Xəbərlər

Ali məktəblərə qəbul imtahanlarında hər qrup üzrə maksimal bal toplamış 25 nəfərin adı Prezident təqaüdünə təqdim olunacaq
10 avqust 2012 17:30

 

Məleykə Abbaszadə: “Ola bilsin ki, bir qrupda digərindən daha az bal toplayan tələbə Prezident təqaüdü alacaq”

Bu il Azərbaycanda ali məktəblərə qəbul imtahanlarında hər qrup üzrə maksimal bal toplamış 25 nəfərin adı Azərbaycan Respublikası Prezidentinin təqaüdünə layiq görülmək üçün təqdim olunacaq. Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib. Onun sözlərinə görə, qruplarda ballar fərqli olduğundan ola bilsin ki, bir qrupda digərindən daha az bal toplayan tələbə Prezident təqaüdü alacaq.

Abbaszadə bildirib ki, qəbul imtahanlarında 600-dən yuxarı bal toplayan abituriyentlər avqustun 17-dən sonra TQDK-nın saytında, və yaxud “Abituriyent” jurnalında mövcud olan ərizəni dolduraraq özləri barədə məlumat göndərməlidirlər.

Azərbaycan gimnastı Aliyə Qarayeva Olimpiadanın finalında
10 avqust 2012 17:27

 

Bu gün 2012-ci il London Yay Olimpiya Oyunlarında bədii gimnastika üzrə yarışların ikinci günündə Azərbaycan gimnastı Aliyə Qarayeva mübarizəyə qoşulub.

Çoxnövçülük üzrə keçirilən yarışın ikinci günündə gimnastlar gürz və lentlə hərəkətlərdə bacarıqlarını göstəriblər.

Qarayeva gürzlə hərəkətlərinə görə 27.850, lentlə hərəkətlərdə isə 28.200 bal toplayıb.

Qeyd edək ki, dünən Qarayeva 24 idmançının iştirak etdiyi təsnifat mərhələsində əvvəlcə halqa ilə məharətini nümayiş etdirib. Gimnastımız hakimlərdən 27.450 bal alıb. Sonra topla kompozisiyasını təqdim edib 24 yaşlı Avropa çempionumuz 28.350 bal toplayıb.

Dörd hərəkətin cəminə görə 111.850 bal yığan Qarayeva 24 gimnast arasında 3-cü yeri tutaraq finala yüksəlib.

Qaydalara görə, təsnifat mərhələsinin yekununa əsasən, 10 ən güclü idmançı finala yüksəlir.

Final yarışlarına sabah start veriləcək.

Avqustun 10-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
10 avqust 2012 05:36

 

Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir. Temperatur gecə 22-25, gündüz 32-36 dərəcə isti olacaq.

Bakıda gecə 22-24, gündüz 34-36 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 755 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 65-75 faiz, gündüz 45-55 faiz olacaqdır.

Abşeronun çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə, Zuğulbada 25-26, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27, Türkan, Hövsan, Sahil, Şıxda 28-29 dərəcə isti olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında hava əsasən, yağmursuz keçəcək. Temperaturun gecə 19-24, gündüz 33-38 dərəcə isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən, yağmursuz keçəcəkdir.

Temperaturun gecə 13-18, gündüz 24-29 dərəcə isti olacağı gözlənilir.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında hava əsasən, yağmursuz keçəcək. Temperaturun gecə 20-24, gündüz 31-36 dərəcə isti olacağı gözlənilir.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında hava əsasən, yağmursuz keçəcək. Temperaturun gecə 18-23, gündüz 29-34 dərəcə olacağı gözlənilir.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava yağmursuz keçəcək. Temperaturun gecə 21-26, gündüz 35-40 dərəcə isti olacağı gözlənilir.

Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında hava əsasən, yağmursuz keçəcək. Temperaturun gecə 21-25, gündüz 31-36, dağlarda gecə 15-20, gündüz 26-31 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz

Avqustun 10-dan 12-dək Abşeron yarımadasında mülayim xəzri küləyi meteohəssas insanlar üçün müsbət amildir.

Ermənistan ordusu 9 istiqamətdə atəşkəsi pozub
10 avqust 2012 05:33

 

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, erməni silahlı bölmələri dünən və ötən gecə Ermənistan Respublikasının Noyenberyan rayonunun Berdavan kəndində; işğal olunmuş Füzuli rayonunun Horadiz şəhəri, Aşağı Əbdülrəhmanlı, Aşağı Seyidəhmədli, Qorqan; Ağdam rayonunun Şıxlar; Cəbrayıl rayonunun Mehdili; Xocavəd rayonunun Kuropatkino kəndləri yaxınlığında və Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Azərbaycan güləşçisi Londonda bürünc medal qazandı
10 avqust 2012 05:31

 

55 kq çəkidə qadın güləşçimiz Yuliya Ratkeviç Rusiya təmsilçisi Valeriya Jolobovanı məğlub edərək Olimpiadanın bürünc medalını qazandı!

