Xəbərlər

Heydər Əliyev Fondunun dəstəyi ilə Göyçay Şahmat Məktəbi əsaslı şəkildə təmir edilir
27 avqust 2012 14:11

 

 

 

Heydər Əliyev Fondunun dəstəyi ilə Göyçay şəhərindəki şahmat məktəbinin əsaslı şəkildə təmirinə başlanıb.

Məktəbin binasında söküntü işləri artıq başa çatdırılıb və bu günlərdə inşaat işlərinə başlanıb. Ümumi sahəsi 360 kvadratmetr olan birmərtəbəli məktəb binası yenidənqurma işləri nəticəsində ikimərtəbəli olacaq. Hazırda binanın ikinci mərtəbəsinin tikinti işləri həyata keçirilir. Müasir üslubda tikiləcək və lazımi avadanlıqla təmin ediləcək Göyçay Şahmat Məktəbində ilk dəfə istilik sistemi də quraşdırılacaq.

Binanın birinci mərtəbəsində dərs otaqları, ikinci mərtəbəsində isə yarış zalı və yardımçı otaqlar olacaq. Əsaslı təmir və yenidənqurma işlərinin cari ilin sonunadək başa çatdırılması nəzərdə tutulur.

Xatırladaq ki, hazırda Heydər Əliyev Fondunun dəstəyi ilə Göyçay rayonunun Mirzəhüseynli və Şəhadət kənd məktəblərində, şəhər 5 nömrəli orta məktəbdə təmir-bərpa işləri görülür. Bundan başqa, hazırda dövlət vəsaiti hesabına Ləkçıplaq və Çərəkə kəndlərində 360, Ulaşlı-Şıxlı kəndində 220 yerlik məktəb binalarının inşası davam etdirilir.

Rezidenturaya sınaq imtahanlarının nəticələri açıqlandı
27 avqust 2012 14:09

 

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2012-2013-cü tədris ili üzrə ali tibb təhsili əsasında həkim mütəxəssis kimi hazırlanmaq məqsədilə rezidenturaya qəbul olmaq istəyən namizədlər üçün keçirdiyi sınaq imtahanlarının nəticələrini açıqlayıb.

TQDK-nın mətbuat xidmətindən verilən məlumata görə, imtahan nəticələri bu qurumun saytında yerləşdirilib.

Namizədlər avqustun 25-də baza, avqustun 26-da ixtisas fənləri üzrə imtahan veriblər.

Rezidenturaya qəbul imtahanı test üsulu ilə iki mərhələdə keçiriləcək. İmtahanın birinci mərhələsi sentyabrın 8-də, ikinci mərhələsi sentyabrın 9-da Bakıda keçiriləcək.

İmtahanda iştirak etmək üçün namizəd sentyabrın 5-dən 7-dək elektron ərizəsinə daxil olaraq imtahanın hər bir mərhələsi üçün "Namizədin imtahana buraxılış vərəqəsi"ni çap edib götürməlidir.

Bu gün Azərbaycanın birinci xanımının ad günüdür
27 avqust 2012 14:07

 

 

Avqustun 26-da Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva ad gününü qeyd edir.

Mehriban Əliyeva Bakıda tanınmış ailədə anadan olub. Atası Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, fizika-riyaziyyat elmləri doktoru, professor, Milli Aviasiya Akademiyasının rektoru Arif Mir Cəlal oğlu Paşayev, anası şərqşünas alim, filologiya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru olmuş, ərəb ədəbiyyatı sahəsində mütəxəssis Aida Nəsir qızı İmanquliyevadır.

Mehriban Əliyeva 1982-ci ildə Bakıda 23 saylı orta məktəbi qızıl medalla bitirib, Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə işi fakültəsinə daxil olub. İkinci kursdan təhsilini İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb İnstitutunda davam etdirib, 1988-ci ildə bu institutu fərqlənmə diplomu ilə bitirib. 1988-1992-ci illərdə Moskva Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda işləyib.

90-cı illərin ortalarında Mehriban xanım Əliyeva Azərbaycan Mədəniyyətinin Dostları Fondunu yaradıb. Ölkənin birinci xanımı indiyədək bu fonda rəhbərlik edir. Fond Azərbaycan mədəniyyətinin geniş təbliği məqsədi ilə üç dildə (Azərbaycan, ingilis, rus) "Azərbaycan-İRS" jurnalını nəşr etdirir. Bu nəşrin sayəsində Azərbaycan beynəlxalq arenada təkcə neft və qazla zəngin dövlət kimi deyil, həm də əksər sahələrdə - musiqi, memarlıq, təsviri və tətbiqi incəsənət sahələrində şedevrlər yaratmış ölkə kimi tanıdılmağa başlayıb.

Mehriban xanım Heydər Əliyev Fonduna onun yaradıldığı gündən - 10 may 2004-cü ildən rəhbərlik edir. Fondun məqsədi ümummilli lider Heydər Əliyevin zəngin irsinin öyrənilməsi və yeni nəslin milli dövlətçilik ideyaları ruhunda tərbiyə edilməsidir. Fondun işinin prioritet istiqamətləri ən müxtəlif sahələrdə humanitar fəaliyyətdən ibarətdir. Buraya valideyn himayəsindən məhrum olmuş uşaqlara kömək, uşaq evlərinin, internat-məktəblərin abadlaşdırılması və maddi bazalarının yaxşılaşdırılması da daxildir.

