London XXX Yay Olimpiya Oyunlarında avqustun 5-də keçirilən yarışlar Azərbaycan idmançıları üçün uğurlu olmuşdur.
Avqustun 5-də Olimpiya Oyunlarında güləş yarışları başlamışdır.
Azərbaycan idmançılarına dəstək vermək üçün dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev ailə üzvləri ilə birlikdə yunan-Roma güləşi yarışlarına baxmışdır.
Təmsilçilərimizdən ilkin olaraq mübarizəyə yunan-Roma güləşində 55 kiloqram çəki dərəcəsində Rövşən Bayramov qoşulmuşdur. Rövşən Bayramovun ilk rəqibi rusiyalı Minqiyan Semyonov olmuşdur. 1/16 final mərhələsinin görüşü dünya çempionumuz üçün uğurlu alınmışdır. İlk hissədə 1:0 hesabı ilə qələbə qazanan Rövşən növbəti hissədə də eyni hesab ilə qalib gələrək 1/8 finala yüksəlmişdir. Bu dəfə onun rəqibi amerikalı Tomas Manqo Spenser olmuşdur. Pəhləvanımız üçün asan keçən ilk hissə rəqibin 0:4 hesablı məğlubiyyəti ilə başa çatmışdır.
Amerikalı güləşçi ikinci hissədə də çətin anlar yaşamış və Rövşən yenə 4:0 hesabı ilə qələbə qazanmışdır. Nəticədə güləşçimiz daha bir mərhələyə adlamışdır.
Rövşən Bayramov 1/4 finalda çinli Li Şujin ilə üz-üzə gəlmişdir. Güləşçimiz ilk iki görüşündəki uğuru bu dəfə də təkrarlamışdır. O, birinci hissədə rəqibindən üç, ikinci hissədə isə iki xal alaraq yarımfinala çıxmışdır. Finala gedən yolda Rövşən Koreya Respublikasının təmsilçisi Qyunjin Çoi ilə güləşmişdir. R.Bayramov ilk hissədə rəqibin parter vəziyyətindən xal qazanmasına imkan verməmiş və nəticədə bir xal qazanmışdır. İkinci hissədə isə Qyunjin Çoi parter vəziyyətinə düşmüşdür. Burada aşırma fəndini ustalıqla yerinə yetirən güləşçimiz finala yüksəlmişdir. Finalda onun rəqibi iranlı Məhəmməd Soryan olmuşdur. Həlledici qarşılaşmada pəhləvanımız cüzi fərq ilə uduzaraq gümüş medalla kifayətlənmişdir. Bununla da Rövşən Bayramov Pekin Olimpiadasında olduğu kimi, Londonda da yarışı gümüş mükafatla başa vurmuşdur.
Olimpiyaçılarımızdan bürünc medalı isə yunan-Roma güləşi yarışlarında başqa bir idmançımız - 74 kiloqram çəki dərəcəsində mübarizə aparan Emin Əhmədov qazanmışdır. İlk dəfə Yay Olimpiya Oyunlarında iştirak etmək imkanı qazanan Emin Əhmədov 74 kiloqram çəki dərəcəsində mübarizə aparmışdır. Püşkün nəticəsinə görə, dördilliyin ən mötəbər yarışına 1/8 final mərhələsindən başlayan Emin əvvəlcə xorvatiyalı Neven Zuqaj ilə qarşılaşmışdır.
Bu görüşədək digər həmyerlimiz Rövşən Bayramovun növbəti mərhələyə yüksəlməsi E.Əhmədova əlavə ruh yüksəkliyi vermişdir. Bunun da nəticəsi kimi pəhləvanımız Xorvatiya təmsilçisini hər iki hissədə məğlub edərək 1/4 final mərhələsinə adlamışdır. Növbəti mərhələdə isə E.Əhmədovun rəqibi daha güclü idmançı olmuşdur. Buna baxmayaraq, gənc güləşçimiz gürcüstanlı Zurab Datunaşvilini də mübarizədən kənarlaşdırmışdır. O, ilk hissədə rəqibinə uduzsa da, sonrakı hissələrdə qələbə qazanmış və yarımfinala çıxmışdır. Lakin təəssüf ki, pəhləvanımız finala vəsiqə qazana bilməmişdir. Buna baxmayaraq, o, Olimpiya Oyunlarını mükafatla başa vurmuşdur. Emin Əhmədov bürünc medal uğrunda görüşdə belaruslu Aleksandr Kikinyov ilə görüşmüşdür. Gərgin keçən qarşılaşmanın ilk hissəsində rəqib irəlidə olsa da, Emin növbəti hissələrdə ona heç bir şans verməmişdir. Nəticədə ardıcıl iki hissədə qalib gələn pəhləvanımız bürünc medala yiyələnmişdir. Bu, Azərbaycan yığmasının Londonda qazandığı üçüncü medal olmuşdur.
Yunan-Roma güləşi üzrə 55 və 74 kiloqram çəki dərəcələrində yarışlar başa çatdıqdan sonra Prezident İlham Əliyev yunan-Roma güləşi üzrə Azərbaycan seçmə komandasının baş məşqçisi Saleh Bora ilə görüşmüşdür.
