Xəbərlər

Cəbhə xəttində atəşkəs yenə pozuldu
28 iyul 2012 07:57

 

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində atəşkəs pozulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun Voskevan kəndində, Füzuli rayonunun Horadiz şəhəri və Qorqan, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında və Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Azərbaycan ərazisində isti hava şəraiti istirahət günü davam edəcək
28 iyul 2012 07:56

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən bildiriblər ki, Bakıda və Abşeron yarımadasında iyulun 29-da hava şəraitinin az buludlu, yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 20-25, gündüz 33-38 dərəcə isti təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26, Türkan, Hövsan, Şıx, Sahildə 27-28 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyulun 29-da, əsasən, gecə və axşam bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimal var. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 34-39, dağlarda gecə 13-18, gündüz 23-28 dərəcə isti olacaq.  

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Londonda XXX Olimpiya oyunlarının təntənəli açılış mərasimində iştirak ediblər
28 iyul 2012 07:52

 

Böyük Britaniyanın 90 min tamaşaçı tutan Olimpiya stadionunda XXX Olimpiya oyunlarının təntənəli açılış mərasimi olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər.

London Olimpiya oyunlarına artıq 3-cü dəfə ev sahibliyi edir. Əvvəlki oyunlar burada 1908-ci və 1948-ci illərdə keçirilmişdir.

Bu il Olimpiya oyunlarında 36 idman növündə 302 dəst medal uğrunda mübarizə aparılacaqdır. Olimpiya çempionu adı qazanmaq üçün 205 ölkədən 10 mindən çox idmançı yarışacaqdır.

Olimpiadanın açılış mərasiminin əsas şousu “Möcüzələr adası” adlandırılmışdır. 42 milyon dollardan çox məbləğə başa gələn möhtəşəm şou süni yağış və dünyada ən böyük – 23 tonluq zəngin sədaları ilə müşayiət olunmuşdur.

Oskar mükafatı laureatı, Britaniya kinorejissoru Denni Boylun təqdimatında meydanda aqrar Britaniyanın həyatından idilliya səhnələrini Birləşmiş Krallığın tarixinə səyahət səhnələri əvəz etmişdir.

“Tarixi parad” zamanı stadionda 1948-ci ildə Karib hövzəsindən ilk böyük mühacirət dalğası dövrünə, Britaniya qadınlarının öz hüquqları uğrunda mübarizəsinə, Krallıq zəhmətkeşlərinin 1936-cı ildə yoxsulluq və işsizliyə qarşı etirazlarına həsr olunmuş epizodlar yer almışdır.

Şou bitəndən sonra iştirakçı ölkələrin paradını Olimpiya oyunlarının vətəni olan Yunanıstanın yığma komandası açdı.

Ölkəmizin nümayəndə heyəti bu paradda, başda şef-demission İlham Mədətov olmaqla, 100-ə yaxın idmançı, məşqçi və mütəxəssis ilə təmsil edilmişdir. Azərbaycan Respublikasının dövlət bayrağını komandanın kapitanı, Pekin Olimpiadasının çempionu, cüdoçu Elnur Məmmədli aparırdı.

Xatırladaq ki, Azərbaycan komandasının 53 üzvü idmanın 16 növündə yarışacaqdır. Velosiped, avarçəkmə, qadınlar arasında boks, idman gimnastikası yarışlarında idmançılarımız ilk dəfə çıxış edəcəklər.

Sonra mərasimdə Olimpiada-2012-nin Təşkilat komitəsinin sədri lord Sebastyan Kou, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jak Roqqe çıxış etmişlər.

Böyük Britaniyanın kraliçası II Elizabet XXX Yay Olimpiya oyunlarını açıq elan etmişdir.

İdmançıların, hakimlərin və məşqçilərin dilindən olimpiya andı səslənmişdir.

Mərasimin “Nəsli ruhlandıraraq” devizi ilə keçən ən unudulmaz anı Olimpiya məşəlinin alovlandırılması olmuşdur. Dörd saat davam edən və rəngarəng atəşfəşanlıqla başa çatan Olimpiadanın açılış mərasimini dünyanın bütün qitələrində televiziya ilə 4 milyard adam izləmişdir.

Azərbaycanın idman azarkeşləri də bu möhtəşəm bayrama tamaşa etmək imkanı qazanmışlar. İctimai kanal və “İdman Azərbaycan” kanalı təntənəli açılış mərasimini birbaşa yayımlamışdır.

