Bakıda polis əməkdaşı bıçaqlanıb. Bu barədə Klinik Tibbi Mərkəzdən bildirilib.
Hadisə ötən gecə Bakının Yasamal rayonunda qeydə alınıb. Yasamal Rayon Polis İdarəsinin 29-cu polis bölməsinin əməliyyat müvəkkili, 37 yaşlı Emin İdris oğlu Məmmədov naməlum şəxslər tərəfindən bıçaqlanıb. O, çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir.
Yasamal Rayon Polis İdarəsindən APA-ya bildirilib ki, hadisə polis baş-leytenantı Emin Məmmədovun xidməti vəzifəsini yerinə yetirdiyi zaman törədilib. Hazırda hadisəni törədən şəxslərin müəyyən edilərək tutulması istiqamətində tədbirlər davam etdirilir.
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq Azərbaycan Respublikasının Ağdam-Bərdə yolundakı təmas xəttində monitorinq keçirilir.
Monitorinq zamanı ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Robert Bradtke (ABŞ), Jak For (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik (Polşa) təmas xəttinin qarşı tərəfinə keçiblər. ATƏT nümayəndələri jurnalistlərə açıqlama verməyiblər. Onlar Dağlıq Qarabağda və İrəvanda danışıqlar aparacaqlarını bildiriblər.
Qeyd edək ki, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Uilyam Prayor və Xristo Xristov keçirir.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Antal Herdiç və Jiri Aberle izləyir.
Azərbaycan prezidenti İlham Əliyev Monqolustan prezidenti Saxiaqiyn Elbeqdorju bu ölkənin Milli bayramı – Xalq inqilabı günü münasibətilə təbrik edib.
Təbrik məktubunda deyilir: «Hörmətli cənab Prezident,
Monqolustanın milli bayramı – Xalq inqilabı günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə Monqolustan arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı və genişlənməsi daim xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Monqolustan xalqına sülh və rifah diləyirəm».
İyulun 10-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva may ayında Bakıda keçirilən “Eurovision-2012” mahnı müsabiqəsində Azərbaycanı təmsil edən xalq artisti Alim Qasımov və Səbinə Babayeva ilə görüşmüşdür.
Azərbaycanın birinci xanımı Alim Qasımov və Səbinə Babayevanı müsabiqənin finalında uğurlu çıxışlarına görə təbrik edərək dedi: “Siz bizim mədəniyyətimizi yüksək səviyyədə nümayiş etdirdiniz. Bunu həm çıxışınız, həm də müsabiqənin yekunlarına görə layiq görüldüyünüz yüksək yer təsdiqləyir”.
Mehriban xanım Əliyeva 57-ci “Eurovision” mahnı müsabiqəsinin ölkəmizdə yüksək səviyyədə təşkil edildiyini və bunun hələ də dünya mətbuatının gündəmində olduğunu vurğuladı. Azərbaycanın birinci xanımı qeyd etdi ki, ölkəmizin bu müsabiqədə iştirakının təşəbbüskarı da Heydər Əliyev Fondu olmuşdur. Azərbaycanın “Eurovision” mahnı müsabiqəsində layiqincə təmsil olunmasının Fond tərəfindən daim arzulandığını deyən Mehriban xanım Əliyeva ölkəmizin bütün bu uğurlara qısa zamanda nail olduğunu vurğuladı. Fondun prezidenti Azərbaycanın “Eurovision” müsabiqəsində həmişə yüksək yerlərdə qərarlaşdığını diqqətə çatdırdı.
Azərbaycanı “Eurovision-2012”də təmsil edən xalq artisti Alim Qasımovu və Səbinə Babayevanı bir daha təbrik edən Mehriban xanım Əliyeva bu müsabiqənin onlar üçün gələcək fəaliyyətlərində yeni imkanlar açdığını dedi.
Sonda xatirə şəkli çəkdirildi.
İyulun 10-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva BMT-nin Ərzaq və Kənd Təsərrüfatının (FAO) rəhbəri Məhəmməd Ruiqinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Görüşdə Fondun vitse-prezidenti Leyla Əliyeva iştirak etmişdir.
