Xəbərlər

Prezident İlham Əliyev Aİ-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
13 sentyabr 2012 17:55

Bakı, 13 sentyabr (ERtv). Azərbaycan prezidenti İlham Əliyev bu gün Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefortun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Prezident İlham Əliyev Niderlandın Baş nazirinin müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
13 sentyabr 2012 17:51

Bakı, 13 sentyabr (ERtv). Azərbaycan pPrezidenti İlham Əliyev bu gün Niderland Krallığının Baş nazirinin müavini və iqtisadi işlər, kənd təsərrüfatı və innovasiya naziri Maksim Verhagenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Maksim Verhagen Azərbaycana səfərindən məmnunluğunu ifadə edib. Niderland Krallığının Bakıda səfirliyinin fəaliyyətə başlamasından sonra ikitərəfli əlaqələrin inkişafında irəliləyişlərin olduğunu vurğulayan Maksim Verhagen bu əlaqələrin gələcək illərdə daha da genişlənəcəyinə ümidvar olduğunu bildirib. O, Azərbaycana səfərinin ölkələr arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsi işinə xidmət edəcəyinə əminliyini bildirib.

Prezident İlham Əliyev Azərbaycanla Niderland Krallığı arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, nəqliyyat və digər sahələrdə inkişafının razılıq doğurduğunu vurğulayıb. Dövlət başçısı əlaqələrin genişləndirilməsi üçün qarşılıqlı marağın mövcud olduğunu qeyd edib. İkitərəfli münasibətlərn genişləndirilməsində müxtəlif səviyyəli səfərlərin önəmini diqqətə çatdıran Azərbaycan prezidenti ölkələr arasında möhkəm tərəfdaşlıq əlaqələrinin qurulması üçün yaxşı imkanların olduğunu deyib.

Niderland şirkətlərinin ölkəmizdəki geniş və uğurlu fəaliyyəti vurğulanan görüşdə neft-qaz sektoru, daşımalar, nəqliyyat, infrastruktur, sərmayə qoyuluşu və digər sahələrdə əməkdaşlığın perspektivləri müzakirə edilib, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Prezident İlham Əliyev Türkiyənin Azərbaycandakı səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etdi
13 sentyabr 2012 17:44

Bakı, 13 sentyabr (ERtv). Azərbaycan prezidenti İlham Əliyev bu gün Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıçı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. Həyatının bundan sonrakı hissəsində də Azərbaycanın bir nümayəndəsi, vətəndaşı kimi işləməyə davam edəcəyini vurğulayan diplomat qeyd edib ki, Azərbaycana Vətən xidmət üçün gəlmişdi: "Mən buraya, bu Vətənə xidmət üçün gəlmişdim. Bu müddətdə də çox dəstək, kömək gördüm. Dünənki səfər də tarixi bir səfər idi, hörmətli prezidentim"!

Səfərin çox gözəl keçdiyini vurğulayan prezident İlham Əliyev deyib ki, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycanın başqa yerləri ilə də tanış olub: "Bu səfərin təşkilində sizin də böyük səyləriniz olub. Ümumiyyətlə, Azərbaycanda çalışdığınız dövrdə iki ölkəni bir-birinə daha da yaxın etmək üçün böyük səylər göstərmisiniz. Biz bunu yüksək qiymətləndiririk. Doğrudan da siz Azərbaycan xalqının dostusunuz. Bura sizin öz vətəninizdir. Əminəm ki, başqa işdə də daim bizimlə əlaqədə olacaqsınız".

Dövlət başçısı Azərbaycanın Türkiyə ilə dövlətlərarası əlaqələrinin inkişafı və möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə Hulusi Kılıçın Azərbaycanın yüksək dövlət mükafatlarından olan “Dostluq” ordeni ilə təltif olunduğunu deyib və ordeni ona təqdim edib.

Bunu həyatında aldığı ən şərəfli mükafat adlandıran Hulusi Kılıç deyib ki, buna layiq ola bilmək də həqiqətən həyatın mükafatıdır: "Bundan əlavə, Zati-aliləriniz tərəfindən bunun dəyərləndirilməsi həqiqətən həyatımın 4 il yarımının bir xülasəsidir, qiymətləndirilməsidir. Mən bunun üçün şükranlığımı, təşəkkürlərimi bildirmək istəyirəm, hörmətli Prezidentim"!

