Xəbərlər

Azərbaycan sinoptikləri əhaliyə xəbərdarlıq etdilər
26 iyul 2012 08:11

 

Sinoptiklər meteohəssas insanlara xəbərdarlıq edirlər. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, iyulun 27-dən 29-dək Abşeron yarımadasında zəif küləklərin üstünlüyü və günorta saatlarında isti temperatur diskomfortu meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Bakıda və Abşeron yarımadasında iyulun 27-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 21-26, gündüz 31-36 dərəcə isti təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 24-25, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26, Türkan, Hövsan, Şıx, Sahildə 27-28 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyulun 27-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 11-16, gündüz 23-28 dərəcə isti olacaq.

Azərbaycan və Kolumbiya ikitərəfli əlaqələrin inkişafını müzakirə edib
25 iyul 2012 12:16

 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Latın Amerikası ölkələrinə səfəri çərçivəsində Kolumbiya Respublikasında olub.

Azərbaycan XİN-in mətbuat xidmətindən verilən məlumata görə, iyulun 24-də Məmmədyarov Kolumbiyanın xarici işlər naziri Maria Angela Holguin Kuelyar ilə görüşüb.

Kuelyar Azərbaycanın XİN rəhbərinin başçılıq etdiyi nümayəndə heyətini salamlayaraq, Kolumbiyaya həyata keçirilən bu səfəri yüksək qiymətləndirdiyini və böyük əhəmiyyətə malik olduğunu vurğulayıb. 2011-ci ilin oktyabr ayında Kolumbiya ticarət missiyasının Azərbaycandan səfərdən çox məmnun qayıtdığını qeyd edən xanım Maria Kuelyar iki ölkə arasında ticarət, kənd təsərrüfatı və energetika sahəsində əməkdaşlığı inkişaf etdirmək üçün geniş potensialın olduğunu bildirib və siyasi sahədə mövcud olan yüksək əlaqələrin digər sahələr üçün də səmərəli zəmin yaradacağına əminlik ifadə edib.

Dəvətə və qonaqpərvərliyə görə təşəkkürünü bildirən nazir Elmar Məmmədyarov ölkəmiz haqqında qısa məlumat verib və Azərbaycan tərəfinin Latın Amerikası ölkələri ilə əlaqələrin gücləndirilməsində maraqlı olduğunu qeyd edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Kolumbiya Respublikasının Prezidentinə ünvanladığı məktubu həmkarına təqdim edən Elmar Məmmədyarov məktubun yüksək ünvan sahibinə çatdırılmasını xahiş edib və Azərbaycan Prezidentinin Kolumbiya Prezidentini ölkəmizə rəsmi səfərə dəvət etdiyini diqqətə çatdırıb.

Nazir Elmar Məmmədyarov iki ölkə arasında müqavilə-hüquq bazasının genişləndirilməsini, o cümlədən ikiqat vergitutmanın aradan qaldırılması və investisiyaların qarşılıqlı təşviqi və qorunması sahəsində sazişlərin imzalanmasının vacibliyini vurğulayıb.

Görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli yolları, BMT TŞ çərçivəsində əməkdaşlıq imkanları, həmçinin humanitar, təhsil və idman sahəsində ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi yolları müzakirə edilib.

Kürün səviyyəsi qalxıb
25 iyul 2012 12:14

 

Son günlərdə hava şəraitinin yağmursuz və isti keçməsi ilə əlaqədar əksər dağ çaylarında sululuğun azalması müşahidə olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi saytı məlumat verir ki, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 95-105, Kiçik Qafqazın çaylarında 95-125, Lənkəran-Astara bölgəsi çaylarında 70-140, Naxçıvan MR çaylarında isə 90 faizini təşkil edir.

İyulun 25-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 6 sm azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi 90 m3/s, ongünlük normanın 59 faizini təşkil edir. 2011-ci ildə isə bu rəqəm bir qədər çox olmaqla 137 m3/s və ongünlük normanın 90 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində iyulun 25-də 9 sm azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi 134 m3/s olmaqla, ongünlük normanın 152 faizini təşkil edir. 2011-ci ildə bu göstərici bu il ilə müqayisədə iki dəfə az olmaqla 59 m3/s təşkil edib və ongünlük normanın 67 faizinə bərabər olub.