Azərbaycanın birinci xanımı Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti barədə qonaqlara məlumat verdi. Fondun 2004-cü ildən fəaliyyət göstərdiyini deyən Mehriban xanım Əliyeva qurumun müxtəlif sahələrdə, xüsusilə də humanitar sahədə bir çox layihələr həyata keçirdiyini bildirdi. BMT ilə sıx əməkdaşlığın qurulduğunu qeyd edən Heydər Əliyev Fondunun prezidenti bu təşkilatla birlikdə bir neçə müştərək layihənin reallaşdırıldığını qeyd etdi. Azərbaycanın birinci xanımı gələcəkdə də bu əməkdaşlığın davam etdiriləcəyinə ümidvar olduğunu bildirdi.
Mehriban xanım Əliyeva FAO-nun nümayəndə heyətinin ölkəmizə səfərinin əməkdaşlığın inkişafına yeni təkan verəcəyinə ümidvar olduğunu bildirdi. Fondun prezidenti Azərbaycan dövlətinin BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının fəaliyyətinə kömək etməyə hazır olduğunu vurğuladı. Mehriban xanım Əliyeva Heydər Əliyev Fondunun da qeyri-hökumət təşkilatı kimi əməkdaşlığa hazır olduğunu diqqətə çatdırdı. Azərbaycanın birinci xanımı rəhbərlik etdiyi Fondun bir çox nüfuzlu beynəlxalq qurumlarla, o cümlədən UNİCEF və UNESCO ilə uğurlu əməkdaşlığından danışdı. Mehriban xanım Əliyeva bu əməkdaşlığın FAO ilə də uğurlu istiqamətdə qurulacağına əmin olduğunu bildirdi.
Görüşə görə təşəkkür edən FAO missiyasının rəhbəri Məhəmməd Ruiqi Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyevanın gördüyü işləri yüksək qiymətləndirdiyini bildirdi. Görüşdə Heydər Əliyev Fondunun FAO-nun Romadakı baş ofisi ilə əməkdaşlığı, ərzaq təhlükəsizliyi, həmçinin bu sahədə xüsusi uşaq müəssisələrinin yaradılması məsələləri müzakirə olundu.
Türkiyənin populyar müğənnilərindən biri Sibel Canın peşəkar karyerasının 25-ci ili tamam olur.
İlk albomu 1987-ci ildə satışa çıxmış müğənninin 25 ildə 19 albomu olub.
Eyni zamanda Sibel Can Türkiyədə ən çox konsert verən, ən çox proqram hazırlayan müğənnidir.
"Habetürk"ə verdiyi müsahibəsində Sibel Can şəxsi həyatından da danışıb. İndiyədək iki dəfə ərdə olan və 3 övlad anası Sibel Canın yenidən ailə qurmaq fikri yoxdur.
"Bundan sonra həyatımda kişinin olması mümkün deyil. Ona görə də ərə getmək, yenidən ailə qurmaq məsələsini müzakirə etmək istəmirəm. Olmayan və olmayacaq işi necə müzakirə etmək olar?" - Sibel Can deyib.
Azərbaycan prezidenti İlham Əliyev Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.
Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə TQDK-nın aşağıdakı əməkdaşları təltif ediliblər:
3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə
Babayev Namiq Əsgər oğlu
“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə
Bağırov Arzu Heydər oğlu
Batıyeva Afiqə Həsən qızı
Rüstəmov Çingiz İzzət oğlu
Heydər Əliyev Mərkəzinə direktor təyin edilib.
Prezident İlham Əliyevin sərəncamı ilə Anar Sahib oğlu Ələkbərov Heydər Əliyev Mərkəzinin direktoru təyin olunub. Anar Ələkbərov bu təyinatadək Heydər Əliyev Fondunun icraçı direktoru vəzifəsini tuturdu.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva Bakının Yasamal rayonundakı 27 və 325 nömrəli uşaq bağçalarının əsaslı təmir və yenidənqurmadan sonra açılışında iştirak etmişlər.
Məlumat verilmişdir ki, 27 nömrəli uşaq bağçası ötən əsrin əvvəllərində tikilmiş və tamamilə yararsız vəziyyətdə idi. Prezident İlham Əliyevin göstərişinə uyğun olaraq əsaslı surətdə təmir olunan bağçada bütün avadanlıq və inventarlar yenilənmişdir. Bağçada 4 qrupda 80 uşaq təlim-tərbiyə alacaqdır. Burada musiqi, rəqs, idman zalları, həmçinin tibb məntəqəsi də fəaliyyət göstərir. Bağçada uşaqların təlim-tərbiyəsi və əyləncəsi üçün hər cür şərait yaradılmışdır.
