Bakı, 11 sentyabr (ERtv). Səfir İranda 11 avqust tarixdə baş verən zəlzələ nəticəsində həlak olanların yaxınlarına bir daha başsağlığı verib və blidirib ki, Azərbaycan zəlzələdən zərər çəkənlərə göstərdiyi yardımı davam etdirmək niyyətindədir. Bu məqsədlə zəlzələnin baş verdiyi qəsəbələrdən birində müasir məktəb və ya xəstəxananın tikintisi ilə bağlı Azərbaycan hökumətinin təklifini vilayətin başçısına təqdim edib.
Şərqi Azərbaycan vilayətinin başçısı Əli Beygi öz növbəsində zəlzələdən zərər çəkənlərə göstərdiyi yardıma görə Azərbaycan Respublikasına öz minnətdarlığını bildirib.
Vilayətə səfəri çərçivəsində səfir burada aparılan bərpa işləri ilə tanış olub və yerli əhali ilə söhbət edib.
Bakı, 11 sentyabr (ERtv). Bu gün Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycana işgüzar səfərə gəlib.
Həmin gün Qəbələdə Azərbaycan prezidenti İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşü olub.
Görüşdə ölkələr arasında siyasi, iqtisadi, ticarət, enerji, nəqliyyat, hərbi-texniki sahələrdə əməkdaşlıq, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli və perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Bakı, 11 sentyabr (ERtv). İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin istehlak bazarında apardığı növbəti monitorinqlər zamanı Bakı şəhəri, Səbail rayonu Ə.Yaqubov küçəsi, 14 ünvanında Hicran Quliyevə məxsus mağazada 53 çeşiddə ümumi çəkisi 91 kq olan saxlama müddəti ötən ərzaq mallarının satıldığı aşkarlanıb və satışdan çıxarılaraq məhv edilib.
Bundan başqa, bu mağazada satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi müəyyənləşdirilib.
Bununla əlaqədar, qanun pozuntusuna yol verən təsərrüfat subyektləri barədə Azərbaycanın İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görüləcək.
Bakı, 08 sentyabr (ERtv). Azərbaycanın daxili işlər naziri Ramil Usubov MDB-ə üzv dövlətlərin Daxili İşlər Nazirləri Şurasının sədri təyin edilib. DİN-nin mətbuat xidmətindən ERtv-yə verilən məlumata görə, sentyabrın 7-8-də Bakıda Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Daxili İşlər Nazirləri Şurasının növbəti iclası keçirilib.
İclasda Azərbaycan, Belarus, Qazaxıstan, Qırğız, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan, Ukrayna respublikalarının və Rusiya Federasiyasının daxili işlər nazirliklərinin nümayəndələri, habelə MDB-nin İcraiyyə Komitəsinin sədri - İcraçı katib S.N.Lebedev, MDB-nin iştirakçısı olan dövlətlərin ərazisində mütəşəkkil cinayətkarlıq və cinayətkarlığın digər təhlükəli növləri ilə mübarizənin əlaqələndirilməsi üzrə Büronun direktoru N.A.Ovçinnikov, MDB-nin iştirakçısı olan dövlətlərin Antiterror Mərkəzinin rəhbərinin birinci müavini M.M.Orazaliyev, MDB-nin İcraiyyə Komitəsi nəzdində Daxili İşlər Nazirləri Şurasının nümayəndəsi V.F.Yeryonkin və Beynəlxalq Kriminal Polis Təşkilatı -İnterpolun Baş katibi Ronald Noubl iştirak edib.
Azərbaycanın Baş naziri Artur Rasizadə tədbir iştirakçılarını salamlayaraq giriş sözü ilə çıxış edib. MDB-nin iştirakçısı olan dövlətlərin Daxili İşlər Nazirləri Şurası haqqında Əsasnaməyə müvafiq olaraq Azərbaycanın daxili işlər naziri Ramil Usubov Şuranın sədri vəzifəsinə təyin olunub.
Daha sonra MDB-nin iştirakçısı olan dövlətlərin Daxili İşlər Nazirləri Şurası tərəfindən bir sıra mühüm məsələlər müzakirə edilib.
Bakı, 08 sentyabr (ERtv). Müdafiə Nazirliyinin mətbuat xidmətindən ERtv-yə verilən məlumata görə, iyulun 13-də Naxçıvandakı N saylı hərbi hissədə qulluq edən 19 yaşlı Rəbbi Elsevər oğlu Cəfərov erməni snayperindən açılan atəş nəticəsində başından ağır yaralanaraq Silahlı Qüvvələrin Baş Kliniki Hospitalına yerləşdirilib. Aparılan intensiv müalicə baxmayaraq yaralının həyatını xilas etmək mümkün olmayıb.
