Bakıda polis sürücü tərəfindən vəhşicəsinə döyülüb
02 avqust 2012 07:10

 

Bakıda yol polisi əməkdaşı sürücü tərəfindən vəhşicəsinə döyülüb.

Yasamal Rayon Polis İdarəsindən verilən məlumata görə, avqustun 1-dən 2-nə keçən gecə, saat 00:30 radələrində Mikayıl Müşfiq küçəsində yol polisi əməkdaşı, polis baş inspektoru Ağamalı Murad Kamal oğlu xidmətdə olarkən 90 QO 434 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobilin sürücüsü, 1981-ci il təvəllüdlü, Naxçıvan MR Babək rayon Cəhri kənd sakini Mürsəliyev Sarvan Səfəralı oğlu tərəfindən döyülüb.

Məlumata görə, yol polisi əməkdaşı sürücünü yol hərəkəti qaydasını pozduğu üçün saxlayıb və avtomobili cərimə meydançasına apararkən aralarında mübahisə yaranıb.

Qapalı kəllə-beyin travması və digər xəsarətlər alan yol polisi əməkdaşı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı təhqiqat aparılır.              

Prezident İlham Əliyev Bakıda salınan yeni parkda görülən işlərlə tanış olub
01 avqust 2012 14:33

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 1-də paytaxtın Heydər Əliyev prospekti ilə Ələddin Quliyev küçəsinin kəsişməsində salınan yeni parkda görülən işlərlə tanış olmuşdur.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov parkda həyata keçirilən tikinti və yaşıllaşdırma işləri barədə dövlətimizin başçısına məlumat verdi. Ərazisi 25 min kvadratmetr olan parkda sakinlərin istirahəti üçün hər cür şərait yaradılacağı vurğulandı. Parkın qısa vaxt ərzində Bakı sakinlərinin istifadəsinə veriləcəyi bildirildi.

Həyata keçirilən tikinti-abadlıq işləri ilə yaxından tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıqlarını verdi.

Azərbaycan Xarici İşlər Nazirliyi: Suriyadakı səfirliyimiz öz işini normal rejimdə davam etdirir
01 avqust 2012 07:51

 

Azərbaycanın Suriyadakı səfirliyi öz işini normal rejimdə davam etdirir.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Nazirlikdən bildiriblər ki, səfirliyin fəaliyyətində hər hansı dəyişiklik yoxdur.

Qeyd edək ki, diplomatik korpusun yerləşdiyi Dəməşq şəhərində hökumət və müxalifət qüvvələri arasında qızğın döyüşlər davam edir. Müxtəlif mənbələrin verdikləri məlumata görə, müxalifət qüvvələri şəhərin bir sıra məhəllələrini öz nəzarətinə götürməyə müvəffəq olub. Döyüşlərdə hər iki tərəfdən yüzlərlə insanın öldüyü bildirilir, bu say hər gün artmaqdadır.

Azərbaycanda orta ixtisas müəssisələrinə ərizə qəbulu başlayıb
01 avqust 2012 07:45

 

Bu gün Azərbaycanda ümumi orta təhsil bazasından (9 illik) orta ixtisas müəssisələrinə ərizə qəbulu başlayıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə bildirib ki, abituriyentlər avqustun 1-dən 24-dək internet vasitəsilə elektron ərizələrini doldurmalı, tələb olunan sənədləri təhsil aldıqları tədris müəssisəsinin yerləşdiyi rayonda fəaliyyət göstərən sənəd qəbulu komissiyalarına təqdim edərək təsdiqlətdirməlidirlər.

Bu il ümumi orta təhsil bazasında (9 illik) 47 orta təhsil müəssisəsinə qəbul aparılacaq. Ayrılmış plan yerlərinin sayı 10404-dür. Onlardan 4866-sı dövlət sifarişi üzrə, 5538-i ödənişli əsaslarladır.

Prezident İlham Əliyev: "Enerji siyasətimiz bu gün nəinki bölgənin, qitənin enerji siyasətini müəyyən edir"
01 avqust 2012 07:42

 

Lənkərana səfəri çərçivəsində Prezident İlham Əliyev iyulun 31-də yenidən qurulan Heydər Əliyev Mərkəzi ilə tanış olmuşdur.

Dövlətimizin başçısına məlumat verildi ki, yenidənqurma işlərindən əvvəl mərkəzin ümumi sahəsi 300 kvadratmetr olmuşdur. Hazırda isə binanın ümumi sahəsi üç min kvadratmetrdir. Mərkəzin ikimərtəbəli binasının interyeri nəfis tərtibatda işlənmişdir.

Heydər Əliyev xatirə parkında yerləşən mərkəzin muzeyində ulu öndərin büstü qoyulmuşdur. Muzeydə görkəmli dövlət xadiminin həyatı və siyasi fəaliyyətinin müxtəlif dövrlərinə aid maraqlı sənədlər və fotolar toplanmışdır. Burada ulu öndər Heydər Əliyevin uşaqlıq, gənclik və tələbəlik illəri, eləcə də dövlət təhlükəsizlik orqanlarında çalışdığı dövrlərə aid maraqlı fotolar vardır. Bu fotolardan aydın görünür ki, bütün həyatını xalqının inkişafına həsr edən ümummilli lider istər sovet hakimiyyəti, istərsə də müstəqillik illərində Azərbaycana rəhbərliyi dövründə ölkəmizi tərəqqi yoluna çıxarmışdır. Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi müxtəlif dövrlərdə Lənkərana səfərləri rayonun tərəqqisi ilə xarakterizə olunur. Bu səfərlər Lənkəranın tarixinə yeni inkişaf mərhələsinin başlanğıcı kimi düşmüşdür.

