Xəbərlər

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov: “Heydər Əliyev Mərkəzində baş verən yanğınla bağlı əsas fərziyə qaynaq işləri zamanı yanğın təhlükəsizliyi qaydalarına riayət olunmamasıdır”
22 iyul 2012 19:01

 

Heydər Əliyev Mərkəzində baş verən yanğınla əlaəqədar cinayət işi üzrə Məhkəmə-yanğın-texniki, Tikinti-texniki, Fiziki-kimyəvi və Trasoloji ekspertizalar təyin edilib

 “Hadisə yerinə müfəssəl baxış keçirilərək müəyyən edilib ki, yanğın Mərkəzin muzey korpusunun tavan hissəsini əhatə edib. Hadisə yerindən iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar, o cümlədən elektrik qaynağı aparatı, üzərində qaynaq işləri aparılmış metal hissələr götürülüb”. Heydər Əliyev Mərkəzində bu açıqlamanı jurnalistlərə Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov verib.

Onun sözlərinə görə, ötən gün Heydər Əliyev Mərkəzinin muzey hissəsinin tavanında baş vermiş yanğın hadisəsi ilə bağlı Baş prokurorun tapşırığına əsasən dərhal Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin rəhbəri, müstəntiqləri, Kriminalistika şöbəsinin prokurorları və mütəxəssisi müasir kriminalistik avadanlıqlarla təchiz edilmiş səyyar kriminalistika laboratoriyası ilə birlikdə yanğının baş verdiyi əraziyə gələrək hadisə yerinə baxış keçiriblər. Baxışa Fövqəladə Hallar və Milli Təhlükəsizlik nazirliklərinin, eyni zamanda Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspertləri və mütəxəssisləri cəlb olunub.

“Yanğının baş vermə səbəblərinin istintaq yolu ilə araşdırılması məqsədilə Baş prokurorun göstərişinə əsasən Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarının pozulması) maddəsi ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə Məhkəmə-yanğın-texniki, Tikinti-texniki, Fiziki-kimyəvi və Trasoloji ekspertizalar təyin edilib. Eyni zamanda yanğın nəticəsində vurulmuş ziyanın müəyyənləşdirilməsi istiqamətində müvafiq prosessual hərəkətlər yerinə yetirilir.

Cinayət işi üzrə Azərbaycan Respublikası Baş prokurorunun, Fövqəladə Hallar, Milli Təhlükəsizlik və Ədliyyə nazirlərinin 20 iyul 2012-ci il tarixli birgə əmri ilə həmin qurumların mütəxəssislərindən və təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Baş prokurorun eyni tarixli qərarı ilə cinayət işi üzrə Baş Prokurorluğun, Fövqəladə Hallar və Milli Təhlükəsizlik nazirliklərinin müstəntiqlərindən ibarət istintaq qrupu yaradılıb”.

Jurnalistlərin suallarını cavablandıran Eldar Sultanov yanğının baş verməsi ilə bağlı əsas fərziyənin qaynaq işləri görülərkən yanğın təhlükəsizliyi qaydalarına riayət olunmaması olduğunu deyib: “Eyni zamanda digər fərziyyələr ətrafında da intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir. İstintaqın gedişatı barədə ictimaiyyətə əlavə məlumatın verilməsi təmin olunacaq. Hazırda iş üzrə təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilməklə zəruri istintaq hərəkətləri, o cümlədən Mərkəzdə işləyən mütəxəssislər və digər şahidlərin dindirilməsi prosesləri həyata keçirilir”.

Eldar Sultanov hadisə zamanı hər hansı bir şəxsin, o cümlədən yanğınsöndürənlər, binanın mühafizə işçiləri və təmir işləri aparan mütəxəssislərdən heç birinin xəsarət almadığını deyib.

Əli Həsənov: "Azərbaycan jurnalistləri cəmiyyətin, ictimai rəyin formalaşmasında mühüm rol oynayırlar"
22 iyul 2012 18:52

 

Azərbaycan jurnalistləri cəmiyyətin, ictimai rəyin formalaşmasında mühüm rol oynayırlar. Bunu bazar günü Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Milli Mətbuatın 137-ci il dönümü ilə əlaqədar keçirdiyi jurnalistlərin fərdi yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində çıxışı zamanı Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

"Azərbaycan cəmiyyətinin əsas fikir dünyasının qabaqçıl nümayəndələri olan baş redaktorların, jurnalistlərin, mətbuat sahəsində çalışan alimlərin, pedaqoqların, media ziyalılarını neçə illərdi ki, 22 iyul tarixində bir yerə toplayıb onlarla bayramı bölüşürük. Bu bayramın ənənəsi artıq neçə illərdir davam edir və bu ənənənin əsasını ümumilli lider Heydər Əliyev qoyub. 1995-ci ildə milli mətbuatın 125 illiyinin bayram edilməsi ilə bağlı ilk dəfə dövlət səviyyəsində Prezident Heydər Əliyevin sərəncamı imzalandı və 1995-ci ildən başlayaraq faktiki olaraq 22 iyul Azərbaycanda dövlət səviyyəsində Mətbuat günü kimi tanınmağa başlandı", - Ə.Həsənov çıxışında deyib.

