Azərbaycanın Qubadlı rayonunun Ermənistan tərəfindən işğalından 19 il ötür
30 avqust 2012 19:44

 

Azərbaycanın Qubadlı rayonunun Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmasından bu gün 19 il ötür. Qubadlı rayonu erməni işğalçıları tərəfindən 31 avqust 1993-cü ildə zəbt olunub.

Qubadlı rayonu əlverişli coğrafi mövqeyi, təkrarsız təbiəti, yalçın qayaları və sıldırım dağları ilə fərqlənir, Bərgüşad və Həkəri çayları ona xüsusi rövnəq verir.

Rayonun müdafiəsi zamanı 283 könüllü qəhrəmancasına həlak olub, onların yeddisi Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Erməni silahlı birləşmələrinin əlindən qurtulmuş insanlar hazırda respublikanın 47 bölgəsində məskunlaşıblar.

Qubadlı rayonu inzibati vahid kimi 1933-cü ildə yaradılıb.

Rayon ərazisində müxtəlif növ ağaclardan ibarət 13 160 hektar dövlət meşə fondu mövcud idi. Qubadlı rayonunda 150-1600 illər arasında olan nadir növlərdən ibarət 10-dan artıq iri diametrli ağaclar təbiət abidəsi kimi qorunurdu. Dəniz səviyyəsindən 1600 metr yüksəklikdə yerləşən və sahəsi 20 min hektar olan, zəngin flora və faunaya malik Qubadlı Dövlət Təbiət Yasaqlığında nəsli kəsilməkdə olan bir çox heyvan və quş növləri mühafizə olunurdu.

Qubadlı rayonunun ərazisində ehtiyatları 6247 min kubmetr və mişar daşı üçün yararlı, istismara cəlb olunmuş Hacılı tuf, ehtiyatları 990 min kubmetr olan tikintiyə yararlı Xanlıq kəndində yerləşən gil, ehtiyatları 1,1 min ton olan Eyvazlı bəzək-əlvan (əqiq) və Həkəri çayı sahilində ehtiyatları 84 min kubmetr /gün olan yeraltı şirin su yataqları var idi.

Erməni işğalçıları tərəfindən rayon ərazisində geniş sahələri əhatə edən qiymətli ağac növlərindən ibarət meşələr, böyük ehtiyata malik yeraltı sərvətlər, mineral maddələrlə zəngin su mənbələri istismar olunu b , özünün qeyri-adi flora və faunası ilə seçilən əsrarəngiz təbiət guşələri dağıdılıb və məhv edilib.

Avqustun 31-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
30 avqust 2012 19:37

 

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Temperatur gecə 19-23, gündüz 26-30 dərəcə isti olacaq.

Bakıda gecə 20-22, gündüz 27-29 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 756 millimetr civə sütunundan 761 millimetr civə sütununa yüksələcək, nisbi rütubət gecə 65-75 faiz, gündüz 50-60 faiz olacaq.

Abşeronun çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə, Zuğulbada 24-25, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26, Türkan, Hövsan, Sahil, Şıxda 26-27 dərəcə isti olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında hava, əsasən, yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı ehtimalı var. Temperaturun gecə 17-22, gündüz 28-33 dərəcə isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında gün ərzində, əsasən, yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var.  Temperaturun gecə 9-14, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dağlıq ərazilərdə dolu düşəcəyi ehtimalı var.  Temperaturun gecə 16-21, gündüz 26-31 dərəcə isti olacağı gözlənilir.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında gün ərzində hava, əsasən, yağmursuz keçəcək. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var.  Temperaturun gecə 13-18, gündüz 20-25 dərəcə olacağı gözlənilir.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.

Temperaturun gecə 18-23, gündüz 28-33 dərəcə isti olacağı gözlənilir.

Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında gün ərzində hava, əsasən, yağmursuz keçəcək. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Temperaturun gecə 19-23, gündüz 27-32, dağlarda gecə 12-17 dərəcə, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz

Sentyabrın 3-dək Abşeron yarımadasında davamlı xəzri küləyinin gətirdiyi sərinlik müsbət amil olsa da, güclü külək meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Xəbərdarlıq

Sentyabrın 3-dək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, yarımadanın bəzi yerlərində 30-32 m/s-dək güclənəcəyi gözlənilir.

Azərbaycan Paralimpiya Oyunlarında ilk qızıl medalını qazandı
30 avqust 2012 19:32

 

Böyük Britaniyanın paytaxtı Londonda XIV Paralimpiya Oyunları davam edir.

Bu gün London Yay Paralimpiadasında cüdo yığmamızın iki üzvü mübarizəyə qoşulub. Azerisport.az xəbər verir ki, bunlar 60 kq-da yarışan Ramin İbrahimovla 66 kq-da çıxış edən Bayram Mustafayev idi.

Ramin İbrahimov startda koreyalı Min-Ca Lini mübarizədən kənarlaşdırmalıydı. O, bu rəqibini ipponla məğlub edərək, 1/4 finala çıxıb. Bu mərhələdə təmsilçimiz Fransa atleti Kevin Villemontla qarşılaşıb və onu da yenərək, yarımfinala adlayıb. İbrahimov yarımfinalda yaponiyalı Takahaki Hirai ilə qarşılaşmanı da qalib bitirib və finala yüksəlib. Həlledici görüşdə həmyerlimizi çinli Li Hiadonq gözləyirdi. İbrahimov onu da yenərək, ən yüksək pilləyə qalxıb və Azərbaycana ilk qızıl medalı qazandırıb.

Mustafayev isə ilk görüşünü Rusiya cüdoçusu Viktor Rudenkoya qarşı keçirib. Bayram da ilk rəqibini məğlub edib və mərhələ adlayıb. Amma 1/4 finalda o, Çin cüdoçusu Syu Jao ilə bacarmayıb və məğlubiyyətlə üzləşib. Onun təsəlliverici görüşlərdə qalib gələrək, bürünc medal qazanmaq şansı olsa da, Əlcəzair təmsilçisi Əli Lamriyə uduzaraq, çıxışını uğursuz başa vurub.