Mərkəzdə dahi şəxsiyyətin ordu quruculuğuna göstərdiyi diqqət və qayğı, eləcə də Prezident İlham Əliyevin Lənkərana səfərlərini əks etdirən fotolar da vardır.

Burada, həmçinin 3D avadanlığı ilə təchiz edilmiş kinozal, elektron kitabxana, internet klub, kafe, linqvistika otağı, rəsm studiyası, fotostudiya, sərgi salonu, şahmat və intellektual oyun otaqları, kompyuter kursları və virtual sinif vardır. Buradakı elektron kitabxana vasitəsilə dünyanın 45 ölkəsinin müvafiq kitabxanaları ilə əlaqə saxlamaq mümkündür.

Binada yaradılan tədqiqatçılar qrupunda ümummilli lider Heydər Əliyevin 1973-1998-ci illərdə Lənkərana səfərlərinə dair fotolar, qəzetlər, sənədlər toplanmışdır. Həmin səfərlər zamanı ulu öndər Heydər Əliyev ilə görüşən insanların xatirələri və səs yazıları burada toplanmışdır.

Mərkəzdəki 300 yerlik akt və 80 yerlik konfrans zallarında rayonun ictimai-siyasi və mədəni həyatında, əlamətdar günlərdə müxtəlif tədbirlərin keçirilməsi üçün geniş şərait yaradılmışdır. Zallar müasir akustika sistemləri ilə təchiz olunmuşdur.

Heydər Əliyev Mərkəzində yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Rayon ictimaiyyətinin nümayəndələrini salamlayan Prezident İlham Əliyev dedi:

Biz bu gün Heydər Əliyev Mərkəzinin yenidənqurmadan sonra açılışını qeyd edirik. Gözəl mərkəzdir, həm yaraşıqlı binadır, həm də ki, mərkəzin tərtibatı çox dəyərlidir, qiymətlidir.

Bu gün sizinlə yenidən görüşürəm. Mən buna çox şadam. Bu, mənim Prezident kimi Lənkərana səkkizinci səfərimdir. Səkkiz ildə səkkizinci dəfə səfər edirəm və çox şadam ki, Lənkəranda işlər yaxşı gedir. Rayon inkişaf edir, şəhər gözəlləşir, abadlaşır, gözəl binalar ucaldılır. Bu gözəl mərkəz də həm memarlıq, həm funksional baxımdan çox dəyərlidir, qiymətlidir, ulu öndərin xatirəsinə ehtiramın əlamətidir.

Biz keçən il müstəqilliyimizin bərpasının 20 illik yubileyini qeyd edərkən, yenə də keçmişə baxarkən bir daha görürdük ki, ulu öndərin Azərbaycan dövlətçiliyinin formalaşmasında müstəsna xidmətləri olmuşdur. Ən ağır dövrdə ölkə rəhbərliyinə gəlmiş Heydər Əliyev xalqı böyük bəlalardan qurtara, dövlətçiliyin əsaslarını yarada bilmişdir, ölkəmizin bugünkü reallıqlarını təmin etmişdir. Çünki onun tərəfindən irəli sürülmüş bütün təşəbbüslər ölkəmizin inkişafına yönəldilmişdir. Ölkəmiz beynəlxalq aləmdə layiqli yerini tuta bilmişdir, daxildə proseslər müsbət istiqamətdə getmişdir, islahatlar aparılmış, böyük nailiyyətlər əldə edilmişdir. Biz hamımız ulu öndərin siyasi xəttinə sadiqik, bu xətti davam etdiririk. Lənkəranda son illər ərzində görülmüş işlər bu siyasətin bariz nümunəsidir, onun təzahürüdür.

Mən çox şadam ki, Lənkəranda, doğrudan da həm şəhərdə, həm kəndlərdə işlər yaxşı gedir, əlavə tədbirlər də görüləcəkdir. Lənkəranın sosial-iqtisadi inkişafı ilə bağlı yeni sərəncam imzalanacaq və əlavə vəsait ayrılacaqdır ki, işlər daha da sürətlə getsin. Siz yaxşı bilirsiniz ki, son illər ərzində, bir sıra obyektlərin istifadəyə verilməsi nəticəsində rayonda inkişaf daha da sürətlə getmişdir.

Lənkəran Aeroportu yenidən quruldu. Bu gün mən Lənkərana təyyarə ilə gəlmişəm və artıq beynəlxalq uçuşlar da təşkil edilir. Əminəm ki, gələcəkdə bu uçuşların sayı artacaqdır. Lənkəranın çox gözəl təbiəti, çox gözəl iqlimi, turizm imkanları vardır. Bu gün mənim səfər proqramımda yeni otelin təməlqoyma mərasimi də vardır və ümid edirəm ki, gələcək illərdə turizm daha da sürətlə inkişaf edəcəkdir.

Hazırda daxili turizm inkişaf edir. Mən bilirəm ki, Bakıdan, Azərbaycanın digər bölgələrindən insanlar dincəlmək üçün Lənkərana gəlirlər. Amma istərdim ki, xaricdən də gəlsinlər, Lənkəranı daha çox tanısınlar və burada istirahət etsinlər. Beləliklə, turizm potensialı çox güclüdür. Bu potensial var, sadəcə olaraq infrastruktur layihələrinin həyata keçirilməsi nəticəsində biz bu potensialı daha da aşmalıyıq.