"Heydər Əliyevin adını daşıyan Fond fəaliyyətə başlayan ilk anlarından daşıdığı yüksək ada layiq olmağa, xalqımıza və ölkəmizə xidmət etməyə, Azərbaycanı dünyada layiqincə təmsil etməyə, humanizm və insansevərlik ideallarına arxalanmağa çalışıb. Bu 8 il ərzində Fond ölkəmizin ictimai həyatının, demək olar ki, bütün sahələrində fəal iştirak edib. Fond öz işləri, öz konkret layihələri ilə hər zaman adi insanların maraqlarını qorumaqla, köməyə ehtiyacı olana kömək etməklə həm Azərbaycanda, həm ölkəmizdən kənarda hörmət və etimad qazanıb", - Mehriban Əliyeva Heydər Əliyev Mərkəzinin açılışında, ulu öndərin 89-cu ildönümü və Heydər Əliyev Fondunun 8 illiyi münasibətilə keçirilən təntənəli mərasimdə bəyan edib.

Birinci xanım statusu və Fonddakı işi Mehriban xanıma bu işi sistemləşdirmək, layihələrin miqyasını genişləndirmək, onların həyata keçirilməsi üçün əlavə resurslar cəlb etmək imkanı verir.

Azərbaycan mədəniyyətinin populyarlaşdırılması və təbliği məqsədilə Heydər Əliyev Fondunun təşəbbüsü ilə Qəbələ iyulda bütün dünyadan olan çoxsaylı qonaqları növbəti Beynəlxalq Musiqi Festivalında yenidən qəbul edib.

Heydər Əliyev Fondu görkəmli Azərbaycan ifaçılarının musiqi albomlarının buraxılmasına böyük diqqət yetirir. Fond, həmçinin dünyanın məşhur mütəfəkkiri, görkəmli alimi, ensiklopedik biliklərə malik Nəsirəddin Tusinin "Əxlaqi-Nasir" əsərini latın qrafikasında yenidən nəşr etdirib, "Azərbaycan" kitab-fotoalbomu və əksər türk ölkələrində populyar olan "Qabusnamə" kitabının rus variantını hazırlayıb, "Azərbaycan muğamı" multimedia məcmuəsi və "Muğam dünyası" kitabını buraxıb. Heydər Əliyev Fondunun beynəlxalq musiqi layihəsi çərçivəsində "İntizar" operasının yeni quruluşda premyerası keçirilib.

Bakıda Mehriban Əliyevanın təşəbbüsü ilə Müasir İncəsənət Muzeyi açılıb və fəaliyyət göstərir.

Fondun başqa ölkələrdə nümayəndəlikləri var və Azərbaycandan kənarda da bir çox layihələri uğurla həyata keçirir. Belə ki, 2010-cu ilin iyununda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə iyunda Bakıda "Qloballaşma şəraitində mədəniyyətlərin dialoqu" mövzusunda forum keçirilib.

Fond ümumbəşəri mədəniyyət abidələrinin bərpasında da iştirak edir. Belə ki, dünya irslərinin siyahısına daxil olan Parisin Versal sarayının parkında zamanın və iqlimin təsirindən zərər çəkmiş iki abidənin bərpası həyata keçirilib. Fond Strasburq Kafedral kilsəsinin vitrajlarının təmirinə də maddi kömək göstərib. İyunun 22-də Romada Heydər Əliyev Fondu ilə Müqəddəs Taxt-Tac arasında "Roma katakombalarının bərpasına dair ikitərəfli Saziş" imzalandı. Azərbaycanda da bir çox məscid, sinaqoq və kilsələr bərpa olunub.

17 fevral 2011-ci ildə Parisdə Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 20-ci ildönümünə və "Azərbaycan" kitabının təqdimatına həsr olunmuş təntənəli mərasim keçirilib. Mərasimdə Mehriban Əliyeva və Fransanın mədəniyyət naziri Frederik Mitteran iştirak ediblər.

Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında" Sərəncamına müvafiq olaraq, 18-21 aprel 2011-ci ildə Heydər Əliyev Fondu və Azərbaycanın Fransadakı səfirliyi Parisdə təntənəli bayram mərasimi təşkil ediblər. Bayram günləri çərçivəsində aprelin 19-da YUNESKO-nun mənzil-qərargahında Azərbaycan xalçalarının sərgisi açılıb. Sərginin ekspozisiyasında XIV əsrdən bu günümüzədək olan milli xalçaçılıq nümunələri, eləcə də Qarabağ xalçaçılıq məktəbinin şedevrləri təqdim olunub. Həmin gün Azərbaycan estradasının gənc ifaçılarının konserti keçirilib.