Avropa Liqası: "Neftçi" tarixi zəfər qazandı
30 avqust 2012 19:25

 

Bu axşam Avropa Liqasında play-off mərhələsinin cavab görüşlərinə yekun vuruldu.

"Apoel"-"Neftçi" matçı klubumuzun qələbəsi ilə başa çatdı.

Bu gün futbol üzrə UEFA Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilib. Azərbaycan çempionu “Neftçi” də bu turnirdə növbəti oyununa çıxıb.

Məlum olduğu kimi, komandamız avrokubokların cari mövsümünə Çempionlar Liqasının ikinci təsnifat mərhələsindən start vermişdi. İlk cəhdində Gürcüstan çempionu “Zestafoni”ni mübarizədən kənarlaşdıran “ağ-qaralar” eyni uğuru üçüncü təsnifat mərhələsinin İsrail “Hapoel”iylə (Kiryat Şmona) mübarizədə təkrarlaya bilməmişddi.

 Amma reqlamentə əsasən Azərbaycan təmsilçisi hələ Avroliqada da mübarizə aparmaq şansına malik idi. Nüfuzuna görə qitənin ikinci dərəcəli klub turnirinin pley-off mərhələsində “Neftçi” APOEL (Kipr) səddini keçməliydi.

Paytaxt klubu Nikosiya təmsilçisini mübarizədən kənarlaşdırmaqla böyük bir tarixi uğura imza ata bilərdi. İlk görüşdə 1:1 hesablı heç-heçəyə razılaşan “neftçilər”ə cavab matçında mütləq qalib gəlməli, və ya bol qollu heç-heçəyə nail olmalıydı.

Azərbaycan çempionu isə bəlkə də çoxlarının gözləmədiyi halda möhtəşəm qələbəyə imza atıb. 3:1 hesablı qələbə "ağ-qaralar"ın həm uzun illər öncə bu kluba avrokuboklardakı məğlubiyyəti, həm də Türkiyə bayraqarını yandırması və Ermənistan bayrağını qaldırmasına tutarlı cavab olub. Amma ən əsası isə ilk dəfə Azərbaycan klubu avrokubokların qrup mərhələsinə vəsiqə qazanıb!!!

Azərbaycan XİN başçısı: "Şairlərin hələ də həbsdə olması Azərbaycan-İran münasibətlərinə mənfi təsir göstərir"
30 avqust 2012 15:00

 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İranda keçirilən Qoşulmama Hərəkatının Zirvə toplantısında iştirakı çərçivəsində İranın neft naziri Rüstəm Qasəmi ilə görüşüb.

Azərbaycan XİN-in mətbuat xidmətindən verilən məlumata görə, görüşdə iki ölkə arasında əməkdaşlıq perspektivləri müzakirə edilib və əməkdaşlıq üçün potensialın mövcudluğu vurğulanıb.

Məmmədyarov Azərbaycan vətəndaşları olan iki şair Şəhriyar Hacızadənin və Fərid Hüseynovun hələ də həbsdə olmasının iki ölkə arasındakı münasibətlərə mənfi təsir göstərdiyini İran rəsminin diqqətinə çatdırıb.

Azərbaycan Prezidenti İlham Əliyev "TeliaSonera" şirkətinin prezidentini qəbul edib
30 avqust 2012 14:59

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 30-da “TeliaSonera” şirkətinin prezidenti Lars Nuberqi qəbul edib.

“TeliaSonera” şirkətinin prezidenti Lars Nuberq ölkəmizdə informasiya-kommunikasiya texnologiyaları sahəsinin dinamik şəkildə inkişaf etdiyini yüksək qiymətləndirdi. O, “Azərcell” şirkətinə ölkəmizdə 3G və 4G mobil texnologiyalarının tətbiqi üçün yaradılan şəraitə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.

İnformasiya-kommunikasiya texnologiyaları sektorunun Azərbaycanda prioritet sahə olduğunu vurğulayan Prezident İlham Əliyev internetin ən müasir vasitələrlə ölkənin bütün ərazilərinə çatdırılması istiqamətində işlər görüldüyünü dedi.

Görüşdə Azərbaycanın təşəbbüsü ilə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən qəbul edilən xüsusi qətnamə əsasında həyata keçirilən “Transavrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsinə “TeliaSonera” şirkətinin verdiyi dəstəyin önəmi qeyd olundu, Azərbaycan Hökumətinin BMT ilə birgə keçirdiyi İnternet İdarəçilik Forumunun əhəmiyyəti vurğulandı.

Azərbaycan rayonuna təbii qazın verilişində fasilələr yaranacaq
30 avqust 2012 14:51

 

Kürdəmirdə təbii qaz fasilələrlə veriləcək.

Təmir işləri ilə əlaqədar olaraq 31 avqust 2012-ci il tarixdə saat 09:00-dan 18:00-dək "Ağsu" qazpaylayıcı stansiyasından təbii qaz təchizatı dayandırılacaq.

ARDNŞ-nin rəsmi saytı məlumat verir ki, təmir işləri aparılan müddətdə Kürdəmir rayonuna təbii qazın verilişində fasilələr yaranacaq.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi uşaqların I sinfə qəbulu ilə bağlı valideynlərə müraciət edib
30 avqust 2012 11:08

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) orta məktəblərin I sinfinə uşaqların qəbulu ilə bağlı valideynlərə müraciət edib.

BŞTİ-nin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı açıqlamasında bildirib ki, valideynlər məktəblərdə uşaqlarını I sinfə qəbul edilməsi üçün yalnız tələb olunan sənədləri təqdim etməlidirlər: “Əgər sənədlərin təqdimatı zamanı onların narazılığına səbəb ola biləcək hər hansı məsələ ilə qarşılaşsalar, Bakı Şəhəri üzrə Təhsil İdarəsində fəaliyyət göstərən 441 06 99 nömrəli “qaynar xətt”ə müraciət eləsinlər. Biz həmin problemləri operativ şəkildə həll edəcəyik. Bəzi mətbu orqanlarda guya I siniflərə qəbul zamanı valideynlərdən nəyinsə umulması barədə xəbərləri təkzib edirik. Belə hal yoxdur. Əgər varsa, bizim “qaynar xətt”ə müraciət eləsinlər və biz də bu müraciətləri ciddi şəkildə araşdıraq”.