PA rəsmisi deyib ki, bugünki tədbirdə Azərbaycan cəmiyyətində rəy formalaşdıran, insanların fikir və mülahizələrini ümumiləşdirib mətbuat səhifəsinə çıxaran, hakimiyyətlə vətəndaş cəmiyyəti arasında bağlılıq yaradan, Azərbaycan hakimiyyətinin siyasətini cəmiyyətə çatdıran və o siyasətə cəmiyyətin münasibətini ümumiləşdirib səhifələrinə, efir dalğalarına, radio dalğalarına çıxaran insanlar toplaşıb.

"Bu insanlar bütün dövrlərdə cəmiyyətin qabaqcıl insanları olub, cəmiyyətin, ictimai rəyin formalaşmasında mühüm rol oynayıblar. 137 il bundan qabaq Həsən bəy Zərdabi qabaqcıl maarif xadimi, ziyalı, öndər qolunu çırmalayıb Azərbaycanda ilk milli mətbuat nümunəsi yaradanda, bilsəydi ki, onun bu qədər davamçısı olacaq, o gördüyü bütün fəaliyyət üçün qürur hissi keçirərdi. Zərdabi milli mətbuatı yaradan anlarda çox əziyyət çəkmişdi, o dövrdə 5-10 ziyalını bir əqidə ətrafında səfərbər etmək, onların fikir dünyasını cəmiyyətə çatdırmaqda bu insanların təfəkküründən istifadə etmək hər ziyalının işi deyildi. Bu səbəbdən Milli Mətbuat gününün məhz Həsən bəy Zərdabinin adı ilə, onun yaratdığı "Əkinçi" qəzeti ilə bağlanması tam qanuna uyğundur və Həsən bəyin haqqıdır", - Ə.Həsənov deyib.

Sabahdan Azərbaycan ərazisində temperatur yüksəlməyə başlayacaq
22 iyul 2012 18:51

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən daxil olan məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Temperatur gecə 22-25, gündüz 32-37 dərəcə isti olacaq.

Abşeronun çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26, Zuğulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27, Türkan, Hövsan, Sahil, Şıxda 26-27 dərəcə isti olacağı gözlənilir.

Azərbaycan rayonlarında isə hava əsasən yağmursuz keçəcək, temperatur gecə 19-25, gündüz isə 30-38 dərəcə olacağı proqnozlaşdırılır.

Lopezi işdən qovdular
21 iyul 2012 19:34

 

Məşhur müğənni Jennifer Lopez yeni səslərin kəşf edildiyi "American Idol" adlı yarışma proqramındakı jürilik vəzifəsini itirdi.

ABŞ-dakı Fox kanalı yeni mövsüm üçün 17 milyon dollar istəyən Lopezi münsiflər heyətindən çıxardı. 42 yaşındakı Lopez ilk mövsümdə 12, keçən mövsüm 15 milyon dollar almışdı. Lopezlə birlikdə münsiflərdə iştirak edən ABŞ-lı rokçu Steven Tylerin da yeni mövsümdə proqrama daxil olmayacağı ifadə edildi.

Miley artıq sarışın
21 iyul 2012 19:31

 

ABŞ-ın məşhur ulduzu Miley Cyrus sarıya boyatdığı saçlarını ilk olaraq Twitterdəki dostları ilə paylaşdı.

Miley Cyrus uzun zamandır həmişə toppuz etdiyi saçlarıyla görülürdü. Bir dəyişiklik etməyə qərar vermiş olacaq ki, saçlarını sarıya boyadıp, küt kəsdirmiş olaraq qarşımıza çıxdı. Bu yeni halını ilk olaraq Twitterdən paylaşan Cyrus, ardından dərhal özünü küçələrə atdı. Baxaq ulduzun nişanlısı oyunçu Liam Hemsworth bu yeni saç tərzini bəyənəcəkmi?

Prezident İlham Əliyev "İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" sərəncam imzalayıb
21 iyul 2012 19:10

 

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 404-IVQD nömrəli Qanununun tətbiqi barədə" sərəncam imzalayıb.