Bakı-Astara magistral yolunun tikintisi gedir. Bu yol da Lənkərandan keçəcəkdir. Ümid edirəm ki, ən müasir standartlara cavab verən magistral yol gələn ilin sonuna qədər istifadəyə veriləcəkdir və beləliklə, gediş-gəliş daha da rahat olacaqdır.

Kənd yollarının tikintisinə dair sərəncamlar verilmişdir. Keçən ay 40 min əhalisi olan 20 yaşayış məntəqəsini birləşdirən kənd yolunun tikintisi üçün vəsait ayrılmışdır və əminəm ki, yaxın zamanlarda tikinti başlanacaq və yol istifadəyə veriləcəkdir.

İcra hakimiyyətinin başçısı və deputatlar yeni məsələlər qaldırırlar ki, əlavə kənd yollarının tikintisinə ehtiyac vardır. Biz bu məsələyə də baxacağıq. Mərkəzi rayon xəstəxanasının vəziyyəti o qədər də yaxşı deyildir. Biz bu məsələyə də baxacağıq. Bildiyiniz kimi, Lənkəranda Müalicə-Diaqnostika Mərkəzi tikilmişdir və bu mərkəz insanlara yaxşı xidmət göstərir. Ancaq mərkəzi rayon xəstəxanasının təmirinə, yenidən qurulmasına ehtiyac vardır. Əlbəttə ki, bu məsələ də öz həllini tapacaqdır.

Qəzalı vəziyyətdə olan məktəblər Lənkəranda da, başqa bölgələrdə də hələ ki, vardır. Baxmayaraq ki, son illərdə 2 mindən artıq məktəb tikilmişdir, hələ ki, qəzalı vəziyyətdə məktəblər vardır. Biz çalışacağıq ki, bütün qəzalı məktəbləri gələn ilin sonuna qədər əsaslı şəkildə bərpa edək.

Digər infrastruktur layihələri də Lənkəranda ardıcıllıqla icra edilir. Çünki biz birinci mərhələdə elektrik enerjisi ilə bağlı məsələləri həll etdik. Astarada modul tipli elektrik stansiyasının istifadəyə verilməsi nəticəsində bütün cənub zonasının elektriklə təchizatı böyük dərəcədə yaxşılaşdırılmışdır. İndi demək olar ki, problem yoxdur.

Ondan sonrakı mərhələdə qazlaşdırma icra edilməyə başlanmışdır. İndi bu proses geniş vüsət almışdır. Mən qarşıya vəzifə qoymuşam ki, Lənkəranın bütün yaşayış məntəqələri gələn ilin sonuna qədər qazlaşdırılsın. Şəhər qazlaşdırılıbdır, proses davam edir və bu məsələ də öz həllini tapacaqdır.

İnsanları narahat edən digər problem içməli su ilə bağlıdır. Amma bu problem də artıq öz həllini tapmaqdadır. Yenə də qarşıya vəzifə qoyulubdur ki, Lənkəran şəhərinin su və kanalizasiya problemi gələn ilin sonuna qədər əsaslı şəkildə həll olunsun. Ətraf kəndlər də bu proqramla əhatə olunacaq və ondan sonrakı mərhələdə digər kəndlərin su-kanalizasiya problemi öz həllini tapmalıdır. Yəni, bu əsas infrastruktur layihələrinin sadalanması göstərir ki, nə qədər böyük işlər görülür.

Hələ mən sahibkarlığın inkişafına verilən dəstəyi demirəm, biznes mühitinin yaxşılaşdırılması üçün irəli sürülən təşəbbüsləri qeyd etmirəm. Yəni, əgər biz bunların hamısını təhlil etsək, Lənkəran rayonunun timsalında ölkənin dinamik inkişafını görərik. Bu inkişaf hər yerdə, hər bir bölgədə özünü büruzə verir. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası bu problemlərin həlli üçün əsas bir mexanizm olmuşdur. Mən çox şadam ki, Proqram uğurla icra edilir. İkinci Dövlət Proqramı gələn ilin sonuna qədər başa çatacaqdır. Ondan sonrakı dövr üçün də planlarımız vardır. Bu barədə mən artıq öz fikirlərimi bildirmişəm. 2014-2023-cü illəri əhatə edəcək yeni Dövlət Proqramı artıq hazırlanır.

Ancaq birinci proqramların icra edilməsi nəticəsində əsas infrastruktur, sosial məsələlər öz həllini tapacaqdır. Növbəti onillik Proqram gələcəyə baxışlarımızı əks etdirəcəkdir. Çünki biz növbəti 10 il ərzində Azərbaycanı daha da sürətlə inkişaf etdirməliyik. Ölkə qarşısında duran əsas vəzifələr icra edilibdir. Ancaq həyat yerində durmur, yeni vəzifələr ortaya çıxır. Elə etməliyik ki, növbəti 10 il ərzində iqtisadi gücümüzü iki dəfə artıra bilək. Son səkkiz il ərzində iqtisadiyyatımız üç dəfə artıbdır. Növbəti on il ərzində daha iki dəfə artmalıdır. Bu Proqramın reallaşdırılması nəticəsində Azərbaycan dünya miqyasında yüksək gəlirli ölkəyə çevriləcəkdir. Beləliklə, insanların rifah halı daha da yaxşılaşacaq, ölkəmiz daha da güclü olacaq, bizim dünyadakı mövqeyimiz daha da möhkəmlənəcəkdir.