Mehriban xanım Əliyeva uşaq bağçasında yaradılmış şəraitlə yaxından tanış olmuşdur.
Sonda xatirə şəkil çəkdirildi.
Daha sonra 325 nömrəli uşaq bağçasına gələn Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya burada həyata keçirilən işlər barədə məlumat verilmişdir.
Bildirilmişdir ki, ikimərtəbəli binada yerləşən bağçanın bütün avadanlığı və inventarı yenilənmişdir. Bağçada 5 qrupda hərəsində 20 nəfər olmaqla, 3-6 yaş arası 100 uşaq təlim-tərbiyə alacaqdır. Burada da musiqi, rəqs, idman zalları, həmçinin tibb məntəqəsi fəaliyyət göstərir. Uşaqların təlim-tərbiyəsi və əyləncəsi üçün hər cür şərait yaradılmışdır.
Diqqətə çatdırılmışdır ki, uşaq bağçasının həyətyanı sahəsində abadlıq işləri aparılmış, yaşıllıqlar salınmışdır.
Uşaq bağçası ilə yaxından tanış olan Mehriban xanım Əliyeva kollektivə uğurlar arzulamışdır.
Bu il rus bölməsinin "Azərbaycan dili" fənnindən imtahan vermiş 3209 abituriyenti ali məktəblərə qəbul imtahanlarına buraxılmayacaq.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından verilən məlumata görə, "Azərbaycan dili" fənnindən keçirilən imtahanlarda ümumilikdə rus bölməsinin 12 256 abituriyenti iştirak edib. Onların 9047-si "məqbul" qiyməti aldığı üçün ali məktəblərə keçirilən qəbul imtahanlarında iştirak hüququ qazanıb.
2012-2013-cü tədris ili üzrə "Azərbaycan dili" fənnindən birinci imtahan mayın 13-də keçirilib. Bu imtahanda iştirak edən 9167 abituriyentin 7444 nəfəri imtahanı müvəffəqiyyətlə verib. İlk imtahanda 1723 abituriyent imtahandan "qeyri-məqbul" qiyməti alıb.
Mayın 13-də keçirilmiş imtahanda "qeyri-məqbul" qiyməti alan abituriyentlərə iyulun 7-də keçirilən "Azərbaycan dili" imtahanında təkrarən iştirak etmək imkanı verilib. Bu imtahanda iştirak etmiş 3089 abituriyentin 1603-ü tələb olunan müsabiqə şərtini ödəyərək "məqbul", 1486-sı "qeyri-məqbul" qiyməti alıb.
Qəbul qaydalarına əsasən, "Azərbaycan dili" fənnindən "məqbul" alan abituriyentlər qəbul imtahanlarına buraxılırlar.
Qeyd edək ki, 2012/2013-cü tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün 106 130 abituriyent internetlə "Elektron ərizə "doldurub. Onların 101 432 nəfəri ərizəsini Sənəd Qəbulu Komissiyasında təsdiq etdirib.
Bu il ali məktəblərə ilk qəbul imtahanı III ixtisas qrupu üzrə iyulun 14-də olacaq. İyulun 20-də I, iyulun 27-də IV, avqustun 3-də II ixtisas qrupu üzrə imtahan keçiriləcək.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 10-da Bakının Qaradağ rayonunda “Holcim-Azərbaycan” ASC-nin yeni sement zavodunun açılışında iştirak etmişdir.
Dövlətimizin başçısına məlumat verildi ki, quru üsulla məhsul istehsal edən bu zavod Cənubi Qafqaz regionun sement sənayesində yeni dövrün başlanğıc nöqtəsi olacaqdır.
Quru üsulla sement istehsalı yanacaq sərfiyyatı və ətraf mühitə təsir baxımından daha səmərəli olduğu üçün Avropada geniş yayılmış texnologiyadır. Üç yüz milyon avro dəyərində olan bu layihə yerli məhsulların istehsalını dəstəkləməklə ölkənin inşaat sektorunun daha da inkişafına töhfə verəcəkdir.
Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin gecə saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var.
Temperatur gecə 20-24, gündüz 30-34 dərəcə isti olacaq.
Bakıda gecə 22-24, gündüz 32-30 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 754 millimetr civə sütunundan 757 millimetr civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80 faiz, gündüz 50-60 faiz olacaq.
Abşeronun çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə, Zuğulba, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24, Türkan, Hövsan, Sahil, Şıxda 24-25 dərəcə isti olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Temperaturun gecə 15-20, gündüz 31-36 dərəcə isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Temperaturun gecə 9-13, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında gündüz əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Temperaturun gecə 16-21, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Temperaturun gecə 14-19, gündüz 26-31 dərəcə olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında gündüz hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Temperaturun gecə 20-25, gündüz 31-36 dərəcə isti olacağı gözlənilir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında gündüz hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Temperaturun gecə 19-23, gündüz 29-34, dağlarda gecə 12-17, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
İyulun 10-12-də Abşeron yarımadasında temperaturun tədricən yüksəlməsi meteohəssas insanlarda günorta saatlarında diskomfort hissi yarada bilər.
Azərbaycanın aran rayonlarına ötən gecədən başlayaraq səhərədək yağan leysan yağışlar nəticəsində Göyçayda təsərrüfata ciddi ziyan dəyib.
Güclü yağışlar səbəbindən yaranan sel suları Qaraməryəm və ətraf kəndlərdə yaşayış evlərini basıb.
Göyçay rayon İcra Hakimiyyəti başçısının Qaraməryəm kəndi üzrə icra nümayəndəsi Seymur Qasımov bildirib ki, güclü yağışlar nəticəsində Qarayazı suvarma kanalı dağılıb. Nəticədə həyətyanı və əkin sahələrini, evləri, tövlələri su basıb. 100-dən artıq yaşayış evinə sel suları dolub. Xeyli sayda toyuq-cücə tələf olub, Yekəxana, Qarayazı, Qaraməryəm və Şahsoltanlı kəndlərində böyük suvarma arxlarının üzərindən keçən 6 avtomobil körpüsü dağılaraq yararsız hala düşüb.
Adıçəkilən kəndləri içməli su ilə təmin edən İsmayıllı rayonunun Kürdmaşı kəndində yerləşən su anbarına sel suları ziyan vurub. Nəticədə həmin kəndlərin içməli su ilə təminatında problemlər yaranıb. Güclü sel elektrik dirəklərini də aşırıb. Bu səbəbdən həmin kəndlərə elektrik enerjisinin verilişi dayandırılıb.
Bundan başqa, güclü sel səbəbindən gecə saat 01.30 radələrində Bakı-Şamaxı-Yevlax yolunun Qaraməryəm kəndi ərazisindən keçən hissəsində yol 3 saat bağlı qalıb. Həmin yolun üzərində yerləşən körpü isə qəzalı vəziyyətə düşüb.
Hazırda Göyçay Rayon Fövqəladə Hallar Komissiyası əhaliyə dəyən ziyanı hesablayır.
2012/2013-cü tədris ili üçün Azərbaycanda ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə seçmə turlara qeydiyyat daha 3 rayonda təşkil ediləcək.
Bu barədə çərşənbə axşamı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib.
Komissiyadan bildirilib ki, bu il seçmə turlara qeydiyyat Naxçıvan, Gəncə, Şəki, Lənkəran, Quba, Ağdam rayon Quzanlı qəsəbəsi ilə bərabər, Şəmkir, Biləsuvar və Zaqatalada da aparılacaq.
Yeni yaranan Seçmə Tura Qeydiyyat Komissiyalarının işinin təşkil edilməsi ilə bağlı Gəncə, Lənkəran və Şəki regional bölmələrinə tapşırıqlar verilib.
Türkiyənin ən məşhur aktrisalarından biri Hande Ataizi 3 ildən bəri birlikdə olduğu jurnalist Benjamin Harviyə ərə gedir. Toy sentyabrın sonunda olacaq.
TNT telekanalındakı "İzdivac" proqramında 2 mövsümdən bəri onlarla insanı evləndirən Ataizi bu dəfə özü nikah masasının arxasına oturacaq.