Azərbaycanda havanın hərarəti 2-3 dərəcə aşağı düşəcək
09 avqust 2012 17:53

 

Bazar günü bəzi bölgələrdə havanın hərarəti 40 dərəcəyə çatacaq

Yaxın iki gün ərzində Azərbaycan havalar bir qədər sərinləşəcək. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bildirib. Onun sözlərinə görə, avqustun 10, əsasən də 11-də qısamüddətli şimal-qərb küləyinin əsməsi ilə əlaqədar havanın temperaturu 2-3 dərəcə aşağı enəcək: “Ayın 10-da Bakıda və Abşeron yarımadasında gündüz saatlarında 32-36 dərəcə, avqustun 11-də 30-35 dərəcə isti gözlənilir”.

Azərbaycanın rayonlarında avqustun 10 və 11-də hava əsasən yağmursuz keçəcək. Ayın 10-da Aran rayonlarında havanın temperaturu 33-38, dağlarda 24-29 dərəcə olacaq: “Ayın 11-də də bölgələrdə temperatur 33-38 dərəcə olacaq. Lakin ayın 12-də bəzi yerlərdə 40 dərəcə isti gözlənilir”.

Brangelinanın toy tarixi müəyyən oldu
09 avqust 2012 17:44

 

Brad Pitt və Angelina Jolienin nikah tarixi müəyyən oldu.

Keçdiyimiz apreldə nişanlanan Hollywoodun məşhur cütlüyü Brad Pitt və Angelina Jolie sentyabrda nikah masasına oturmağa hazırlanır.

Fransada satın aldıqları və bərpası davam edən malikanədə evlənəcək olan cütlüyün nigahında yalnız 20 qonaq iştirak edəcək. 6 uşaqları olan Angelina Jolie və Brad Pitt evlənmə səbəblərini "Uşaqlarımız üçün evlənməyə qərar verdik" sözləri ilə açıqlamışdı.

Türkiyənin baş naziri Azərbaycana gələcək
09 avqust 2012 16:01

 

Diplomatik mənbələrdən Trend-ə verilən məlumata görə, Ərdoğanın səfəri sentyabrın 11-12-nə nəzərdə tutulub.

Səfərin məqsədi Azərbaycan-Türkiyə Strateji Tərəfdaşlıq Şurasının növbəti iclasında iştirak etməkdir.

Hazırda Şuranın iclası ilə bağlı müvafiq sənədlərin hazırlanması işi aparılır.

Azərbaycan və Türkiyə arasında strateji əməkdaşlıq və qarşılıqlı yardım haqqında razılaşma Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Abdulla Gül tərəfindən 2010-cu il avqustun 16-da İstanbulda imzalanıb.

Mübariz Qurbanlı: "Suriyada baş verən hadisələr sabitliyin nə qədər böyük əhəmiyyət kəsb etdiyini bir daha təsdiqləyir"
09 avqust 2012 15:59

 

Trend-in məlumatına görə, bu fikirləri hakim Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi saytına partiyanın icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib.

Onun sözlərinə görə, həm hökumət qoşunları, həm də müxalifətin silahlı birləşmələri döyüşlərdə heç nəyə baxmadan, böyük dağıntılar, insan qırğınları törədirlər.

"Bütün bunlar dünyadakı mövcud qayda-qanunlar, humanizm baxımından yaxşı hadisələr deyil, əksinə, pis nümunələr yaradır", - millət vəkili deyib.

Qurbanlı bildirib ki, bu hadisələr bütövlükdə bölgə üçün böyük təhlükə mənbəyinə çevrilib. Onun sözlərinə görə, Suriyaya hansısa xarici müdaxilənin olmasının bölgədə müharibəyə gətirib çıxaracağı aydın şəkildə özünü göstərir.

"Ona görə də ölkə daxilindəki qırğınların qarşısını almaq üçün BMT Təhlükəsizlik Şurasının müəyyən etdiyi mandat üzrə xüsusi nümayəndələr çalışır. Amma bu nümayəndələrin fəaliyyəti istənilən nəticəni vermir. Döyüşlər dayanmayıb, əksinə, daha geniş xarakter almaqdadır. Hər iki tərəf ağır texnikadan, artilleriyadan, aviasiyadan istifadə edir. Hətta kimyəvi silahların işə düşəcəyi ehtimalı var. Bütövlükdə, bu hadisələr onu göstərir ki, dünya çapında yeni bir mərhələ başlanıb", - Qurbanlı bildirib.

YAP icra katibinin müavini qeyd edib ki, dünyada geopolitik mübarizə və bu mübarizədə istifadə olunan üsullar dəyişib. Bu gün açıqdan-açığa kütləvi olaraq silahlardan istifadə edildiyini deyən Qurbanlının fikrincə, ərəb ölkələrində baş verən hadisələrin gedişatı göstərir ki, bütün bunların arxasında heç də demokratik dəyişikliklər, xeyirxah məqsədlər, uzun müddət hakimiyyətdə olan qüvvəni devirmək yox, sırf geopolitik maraqlar dayanır.

Qurbanlı həmçinin vurğulayıb ki, xüsusilə dünyanın coğrafi baxımdan, əlverişli məntəqələrinə nəzarət və bu fonda enerji yataqlarına nəzarət, bunun sayəsində isə dünya çapında hegemon ölkələrin öz maraqlarını ifadə etməsi dayanır.