İyulun 28-də Azərbaycan idmançılarının ilk çıxışı olacaqdır. Biz onlara uğurlar və Vətənə qələbə ilə qayıtmağı arzulayırıq!

London Olimpiadası başlandı
28 iyul 2012 07:48

 

Britaniyanın paytaxtı Londonda XXX Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirildi.

27 iyul, 2012-ci il. Bu gün dünya idman tarixində əbədi qalacaq. Çünki məhz həmin gün, dünən Londonda XXX Yay Olimpiya Oyunlarının təntənəli açılış mərasimi oldu.

"Sehrli ada" adlı şou-mərasimin müəllifi tanınmış kinorejissor və prodüser, "Gecəqondular milyonçusu" filmini çəkmiş "Oskar"lı Denni Boyl idi.

Mərasimin saundtreki klassikadan tutmuş, roka qədər britan musiqisinin ən yaxşı nümunələrindən ibarətdi.

Londondakı Olimpiya stadionunda "The Beatles" qrupunun əfsanəvi solisti Pol Makkartni də çıxış etdi.

Mərasim məxsusi olaraq Olimpiada üçün hazırlanan və dünyada ən böyük olan zəngin çalınması ilə başlandı.

Zəngə zərbəni endirən isə bu yaxınlarda "Tour de France"da qalib gəlmiş velosipedçi Bredli Uiqqins oldu.

İlk əvvəl arenadakı meydanda orta əsrlər İngiltərəsinin yamyaşıl çəmənli və şən fermerlərli pastoral mənzərəsi vardı. Fəqət, bu mənzərəni başlarında silindr olan burjualar, yamaqlı paltarlı və üzləri his-paslı insanlar pozdular. Beləcə, arenada burjua-sənaye inqilabı başlandı və gözəl fermer peyzajı zavodların boruları ilə əvəzləndi.

Budur, kapitalistlər və fəhlələr silindrlərlə kepkalarını çıxarırlar - bütün İngiltərə qəddar, qanlı I Dünya Müharibəsində həlak olmuş oğullarını anır.

Daha sonra isə Britaniya qüdrətini yaradır, fəhlələr ərinmiş metaldan nəhəng həlqə hazırlayırlar, sonra həmin həlqəyə havada daha 4 həlqə birləşdirilir.

Həlqələr Olimpiya Oyunlarının başlanmasına işarədir.

Amma kiçik, di gəl, önəmli məqam qalıb: rəsmiyyətə görə, Olimpiya Oyunlarını yalnız Britaniya kraliçası aça bilər.

Və budur, Bukinhem sarayının həyətinə adi keb daxil olur, oradan aktyor Deniel Kreyq çıxır.

Agent 007, Bond - Ceyms Bond...

Kraliçanı Olimpiadaya dəvət etmək şərəfi məhz ona nəsib olmuşdu.

Kraliça və agent Bond stadiona helikopterlərlə uçurlar və arenanın üzərində paraşütlə aşağı atılırlar.

Təbii, Britaniya kraliçasını səmada kaskadyor əvəzləyirdi.

II Yelizavetanın özü isə əri, Edinburq hersoqu, şahzadə Filipplə kraliça arenasından çıxaraq bütün dünyaya məşhur olan "God save the Queen" himninin sədaları altında Britaniya bayrağının qaldırılmasına xeyir-dua verdi.

Tamaşaçılar daha sonra Harri Potter, Merri Poppins və Piter Penin düşmənlərə qalib gəlməsinə şahid oldular.

Məşhur Mister Bin (aktyor Rouen Atkinson) isə öz stilində sintezatorda məşhur olimpiya melodiyasını ifa etdi.

Bir qədər keçdi, arena nəhəng diskotekaya çevrildi.

Beatles, Rolling Stones, Queen, Sex Pistols, the Prodigy - ifaçı və qrupları sadalamağa ehtiyac yoxdur: son 60 ildə britan musiqisinin "qızıl kolleksiya"sına daxil olan mahnıları bütün dünya yenidən eşitdi.

İdmançıların keçidi isə ənənəvi olaraq Yunanıstan yığmasının atletlərinin arenada addımlaması ilə başlandı.

Yunanlardan sonra arenaya Argentina, Avstraliya yığmaları çıxdılar.

Bir qədər də keçdi, meydanda 2016-cı ildə keçiriləcək Yay Olimpiya Oyunlarına sahiblik edəcək Braziliya komandası çıxdı.