17 may 2011-ci il tarixində Heydər Əliyev Fondunun təşəbbüsü ilə Moskvada Kreml Dövlət Sarayında Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr edilmiş Azərbaycan gecəsi keçirilib. Gecədə Azərbaycan və Rusiyanın birinci xanımları Mehriban Əliyeva və Svetlana Medvedeva iştirak ediblər. Kreml Dövlət Sarayında Azərbaycan gecəsi çərçivəsində Heydər Əliyev Fondunun ən uğurlu layihələrindən biri olan "Azərbaycan" kitabının rus versiyasının təqdimatı keçirilib.

Heydər Əliyev Fondunun Azərbaycanın gələcəkdə dünyada tanıdılması istiqamətində həyata keçirdiyi tədbirlər sırasına daha biri əlavə olunub. 2012-ci ilin yanvarında Londonda Heydər Əliyev Fondunun və “Bakı” jurnalının ingilisdilli versiyasının dəstəyi və təşkilatçılığı ilə “Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti” sərgisi açılıb. Tədbirdə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva iştirak ediblər.

Londonun məşhur "Phillips de Pury & Company" sərgi qalereyasında açılan sərgi Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın fəaliyyətlərində Azərbaycan mədəniyyətinin təbliğinin prioritet istiqamət olduğunu bir daha təsdiqlədi. Bu sərginin keçirilməsi ideyası Leyla Əliyevaya məxsusdur. Sərginin kuratoru isə layihələri ilə dünyada məşhur olan Erve Mikaeloffdur. "Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti" sərgisi apreldə Parisdə keçirilib. Tədbirdə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva, o cümlədən Fransanın mədəniyyət və kommunikasiya naziri Frederik Mitteran iştirak ediblər.

Mehriban Əliyeva Azərbaycan xalqının rifahına xidmət edən belə humanitar proqramların effektivliyinin güclənməsi üçün bütün mövcud imkanlardan istifadə etməyi özünün vəzifəsi hesab edir.

Heydər Əliyev Fondunun fəaliyyətinin prioritet istiqamətlərindən biri dünya ictimaiyyətinə Dağlıq Qarabağ münaqişəsinin reallıqlarının çatdırılmasıdır. Həyata keçirilmiş layihələr arasında bir neçə dildə nəşr edilmiş, Ermənistanın Azərbaycana təcavüzünün tarixini əks etdirən "Qarabağ reallıqları" bukletlər toplusunu, erməni vəhşiliyindən bəhs edən "Müharibə və mədəni-tarixi abidələrimiz", "Azərbaycana qarşı müharibə: mədəni irs hədəf altında" kitablarını qeyd etmək olar. Bundan başqa, Fond dünyanın müxtəlif ölkələrində Xocalı soyqırımına həsr olunmuş aksiyalar, foto və videosərgilər təşkil edir.

2004-cü ilin avqustunda Mehriban xanım Əliyeva Azərbaycanın şifahi xalq ədəbiyyatının və musiqi irsinin mühafizəsi və inkişafı üzrə yorulmaz səylərinə görə YUNESKO-nun xoşməramlı səfiri elan olunub. İki il sonra birinci xanım müxtəlif sahələrdəkı genişmiqyaslı və fədakar fəaliyyətinə, o cümlədən geniş sivilizasiyalararası dialoq, qayğıya ehtiyacı olan uşaqlara diqqət, onların həyat şəraitinin və təhsilinin yaxşılaşdırılmasında böyük dəstəyinə görə İSESKO-nun (İslam ölkələrinin elm, təhsil və mədəniyyət təşkilatı) xoşməramlı səfiri seçilib.

Belə nüfuzlu beynəlxalq təşkilatların səfiri olmaq çox şərəfli və məsuliyyətli missiyadır. Həm YUNESKO, həm də İSESKO, nizamnamələrində qeyd olunduğu kimi, qeyri-siyasi institutlardır. Eyni zamanda bu, Mehriban Əliyevanın öz ölkəsini təmsil etdiyi beynəlxalq arenadır. Bu, müasir Azərbaycanın, qədim tarixi və mədəni köklərə malik xalqımızın, incəsənətimiz, musiqimiz və ədəbiyyatımızın nailiyyətlərinin bütün dünyaya çatdırılması üçün fürsətdir.

Xoşməramlı səfir kimi Mehriban Əliyevanın vəzifəsi elm, mədəniyyət, təhsil vasitəsilə İslam dünyasının malik olduğu bütün imkanları, Qərbin və Şərqin, eləcə də müxtəlif sivilizasiyaların bir-birinə nə qədər maraqlı və faydalı ola bilməsini göstərməkdir.

2005-ci ildə mesenatlıq və xeyriyyəçilik fəaliyyətinə, təhsil və mədəniyyətin təşkilinə dəstəyinə, Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsində böyük töhfələrinə görə Mehriban xanım Əliyeva Rusiyanın "Yüzilliyin mesenatları" Beynəlxalq Fondunun "Yaqut Xaç" ordeni ilə təltif olunub. Dünya Səhiyyə Təşkilatı İcraiyyə Komitəsi isə birinci xanımı "Ana, uşaq və ailə sağlamlığının qorunması və möhkəmləndirilməsi işində müstəsna xidmətlərinə görə" xüsusi mükafatı ilə qiymətləndirib. Xeyriyyəçilik fəaliyyətinə, bəşəriyyətin ali ideallarına xidmət sahəsində nailiyyətlərinə görə Mehriban Əliyeva 2007-ci ildə "Qızıl Ürək" beynəlxalq mükafatına layiq görülüb.