Dövlətimizin başçısı Azərbaycan idmançılarının çıxışlarını yüksək qiymətləndirmiş, baş məşqçidən uğurlu çıxışlarına görə Rövşən Bayramova və Emin Əhmədova da təbriklərini çatdırmağı xahiş etmişdir.
XXX London Yay Olimpiya Oyunlarının boks yarışında artıq Azərbaycan milli komandasının bir üzvünün medal qazanması rəsmiləşmişdir. 91 kiloqram çəki dərəcəsində dünya çempionatının gümüş mükafatçısı Teymur Məmmədov 1/4 finalda belaruslu Sergey Korneyevi məğlub edərək, yarımfinala vəsiqə qazanmışdır. İlk raundda rəqibindən daha yaxşı təsir bağışlayan həmyerlimiz beş xallıq üstünlük əldə etmişdir – 9:4. T.Məmmədov ikinci və üçüncü hissələrdə təşəbbüsü əldən versə də, yekunda qələbə qazanmışdır. Boksçumuz bu uğura ilk raunddakı gözəl döyüşün nəticəsində nail olmuşdur. Belə ki, qarşılaşma 19:19 hesabı ilə heç-heçə bitmişdir. Teymur hakimlərin rəyinə əsasən, qalib elan olunmuşdur. Bununla da T.Məmmədov ən azı bürünc medalı özünə təmin etmişdir.
Qadınların boks yarışında yeganə təmsilçimiz Yelena Vıstropova təəssüf ki, elə ilk görüşündə məğlubiyyətlə barışmalı olmuşdur. 75 kiloqram çəki dərəcəsində yarışan idmançımız nigeriyalı Edit Oqokeyə iki xal fərqi ilə uduzmuşdur.
II ixtisas qrupu üzrə keçid balı 150-yə salınıb. Azərbaycanda ali məktəblərin II ixtisas qrupu üzrə qəbul imtahanlarının nəticələri açıqlanıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən verilən xəbərə görə, imtahanın nəticələri TQDK-nın rəsmi internet saytında yerləşdirilib. Abituriyentlər imtahanın nəticələri barədə məlumatı, həmçinin mobil telefonla 7727 nömrəsinə iş nömrələrini göndərməklə öyrənə bilərlər.
TQDK-dan bildiriblər ki, II qrup üzrə ixtisas seçimində ümumi balı 150-dən, ixtiyari bir imtahan fənni istisna olmaqla qalan hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.
Ümumi balı 300 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.
Dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 350-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.
Türkiyədə avtomobil qəzasında Azərbaycan vətəndaşı olan 4 turist xəsarət alıb. Qəza hadisəsi Muğla-Aydın şossesində baş verib.
Məlumata görə, Azərbaycan vətəndaşı Nazim Məmmədovun idarə etdiyi 34 TZ 8564 nömrəli avtomobil Türkiyə vətəndaşı Erdal Evranın idarə etdiyi 35 CSL 72 nömrəli avtomobillə toqquşub.
Sürücü Məmmədovla yanaşı, onun həyat yoldaşı Tahirə də yaralanıb. Onların 7 yaşlı oğlu Məhəmmədin vəziyyəti ağırdır.
İkisi azyaşlı olan yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.
Azərbaycanda 2012-2013-cü tədris ili üzrə ümumi təhsil müəssisələri və peşə liseylərindəki vakant yerlərə müəllimlərin işə qəbulu üzrə keçirilmiş riyaziyyat imtahanının nəticələri bilinib.
Təhsil Nazirliyindən verilən məlumata görə, 1-3 avqust tarixlərində keçirilmiş növbəti imtahanın nəticələrinə görə, 250 nəfər riyaziyyat müəllimi işə qəbul olunub.
Qeyd edək ki, ingilis dili fənni üzrə imtahanlar avqustun 6-dan 10-dək davam edəcək. İmtahanda 2731 nəfər namizəd 247 vakant yer üzrə mübarizə aparacaq.
Avqustun 5-də Türkiyənin Bodrum şəhərində “Xarici ölkələrdə yaşayan azərbaycanlıların cəmiyyətə inteqrasiyası: mövcud vəziyyət və perspektiv gözləntilər” mövzusunda Forumu öz işinə başlamışdır.
Diasporla İş üzrə Dövlət Komitəsindən (DİDK) AzərTAc-a bildirmişlər ki, forumda Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərov, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, DİDK-in sədri Nazim İbrahimov, Moskva şəhəri Regionlararası əməkdaşlıq, milli siyasət və dini təşkilatlarla əlaqələr departamentini rəhbəri Yuri Artyuk, Türkiyənin Yalıkavak bələdiyyəsinin sədri Mustafa Saruhan iştirak etmişlər.
Forumda əsasən Rusiya Federasiyası, Ukrayna, Türkiyə və Avropa ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının rəhbərləri təmsil olunurlar. Qeyd edək ki, toplantıya ümumilikdə 200 nəfər qatılmıdır. 26 ölkədən 172 diaspor təşkilatlarının nümayəndəsinin qatıldığı tədbirdə iştirakçıların 157 nəfəri xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan icma və birliklərinin rəhbərləridir.