Sənəddə deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 404-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. üç ay müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 140–1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxan müvafiq dövlət orqanı barədə təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.3. üç ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.5. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin".

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8, I kitab, maddə 584; 2001, № 1, maddə 24, № 3, maddə 139, № 7, maddə 455, № 11, maddələr 680, 698, № 12, maddə 731; 2002, № 1, maddə 9, № 4, I kitab, maddə 165, № 5, maddələr 234, 237, 239, № 6, maddə 326, № 8, maddə 463, № 12, maddə 692; 2003, № 1, maddələr 3, 13, 23, №4, maddələr 177, 178, №5, maddə 228, №6, maddələr 257, 276, 279, № 8, maddələr 407, 425, № 12, I kitab, maddələr 676, 696, II kitab, maddələr 713, 714; 2004, № 1, maddələr 6, 7, 10, 13, № 4, maddələr 200, 201, 204, №5, maddələr 313, 314, 317, 321, № 6, maddə 397, № 8, maddələr 596, 597, № 10, maddələr 762, 779, № 11, maddə 900, № 12, maddə 973; 2005, № 1, maddələr 5, 6, № 2, maddə 61, № 4, maddələr 272, 273, 275, 278, № 6, maddələr 462, 466, № 7, maddə 576, № 8, maddələr 691, 692, № 10, maddələr 875, 877, 904, № 11, maddələr 993, 994, 995, № 12, maddələr 1083, 1085; 2006, № 2, maddələr 64, 68, № 3, maddələr 219, 220, 223, 225, № 5, maddə 385, № 6, maddə 478, № 11, maddələr 923, 924, 932, №12, maddələr 1005, 1020, 1024; 2007, № 1, maddələr 3, 4, № 2, maddələr 65, 68, № 5, maddələr 397, 398, 401, 440, № 6, maddələr 560, 561, 562, 579, № 8, maddə 757, № 10, maddələr 935, 936, 938, 940, № 11, maddələr 1048, 1049, 1053, 1070, 1077, 1080, 1089, 1091, № 12, maddələr 1195, 1211, 1217, 1218, 1221; 2008, № 2, maddə 47, № 3, maddələr 146, 152, 159, № 4, maddə 249, № 5, maddə 340, № 6, maddələr 454, 460, 461, 464, № 7, maddələr 601, 602, 605, № 8, maddələr 699, 701, 711, № 10, maddələr 884, 885, № 11, maddələr 956, 957, № 12, maddələr 1045, 1047, 1049; 2009, № 2, maddələr 36, 45, 49, 52, 53, № 5, maddələr 309, 315, № 6, maddələr 404, 405, № 7, maddələr 517, 518, 519, № 8, maddə 611, № 12, maddələr 953, 954, 966, 971; 2010, № 2, maddələr 70, 71, № 3, maddələr 167, 171, 178, № 4, maddələr 275, 276, № 5, maddələr 379, 380, № 6, maddə 483, № 7, maddələr 577, 591, 594, 595, 598, 600, № 10, maddə 838, № 11, maddələr 936, 938, 949, № 12, maddə 1059; 2011, № 2, maddələr 70, 71, № 3, maddələr 162, 164, 168, 170, № 4, maddələr 246, 254, № 6, maddələr 470, 479, 487, № 7, maddələr 596, 614, № 10, maddə, 881, № 11, maddə 981, № 12, maddələr 1094, 1095, 1099, 1103, 1106; 2012, № 1, maddə 3, № 2, maddə 50, № 3, maddə 194, № 4, maddə 271; Azərbaycan Respublikasının 2012-ci il 6 aprel tarixli 322-IVQD və 20 aprel tarixli 333-IVQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin:

1. on ikinci fəslin adında “və dəmir yolu nəqliyyatında” sözləri “, dəmir yolu nəqliyyatında və metropolitendə” sözləri ilə əvəz edilsin;

2. aşağıdakı məzmunda 140-1-ci maddə əlavə edilsin:

“Maddə 140-1. Metropolitendən istifadə qaydalarının pozulması

140-1.1. Stansiyaların vestibüllərini, keçirdlərini və platformalarını, habelə eskalatoru və vaqonların salonunu zibilləməyə və ya həmin obyektlərin üzərində hər hansı yazılar yazmağa, məhdudiyyət çəpərləri və girişi qadağan edən nişanlar quraşdırılmış yerlərdən stansiyaya daxil olmağa, zərurət olmadan “sərnişin-maşinist” rabitəsindən istifadə etməyə görə -

on manat miqdarında cərimə edilir.