2005-ci ildə Azərbaycanda keçirilən sosioloji sorğunun nəticələrinə görə, Mehriban Əliyeva “İlin qadını” fəxri adını alıb.

Ölkəmizin təhsil sisteminin inkişafına, dünyada milli-mədəni irsin qorunması və təbliği ilə bağlı xidmətlərinə, xarici ölkələrdə xalqımızın müsbət imicinin möhkəmləndirilməsi üzrə görülən işlərə, bədii gimnastika üzrə 27-ci dünya çempionatına hazırlığa və onun respublikada yüksək səviyyədə keçirilməsinə, genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə görə Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS şirkətlər qrupu Mehriban Əliyevanı "2005-ci İlin Adamı" elan edib.

Mehriban Əliyevanın geniş fəaliyyəti bununla məhdudlaşmır. O, 2002-ci ildən Azərbaycan Gimnastika Federasiyasının prezidentidir. Mehriban Əliyeva bu vəzifədə yüksək təşkilatçılıq qabiliyyətini nümayiş etdirir. Onun nüfuzu 2003 və 2004-cü illərdə Azərbaycanda bədii gimnastika üzrə Dünya Kuboku yarışının, 2005-ci ildə bədii gimnastika üzrə dünya çempionatının, 2007 və 2009-cu illərdə Avropa birinciliyinin keçirilməsi barədə qərarın qəbulunda həlledici rol oynayıb. 2012-ci ilin fevralında məlum oldu ki, 2014-cü ildə bədii gimnastika üzrə Avropa çempionatı Azərbaycanda keçiriləcək. Çempionatın Bakıda tikilməkdə olan Olimpiya Gimnastika Kompleksində təşkil olunacağı güman edilir. Bu gün bədii gimnastika üzrə Azərbaycan yığma komandası dünyada böyük nüfuza malikdir. İdmançılar beynəlxalq turnirlərdə lider mövqeləri tuturlar.

2004-cü il dekabrın 28-də Azərbaycan Milli Olimpiya Komitəsinin IV Baş Assambleyasında Mehriban xanım Əliyeva MOK-un İcraiyyə Komitəsinin üzvü seçilib.

2005-ci ildə Mehriban Əliyeva fəlsəfə elmləri namizədi elmi dərəcəsi alıb. Elə həmin il, eləcə də 2010-cu ildə Azərbaycan Milli Məclisinə keçirilən seçkilərdə parlamentə deputat seçilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 may 2009-cu il tarixli sərəncamı ilə Mehriban Əliyeva ölkənin ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə Heydər Əliyev Mükafatına layiq görülüb.

14 sentyabr 2009-cu ildə Mehriban Əliyeva Azərbaycan və Polşa arasında dostluq münasibətlərinin inkişafına verdiyi töhfəyə görə Polşa Respublikasının "Xidmətlərə görə" Böyük Komandor Xaçı ordeni ilə təltif edilib.

10 fevral 2010-cu il tarixdə Fransa Prezidentinin sərəncamı ilə Mehriban Əliyeva "Fəxri Legionun Böyük Xaç Komandoru" ordeni ilə təltif edilib.

Bəşəriyyətin maddi və qeyri-maddi mədəni irsinin populyarlaşdırılmasına sadiqliyə, mədəniyyətlərarası dialoqun inkişafına yönələn yorulmaz səylərə, mədəni müxtəlifliyin möhkəmləndirilməsinə böyük töhfəyə və YUNESKO-nun ideya və məqsədlərinə sadiqliyə görə Mehriban xanım 30 iyul 2010-cu il tarixində bu təşkilatın "Motsart medalı"na layiq görülüb.

2 iyun 2011-ci ildə Mehriban xanım Əliyeva qaçqın və köçkün düşmüş insanlar üçün Heydər Əliyev Fondunun həyata keçirdiyi humanitar proqramlara, habelə türk dünyası mədəni irsinin zəngin parçası olan Azərbaycan türklərinin maddi və qeyri-maddi mədəniyyət abidələrinin qorunması və təbliği sahəsində böyük xidmətlərinə görə Türk Dünyası Yazarlar və Sənətçilər Vəqfinin (TÜRKSAV) "Türk dünyasına xidmət" mükafatına layiq görülüb.

24 iyun 2011-ci il tarixdə Brüsseldə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevaya Krans Montana Forumunun Qızıl medalı təqdim olunub. Krans Montana Forumunun Qızıl medalı dünyada öz fəaliyyəti ilə böyük nüfuz qazanmış, xüsusi xidmətləri olan insanlara verilir. Mehriban xanım Əliyevanın Krans Montana Forumunun Qızıl medalına layiq görülməsi onun mədəniyyət, elm, təhsil, səhiyyə, sosial və digər sahələrdə həyata keçirdiyi çoxşaxəli fəaliyyətin beynəlxalq miqyasda diqqət mərkəzinə çevrilməsini bir daha təsdiq edir.

