Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 31-də hava şəraitinin dəyişkən buludlu, gün ərzində, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək.
Havanın temperaturu gecə 20-25, gündüz 28-33 dərəcə isti təşkil edəcək. Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 24-25, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26, Türkan, Hövsan, Şıx, Sahildə 26-27 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında, əsasən, gecə və axşam bəzi dağlıq yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gecə və səhər arabir güclənəcək.
Havanın temperaturu gecə 20-25, gündüz 30-35, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə isti olacaq.
İyulun 31-də mülayim xəzri küləyinin əsməsi meteohəssas insanlar üçün müsbət amil olsa da, avqustun 1-i və 2-də zəif küləklərin üstünlüyü və arabir havada yaranan durğunluq fonunda isti diskomfort hava şəraiti əlverişsizdir.