Azərbaycanın Dövlət himni səsləndirildikdən sonra çıxış edən DİDK-in sədri Nazim İbrahimov demişdir ki, forumun əsas məqsədi xarici ölkələrdə yaşayan azərbaycanlıların cəmiyyətə inteqrasiyası, hüquq və azadlıqlarının müdafiəsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində diaspor təşkilatlarımızın fəaliyyəti ilə bağlı məsələləri bir daha müzakirə etməkdir. Forumda biz daha çox problemlərə, diaspor təşkilatlarının səmərəli fəaliyyətinə maneə yaradan amillərə diqqət ayırmağa çalışacağıq.
Bildirilmişdir ki, ötən müddət ərzində Azərbaycan diasporu çox böyük inkişaf yolu keçmişdir. Əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş diaspor quruculuğu siyasəti dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızı vahid bir ideya – azərbaycançılıq ideyası ətrafında birləşdirməyə imkan yaradır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də ümummilli liderin siyasətini davam etdirərək, xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması, həmvətənlərimiz arasında birlik və həmrəyliyin gücləndirilməsinə xidmət edən bir sıra tarixi qərarlara imza atmışdır. Məhz dövlətimizin başçısının davamlı dəstəyi sayəsində biz qısa vaxt ərzində formalaşmış, müəyyən potensiala sahib olan diasporun yaradılmasına nail olmuşuq. Ötən il Dünya azərbaycanlılarının III qurultayı ərəfəsində Azərbaycan diasporunun 50-dən çox nümayəndəsi fəxri adlara və dövlət təltiflərinə layiq görülməsi, bu yaxınlarda Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Diasporla İş üzrə Dövlət Komitəsinə 3 milyon manat vəsaitin ayrılması və Komitənin əməkdaşlarının bir qrupunun təltif edilməsi bir daha dövlət başçısının diaspor quruculuğu işinə xüsusi önəm verdiyini və bizlərə dərin etimadının ifadəsidir. Biz hər birimiz öz fəaliyyətimizlə bu etimadı doğrultmağa çalışmalıyıq.
Prezident İlham Əliyevin Dünya azərbaycanlılarının III qurultayındakı nitqində Azərbaycan diasporunun qarşısında bir sıra vəzifələr qoyulduğunu xatırladan N.İbrahimov forumda keçiriləcək panellərdə bu vəzifələrin müzakirə ediləcəyini bildirmişdir. O, qeyd etmişdir ki, Forum çərçivəsində Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələrinin diaspor təşkilatları rəhbərləri ilə görüşləri də nəzərdə tutulmuşdur. Bu görüşlərin də əsas məqsədi ayrı-ayrı regionlarda, ölkələrdə Azərbaycan diasporunun problemlərini birgə müzakirə etməkdir. Sizdən bu müzakirələrdə çox fəal iştirak etməyi, öz təkliflərinizi, müzakirəyə çıxarılan bütün məsələlər haqqında rəyinizi bildirməyinizi xahiş edirik.”
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Forumda geniş nitqlə çıxış etmişdir. O, öz çıxışında Azərbaycan dövlətinin diaspor və lobbi quruculuğu sahəsində siyasətinin əsas aspektlərini, istiqamət və prioritetlərini təhlil etmiş, qarşıda duran vəzifələr haqqında fikirlərini səsləndirmişdir. Ə.Həsənov bildirmişdir ki Azərbaycan diasporunun hər bir nümayəndəsi xarici ölkədə öz Vətənini, öz xalqını təmsil edir. Bu toplantıda iştirak edənlər məhz öz ölkəsini, öz xalqını təmsil edən insanlardIr. Sizlər öz vaxtınızı müəyyən bir hissəsini bu missiyanı yerinə yetirməyə sərf edirsiniz. Hər bir diaspor nümayəndəsi, öz peşəsi, fəaliyyəti ilə yaşadığı ölkədə müəyyən mənada həm də öz xalqı haqqında təsəvvür yaradır.
Prezident Administrasiyasının şöbə müdiri qeyd etmişdir ki, bu toplantıda iştirak edənlərin əksəriyyəti Rusiyadakı Azərbaycan diasporunun nümayəndələridir və onlar daha mürəkkəb bir mühitdə və daha çətin şəraitdə fəaliyyət göstərirlər. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Dünya azərbaycanlılarının I qurultayında xaricdə yaşayan azərbaycanlıların fəaliyyət fəlsəfəsini ehtiva edən bir prinsip müəyyənləşdirmişdir. Hər bir azərbaycanlı yaşadığı ölkənin dəyərli vətəndaşı olmalıdır. Ə.Həsənov diasporun fəaliyyətinin ikinci mühüm şərti olaraq ümummilli lider Heydər Əliyevin “Hər bir xaricdə yaşayan soydaşımız azərbaycanlı olduğunu unutmamalıdır” prinsipini vurğulamışdır. O, qeyd etmişdir ki, azərbaycanlılar haqqında elə obraz formalaşdırılmalıdır ki, hər bir soydaşımız öz milli mənsubiyyəti ilə fəxr edə bilsin.