Z. Əliqızı deyib ki, bu il Bakının orta məktəblərinə təkcə 30 minə yaxın I sinif şagirdinin gedəcəyi gözlənilir. I siniflərə qəbul Təhsil Nazirliyinin təsdiq etdiyi qaydalara uyğun həyata keçirilir. Belə ki, sentyabrın 15-dək 6 yaşı tamam olan uşaqların valideynləri istənilən məktəbi seçib uşaqlarının təhsilini həmin məktəblərdə təşkil edə bilərlər. Sentyabrın 15-dən noyabrın 1-nə qədər 6 yaşı tamam olan uşaqlar orta təhsil müəssisələrində yaradılmış komissiyalara müraciət etməlidirlər. Noyabrın 1-dən sonuna qədər olan müddətdə 6 yaşı tamam olan uşaqların I sinfə getməsi ilə bağlı isə Təhsil Nazirliyində yaradılan komissiyaya müraciət etmək olar. Orada həmin uşaqların bilik səviyyələri araşdırılır və əgər həmin komissiyalar müsbət rəy verərlərsə, o uşaqlar I siniflərdə təhsil ala bilərlər. Artıq Bakının əksər müəssislərində I sinfə qəbul başa çatıb. Valideynlərin böyük əksəriyyəti may-iyun aylarında övladlarının təhsil alacaqları məktəbləri müəyyənləşdiriblər.

Azərbaycan və Suriyanın xarici işlər nazirləri regiondakı prosesləri müzakirə ediblər
30 avqust 2012 11:00

 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İranda keçirilən Qoşulmama Hərəkatının Zirvə toplantısında iştirakı çərçivəsində Suriya tərəfinin təşəbbüsü əsasında bu ölkənin xarici işlər naziri Valid əl-Muallem ilə görüşüb.

XİN-in mətbuat xidmətinin verdiyi məlumata görə, görüşdə Azərbaycanın BMT Təhlükəsizlik Şurasındakı qeyr-daimi üzvlüyü ilə bağlı fikir mübadiləsi aparılıb.

Hər iki ölkənin süverenliyi və ərazi bütövlüyü ilə bağlı qarşılıqlı dəstək ifadə olunub.

Məmmədyarov tərəfindən ölkəmizin Yaxın Şərqdəki, o cümlədən Suriyadakı proseslərlə bağlı mövqeyi bir daha səsləndirilib.

Sinoptiklər Bakı sakinlərinə xəbərdarlıq etdi
30 avqust 2012 10:57

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi meteohəssas insanlara yenidən xəbərdarlıq edir.

Nazirliyin mətbuat xidmətindən cümə axşamı verilən məlumata görə, sentyabrın 3-dək Abşeron yarımadasında davamlı xəzri küləyinin gətirdiyi sərinlik müsbət amil olsa da, güclü külək meteohəssas insanlar üçün əsasən əlverişsiz hesab edilir.

Bakıda və Abşeron yarımadasında avqustun 31-də hava şəraitinin əsasən dəyişkən buludlu, yağmursuz keçəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 19-23, gündüz 26-30 dərəcə isti olacağı gözlənilir.Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 24-25, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26, Türkan, Hövsan, Şıx, Sahildə 26-27 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında avqustun 31-də hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 18-23, gündüz 28-33, dağlarda gecə 9-14, gündüz 18-23 dərəcə isti olacaq.

Azərbaycan XİN: İşğal olunmuş ərazilər haqqında BMT Baş Assambleyasının gündəminə daxil edilən iki qətnaməni diqqət mərkəzində saxlayırıq
29 avqust 2012 17:13

 

“Azərbaycan ölkəmizin işğal olunmuş əraziləri haqqında hər il BMT Baş Assambleyasının gündəminə daxil edilən iki qətnamə ilə bağlı durumu həmişə diqqət mərkəzində saxlayır”.

Bunu açıqlamasında Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib.

Xatırladaq ki, “GUAM məkanında həlli uzanan münaqişələr, onların beynəlxalq sülh, təhlükəsizlik və inkişafa təsiri” və “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı qətnamələr 2004-cü ildən bəri BMT Baş Assambleyasının gündəminə daxil edilir. Baş Assambleyanın növbəti – 67-ci sessiyası sentyabrın 18-də başlayacaq. Serbiyanın xarici işlər naziri Vuk Yeremiç sessiyanın sədri seçilib. Hər iki qətnamə növbəti dəfə sessiyanın gündəminə daxil edilib.

Ermənilərin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun giziri şəhid olub
29 avqust 2012 17:11

 

Ermənilərin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusu itki verib.

Hadisə bu gün cəbhənin Tərtər istiqamətində qeydə alınıb.

Gizir Müşfiq İlham oğlu Bayramov düşmən gülləsinə tuş gəlib. M. Bayramov aldığı güllə yarasından şəhid olub.

Azərbaycan seysmoloqları İranda baş verən zəlzələləri 13-30 saat əvvəl qeydə alıblar
29 avqust 2012 17:09

 

Azərbaycanda zəlzələləri əvvəlcədən proqnozlaşdıran stansiya İranda avqustun 14-ü, 15-i, 16-sı və 19-da baş verən zəlzələləri 13-30 saat qabaqcadan qeydə alıb.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Kibernetika İnstitutunun direktoru Telman Əliyev bildirib.

Onun sözlərinə görə, İranda zəlzələlərdən əvvəl baş verən anomal seysmik proseslərin qeydiyyatı "Qum adası" stansiyasında qeydə alınıb: “Biz zəlzələnin dəqiq İranda olduğunu bilmirdik. İstiqaməti təxminən bilirdik. Zəlzələnin dəqiq koordinatını vermək üçün belə stansiyaların sayı çox olmalıdır. Ona görə də zəlzələlərin olacağı ilə bağlı İran tərəfinə hər hansı məlumat verilməyib. Bu zəlzələlərin qabaqcadan qeydə alınması artıq Azərbaycanda quraşdırılan stansiyaların uğurlu işləməsinin sübutudur”.