140-1.2. Eskalatordan sürahinin üstünə əşya qoymağa görə - on beş manat miqdarında cərimə edilir.

140-1.3. Dəmir yoluna hər hansı əşya atmağa görə - otuz manat miqdarında cərimə edilir.

140-1.4. Eskalatorun sürahisini çıxarmağa, zərurət olmadan “Stop” açarından istifadə etməyə, stansiyaların vestibüllərində, keçidlərində və platformalarında, vaqonlarda siqaret çəkməyə, qatarın hərəkəti zamanı vaqonun qapılarını açmağa, qatarın yola düşməsini ləngitməyə, özbaşına dəmir yoluna düşməyə, qatarın idarəetmə kabinəsinə, xidməti-texniki otaqlara, ventilyasiya şaxtası köşklərinə, tunellərə və metropolitenin işçiləri üçün nəzərdə tutulan çəpərlənmiş ərazilərə daxil olmağa, açıq oddan, pirotexniki qurğulardan (fişəng, partlayıcı və sair) istifadə etməyə görə - əlli manat miqdarında cərimə edilir.

140-1.5. Müvafiq icazə olmadan metropolitenin elektrik şəbəkəsinə elektrik işlədicilərini qoşmağa görə - yetmiş manat miqdarında cərimə edilir.

140.1.6. Metropolitenin ventilyasiya şaxtası köşklərinə 25 metrdən yaxın məsafədə hər hansı əşya yandırmağa görə - yüz manat miqdarında cərimə edilir.”;

3. 199-cu maddənin “Qeyd” hissəsində “200-204-cü” rəqəmləri “200-cü, 201-204-cü” rəqəmləri ilə əvəz edilsin.           

İstirahət günü üçün sinoptiklər nə vəd edirlər?
21 iyul 2012 19:06

 

Azərbaycanın bəzi yerlərində gecə və axşam saatlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən şənbə günü verilən məlumata görə, iyulun 22-də Bakıda və Abşeron yarımadasında havanın tutqun olacağı, gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var.

Gündüz hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 20-25, gündüz 31-36 dərəcə isti olacağı gözlənilir.

Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26, Türkan, Hövsan, Sahil, Şıxda 26-27 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyulun 22-də əsasən gecə və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 32-37, dağlarda gecə 9-14, gündüz 20-25 dərəcə isti təşkil edəcək.  

Heydər Əliyev Mərkəzi fəaliyyətini normal qaydada davam etdirir
21 iyul 2012 13:56

 

Anar Ələkbərov: "Yanğın nəticəsində Heydər Əliyev Mərkəzinin fəaliyyətinə heç bir zərər dəyməyib".

Jurnalistlərə açıqlamasında Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov deyib ki, yanğın Mərkəzin muzey hissəsinin dam örtüyündə baş verib. "Muzeyin daxilinə heç bir ziyan dəyməyib. Biz fəaliyyətimizi normal qaydada davam etdiririk", - Ələkbərov bildirib.

Onun sözlərinə görə, binada mükəmməl yanğınsöndürmə sistemi mövcuddur. Hazırda burada tikinti şirkəti işləri davam etdirir və tamamlama işləri yekunlaşdırılır. Buna görə də, təhlükəsizlik sistemi hələ tam təhvil verilməyib.

İlkin ehtimala görə, yanğın orada qaynaq işlərinin aparılması səbəbindən baş verib.

Qeyd edək ki, Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətlərinin birgə yaydığı rəsmi məlumata əsasən, dünən saat 11:30 radələrində Bakının Heydər Əliyev prospektində yerləşən Heydər Əliyev Mərkəzinin muzey hissəsinin tavanında yanğın baş verib.

Yanğının baş vermə səbəblərinin istintaq yolu ilə araşdırılması məqsədilə Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə (yanğın təhlükəsizliyi qaydalarının pozulması) Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işi başlanıb.

Qəbul imtahanları ilə bağlı müraciət edən vətəndaşların nəzərinə!
21 iyul 2012 06:45

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycanda ali və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə keçirilən qəbul imtahanları ilə əlaqədar vətəndaşların müraciətlərinin araşdırılması qaydalarını açıqlayıb.

 Komissiyasının mətbuat xidmətindən şənbə günü bildirilib ki, müraciətlər yalnız TQDK tərəfindən yaradılmış apelyasiya komissiyaları tərəfindən araşdırıla bilər. İyulun 20-də I ixtisas qrupu üzrə keçirilmiş qəbul imtahanında ayrı-ayrı fənlər üzrə istifadə edilmiş test tapşırıqlarının məzmunu ilə əlaqədar vətəndaşlar apelyasiya komissiyalarına iyulun 23-də müraciət edə bilərlər.