"Kənardan belə görünür ki, hakimiyyət uğrunda mübarizə aparan qüvvələr ölkəyə yeni bir dövr, yeni sistem gətirmək istəyirlər. Amma biz görürük ki, bu yeni sistem uğrunda mübarizə deyil. Xaricdən Suriya hakimiyyətinə qarşı qüvvələri dəstəkləyənlər doğurdan da, insan hüquqlarının pozulmasına qarşı çıxış edirlərsə, onda nə üçün işğalçılıq nəticəsində öz torpaqlarından didərgin düşmüş yüz minlərlə insanın taleyinə laqeydlik göstərirlər", - Qurbanlı bildirib.

Onun fikrincə, bu proseslərdə heç də məqsəd demokratik sistemi ərəb ölkələrinə gətirmək deyil. Burada alt qatda başqa məqsədlər dayanır. Bu məqsədlər geopolitik, enerji yataqlarına nəzarət, həmçinin dünya coğrafiyasında gedən mübarizədə öz sözünü deməkdir.

Prezident İlham Əliyev sinqapurlu həmkarını təbrik edib
09 avqust 2012 15:56

 

Prezident İlham Əliyev Sinqapur Respublikasının Prezidenti Toni Tan Kenq Yamanı təbrik edib.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, təbrik məktubunda deyilir:

"Hörmətli cənab Prezident,

Sinqapur Respublikasının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Sinqapur arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı daim xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Bu bayram günündə Sizə ən xoş arzularımızı yetirir, dost Sinqapur xalqına əmin-amanlıq və firavanlıq diləyirəm".

Murtuz Ələsgərov adına təqaüd təsis olunacaq
09 avqust 2012 15:54

 

Azərbaycanın əməkdar hüquqşünası, Milli Məclisin sabiq spikeri Murtuz Ələsgərovun adı əbədiləşdiriləcək.

Trend-in məlumatına görə, Ələsgərovun vida mərasimində çıxışında Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov bu barədə məlumat verib və qeyd edib ki, onun adının əbədiləşdirilməsi məqsədilə müvafiq qərar qəbul olunub.

Məhərrəmovun sözlərinə görə, Murtuz Ələsgərov adına təqaüd təsis olunacaq, alimin 85 illiyi münasibətilə beynəlxalq konfrans keçiriləcək. Həmçinin universitetdə alimin adına xüsusi auditoriya yaradılacaq. Sistematik olaraq, alimin doğum günləri ərəfəsində beynəlxalq elmi konfranslar keçiriləcək.

Ələsgərov uzun sürən xəstəlikdən sonra avqustun 7-də 84 yaşında Bakıda dünyasını dəyişib.

Murtuz Ələsgərov 1928-ci il sentyabrın 20-də Gəncə şəhərində anadan olub.

Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1954-cü ildən Azərbaycan Dövlət Universitetinin Dövlət hüququ kafedrasının baş müəllimi, dosenti, 1957-ci ildən Beynəlxalq hüquq kafedrasının müdiri vəzifələrində çalışıb.

1965-ci ildən universitetin Konstitusiya hüququ kafedrasının müdiri vəzifəsində çalışıb. 1993-1996-cı illərdə Bakı Dövlət Universitetinin rektoru olub.

30-dan çox elmi əsərin, dərsliyin və dərs vəsaitinin, 200-dən çox elmi məqalənin müəllifidir. Rus və ingilis dillərini bilirdi. O, Yeni Azərbaycan Partiyası sədrinin müavini idi.

Ələsgərov birinci və ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub, 1996-cı il oktyabrın 16-dan 2005-ci il dekabrın 2-dək parlamentin sədri vəzifəsində çalışıb.

Natalie Portman evləndi
07 avqust 2012 15:29

 

Natalie Portman Black Swan (Qara Qu quşu) filmində birlikdə rol aldığı xareograf sevgilisi Benjamin Millepiedlə evləndi.

Hollywoodun məşhur oyunçusu Natalie Portman Black Swan (Qara Qu quşu) filminin çəkilişlərində tanış olduğu və bir müddətdir birlikdə olduğu Benjamin Millepiedlə evləndi. Bir uşağa sahib olan cütlük keçdiyimiz şənbə günü ailələri və yoldaşlarının qatıldığı bir mərasimlə dünya evinə girdi. Oğulları Alephin pijamayla qatıldığı seremoniya mətbuatdan gizli edildi.

Cütlüyün toya qatılan qonaqlarından biri E! Online maqazin saytına verdiyi müsahibədə :' Həftə sonunun gözəlliyi mətbuatdan saxlanmış olması idi. Hər kəs çox rahat idi və çox gözəl vaxt keçirdi. Mərasim inanılmaz idi.' - dedi. Mərasimə cib telefonu və fotoaparat gətirilməyi qadağan edən cütlük qonaqları, o günə xüsusi kirayə tutulan vasitələrlə, möhkəm təhlükəsizlik tədbirləri altında mərasimin edildiyi yerə gətirtdi.