Qlobal məsələlərlə yanaşı, yəni, həm xarici siyasətlə, həm enerji siyasətimizlə bağlı irəli sürülmüş təşəbbüslərin reallaşması ilə bərabər, hər bir kəndin problemi də həll olunur. Hesab edirəm ki, bu, dünyada nadir bir təcrübədir. Çünki biz istənilən istiqamət üzrə ancaq və ancaq uğurlar qazanırıq. Biz indi dünyanın ən mötəbər beynəlxalq təşkilatının üzvüyük. BMT Təhlükəsizlik Şurasının 15 üzvü vardır, onlardan beşi daimi üzvdür, 10-u seçilən üzvlərdir. Bu 10 ölkənin içərisində Azərbaycan da vardır. 155 ölkə bizə inandı, bizi dəstəklədi və öz səsini bizə verdi.

Enerji siyasətimiz bu gün nəinki bölgənin, qitənin enerji siyasətini müəyyən edir. Bunu biz öz zəhmətimizlə etmişik. Gələcək illərdə bu istiqamətdə əlavə təşəbbüslərin irəli sürülməsi nəticəsində bizim dünyadakı mövqeyimiz daha da güclənəcəkdir və iqtisadi maraqlarımız daha da dolğun şəkildə təmin ediləcəkdir. Yəni, hər bir istiqamət üzrə konkret proqramlar vardır və addımlar atılır. Ancaq yenə də deyirəm, bütün bu qlobal məsələlərlə yanaşı, daxildəki vəziyyət, insanların yaşaması, infrastruktur layihələrinin icra edilməsi, təhsil, səhiyyə məsələlərinin həlli də prioritetdir.

Mən bir daha demək istəyirəm ki, Lənkəranın uğurlu inkişafı demək olar ki, ölkəmizdə gedən bütün prosesləri özündə cəmləşdirir. Biz növbəti illərdə daha da sürətli inkişafa nail olmalıyıq ki, Lənkəran şəhəri də, rayonu da gözəlləşsin, abadlaşsın, insanlar daha da yaxşı yaşasınlar.

Bir daha sizi ürəkdən salamlayıram və yeni uğurlar arzulayıram.

Cəbhə xəttində yenə atəşkəs pozulub
01 avqust 2012 07:34

 

Erməni silahlı bölmələri çərşənbə günü və bu gecə Tərtər rayonunun Nəmirli, Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı, Qorqan kəndləri və Horadiz şəhəri, Goranboy və Göygöl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Düşmən cavab atəşi ilə susdurulub.

Prezident İlham Əliyev Lənkəran rayonuna səfər edib
31 iyul 2012 08:42

 

İyulun 31-də Azərbaycan prezidenti İlham Əliyev Lənkəran rayonuna səfər edib.

Dövlət başçısı Lənkəran şəhərinin mərkəzindəki Heydər Əliyev xatirə parkında ümummilli liderin abidəsini ziyarət edib. Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Prezident İlham Əliyevə məlumat verib ki, bu park hazırda rayon sakinlərinin və qonaqların istirahəti üçün ən çox üz tutduqları məkandır.

Lənkərana səfəri çərçivəsində prezident İlham Əliyev Heydər Əliyev Mərkəzinin yenidənqurmadan sonra açılışında iştirak edib.

Dövlət başçısına məlumat verilib ki, yenidənqurma işlərindən əvvəl mərkəzin ümumi sahəsi 300 kvadratmetr olub. Hazırda isə binanın ümumi sahəsi üç min kvadratmetrdir. Mərkəzin ikimərtəbəli binasının interyeri nəfis tərtibatda işlənib.

Heydər Əliyev Mərkəzində yaradılan şəraitlə tanış olan prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Xarici Dillər Təmayüllü Gimnaziyanın direktoru Mənsur Ağayev göstərdiyi diqqət və qayğıya görə rayon ictimaiyyəti adından dövlət başçısına minnətdarlıq edib. Sonda xatirə şəkli çəkdirilib.

Azərbaycana istilər qayıdır
31 iyul 2012 08:40

 

Sabahdan Azərbaycan ərazisində havanın temperaturu yüksəlməyə başlayacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən bildirilib ki, avqustun 1-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-25, gündüz 31-36 dərəcə isti təşkil edəcək.

Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 25-26, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27, Türkan, Hövsan, Şıx, Sahildə 27-28 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında avqustun 1-də hava şəraitinin gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26, gündüz 33-38, dağlarda gecə 13-18, gündüz 23-28 dərəcə isti olacaq.

Azərbaycan XİN başçısı: "Azərbaycan Fransanın Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səylərini gücləndirəcəyinə ümidvardır"
30 iyul 2012 16:15

 

 Fransaya rəsmi səfəri çərçivəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bazar ertəsi fransalı həmkarı Loran Fabius ilə görüş keçirib.

Azərbaycan XİN-in mətbuat xidmətindən verilən məlumata görə, görüş zamanı Azərbaycan və Fransa arasındakı əlaqələrin hazırkı durumu və inkişaf perspektivləri, eləcə də beynəlxalq və regional məsələlər müzakirə olunub.

