Böyük Britaniyanın paytaxtı Londonda XIV Paralimpiya Oyunları davam edir.
Bu gün London Yay Paralimpiadasında cüdo yığmamızın iki üzvü mübarizəyə qoşulub. Azerisport.az xəbər verir ki, bunlar 60 kq-da yarışan Ramin İbrahimovla 66 kq-da çıxış edən Bayram Mustafayev idi.
Ramin İbrahimov startda koreyalı Min-Ca Lini mübarizədən kənarlaşdırmalıydı. O, bu rəqibini ipponla məğlub edərək, 1/4 finala çıxıb. Bu mərhələdə təmsilçimiz Fransa atleti Kevin Villemontla qarşılaşıb və onu da yenərək, yarımfinala adlayıb. İbrahimov yarımfinalda yaponiyalı Takahaki Hirai ilə qarşılaşmanı da qalib bitirib və finala yüksəlib. Həlledici görüşdə həmyerlimizi çinli Li Hiadonq gözləyirdi. İbrahimov onu da yenərək, ən yüksək pilləyə qalxıb və Azərbaycana ilk qızıl medalı qazandırıb.
Mustafayev isə ilk görüşünü Rusiya cüdoçusu Viktor Rudenkoya qarşı keçirib. Bayram da ilk rəqibini məğlub edib və mərhələ adlayıb. Amma 1/4 finalda o, Çin cüdoçusu Syu Jao ilə bacarmayıb və məğlubiyyətlə üzləşib. Onun təsəlliverici görüşlərdə qalib gələrək, bürünc medal qazanmaq şansı olsa da, Əlcəzair təmsilçisi Əli Lamriyə uduzaraq, çıxışını uğursuz başa vurub.