Londonda işgüzar səfərdə olan Prezident İlham Əliyev Devid Kemeron ilə görüşüb
07 avqust 2012 12:04

 

Londonda işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 6-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Devid Kemeron ilə görüşmüşdür.

Prezident İlham Əliyevi Baş nazir Devid Kemeron qarşıladı.

Azərbaycan Prezidenti və Böyük Britaniyanın Baş naziri rəsmi foto çəkdirdilər.

Görüşdə Azərbaycan-Böyük Britaniya ikitərəfli əlaqələrinin yüksək səviyyədə olduğu vurğulandı. Qeyd edildi ki, Birləşmiş Krallıq ilə Azərbaycan arasında bir sıra sahələrdə, o cümlədən enerji, qeyri-neft sektoru sahələrində uğurlu əməkdaşlıq vardır və bu əlaqələrin perspektivləri böyükdür.

Azərbaycan ilə Böyük Britaniya arasında beynəlxalq təhlükəsizlik sahəsindəki münasibətlərin də müzakirə olunduğu görüşdə ölkəmizin NATO və Əfqanıstandakı beynəlxalq koalisiyaya dəstəyi yüksək qiymətləndirildi.

Görüşdə regional və beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.

Azərbaycanda temperatur 41 dərəcəyə yüksələcək
07 avqust 2012 12:03

 

Sabah Azərbaycanda havanın temperaturu 41 dərəcəyədək yüksələcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən çərşənbə axşamı verilən məlumata görə, avqustun 8-də ölkə ərazisində hava şəraitinin isti, yağmursuz keçəcəyi gözlənilir.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 36-38, yarımadanın bəzi yerlərində 40, aran rayonlarında və Naxçıvan MR-da 35-39, bəzi yerlərdə 41, dağlıq rayonlarda 25-30 dərəcə isti təşkil edəcək.

Bakıda və Abşeron yarımadasında avqustun 8-də hava şəraitinin az buludlu, yağmursuz olacağı gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə 22-27, gündüz 36-38, yarımadanın bəzi yerlərində isə 40 dərəcə isti olacağı gözlənilir. Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 26-27, Buzovna, Mərdəkan, Şüvəlanda 27-28, Türkan, Hövsan, Sahil, Şıxda 29-30 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında avqustun 08-də hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 21-26, gündüz 36-39, bəzi yerlərdə 41,dağlarda gecə 13-18, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.

Prezident İlham Əliyev Londonda XXX Yay Olimpiya Oyunlarında ailə üzvləri ilə birlikdə yunan-Roma güləşi yarışlarını izləyib
06 avqust 2012 19:29

 

London XXX Yay Olimpiya Oyunlarında avqustun 5-də keçirilən yarışlar Azərbaycan idmançıları üçün uğurlu olmuşdur.

Avqustun 5-də Olimpiya Oyunlarında güləş yarışları başlamışdır.

Azərbaycan idmançılarına dəstək vermək üçün dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev ailə üzvləri ilə birlikdə yunan-Roma güləşi yarışlarına baxmışdır.

Təmsilçilərimizdən ilkin olaraq mübarizəyə yunan-Roma güləşində 55 kiloqram çəki dərəcəsində Rövşən Bayramov qoşulmuşdur. Rövşən Bayramovun ilk rəqibi rusiyalı Minqiyan Semyonov olmuşdur. 1/16 final mərhələsinin görüşü dünya çempionumuz üçün uğurlu alınmışdır. İlk hissədə 1:0 hesabı ilə qələbə qazanan Rövşən növbəti hissədə də eyni hesab ilə qalib gələrək 1/8 finala yüksəlmişdir. Bu dəfə onun rəqibi amerikalı Tomas Manqo Spenser olmuşdur. Pəhləvanımız üçün asan keçən ilk hissə rəqibin 0:4 hesablı məğlubiyyəti ilə başa çatmışdır.

Amerikalı güləşçi ikinci hissədə də çətin anlar yaşamış və Rövşən yenə 4:0 hesabı ilə qələbə qazanmışdır. Nəticədə güləşçimiz daha bir mərhələyə adlamışdır.

Rövşən Bayramov 1/4 finalda çinli Li Şujin ilə üz-üzə gəlmişdir. Güləşçimiz ilk iki görüşündəki uğuru bu dəfə də təkrarlamışdır. O, birinci hissədə rəqibindən üç, ikinci hissədə isə iki xal alaraq yarımfinala çıxmışdır. Finala gedən yolda Rövşən Koreya Respublikasının təmsilçisi Qyunjin Çoi ilə güləşmişdir. R.Bayramov ilk hissədə rəqibin parter vəziyyətindən xal qazanmasına imkan verməmiş və nəticədə bir xal qazanmışdır. İkinci hissədə isə Qyunjin Çoi parter vəziyyətinə düşmüşdür. Burada aşırma fəndini ustalıqla yerinə yetirən güləşçimiz finala yüksəlmişdir. Finalda onun rəqibi iranlı Məhəmməd Soryan olmuşdur. Həlledici qarşılaşmada pəhləvanımız cüzi fərq ilə uduzaraq gümüş medalla kifayətlənmişdir. Bununla da Rövşən Bayramov Pekin Olimpiadasında olduğu kimi, Londonda da yarışı gümüş mükafatla başa vurmuşdur.