Çexiya yığması isə hamını heyrətləndirdi: çexlər meydana rezin uzunboğaz çəkmələrdə çıxdılar.

London Olimpiadasında xeyli "ilk"lər də var.

Məsələn, Bruney, Qətər və Səudiyyə Ərəbistanının komandalarının heyətlərində ilk dəfə qadın idmançılar var. Bəhreyn və Qətər yığmalarının bayraqdarları isə xanımlar oldular.

Ən nəhayət, Honkonq komandası Londonda Çin yığmasından ayrı çıxış edəcək.

Açılış mərasimi fenomenal və möhtəşəm olsa da, problemli anlar da vardı.

Belə ki, İran və İraq yığmaları meydana çıxanda arena susdu.

Sükutu yalnız bərk səslənən musiqi pozurdu.

Komandalar arasında ən böyük heyətə malik olanı Britaniya yığmasıdır - tam 690 nəfər.

Bütün yarışlarda və növlərdə təmsil olunmuş britaniyalılar atletlərin paradında sonuncu arenaya çıxanlar oldular.

Və sonda Britaniya kraliçası II Yelizaveta XXX Olimpiya Oyunlarını açıq elan etdi.

Kraliçanın nitqindən sonra Olimpiya bayrağı qaldırıldı.

Bayrağı ötənlərin məşhur çempionları, o cümlədən Məhəmməd Əli meydana çıxardılar.

Olimpiya məşəlini arenaya çatdıran isə Temza çayında katerlə alovu gətirən Devid Bekhem oldu. Katerin hərəkəti boyunca onu fişənglər və atəşfəşanlıq müşayiət edirdi.

Sonra Bekhem məşəli akademik avarçəkmə üzrə dünya çempionu, məşhur britaniyalı Stiven Redqreyvə verdi.

Məşqçilər and içəndən sonra Redqreyv məşəli arenaya çatdırdı və "Yelli cəsur"a, britaniyalı Olimpiya çempionlarının seçdikləri gənclərə verdi.

Onlar qaçaraq böyük çiçəyə yaxınlaşdılar, çiçəyin ləçəkləri qalxıb birləşdi və Olimpiya məşəli alovlandı.

Olimpiada başlandı...

Məşəl yandırılan kimi atəşfəşanlıq oldu, sonra da Pol Makkartni vəd olunmuş konsertlə çıxış etdi. Olimpiadanın necə keçəcəyi hələ bəlli deyil. Lakin açılış mərasimi Olimpiya hərəkatı tarixində ən parlaq, ən gözəl və maraqlı mərasim oldu.

YAP-ın icra katibi Əli Əhmədov Oğuzda "Yay məktəbi"nin iştirakçıları ilə görüşüb
27 iyul 2012 11:29

 

Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi "Yay məktəbi" layihəsini davam etdirir.

Oğuzda yerləşən “Afra” oteldə YAP sədrinin müavini, icra katibi Əli Əhmədov gənclərlə görüşüb. Tədbirdə YAP icra katibinin müavini Mübariz Qurbanlı, millət vəkilləri Məlahət İbrahimqızı və Eldar İbrahimov da iştirak ediblər.

Təşkil olunmuş yay məktəbləri zamanı diskussiyalar və maraqlı debatlar keçirilib. Burada siyasi kampaniyaların təşkili, uğurlu siyasi kampaniyaların səbəbləri və Azərbaycanın 2020-ci ildə necə olacağı mövzusunda gənclər arasında müzakirə aparılıb. Hər il təşkil olunan layihə bu mövsüm daha da genişləndirilib. Belə ki, YAP-ın 600 minə yaxın üzvü var, bunlardan da 40%-ni gənclər təşkil edir.

Layihənin məqsədi gənclərin asudə vaxtlarını yaxşı keçirməsi, münasibət qurması, eləcə də, onlar üçün intellektual və əyləncəli yarışların, idman oyunlarının təşkilidir. "Yay məktəbi"ndə

YAP-ı təmsil edən deputatlar, hökumət nümayəndələri gənclərin qonağı olurlar. Onlar müxtəlif mövzular ətrafında fikirlərini bölüşür, gəncləri maraqlandıran suallara cavab verirlər.

