Mahmudov Elvin Dadaş oğlunun hesabında 14 min 648 manat – cəmi 39 min 42 manat məbləğində çatışmazlıq aşkar edilib, bununla da müəssisənin qanunla qorunan mənafeyinə külli miqdarda ziyan vurulub.
Fakta görə Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.
1994-cü ildən bu günədək 24 mindən artıq cinayətkar qrup və dəstə zərərsizləşdirilib, 40 mindən çox qanunsuz odlu silah yığılıb
Azərbaycanın daxili işlər naziri ölkədə son 18 ildə baş verən cinayətlərin statistikasını açıqlayıb. Daxili işlər naziri, general-polkovnik Ramil Usubov bu gün Daxili İşlər Nazirliyinin Polis Akademiyasında Azərbaycan polisinin peşə bayramına və 2011-2012-ci tədris ilinin buraxılışına həsr olunmuş təntənəli mərasimdə çıxışı zamanı bildirib ki, 1994-cü ildən bu günədək olan dövrdə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 24 mindən artıq cinayətkar qrup və dəstə zərərsizləşdirilib. Əllərdə qanunsuz saxlanılan 40 mindən çox odlu silah yığılıb və onun tətbiqi ilə törədilən cinayətlərin sayı 11 dəfə azalıb. Axtarışda olan 80 mindən artıq təqsirləndirilən şəxs tutulub, 6 tondan çox narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
R. Usubov bildirib ki, hər il qeydə alınan hüquqazidd əməllərin 90 faizə qədərini böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər təşkil edir. Əhalinin 100 min nəfərinə nisbətdə Azərbaycanda ağır və xüsusilə ağır cinayətlər, o cümlədən qəsdən adam öldürmə və ona cəhdlər, quldurluqlar, soyğunçuluqlar, oğurluqlar və s. əksər Avropa, Amerika və Asiya dövlətləri ilə müqayisədə 2-10 dəfə azdır.
Nazir prezident İlham Əliyevin kadrların hazırlanması işinə hər zaman xüsusi önəm verdiyini, bir neçə gün öncə, xüsusi təyinatlı hərbi təhsil müəssisələrinin növbəti buraxılışına həsr olunmuş təntənəli mərasimdəki nitqində də dövlət başçısının gənc kadrların hazırlanması prosesini əsas amillərdən biri kimi vurğuladığını xatırladıb.
Qeyd olunub ki, xarici dövlətlərin hüquq-mühafizə strukturları ilə əməkdaşlıq çərçivəsində hər il onlarca gənc Türkiyənin Polis və Hərbi akademiyalarına, Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin hüquq universitetlərinə, Böyük Britaniyanın, Çin Xalq Respublikasının və digər dövlətlərin nüfuzlu ali məktəblərinə təhsil almağa göndərilir. Kadr hazırlığı prosesinə xüsusi diqqət və qayğının nəticəsidir ki, indi orta və böyük rəis heyəti vəzifələrində xidmət edən ali təhsilli əməkdaşların xüsusi çəkisi 1992-ci illə müqayisədə 58 faizdən 90 faizə, onların tərkibində hüquqşünasların xüsusi çəkisi 33 faizdən 76 faizə yüksəlib.
Həyata keçirilən kompleks tədbirlərlə orqan və hissələrdə qanunçuluq da əhəmiyyətli dərəcədə möhkəmlənmiş, şəxsi heyətin yüksək mənəvi-psixoloji hazırlığına nail olunub. Təkcə ötən il polis əməkdaşlarından şikayətlərin sayı 2010-cu ilə nisbətən 26 faiz, əsassız saxlamalar 32 faiz, əsassız gətirmələr 46 faiz, əsassız cinayət məsuliyyətinə cəlb etmələr isə 60 faiz azalıb.