Olimpiyaçılarımızdan bürünc medalı isə yunan-Roma güləşi yarışlarında başqa bir idmançımız - 74 kiloqram çəki dərəcəsində mübarizə aparan Emin Əhmədov qazanmışdır. İlk dəfə Yay Olimpiya Oyunlarında iştirak etmək imkanı qazanan Emin Əhmədov 74 kiloqram çəki dərəcəsində mübarizə aparmışdır. Püşkün nəticəsinə görə, dördilliyin ən mötəbər yarışına 1/8 final mərhələsindən başlayan Emin əvvəlcə xorvatiyalı Neven Zuqaj ilə qarşılaşmışdır.

Bu görüşədək digər həmyerlimiz Rövşən Bayramovun növbəti mərhələyə yüksəlməsi E.Əhmədova əlavə ruh yüksəkliyi vermişdir. Bunun da nəticəsi kimi pəhləvanımız Xorvatiya təmsilçisini hər iki hissədə məğlub edərək 1/4 final mərhələsinə adlamışdır. Növbəti mərhələdə isə E.Əhmədovun rəqibi daha güclü idmançı olmuşdur. Buna baxmayaraq, gənc güləşçimiz gürcüstanlı Zurab Datunaşvilini də mübarizədən kənarlaşdırmışdır. O, ilk hissədə rəqibinə uduzsa da, sonrakı hissələrdə qələbə qazanmış və yarımfinala çıxmışdır. Lakin təəssüf ki, pəhləvanımız finala vəsiqə qazana bilməmişdir. Buna baxmayaraq, o, Olimpiya Oyunlarını mükafatla başa vurmuşdur. Emin Əhmədov bürünc medal uğrunda görüşdə belaruslu Aleksandr Kikinyov ilə görüşmüşdür. Gərgin keçən qarşılaşmanın ilk hissəsində rəqib irəlidə olsa da, Emin növbəti hissələrdə ona heç bir şans verməmişdir. Nəticədə ardıcıl iki hissədə qalib gələn pəhləvanımız bürünc medala yiyələnmişdir. Bu, Azərbaycan yığmasının Londonda qazandığı üçüncü medal olmuşdur.

Yunan-Roma güləşi üzrə 55 və 74 kiloqram çəki dərəcələrində yarışlar başa çatdıqdan sonra Prezident İlham Əliyev yunan-Roma güləşi üzrə Azərbaycan seçmə komandasının baş məşqçisi Saleh Bora ilə görüşmüşdür.

Dövlətimizin başçısı Azərbaycan idmançılarının çıxışlarını yüksək qiymətləndirmiş, baş məşqçidən uğurlu çıxışlarına görə Rövşən Bayramova və Emin Əhmədova da təbriklərini çatdırmağı xahiş etmişdir.

XXX London Yay Olimpiya Oyunlarının boks yarışında artıq Azərbaycan milli komandasının bir üzvünün medal qazanması rəsmiləşmişdir. 91 kiloqram çəki dərəcəsində dünya çempionatının gümüş mükafatçısı Teymur Məmmədov 1/4 finalda belaruslu Sergey Korneyevi məğlub edərək, yarımfinala vəsiqə qazanmışdır. İlk raundda rəqibindən daha yaxşı təsir bağışlayan həmyerlimiz beş xallıq üstünlük əldə etmişdir – 9:4. T.Məmmədov ikinci və üçüncü hissələrdə təşəbbüsü əldən versə də, yekunda qələbə qazanmışdır. Boksçumuz bu uğura ilk raunddakı gözəl döyüşün nəticəsində nail olmuşdur. Belə ki, qarşılaşma 19:19 hesabı ilə heç-heçə bitmişdir. Teymur hakimlərin rəyinə əsasən, qalib elan olunmuşdur. Bununla da T.Məmmədov ən azı bürünc medalı özünə təmin etmişdir.

Qadınların boks yarışında yeganə təmsilçimiz Yelena Vıstropova təəssüf ki, elə ilk görüşündə məğlubiyyətlə barışmalı olmuşdur. 75 kiloqram çəki dərəcəsində yarışan idmançımız nigeriyalı Edit Oqokeyə iki xal fərqi ilə uduzmuşdur.  

II ixtisas qrupu üzrə qəbul imtahanlarının nəticələri açıqlandı, keçid balı dəyişdi
06 avqust 2012 19:25

 

II ixtisas qrupu üzrə keçid balı 150-yə salınıb. Azərbaycanda ali məktəblərin II ixtisas qrupu üzrə qəbul imtahanlarının nəticələri açıqlanıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən verilən xəbərə görə, imtahanın nəticələri TQDK-nın rəsmi internet saytında yerləşdirilib. Abituriyentlər imtahanın nəticələri barədə məlumatı, həmçinin mobil telefonla 7727 nömrəsinə iş nömrələrini göndərməklə öyrənə bilərlər.

TQDK-dan bildiriblər ki, II qrup üzrə ixtisas seçimində ümumi balı 150-dən, ixtiyari bir imtahan fənni istisna olmaqla qalan hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

Ümumi balı 300 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.

Dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 350-dən və hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.

Azərbaycanlı turistlər Türkiyədə qəzaya düşdülər
06 avqust 2012 19:22

 

Türkiyədə avtomobil qəzasında Azərbaycan vətəndaşı olan 4 turist xəsarət alıb. Qəza hadisəsi Muğla-Aydın şossesində baş verib.

Məlumata görə, Azərbaycan vətəndaşı Nazim Məmmədovun idarə etdiyi 34 TZ 8564 nömrəli avtomobil Türkiyə vətəndaşı Erdal Evranın idarə etdiyi 35 CSL 72 nömrəli avtomobillə toqquşub.

Sürücü Məmmədovla yanaşı, onun həyat yoldaşı Tahirə də yaralanıb. Onların 7 yaşlı oğlu Məhəmmədin vəziyyəti ağırdır.

İkisi azyaşlı olan yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.

Müəllimlərin işə qəbulu üzrə riyaziyyat imtahanının nəticələri məlum oldu
06 avqust 2012 19:20

 

Azərbaycanda 2012-2013-cü tədris ili üzrə ümumi təhsil müəssisələri və peşə liseylərindəki vakant yerlərə müəllimlərin işə qəbulu üzrə keçirilmiş riyaziyyat imtahanının nəticələri bilinib.

Təhsil Nazirliyindən verilən məlumata görə, 1-3 avqust tarixlərində keçirilmiş növbəti imtahanın nəticələrinə görə, 250 nəfər riyaziyyat müəllimi işə qəbul olunub.

Qeyd edək ki, ingilis dili fənni üzrə imtahanlar avqustun 6-dan 10-dək davam edəcək. İmtahanda 2731 nəfər namizəd 247 vakant yer üzrə mübarizə aparacaq.

Əli Həsənov: "Azərbaycanlıların təşkilatlanması, ictimai-siyasi fəallığının yüksəldilməsi dövlət üçün prioritet məsələdir"
05 avqust 2012 15:02

 

Avqustun 5-də Türkiyənin Bodrum şəhərində “Xarici ölkələrdə yaşayan azərbaycanlıların cəmiyyətə inteqrasiyası: mövcud vəziyyət və perspektiv gözləntilər” mövzusunda Forumu öz işinə başlamışdır.

Diasporla İş üzrə Dövlət Komitəsindən (DİDK) AzərTAc-a bildirmişlər ki, forumda Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərov, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, DİDK-in sədri Nazim İbrahimov, Moskva şəhəri Regionlararası əməkdaşlıq, milli siyasət və dini təşkilatlarla əlaqələr departamentini rəhbəri Yuri Artyuk, Türkiyənin Yalıkavak bələdiyyəsinin sədri Mustafa Saruhan iştirak etmişlər.

Forumda əsasən Rusiya Federasiyası, Ukrayna, Türkiyə və Avropa ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının rəhbərləri təmsil olunurlar. Qeyd edək ki, toplantıya ümumilikdə 200 nəfər qatılmıdır. 26 ölkədən 172 diaspor təşkilatlarının nümayəndəsinin qatıldığı tədbirdə iştirakçıların 157 nəfəri xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan icma və birliklərinin rəhbərləridir.

Azərbaycanın Dövlət himni səsləndirildikdən sonra çıxış edən DİDK-in sədri Nazim İbrahimov demişdir ki, forumun əsas məqsədi xarici ölkələrdə yaşayan azərbaycanlıların cəmiyyətə inteqrasiyası, hüquq və azadlıqlarının müdafiəsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində diaspor təşkilatlarımızın fəaliyyəti ilə bağlı məsələləri bir daha müzakirə etməkdir. Forumda biz daha çox problemlərə, diaspor təşkilatlarının səmərəli fəaliyyətinə maneə yaradan amillərə diqqət ayırmağa çalışacağıq.

Bildirilmişdir ki, ötən müddət ərzində Azərbaycan diasporu çox böyük inkişaf yolu keçmişdir. Əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş diaspor quruculuğu siyasəti dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızı vahid bir ideya – azərbaycançılıq ideyası ətrafında birləşdirməyə imkan yaradır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də ümummilli liderin siyasətini davam etdirərək, xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması, həmvətənlərimiz arasında birlik və həmrəyliyin gücləndirilməsinə xidmət edən bir sıra tarixi qərarlara imza atmışdır. Məhz dövlətimizin başçısının davamlı dəstəyi sayəsində biz qısa vaxt ərzində formalaşmış, müəyyən potensiala sahib olan diasporun yaradılmasına nail olmuşuq. Ötən il Dünya azərbaycanlılarının III qurultayı ərəfəsində Azərbaycan diasporunun 50-dən çox nümayəndəsi fəxri adlara və dövlət təltiflərinə layiq görülməsi, bu yaxınlarda Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Diasporla İş üzrə Dövlət Komitəsinə 3 milyon manat vəsaitin ayrılması və Komitənin əməkdaşlarının bir qrupunun təltif edilməsi bir daha dövlət başçısının diaspor quruculuğu işinə xüsusi önəm verdiyini və bizlərə dərin etimadının ifadəsidir. Biz hər birimiz öz fəaliyyətimizlə bu etimadı doğrultmağa çalışmalıyıq.