Qəbul imtahanlarında 6 nəfər təcili tibbi yardıma müraciət edib
27 iyul 2012 11:26

 

Müraciət edənlərin 4-ü abituriyent, 2-ci isə valideyn olub. Bu gün Bakıda ali və orta ixtisas təhsil müəssisələrinə qəbul imtahanlarının keçirildiyi məntəqələrdə 6 nəfər təcili tibbi yardıma müraciət edib.

Bu barədə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının operativ və hospital işlərinin təşkili şöbəsinin böyük həkimi Zemfira Vahidova bildirib. Onun sözlərinə görə, qəbul imtahanları keçirilən məntəqələrdə təcili yardıma müraciət edən 6 nəfərdən 4-ü abituriyent, 2-ci isə valideyn olub. Müraciət edənlərin hamısına tibbi yardım göstərilib, xəstəxanaya yerləşdirilən olmayıb. Qeyd edək ki, bu gün Azərbaycanda 2012-2013-cü tədris ili üçün ali təhsil müəssisələrinə IV ixtisas qrupu üzrə qəbul imtahanları keçirilib.     

Azərbaycanda qəbul imtahanları başa çatdı
27 iyul 2012 11:17

 

Azərbaycanda ali məktəblərin IV ixtisas qrupu üzrə qəbul imtahanları başa çatıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən verilən xəbərə görə, sabahdan etibarən cavab kartlarının emalına başlanacaq. Hazırda müstəqil ekspertlər tərəfindən IV ixtisas qrupu üzrə test suallarının ekspertizası aparılır.

Saat 19.00-da isə “Space” telekanalında canlı yayımlananan “Abituriyent” verilişində TQDK-nın məsul əməkdaşları və ekspertləri tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları açıqlanacaq. İmtahanda istifadə olunan sualların düzgün cavabları eyni zamanda TQDK-nın saytında da yerləşdiriləcək. IV ixtisas qrupu üzrə imtahan verən abiturieyntlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr qısa müddətdə TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatları həmçinin mobil telefonla 7727 nömrəsinə iş nömrələrini göndərməklə öyrənə biləcəklər.

Azərbaycan prezidenti XXX Yay Olimpiya Oyunlarının keçiriləcəyi Londona gedib
27 iyul 2012 08:13

 

İyulun 26-da Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva XXX Yay Olimpiya Oyunlarının keçiriləcəyi Londona gediblər.

Londonun “Stansted” hava limanında dövlət başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfiri Fəxrəddin Qurbanov, Böyük Britaniya Kraliçasının şəxsi nümayəndəsi Lord Piter və Birləşmiş Krallığın Xarici İşlər Nazirliyinin rəsmisi qarşılayıblar.

Prezident İlham Əliyev hava limanından onun üçün ayrılmış iqamətgaha yola düşüb.

Azərbaycan Tanzaniyaya nota verib
27 iyul 2012 08:04

 

Azərbaycan Xarici İşlər Nazirliyi Tanzaniya Xarici İşlər Nazirliyinə nota verib. Bu barədə jurnalistlərə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev məlumat verib. Notada nazirliyin rəsmi saytında Dağlıq Qarabağ ilə bağlı məsələnin tezliklə həlli tələb olunur. Notanı Tanzaniya XİN-ə Azərbaycanım Misirdəki səfirliyi göndərib. Hələlik notaya cavab gəlməyib. Xatırladaq ki, Ermənistan KİV-in məlumatına görə, Tanzaniya XİN öz rəsmi saytında səfər etmək üçün viza tələb olunan ölkələrin siyahısına qondarma “Dağlıq Qarabağ Respublikası”nın da adını daxil edib.  

TQDK sədrindən xəbərdarlıq: "Uşaqlarımız, onların valideynləri həmin reklamları yayanların toruna düşməsinlər"
27 iyul 2012 07:56

 

Azərbaycanda xarici təhsil müəssisələrinə qəbulla bağlı aqressiv kampaniya aparılır. 

Bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə cümə günü keçirdiyi mətbuat konfransında deyib. "Gündə telefonlara Ukrayna və digər ölkələrdə müxtəlif ali təhsil müəssisələrinə imtahansız, attestatsız tələbə qəbulu elanı göndərilir. Şəhərin hər yerində bununla bağlı reklamlar yayılır", - Abbaszadə bildirib. TQDK sədri vurğulayıb ki, bu kampaniyanın arxasında biznes maraqları durur.

"Biz istəməzdik ki, uşaqlarımız, onların valideynləri həmin reklamları yayanların biznes maraqlarının toruna düşsünlər. Biz təklif edirik ki, leqal yolla TQDK imtahanlarında ən azı 150 bal toplayaraq ödənişli əsasla Azərbaycanda təhsil alsınlar", - o, bildirib.