Məmmədyarov Azərbaycan Prezidenti İlham Əliyevin Fransa Respublikasının Prezidenti Fransua Ollanda ünvanlanmış məktubunu nazir Loran Fabiusa təqdim edib və onun yüksək ünvana çatdırılmasını xahiş edib.

Söhbət əsnasında bu il Fransa və Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 20-ci ildönümünün qeyd edildiyini xüsusi vurğulayan Məmmədyarov nazir Fabiusu Azərbaycana səfər etməyə dəvət edib və bu dəvət fransız nazir tərəfindən məmnuniyyətlə qəbul edilib.

Fabius iki ölkə arasında siyasi, iqtisadi, enerji və humanitar sahədə əməkdaşlığın hazırkı inkişaf dinamikasından məmnunluğunu ifadə edib, Azərbaycanın Fransa üçün vacib iqtisadi tərəfdaş olduğunu vurğulayıb.

İki ölkə arasında mədəni əməkdaşlıqdan bəhs edərkən Fransa XİN rəhbəri Bakıda inşa edilməkdə olan fransız liseyinin ərsəyə gəlməsi üçün Azərbaycan hökuməti tərəfindən göstərilən səylərin Fransa hökuməti tərəfindən yüksək dəyərləndirildiyini bildirib və bu liseyin iki xalq arasında dostluq tellərinin daha da güclənməsinə öz vacib tövhəsini verəcəyinə əminliyini ifadə edib.

Görüş zamanı Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi istiqamətində aparılan danışıqlar prosesi ətrafında müzakirələr aparılıb və Məmmədyarov Fransanın münaqişənin həlli istiqamətində səylərini gücləndirəcəyinə ümidvar olduğunu bildirib.

Daha sonra nazirlər BMT Təhlükəsizlik Şurasının gündəliyində duran aktual məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

IV ixtisas qrupu üzrə keçid balı olduğu kimi qaldı
30 iyul 2012 16:13

 

4-cü ixtisas qrupu üzrə ümumi balı 250-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər ixtisas seçimində iştirak edə bilərlər.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi saytının verdiyi məlumat görə, ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.

Dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 350-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

Aqrar ixtisaslar üzrə ixtisas seçiminə ümumi balı 150-dən az olmayan abituriyentlər buraxılacaqlar.

IV ixtisas qrupu üzrə qəbul imtahanının nəticələri açıqlandı
30 iyul 2012 16:12

 

2012/2013-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə IV ixtisas qrupu üzrə iyulun 27-də keçirilmiş qəbul imtahanının nəticələri açıqlanıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən verilən məlumata görə, nəticələr TQDK-nın internet saytında yerləşdirilib. Hər bir abituriyent öz imtahan nəticələrinə dair məlumat vərəqini internet vasitəsilə əldə edə biləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla 7727 nömrəsinə iş nömrələrini göndərməklə öyrənə bilərlər.

IV ixtisas qrupu üzrə imtahanda iştirak edən 15408 abituriyentdən 1010 nəfər imtahana gəlməyib, 31 nəfəri qaydalara zidd hərəkətlərə yol verdiklərinə görə imtahandan xaric olunub və nəticələri ləğv edilib. Test imtahanının nəticəsinə əsasən, 2973 abituriyent (xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə iştirakçıları istisna olmaqla) müsabiqədə iştirak etmək hüququ qazanıb. 2 nəfər maksimal nəticə-700 bal toplayıb.

İxtisas seçimi avqustun 7-dən 16-dək internet vasitəsilə aparılacaq. Qəbul aparılan ixtisasların siyahısı isə "Abituriyent" jurnalının 3-cü sayında dərc olunub.

Ölkədə sabah sərin hava şəraiti davam edəcək
30 iyul 2012 13:00

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 31-də hava şəraitinin dəyişkən buludlu, gün ərzində, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 28-33 dərəcə isti təşkil edəcək. Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 24-25, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26, Türkan, Hövsan, Şıx, Sahildə 26-27 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında, əsasən, gecə və axşam bəzi dağlıq yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 30-35, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə isti olacaq.

İyulun 31-də mülayim xəzri küləyinin əsməsi meteohəssas insanlar üçün müsbət amil olsa da, avqustun 1-i və 2-də zəif küləklərin üstünlüyü və arabir havada yaranan durğunluq fonunda isti diskomfort hava şəraiti əlverişsizdir.

Azərbaycan Prezidenti İlham Əliyev Heydər Əliyev Mərkəzində olub
30 iyul 2012 12:57

 

İyulun 20-də Heydər Əliyev Mərkəzinin muzey hissəsinin tavanında aparılan qaynaq işləri nəticəsində yanğın baş vermişdir.

İyulun 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev Mərkəzində olmuşdur.

Baş vermiş yanğının nəticələrinin aradan qaldırılması ilə bağlı dövlətimizin başçısına məlumat verildi. Vəziyyətlə yerindəcə tanış olan Prezident İlham Əliyev bərpa işləri ilə əlaqədar müvafiq tapşırıqlarını verdi.

I ixtisas qrupu üzrə qabiliyyət imtahanı başa çatdı
30 iyul 2012 12:50

 

İyulun 30-da I ixtisas qrupu üzrə qabiliyyət imtahanları başa çatmışdır.