Prezident İlham Əliyevin Dünya azərbaycanlılarının III qurultayındakı nitqində Azərbaycan diasporunun qarşısında bir sıra vəzifələr qoyulduğunu xatırladan N.İbrahimov forumda keçiriləcək panellərdə bu vəzifələrin müzakirə ediləcəyini bildirmişdir. O, qeyd etmişdir ki, Forum çərçivəsində Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələrinin diaspor təşkilatları rəhbərləri ilə görüşləri də nəzərdə tutulmuşdur. Bu görüşlərin də əsas məqsədi ayrı-ayrı regionlarda, ölkələrdə Azərbaycan diasporunun problemlərini birgə müzakirə etməkdir. Sizdən bu müzakirələrdə çox fəal iştirak etməyi, öz təkliflərinizi, müzakirəyə çıxarılan bütün məsələlər haqqında rəyinizi bildirməyinizi xahiş edirik.”

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Forumda geniş nitqlə çıxış etmişdir. O, öz çıxışında Azərbaycan dövlətinin diaspor və lobbi quruculuğu sahəsində siyasətinin əsas aspektlərini, istiqamət və prioritetlərini təhlil etmiş, qarşıda duran vəzifələr haqqında fikirlərini səsləndirmişdir. Ə.Həsənov bildirmişdir ki Azərbaycan diasporunun hər bir nümayəndəsi xarici ölkədə öz Vətənini, öz xalqını təmsil edir. Bu toplantıda iştirak edənlər məhz öz ölkəsini, öz xalqını təmsil edən insanlardIr. Sizlər öz vaxtınızı müəyyən bir hissəsini bu missiyanı yerinə yetirməyə sərf edirsiniz. Hər bir diaspor nümayəndəsi, öz peşəsi, fəaliyyəti ilə yaşadığı ölkədə müəyyən mənada həm də öz xalqı haqqında təsəvvür yaradır.

Prezident Administrasiyasının şöbə müdiri qeyd etmişdir ki, bu toplantıda iştirak edənlərin əksəriyyəti Rusiyadakı Azərbaycan diasporunun nümayəndələridir və onlar daha mürəkkəb bir mühitdə və daha çətin şəraitdə fəaliyyət göstərirlər. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Dünya azərbaycanlılarının I qurultayında xaricdə yaşayan azərbaycanlıların fəaliyyət fəlsəfəsini ehtiva edən bir prinsip müəyyənləşdirmişdir. Hər bir azərbaycanlı yaşadığı ölkənin dəyərli vətəndaşı olmalıdır. Ə.Həsənov diasporun fəaliyyətinin ikinci mühüm şərti olaraq ümummilli lider Heydər Əliyevin “Hər bir xaricdə yaşayan soydaşımız azərbaycanlı olduğunu unutmamalıdır” prinsipini vurğulamışdır. O, qeyd etmişdir ki, azərbaycanlılar haqqında elə obraz formalaşdırılmalıdır ki, hər bir soydaşımız öz milli mənsubiyyəti ilə fəxr edə bilsin.

Əli Həsənov diqqətə çatdırmışdır ki, Azərbaycan Respublikası müstəqil bir dövlətdir və onun özünün siyasi, geostrateji, iqtisadi, hərbi və digər maraqları var və bu maraqların təmin olunmasında Azərbaycan diasporunun nümayəndələri də fəal iştirak etməlidirlər. Bunun ən vacib şərtlərindən biri ondan ibarətdir ki, Rusiyada yaşayan azərbaycanlılar məskunlaşdığı ölkənin dəyərli vətəndaşı olmalı, o ölkənin inkişafında mühüm yer tutmağı bacarmalıdırlar. Bu, nəticə etibarilə bizim ölkələrimiz arasında münasibətlərin inkişafına da müsbət impuls verir. Çünki Azərbaycan diasporu fəal olduğu, Rusiya cəmiyyətinin inkişafına töhfələr verdiyi təqdirdə Rusiya dövləti də Azərbaycan ilə münasibətlərdə bu amili nəzərə alacaqdır.

Azərbaycan dövlətinin diaspor quruculuğu işinə başqa ölkələrlə müqayisədə bir qədər gec başladığını qeyd edən Əli Həsənov Azərbaycan Prezidenti İlham Əliyevin son on ildə bu sahəyə xüsusi diqqət və qayğı ilə yanaşdığını bildirmişdir. O, qeyd etmişdir ki, Prezident İlham Əliyev dünyanın hər hansı ölkəsində yaşayan hər bir azərbaycanlının hüquq və azadlıqlarının qorunmasına xüsusi önəm verir.

Ə.Həsənov vurğulamışdır ki, azərbaycanlıların təşkilatlanması, ictimai-siyasi fəallığının yüksəldilməsi bizim üçün prioritet məsələlərdir. Ötən müddətdə bu sahədə müəyyən işlər görülmüşdür və Diasporla İş üzrə Dövlət Komitəsi də üzərinə düşən vəzifələri uğurla həyata keçirir. Əlbəttə bu o demək deyil ki, bizim bütün problemlərimiz həll olunmuşdur Lakin qısa vaxtda böyük nailiyyətlər əldə edilmişdir.