2012-ci il fevralın 13-də Mehriban Əliyeva Rusiya Federasiyası İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin fəxri professoru adına layiq görülüb.

2012-ci il aprelin 13-də Mehriban Əliyeva MDB iştirakçısı olan dövlətlərin Humanitar Əməkdaşlıq Şurasının (HƏŞ) və MDB iştirakçısı olan dövlətlərin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun (DHƏF) “Birliyin Ulduzları” mükafatı ilə təltif edilib.

2012-ci il iyunun 29-da Mehriban Əliyeva Krans Montana Forumunun "Prix de la Fondation" mükafatına layiq görülüb. Forumun bu ali mükafatı öz fəaliyyəti ilə fərqlənən və beynəlxalq səviyyədə rəğbət qazanan şəxslərə təqdim edilir.

Heydər Əliyev Fondu Azərbaycanın "Eurovision" mahnı müsabiqəsində iştirakının təşəbbüskarı olub. Azərbaycan bu müsabiqədə cəmi beş dəfə iştirak edib və ölkə nümayəndələri həmişə müsabiqənin liderləri arasında olublar. 2011-ci ilin mayında Azərbaycanın gənc müğənniləri Eldar və Nigar "Eurovision 2011"in qalibi oldular. Prezident İlham Əliyevin sərəncamı ilə Mehriban xanım Əliyeva 2012-ci ilin mayında Bakıda keçirilən "Eurovision 2012" mahnı müsabiqəsinin Təşkilat Komitəsinin sədri təyin edildi. Azərbaycan qarşıya qoyulan vəzifələrin öhdəsindən şərəflə gəldi. Ən qısa müddətdə Bakıda xüsusi olaraq "Eurovision 2012" mahnı müsabiqəsi üçün Dövlət Bayrağı Meydanının yaxınlığında 23 min tamaşaçı tutumuna malik möhtəşəm konsert kompleksi olan "Bakı Kristal Zalı" ucaldıldı. 57-ci “Eurovision” mahnı müsabiqəsi ölkədə yüksək səviyyədə təşkil edildi və bu fakt hələ də dünya mətbuatının diqqət mərkəzindədir. Bakıda keçirilən “Eurovision” müsabiqəsi təkcə şəhərimizin zəngin mədəniyyətinin, gözəl təbiətinin, turizm potensialının təbliği üçün geniş imkanların yaradılması baxımından deyil, həm də Azərbaycanın qısa müddət ərzində əldə etdiyi yüksək inkişaf səviyyəsini bütün dünyaya nümayiş etdirməsi nöqteyi-nəzərindən çox əhəmiyyətli tədbir oldu.

Mehriban xanımın iki qızı, bir oğlu və üç nəvəsi var.

Sinoptiklər Bakı sakinlərinə xəbərdarlıq etdilər
27 avqust 2012 14:02

 

 

Azərbaycan sinoptikləri meteohəssas insanlara xəbərdarlıq ediblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən bildiriblər ki, avqustun 28-dən 30-dək Abşeron yarımadasında gündüz isti diskomfort hava şəraiti fonunda bəzi saatlarda rütubətliyin nisbətən çox olması meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Məlumata görə, Bakıda və Abşeron yarımadasında avqustun 28-də hava şəraitinin az buludlu, əsasən yağmursuz keçəcəyi, səhər və axşam yarımadanın bəzi yerlərində zəif duman olacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturunun gecə 20-25, gündüz 30-35 dərəcə isti olacağı gözlənilir.

Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 25-26, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27, Türkan, Hövsan, Şıx, Sahildə 27-28 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında avqustun 28-də əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 19-24, gündüz 33-38, dağlarda gecə 12-17, gündüz 28-33 dərəcə isti olacaq.

Təhsil naziri Misir Mərdanov Özbəkistanın Azərbaycandakı səfiri ilə görüşüb
24 avqust 2012 09:07

 

 

Təhsil naziri Misir Mərdanov Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Şerzod Fayziyev ilə görüşüb. Təhsil Nazirlyinin mətbuat xidmətindən verilən xəbərə görə, Azərbaycanla Özbəkistan arasında yüksək səviyyəli ikitərəfli əlaqələrin mövcud olduğunu bildirən Misir Mərdanov təhsil sahəsində qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyətinə toxunub. Nazir mövcud əlaqələrin genişləndirilməsi üçün hərtərəfli imkanların olduğunu vurğulayıb.

 Özbəkistanın qarşılıqlı münasibətləri daha da inkişaf etdirməkdə maraqlı olduğunu söyləyən səfir ölkəsinin Azərbaycana hərtərəfli əlaqələr qurmağa xüsusi önəm verdiyini, iki ölkəarasında elm, təhsil və bir sıra digər sahələrdə əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyətini bildirib. Görüşdə iki ölkə arasında təhsil sahəsindəki əməkdaşlığın müxtəlif istiqamətləri müzakirə olunub, qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

İbrahim Tatlısəs yenə ata olacaq
24 avqust 2012 09:05

 

 

Türkiyənin ən məşhur müğənnilərindən biri, "İmperator" kimi tanınan İbrahim Tatlısəsin 6-cı övladı dünyaya gələcək.