İyulun 25-dən başlayaraq Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə edilir. Belə ki, Kür çayının Surra mənbtəqəsində suyun səviyyəsi 1 sm, Şirvanda 3 sm, Araz çayının Novruzlu məntəqəsində isə 10 sm artım, Salyanda 4 sm, Bankədə isə 8 sm azalma qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 386 sm (2011-ci il iyulun 25-də 431 sm), Şirvanda 261 sm (2011-ci il iyulun 25-də 314 sm ), Salyanda 204 sm (2011-ci il iyulun 25-də 305 sm), Bankədə 223 sm (2011-ci il iyulun 25-də 253 sm), Araz çayının Novruzlu məntəqəsində isə 130 sm (2011-ci il iyulun 25-də 148 sm) təşkil edir.    

Azərbaycan Ordusu xüsusi rejimə keçdi
25 iyul 2012 12:12

 

 İsti hava şəraiti ilə əlaqədar olaraq hərbi hissələr xüsusi rejimə keçib. Ölkədə müşahidə olunan kəskin isti hava ilə əlaqədar həkimlər əhaliyə xəbərdarlıq edirlər.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimi Zemfira Vahidova isti hava şəraitində insanları bir neçə məqama diqqət yetirməyə çağırır: "Günvurmanın qarşısını almaq üçün əhaliyə saat 12-18 radələrində açıq havada az olmaları məsləhətdir. Əgər çölə çıxmağa məcburdurlarsa, çətirlərdən, açıq rəngli papaqlardan, baş örtüklərindən istifadə etsinlər. Pambıq və kətan parçalardan olan geyimlərə üstünlük versinlər".

Qeyd edək ki, yay mövsümü başlayandan günvurma ilə bağlı 50 nəfər təcili yardıma müraciət edib. Onlardan 13 nəfəri xəstəxanaya yerləşdirilib. Ötən gün isə Pirallahı qəsəbəsində işləyən 3 nəfər neftçini gün vurub. Onlara ilkin tibbi yardım göstərilib.

Kəskin istilərlə bağlı orduda da xüsusi rejim tətbiq olunur. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, istilərlə bağlı əsgərlər kazarma şəraitində saxlanılır. Onların günvurmadan qorunması üçün əlavə tədbirlər görülür. Sinoptiklər isə kəskin istilərin davamlı olmayacağını deyirlər.

Qeyd edək ki, bu gün ərzində dəniz suyunun temperaturunun da kəskin artacağı, Türkan, Hövsan, Şıx çimərliklərində, hətta 28-29 dərəcə olacağı gözlənilir.

Toy əvvəli 17 milyon dollara ev
25 iyul 2012 08:51

 

Oyunçu Kate Hudson və müğənni Matt Bellamy cütlüyü toydan əvvəl 17 milyon dollara lüks bir malikanə satın aldı.

Hollywoodun məşhur oyunçusu Kate Hudson və Muse qrupunun solisti Matt Bellamy Londonda bir malikanə satın aldı.   2010-ci ildən bu yana xoşbəxt birlikdəliklərini davam etdirən və nişanlandıqdan dərhal sonra uşaqları olan cütlük toylarından əvvəl uyğun bir ev axtarışı içinə girdi. Zamanlarının böyük bir qisimini Los Angelesdə keçirən cütlük uşaqlarının daha sadə və daha çox sənətlə iç-içə yaşaya biləcəyi bir yerə daşınma qərarı aldı. Hudson yaxın yoldaşı Gwyneth Paltrow və Coldplay qrupunun solisti Chris Martinin dinc həyatını özlərinə nümunə götürərək Londonda bir malikanə satın aldı. 17 milyon dollar dəyərindəki 6 mərtəbəli lüks malikanənin içində hovuzdan kinoya qədər hər şey var.   Cütlük Paul McCartney və Sienna Millərə da qonşu olacaq.

Şəkidə ağır yol qəzası baş verib
25 iyul 2012 08:45

 

Azərbaycanın Şəki rayonu ərazisində ağır yol qəzası baş verib.