Harvinin romantik nikah təklifindən sonra Ataizi toyun bu bahar, sonra da yayda ola biləcəyini söyləmişdi. Lakin indi toyun vaxtı konkretləşib.
Toyun təşkilatı "B&C Atelier D’ambiance" şirkətinin sahibləri Betina Meçler və Candan Kramerə sifariş edilib.
Azərbaycan prezidenti İlham Əliyev İtaliya Respublikasının xarici işlər nazirinin müavini xanım Marta Dassun və iqtisadi inkişaf nazirinin müavini Klaudio De Vinsentinin başçılıq etdikləri nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycan ilə İtaliya arasında siyasi, iqtisadi və mədəni sahələrdə əlaqələrin qarşılıqlı hörmət və maraq çərçivəsində inkişafından məmnunluq ifadə olunub, münasibətlərin daha da genişləndirilməsi üçün qarşıda duran vəzifələrin müzakirəsi baxımından səfərin önəmi qeyd edilib, Azərbaycan-İtaliya və Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Heydər Əliyev Fondunun vitse-prezidenti, "Baku" jurnalının baş redaktoru, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri Leyla Əliyevanın rəsmi saytı fəaliyyətə başlayıb.
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyindən Trend-ə verilən məlumata görə, www.leyla-aliyeva.az saytında Leyla Əliyevanın fəaliyyəti ilə bağlı bütün məlumatları əldə etmək mümkündür. Yüksək keyfiyyətlə, dizayn baxımından peşəkar səviyyədə hazırlanmış sayt 3 dildə - Azərbaycan, rus və ingilis dillərində təqdim olunur. Saytda Leyla Əliyevanın fəaliyyətini əks etdirən məlumatlar dolğun şəkildə əks olunub. Burada oxucular Heydər Əliyev Fondunun vitse-prezidentinin çoxşaxəli fəaliyyətinin bütün istiqamətləri haqqında məlumat əldə edə biləcəklər.
"Fəaliyyət" bölməsində Leyla Əliyevanın Heydər Əliyev Fondunda, "Baku" jurnalında, İslam Konfransı Təşkilatı Gənclər Forumunda, Rusiya Azərbaycanlı Gənclər Təşkilatında və IDEA (International Dialogue for Environmental Action) Ətraf Mühit Kampaniyası çərçivəsindəki fəaliyyəti əks olunub. Həmin bölmələrin hər birində müvafiq rəsmi saytlara keçid yerləşdirilib.
Saytda Leyla Əliyeva tərəfindən təsis olunmuş, Azərbaycanın dünyada təbliğ edilməsində xüsusi rolu olan "Baku" jurnalının fəaliyyəti ilə tanış olmaq mümkündür.
Leyla Əliyevanın Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətindəki əvəzsiz və yorulmaz fəaliyyəti, "Xocalıya Ədalət" kampaniyası çərçivəsində görülən işlərlə bağlı məlumatlar ayrıca bölmədə yer alıb.
Saytda Leyla Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlayan, gəncləri bir araya gətirərək onları ətraf mühitlə harmoniyada yaşamaq üçün məlumatlandırmağa və həvəsləndirməyə xidmət edən IDEA Ətraf Mühit Kampaniyası ilə bağlı da geniş məlumatlar var.
Eyni zamanda, saytın izləyiciləri Leyla Əliyevanın səfərlərini interaktiv xəritə vasitəsilə izləyə, müxtəlif mətbuat orqanlarına verdiyi müsahibələrlə tanış ola biləcəklər.
Saytda Leyla Əlievanın fotoları və videoları da yerləşdirilib. Bunun üçün ayrıca "Şəkillər" və "Video" bölməsi yaradılıb. Burada Leyla Əliyevanın iştirak etdiyi tədbirlər yüksək keyfiyyət və peşəkarlıqla əks olunub.
Saytın "Yaradıcılıq" bölməsində Leyla Əliyevanın şeirləri, rəsm əsərləri yerləşdirilib.
"Bioqrafiya" bölməsində isə Leyla Əliyeva tərəfindən çəkilmiş şəkillər yer alır.
