Azərbaycana rəsmi səfəri çərçivəsində Rusiya Federasiyası Dövlət Dumasının sədri Sergey Narışkinin rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 9-da Heydər Əliyev Fondunda olmuşdur.
Sergey Narışkinə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə yaradılmış Fondun məqsədi və fəaliyyəti barədə ətraflı məlumat verilmişdir.
Bildirilmişdir ki, Fond ulu öndər Heydər Əliyevin zəngin irsini öyrənir və təbliğ edir, müxtəlif sosial–iqtisadi, humanitar layihələr həyata keçirməklə Azərbaycanın tərəqqisinə, mədəniyyətinin inkişafına və tarixinin öyrənilməsinə kömək göstərir.
Ümummilli liderin şəxsi arxivindən götürülmüş və onun fəaliyyətinin ayrı-ayrı dövrlərinə aid fotolara, habelə müxtəlif eksponatlara nəzər yetirən rusiyalı qonaqlar fenomen şəxsiyyət Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxlu sənədlərlə, dünyanın tanınmış siyasi xadimlərinin bəxş etdikləri hədiyyələrlə, ulu öndərə həsr olunmuş kitablarla, nüfuzlu elm, mədəniyyət və incəsənət xadimlərinin müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu haqqında fikirləri ilə tanış olmuş, xarici ölkələrin liderləri ilə görüşlərdə çəkilmiş şəkillərə maraqla baxmışlar. Ümummilli lider Heydər Əliyevin zəkasının bəhrəsi olan və onun adını daşıyan Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin maketi qonaqlarda xüsusi maraq doğurmuşdur.
Sergey Narışkin Fondla tanışlıqdan sonra xatirə kitabına ürək sözlərini yazmışdır.
Sonra qarşılıqlı xatirə hədiyyələri təqdim olunmuşdur.
Rusiya Federasiyası Dövlət Dumasının sədri Heydər Əliyev Fondundan zəngin təəssüratla ayrılmışdır.
ABŞ-lı aktrisa Jennisfer Aniston sevgilisi Justin Therouxun evlilik təklifi qəbul etmədi. Brad Pittdən boşandıqdan sonra ABŞ-lı aktrisa Jennisfer Aniston bir müddətdir birlikdə olduğu sevgilisi Justin Therouxun evlilik təklifi rədd etdi. Theroux ilə birlikdə yaşamağa başlayan Aniston, "Mən mükəmməl həyatı tapmağı gözləyirəm. Evlənib ailə qurmaq planlarım daxilində deyil. Bu an bir axtarışa girib özümü çətinliyə sala bilmərəm" şərhini etdi.
21 milyon dollarlıq malikanəsində Theroux ilə birlikdə yaşayan Aniston, İspan mətbuatına "Uşaqlar ətrafı davamlı dağıdır" dedi.
Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən, yağmursuz keçəcəyi, lakin gecə və axşam yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı vardır.
Havanın temperaturu gecə 20-24° isti, gündüz 26-31° isti olacaqdır. Bakıda gecə 21-23° isti, gündüz 28-30° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan aşağı 750 mm civə sütunundan 755 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 65-75 faiz, gündüz 50-60 faiz olacaqdır.
Abşeronun çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran və Bilgəhdə 21-22°, Zuğulba, Buzovna, Mərdəkan və Şüvəlanda 21-22°, Türkan, Hövsan, Sahil və Şıxda 23-24° isti olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında gündüz əsasən, yağmursuz keçəcəkdir. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.Temperaturun gecə 16-21° isti, gündüz 29-34° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında əsasən, gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı vardır. Temperaturun gecə 8-13° isti, gündüz 18-23° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy,Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında gündüz əsasən, yağmursuz keçəcəkdir. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Temperaturun gecə 18-23° isti, gündüz 27-32° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında əsasən, gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı vardır. Temperaturun gecə 14-19° isti, gündüz 24-29° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax,Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
gündüz əsasən, yağmursuz keçəcəkdir. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Temperaturun gecə 20-25° isti, gündüz 29-34° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Gündüz əsasən, yağmursuz keçəcəkdir.