Qəza nəticəsində eyni ailənin bir üzvü ölüb, 3 üzvü ağır yaralanıb. Təcili Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Şəki regional məntəqəsindən verilən məlumata görə, hadisə Şəki-Oğuz yolunun Şəki rayonu Oravan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 1947-ci il təvəllüdlü, Oğuz rayonu Ərmənət kənd sakini Əfəndiyev Qəhrəman Şəfi oğlunun idarə etdiyi VAZ-2101 markalı avtomobil yol qəzası törədib. Hadisə nəticəsində Q. Əfəndiyevin həyat yoldaşı, 1950-ci il təvəllüdlü, Nurcahan Əfəndiyeva aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb. Q. Əfəndiyev və ailənin digər üzvləri Əfəndiyev Rza Qəhrəman oğlu, Əfəndiyeva Fəxrumə Əziz qızı aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Mərkəzi Şəhər Xəstəxanasına (MŞX) yerləşdiriliblər. Hazırda onlarının vəziyyətinin orta ağır olduğu bildirilir. Faktla bağlı Daxili İşlər Nazirliyini(DİN) Baş Dövlət Yol Polisi İdarəsinin Qərb şöbəsinin regional bölməsində cinayət işi başlanıb, araşdırma aparılır.

Demet Akalının sahurunu kim pozdu?
25 iyul 2012 08:41

 

Türkiyənin tanınmış müğənni və aparıcısı Demet Akalın oruc tutur. O, srağagün gecə sahur yeməyinə əri Okan Kurt ilə birlikdə "Emirgan Sütiş" restoranına yollanıb.

Amma Akalın o restorana getməsinə peşman olub.

Restoranda masa arxasında olarkən Akalın bir kənarda durmuş iki qarsonun onun qeybətini etdiyini eşidib. Ərini sinirləndirməmək və dava düşməsinə yol verməmək üçün Demet bunu Okana deməyib.

Restorandan çıxandan sonra Akalın başına gələnlərdən Twitter-də yazıb: "Əcəba, "Emirgan Sütiş" restoranının adından bizdən kim üzr istəyəcək? Arxanızca qeybət edən qarsonların çalışdığı restorana getməyin. Ramazanda qeybət edirsən - barı arxana, danışdığın qadının və onun ərinin yanında oturduğuna bax".

Gülben Ergen uşaqları üçün keçmiç həyat yoldaşı ilə birlikdə
25 iyul 2012 08:39

 

Türkiyənin populyar müğənnisi Gülben Ergen qalmaqallı boşanmadan sonra sabiq əri Mustafa Erdoğan ilə yenidən görüşüb.

Lakin bu görüş, sadəcə uşaqlar üçün edilib.

Böyuk oğlu Atlas, əkizləri Mustafa Ares və Güneylə birlikdə Bodrumun Türkbükü səmtində sabiq əri ilə görüşən Ergen iftar masası arxasında olub. Sabiq ər-arvad uşaqlarla birlikdə dondurma da yeyəndən sonra sahildə gəzintiyə çıxıblar. Fotoreportyorların onları çəkdiyini görən Atlas deyib: "Ana, şəkillərimizi çəkirlər. Çəkməyin! Bizdən icazə aldınız?!"

İyulun 25-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
25 iyul 2012 08:24

 

Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq. Temperatur gecə 23-28, gündüz 34-38 dərəcə isti olacaq. Bakıda gecə 25-27, gündüz 37-39 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 758 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-80 faiz, gündüz 45-55 faiz olacaqdır.

Abşeronun çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə, Zuğulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27, Türkan, Hövsan, Sahil, Şıxda 28-29 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava, əsasən, yağmursuz keçəcəkdir . Temperatur gecə 21-26, gündüz 35-40 dərəcə isti, bəzi yerlərdə 42 dərəcə isti, dağlarda gecə 13-18, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında hava yağmursuz keçəcəkdir. Temperaturun gecə 20-25, gündüz 35-40 dərəcə, bəzi yerlərdə 42 dərəcə isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında hava, əsasən, yağmursuz keçəcəkdir. Temperaturun gecə 13-18, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.

Qazax-Gəncə,Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında hava yağmursuz keçəcəkdir. Temperaturun gecə 20-25, gündüz 34-38 dərəcə isti olacağı gözlənilir.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında hava, əsasən, yağmursuz keçəcəkdir. Temperaturun gecə 19-24, gündüz 31-36 dərəcə olacağı gözlənilir.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava yağmursuz keçəcəkdir.  Temperaturun gecə 21-26, gündüz 35-40, bəzi yerlərdə 42 dərəcə isti olacağı gözlənilir.

Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında hava yağmursuz keçəcəkdir. Temperaturun gecə 21-25, gündüz 33-38 dərəcə isti, dağlarda gecə 15-20, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva: “Qəbələdə Beynəlxalq Musiqi Festivalının keçirilməsi ilə milli musiqi mədəniyyəti tarixində yeni ənənənin təməli qoyuldu”
24 iyul 2012 16:26

 

Qəbələdə IV Beynəlxalq Musiqi Festivalı start götürür.

Bu gün Qəbələdə IV Beynəlxalq Musiqi Festivalı öz işinə başlayır. Festival iştirakçılarına təqdim olunan bukletdə Heydər Əliyev Fondunun prezidenti, UNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın salamlama nitqi yer alıb.

Salamlama nitqində deyilir: “Hörmətli festival iştirakçıları, qədim zamanlardan tolerantlıq ənənələrinin qorunub saxlandığı müxtəlif xalq və dinlərin nümayəndələrinin əsrlər boyu sülh içində yaşadığı, mədəniyyət və sivilizasiyalar arası təbliği və inkişafına daim öz töhfəsini verən Azərbaycan son illər musiqi və incəsənət festivallarının, konfrans və sərgilərinin keçirildiyi məkan kimi tanınır. Fərəhləndirici haldır ki, müxtəlif mədəniyyətlərin qarşılıqlı zənginləşməsinə səbəb olan bu tədbirlər ildən-ilə daha böyük vüsət alır.

Cəmi bir neçə ay bundan əvvəl ölkəmiz Avropanın ən mötəbər yarışması olan “Eurovision-2012” mahnı müsabiqəsinə ev sahibliyi etdi və bu dəfə milliyyətindən, dinindən və siyasi baxışlarından asılı olmayaraq Bakıya toplaşan bütün insanları musiqi birləşdirdi. 2009-cu ildə Azərbaycanın gözəl guşələrindən biri olan Qəbələdə Beynəlxalq Musiqi Festivalının keçirilməsi ilə milli musiqi mədəniyyəti tarixində yeni ənənənin təməli qoyuldu. Beynəlxalq mədəni əlaqələrinin genişləndirilməsi, zəngin musiqi mədəniyyətimizin dünya ictimaiyyətinə çatdırılması, xalqlar arasında qarşılıqlı anlaşma və dostluğun möhkəmləndirilməsi işinə xidmət edən bu festival gözəl bir ənənəyə çevrilərək, öz beynəlxalq nüfuzunu ildən-ilə artırır. İnanıram ki, hər il olduğu kimi, bir çox dünya şöhrətli musiqi xadimlərinin iştirakı ilə keçirilən builki festival da unudulmaz musiqi bayramına çevriləcək və musiqi mədəniyyəti tariximizdə mənalı səhifələrdən biri kimi qalacaq”.

Qeyd edək ki, bu gün Qəbələdə festival çərçivəsində keçiriləcək ilk tədbir dünya şöhrətli musiqiçi, SSRİ xalq artisti Müslüm Maqomayevin 70 illik yubileyi ilə bağlıdır. Festival Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə keçirilir.

İyulun 24-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
24 iyul 2012 06:44

 

Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaqdır. Temperaturun gecə 23-27, gündüz 33-38 dərəcə isti, Bakıda gecə 24-26, gündüz 36-38 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 758 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-80, gündüz 40-50 faiz olacaqdır.

Abşeronun çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba, Buzovna, Mərdəkan və Şüvəlanda 26-27, Türkan, Hövsan, Sahil və Şıxda 27-28 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava, əsasən, yağmursuz keçəcəkdir. Temperaturun gecə 20-25, gündüz 33-38 dərəcə isti, dağlarda gecə 11-16 dərəcə , gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında hava yağmursuz keçəcəkdir. Temperaturun gecə 19-24 isti, gündüz 33-38 dərəcə isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava, əsasən, yağmursuz keçəcəkdir. Temperaturun gecə 11-16 isti, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava yağmursuz keçəcəkdir. Temperaturun gecə 20-25, gündüz 32-37 dərəcə isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava, əsasən, yağmursuz keçəcəkdir. Temperaturun gecə 18-23, gündüz 29-34 dərəcə isti olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava yağmursuz keçəcəkdir.