Yüksək peşəkarlıq və bədii zövqlə hazırlanmış sayt Leyla Əliyevanın fəaliyyətini geniş və tam dolğun əks etdirir.
Amerikalı yazıçı Kristofer Andersonun son kitabında dünyanın ən məşhur aktrisalarından biri Ancelina Colinin həyatının indiyədək qaranlıq qalan məqamlarından bəhs olunur.
Nəyin bahasına olursa-olsun, qısa zamanda məşhurlaşmağa can atan Coli məqsədinə çatmayacağı təqdirdə ölməyi, daha doğrusu, öldürülməyi üstün tutmuşdu. O, hətta muzdlu qatilə də pul verərək, uğursuzluğa düçar olacağı təqdirdə öldürülməsini tapşırmışdı.
Anderson aktrisa Coli ilə bağlı iddialarına dünyaca məşhur "Rolling Stones" qrupunun solisti Mik Caqqer barədə yazdığı "MICK: Vəhşi bir həyat və Caqqerin dəli dahiliyi" kitabında yer verib.
Yazıçı bildirir ki, Ancelina Coli hələ məşhur olmazdan əvvəl anası Marçelin Betrandın israrı ilə Caqqerlə tanış olmuşdu.
Həmin dönəmdə ingilis aktyor Con Li Millerlə nikahda olan Colinin anası ilə söhbətində Caqqer bildirmişdi ki, Ancelinanı məşhurlaşdıracaq.
O, aktrisanın Hollivudda zirvəyə yüksəlməsinin yollarının da söyləmişdi.
1997-ci ildə isə Ancelina Coli "Rolling Stones"un "Anybody Seen My Baby" mahnısının klipində çəkilmişdi.
Coli məşhurlaşdı, amma muzdlu qatil tutmaq fikrindən vaz keçməmişdi...
Sabahdan Bakı və Abşeronda havanın temperaturu tədricən yüksələcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iyulun 10-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin gecə saatlarında yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 20-24, gündüz 30-35 dərəcə isti olacağı gözlənilir.
Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 22-23, Zuğulba, Buzovna, Mərdəkan, Şüvəlanda 23-24, Türkan, Hövsan, Sahil, Şıxda 24-25 dərəcə isti olacağı gözlənilir.
İyulun 10-12-də Abşeron yarımadasında temperaturun tədricən yüksəlməsi meteohəssas insanlarda günorta saatlarında isti diskomfort hissi yarada bilər.
Azərbaycanın rayonlarında iyunun 10-da əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 20-25, gündüz 31-36, dağlarda gecə 9-13, gündüz 19-24 dərəcə isti olacağı gözlənilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 9-da Hindistan Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Vinod Kumarın etimadnaməsini qəbul etmişdir.
Səfir fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Vinod Kumar etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra Azərbaycan Prezidenti səfirlə söhbət etdi.
Azərbaycan ilə Hindistan arasında ikitərəfli əlaqələrin yaxşı səviyyədə olduğunu vurğulayan dövlətimizin başçısı səfir Vinod Kumarın ölkəmizdəki diplomatik fəaliyyəti dövründə bu əlaqələrin uğurla inkişaf edəcəyinə əminliyini ifadə etdi. Prezident İlham Əliyev münasibətlərimizin genişlənməsində qarşılıqlı səfərlərin önəmini qeyd etdi. İqtisadi sahədə qarşılıqlı marağın olduğunu vurğulayan dövlətimizin başçısı ölkələrimiz arasında siyasi, iqtisadi, turizm və mədəniyyət sahələrində əlaqələrin genişləndirilməsi üçün yaxşı imkanların mövcudluğunu söylədi.
Hindistanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Vinod Kumar Azərbaycanda diplomatik fəaliyyətə başlamasından məmnunluğunu bildirdi. Səfir ölkələrimiz arasında ikitərəfli əlaqələrin genişlənməsində hökumətlərarası birgə komissiyanın fəaliyyətinin əhəmiyyətini qeyd etdi. Vinod Kumar Azərbaycan ilə əməkdaşlığın inkişaf etdirilməsində ölkəsinin maraqlı olduğunu dedi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 9-da ATƏT-in baş katibi Lamberto Zannieri qəbul etmişdir.
Görüşdə Azərbaycan ilə ATƏT arasında əməkdaşlığın perspektivləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.