T. Əliyev bildirib ki, “Qum adası” stansiyası avqustun 14-də baş verən zəlzələni 16 saat, avqustun 15-də və 16-da olan zəlzələləri 14 saat, avqustun 19-da şimal-qərbi İranda olan zəlzələni 30 saat, şimal-şərqi İranda olan zəlzələni isə 13 saat əvvəldən qeydə alıb: “Biz Azərbaycana beynəlxalq ekspertlər dəvət etmişik. Bu yazılar hamısı onlara təqdim olunacaq”.

T. Əliyev qeyd edib ki, hazırda Qum adasında, Siyəzəndə, Şirvanda, Neftçala və Naftalanda zəlzələləri qabaqcadan proqnozlaşdıran 5 stansiya fəaliyyət göstərir: “Daha bir stansiya Naxçıvanda quraşdırılacaq. Türkiyə və Türkmənistanda da belə stansiyalar quraşdırılacaq. Amma ölkədə fəaliyyət göstərən stansiyalar hələlik şəbəkə halında birləşməyib, ayrı-ayrılıqda fəaliyyət göstərir. Bu stansiyalar peyk vasitəsilə serverə veriləcək və nəticələr sinxron analiz ediləcək. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində akademik Əli Abbasovun rəhbərliyi altında belə layihə hazırlanır. Stansiyalar server şəklində birləşəndə biz zəlzələlərin koordinatlarını da tapmağa çalışacağıq”.

Qeyd edək ki, avqustun 11-də İranda episentri Vərzigan olmaqla Azərbaycan vilayətlərinin Təbriz, Əhər, Ərdəbil və Urmiya şəhərlərində 6.2 bal gücündə zəlzələ baş verib. Ən çox tələfat Əhər, Vərzigan və Heris şəhərlərindədir. Təbii fəlakət nəticəsində 306 nəfər ölüb, 3000-dən artıq insan yaralanıb.

Yeraltı təkanlar sonrakı günlərdə də davam edib.

Azərbaycan ərazisində hava qeyri-sabit olacaq, güclü külək əsəcək, yağış yağacaq
29 avqust 2012 17:07

 

Bakı və Abşeron yarımadasında avqustun 30-da hava şəraitinin əsasən dəyişkən buludlu, yağmursuz keçəcəyi gözlənilir.

Şimal-qərb küləyi əsəcək, arabir güclü olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturu gecə 20-24, gündüz 25-29 dərəcə isti olacağı gözlənilir.

Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 25-26, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27, Türkan, Hövsan, Şıx, Sahildə 26-27 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında avqustun 30-da əsasən gecə və axşam dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25, gündüz 30-35, dağlarda gecə 12-17, gündüz 23-28 dərəcə isti olacaq.

Avqustun 30-31-də ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir şimal-qərb küləyinin güclənəcəyi, əsasən dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.

XİN: Qoşulmama Hərəkatının Tehran sammitində Azərbaycanı Elmar Məmmədyarov təmsil edəcək
29 avqust 2012 17:05

 

Qoşulmama Hərəkatının Tehranda keçiriləcək 16-cı sammitində iştirak edəcək Azərbaycan nümayəndə heyətinə xarici işlər naziri Elmar Məmmədyarov başçılıq edəcək.

Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev bildirib.

Azərbaycan nümayəndə heyəti sammitə avqustun 30-31-də qatılacaq. “Bu, kifayət qədər yüksək səviyyəli nümayəndə heyətidir”, - deyə E. Abdullayev bildirib.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin ikitərəfli görüşləri də nəzərdə tutulur.

Qeyd edək ki, sammit çərçivəsində avqustun 28-29-da keçirilən xarici işlər nazirləri konfransında Azərbaycandan XİN-in xüsusi tapşırıqlar üzrə səfiri Yaşar Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

Prezident İlham Əliyevə Belarusun ali mükafatı - "Xalqlar dostluğu" ordeni təqdim edilib
29 avqust 2012 11:36

 

Avqustun 28-də Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə rəsmi ziyafət verilmişdir.

Mərasimdə Belarus Prezidenti Aleksandr Lukaşenko ölkəsinin ali mükafatı - “Xalqlar dostluğu” ordenini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim etmişdir.

Pakistanın nüfuzlu "Diplomatik Star" jurnalında "Mehriban xanım Əliyeva uşaqların mühafizəsində" sərlövhəli yazı dərc olunub
29 avqust 2012 11:34

 

 Pakistanın nüfuzlu “Diplomatik Star” jurnalında Milli Məclisin deputatı Gülər Əhmədovanın nəşrin baş redaktoru Raca Mahmud Battiyə verdiyi “Mehriban xanım Əliyeva uşaqların mühafizəsində” sərlövhəli müsahibəsi dərc olunmuşdur.

Azərbaycanın Pakistandakı səfirliyindən bildirmişlər ki, "Azərbaycan Respublikası Cənubi Qafqazda ən inkişaf etmiş dövlətdir və İslam dünyasında önəmli mövqeyə malikdir" sözləri ilə başlayan yazıda jurnalist Pakistanın Azərbaycanın müstəqilliyini tanıyan ikinci ölkə olduğunu vurğulamış, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunmuşdur.

R.M.Batti Milli Məclisin deputatına Azərbaycan, ölkəmizin xarici siyasətinin prioritetləri, Pakistan-Azərbaycan münasibətlərinin hazırkı vəziyyəti və respublikamızda uşaqlara göstərilən qayğı ilə bağlı suallar vermişdir.

"Diplomatik Star" jurnalının baş redaktorunun suallarını cavablandıran deputat Azərbaycanın tarixinə qısa ekskurs etmiş, Ermənistan-Azərbaycan, Dağlıq-Qarabağ münaqişəsi, ölkəmizin dinamik inkişafı və Bakıda keçirilmiş "Eurovision-2012" mahnı müsabiqəsi barədə oxuculara ətraflı məlumatlar vermişdir. G.Əhmədova dövlətimizin qonşu ölkələr, regionun və dünyanın aparıcı dövlətləri ilə balanslaşdırılmış xarici siyasət apardığını vurğulamışdır.