I ixtisas qrupunda xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslara qəbul olmaq istəyən və qabiliyyət imtahan komissiyasında qeydiyyatdan keçmiş abituriyentlər iyulun 24-dən 30-dək qabiliyyət imtahanlarında iştirak etmişlər. Qabiliyyət imtahanını müvəffəqiyyətlə verən abituriyentlər ixtisas seçimi zamanı elektron ərizələrində müvafiq ixtisasın kodunu göstərə biləcəklər. Qabiliyyət imtahanında uğurlu nəticə əldə etməyənlər isə I ixtisas qrupuna daxil olan digər ixtisasların müsabiqəsində iştirak edə biləcəklər.

Qeyd edək ki, 2012/2013-cü tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə I ixtisas qrupu üzrə qəbul imtahanları Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Şəki və Lənkəranda keçirilmiş və qeyd olunan ixtisas üzrə keçid balı 150-yə endirilmişdir.

Azərbaycan London Olimpiadasında ilk medalını qazandı
30 iyul 2012 08:35

 

Dünən XXX London Yay Olimpiadasında ağırlıqqaldırma yarışları başa çatdı. 

İkinci yarış günü Azərbaycan yığması ilk medalını qazandı.

Turnirin ikinci günündə çıxış edən Azərbaycan atleti Valentin Xristov toplam 286 kilo qaldıraraq bürünc medal qazandı.

Birinci yeri 293 kq nəticə göstərən şimali koreyalı Om Yun Çol göstərib. Gümüş medal isə çinli Jinqbaoya qismət olub - 289 kq.

Qeyd edək ki, milliləşən bolqar atlet 56 kq-da yarışan idmançılar arasında əsas favoritlərdən hesab olunurdu. Elə Azərbaycan millisinin də medal qazanmağa əsas namizədlərindən biri idi.

BMT Ermənistan hakimiyyətindən insan hüquqlarına hörmətlə yanaşmağı tələb edir
29 iyul 2012 15:02

 

İyulun 27-də BMT-nin İnsan Hüquqları üzrə Komitəsinin İsveçrənin Cenevrə şəhərində keçirilən illik sessiyası başa çatıb.

Sessiyada komitənin Ermənistanda insan hüquqlarının vəziyyətinə dair məruzəsi dinlənilmişdir. Qeyd olunmuşdur ki, Ermənistanda insan hüquqları üzrə müvəkkilin (ombudsmanın) fəaliyyəti üçün şərait yaradılmamışdır. Ermənistan ombudsmanına məhbuslarla görüşmək imkanı verilmir ki, bunun da səbəbi hakimiyyətin məhbusların hüquqlarının pozulması faktlarının aşkarlanmasını istəməməsi ilə bağlıdır.

Ermənistanda yalnız məhbusların deyil, qadın və uşaqların da hüquqlarının tez-tez və kütləvi şəkildə pozulması müşahidə edilmişdir.

Məruzə müəllifləri bildirmişlər ki, Ermənistanda siyasi baxışlarına görə təqib olunanların sayı artmışdır.

BMT-nin İnsan Hüquqları üzrə Komitəsi Ermənistan hakimiyyətindən insan hüquqlarına hörmətlə yanaşmağı və vətəndaş cəmiyyətinin formalaşması üçün şəraitin yaradılmasını tələb etmişdir.

Sabahdan Azərbaycan ərazisində hava nisbətən sərinləşəcək, yağış yağacaq
29 iyul 2012 15:00

 

Sabahdan Azərbaycan ərazisində hava nisbətən sərinləşəcək, bəzi yerlərdə yağış yağacaq, şimşək şaxacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildiriblər ki, iyulun 30-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Temperaturun Bakıda gecə 22-24, gündüz 32-34 dərəcə isti olacağı gözlənilir

Abşeronun çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada, Buzovna, Mərdəkan və Şüvəlanda 25-26, Türkan, Hövsan, Sahil, Şıxda 27-28 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın əksər rayonlarında sabah gecə və axşam şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.

Temperaturun gecə 20-25, gündüz 31-36 dərəcə isti, dağlarda gecə 13-18, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Londonda XXX Yay Olimpiya Oyunları çərçivəsində "Azərbaycan günü" mərasimində iştirak ediblər
29 iyul 2012 14:58

 

İyulun 28-də Londonda XXX Yay Olimpiya Oyunları çərçivəsində “Azərbaycan günü” keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər.

Mərasim iştirakçıları Azərbaycan Prezidentini və xanımını hərarətlə qarşıladılar.

Dövlətimizin başçısı mərasimdə çıxış etdi.

Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı

 - Əziz dostlar!

Hörmətli xanımlar və cənablar!

Bu gün sizin hamınızı “Azərbaycan günü”ndə salamlamaq istəyirəm. Bu axşam bizimlə olduğunuza görə sizə çox minnətdaram. Burada olmağımızdan və belə bir möhtəşəm tədbirdə iştirakımızdan çox fərəhlənirik. Mən bizi qəbul edən Britaniya tərəfinə də gördüyü bütün hazırlıq işlərinə görə təşəkkürümü bildirmək istəyirəm.

Azərbaycan müstəqil ölkə kimi artıq beşinci dəfədir ki, Yay Olimpiya Oyunlarında iştirak edir və biz hər dəfə irəliyə doğru addımlar atırıq. Qazandığımız birinci medal 1996-cı ildə Atlantada oldu. Həmin vaxt bizim komanda yalnız bir medal qazana bildi. Sonra 2000-ci ildə Sidneydə üç, 2004-cü ildə Afinada beş, 2008-ci ildə isə Pekində yeddi medal qazanıldı. Əlbəttə, biz hamımız istəyirik ki, bu ənənə davam etsin. Hamımız ümid edirik ki, idmançılarımız ölkəmizi layiqincə təmsil edəcəklər və yarışlar zamanı bayrağımız qaldırılacaqdır. Fürsətdən istifadə edərək dünyanın bütün atletlərinə uğurlar və xoşbəxtlik arzulayıram.