Bakı, 08 sentyabr (ERtv). Avropada Əməkdaşlıq və Təhlükəsizlik Təşkilatına üzv olan ölkələrdən 19-unun ATƏT-dəki daimi nümayəndəsi Azərbaycan və Ermənistana səfər edir. Səfirlər sentyabrın 10-u və 11-də Bakıda olacaq. Onlar hökumət nümayəndələri, siyasi partiya və vətəndaş cəmiyyətinin təmsilçiləri ilə görüşlər keçirəcək. Səfərin məqsədi regionla yaxından tanış olmaq və burada baş verən proseslərə dair fikir mübadiləsi aparmaqdır.
Bakı, 08 sentyabr (ERtv). Azərbaycan prezidenti İlham Əliyev bu gün ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi nəzarət və təhqiqatlar alt komitəsinin sədri Deyn Rorabaherin başçılıq etdiyi Tennessi ştatından Respublikaçı konqresmen Marşa Bləkbörndən, Texas ştatından Respublikaçı konqresmen Ted Podan, Kolorado ştatından Respublikaçı konqresmen Douq Lamborndən və alt komitə sədri ofisinin rəhbəri Pol Berkovitzdən ibarət nümayəndə heyətini qəbul edib.
Dövlət başçısı Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə yüksək səviyyədə olduğunu vurğulayıb. Prezident İlham Əliyev son illər ölkəmizin əldə etdiyi iqtisadi uğurlardan danışıb. ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi nəzarət və təhqiqatlar alt komitəsinin sədri Deyn Rorabaherin başçılıq etdiyi Tennessi ştatından Respublikaçı konqresmen Marşa Bləkbörndən, Texas ştatından Respublikaçı konqresmen Ted Podan, Kolorado ştatından Respublikaçı konqresmen Douq Lamborndən və alt komitə sədri ofisinin rəhbəri Pol Berkovitzdən ibarət nümayəndə heyətinin Azərbaycana səfərini yüksək qiymətləndirən dövlət başçısı bu səfərin ölkələr arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə daha da inkişaf etdirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılması üçün yaxşı imkan yaratdığını deyib.
ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi nəzarət və təhqiqatlar alt komitəsinin sədri Deyn Rorabaher Azərbaycana ikinci dəfə səfər etdiyini və ötən dövr ərzində ölkəmizdə çox böyük inkişafın şahidi olduğunu vurğulayıb.
İkitərəfli münasibətlərin genişləndirilməsində qanunverici orqanlar arasında əməkdaşlığın önəmi qeyd olunan görüşdə, ikitərəfli əlaqələr, regional və enerji sahəsində əməkdaşlıq, eləcə də əlaqələrin digər sahələri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılılb.
Bakı, 08 sentyabr (ERtv). Diasporla İş Üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən ERtv-yə verilən məlumata görə, BƏƏ-dəki Azərbaycan diasporu Ermənistanın Dağlıq Qarabağ ətrafında vəziyyəti qızışdırmaq cəhdləri bağlı konfrans keçirib. Toplantı Azərbaycan Silahlı Qüvvələrinin zabiti Ramil Səfərovun Macarıstandan Azərbaycana ekstradisiyası və daha sonra əfa olunması ilə bağlı Ermənistan tərəfindən qaldırılan isteriyaya və bununla da Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesindən çıxmaq haqda çağırışılara cavab olaraq reallaşıb. “Qarabağ probleminin dünyada sülhə və təhlükəsizliyə həqiqi təhdidləri” adlı konfransda BƏƏ-də yaşayan soydaşlarımızla yanaşı, yerli ictimaiyyətin nümayəndələri, o cümlədən ərəb siyasi ekspertləri və alimlər, eləcə də türk diasporunun təmsilçiləri iştirak edib.
“Azərbaycan” cəmiyyətinin sədri Samir İmanov Dağlıq Qarabağ probleminin tarixi, Dağlıq Qarabağ və Azərbaycanın daha yeddi rayonunun Ermənistan tərəfindən işğal olunması barədə məlumat verib. Azərbaycan ərazilərinin işğalının bütün region üçün təhlükə mənbəyi olduğunu qeyd edən S.İmanov bu münaqişənin eyni zamanda bütün bölgənin, birinci növbədə elə Ermənistanın özünün iqtisadi inkişafına ciddi əngəl yaratdığını vurğulayıb. O, yeritdiyi işğalçı siyasətinə görə Ermənistanın regionda gerçəkləşdirilən nəhəng layihələrdən təcrid olunduğunu qeyd edib.