Deputat ümummilli lider Heydər Əliyevin 1996-cı ildə İslamabada rəsmi səfəri zamanı bir sıra vacib sənədlərin imzalandığını, bununla da ölkələrimiz arasında müqavilə-hüquq bazasının yaradıldığını bildirmişdir.

Müsahibəsinin böyük bir hissəsini Azərbaycan dövləti tərəfindən uşaqlara göstərilən diqqət və qayğıya həsr edən G.Əhmədova məhz ulu öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışından sonra bu istiqamətdə hüquqi-normativ bazasının yaradıldığını bildirmişdir. Deputat ümummilli liderin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda uşaqlar üçün həyata keçirilən genişmiqyaslı layihələrdən danışmışdır.

G.Əhmədova, həmçinin Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın ölkəmizdə və xaricdə gördüyü işlər barədə geniş məlumat vermiş, onun uşaqlara əsl analıq qayğısı ilə yanaşdığını diqqətə çatdırmışdır. Fondun dəstəyi ilə məktəblərin, uşaq evlərinin, bağçaların tikildiyini qeyd edən G.Əhmədova Pakistanın daim Heydər Əliyev Fondunun diqqət mərkəzində olduğunu vurğulamışdır. Deputat xatırlatmışdır ki, Fondun dəstəyi ilə Pakistanın Müzəffərabad şəhərində qızlar məktəbi tikilmiş, bu ölkənin bütün əyalətlərində səhiyyə və humanitar layihələri reallaşdırılmışdır.

Heydər Əliyev Fondunun dəstəyi ilə Göyçay Şahmat Məktəbi əsaslı şəkildə təmir edilir
27 avqust 2012 14:11

 

 

 

Heydər Əliyev Fondunun dəstəyi ilə Göyçay şəhərindəki şahmat məktəbinin əsaslı şəkildə təmirinə başlanıb.

Məktəbin binasında söküntü işləri artıq başa çatdırılıb və bu günlərdə inşaat işlərinə başlanıb. Ümumi sahəsi 360 kvadratmetr olan birmərtəbəli məktəb binası yenidənqurma işləri nəticəsində ikimərtəbəli olacaq. Hazırda binanın ikinci mərtəbəsinin tikinti işləri həyata keçirilir. Müasir üslubda tikiləcək və lazımi avadanlıqla təmin ediləcək Göyçay Şahmat Məktəbində ilk dəfə istilik sistemi də quraşdırılacaq.

Binanın birinci mərtəbəsində dərs otaqları, ikinci mərtəbəsində isə yarış zalı və yardımçı otaqlar olacaq. Əsaslı təmir və yenidənqurma işlərinin cari ilin sonunadək başa çatdırılması nəzərdə tutulur.

Xatırladaq ki, hazırda Heydər Əliyev Fondunun dəstəyi ilə Göyçay rayonunun Mirzəhüseynli və Şəhadət kənd məktəblərində, şəhər 5 nömrəli orta məktəbdə təmir-bərpa işləri görülür. Bundan başqa, hazırda dövlət vəsaiti hesabına Ləkçıplaq və Çərəkə kəndlərində 360, Ulaşlı-Şıxlı kəndində 220 yerlik məktəb binalarının inşası davam etdirilir.

Rezidenturaya sınaq imtahanlarının nəticələri açıqlandı
27 avqust 2012 14:09

 

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2012-2013-cü tədris ili üzrə ali tibb təhsili əsasında həkim mütəxəssis kimi hazırlanmaq məqsədilə rezidenturaya qəbul olmaq istəyən namizədlər üçün keçirdiyi sınaq imtahanlarının nəticələrini açıqlayıb.

TQDK-nın mətbuat xidmətindən verilən məlumata görə, imtahan nəticələri bu qurumun saytında yerləşdirilib.

Namizədlər avqustun 25-də baza, avqustun 26-da ixtisas fənləri üzrə imtahan veriblər.

Rezidenturaya qəbul imtahanı test üsulu ilə iki mərhələdə keçiriləcək. İmtahanın birinci mərhələsi sentyabrın 8-də, ikinci mərhələsi sentyabrın 9-da Bakıda keçiriləcək.

İmtahanda iştirak etmək üçün namizəd sentyabrın 5-dən 7-dək elektron ərizəsinə daxil olaraq imtahanın hər bir mərhələsi üçün "Namizədin imtahana buraxılış vərəqəsi"ni çap edib götürməlidir.

Bu gün Azərbaycanın birinci xanımının ad günüdür
27 avqust 2012 14:07

 

 

Avqustun 26-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva ad gününü qeyd edir.

Mehriban Əliyeva Bakıda tanınmış ailədə anadan olub. Atası Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, fizika-riyaziyyat elmləri doktoru, professor, Milli Aviasiya Akademiyasının rektoru Arif Mir Cəlal oğlu Paşayev, anası şərqşünas alim, filologiya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru olmuş, ərəb ədəbiyyatı sahəsində mütəxəssis Aida Nəsir qızı İmanquliyevadır.

Mehriban Əliyeva 1982-ci ildə Bakıda 23 saylı orta məktəbi qızıl medalla bitirib, Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə işi fakültəsinə daxil olub. İkinci kursdan təhsilini İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb İnstitutunda davam etdirib, 1988-ci ildə bu institutu fərqlənmə diplomu ilə bitirib. 1988-1992-ci illərdə Moskva Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda işləyib.

90-cı illərin ortalarında Mehriban xanım Əliyeva Azərbaycan Mədəniyyətinin Dostları Fondunu yaradıb. Ölkənin birinci xanımı indiyədək bu fonda rəhbərlik edir. Fond Azərbaycan mədəniyyətinin geniş təbliği məqsədi ilə üç dildə (Azərbaycan, ingilis, rus) "Azərbaycan-İRS" jurnalını nəşr etdirir. Bu nəşrin sayəsində Azərbaycan beynəlxalq arenada təkcə neft və qazla zəngin dövlət kimi deyil, həm də əksər sahələrdə - musiqi, memarlıq, təsviri və tətbiqi incəsənət sahələrində şedevrlər yaratmış ölkə kimi tanıdılmağa başlayıb.