Temperaturun gecə 20-25, gündüz 33-38 dərəcə isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava yağmursuz keçəcəkdir. Temperaturun gecə 21-26, gündüz 31-36 dərəcə isti, dağlarda gecə 16-21, gündüz 25-29 dərəcə isti olacağı gözlənilir. İyulun 24-25-də Abşeron yarımadasında zəif külək və bəzi saatlarda havada yaranan durğunluqla yanaşı, güclü isti hava şəraiti meteohəssas insanlar üçün əlverişsizdir. Gündüz saatlarında uzun müddət açıq havada qalmaq məsləhət deyildir.

Evlilər karvanına Özgün də qatıldı
23 iyul 2012 14:24

 

Pop musiqinin sevilən adı Özgün dünya evinə girdi. Məşhur popçu Özgün dörd ildir birlikdə olduğu musiqiçi Nida Karaçar ilə evləndi.

Cütlük Kemer Countrydə ailələrinin və yaxın dostlarının qatıldığı bir mərasimlə nikah masasına oturdu. Sadə bir toyla evlənən Özgün və Karaçar, işlərinin sıxlığı səbəbiylə bal ayına avqust ayında çıxacaq.

Johnny Depp də tərk edildi
23 iyul 2012 14:21

 

Məşhur oyunçu Jonny Depp  uğruna həyat yoldaşından ayrıldığı sevgilisi tərəfindən tərk edildi

Oyunçu Amber Heard uğrunda 14 illik həyat yoldaşı Fransız müğənni və oyunçu Vanessa Paradisdən ayrılan "Karib piratları" filminin 49 yaşındakı ulduzu Johnny Depp də tərk edildi.

Hollywoodun müvəffəqiyyətli aktyoru Deppin uğruna 157 milyon dollar ödəyərək Paradisdən ayrıldığı 26 yaşındakı oyunçu və model Heard məşhur oyunçunu tərk etdi.

The RadarOnline saytının iddiasına görə; Amberin ev yıxan qadın olmaq istəmədiyi və buna görə əlaqələrinə ara vermək istədiyi deyildi.

Sahib olduğu sərvətinin yarısını Paradisə verən Depp sevgilisinə keçdiyimiz günlərdə bir at almışdı.

Azərbaycanda I ixtisas qrupu üzrə qəbul imtahanının nəticələri açıqlandı
23 iyul 2012 14:14

 

2012/2013-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə I ixtisas qrupu üzrə iyulun 20-də keçirilmiş qəbul imtahanının nəticələri artıq bəllidir.

Azərbaycanda I ixtisas qrupu üzrə qəbul imtahanının nəticələri açıqlanıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən verilən məlumata görə, nəticələr TQDK-nın internet saytında yerləşdirilib. Hər bir abituriyent öz imtahan nəticələrinə dair məlumat vərəqini internet vasitəsilə əldə edə biləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı, həmçinin mobil telefonla 7727 nömrəsinə iş nömrələrini göndərməklə öyrənə bilərlər.

I ixtisas qrupu üzrə imtahanda iştirak edən 32034 abituriyentdən 44 nəfəri qaydalara zidd hərəkətlərə yol verdiklərinə görə mtahandan xaric olunub və nəticələri ləğv edilib. Test imtahanının nəticəsinə əsasən, 11256 abituriyent (xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə iştirakçıları istisna olmaqla) müsabiqədə iştirak etmək hüququ qazanıb.

İxtisas seçimi avqustun 7-dən 16-dək internet vasitəsilə aparılacaq. Qəbul aparılan ixtisasların siyahısı isə "Abituriyent" jurnalının 3-cü sayında dərc olunub.

Azərbaycanda I ixtisas qrupu üzrə minimal keçid balı xeyli aşağı salındı
23 iyul 2012 14:13

 

Bu il Azərbaycanda I qrup üzrə ixtisas seçimində ümumi balı 150-dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən verilən məlumata görə, ümumi balı 350 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.

Dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 250-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək üçün qoyulan tələbləri ödəyən abituriyentlər avqustun 7-dən 16-dək "Abituriyentin elektron ərizəsi"ndə ixtisasları seçib təsdiq etməlidirlər.

Sabah Azərbaycan paytaxtında meteohəssas insanlar üçün əlverişsiz hava şəraiti proqnozlaşdırılır
23 iyul 2012 07:22

 

Bakıda və Abşeron yarımadasında havanın temperaturu 33-38 dərəcə təşkil edəcək. Sabah Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 23-27, gündüz 33-38 dərəcə isti olacaq.

Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27, Türkan, Hövsan, Sahil, Şıxda 27-28 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 33-38, dağlarda gecə 11-16, gündüz 22-27 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, iyulun 24-25-də Abşeron yarımadasında zəif küləkli və bəzi saatlarda havada yaranan durğunluqla yanaşı güclü isti hava şəraiti meteohəssas insanlar üçün əlverişsizdir. Gündüz saatlarında uzun müddət açıq havada qalmaq məsləhət görülmür

Bu gün Azərbaycanda müəllimlərin işə qəbulu ilə bağlı imtahanlar başlayır
23 iyul 2012 07:20

 

Bu gün Azərbaycanda 2012/2013-cü tədris ili üçün orta məktəblərin və peşə liseylərinə müəllimlərin işə qəbulu ilə bağlı imtahanların keçirilməsinə başlanılıb.

Təhsil Nazirliyindən verilən məlumata görə, imtahanlarda hər bir namizədə 35 sual təqdim ediləcək. Sualların 25-i uyğun ixtisaslar üzrə ümumtəhsil məktəbləri ucun fənn proqramının məzmununa, 5-i təlim strategiyaları və məktəbdaxili qiymətləndirmə qaydalarına, 5-i isə məntiq və ümumi dünyagörüşünə aid olacaq. Sualların cavablandırılmasına 60 dəqiqə vaxt ayrılacaq. Hər bir düzgün cavab 1 balla qiymətləndiriləcək və düzgün cavabların sayına uyğun bal kompüterin ekranında göstəriləcək.

Müəllimlərin işə qəbulu üzrə imtahanlar avqustadək davam edəcək. Müsabiqəyə ümumilikdə 15467 nəfər buraxılıb. Müsabiqəyə buraxılanların arasında ibtidai sinif müəllimi işləmək istəyənlərin sayı üstünlük təşkil edir. Ölkə üzrə müsabiqəyə buraxılanların 3764 nəfəri ibtidai sinif, 2731 nəfəri ingilis dili, 2160 nəfəri Azərbaycan dili və ədəbiyyatı, 1483-ü riyaziyyat, 1112 nəfəri tarix fənni üzrə müəllim işləmək üçün elektron ərizə təqdim edib. Ən çox vakant yerin olduğu coğrafiya fənni üzrə 636 nəfər müsabiqəyə buraxılıb. Növbəti tədris ili üçün Azərbaycanın orta məktəblərində və peşə liseylərində ən çox coğrafiya, ən az isə rus dili və ədəbiyyatı müəlliminə tələbat var.

Bakıda ən çox fiziki tərbiyə (45 yer), ibtidai sinif (39 yer), ingilis dili (37 yer), informatika (25 yer), riyaziyyat (23 yer) müəllimlərinə tələbat var. Azərbaycanın rayon və şəhərlərindəki orta məktəblərdə ən çox coğrafiya (407), kimya (373 yer), biologiya (341 yer), Azərbaycan dili və ədəbiyyatı (326 yer), fizika (281 yer), riyaziyyat (248 yer), tarix (243 yer) fənni üzrə müəllimlərə ehtiyac duyulur.

Ümumilikdə bu il orta məktəblərdə və peşə liseylərində 3270 vakant müəllim yeri üzrə müsabiqə aparılacaq. Onların 293-ü Bakı şəhəri, 2977-si isə respublikanın digər rayon və şəhərləri üzrədir. Vakant müəllim yerlərinin yalnız 48-i peşə liseylərinin payına düşür. Onların 16-sı Bakıdakı, 32-si isə respublikanın digər rayon və şəhərlərindəki peşə liseylərindədir.