Dövlət başçısı həmçinin deyib ki, səfirin burada fəaliyyəti doğrudan da çoxşaxəli olub: "Cəmiyyətdə də böyük nüfuz qazana bilmisiniz. Mən bilirəm ki, siz Azərbaycanı nə qədər ürəkdən sevirsiniz. Buna görə sizə gələcək fəaliyyətinizdə də uğurlar arzulayıram. Əminəm ki, gələcək illərdə ölkələrimiz bir-biri ilə daha da sürətlə əməkdaşlıq edəcək. Dünən və srağagün hörmətli cənab Baş nazirlə keçirdiyimiz görüşlər bir daha münasibətlərin nə qədər dərin olmasına dəlalət edir".

Koreyanın Azərbaycana yeni təyin olunan səfiri rəsmi fəaliyyətə başladı
13 sentyabr 2012 17:33

Bakı, 13 sentyabr (ERtv). Azərbaycan prezidenti İlham Əliyev bu gün Koreyanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Çoi Suk-İnin etimadnaməsini qəbul edib. Azərbaycanla Koreya arasında fəal siyasi əlaqələrin mövcud olduğunu vurğulayan dövlət başçısı ölkələr arasında iqtisadi, mədəni, neft-kimya, enerji, nəqliyyat, turizm və digər sahələrdə əməkdaşlığın yaxşı səviyyədə olduğunu deyib. Azərbaycanda çoxlu sayda Koreya şirkətlərinin fəaliyyət göstərdiyini qeyd edən dövlət başçısı ölkələrimiz arasında qısa müddət ərzində möhkəm tərəfdaşlıq əlaqələrinin qurulduğunu bildirib. Koreyaya səfərlərini xatırlayan prezident İlham Əliyev münasibətlərin genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini qeyd edib. Səfirə fəaliyyətində uğurlar arzulayan dövlət başçısı ikitərəfli əlaqələrin bundan sonra da genişlənəcəyinə əminliyini ifadə edib.

Səfir Çoi Suk-İn Koreyanın prezidenti Li Men Bakın salamlarını dövlət başçısına çatdırıb. O, Azərbaycandakı diplomatik fəaliyyəti dövründə ölkələr arasında əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini deyib. 

Hulusi Kılıçın “Dostluq” ordeni ilə təltif edildi
13 sentyabr 2012 11:19

Bakı, 13 sentyabr (ERtv). Prezident İlham Əliyev Hulusi Kılıçın “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. sərəncama əsasən Azərbaycanın Türkiyə ilə dövlətlərarası əlaqələrinin inkişafı və möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıç "Dostluq" ordeni ilə təltif edilib.

Dünya Azərbaycanlı Gənclər Birliyinin nümayəndəsi Cənubi Koreyada festivalda iştirak edəcək
13 sentyabr 2012 11:11

Bakı, 13 sentyabr (ERtv). Dünya Azərbaycanlı Gənclər Birliyinin Cənubi Koreyadakı nümayəndəsi KAİST Universitetinin tələbəsi Cavid Əliyev sentyabrın 16-da Seulun Olimpik stadionunda keçiriləcək “World Peace Initiative” adlı beynəlxalq festivalda iştirak edəcək.

“World Peace Initiative” adlı festivalın məqsədi müxtəlif millətlərdən, dinlərdən və mədəniyyətlərdən olan insanları bir araya toplamaq və bütün dünyada sülhə nail olmaqdır. Festivalda 100.000-dən artıq insanın iştirakı gözlənilir.

Qeyd edək ki, festivalın əsas hadisəsi Ginnes rekordunun yenilənməsidir. Festivalın keçiriləcəyi Olimpik stadionunda eyni anda 100.000 çıraq işıqlandırılacaq. Bununla müxtəlif millətləri, mədəniyyətləri və dinləri təmsil edən insanlar “Dünyaya Sülh” mesajı verəcək.