Azərbaycan zəngin tarix, böyük adət-ənənələr ölkəsidir. Lakin müstəqil ölkə kimi biz dünyanın siyasi xəritəsində yalnız 20 ildir ki, mövcuduq. Bu illər dəyişikliklər, islahatlar dövrü olub. Bu illər göstərir ki, Azərbaycan müstəqil ölkə kimi uğurla inkişaf edir. Əldə etdiyimiz nailiyyətlər məhz xalqımızın istedadı sayəsində mümkün olub. İyirmi il öncə bizim öz dövlətimiz yox idi, demokratik təsisatlarımız, bazar iqtisadiyyatı mövcud deyildi. Bu gün Azərbaycan regionda möhkəm mövqelərə malik olan ölkədir, dövlətçiliyimiz çox güclüdür. Biz demokratik islahatlara, bazar iqtisadiyyatına sadiqik. İyirmi il ərzində əldə etdiyimiz ən böyük nailiyyətlərdən biri Azərbaycanın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi oldu. Dünyanın ən ali beynəlxalq təşkilatı hazırda bizim iştirakımızla fəaliyyət göstərir. Namizədliyimizə səs verən 155 ölkə sözün əsl mənasında göstərdi ki, bu 20 ildə biz dünyanın diqqətini cəlb edə bildik, bir çox ölkələrlə dostluq və qarşılıqlı etimad münasibətləri qurduq.

Bu gün Azərbaycana hörmətlə yanaşırlar və ölkəmiz nəinki regionda, o cümlədən dünyanın qlobal işlərində öz rolunu oynayır. Biz çox böyük iqtisadi dəyişikliklərə nail olduq və iqtisadiyyatımız dünyada ən sürətlə artan iqtisadiyyatdır. Bizim iqtisadiyyatımız görünməyən dərəcədə artım tempi nümayiş etdirdi və son səkkiz ildə üç dəfə artdı. Ölkəmizdə dəyişikliklərin edilməsi, güclü iqtisadiyyatın qurulması üçün bir çox səylər göstərildi. Ölkəmiz sabitdir, xalqımızın güzəranı yaxşıdır. Eyni zamanda, Azərbaycan bütün dinlərin və millətlərin nümayəndələrinin sülh şəraitində birgə yaşamasının nümunəsi ilə tanınır. Təsadüfi deyildir ki, ölkəmizdə sülh və əməkdaşlıq işinə xidmət edən çoxsaylı beynəlxalq tədbirlər keçirilir.

Biz, həmçinin ölkəmizdə idmanın inkişafına və Olimpiya hərəkatına böyük diqqət yetiririk. Müasir idman infrastrukturunun yaradılmasına çoxlu sərmayələr yatırılır. Son 12 ildə bütün ölkə üzrə 34 Olimpiya mərkəzi tikilib istifadəyə verilib və bu proses davam edir. Bu il Azərbaycanda “İdman ili” elan edilib. Bu, həmçinin Azərbaycanda idmanın inkişafına və Olimpiya hərəkatına göstərilən diqqəti bir daha nümayiş etdirir. Biz tarixdə bu oyunlarda 53 atletdən ibarət ən böyük komanda ilə iştirak etməkdən fərəhlənirik. Bu, həm də onu göstərir ki, idmana qoyulan sərmayə və idmanın, Olimpiya hərəkatının təşviq edilməsinə yönələn dövlət siyasəti yaxşı nəticələr verir.

Əminəm ki, biz bu oyunlarda uğurla iştirak edəcəyik. Bu yarışlar özümüzü təqdim etmək üçün daha bir fürsətə çevriləcəkdir.

Bu gün nailiyyətlərimizə həsr olunan kiçik təqdimat - bəzi fotoşəkillər, ölkəmizin inkişafı ilə bağlı videotəqdimat olacaqdır. Əminəm ki, bu tədbirdə iştirak edən insanların əksəriyyəti artıq Azərbaycanda olub. Qonaqlarımız arasında Azərbaycanda olmayanları isə ölkəmizə səfərə dəvət edirəm.

Onu da bildirmək istəyirəm ki, idman və Olimpiya hərəkatı mənim həyatımın bir hissəsidir. Böyük fərəh hissi ilə qeyd edirəm ki, artıq 15 ildir mən Olimpiya ailəsinin üzvüyəm. On beş il əvvəl mən Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti seçildim. Ondan altı il sonra isə ölkə Prezidenti seçildim. Buna görə də adətən deyirəm ki, mən idmanı və Olimpiya hərəkatını ölkə rəhbərliyi səviyyəsində təmsil edirəm. Bu illər uğur, dəyişiklik, inkişaf, işə sadiqlik illəri oldu. Bu gün Azərbaycanda idmançı olmağın böyük mənası vardır. İdmanın inkişafı və idmançılara qayğının göstərilməsi ilə bağlı dövlət siyasətimiz vardır. Biz müasir idman infrastrukturuna böyük sərmayələr qoymuşuq. Bu gün Azərbaycanda çoxlu beynəlxalq idman tədbirləri, o cümlədən Avropa və dünya çempionatları keçirilir. Əminəm ki, gələcəkdə Azərbaycanda qonaqlarımızın, o cümlədən atletlərin və turistlərin sayı çox olacaq, bununla da biz dostluğumuzu və əməkdaşlığımızı davam etdirəcəyik.