Gələn ay Azərbaycana sualtı seymik stansiyalar gətiriləcək
23 iyul 2012 07:18

 

Xəzərdə quraşdırılacaq sualtı seysmik stansiyaların texniki şərtləri Azərbaycana göndərilib. Xəzərin Azərbaycan sektorunda sualtı seysmik stansiyalar quraşdıracaq Amerikanın “Kinemetrics“ şirkəti stansiyaların texniki şərtlərini Azərbaycana göndərib. Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktou Qurban Yetirmişli bildirib. Onun sözlərinə görə, avqustun sonlarına qədər sualtı seymik stansiyalar ölkəyə gətiriləcək. O vaxta qədər Azərbaycan tərəfi sualtı seysmik stansiyaların quraşdırılması üçün tələb olunan bütün prosedurları həll edəcək. Stansiyalar sentyabr ayında “Ümid”, “Günəşli” və “Bahar” yataqlarında quraşdırlacaq.

Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəsi pozublar
23 iyul 2012 07:07

 

Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata görə, erməni silahlı bölmələri dünən və ötən gecə Goranboy rayonunun Tapqaraqoyunlu; Ağdam rayonunun Sarıcalı; Füzuli rayonunun Qorqan və Aşağı Əbdülrəhmanlı kəndləri yaxınlığında və Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Yol polisi bütün əməliyyatlarda videoçəkilişlər aparacaq
23 iyul 2012 06:52

 

Azərbaycanda yol patrul xidməti avtomobillərində videokameralar quraşdırılacaq.

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirib ki, Yol-Patrul Xidməti haqqında Təlimatda bununla bağlı göstəriş var.

Şöbə rəisinin sözlərinə görə, həmin təlimatda qeyd olunur ki, patrul avtomobili radio-cihaz vasitəsi, qırmızı və ya göy sayrışan işıq və xüsusi səs siqnalı, kompüter, videokamera, dərman qutusu, 2 ədəd yol nişanı, fənər, yanğın söndürən vasitə, hadisə yerini bildirən işıq əks etdirən lent və digər texniki vasitələrlə təchiz olunmalıdır.

"Təlimata uyğun olaraq patrul avtomobilində xidmət aparan YPX inspektoru tərəfindən nəqliyyat vasitəsi saxlanılarkən patrul avtomobilində quraşdırılmış videokamera daim işlək

vəziyyətdə olmalı, məsafədən səs ötürən mikrofondan istifadə edilməlidir. Sürücü ilə ünsiyyət və inzibati xətanın sənədləşdirilməsi, habelə YPX inspektorunun digər hərəkətləri avtomobilin içəri hissəsində və ya kənarda kameranın görünüş dairəsində aparılmalıdır", - o deyib.

Əliyev bildirib ki, yaxın gələcəkdə bütün patrul avtomobilləri videokameralarla təmin olunacaq.

Şöbə rəisinin sözlərinə görə, videokameraların quraşdırılması həm yol hərəkəti qaydasının pozuntusunu, həm də YPX inspektorunun sürücü ilə ünsiyyətini qeydə almaq məqsədi üçün quraşdırılacaq.

"Ola bilər, hansısa yol hərəkəti qaydasının pozuntusunun baş verməsinə şübhəli yanaşma olsun. Müfəttişlə sürücü arasında müəyyən mübahisələrə son qoyulmasında, belə mübahisələrin qarşısını alınmasında bu, əhəmiyyət daşıyacaq", - Əliyev deyib.

O qeyd edib ki, bəzən sürücülər inzibati məsuliyyətdən yayınmaq üçün patrul inspektorunun onunla düzgün davranmadığını iddia edir.

"Bəzən sürücülər deyirlər ki, inspektor özünü təqdim etmədi, məni təhqir etdi və s. Videokameraların quraşdırılmasının bir məqsədi də belə halların aradan qaldırılmasıdır", - Əliyev vurğulayıb.

Şöbə rəisi bildirib ki, patrul xidməti avtomobillərinin bir qismində kompüterlər quraşdırılıb və bu proses davam edir.

Qeyd edək ki, Yol-Patrul Xidməti haqqında Təlimat daxili işlər naziri Ramil Usubov tərəfindən təsdiq olunub və onun icrasını təmin etmək məqsədilə müvafiq qərar qəbul edilib.

 əvvəlki    988  989  990  991  992  993  994  995  996  997  998    növbəti 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.