BƏƏ-in nüfuzlu “Al-Bayan” qəzetinin konfransda iştirak edən jurnalisti qəzetin 8 sentyabr tarixli sayında “Dağlıq Qarabağ – partlayış üçün çubuqlar” adlı məqalə yazıb. Məqalədə son həftə Dağlıq Qarabağ münaqişəsi ətrafında Azərbaycanla Ermənistan arasında gərginliyin artdığı, Amerika Birləşmiş Ştatları və Rusiyanın bununla bağlı narahatlıqlarını ifadə etdikləri qeyd olunub. Müəllif Budapeştdə NATO-nun təlimləri zamanı erməni zabitini öldürən Azərbaycan ordusunun zabiti Ramil Səfərovun Macarıstandan Azərbaycana ekstradisiyası və daha sonra əfv olunmasından sonra Ermənistanın Azərbaycana müharibə xəbərdarlığı göndərdiyini bildirir. Müəllif sual qoyur ki, “Nə üçün indi?”. Sualın cavabında jurnalist problemin Fransa və Rusiyada keçirilmiş seçkilərdən sonra qabardılmağa başladığını qeyd edir. O, eyni zamanda Fransa və Türkiyə münasibətlərinə də toxunaraq Fransanın keçmiş prezidenti Nikola Sarkozinin ermənipərəst mövqe tutması ilə fərqləndiyini bildirir. Müəllif Dağlıq Qarabağ münaqişəsi ətrafında cərəyan edən hadisələri şərtləndirən motivləri araşdırır: “İbtidai motiv neftdir və xüsusilə də ABŞ üçün. İkinci motiv Türkiyə və həmişə ermənilərə yaxınlığı ilə seçilən Rusiya arasında Suriya ilə bağlı durumdur. Üçüncü motiv Rusiyanın keçmiş sovet respublikaları arasında mövqeyini möhkəmlətmək istəyidir”. Moskvanın bu məqsədlə mövcud münaqişələrdən rıçaq kimi istifadə etdiyini qeyd edən müəllif bir müddət əvvəl Rusiyanın Gürcüstana qarşı atdığı addımları, o cümlədən Abxaziya və Şimali Osetiyanın müstəqilliyini tanıdığını xatırladır. Məqalədə Türkiyənin də regionda özünün siyasi və iqtisadi nüfuzunu artırmağa çalışdığı və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində iştirak etmək istədiyi qeyd olunur. Müəllif bu mövzunun yaxın günlərdə Azərbaycan prezidenti İlham Əliyev və Türkiyənin baş naziri Rəcəb Tayib Ərdoğan arasında keçiriləcək görüşdə müzakirə olunacağını qeyd edir.
Bakı, 08 sentyabr (ERtv). Müdafiə Nazirliyinin mətbuat xidmətindən ERtv-yə verilən məlumata görə, atışmalar əsasən Ağdam rayonunun Yusifcanlı, Şirvanlı, Goranboyun Tapqaraqoyunlu, Füzulinin Qorqan, Xocavəndin Kuropatkino kəndləri yaxınlığında, Füzuli, Xocavənd və Goranboy rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdə qeydə alınıb. Qarşı tərəf cavab atəşi ilə susdurulub.
Bakı, 07 sentyabr (ERtv). Azərbaycan prezidenti İlham Əliyev bu gün NATO-nun baş katibi Anders Foq Rasmussenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Prezident İlham Əliyev NATO-nun baş katibi Anders Foq Rasmussenin Azərbaycana səfərinin əməkdaşlığımızın hazırkı vəziyyəti və perspektivlərini müzakirə etmək baxımından səmərəli olacağını bildirib. Dövlət başçısı Azərbaycan ilə NATO arasında əməkdaşlıq əlaqələrinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb. NATO iqamətgahına sonuncu səfərini və diplomatik korpusun nümayəndələri ilə keçirdiyi görüşləri və Azərbaycanın BMT Təhlükəsizlik Şurasına sədrlik etdiyi zaman Nyu-Yorka səfərini, eləcə də NATO-nun Çikaqo sammitində iştirakını məmnunluqla xatırlayan prezident İlham Əliyev səfər zamanı əməkdaşlığımızın inkişafına dair aparılan müzakirələrin əhəmiyyətini qeyd etdi. Ölkəmizin NATO-nun Əfqanıstandakı sülhməramlı missiyasında iştirakının, tranzit ölkə kimi Əfqanıstana yüklərin daşımasındakı rolunun və “Sülh naminə tərəfdaşlıq” Proqramı çərçivəsində uğurlu əməkdaşlığının önəmini vurğulayan prezident İlham Əliyev Azərbaycanın NATO ilə əməkdaşlığa bundan sonra da öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.