Mehriban xanım Heydər Əliyev Fonduna onun yaradıldığı gündən - 10 may 2004-cü ildən rəhbərlik edir. Fondun məqsədi ümummilli lider Heydər Əliyevin zəngin irsinin öyrənilməsi və yeni nəslin milli dövlətçilik ideyaları ruhunda tərbiyə edilməsidir. Fondun işinin prioritet istiqamətləri ən müxtəlif sahələrdə humanitar fəaliyyətdən ibarətdir. Buraya valideyn himayəsindən məhrum olmuş uşaqlara kömək, uşaq evlərinin, internat-məktəblərin abadlaşdırılması və maddi bazalarının yaxşılaşdırılması da daxildir.

"Heydər Əliyevin adını daşıyan Fond fəaliyyətə başlayan ilk anlarından daşıdığı yüksək ada layiq olmağa, xalqımıza və ölkəmizə xidmət etməyə, Azərbaycanı dünyada layiqincə təmsil etməyə, humanizm və insansevərlik ideallarına arxalanmağa çalışıb. Bu 8 il ərzində Fond ölkəmizin ictimai həyatının, demək olar ki, bütün sahələrində fəal iştirak edib. Fond öz işləri, öz konkret layihələri ilə hər zaman adi insanların maraqlarını qorumaqla, köməyə ehtiyacı olana kömək etməklə həm Azərbaycanda, həm ölkəmizdən kənarda hörmət və etimad qazanıb", - Mehriban Əliyeva Heydər Əliyev Mərkəzinin açılışında, ulu öndərin 89-cu ildönümü və Heydər Əliyev Fondunun 8 illiyi münasibətilə keçirilən təntənəli mərasimdə bəyan edib.

Birinci xanım statusu və Fonddakı işi Mehriban xanıma bu işi sistemləşdirmək, layihələrin miqyasını genişləndirmək, onların həyata keçirilməsi üçün əlavə resurslar cəlb etmək imkanı verir.

Azərbaycan mədəniyyətinin populyarlaşdırılması və təbliği məqsədilə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qəbələ iyulda bütün dünyadan olan çoxsaylı qonaqları növbəti Beynəlxalq Musiqi Festivalında yenidən qəbul edib.

Heydər Əliyev Fondu görkəmli Azərbaycan ifaçılarının musiqi albomlarının buraxılmasına böyük diqqət yetirir. Fond, həmçinin dünyanın məşhur mütəfəkkiri, görkəmli alimi, ensiklopedik biliklərə malik Nəsirəddin Tusinin "Əxlaqi-Nasir" əsərini latın qrafikasında yenidən nəşr etdirib, "Azərbaycan" kitab-fotoalbomu və əksər türk ölkələrində populyar olan "Qabusnamə" kitabının rus variantını hazırlayıb, "Azərbaycan muğamı" multimedia məcmuəsi və "Muğam dünyası" kitabını buraxıb. Heydər Əliyev Fondunun beynəlxalq musiqi layihəsi çərçivəsində "İntizar" operasının yeni quruluşda premyerası keçirilib.

Bakıda Mehriban Əliyevanın təşəbbüsü ilə Müasir İncəsənət Muzeyi açılıb və fəaliyyət göstərir.

Fondun başqa ölkələrdə nümayəndəlikləri var və Azərbaycandan kənarda da bir çox layihələri uğurla həyata keçirir. Belə ki, 2010-cu ilin iyununda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə iyunda Bakıda "Qloballaşma şəraitində mədəniyyətlərin dialoqu" mövzusunda forum keçirilib.

Fond ümumbəşəri mədəniyyət abidələrinin bərpasında da iştirak edir. Belə ki, dünya irslərinin siyahısına daxil olan Parisin Versal sarayının parkında zamanın və iqlimin təsirindən zərər çəkmiş iki abidənin bərpası həyata keçirilib. Fond Strasburq Kafedral kilsəsinin vitrajlarının təmirinə də maddi kömək göstərib. İyunun 22-də Romada Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında "Roma katakombalarının bərpasına dair ikitərəfli Saziş" imzalandı. Azərbaycanda da bir çox məscid, sinaqoq və kilsələr bərpa olunub.

17 fevral 2011-ci ildə Parisdə Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 20-ci ildönümünə və "Azərbaycan" kitabının təqdimatına həsr olunmuş təntənəli mərasim keçirilib. Mərasimdə Mehriban Əliyeva və Fransanın mədəniyyət naziri Frederik Mitteran iştirak ediblər.

Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında" Sərəncamına müvafiq olaraq, 18-21 aprel 2011-ci ildə Heydər Əliyev Fondu və Azərbaycanın Fransadakı səfirliyi Parisdə təntənəli bayram mərasimi təşkil ediblər. Bayram günləri çərçivəsində aprelin 19-da YUNESKO-nun mənzil-qərargahında Azərbaycan xalçalarının sərgisi açılıb. Sərginin ekspozisiyasında XIV əsrdən bu günümüzədək olan milli xalçaçılıq nümunələri, eləcə də Qarabağ xalçaçılıq məktəbinin şedevrləri təqdim olunub. Həmin gün Azərbaycan estradasının gənc ifaçılarının konserti keçirilib.

17 may 2011-ci il tarixində Heydər Əliyev Fondunun təşəbbüsü ilə Moskvada Kreml Dövlət Sarayında Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr edilmiş Azərbaycan gecəsi keçirilib. Gecədə Azərbaycan və Rusiyanın birinci xanımları Mehriban Əliyeva və Svetlana Medvedeva iştirak ediblər. Kreml Dövlət Sarayında Azərbaycan gecəsi çərçivəsində Heydər Əliyev Fondunun ən uğurlu layihələrindən biri olan "Azərbaycan" kitabının rus versiyasının təqdimatı keçirilib.

Heydər Əliyev Fondunun Azərbaycanın gələcəkdə dünyada tanıdılması istiqamətində həyata keçirdiyi tədbirlər sırasına daha biri əlavə olunub. 2012-ci ilin yanvarında Londonda Heydər Əliyev Fondunun və “Bakı” jurnalının ingilisdilli versiyasının dəstəyi və təşkilatçılığı ilə “Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti” sərgisi açılıb. Tədbirdə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva iştirak ediblər.