 Onun xanımı Ayşegül hamiləliyin ikinci ayındadır.

İlk arvadı Adalet Durakla nikahından Gülşen, Gülden və Ahmet adlı iki qızı və bir oğlu; ikinci arvadı Perihan Savaşla nikahdan Melek Zibeyde adlı qizi; üçüncü arvadı Derya Tunadan isə İdo adlı oğlu olan İbrahim Tatlısəsin 5 övladı var.

60 yaşlı "İmperator"un 6-cı övladı 7 ay sonra doğulacaq.

İbrahim Tatlısəs övladına göz dəyməsin deyə xanımının hamilə olması barədə susmağa üstünülk verir.

Hande Ataizinin səbr kasası daşdı
24 avqust 2012 09:02

 

 

3 ildən bəri görüşdüyü amerikalı jurnalist Benjamin Harvi ilə sentyabrın 8-də toyu olacaq türk aktrisa və aparıcı Hande Ataizi toyu ilə bağlı yayılmış xəbərləri təkzib edib. O, Lavanda Otel-də dəbdəbəli, lüks toy olmayacağını bildirib.

Toyda taxtda oturacağı, xərclərin ödənməsi ilə bağlı sponsor axtarması barədə yayılmış məlumatlar aktrisanı hirsləndirib.

"Ölkədə indi çətin dövr yaşandığı halda belə xəbərlərin yayılması məni təəssüfləndirir", - Ataizi söyləyib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi meteohəssas insanlara xəbərdarlıq edib
23 avqust 2012 09:18

 

 

Nazirliyin mətbuat xidmətindən cümə axşamı verilən məlumata görə, yaxın 2 gündə Bakıda və Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əlverişli olsa da, cənub-şərq küləyinin üstünlüyü, eyni zamanda rütubətli hava şəraiti bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Bakıda və Abşeron yarımadasında avqustun 24-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 20-23, gündüz 28-33 dərəcə isti olacağı gözlənilir.

Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 24-25, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26, Türkan, Hövsan, Şıx, Sahildə 26-27 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında avqustun 24-də əsasən cənub və şərq rayonlarında şimşək çaxacağı, yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-23, gündüz 30-35, dağlarda gecə 9-14, gündüz 22-27 dərəcə isti olacaq.             

XİN İranda həbsdə saxlanılan şairlərlə bağlı açıqlama verdi
23 avqust 2012 09:17

 

 

Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun nümayəndələri dünən bu ölkədə həbsdə saxlanılan Fərid Hüseyn və Şəhriyar Hacızadənin işinə baxan hakimlə görüşüb.            

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Elman Abdullayev məlumat verib.

Abdullayev bildirib ki, 15-20 gün ərzində Fərid Hüseyn və Şəhriyar Hacızadənin məhkəməsi yekunlaşacaq və onlar barəsində çıxarılacaq qərarla bağlı məlumat veriləcək.

Abdullayevin sözlərinə görə, hakim bildirib ki, Fərid Hüseyn və Şəhriyar Hacızadə barəsində hələlik rəsmi ittiham və qərar yoxdur.

Qeyd edək ki, azərbaycanlı şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadə İrana şeir festivalında iştirak üçün gedib və mayın 2-də orada həbs olunublar.

Heydər Əliyev Fondu Azərbaycan Gözdən Əlillər Cəmiyyətinə "Mini informasiya laboratoriyası" hədiyyə edib
23 avqust 2012 09:12

 

 

Heydər Əliyev Fondu bir neçə il əvvəl gözdən əlil şəxslər üçün müasir texnologiyaların Azərbaycana gətirilməsi təşəbbüsü ilə çıxış edib.

Heydər Əliyev Fondu Azərbaycan Gözdən Əlillər Cəmiyyətinə «Mini informasiya laboratoriyası» hədiyyə edib. Fonddan Milli.Az-a verilən məlumata görə, «Mini informasiya laboratoriyası»na xüsusi kompyuter masası, kompyuter dəsti, gözdən əlil şəxslərə müxtəlif  informasiyaları əldə etmək və ötürmək imkanı yaradan proqram sistemi daxildir.

Gözdən Əlillər Cəmiyyətinə təqdim olunan Jawes For Windows səsli proqram paketi, Pearl kamera-skaner, səsli kitab oxuma maşını, Brayl yazısı üçün qalın kağızları dəftər formasında tikən böyük stepler vasitəsilə dərslikdən istifadə etmək, səsli proqram vasitəsilə isə müxtəlif informasiyaları oxumaq mümkündür.

Xatırladaq ki, Heydər Əliyev Fondu bir neçə il əvvəl gözdən əlil şəxslər üçün müasir texnologiyaların Azərbaycana gətirilməsi təşəbbüsü ilə çıxış edib. 2005-ci ildə Heydər Əliyev Fondu və BMT-nin İnkişaf Proqramı arasında görmə qabiliyyətini itirmiş və görmə qabiliyyəti zəif olan insanlar üçün informasiya-kommunikasiya texnologiyalarına çıxışın təmin edilməsinə dair əməkdaşlıq sazişi imzalanmışdır. Layihə gözdən əlil insanların cəmiyyətə inteqrasiyasına, informasiya-kommunikasiya vasitələri ilə bilik, məlumat əldə etmək imkanlarının genişləndirilməsinə yönəlib. Həmçinin Heydər Əliyev Fondunun təşəbbüsü ilə gözdən əlil uşaqlar üçün xüsusi internat məktəbin nəzdində mətbəə yaradılıb. Burada Brayl əlifbasında dərslik və dərs vəsaitləri çap olunur.