Komissiyadan bildirilib ki, iyulun 27-də IV, avqustun 3-də II ixtisas qrupu üzrə qəbul imtahanı keçiriləcək. IV qrup üzrə qəbul imtahanlarında ayrı-ayrı fənlər üzrə istifadə edilmiş test tapşırıqlarının məzmunu ilə əlaqədar vətəndaşlar apelyasiya komissiyalarına iyulun 30-da, II qrup üzrə avqustun 6-da müraciət edə bilərlər. Apelyasiya komissiyalarına imtahanın gedişi ilə əlaqədar müraciətlərə isə yalnız imtahan keçirildiyi günlərdə baxılacaq.

Digər müraciətlər isə avqustun 6-dan 8-dək araşdırılacaq. Apelyasiya Komissiyaları yalnız qeyd edilən tarixlərdə müraciətlərə baxacaq. Komissiyanın işi başa çatdıqdan sonra heç bir müraciətə baxılmayacaq.

TQDK abituriyentlərin ərizə forması və cavab kartının doldurulmasında texnoloji səhvlərə yol verilməsi və imtahanın keçirilməsi qaydalarının abituriyent tərəfindən pozulması ilə bağlı müraciətləri araşdırmayacaq.

Abituriyent Apelyasiya Komissiyasına şəxsən müraciət etməlidir. Müraciətin araşdırılması zamanı onunla birlikdə yalnız valideyni iştirak edə bilər, üçüncü şəxslərin iştirakına icazə verilmir.

İyulun 21-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
21 iyul 2012 06:43

 

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı vardır. Temperatur gecə 20-25 dərəcə isti, gündüz 31-36 dərəcə isti olacaqdır.

Bakıda gecə 22-24 dərəcə isti, gündüz 32-34 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 758 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 75-85 faiz, gündüz 55-60 faiz olacaqdır.

Abşeronun çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25, Zuğulba, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26, Türkan, Hövsan, Sahil, Şıxda 25-27 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında əsasən, gecə və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Temperatur gecə 20-25, gündüz 32-37 isti, dağlarda gecə 9-14, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında əsasən, gecə və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Temperaturun gecə 18-23, gündüz 33-38 dərəcə isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Temperaturun gecə 9-14, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında hava əsasən, yağmursuz keçəcəkdir. Lakin gecə və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Temperaturun gecə 18-23, gündüz 30-35 dərəcə isti olacağı gözlənilir.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Temperaturun gecə 15-20, gündüz 28-33 dərəcə olacağı gözlənilir.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən, yağmursuz keçəcəkdir. Lakin gecə və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı vardır. Temperaturun gecə 20-25, gündüz 32-37 dərəcə isti olacağı gözlənilir.

Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında gündüz hava əsasən, yağmursuz keçəcəkdir. Gecə və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Temperaturun gecə 20-25, gündüz 30-35 dərəcə isti, dağlarda gecə 12-17, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.

Əli Həsənov: "Rüstəm İbrahimbəyov kino sənəti ilə biznes arasında vurnuxur"
21 iyul 2012 06:39

 

“Rüstəm İbrahimbəyov düşünür ki, əgər o, keçmişdə bir-iki kino çəkibsə, bütün Azərbaycan ictimaiyyəti ona minnətdar olmalıdır və nə edəcəyini gözləməlidir. Ancaq belə deyil.

Azərbaycanda kino sənəti inkişaf etdirilməlidir və bu işi əlindən heç bir iş gəlməyənlər deyil, bacarıqlı, ümumi işə töhvə verə bilən adamlar görməlidirlər. Buna görə də yeni ittifaqın yaranması tam normal haldır”.

Bunu açıqlamasında Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov kinorejissor Rüstəm İbrahimbəyovun onunla bağlı fikirlərini şərh edərkən bildirib.

Ə.Həsənov deyib ki, o, bəlli bir işlə məşğuldur və özünü də bu işdə tapıb: “Həm mənəvi, həm də maddi cəhətdən məni bugünkü vəzifəm qane edir. Nəbzim Azərbaycanın siyasi həyatı ilə birbaşa həmahəngdir. Yazıq Rüstəm İbrahimbəyovdur ki, keçmişdə məşğul olduğu və Rasim Ocaqov kimi sənətkarların istedadı ilə az-çox müvəffəqiyyət qazandığı kino sənəti ilə hazırda məşğul olmaq istədiyi biznes arasında vurnuxur. O nə Moskvada aldadaraq pullarını topladığı iş adamlarının pulunu geri qaytara bilir, nə də ki onlara vəd edib, Şəhidlər Xiyabanı yaxınlığında tikmək istədiyi fantastik “gəlir gətirəcək” restoranlar layihəsini həyata keçirə bilir. Bax belə bir situasiyada düşünürəm ki, Rüstəm İbrahimbəyovun özü yazıq vəziyyətdədir. Mən onun yerinə olsaydım, bir yolunu tapıb çəkilərdim təbiətə, bir az istirahət edərdim”.