Əli Həsənov diqqətə çatdırmışdır ki, Azərbaycan Respublikası müstəqil bir dövlətdir və onun özünün siyasi, geostrateji, iqtisadi, hərbi və digər maraqları var və bu maraqların təmin olunmasında Azərbaycan diasporunun nümayəndələri də fəal iştirak etməlidirlər. Bunun ən vacib şərtlərindən biri ondan ibarətdir ki, Rusiyada yaşayan azərbaycanlılar məskunlaşdığı ölkənin dəyərli vətəndaşı olmalı, o ölkənin inkişafında mühüm yer tutmağı bacarmalıdırlar. Bu, nəticə etibarilə bizim ölkələrimiz arasında münasibətlərin inkişafına da müsbət impuls verir. Çünki Azərbaycan diasporu fəal olduğu, Rusiya cəmiyyətinin inkişafına töhfələr verdiyi təqdirdə Rusiya dövləti də Azərbaycan ilə münasibətlərdə bu amili nəzərə alacaqdır.
Azərbaycan dövlətinin diaspor quruculuğu işinə başqa ölkələrlə müqayisədə bir qədər gec başladığını qeyd edən Əli Həsənov Azərbaycan Prezidenti İlham Əliyevin son on ildə bu sahəyə xüsusi diqqət və qayğı ilə yanaşdığını bildirmişdir. O, qeyd etmişdir ki, Prezident İlham Əliyev dünyanın hər hansı ölkəsində yaşayan hər bir azərbaycanlının hüquq və azadlıqlarının qorunmasına xüsusi önəm verir.
Ə.Həsənov vurğulamışdır ki, azərbaycanlıların təşkilatlanması, ictimai-siyasi fəallığının yüksəldilməsi bizim üçün prioritet məsələlərdir. Ötən müddətdə bu sahədə müəyyən işlər görülmüşdür və Diasporla İş üzrə Dövlət Komitəsi də üzərinə düşən vəzifələri uğurla həyata keçirir. Əlbəttə bu o demək deyil ki, bizim bütün problemlərimiz həll olunmuşdur Lakin qısa vaxtda böyük nailiyyətlər əldə edilmişdir.
Moskva şəhəri Regionlararası əməkdaşlıq, milli siyasət və dini təşkilatlarla əlaqələr departamentini rəhbəri Yuri Artyuk isə çıxışında Azərbaycan diasporunun Rusiyada fəal olduğunu bildirmişdir. O, demişdir ki, Azərbaycan diasporu ilə çox sıx əməkdaşlıq əlaqələri var və azərbaycanlıların milli bayramlarının qeyd olunması ilə bağlı bir sıra tədbirlərə Moskva hökuməti dəfələrlə dəstək vermişdir. Y.Artyuk Moskva hökumətinin Diasporla İş üzrə Dövlət Komitəsi ilə də səmərəli əməkdaşlıq əlaqələrinin mövcud olduğunu diqqətə çatdırmışdır.
Fasilədən sonra “Ümumrusiya Azərbaycan Konqresi Rusiya Federasiyasında yaşayan azərbaycanlıların birlik modeli kimi” mövzusunda keçirilən I Panel iclası öz işinə başlamışdır. Panel iclasını açan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri qeyd etmişdir ki, Rusiya Federasiyası azərbaycanlıların ən çox yaşadığı xarici ölkələrdən biridir və ən böyük Azərbaycan diasporu məhz bu ölkənin ərazisində fəaliyyət göstərir. 2001-ci ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə Rusiyada ən böyük Azərbaycan diaspor təşkilatlarından biri Ümumrusiya Azərbaycan Konqresi yaradılmışdır. Fəaliyyət göstərdiyi müddət ərzində konqres həmvətənlərimizin təşkilatlanması, hüquq və azadlıqlarının qorunması, cəmiyyətə inteqrasiyası, eyni zamanda iki ölkə arasında münasibətlərin inkişafına öz töhfələrini vermişdir. Rusiyadakı Azərbaycan diasporu fəaliyyət göstərdiyi şərtlər, ictimai mühit, cəmiyyətə inteqrasiya səviyyəsi digər ölkələrlə müqayisədə kifayət qədər fərqlidir. Bu baxımdan Ümumrusiya Azərbaycan Konqresi Rusiyada yaşayan azərbaycanlıların uğurlu birlik modeli kimi özünü doğrultmuşdur. N.İbrahimov bildirmişdir ki, Rusiyanın bütün regionlarında fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının nümayəndələrinin burada iştirakı bizim müzakirələri kifayət qədər səmərəli şəkildə qurmağımıza imkan verir.
Ümumrusiya Azərbaycan Konqresinin baş katibi Mikayıl Hüseynov təşkilatın 11 illik fəaliyyəti ərzində azərbaycanlıların təşkilatlanması, hüquq və azadlıqlarının qorunması sahəsində bir sıra uğurlu tədbirlərin həyata keçirildiyini qeyd etmişdir. Dünya azərbaycanlılarının I və II qurultaylarında Rusiyadakı Azərbaycan diasporu fəallarının bir qrupunun Azərbaycan Respublikası Prezidenti tərəfindən təltif olunduğunu xatırladan M.Hüseynov bunu dövlət qayğısının təzahürü kimi qiymətləndirmişdir. O, ÜAK-ın Rusiyanın ictimai-siyasi həyatında fəal iştirak etdiyini və iki ölkə arasında münasibətlərin inkişafına töhfə verməyə çalışdığını vurğulamışdır.
Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının Mərkəzi Şurasının üzvü Emin Hacıyev Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla Əliyevanın forum iştirakçılarına salamlarını çatdırmışdır. E.Hacıyev RAGT-nin ötən dövrdəki fəaliyyəti ilə bağlı məlumat vermiş, təşkilat tərəfindən keçirilən tədbirlərin əhəmiyyətindən danışmışdır.
ÜAK-ın baş katibinin müavini Nemət Nağdəliyev son illərdə gənclərin diaspor quruculuğu işində daha fəal iştirak etdiyini bildirmiş, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında xaricdə təhsil alan tələbəlin xüsusi fəallıq göstərdiyini diqqətə çatdırmışdır.
ÜAK-ın Mərkəzi Şurasının üzvü professor Tofiq Məlikov, Sankt-Peterburqun “Azərbaycan icması” Cəmiyyətinin sədri Heydər İmanov, ÜAK-ın Yakutiya regional bölməsinin sədri Rafiq Qafarov, ÜAK-ın Murmansk regional bölməsinin sədri Afil Hüseynov öz çıxışlarında Azərbaycan diasporunu narahat edən problemlərdən danışmış, müxtəlif problemlərin həlli ilə bağlı təkliflərini səsləndirmişlər.
Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərov, Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, DİDK-in sədri Nazim İbrahimov müzakirələr zamanı qaldırılan məsələlərlə bağlı fikirlərini bildirmiş, forum iştirakçılarının suallarını cavablandırmışlar.
Bu gün Azərbaycanın yunan-roma güləşçiləri London Yay Olimpiya oyunlarında mübarizəyə start verəcəklər.
Emin Əhmədov 1/4 final mərhələsində Gürcüstan təmsilçisi Zurabi Datunaşvili ilə döyüşdə 4:0 hesabı ilə qalib gələrək yarımfinala adladı!
Onun yarımfinaldakı rəqibi erməni Arsen Culfalakyan olacaq.
Rövşən Bayramov isə Çin təmsilçisi Li Şujinə 2:0 hesabı ilə qalib gələrək 1/2 finala adladı.
Azərbaycanın Qəbələ rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Qəbələ Rayon Polis İdarəsindən verilən məlumata görə, Qəbələ-Oğuz yolunun 80-ci kilometrliyində, rayonun Mirzəbəyli kəndi ərazisində 1993-cü il təvəllüdlü Orxan Elxan oğlu Allahyarovun idarə etdiyi “Mercedes” markalı avtomobil ağaça çırpılıb.
Qəzaya sürücünün idarəetməni itirməsi səbəb olub. Sürücü hadisə yerində keçinib, onun sərnişini isə yaralı halda xəstəxanaya çatdırılıb.
Cəsədin və yaralının maşından çıxarılması üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri çağırılıb. Onlar xüsusi alət və avadanlıqlarla O.Allahyarovun cəsədini və yaralını maşından çıxarıblar.
Sabah Azərbaycan ərazisində isti hava şəraiti davam edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildiriblər ki, Bakıda və Abşeron yarımadasında avqustun 6-da hava günəşli keçəcək. Bakıda gecə 24-26, gündüz 36-38 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan aşağı - 755 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-75 faiz, gündüz 40-45 faiz olacaq.
Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə, Zuğulbada 25-26, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27, Türkan, Hövsan, Sahil, Şıxda 27-28 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanən əksər regionlarında hava yağmursuz və isti keçəcək. Temperatur 20-25, gündüz isə 33-40 dərəcə olacaq.
Bakı-Qazax yolunun Ucar rayonundan keçən hissəsində azyaşlının ağır xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi qeydə alınıb.
Hadisə bu gün səhər saatlarında Ucar rayonunun Müsüslü kəndi ərazidində baş verib.
Belə ki, Bakıya getmək istəyən Ağcabədi rayon sakini maşında halı pisləşdiyi üçün avtomobili yol kənarında saxlayıb. Bu vaxt maşında nəzarətsiz qalmış azyaşlı, 2007-ci il təvəllüdlü Əli Əliquliyev magistrala çıxıb. Qarşıdan gələn "KamAZ markalı maşın azyaşlını vurub.
Uşaq Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanadan bildirilib ki, uşaq ağır kəllə-beyin travması alıb, ona ilkin tibi yardım göstərildikdən sonra Bakıya yola salınıb.
Faktla bağlı araşdırma aparılır.
II qrupda maksimal nəticə göstərən - 700 bal toplayan abituriyentin kimliyi bilindi.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) avqustun 3-də 2012/2013-cü tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə sonuncu - II ixtisas qrupu üzrə qəbul imtahanı keçirib.
TQDK-dan verilən məlumata görə, 2012-ci ildə II qrup üzrə 22867 abituriyent ərizə təqdim edib. Lakin ilkin məlumatlara görə, 550 abituriyent müxtəlif səbəblərdən imtahana gəlməyib. Qayda pozuntularına yol verən 19 abituriyent isə imtahan zallarından xaric olunub.