Azərbaycan ərazisində bu günlərdə qeyri-sabit hava şəraiti davam edəcək
22 avqust 2012 12:16

 

 

Bakı və Abşeron yarımadasında avqustun 23-də hava şəraitinin dəyişkən buludlu, arabir tutulacağı, gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir.

 Arabir güclənən şimal küləyi əsəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə,

 havanın temperaturu gecə 20-24, gündüz 25-29 dərəcə isti olacağı gözlənilir.

 Abşeronun çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 24-25, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26, Türkan, Hövsan, Şıx, Sahildə 26-27 dərəcə isti olacaq.

 Azərbaycanın rayonlarında avqustun 23-də şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 Havanın temperaturu gecə 18-23, gündüz 25-30, dağlarda gecə 8-13, gündüz 19-24 dərəcə isti olacaq.

 Avqustun 24-dək ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam edəcəyi gözlənilir.

TQDK tələbələrə xəbərdarlıq edib
22 avqust 2012 12:09

 

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali məktəblərə (bakalavriat səviyyəsi) və magistraturaya qəbul olmuş gənclərə xəbərdarlıq edir.

Komissiyanın mətbuat xidmətindən çərşənbə günü verilən məlumata görə, tələbə adı qazanmış şəxslər avqustun 23-dən 31-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Ali təhsil müəssisələrinin magistraturalarının boş qalan plan yerlərinə qəbul olanlar avqustun 24-ü saat 17:00-dək sənədlərini qəbul olduqları təhsil müəssisəsinə təqdim edərək qeydiyyatdan keçməlidirlər.

Həmin müddətdə qeydiyyatdan keçməmək bakalavrın müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali təhsil müəssisəsinə göndərilməyəcək.

Azərbaycanda 143 nəfər ibtidai sinif müəllimi imtahanla işə qəbul olunub
21 avqust 2012 11:18

 

 

Azərbaycanda ümumi təhsil müəssisələrindəki ibtidai sinif müəllimliyi üzrə vakant yerlərə işə qəbulla bağlı keçirilən imtahanların nəticələri açıqlanıb. Təhsil Nazirliyindən verilən məlumata görə, avqustun 13-dən 18-dək keçirilən imtahanların nəticələrinə görə, 143 nəfər ibtidai sinif müəllimi işə qəbul edilib.

 Bu imtahanlarda 3764 nəfər namizəd 143 vakant yer üzrə biliyini sınayıb.

Azərbaycanda yol qəzalarında 3 nəfər ölüb, 3 nəfər isə yaralanıb
21 avqust 2012 11:14

 

 

Azərbaycanda ölümlə nəticələn yol qəzaları davam edir.

Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, ötən gün respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 3 nəfər ölüb, 3 nəfər isə yaralanıb.

Bununla da bayram günlərində respublikada baş verən yol qəzalarında ölənlərin sayı 10-a, yaralananların isə 43-ə çatıb.

Azərbaycanda hava şəraiti kəskin dəyişəcək
21 avqust 2012 11:11

 

 

Azərbaycan ərazisində güclü külək davam edəcək, bəzi yerlərdə yağış yağacaq.

Bakı və Abşeron yarımadasında avqustun 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gürşad Məmmədovanın verdiyi məlumata görə, gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimal olunur: “Mülayim şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 19-24, gündüz 25-29 dərəcə isti təşkil edəcək”.

Azərbaycanın rayonlarında sabah gecə və axşam şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə saatlarında 20-25, gündüz saatlarında 27-32, dağlarda gecə 12-17, gündüz isə 20-25 dərəcə isti olacaq.

G.Məmmədova Azərbaycanda qeyri-sabit hava şəraitinin avqustun 24-dək davam edəcəyini deyib: “Avqustun 24-dək Bakıda və Abşeron yarımadasında arabir güclənən şimal küləyi əsəcək. Bölgələrdə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayın 24-ü gündüz yağış tədricən kəsiləcək”.

Avqustun 20-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
20 avqust 2012 06:42

 

 

Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq.

Temperaturun gecə 20-25, gündüz 28-33, Bakıda gecə 22-24, gündüz 29-31 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 65-75 faiz, gündüz isə 50-60 faiz olacaq.

Abşeron çimərliklərində dəniz suyunun temperaturunun Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 24-25, Buzovna, Mərdəkan, Şüvəlanda 25-26, Türkan, Hövsan, Sahil, Şıxda 26-27 dərəcə isti olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında gündüz hava əsasən yağmursuz olacaq. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var.

Temperaturun gecə 17-22, gündüz 30-35 dərəcə isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı ehtimalı var.