ATƏT-in Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağda separatçıların keçirdiyi saxta seçki ilə bağlı bəyanatla çıxış ediblər
20 iyul 2012 11:43

 

ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində erməni separatçılarının keçirdiyi seçki oyunu ilə əlaqədar bəyanatla çıxış ediblər.

Həmsədrlər İqor Popov (Rusiya), Robert Bradtke (ABŞ) və Jak For (Fransa) tərəfindən verilən bəyanatda deyilir: “Həmsədrlər Dağlıq Qarabağın de-fakto hakimiyyəti üçün öz əhalisinin ictimai həyatını bu prosedur vasitəsilə demokratik şəkildə təşkil etmək cəhdinin vacibliyini qəbul edir. Lakin qeyd etmək istərdik ki, nə üç həmsədr ölkə, nə də başqa bir dövlət Dağlıq Qarabağı suveren və müstəqil dövlət kimi tanımır. 19 iyulda həyata keçirilən bu prosedur Dağlıq Qarabağın yekun hüquqi statusunu və münaqişənin sülh yolu ilə həllinə dair cari danışıqların nəticəsini həll etmir”.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov gələn həftə Latin Amerikası turnesinə çıxacaq
20 iyul 2012 11:40

 

XİN başçısı Kolumbiya, Argentina, Uruqvay və Peruya səfər edəcək. İyulun 31-də Parisdə Azərbaycan və Fransa xarici işlər nazirlərinin görüşü nəzərdə tutulur

Gələn həftə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bir sıra Latin Amerika ölkələrinə rəsmi turneyə çıxır. Bu barədə jurnalistlərə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib.

XİN başçısı ilk olaraq iyulun 23-də Kolumbiyaya gedəcək. Daha sonra Elmar Məmmədyarovun Argentina, Uruqvay və Peruya səfəri nəzərdə tutulur. Səfər zamanı ölkələr arasında siyasi və iqtisadi sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunacaq.

Səfərin çərçivəsində biznes-forumların keçirilməsi də nəzərdə tutulub.

Latin Amerikas turnesini başa vurduqdan sonra Elmar Məmmədyarov iyulun 31-də Parisə birgünlük rəsmi səfərə gedəcək. Səfər çərçivəsində onun Fransanın xarici işlər naziri ilə görüşü nəzərdə tutulub.

Azərbaycan ordusunun zabiti şəhid olub
20 iyul 2012 11:38

 

Azərbaycan Silahlı Qüvvələrinin zabiti şəhid olub. Hadisə cəbhənin Tovuz rayonu istiqamətində qeydə alınıb. Ermənistan silahlı birləşmələrinin Tovuzun Əlibəyli kəndi istiqamətində atəşkəsi pozması nəticəsində Azərbaycan ordusunun baş leytenantı Cəfər İbrahim oğlu Cəfərov düşmən gülləsinə tuş gələrək şəhid olub. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, mayor Teymur Abdullayev faktı təsdiqləyib.

Qeyd edək ki, C. Cəfərov Naxçıvan Muxtar Respublikasının Babək rayonundan hərbi xidmətə çağırılıb.

Heydər Əliyev Mərkəzində baş vermiş yanğınla əlaqədar cinayət işi başlanıb
20 iyul 2012 11:36

 

Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluq Heydər Əliyev Mərkəzində baş verən yanğınla əlaqədar birgə məlumat yayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, bu gün saat 11-30 radələrində Bakı şəhəri, Heydər Əliyev prospektində yerləşən Heydər Əliyev Mərkəzinin muzey hissəsinin tavanında yanğın hadisəsinin baş verməsi haqqında məlumat daxil olub.

Dərhal hələlik səbəbi bəlli olmayan yanğın hadisəsinin qarşısının alınması məqsədi ilə Fövqəladə Hallar Nazirliyinin şəxsi heyəti və maşın, mexanizm, helikopterləri cəlb edilməklə qarşısı alınıb, yanğının genişlənməsinə və binanın içəri hissəsinə keçməsinə imkan verilməyib.

Heydər Əliyev Mərkəzinin tavanından başqa, binanın içərisinə, zallarına və digər yerlərinə heç bir zərər dəyməyib.