II ixtisas qrup üzrə cavab kartlarının emalına bu gündən başlanılıb və gələn həftənin əvvəlində abituriyentlərin nəticələrinin TQDK-nın internet saytında yerləşdirilməsi nəzərdə tutulur.
Dünən sualların düzgün cavablarının açıqlanması ilə II ixtisas qrupunda maksimum nəticə göstərən - 700 bal toplayan abituriyentlərdən hələlik biri məlum olub. Həmin abituriyent Türkiyə Diyanət Vəqfi Bakı Türk Liseyinin məzunudur.
Bakı Türk Liseyinin müdiri Kadir Bektaşoğlu da açıqlamasında məlumatı təsdiqləyib. O, əməkdaşımıza bildirib ki, II ixtisas qrupu üzrə qəbul imtahanında düzgün cavablar elan olunduqdan sonra Bakı Türk Liseyinin məzunu Nərgiz Məzahirqızının 700 bal toplayaraq ölkə birincisi adı qazandığını dəqiqləşdiriblər.
Xatırladaq ki, bundan öncə keçirilən III qrupun imtahanlarında 1 abituriyent - Sabunçudakı 72 saylı məktəb-liseyin məzunu Xeyransa Əliyeva, IV qrupun imtahanında isə 2 abituriyent Bakı Türk Liseyinin məzunları Kamran Həmidov və Kamil Sərdarlı da 700 bal toplaya bilmişdi.
3-cü mikrorayon dairəsində yanğın var.
Yanğın binaların arasında yerləşən kafenin həyətində başlayıb. Əhali arasında təşviş yaşanır. Hazırda hadisə yerində Fövqəladə Hallar Nazirliyinin 2 yanğınsöndürən briqadası yanğını söndürməklə məşğuldur. Yanğının yaşayış binalarına və elektrik xətlərinə keçməsinə imkan verilmir.
Yanğın qəfil baş verib. Ərazini güclü tüstü bürüyüb. Hələlik yanğının səbəbləri məlum deyil.
Yaxın günlərdə ölkə ərazisində isti hava şəraitinin davam edəcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən günəşli keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 22-26, gündüz 33-38 dərəcə isti təşkil edəcək.
Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 25-26, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27, Türkan, Hövsan, Şıx, Sahildə 27-28 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 33-38, bəzi yerlərdə 40, dağlarda gecə 13-18, gündüz 25-30 dərəcə isti olacaq.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası II ixtisas qrupu üzrə qəbul imtahanında istifadə olunmuş test tapşırıqlarının düzgün cavablarını açıqlayıb.
Komissiyadan şənbə günü verilən məlumata görə, həm Azərbaycan, həm rus bölməsi üzrə imtahanın düzgün cavabları TQDK rəsmi saytında yerləşdirilib.
2012/2013-cü tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə II ixtisas qrupu üzrə dünən keçirilən qəbul imtahanında iştirak üçün 22 867 abituriyent ərizə təqdim etmişdi.
II ixtisas qrupu üzrə sənəd verənlərin 20 177 nəfəri Azərbaycan bölməsinin, 2690 nəfəri isə rus bölməsinin məzunudur. Abituriyentlərin 14 611 nəfərini oğlanlar, 8256 nəfərini isə qızlar təşkil edir.
İlkin məlumatlara görə, 550 abituriyent imtahanlara gecikmə və digər səbəblərdən iştirak etməyib. İmtahan zamanı qayda pozuntularına yol verən 19 abituriyent imtahandan xaric olunub.
Azərbaycanda 2012/2013-cü tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə II ixtisas qrupu üzrə keçirilən qəbul imtahanı başa çatıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən verilən məlumata görə, sabahdan etibarən cavab kartlarının emalına başlanacaq. Hazırda müstəqil ekspertlər tərəfindən II ixtisas qrupu üzrə test suallarının ekspertizası aparılır. Saat 19.00-da isə “Space” telekanalında canlı yayımlananan “Abituriyent” verilişində TQDK-nın məsul əməkdaşları və ekspertləri tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları açıqlanacaq.
İmtahanda istifadə olunan sualların düzgün cavabları eyni zamanda TQDK-nın saytında da yerləşdiriləcək. II ixtisas qrupu üzrə imtahan verən abiturieyntlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr qısa müddətdə TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatları həmçinin mobil telefonla 7727 nömrəsinə iş nömrələrini göndərməklə öyrənə biləcəklər.
Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, erməni silahlı bölmələri dünən və ötən gecə Xocavənd rayonunun Kuropatkino kəndi; Füzuli rayonunun Horadiz şəhəri; Ağdam rayonunun Sarıcalı kəndləri yaxınlığında, Gədəbəy, Goranboy və Cəbrayıl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.
Düşmən cavab atəşi ilə susdurulub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 21-26, gündüz 32-37 dərəcə isti təşkil edəcək.
Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 25-26, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27, Türkan, Hövsan, Şıx, Sahildə 27-28 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 33-38, bəzi yerlərdə 40, dağlarda gecə 13-18, gündüz 25-30 dərəcə isti olacaq.