Temperaturun gecə 12-17, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında gündüz hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var.

Temperaturun gecə 19-24, gündüz 29-34 dərəcə isti olacağı gözlənilir.

 

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı ehtimalı var.

Temperaturun gecə 16-21, gündüz 27-32 dərəcə isti olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında gündüz hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.

Temperaturun gecə 19-24, gündüz 30-35 dərəcə isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında gündüz hava əsasən yağmursuz olacaq. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var.

Temperaturun gecə 19-24, gündüz 28-32, dağlarda gecə 13-18, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.

Ali məktəblərin vakant yerlərinə və kolleclərə qəbul üçün 1700-dən çox ərizə təsdiqlənib
20 avqust 2012 06:40

 

 

2012-2013-cü tədris ili üçün ali məktəblərin vakant və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə keçiriləcək müsabiqədə iştirak üçün indiyədək 1749 abituriyent ixtisas seçimi ərizəsini təsdiqləyib.

 Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından bazar ertəsi verilən məlumata görə, ərizəsini təsdiqlədənlərin 1603-ü Azərbaycan, 146-sı rus bölməsinin abituriyentidir.

Abituriyentlərin 430-u I, 297-si II, 741-i III, 281-i IV ixtisas qrupu üzrə keçiriləcək müsabiqədə iştirak üçün ixtisas seçimi ərizəsini təsdiqləyib.

Bu il ali məktəblərdə 1924 plan yeri vakant qalıb. Bu il II ixtisas qrupunda qəbul planı 100 faiz yerinə yetirilib. I ixtisas qrupunda 799, III qrupda 510, IV qrupda 615 plan yeri boş qalıb.

Ali məktəblərin vakant və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə ixtisas seçiminə avqustun 19-dan başlanılıb və avqustun 23-dək davam edəcək.Qeyd edək ki, ali məktəblərin cari ildə ayrılmış 33918 plan yerinə 31994 abituriyent qəbul olub. Qəbul planı 94% dolub. Cari ildə 11 illik təhsil bazasından 54 orta ixtisas təhsili müəssisəsində 8727 plan yeri ayrılıb. Onlardan 7174-ü Azərbaycan bölməsi, 36 yer rus bölməsinin abituriyentləri üçündür. 1517 plan yerinə isə Azərbaycan və rus bölməsinin abituriyentləri üçün birgə müsabiqə keçiriləcək.Ali məktəblərin vakant və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyənlər üçün müsabiqə ali məktəblərə qəbul imtahanlarının nəticələrinə əsasən keçiriləcək.

Demi gənc sevgili tapdı
19 avqust 2012 18:35

 

Demi Moore Mila Kunisle eşq yaşayan keçmiş əri Ashton Kutchera misillime etməkdə gecikmədi.

Demi Moore əvvəlki gün ABŞ-ın Los Angeles şəhərində gənc bir kişi ilə göstərildi. Moore yanındakı adamın kim olduğuna dair sualları cavabsız buraxdı. Moore Anoreksiya və spirtli içkilərə asılılığı üzündən müalicə görmüşdü.

Prezident Bakıda yeni məscid kompleksinin tikilməsi üçün sərəncam imzalayıb
19 avqust 2012 14:52

 

Azərbaycan prezidenti İlham Əliyev Bakıda yeni məscid kompleksinin tikilməsi ilə bağlı sərəncam imzalayıb.

Sərəncamda Bakı Şəhər İcra Hakimiyyətinə yeni məscid kompleksinin tikintisi üçün Binəqədi rayonu ərazisində torpaq sahəsinin ayrılmasını təmin etmək tapşırılıb.

Yeni məscid kompleksinin layihələndirilməsi və tikintisi üçün 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Bakı Şəhər İcra Hakimiyyətinə ilkin olaraq 10,0 (on) milyon manat vəsait ayrılacaq.

Maliyyə Nazirliyinə bu məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək, Nazirlər Kabinetinə isə sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırlıb.

Tarkan Kenan Doğuludan intiqam aldı
19 avqust 2012 05:52

 

Türkiyənin ən məşhur müğənnilərindən biri, "Meqastar" kimi tanınan Tarkan üç ay əvvəl onu sərt tənqid etmiş Kenan Doğuludan intiqamını alıb.

Doğulunun dediyinə görə, Tarkan yalnız müğənni yox, həm də milyonçu prodüserdir. Məhz Tarkana məxsus olan "Kirli Kedi" prodüser şirkəti Ajda Pekkan, Kenan Doğulu, Candan Erçetin, Sertab Erener və s. tanınmış müğənnilərin konsertlərindən tutmuş, klip çəkilişlərinə qədər işlərini təşkil edib. Tarkan da Doğulunun açıqlamasını cavabsız qoymayıb. O, Kenanın konsertini avqustun 22-də Cemil Topuzluda təşkil edib.

Doğulunun potensial dinləyicilərinin əksəriyyəti İstanbuldan uzaqda, bayram tətilində olduğu üçün biletlər çox pis satılıb.

 əvvəlki    981  982  983  984  985  986  987  988  989  990  991    növbəti 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.