Temperaturun gecə 20-24° isti, gündüz 27-32° isti, dağlarda gecə 11-16° isti, gündüz 20-25° isti olacağı gözlənilir.
Yaxın illərdə Azərbaycanda ali məktəblərə qəbul imtahanları fənlərinin sayı azalacaq.
Bu açıqlamanı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə Azərbaycanda mərkəzləşdirilmiş buraxılış və qəbul imtahanlarının birləşdiriləcəyi ehtimalı ilə bağlı sualı cavablandırarkən deyib.
Onun sözlərinə görə, bu məsələ elmi məsələdir: “Bu imtahanların iki müxtəlif məqsədi var. Bizim məqsədimiz ondan ibarətdir ki, orta məktəbin səviyyəsi elə yüksəlsin ki, doğrudan da attestasiya imtahanı əsasında uşaqları ali məktəbə qəbul edə bilək. Hələlik “3” alan uşaqlar ali məktəbdə oxumağa qadir deyillər. Biz əvvəlcə bu imtahanların məzmununu və çətinlik dərəcəsini yavaş-yavaş yaxınlaşdıra bilərik. İlk addım o ola bilər ki, qəbul imtahanlarının fənlərində azalma olsun. Ola bilsin ki, yaxın illərdə bir fənn azalsın. Ana dili və Riyaziyyat fənlərindən biri azala bilər. Ancaq buna vaxt lazımdır”.
TQDK sədri qeyd edib ki, Qazaxıstanda bu imtahanların birləşdirilməsi üçün 5 illik proqram hazırlanıb. Rusiyada tamamilə ayrı təcrübədir: “Mən demirəm ki, Rusiyadakı müsbət təcrübədir. Rusiyadakı imtahanının nöqsanları hər yerdə müzakirə olunur. Amma həm müsbət, həm mənfi təcrübə biz atdığımız addımlara müsbət təsir göstərir. TQDK-nın bu sahədə 20 illik təcrübəsi var. Bizim modelimizi artıq dünyada tətbiq edirlər.
Bu, doğrudan da çox ciddi bir elmdir. Mən çox şadam ki, bu ildən magistraturada 2 ali məktəbdə “Monitorinq və qiymətləndirmə” ixtisası var. Mən o rektorlara müraciət etmək istəyirəm ki, o ixtisaslarda kimlər dərs deyəcək. Mən çox istərdim ki, o magistrlər bizimlə də işləsinlər. Təəssüflər olsun ki, Təhsil Problemləri İnstitutunda və Təhsil Nazirliyinin müvafiq şöbəsində belə mütəxəssislər yoxdur. Vəzifə tutmaqla mütəxəssis olmaq tamamilə ayrı şeylərdir”.
Azərbaycan prezidenti İlham Əliyev Rusiya Federasiyasının prezidenti Vladimir Putinə başsağlığı məktubu ünvanlayıb. Məktubda deyilir: “Krasnodar diyarında daşqınlar nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər məni dərindən sarsıtdı.
Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün dost Rusiya xalqına Azərbaycan xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verirəm”.
Rus raket Maria Sharapova Sasha Vujacic ilə Boğazda toy edəcək.
Qadınlar tennis dünyasının bir nömrəsi Maria Sharapovanın İstanbul sevgisi ...
Efes Pilsenin ulduzu Sasha Vujacic ilə 10 Noyabrda Çırağan Sarayında evlənəcəyini dünya mətbuatına açıqlayan Rus raket, "Oktyabr 2010-cu ildə evlənməyi planlaşdırırdıq. Ancaq Grand Slam turnirləri və digər təşkilatlar səbəbiylə vaxt tapa bilmədik. Sashanın İstanbulda olması, boğaz xəyalımızın də reallaşmasını təmin edəcək "dedi.