Abbaszadə keçid ballarının aşağı salınması ilə bağlı məsələyə aydınlıq gətirərək deyib ki, balların aşağı salınması dövlət maliyyələşməsi ilə təhsil alanlara aid deyil, bu, yalnız ödənişli əsasla təhsil alanlara aiddir. TQDK bu il I ixtisas qrupu üzrə imtahanların nəticələrinə görə, keçid balını 250-dən 150-yə endirib.

Hava şəraiti dəyişəcək
27 iyul 2012 07:53

 

Sabah Azərbaycanda havanın temperaturu nisbətən artacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən bildiriblər ki, Bakıda və Abşeron yarımadasında iyulun 28-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 21-26, gündüz 32-37 dərəcə isti təşkil edəcək.

Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26, Türkan, Hövsan, Şıx, Sahildə 27-28 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyulun 28-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 34-39, dağlarda gecə 13-18, gündüz 26-31 dərəcə isti olacaq.

Əbülfəs Qarayev: “Azərbaycanın Qərb bölgəsinin mövcud potensialı turizmi daha da inkişaf etdirməyə imkan verir”
27 iyul 2012 07:51

 

“Azərbaycanda 7 turizm istiqaməti təsdiq olunub, onların sırasında Qərb bölgəsinin özünəməxsus vacibliyi var”.

Bu açıqlamanı jurnalistlərə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev verib. Nazirliyin kollegiya iclasını keçirmək üçün Şəmkirə gələn nazir bildirib ki, Qərb bölgəsinin mövcud şəraiti, potensialı turizmi daha geniş şəkildə inkişaf etdirməyə imkan verir: “Son illər bölgədə yeni, müasir mehmanxanalar tikilir. Mehmanxanalarda təklif olunan xidmətlərin səviyyəsinin artırılması, kadr hazırlığı, turizm sahəsi üçün yeni kadr hazırlığı ilə məşğul olacağıq. Bu məqsədlə yeni tədris ocaqlarının yaradılması da gündəmdədir”.

Azərbaycanda IV qrup üzrə qəbul imtahanları keçirilir
27 iyul 2012 07:50

 

Altı şəhərdə keçirilən imtahanlarda iştirak üçün 15408 abituriyent sənəd verib.

Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2012-2013-cü tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə IV ixtisas qrupu üzrə qəbul imtahanı keçirir.

TQDK-nın mətbuat xidmətindən verilən xəbərə görə, bu gün eyni zamanda hərbi liseylərə, Azərbaycan Tibb Universitetinin Orta Hərbi Tibb Məktəbinə (Feldşer ixtisası üzrə) də qəbul imtahanı keçirilir.

Respublikanın 6 şəhərində - Bakıda 16, Naxçıvanda 3, Gəncədə 3, Sumqayıtda 3, Şəkidə 2, Lənkəranda 1 binada keçiriləcək imtahana 1174 nəzarətçi-müəllim və 115 imtahan rəhbəri cəlb olunub. Bu il IV qrup üzrə 15408 abituriyent ərizə təqdim edib. IV ixtisas qrupu üzrə sənəd verənlərin 14493 nəfəri Azərbaycan, 915 nəfəri isə rus bölməsinin məzunudur.

Abituriyentlərin 9352 nəfərini oğlanlar, 6056 nəfərini isə qızlar təşkil edir. 7758 nəfər orta ümumtəhsil məktəblərinin builki, 5320 nəfər əvvəlki illərin məzunudur. Bu ixtisas qrupu üzrə təhsil almaq istəyən 45 abituriyent xarici ölkələrin vətəndaşıdır. 46 abituriyent ali təhsillidir və IV ixtisas qrupu üzrə ikinci ali təhsil almaq arzusundadır. 415 abituriyent orta ixtisas təhsili müəssisələrinin məzunudur. Ən yaşlı abituriyent 1961-ci ildən, ən gənc isə 1997-ci ildəndir.

Bakıda 9197, Naxçıvanda 1626, Gəncədə 1762, Sumqayıtda 1340, Şəkidə 713, Lənkəranda isə 770 abituriyent imtahan verəcək. İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq və 3 saat ərzində aparılacaq.