Londonun məşhur "Phillips de Pury & Company" sərgi qalereyasında açılan sərgi Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın fəaliyyətlərində Azərbaycan mədəniyyətinin təbliğinin prioritet istiqamət olduğunu bir daha təsdiqlədi. Bu sərginin keçirilməsi ideyası Leyla Əliyevaya məxsusdur. Sərginin kuratoru isə layihələri ilə dünyada məşhur olan Erve Mikaeloffdur. "Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti" sərgisi apreldə Parisdə keçirilib. Tədbirdə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva, o cümlədən Fransanın mədəniyyət və kommunikasiya naziri Frederik Mitteran iştirak ediblər.

Mehriban Əliyeva Azərbaycan xalqının rifahına xidmət edən belə humanitar proqramların effektivliyinin güclənməsi üçün bütün mövcud imkanlardan istifadə etməyi özünün vəzifəsi hesab edir.

Heydər Əliyev Fondunun fəaliyyətinin prioritet istiqamətlərindən biri dünya ictimaiyyətinə Dağlıq Qarabağ münaqişəsinin reallıqlarının çatdırılmasıdır. Həyata keçirilmiş layihələr arasında bir neçə dildə nəşr edilmiş, Ermənistanın Azərbaycana təcavüzünün tarixini əks etdirən "Qarabağ reallıqları" bukletlər toplusunu, erməni vəhşiliyindən bəhs edən "Müharibə və mədəni-tarixi abidələrimiz", "Azərbaycana qarşı müharibə: mədəni irs hədəf altında" kitablarını qeyd etmək olar. Bundan başqa, Fond dünyanın müxtəlif ölkələrində Xocalı soyqırımına həsr olunmuş aksiyalar, foto və videosərgilər təşkil edir.

2004-cü ilin avqustunda Mehriban xanım Əliyeva Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin mühafizəsi və inkişafı üzrə yorulmaz səylərinə görə YUNESKO-nun xoşməramlı səfiri elan olunub. İki il sonra birinci xanım müxtəlif sahələrdəkı genişmiqyaslı və fədakar fəaliyyətinə, o cümlədən geniş sivilizasiyalararası dialoq, qayğıya ehtiyacı olan uşaqlara diqqət, onların həyat şəraitinin və təhsilinin yaxşılaşdırılmasında böyük dəstəyinə görə İSESKO-nun (İslam ölkələrinin elm, təhsil və mədəniyyət təşkilatı) xoşməramlı səfiri seçilib.

Belə nüfuzlu beynəlxalq təşkilatların səfiri olmaq çox şərəfli və məsuliyyətli missiyadır. Həm YUNESKO, həm də İSESKO, nizamnamələrində qeyd olunduğu kimi, qeyri-siyasi institutlardır. Eyni zamanda bu, Mehriban Əliyevanın öz ölkəsini təmsil etdiyi beynəlxalq arenadır. Bu, müasir Azərbaycanın, qədim tarixi və mədəni köklərə malik xalqımızın, incəsənətimiz, musiqimiz və ədəbiyyatımızın nailiyyətlərinin bütün dünyaya çatdırılması üçün fürsətdir.

Xoşməramlı səfir kimi Mehriban Əliyevanın vəzifəsi elm, mədəniyyət, təhsil vasitəsilə İslam dünyasının malik olduğu bütün imkanları, Qərbin və Şərqin, eləcə də müxtəlif sivilizasiyaların bir-birinə nə qədər maraqlı və faydalı ola bilməsini göstərməkdir.

2005-ci ildə mesenatlıq və xeyriyyəçilik fəaliyyətinə, təhsil və mədəniyyətin təşkilinə dəstəyinə, Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsində böyük töhfələrinə görə Mehriban xanım Əliyeva Rusiyanın "Yüzilliyin mesenatları" Beynəlxalq Fondunun "Yaqut Xaç" ordeni ilə təltif olunub. Dünya Səhiyyə Təşkilatı İcraiyyə Komitəsi isə birinci xanımı "Ana, uşaq və ailə sağlamlığının qorunması və möhkəmləndirilməsi işində müstəsna xidmətlərinə görə" xüsusi mükafatı ilə qiymətləndirib. Xeyriyyəçilik fəaliyyətinə, bəşəriyyətin ali ideallarına xidmət sahəsində nailiyyətlərinə görə Mehriban Əliyeva 2007-ci ildə "Qızıl Ürək" beynəlxalq mükafatına layiq görülüb.

2005-ci ildə Azərbaycanda keçirilən sosioloji sorğunun nəticələrinə görə, Mehriban Əliyeva “İlin qadını” fəxri adını alıb.

Ölkəmizin təhsil sisteminin inkişafına, dünyada milli-mədəni irsin qorunması və təbliği ilə bağlı xidmətlərinə, xarici ölkələrdə xalqımızın müsbət imicinin möhkəmləndirilməsi üzrə görülən işlərə, bədii gimnastika üzrə 27-ci dünya çempionatına hazırlığa və onun respublikada yüksək səviyyədə keçirilməsinə, genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə görə Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS şirkətlər qrupu Mehriban Əliyevanı "2005-ci İlin Adamı" elan edib.

Mehriban Əliyevanın geniş fəaliyyəti bununla məhdudlaşmır. O, 2002-ci ildən Azərbaycan Gimnastika Federasiyasının prezidentidir. Mehriban Əliyeva bu vəzifədə yüksək təşkilatçılıq qabiliyyətini nümayiş etdirir. Onun nüfuzu 2003 və 2004-cü illərdə Azərbaycanda bədii gimnastika üzrə Dünya Kuboku yarışının, 2005-ci ildə bədii gimnastika üzrə dünya çempionatının, 2007 və 2009-cu illərdə Avropa birinciliyinin keçirilməsi barədə qərarın qəbulunda həlledici rol oynayıb. 2012-ci ilin fevralında məlum oldu ki, 2014-cü ildə bədii gimnastika üzrə Avropa çempionatı Azərbaycanda keçiriləcək. Çempionatın Bakıda tikilməkdə olan Olimpiya Gimnastika Kompleksində təşkil olunacağı güman edilir. Bu gün bədii gimnastika üzrə Azərbaycan yığma komandası dünyada böyük nüfuza malikdir. İdmançılar beynəlxalq turnirlərdə lider mövqeləri tuturlar.