Moskva şəhəri Regionlararası əməkdaşlıq, milli siyasət və dini təşkilatlarla əlaqələr departamentini rəhbəri Yuri Artyuk isə çıxışında Azərbaycan diasporunun Rusiyada fəal olduğunu bildirmişdir. O, demişdir ki, Azərbaycan diasporu ilə çox sıx əməkdaşlıq əlaqələri var və azərbaycanlıların milli bayramlarının qeyd olunması ilə bağlı bir sıra tədbirlərə Moskva hökuməti dəfələrlə dəstək vermişdir. Y.Artyuk Moskva hökumətinin Diasporla İş üzrə Dövlət Komitəsi ilə də səmərəli əməkdaşlıq əlaqələrinin mövcud olduğunu diqqətə çatdırmışdır.

Fasilədən sonra “Ümumrusiya Azərbaycan Konqresi Rusiya Federasiyasında yaşayan azərbaycanlıların birlik modeli kimi” mövzusunda keçirilən I Panel iclası öz işinə başlamışdır. Panel iclasını açan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri qeyd etmişdir ki, Rusiya Federasiyası azərbaycanlıların ən çox yaşadığı xarici ölkələrdən biridir və ən böyük Azərbaycan diasporu məhz bu ölkənin ərazisində fəaliyyət göstərir. 2001-ci ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə Rusiyada ən böyük Azərbaycan diaspor təşkilatlarından biri Ümumrusiya Azərbaycan Konqresi yaradılmışdır. Fəaliyyət göstərdiyi müddət ərzində konqres həmvətənlərimizin təşkilatlanması, hüquq və azadlıqlarının qorunması, cəmiyyətə inteqrasiyası, eyni zamanda iki ölkə arasında münasibətlərin inkişafına öz töhfələrini vermişdir. Rusiyadakı Azərbaycan diasporu fəaliyyət göstərdiyi şərtlər, ictimai mühit, cəmiyyətə inteqrasiya səviyyəsi digər ölkələrlə müqayisədə kifayət qədər fərqlidir. Bu baxımdan Ümumrusiya Azərbaycan Konqresi Rusiyada yaşayan azərbaycanlıların uğurlu birlik modeli kimi özünü doğrultmuşdur. N.İbrahimov bildirmişdir ki, Rusiyanın bütün regionlarında fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının nümayəndələrinin burada iştirakı bizim müzakirələri kifayət qədər səmərəli şəkildə qurmağımıza imkan verir.

Ümumrusiya Azərbaycan Konqresinin baş katibi Mikayıl Hüseynov təşkilatın 11 illik fəaliyyəti ərzində azərbaycanlıların təşkilatlanması, hüquq və azadlıqlarının qorunması sahəsində bir sıra uğurlu tədbirlərin həyata keçirildiyini qeyd etmişdir. Dünya azərbaycanlılarının I və II qurultaylarında Rusiyadakı Azərbaycan diasporu fəallarının bir qrupunun Azərbaycan Respublikası Prezidenti tərəfindən təltif olunduğunu xatırladan M.Hüseynov bunu dövlət qayğısının təzahürü kimi qiymətləndirmişdir. O, ÜAK-ın Rusiyanın ictimai-siyasi həyatında fəal iştirak etdiyini və iki ölkə arasında münasibətlərin inkişafına töhfə verməyə çalışdığını vurğulamışdır.

Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının Mərkəzi Şurasının üzvü Emin Hacıyev Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla Əliyevanın forum iştirakçılarına salamlarını çatdırmışdır. E.Hacıyev RAGT-nin ötən dövrdəki fəaliyyəti ilə bağlı məlumat vermiş, təşkilat tərəfindən keçirilən tədbirlərin əhəmiyyətindən danışmışdır.

ÜAK-ın baş katibinin müavini Nemət Nağdəliyev son illərdə gənclərin diaspor quruculuğu işində daha fəal iştirak etdiyini bildirmiş, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında xaricdə təhsil alan tələbəlin xüsusi fəallıq göstərdiyini diqqətə çatdırmışdır.

ÜAK-ın Mərkəzi Şurasının üzvü professor Tofiq Məlikov, Sankt-Peterburqun “Azərbaycan icması” Cəmiyyətinin sədri Heydər İmanov, ÜAK-ın Yakutiya regional bölməsinin sədri Rafiq Qafarov, ÜAK-ın Murmansk regional bölməsinin sədri Afil Hüseynov öz çıxışlarında Azərbaycan diasporunu narahat edən problemlərdən danışmış, müxtəlif problemlərin həlli ilə bağlı təkliflərini səsləndirmişlər.

Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərov, Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, DİDK-in sədri Nazim İbrahimov müzakirələr zamanı qaldırılan məsələlərlə bağlı fikirlərini bildirmiş, forum iştirakçılarının suallarını cavablandırmışlar.

 əvvəlki    984  985  986  987  988  989  990  991  992  993  994    növbəti 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.