Xatırladaq ki, Dünya Azərbaycanlı Gənclər Birliyi 12 mart 2012-ci il tarixində Bakı şəhərində keçirilən qurultayda təsis edilib. Birlik öz sıralarında dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən gənclər təşkilatlarını birləşdirir.

Bakının qurtuluş günü “Türk yürüşü” keçiriləcək
13 sentyabr 2012 10:58

Bakı, 13 sentyabr (ERtv). 1918-ci il 15 sentyabr tarixində Bakının düşmən işğalından qurtuluşu günü münasibətilə "TÜRK YÜRÜŞÜ" adlı tədbir keçiriləcək. “Mübariz Gənclər” Təşkilatının təşkilatçılğı, Milli Dirçəliş Hərəkatı Partiyası Gənclər Təşkilatının dəstəyi ilə keçiriləcək yürüş, metronun Elmlər Akademiyası stansiyasının qarşısından başlayıb Türkiyə Şəhidliyinə doğru hərəkət edəcək. Yürüşdə məqsəd Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında çağdaş gənclərin daha fəal olduğunu göstərməkdir. 

Bakıda Azərbaycan-Niderland biznes forumu keçirildi
13 sentyabr 2012 10:47

Bakı, 13 sentyabr (ERtv). Bu gün Bakıda İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Niderlandın Azərbaycandakı Səfirliyinin təşkilatçılığı ilə Azərbaycan-Niderland biznes forumu keçirilib. Tədbirdə rəsmi şəxslərlə yanaşı, logistika, sənaye, İKT, kənd təsərrüfatı, xidmət, enerji, memarlıq, infrastruktur, tikinti və mühəndislik, tullantıların idarə olunması və digər sahələrdə fəaliyyət göstərən sahibkarlar iştirak edib.

Biznes forumda çıxış edən İqtisadi İnkişaf naziri Şahin Mustafayev Azərbaycanın Avropa İttifaqı ölkələri ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini və bu istiqamətdə “Yeni Qonşuluq”, “Şərq Tərəfdaşlığı” proqramlarının uğurla həyata keçirildiyini, Cənubi Qafqazda ölkəmizin Avropanın əsas ticarət tərəfdaşı olduğunu və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını qeyd edib. Bildirilib ki, son illərdə Azərbaycan ilə Niderland arasında müxtəlif sahələrdə əməkdaşlıq inkişaf edir və yüksək səviyyəli səfərlər, keçirilən görüşlər ikitərəfli iqtisadi münasibətlərin genişlənməsində xüsusi əhəmiyyət kəsb edir. Hazırda Azərbaycanda bank və sığorta, tikinti, sənaye, rabitə, nəqliyyat, xidmət, ticarət, kənd təsərrüfatı və s. sahələrdə 70 Niderland investisiyalı şirkət fəaliyyət göstərir və bu sahələrə Niderland şirkətləri tərəfindən 365 mln. ABŞ dolları həcmində investisiya yatırılıb. Azərbaycan və Niderland arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə 10-a yaxın sənəd imzalanıb. Bu ilin 7 ayı ərzində iki ölkə arasında ticarət dövriyyəsi 42% artıb.

Nazir Şahin Mustafayev biznes forumun iş adamları arasında əlaqələrin daha da genişlənməsində, ikitərəfli ticarət əlaqələrinin inkişafında mühüm rol oynayacağını vurğulayıb.

Azərbaycan iqtisadiyyatı barədə məlumat verən Şahin Mustafayev ölkəmizin Cənubi Qafqazın siyasi, iqtisadi və mədəni mərkəzi olduğunu vurğulayıb, yaradılan əlverişli biznes və investisiya mühiti nəticəsində Azərbaycan iqtisadiyyatına yatırılan investisiyaların həcminin ildən-ilə artdığını qeyd edib, ölkəmizin artan iqtisadi imkanları nəticəsində investisiya ixracatçısına çevrildiyini diqqətə çatdırılb.