Şarapova və Vujacic toy sonrası qonaqlara Türkiyədə qısa bir tətil də etdirəcək.
Naxçıvan Muxtar Respublikasında əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Temperaturun gecə 18-23, gündüz 31-36 dərəcə isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Temperaturun gecə 8-13, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında əsasən gecə və axşam dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Temperaturun gecə 19-23, gündüz 30-35 dərəcə isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Temperaturun gecə 16-21, gündüz 26-31 dərəcə olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Temperaturun gecə 20-24, gündüz 31-36 dərəcə isti olacağı gözlənilir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında hava əsasən yağmursuz keçəcək. Temperaturun gecə 20-24, gündüz 30-34, dağlarda gecə 14-19, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.
Rusiya Federasiyası Dövlət Dumasının sədri Sergey Narışkin iyulun 7-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlmişdir.
Rusiya Federasiyasının və Azərbaycan Respublikasının dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Rusiya Federasiyası Dövlət Dumasının sədri Sergey Narışkini Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov və digər rəsmi şəxslər qarşıladılar.
Sonra Beynəlxalq Aeroportun ali qonaqlar üçün salonunda Sergey Narışkin və Oqtay Əsədov arasında qısa protokol söhbəti oldu.
Səfərin məqsədi Azərbaycanın və Rusiyanın qanunverici orqanları arasında və digər sahələrdə əlaqələrin inkişafına dair məsləhətləşmələr aparmaqdır.
Səfər çərçivəsində S.Narışkinin Azərbaycan rəsmiləri ilə bir sıra görüşləri nəzərdə tutulmuşdur.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Litvanın ölkəmizdəki səfiri Kestutis Kudzmanası diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
XİN-in mətbuat xidmətindən şənbə günü Trend-ə verilən məlumata görə, Məmmədyarov Azərbaycanla Litva arasında yüksələn xətlə inkişaf edən ikitərəfli münasibətlərə verdiyi töhfəyə görə səfirə öz minnətdarlığını bildirib, Kestutis Kudzmanasa gələcək işlərində müvəffəqiyyətlər arzulayıb.
Öz növbəsində, səfir ölkəmizdə işlədiyi dövrdə Litva ilə Azərbaycan arasında bir sıra sahələrdə əməkdaşlıq əlaqələrinin qurulduğunu, mövcud münasibətlərin daha da genişlənməsi və inkişafı üçün səylə çalışdığını qeyd edib və faydalı əməkdaşlığa görə minnətdarlıq bildirib.
İyulun 8-9-da ölkə ərazisində hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.
Məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 8-də hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə 20-24, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir.
Abşeronun çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22, Zuğulba, Buzovna, Mərdəkan, Şüvəlanda 21-22, Türkan, Hövsan, Sahil, Şıxda 23-24 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında iyulun 8-də əsasən gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 20-24, gündüz 31-36, dağlarda gecə 8-13, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.
AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 6-da Rusiya Federasiyası Dövlət Dumasının MDB və Həmvətənlərlə Əlaqələr üzrə Komitəsinin sədri Leonid Slutskinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Dövlət Dumasına yeni seçkilərdən qısa müddət ötməsinə baxmayaraq, Rusiya Federasiyası Dövlət Dumasının MDB və Həmvətənlərlə Əlaqələr üzrə Komitəsinin növbəti iclasının Bakıda keçirilməsini yüksək qiymətləndirən Prezident İlham Əliyev bunu həm parlamentlərarası əlaqələrin, həm də ümumilikdə ölkələrimiz arasında mövcud əməkdaşlığın yaxşı göstəricisi kimi dəyərləndirdi.
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin çoxşaxəli olduğunu və bütün sahələri əhatə etdiyini vurğulayan Prezident İlham Əliyev əməkdaşlığımızın siyasi, iqtisadi, ticari və digər sahələrdə uğurla inkişaf etdiyini dedi.