Olimpiya oyunları nadir beynəlxalq hadisədir. Bu zaman bütün dünyadan gələn insanlar görüşürlər, atletlər öz aralarında ədalətli şəkildə, tərəfdaşlıq ruhunda yarışırlar, rəqabət yalnız idman arenası ilə yekunlaşır. Bu, idmanla siyasət arasında ən böyük fərqdir.

Biz oyunlarda iştirak etməkdən çox fərəhlənirik. Mən bir daha bütün komandaların idmançılarına uğurlar, dünya xalqlarına xoşbəxtlik və çiçəklənmə arzulayıram. Çox sağ olun.

Tədbirin keçirildiyi zal Azərbaycanın mədəniyyətini, idman tarixini özündə əks etdirən fotostendlərlə bəzədilmişdi. Ölkəmizdə idmanın inkişafına dövlət səviyyəsində göstərilən qayğı iri monitorlarda ön plana çıxarılmışdı. Bununla yanaşı, dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmançılarla görüşlərindən, ölkəmizdə olimpiya idman komplekslərinin açılış mərasimlərindən hazırlanan videogörüntülər də nümayiş etdirilirdi.

“Azərbaycan günü”nə dəvət olunan rəsmi şəxslər, beynəlxalq idman ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyev ilə söhbətlərində bir daha ölkəmizdə idmana və Olimpiya hərəkatına göstərilən diqqət və qayğını yüksək qiymətləndirdilər. Onlar bu sahənin inkişafının ölkəmizdə dövlət siyasətinin mühüm prioritetlərindən biri elan edilməsinin təqdirəlayiq hal olduğunu söylədilər. Bildirildi ki, getdikcə güclənən və iqtisadi cəhətdən inkişaf edən Azərbaycanın bu sahədə uğurlarını artırması ölkəmizin dünyada idman məkanı kimi tanınmasına geniş imkanlar açır.

Tədbirin gedişində Prezident İlham Əliyev XXX Yay Olimpiya Oyunlarında iştirak edən idmançılarımızla görüşdü, onlara xeyir-dua verdi, uğurlar və qələbə əzmi arzuladı.

London Olimpiadasında Azərbaycan avarçəkənləri dörddə bir finalda
28 iyul 2012 13:21

 

Aleksandr Aleksandrov və Nataliya Mustafayeva dörddə bir finala vəsiqə qazanıblar.

Bu gün digər akademik avarçəkənimiz Nataliya Mustafayeva da qadınlar arasında 1 nəfərlik qayıqla (W1X) yarışıb.

Bu qayıq tipində 28 avarçəkən 5 seçmə qrupa bölünüb. 3 seçmə qrupda 6, 2-də isə 5 idmançı yer alıb. 27 yaşlı təmsilçimiz də 6 nəfərlik qrupa düşüb. Rəqiblər Kamila Varqas Palomo (Salvador), Kim Krou (Avstraliya), Mayçin Tornikroft (Zimbabve), Yariulvis Kobas (Kuba) və Yeji Kim (Cənubi Koreya) olub.

Mustafayeva 2000 metr məsafəyə seçmə yürüş nəticəsində qrupda 7:46.01 nəticə göstərərək ikinci yeri tutub. Beləliklə, qadın avarçəkənimiz də dörddə bir final mərhələsinə yüksəlib.

Qeyd edək ki, qadın idmançıların qrupunda ilk 4 yeri tutanlar dörddə bir finala, qalanlar isə təsəlli yürüşünə vəsiqə qazanırlar.

2012-ci il London Yay Olimpiya Oyunlarında Azərbaycanın akademik avarçəkəni Aleksandr Aleksandrov kişilər arasında 1 nəfərlik qayıqla (M1X) mübarizəyə qoşulub.

Bu qayıq tipində 33 idmançı 6 seçmə qrupa bölünüb. 3 seçmə qrupda 6, 3-də isə 5 avarçəkən yer alıb. 22 yaşlı təmsilçimiz 6 nəfərlik qrupa düşüb. Rəqiblər Lassi Karonen (İsveç), Anderson Noçetti (Braziliya), Matias Raymon (Monako), Ceyms Freyzer-Makkenzi (Zimbabve) və Pol Etia Ndumbe (Kamerun) olublar.

Avarçəkənimiz 2000 metr məsafəyə seçmə yürüş nəticəsində qrupda 6:49.81 nəticə göstərərək ikinci yeri tutub. Bununla da Aleksandrov dörddə bir final mərhələsinə yüksəlib. Müvafiq olaraq, birinci yerə İsveç, ikinci yerə isə Monako idmançıları çıxıblar.

Qeyd edək ki, qruplarda ilk 3 yeri tutanlar dörddə bir finala, qalanlar isə təsəlli yürüşünə vəsiqə qazanırlar.

Cəbhə xəttində atəşkəs yenə pozuldu
28 iyul 2012 07:57

 

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində atəşkəs pozulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun Voskevan kəndində, Füzuli rayonunun Horadiz şəhəri və Qorqan, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.

Düşmən cavab atəşi ilə susdurulub.

 əvvəlki    11  12  13  14  15  16  17  18  19  20  21    növbəti 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.