Eyni zamanda yanğınsöndürənlərdən və binanın mühafizə işçilərindən xəsarət alan olmayıb. Yanğının baş vermə səbəblərinin istintaq yolu ilə araşdırılması məqsədilə

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə (yanğın təhlükəsizliyi qaydalarının pozulması) Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində cinayət işi başlanıb, istintaq-əməliyyat qrupunun tərkibinə Fövqəladə Hallar Nazirliyinin Yanğınların təhqiqatı və sınaq laboratoriyasının mütəxəssisləri, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri və digər hüquq mühafizə orqanlarının təcrübəli əməkdaşları daxil ediliblər.

Yanğının baş vermə səbəbləri və araşdırmanın nəticələri haqqında ictimaiyyətə əlavə məlumat veriləcək.

TQDK valideynlərə müraciət etdi: "Aldanmayın!"
20 iyul 2012 11:33

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə ali məktəblərə qəbul imtahanlarında iştirak edərək müsabiqə şərtlərini ödədiyi üçün ixtisas seçiminə buraxılan abituriyentlərin valideynlərinə müraciət edib. TQDK sədri bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, bəzi valideynlər övladlarının ali məktəbə ixtisas seçiminin aparılması üçün müxtəlif işgüzar insanlardan kömək istəyirlər.

"Amma abituriyentlər özləri bu işi bacara bilərlər. Mən valideynlərə müraciət edirəm ki, TQDK-nın məlumatları əsasında qərar versinlər. Bəllidir ki, bundan sonra heç kimin imtahanda topladığı balda dəyişiklik baş verməyəcək. Ona görə valideynlər bu ballar əsasında övladlarının ixtisas seçiminin aparılmasına yardım göstərsinlər", - Abbaszadə deyib.

Abbaszadə deyib ki, son zamanlar xarici ölkələrin ali məktəblərinə imtahansız qəbulla bağlı reklamlara artıb. Abituriyentləri və onların valideynlərini aldanmamağa çağıran TQDK sədri bildirib ki, bu yaxınlarda Türkiyənin 20 universitetinə imtahansız və ödənişsiz əsaslarla azərbaycanlı abituriyentlərin qəbulunun mümkünlüyü ilə bağlı reklamla rastlaşıb.

"Amma məlum oldu ki, bu, yalnız 700 bal toplayanlara aiddir. 700-dən aşağı bal toplayanlar isə ödənişli əsaslarla təhsil almalıdırlar. Ona görə də valideynlər bu məsələdə çox diqqətli olmalıdırlar", - TQDK sədri əlavə edib.

Azərbaycanda ali məktəbə qəbul imtahanı keçirilir
20 iyul 2012 05:49

 

Bu gün 30 mindən çox abituriyent ali məktəbə qəbul üçün imtahan verir.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bu gün 2012/2013-cü tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə I ixtisas qrupu üzrə qəbul imtahanı keçirir.

Komissiyadan Trend-ə verilən məlumata görə, imtahan Respublikanın 6 şəhərində - Bakıda 37, Naxçıvanda 2, Gəncədə 6, Sumqayıtda 7, Şəkidə 3, Lənkəranda 4 binada keçirilir. Orta ümumtəhsil müəssisələrindən 2528 nəzarətçi-müəllimin iştirak etdiyi imtahana 235 imtahan rəhbəri cəlb olunub.

İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlayacaq və 3 saat ərzində aparılacaq.

Bu il I qrup üzrə 33 533 abituriyent ərizə təqdim edib.

I ixtisas qrupu üzrə sənəd verənlərin 30 803 nəfəri Azərbaycan bölməsinin, 2730 nəfəri isə rus bölməsinin məzunudur. Abituriyentlərin 19 847 nəfərini oğlanlar, 13 686 nəfərini isə qızlar təşkil edir, 18 818 nəfər orta ümumtəhsil məktəblərinin builki məzunudur. 13 259 nəfər isə orta ümumtəhsil məktəblərini əvvəlki illərdə bitirən məzunlardır.

Bu ixtisas qrupu üzrə təhsil almaq istəyən 167 abituriyent xarici ölkələrin vətəndaşıdır. 123 abituriyent ali təhsillidir və I ixtisas qrupu üzrə ikinci ali təhsil almaq arzusundadır. 1333 abituriyent orta ixtisas təhsili müəssisələrinin məzunudur.

Ən yaşlı abituriyent 1956-ci ildən, ən gənc isə 1997-ci ildəndir.

Bakı şəhərində 21 080, Naxçıvanda 1324, Gəncədə 3400, Sumqayıtda 4368, Şəkidə 1653, Lənkəranda isə 1708 abituriyent imtahan verəcək.