Dövlətimizin başçısı ölkələrimiz arasında humanitar sahədə əməkdaşlığı isə başqa ölkələr üçün nümunə kimi qiymətləndirdi. Bütün sahələrdə əməkdaşlığımızın tərəfdaşlıq və dostluq münasibətlərinə əsaslandığını qeyd edən Prezident İlham Əliyev bildirdi ki, hər iki ölkənin dövlət rəhbərlərinin bu münasibətləri strateji tərəfdaşlıq əlaqələri kimi dəyərləndirmələri təsadüfi deyildir. Münasibətlərimizin genişlənməsində parlamentlərarası əlaqələrin rolunu qeyd edən dövlətimizin başçısı ölkəmizin MDB çərçivəsində fəal əməkdaşlıq etdiyini vurğulayaraq dedi ki, bu əməkdaşlıq, ilk növbədə, Azərbaycan ilə Rusiya arasında münasibətlərin daha da genişləndirilməsi üçün əlavə imkanlar açır.
Azərbaycan Prezidenti İlham Əliyev nümayəndə heyəti üzvlərinin ölkəmizlə yaxından tanış olmaları üçün səfərin yaxşı fürsət yaradacağına əminliyini bildirdi.
Rusiya Federasiyası Dövlət Dumasının MDB və Həmvətənlərlə Əlaqələr üzrə Komitəsinin sədri Leonid Slutski ölkəmizə səfərindən məmnunluğunu bildirdi. O, Azərbaycan Milli Məclisinin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi ilə birlikdə Rusiya Federasiyası Dövlət Dumasının MDB və Həmvətənlərlə Əlaqələr üzrə Komitəsinin növbəti iclasının Bakıda keçirilməsinin əhəmiyyətini vurğuladı. Leonid Slutski parlamentlərarası əməkdaşlığın ölkələrimiz arasında ikitərəfli münasibətlərin daha da genişləndirilməsi işinə töhfə verəcəyinə əminliyini ifadə etdi.
AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 6-da Litva Respublikasının ölkəmizdəki səfiri Kestutis Kudzmanası diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.
Dövlətimizin başçısı səfir Kestutis Kudzmansa diplomatik fəaliyyəti dövründə Azərbaycan Respublikası ilə Litva Respublikası arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi ilə bağlı göstərdiyi səylərə görə təşəkkürünü bildirdi. Bu müddətdə əlaqələrimizin inkişafında böyük irəliləyişlərin olduğunu vurğulayan dövlətimizin başçısı Litva Respublikası prezidentlərinin, Baş nazirin və parlament sədrinin Azərbaycana səfərlərini məmnunluqla xatırladı, əməkdaşlığımızın genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd etdi.
Litvanın Azərbaycandakı səfiri Kestutis Kudzmanas ikitərəfli münasibətlərimizin inkişafının yüksək səviyyədə olduğunu vurğuladı. O, Litva rəhbərlərinin Azərbaycana səfərləri zamanı ölkəmizdə gedən yüksək inkişaf proseslərinin şahidi olduqlarını dedi və Azərbaycanın uğurlarına sevindiklərini bildirdi. Litvalı diplomat ölkələrimiz arasında münasibətlərin bundan sonra daha da möhkəmlənəcəyinə əminliyini ifadə etdi.
Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov İran İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Məhəmmədbağır Bəhramini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.
XİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycanla İran arasında iki tərəfli münasibətlərə dair fikir mübadiləsi aparılmışdır.
Nazir Elmar Məmmədyarov Azərbaycan vətəndaşları olan iki gənc şairin İranda saxlanılmasının ölkə ictimaiyyətində ciddi narahatlıq yaratdığını diqqətə çatdırmış və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin İran tərəfinə beş nota təqdim etməsinə baxmayaraq, qarşı tərəfin yalnız qısa və natamam cavab verdiyini xatırlatmışdır.