İmtahandan dərhal sonra müstəqil ekspertlər tərəfindən IV ixtisas qrupu üzrə test suallarının ekspertizası aparılacaq. Saat 19.00-da “Space” telekanalında canlı yayımlanan “Abituriyent” verilişində TQDK-nın məsul əməkdaşları və ekspertləri tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı geniş izahat veriləcək. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları eyni zamanda TQDK-nın internet saytında yerləşdiriləcək.

IV ixtisas qrupu imtahan vermiş abituriyentlərinin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr qısa müddətdə TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla 7727 nömrəsinə iş nömrələrini göndərməklə öyrənə biləcəklər.

IV ixtisas qrupunda xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslara qəbul olmaq istəyən və qabiliyyət imtahan komissiyasında qeydiyyatdan keçmiş abituriyentlər iyulun 31-dən avqustun 8-dək qabiliyyət imtahanı verməlidirlər. Qabiliyyət imtahanını müvəffəqiyyətlə verən abituriyentlər ixtisas seçimi zamanı elektron ərizələrində müvafiq ixtisasın kodunu göstərə bilərlər. Qabiliyyət imtahanından müvəffəqiyyətlə keçməyən abituriyentlər isə IV ixtisas qrupuna daxil olan digər ixtisasların müsabiqəsində iştirak edə biləcəklər.

Bütün qruplar üzrə ixtisas seçimi abituriyentlərin qəbul imtahanlarında topladıqları ballar elan olunduqdan sonra avqustun 7-dən 16-dək internet vasitəsilə aparılacaq. Tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə daxil olmaq istəyən və müsabiqə şərtlərini ödəyən abituriyentlər ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri elan olunduqdan sonra TQDK tərəfindən təyin olunacaq müddətdə elektron ərizələrinə daxil olub, orta ixtisas təhsili müəssisələrinin ixtisaslarını seçə biləcəklər.

Gisele ikinci dəfə hamilə
26 iyul 2012 09:16

 

2 yaşlı Benjamin adlı bir oğlu olan Gisele Bundchen  ikinci dəfə uşaq sahibi olacaq.

Dünyaca məşhur model Gisele Bundchenin ikinci körpəsinə hamilə olduğunu göstərən fotoşəkillər nəşr olundu. Costa Rica sahilində 2 yaşındakı oğlu Benjamin ilə oyun oynayarkən göstərilən modelin qarnı diqqət çəkdi. Bundchen qısa bir müddət əvvəl çıxan ikinci körpə söz-söhbətlərinə rəsmi bir şərh gətirməmişdi. Amerikan Milli Futbol Liqasında oynayan Tom Brady ilə evli olan Bundchen  keçdiyimiz il 45 milyon dolların üzərində pul qazanıb. Bundchen son olaraq Versace, Givenchy və Salvatore Ferragamo ilə müqavilə imzalamışdı.

Miranda Kerr: Boşanmırıq
26 iyul 2012 09:12

 

Miranda Kerr  Orlando Bloomdan boşanacağı istiqamətindəki dedi-qodulara cavab verdi.

Avstraliyalı maneken Miranda Kerr və 2 ildir evli olduğu İngilis oyunçu Orlando Bloomun alyanslarını çıxarmaları "Evlilikləri cırıldayır, boşana bilərlər" dedi-qodusuna səbəb olmuşdu. Kerrin meneceri isə iddiaların doğru olmadığını açıqlamışdı.

Menecerindən sonra Miranda Kerr də Orlando Bloom dan boşanacağı istiqamətindəki dedi-qodulara cavab verdi.

Avstraliyalı top model The New York Post qəzetinə verdiyi açıqlamada keçən il evləndiyi Bloom ilə arasında heç bir problem olmadığını söylədi və "Boşanmırıq" dedi.

Mehriban Əliyeva: "2009-cu ildə Azərbaycanın gözəl guşələrindən biri olan Qəbələdə Beynəlxalq Musiqi Festivalının keçirilməsi ilə milli musiqi mədəniyyəti tarixində yeni ənənənin təməli qoyuldu"
26 iyul 2012 08:15

 

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Qəbələ IV Beynəlxalq Musiqi Festivalı ilə bağlı yeni hazırlanan jurnal musiqi bayramının iyulun 25-də təşkil olunmuş təntənəli açılış mərasimində iştirakçılara paylanılmışdır.

Nəfis şəkildə tərtib olunmuş jurnalın ilk səhifəsində Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın festival iştirakçılarına ünvanladığı təbrik məktubu dərc edilmişdir.