Avqustun 04-05-də ölkə ərazisində hava şəraitinin isti, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 2-də Bakının Suraxanı rayonunun Yeni Suraxanı qəsəbəsindəki 85 nömrəli tam orta məktəbin yeni korpusunun açılış mərasimindən sonra Bülbülə qəsəbəsindəki 268 nömrəli körpələr evi-uşaq bağçasının əsaslı yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olmuşdur.
2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında məktəblərin və uşaq bağçalarının əsaslı təmir və yenidən qurulması ilə bağlı nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq Suraxanı rayonunun Bülbülə qəsəbəsindəki 268 nömrəli körpələr evi-uşaq bağçası da əsaslı şəkildə yenidən qurulmuşdur.
Dövlətimizin başçısına 268 nömrəli körpələr evi-uşaq bağçasında görülən işlərlə bağlı məlumat verildi. Bildirildi ki, bağçanın binası 1989-cu ildə inşa olunub, Azərbaycan Prezidentinin tapşırığı ilə 2012-ci ildə əsaslı şəkildə yenidən qurulub. Bağçada 240 nəfərdən ibarət 12 qrup fəaliyyət göstərir. Əsaslı təmir və yenidənqurma işlərindən sonra körpələr evi-uşaq bağçasında hər cür şərait yaradılıb. Uşaqların yataq otaqları, əyləncə yerləri, mətbəx və digər sahələr ən müasir standartlar səviyyəsində yenidən qurulub.
Körpələr evi-uşaq bağçası ilə yaxından tanış olan dövlətimizin başçısı müvafiq tapşırıqlarını verdi.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası avqustun 3-də 2012/2013-cü tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə II ixtisas qrupu üzrə qəbul imtahanı keçirir.
Komissiyanın mətbuat xidmətindən Trend-ə bildiriblər ki, imtahan 6 şəhərdə - Bakıda 22, Naxçıvanda 2, Gəncədə 5, Sumqayıtda 4, Şəkidə 3, Lənkəranda 3 binada keçiriləcək.
Orta ümumtəhsil müəssisələrindən 1723 nəzarətçi-müəllimin iştirak edəcəyi imtahana 166 imtahan rəhbəri cəlb olunub. İmtahanın gedişini işıqlandırmaq üçün - 60-dək KİV nümayəndəsi TQDK-da akreditasiyadan keçib.
2012-ci ildə II qrup üzrə 22867 abituriyent ərizə təqdim edib.
Naxçıvan şəhərində yalnız Naxçıvan Muxtar Respublikasında yaradılmış Sənəd Qəbulu Komissiyalarında (SQK) ərizəsini təsdiq etdirmiş abituriyentlər imtahan verəcəklər.
II ixtisas qrupu üzrə sənəd verənlərin 20177 nəfəri Azərbaycan bölməsinin, 2690 nəfəri isə rus bölməsinin məzunudur. Abituriyentlərin 14611 nəfərini oğlanlar, 8256 nəfərini isə qızlar təşkil edir.
14521 nəfər orta ümumtəhsil məktəblərinin builki məzunudur. 7393 nəfər orta ümumtəhsil məktəblərini əvvəlki illərdə bitirən məzunlardır. Bu ixtisas qrupu üzrə təhsil almaq istəyən 124 abituriyent xarici ölkələrin vətəndaşıdır. 73 abituriyent ali təhsillidir və II ixtisas qrupu üzrə ikinci ali təhsil almaq arzusundadır.
880 abituriyent orta ixtisas təhsili müəssisələrinin məzunudur. Ən yaşlı abituriyent 1955-ci ildən, ən gənc isə 1997-ci ildəndir.
Bakı şəhərində 13794 abituriyent, Naxçıvanda 1008 abituriyent, Gəncədə 2692, Sumqayıtda 2600 abituriyent, Şəkidə 1385 abituriyent, Lənkəranda isə 1388 abituriyent imtahan verəcək.
İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlanacaq və 3 saat ərzində aparılacaq.
II ixtisas qrupu üzrə qəbul imtahanında iştirak etmək üçün ərizə vermiş abituriyentlər iyulun 27-dən etibarən TQDK-nın internet saytına daxil olaraq "İmtahana buraxılış vərəqəsi"ni çap edirlər. Buraxılış vərəqəsi ilə yanaşı, onlara "Yaddaş kitabçası"ndan çıxarış da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.
İmtahan binasına giriş zamanı uzərində mobil telefon, konspekt və digər yardımcı vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib olunaraq, onların imtahan sənədləri alınacaq və imtahan binasına buraxılmayacaqlar.
İmtahandan dərhal sonra müstəqil ekspertlər tərəfindən II ixtisas qrupu üzrə test suallarının ekspertizası aparılacaq. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları eyni zamanda TQDK-nın internet saytında yerləşdiriləcək.
II ixtisas qrupu üzrə imtahan vermiş abituriyentlərinin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr qısa müddətdə TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahanın nəticələri barədə məlumatı həmçinin mobil telefonla 7727 nömrəsinə iş nömrələrini göndərməklə öyrənə biləcəklər.
Bütün qruplar üzrə ixtisas seçimi avqustun 7-dən 16-dək internet vasitəsilə aparılacaq.
Tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə daxil olmaq istəyən və müsabiqə şərtlərini ödəyən abituriyentlər ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri elan olunduqdan sonra TQDK tərəfindən təyin olunacaq müddətdə elektron ərizələrinə daxil olub, orta ixtisas təhsili müəssisələrinin ixtisaslarını seçə biləcəklər.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və onu müşayiət edən nümayəndə heyətinin Argentina və Uruqvaya səfərləri bu ölkələrin, habelə Latın Amerikasının kütləvi informasiya vasitələrinin diqqət mərkəzində olub və səfərlərlə əlaqədar çoxsaylı məlumatlar dərc olunub.
İlk növbədə Argentina Prezidenti Administrasiyasının rəsmi xəbərlər portalı olan "Prensa Argentina" səfərə böyük diqqət yetirib və səfərlə bağlı çoxsaylı məlumatlar yayıb. Belə ki, portalda dərc olunan məlumatlarda nazir Məmmədyarovun Argentina Prezidenti Kristina Fernandez de Kirçner tərəfindən qəbul edilməsi, Argentina xarici işlər naziri Hektor Timermanın azərbaycanlı həmkarı ilə görüşü, iki ölkənin xarici işlər nazirləri tərəfindən iqtisadi və ticarət sahəsində hökumətlərarası sazişin imzalanması və nazirlərin mətbuata verdiyi açıqlamalar, Argentinanın sənaye naziri Deborah Giorgi və Azərbaycanın iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərovun görüşü, Azərbaycan nümayəndə heyətinin tərkibində olan şirkətlərin Argentinanın ən böyük süd emalı kompleksi olan "Serenissima" şirkətində keçirdiyi görüşlərdən bəhs olunub.
Səfərlə əlaqədar olaraq Argentina Xarici İşlər Nazirliyi tərəfindən yayılmış geniş mətbuat açıqlamasında Azərbaycan nümayəndə heyətinin səfəri zamanı keçirilmiş görüşlər və aparılmış müzakirələr əhatə olunub.
Həmçinin Argentina dövlət xəbər agentliyi olan TELAM, ölkənin aparıcı məlumat portallarından olan "Noticias Terra", "Pagina 12" qəzeti, "Prensa Latina" portalı, "IProessional" və "La voz" xəbərlər portalları səfəri geniş işıqlandırıblar.
Uruqvaya səfər çərçivəsində ölkə Prezidenti Administrasiyası tərəfindən yayılan məlumat Uruqvay Xarici İşlər Nazirliyinin internet səhifəsində də yerləşdirilib. Bu yazılarda Uruqvay Prezidenti Xose Muxika ilə nazir Elmar Məmmədyarov arasında keçirilmiş görüş vaxtı müzakirə edilmiş məsələlər, Uruqvay-Azərbaycan əməkdaşlığının perspektivləri, habelə Azərbaycan iqtisadiyyatı haqqında məlumatlar əks olunub.
Habelə Uruqvay Baş Assambleyası tərəfindən məlumat dərc edilib. Məlumatda nazir Məmmədyarovun Uruqvayın vitse-prezidenti və Baş Assambleyasının prezidenti Danilo Astori, həmçinin səfər zamanı keçirdiyi digər görüşlər, Uruqvay Parlamentində Azərbaycanla dostluq qrupunun yaradılması, ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərindən bəhs edilir.
Səfərlə bağlı Uruqvay Xəbərlər Agentliyi olan "UYPRESS" tərəfindən dərc edilən məqalədə Azərbaycan iqtisadiyyatının xarakterik xüsusiyyətləri, ölkəmizin iqtisadi nailiyyətləri, Azərbaycan-Uruqvay iqtisadi əməkdaşlığının perspektivləri və nazir Məmmədyarovun Uruqvaya səfəri kimi mövzular əhatə olunub.
Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Temperatur gecə 20-25, gündüz 30-35 dərəcə isti olacaqdır.
Bakıda gecə 22-24, gündüz 32-34 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 758 millimetr civə sütunundan 760 millimetr civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70 faiz, gündüz 45-55 faiz olacaqdır.
Abşeronun çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə, Zuğulbada 25-26, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27 dərəcə, Türkan, Hövsan, Sahil, Şıxda 27-28 dərəcə isti olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında gündüz hava əsasən, yağmursuz keçəcəkdir. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı vardır. Temperaturun gecə 17-21, gündüz 32-37 dərəcə isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən, yağmursuz keçəcəkdir. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı ehtimalı vardır. Temperaturun gecə 11-16, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında hava əsasən, yağmursuz keçəcəkdir. Temperaturun gecə 18-23, gündüz 31-36 dərəcə isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında hava əsasən, yağmursuz keçəcəkdir. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı vardır. Temperaturun gecə 16-21, gündüz 29-34 dərəcə olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan,Neftçala rayonlarında hava əsasən, yağmursuz keçəcəkdir. Temperaturun gecə 20-25, gündüz 32-37 dərəcə isti olacağı gözlənilir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında hava əsasən, yağmursuz keçəcəkdir. Temperaturun gecə 20-24, gündüz 30-35 dərəcə isti, dağlarda gecə 12-17, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.