NATO-nun baş katibi Anders Foq Rasmussen ölkəmizdə “Eurovision” mahnı müsabiqəsinin yüksək səviyyədə təşkil olunması və Azərbaycan idmançılarının XXX London Yay Olimpiya Oyunlarında əldə etdiyi uğurlar münasibətilə dövlətimizin başçısını təbrik edib.
Azərbaycanda gedən yüksək inkişaf proseslərinin onda xoş təəssürat yaratdığını deyən baş katib ölkəmizin beynəlxalq aləmdə artan nüfuzundan məmnunluğunu ifadə edib. Anders Foq Rasmussen Azərbaycanın Əfqanıstandakı sülhməramlı missiyada birbaşa və daşımalar yolu ilə iştirakını yüksək qiymətləndirib.
Görüşdə Azərbaycan-NATO əlaqələrinin gələcək inkişafı, regional təhlükəsizlik və sabitlik, enerji sahəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bakı, 07 sentyabr (ERtv). NATO-nun baş katibi Anders Foq Rasmussenin Azərbaycana rəsmi səfəri bu gün başa çatıb. Hava limanında NATO-nun baş katibi Anders Foq Rasmusseni Azərbaycanın xarici işlər nazirinin müavini Nadir Hüseynov və digər rəsmi şəxslər yola salıb.
Bakı, 07 sentyabr (ERtv). NATO-nun baş katibi Anders Foq Rasmussenin Azərbaycana rəsmi səfəri bu gün başa çatıb. Hava limanında NATO-nun baş katibi Anders Foq Rasmusseni Azərbaycanın xarici işlər nazirinin müavini Nadir Hüseynov və digər rəsmi şəxslər yola salıb.
Bakı, 07 sentyabr (ERtv). Sentyabrın 9-da Türkiyənin Gəncədəki konsulluğunun rəsmi açılış mərasimi keçiriləcək. Mərasimdə Azərbaycanın dövlət və hökumət nümayəndələri ilə yanaşı, xarici ölkələrin Azərbaycanda fəaliyyət göstərən diplomatları, eləcə də iki qardaş ölkənin siyasi və ictimai xadimləri iştirak edəcək.
Bakı, 07 sentyabr (ERtv). NATO-nun baş katibi Anders Foq Rasmussenin Azərbaycana rəsmi səfəri bu gün başa çatıb. Hava limanında NATO-nun baş katibi Anders Foq Rasmusseni Azərbaycanın xarici işlər nazirinin müavini Nadir Hüseynov və digər rəsmi şəxslər yola salıb.
Prezident İlham Əliyev Gədəbəy rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən 59 min nəfər əhalinin yaşadığı 87 yaşayış məntəqəsini birləşdirən Gədəbəy-Novosaratovka-Qaravəlilər avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycanın 2012-ci il dövlət büdcəsində nəzərdə tutulan Prezidentin ehtiyat fondundan Gədəbəy Rayon İcra Hakimiyyətinə ilkin olaraq 3,0 (üç) milyon manat ayrılıb.
Maliyyə Nazirliyi sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunan qaydada təmin etməlidir.
Bakı, 6 sentyabr (ERtv). Azərbaycan prezidenti İlham Əliyev bu gün Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifaini qəbul edib.
Dövlət başçısı paytaxtda və regionlarda turizm infrastrukturunun inkişaf etdirilməsi istiqamətində böyük işlərin görüldüyünü vurğulayıb. Prezident İlham Əliyev Taleb Rifainin Azərbaycana səfərinin Dünya Turizm Təşkilatı ilə ölkəmizin müvafiq qurumları arasında əməkdaşlığın bundan sonra da genişlənəcəyi işinə töhfə verəcəyinə əminliyini ifadə edib.
Azərbaycana üçüncü dəfə səfər etməsini məmnunluqla qeyd edən baş katib Taleb Rifai hər gəlişi zamanı ölkəmizdə çox böyük inkişaf proseslərinin şahidi olduğunu deyib. O, turizm infrastrukturunun inkişaf etdirilməsi istiqamətində Azərbaycanda görülən işlərin razılıq doğurduğunu vurğulayıb. Taleb Rifai Azərbaycan prezidenti İlham Əliyevin nitqindən götürülən sitatların dərc olunduğu prezidentlərin və dövlət başçılarının fikirlərindən ibarət qızıl kitabı dövlətimizin başçısına təqdim edib.