Məktubda qədim zamanlardan tolerantlıq ənənələrinin qorunub saxlanıldığı, müxtəlif xalq və dinlərin nümayəndələrinin əsrlər boyu sülh içində yaşadığı, mədəniyyət və sivilizasiyalararası dialoqun təşviqi və inkişafına daim öz töhfəsini verən Azərbaycanın son illər beynəlxalq musiqi və incəsənət festivallarının, konfrans və sərgilərinin keçirildiyi məkan kimi tanındığı qeyd edilir. Bildirilir ki, müxtəlif mədəniyyətlərin qarşılıqlı zənginləşməsinə səbəb olan bu tədbirlər ildən-ilə daha böyük vüsət alır. Cəmi bir neçə ay bundan əvvəl ölkəmiz Avropanın ən mötəbər yarışması olan “Eurovision-2012” mahnı müsabiqəsinə ev sahibliyi etdi və bu dəfə də milliyyətindən, dinindən və siyasi baxışlarından asılı olmayaraq Bakıya toplaşan bütün insanları musiqi birləşdirdi. 2009-cu ildə Azərbaycanın gözəl guşələrindən biri olan Qəbələdə Beynəlxalq Musiqi Festivalının keçirilməsi ilə milli musiqi mədəniyyəti tarixində yeni ənənənin təməli qoyuldu. Beynəlxalq mədəni əlaqələrin genişləndirilməsi, zəngin musiqi mədəniyyətimizin dünya ictimaiyyətinə çatdırılması, xalqlar arasında qarşılıqlı anlaşma və dostluğun möhkəmləndirilməsi işinə xidmət edən bu festival artıq gözəl bir ənənəyə çevrilərək öz beynəlxalq nüfuzunu ildən-ilə artırır.

Mehriban xanım Əliyevanın festival iştirakçılarına təbrik məktubu bu sözlərlə qurtarır: “İnanıram ki, hər il olduğu kimi, bir çox dünya şöhrətli musiqi xadimlərinin iştirakı ilə keçirilən builki festival da unudulmaz musiqi bayramına çevriləcək və musiqi mədəniyyəti tariximizdə mənalı səhifələrdən biri kimi qalacaqdır”.

Jurnalda Qəbələ rayonu, eləcə də bu beynəlxalq festivalda iştirak edən yerli və xarici vokalçılar, simfonik və kamera orkestrləri, muğam ustaları, dünya şöhrətli ustad sənətkarlar və məşhur musiqi kollektivləri, onların uğurları barədə geniş məlumatlar verilmişdir.

Kolumbiya energetika sahəsində Azərbaycanla əməkdaşlıqda maraqlıdır
26 iyul 2012 08:13

 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Kolumbiya Respublikasına səfəri çərçivəsində bu ölkənin mədən və enerji naziri Maurisio Kardenas Santamariya ilə görüşüb.

XİN-in mətbuat xidmətindən verilən məlumata görə, ölkəsinin enerji imkanları barədə geniş məlumat verən kolumbiyalı nazir zəngin karbohidrogen ehtiyatlarına malik Azərbaycanla bu sahədə əməkdaşlığın yaradılması üçün səy göstərəcəklərini bəyan edib.

Öz növbəsində, nazir Elmar Məmmədyarov Azərbaycanın zəngin neft tarixinə və təcrübəsinə malik olduğunu qeyd edib və bu sahədə güclü və ixtisaslı mütəxəssislər yetişdirən Azərbaycan Dövlət Neft Akademiyası haqqında məlumat verib. Bu sahədə mütəxəssislərin hazırlanması üçün kolumbiyalı tələbələrin akademiyada təhsil alması təklifini irəli sürən Elmar Məmmədyarov Azərbaycanın bir sıra Latın Amerikası ölkələri ilə əməkdaşlıq etdiyini və Kolumbiya ilə də bu imkanların nəzərdən keçirildiyini diqqətə çatdırıb.

Təklifə görə Elmar Məmmədyarova təşəkkür edən Maurisio Santamariya tezliklə Azərbaycana səfər edəcəyini bildirib.

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində atəşkəs pozulub
26 iyul 2012 08:12

 

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, erməni silahlılar dünən və bu gecə Füzuli rayonunun Qorqan, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında və Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.

Düşmən cavab atəşi ilə susdurulub.

 əvvəlki    987  988  989  990  991  992  993  994  995  996  997    növbəti 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.