Nazir beynəlxalq qanunvericiliyə, o cümlədən Vyana Konvensiyasına uyğun olaraq saxlanılan həmvətənlərimiz ilə Azərbaycan konsulunun görüşünün təşkil edilməsini tələb etmiş və İran tərəfinin bu məsələ ilə bağlı atacağı addımların iki qonşu dövlət arasında qarşılıqlı dostluq münasibətlərinin ruhuna uyğun olacağına ümidvar olduğunu bildirmişdir.
Abunəçilərin dayanıqlı və keyfiyyətli içməli su ilə təchiz edilməsi, həmçinin su itkilərinin qarşısını almaq məqsədi ilə "Azərsu" ASC tərəfindən "+ 110 Şərq" su anbarından Bakıxanov qəsəbəsinə 3 kilometr uzunluğunda müxtəlif diametrli borularla çəkilmiş magistral su xətti istismara verilmişdir.
ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, anbardan qəsəbəyə içməli suyun verilməsi özüaxımlı rejimdə 24 saat həyata keçirilir.
Yeni magistral xəttin istismara verilməsi ilə Bakıxanov qəsəbəsinin böyük bir hissəsinin içməli su təchizatı əsaslı şəkildə yaxşılaşmışdır. İndiyə qədər qəsəbəyə içməli su qrafiklə - sutkada 4 saat verilirdisə, yeni xəttin çəkilməsi ilə Bakıxanov qəsəbəsinin 60 mindən çox sakini fasiləsiz su ilə təmin olunur.
Yeni xəttin istismara verilməsi Sabunçu və Suraxanı rayonlarının şərq hissələrinin su təchizatına da müsbət təsir göstərib. Belə ki, Bakıxanov qəsəbəsi əvvəllər "Maştağa" anbarından su alırdı. İndi isə qəsəbənin "+ 110 Şərq" anbarından qidalanması "Maştağa" anbarında əlavə su həcminin yaranması ilə nəticələnib ki, həmin həcm Sabunçu, Bül-Bülə və Əmircan qəsəbələrinin təminatına yönəldilir.
Hazırda "+ 110 Şərq" anbarından Bakıxanov qəsəbəsinə çəkilmiş yeni xəttin imkanlarından istifadə etməklə Qaraçuxur qəsəbəsinin də içməli su ilə fasiləsiz təminatı layihəsi üzərində iş aparılır.
Qeyd edək ki, "Azərsu" ASC-nin 2011-ci ildə və 2012-ci ilin birinci yarısında içməli su təchizatının yaxşılaşdırılması istiqamətində kompleks tədbirlərinin nəticəsində Bakı şəhəri və ətraf qəsəbələrdə bir milyondan artıq insanın su ilə təminatı yaxşılaşıb. 2012-ci ildə görülmüş tədbirlər nəticəsində Suraxanı rayonunun Hövsan qəsəbəsi, Sabunçu rayonunun Bakıxanov və Nardaran qəsəbələri, Ramana südçülük sovxozu, Binəqədi qəsəbəsinin 6 və 9-cu mikrorayonları, 7-ci mikrorayon və Biləcəri qəsəbəsinin bir hissəsi, Nəsimi rayonunun 2, 3, 5-ci mikrorayonları və Xutor yaşayış massivi, Yasamal rayonunun böyük bir hissəsinə 24 saat su vermək mümkün olub.
İyulun 5-6-da Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bolqarıstanda səfərdə olacaq. Ə. Qarayev bolqar həmkarı Vecdi Rəşidovla görüşəcək. Görüşdə ikitərəfli əlaqələrin inkişaf məsələləri müzakirə ediləcək.
Ə. Qarayev səfər çərçivəsində Bolqarıstanın Mili Tarix Muzeyinə baş çəkəcək və Plovdiv şəhərinin görməil yerləri ilə tanış olacaq.
Prezident İlham Əliyev iyulun 4-də İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Məhəmmədbağır Bəhramini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.