Kitabda Azərbaycanın Dünya Turizm Təşkilatının “Qızıl Kitab” hərəkatına ilk qoşulan 26 ölkədən biri olduğu bildirilir, ölkəmizdə turizmin inkişaf etdirilməsi ilə bağlı bütün şəraitin mövcud olduğu qeyd edilir, Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət xüsusi vurğulanır.
Bakı, 6 sentyabr (ERtv). Azərbaycan prezidenti İlham Əliyev bu gün Litvanın daxili işlər naziri Arturas Melianasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Azərbaycana səfərindən məmnunluğunu bildirən nazir Arturas Melianas ölkələrimizin müvafiq qurumları arasında əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlərin müzakirəsi baxımından səfərin əhəmiyyətini qeyd edib. O, səfəri çərçivəsində təmsil etdiyi qurumla Azərbaycanın Daxili İşlər və Fövqəladə Hallar Nazirlikləri arasında əməkdaşlığa dair imzalanacaq müqavilənin əhəmiyyətini vurğulayıb.
Dövlət başçısı ölkələr arasında əməkdaşlığın müxtəlif sahələrdə genişləndirilməsi üçün yaxşı perspektivin olduğunu deyib. Prezident İlham Əliyev təbii fəlakətlər zamanı ölkələrarası əlaqələndirmənin və qarşılıqlı yardımın əhəmiyyətini vurğulayıb. Azərbaycanda Fövqəladə Hallar Nazirliyinin güclü maddi-texniki bazaya, müasir texnika və infrastruktura malik olduğunu deyən dövlət başçısı bu sahədə qarşılıqlı təcrübə mübadiləsi aparılmasının önəmini qeyd edib.
Bakı, 06 sentyabr (ERtv). Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev ERtv-yə bildirib ki, rəsmi Bakı Ramil Səfərovun Azərbaycan Konstitusiyası və 1983-cü ildə imzalanan Strasburq Konvensiyasının 12-ci maddəsinə uyğun olaraq əfv edildiyini Macarıstan tərəfinin nəzərinə çatdırıb.
Bakı, 06 sentyabr (ERtv). İqtisadi İnkişaf Nazirliyi və Asiya İnkişaf Bankının birgə təşkilatçılığı ilə “Dövlət və özəl sektor əməkdaşlığı - alternativ satınalmalar modeli” mövzusunda seminar keçirilib. Seminarda aidiyyəti dövlət qurumlarının, beynəlxalq təşkilatların nümayəndələri və sahibkarlar iştirak edib.
Qeyd olunub ki, uğurla həyata keçirilən iqtisadi siyasət nəticəsində ölkəmizin dünyada nüfuzu daha da artmış, regionun lider dövlətinə, iqtisadi və mədəni mərkəzinə çevrilib. Bildirilib ki, iqtisadi siyasətin prioritetlərindən olan sahibkarlığın inkişafının sürətləndirilməsi məqsədilə biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığa dövlət dəstəyinin genişləndirilməsi, maarifləndirmə, sahibkarların işgüzar əlaqələrinin genişləndirilməsi və s. kimi kompleks tədbirlər davam etdirilir. Asiya İnkişaf Bankının Azərbaycandakı nümayəndəsi Olli Norojono satınalmalarla bağlı qabaqcıl dünya təcrübəsi barədə seminar iştirakçılarına məlumat verib, Azərbaycanla Asiya İnkişaf Bankı arasında əməkdaşlığın genişləndiyini diqqətə çatdırıb.
Bakı, 06 sentyabr, (ERtv). 2015-ci ildə şahmat üzrə Dünya Kuboku yarısının və 2016-ci ildə 42-ci Ümumdünya Şahmat Olimpiadasının Bakıda keçirilməsi Türkiyədə müzakirə olunacaq. Bu barədə ERtv-yə Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bu məqsədlə gənclər və idman naziri Azad Rəhimovun bu gündən etibarən Türkiyəyə rəsmi səfəri başlayır.
Qeyd edək ki, Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti K.İlyumjinovun Azərbaycana səfəri zamanı Azərbaycanda 2015-ci ildə şahmat üzrə Dünya Kuboku yarısının və 2016-ci ildə 42-ci Ümumdünya Şahmat Olimpiadasının keçirilməsi barədə ilkin razılığa gəlinib.
Məhz, 7-9 sentyabr 2012-ci il tarixdə İstanbul şəhərində keçiriləcək Beynəlxalq Şahmat Federasiyasının Baş Assambleyasında həmin tədbirlərin ölkəmizdə keçirilməsi ilə əlaqədar təqdimatın edilməsi və çıxış nəzərdə tutulub.
Səfər sentyabrın 9-dək davam edəcək.