2004-cü il dekabrın 28-də Azərbaycan Milli Olimpiya Komitəsinin IV Baş Assambleyasında Mehriban xanım Əliyeva MOK-un İcraiyyə Komitəsinin üzvü seçilib.

2005-ci ildə Mehriban Əliyeva fəlsəfə elmləri namizədi elmi dərəcəsi alıb. Elə həmin il, eləcə də 2010-cu ildə Azərbaycan Milli Məclisinə keçirilən seçkilərdə parlamentə deputat seçilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 may 2009-cu il tarixli sərəncamı ilə Mehriban Əliyeva ölkənin ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə Heydər Əliyev Mükafatına layiq görülüb.

14 sentyabr 2009-cu ildə Mehriban Əliyeva Azərbaycan və Polşa arasında dostluq münasibətlərinin inkişafına verdiyi töhfəyə görə Polşa Respublikasının "Xidmətlərə görə" Böyük Komandor Xaçı ordeni ilə təltif edilib.

10 fevral 2010-cu il tarixdə Fransa Prezidentinin sərəncamı ilə Mehriban Əliyeva "Fəxri Legionun Böyük Xaç Komandoru" ordeni ilə təltif edilib.

Bəşəriyyətin maddi və qeyri-maddi mədəni irsinin populyarlaşdırılmasına sadiqliyə, mədəniyyətlərarası dialoqun inkişafına yönələn yorulmaz səylərə, mədəni müxtəlifliyin möhkəmləndirilməsinə böyük töhfəyə və YUNESKO-nun ideya və məqsədlərinə sadiqliyə görə Mehriban xanım 30 iyul 2010-cu il tarixində bu təşkilatın "Motsart medalı"na layiq görülüb.

2 iyun 2011-ci ildə Mehriban xanım Əliyeva qaçqın və köçkün düşmüş insanlar üçün Heydər Əliyev Fondunun həyata keçirdiyi humanitar proqramlara, habelə türk dünyası mədəni irsinin zəngin parçası olan Azərbaycan türklərinin maddi və qeyri-maddi mədəniyyət abidələrinin qorunması və təbliği sahəsində böyük xidmətlərinə görə Türk Dünyası Yazarlar və Sənətçilər Vəqfinin (TÜRKSAV) "Türk dünyasına xidmət" mükafatına layiq görülüb.

24 iyun 2011-ci il tarixdə Brüsseldə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevaya Krans Montana Forumunun Qızıl medalı təqdim olunub. Krans Montana Forumunun Qızıl medalı dünyada öz fəaliyyəti ilə böyük nüfuz qazanmış, xüsusi xidmətləri olan insanlara verilir. Mehriban xanım Əliyevanın Krans Montana Forumunun Qızıl medalına layiq görülməsi onun mədəniyyət, elm, təhsil, səhiyyə, sosial və digər sahələrdə həyata keçirdiyi çoxşaxəli fəaliyyətin beynəlxalq miqyasda diqqət mərkəzinə çevrilməsini bir daha təsdiq edir.

2012-ci il fevralın 13-də Mehriban Əliyeva Rusiya Federasiyası İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin fəxri professoru adına layiq görülüb.

2012-ci il aprelin 13-də Mehriban Əliyeva MDB iştirakçısı olan dövlətlərin Humanitar Əməkdaşlıq Şurasının (HƏŞ) və MDB iştirakçısı olan dövlətlərin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun (DHƏF) “Birliyin Ulduzları” mükafatı ilə təltif edilib.

2012-ci il iyunun 29-da Mehriban Əliyeva Krans Montana Forumunun "Prix de la Fondation" mükafatına layiq görülüb. Forumun bu ali mükafatı öz fəaliyyəti ilə fərqlənən və beynəlxalq səviyyədə rəğbət qazanan şəxslərə təqdim edilir.

Heydər Əliyev Fondu Azərbaycanın "Eurovision" mahnı müsabiqəsində iştirakının təşəbbüskarı olub. Azərbaycan bu müsabiqədə cəmi beş dəfə iştirak edib və ölkə nümayəndələri həmişə müsabiqənin liderləri arasında olublar. 2011-ci ilin mayında Azərbaycanın gənc müğənniləri Eldar və Nigar "Eurovision 2011"in qalibi oldular. Prezident İlham Əliyevin sərəncamı ilə Mehriban xanım Əliyeva 2012-ci ilin mayında Bakıda keçirilən "Eurovision 2012" mahnı müsabiqəsinin Təşkilat Komitəsinin sədri təyin edildi. Azərbaycan qarşıya qoyulan vəzifələrin öhdəsindən şərəflə gəldi. Ən qısa müddətdə Bakıda xüsusi olaraq "Eurovision 2012" mahnı müsabiqəsi üçün Dövlət Bayrağı Meydanının yaxınlığında 23 min tamaşaçı tutumuna malik möhtəşəm konsert kompleksi olan "Bakı Kristal Zalı" ucaldıldı. 57-ci “Eurovision” mahnı müsabiqəsi ölkədə yüksək səviyyədə təşkil edildi və bu fakt hələ də dünya mətbuatının diqqət mərkəzindədir. Bakıda keçirilən “Eurovision” müsabiqəsi təkcə şəhərimizin zəngin mədəniyyətinin, gözəl təbiətinin, turizm potensialının təbliği üçün geniş imkanların yaradılması baxımından deyil, həm də Azərbaycanın qısa müddət ərzində əldə etdiyi yüksək inkişaf səviyyəsini bütün dünyaya nümayiş etdirməsi nöqteyi-nəzərindən çox əhəmiyyətli tədbir oldu.

Mehriban xanımın iki qızı, bir oğlu və üç nəvəsi var.

 əvvəlki    6  7  8  9  10  11  12  13  14  15  16    növbəti 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.