Dövlət başçısı Məhəmmədbağır Bəhramiyə Azərbaycandakı diplomatik fəaliyyəti dövründə ölkələr arasında münasibətlərin inkişaf etdirilməsi istiqamətində göstərdiyi səylərə görə təşəkkürünü bildirib.
Görüşdə Azərbaycanla İran arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) prezidentin sərəncamına uyğun olaraq neft ərazilərindəki qanunsuz tikililərlə bağlı təkliflər hazırlayır.
Bu barədə ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.
Onun sözlərinə görə, təkliflər hazırlanarkən təkcə indi istismarda olan qurudakı neft yataqları yox, həm də perspektiv yataqların mövcudluğu nəzərə alınacaq.
R.Abdullayev qeyd edib ki, prezidentin sərəncamı qanunsuz tikililərlə bağlı indiyə qədər aparılan məhkəmə işlərinin dayandırılmasına səbəb olmayacaq: “Çünki indiyə qədərki bütün iddialar bu qanunsuz tikililərin hasilat zonasında yerləşməsi ilə bağlı olub. Hasilat zonasında yerləşməyən tikililərlə bağlı isə iddia qaldırılmayıb”.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib. İdarənin bölmə rəisi Vaqif Əsədov açıqlamasında bildirib ki, paytaxtın Şərifzadə və Zərdabi küçələrində aparılan təmir tikinti işləri, habelə Həsən Əliyev küçəsi kəsişməsindən C. Məmmədquluzadə küçəsi – Bakıxanov küçəsi istiqamətində yol boyu səki daşlarının dəyişdirilməsi ilə əlaqədar bəzi ərazilərdə nəqliyyatın hərəkət istiqaməti dəyişdirilib.
Adıçəkilən ünvanlarda aparılan işlərlə əlaqədar yollarda yaranmış daralmanı nəzərə alaraq sürücülərdən həmin istiqamətlərdə şəxsi nəqliyyat vasitələrində mümkün qədər az istifadə etmələri və diqqətli olmaları xahiş olunur.
İyulun 5-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin gecə saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var.
ETSN-in mətbuat xidmətindən verilən məlumata görə, mülayim şimal-qərb küləyi axşama doğru arabir güclənəcək.
Havanın temperaturu gecə 18-22 isti, gündüz 27-32 dərəcə isti olacaq.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22, Zuğulba, Buzovna, Mərdəkan, Şüvəlanda 21-22, Türkan, Hövsan, Sahil, Şıxda 23-24 dərəcə təşkil edəcək.
Azərbaycanın rayonlarında iyulun 5-də əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Dağlıq və dağətəyi rayonlarda leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 17-22, gündüz 27-32, dağlarda gecə 7-11, gündüz 15-20 dərəcə isti olacaq.
Yaxın 2 gündə gündüz saatlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Temperatur rejimində mühüm dəyişiklik gözlənilmir. Mülayim şimal küləyi arabir güclənəcək.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 3-də Argentina Respublikasının xarici işlər və etiqad naziri Hektor Timermanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Dövlətimizin başçısı Argentinanın xarici işlər və etiqad naziri Hektor Timerman ilə Nyu-Yorkda keçirdiyi görüşü məmnunluqla xatırladı. Azərbaycan ilə Argentina arasında ikitərəfli əlaqələrin dinamik şəkildə inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev əməkdaşlığın genişləndirilməsində qarşılıqlı səfərlərin önəmini qeyd etdi.
Argentina ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin genişləndiyini qeyd edən Hektor Timerman bu əlaqələrin daha da möhkəmləndirilməsi üçün böyük potensialın olduğunu qeyd etdi. İş adamlarından ibarət nümayəndə heyəti ilə Azərbaycana səfər etdiyini deyən qonaq bu səfərin ölkələrimiz arasında işgüzar əlaqələrin qurulması üçün yaxşı imkan yaradacağını vurğuladı.
Görüşdə ölkələrimiz arasında əməkdaşlığın enerji, kənd təsərrüfatı və digər sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.