İmtahandan dərhal sonra müstəqil ekspertlər tərəfindən I ixtisas qrupu üzrə test suallarının ekspertizası aparılacaq. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları da bu gün TQDK-nın rəsmi saytında yerləşdiriləcək.

I ixtisas qrupu üzrə imtahan vermiş abituriyentlərinin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr qısa müddətdə TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı, həmçinin mobil telefonla 7727 nömrəsinə iş nömrələrini göndərməklə öyrənə biləcəklər.

I ixtisas qrupunda xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslara qəbul olmaq istəyən və qabiliyyət imtahan komissiyasında qeydiyyatdan keçmiş abituriyentlər iyulun 24-dən 30-dək qabiliyyət imtahanı verməlidirlər. Qabiliyyət imtahanını müvəffəqiyyətlə verən abituriyentlər ixtisas seçimi zamanı elektron ərizələrində müvafiq ixtisasın kodunu göstərə bilərlər. Qabiliyyət imtahanından müvəffəqiyyətlə keçməyən abituriyentlər isə I ixtisas qrupuna daxil olan digər ixtisasların müsabiqəsində iştirak edə biləcəklər. Bütün qruplar üzrə ixtisas seçimi abituriyentlərin qəbul imtahanlarında topladıqları ballar elan olunduqdan sonra avqustun 7-dən 16-dək internet vasitəsilə aparılacaq.

İyulun 20-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
20 iyul 2012 05:47

 

Bakıda və Abşeron yarımadasında  havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Temperatur gecə 20-23, gündüz 27-32 dərəcə isti olacaq.

Bakıda gecə 20-22, gündüz 30-32 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 760 millimetr civə sütunundan 762 millimetr civə sütununa yüksələcək, nisbi rütubət gecə 80-85 faiz, gündüz 65-70 faiz olacaq.

Abşeronun çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25, Zuğulba, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26, Türkan, Hövsan, Sahil, Şıxda 25-27 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında əsasən gecə və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Temperaturun gecə 20-25, gündüz 30-35, dağlarda gecə 7-12, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında əsasən gecə və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Temperaturun gecə 17-22, gündüz 30-35 dərəcə isti olacağı gözlənilir. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında bəzi yerlərdə arabir şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Temperaturun gecə 7-12, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında əsasən gecə və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Temperaturun gecə 16-21, gündüz 29-34 dərəcə isti olacağı gözlənilir.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında bəzi yerlərdə arabir şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Temperaturun gecə 15-20, gündüz 25-30 dərəcə olacağı gözlənilir.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında əsasən gecə və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Temperaturun gecə 20-25, gündüz 30-35 dərəcə isti olacağı gözlənilir.

Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında əsasən gecə və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.Temperaturun gecə 19-23, gündüz 28-33, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın xarici işlər naziri Amerika Yəhudi Komitəsinin icraçı direktorunu qəbul edib
19 iyul 2012 15:39

 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harrisin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. XİN-in mətbuat xidmətindən verilən məlumata görə, E. Məmmədyarov Azərbaycanın çoxmədəniyyətli və tolerant ölkə kimi dünyada tanındığını və sivilizasiyalararası dialoqda fəal rol oynadığını xüsusi vurğulayıb. Görüşdə Azərbaycanla ABŞ arasında münasibətlərin hazırkı durumu və tərəflər arasında əməkdaşlığın inkişaf etdirilməsi yolları, yəhudi icmasının ölkəmizin ictimai-sosial həyatındakı rolu, eləcə də regionda gedən proseslər müzakirə edilib.

Oqtay Əsədov Böyük Britaniya parlamentinin Azərbaycanla dostluq qrupunun üzvlərini qəbul edib
19 iyul 2012 15:37

 

Milli Məclisin sədri Oqtay Əsədov Böyük Britaniya parlamentinin Azərbaycanla dostluq qrupunun üzvü Lord Lairdin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə O. Əsədov ingiltərəli deputatlara Milli Məclisin fəaliyyəti, qanun yaradıcılığı sahəsində görülmüş işlər barədə məlumat verib. Lord Laird isə ölkəsinin Azərbaycanla əlaqələrin hərtərəfli inkişafına böyük maraq göstərdiyini və Cənubi Qafqazda gedən prosesləri diqqətlə izlədiyini deyib. O, Azərbaycan üzrə parlament qrupunun üzvü kimi Milli Məclislə əməkdaşlığın gələcəkdə də dərinləşməsinə çalışacağını qeyd edib.

 əvvəlki    989  990  991  992  993  994  995  996  997  998  999    növbəti 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.