Niderland Krallığının Baş nazirinin müavini, İqtisadi Məsələlər, Kənd Təsərrüfatı və İnnovasiya naziri Maksim Verhagen Azərbaycana səfərindən və ölkəmizin iqtisadi inkişafından məmnunluğunu ifadə etmiş, ölkələrimizin böyük iqtisadi potensiala malik olduğunu və mövcud imkanlardan səmərəli istifadənin, eləcə də iş adamları arasında əməkdaşlığın genişləndirilməsinin Niderland və Azərbaycan arasında iqtisadi-ticarət əlaqələrinin inkişafında əhəmiyyətli olacağını qeyd edib.

Tədbirdə Azərbaycan və Niderlandın iqtisadiyyatı, biznes və investisiya mühiti barədə təqdimatlar və iş adamları arasında ikitərəfli görüşlər keçirilib.

Bizines forum zamanı Azərbaycan və Niderland arasında “Sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında Saziş” layihəsinə dair Bəyanat imzalanıb. Sənədi İqtisadi İnkişaf naziri Şahin Mustafayev və Niderland Krallığının Baş nazirinin müavini, İqtisadi Məsələlər, Kənd Təsərrüfatı və İnnovasiya naziri Maksim Verhagen imzalayıb.

Tədbirdə Xarici İşlər nazirinin müavini, Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşayev və Maastrixt İdarəetmə Məktəbinin rektoru Vim Naude tərəfindən “Biznesin idarə edilməsi təhsili sahəsində” Anlaşma Memorandumu imzalanıb. Biznes forum çərçivəsində həmçinin, Azərbaycan Dövlət Aqrar Universiteti və süd məhsullarının emalı üzrə “Friesian” Konsaltinq Şirkəti arasında “Biznesin İdarə olunması üzrə magistr kurslarının və eksperimental fermaların inkişaf etdirilməsi üzrə” Anlaşma Memorandumu, eləcə də “ADEC” və “UN Studios” şirkətləri arasında “Bakı Ağ Şəhər” layihəsi çərçivəsində əməkdaşlıq barədə sənəd imzalanıb.

Sonra İqtisadi İnkişaf naziri Şahin Mustafayev Niderland Krallığının Baş nazirinin müavini, İqtisadi Məsələlər, Kənd Təsərrüfatı və İnnovasiya naziri Maksim Verhagen ilə görüşüb. Görüşdə iki ölkə arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi perspektivləri müzakirə olunub.

Ermənilər atəşkəsi pozub
13 sentyabr 2012 10:35

Bakı, 13 sentyabr (ERtv). Erməni silahlı bölmələri dünən və bu gecə Xocavənd rayonunun Kuropatkino, Füzulinin Aşağı Seyidəhmədli, Ağdamın Şıxlar, Yusifcanlı kəndləri yaxınlığında və Goranboy ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ERtv-yə verilən məlumata görə, qarşı tərəf cavab atəşi ilə susdurulub.

Prezident İlham Əliyev və Baş nazir Rəcəb Tayyib Ərdoğan Yuxarı Karvansaray mehmanxana kompleksi ilə tanış olub
12 sentyabr 2012 14:51

Bakı, 12 sentyabr (ERtv). Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və Baş nazir Rəcəb Tayyib Ərdoğan, xanımı Əminə Ərdoğan bu gün Şəkidə XVIII əsrdə Şərq memarlığı üslubunda tikilən Yuxarı Karvansaray mehmanxana kompleksi ilə tanış olub.

Məlumat verilib ki, Şəki sənətkarlıq və ticarət şəhəri olduğundan XVIII-XIX əsrlərdə burada çoxlu sayda bazar və karvansaraylar tikilib. Azərbaycana gələn tacir və səyyahların qaldıqları və əsasən ticarətlə məşğul olduqları bu karvansaraylar şəhər həyatında mühüm rol oynayırdı. Karvansaraylar həm də ticarət sazişlərinin bağlanılması üçün xüsusi yer hesab olunurdu. Əvvəllər Şəkidə beş karvansaray binası mövcud olmuşdur. Onlardan yalnız ikisi – Yuxarı və Aşağı karvansaraylar indiyədək qalıb.

Ümumi sahəsi altı min kvadratmetr, hündürlüyü 14 metr olan kompleks 300-dən artıq otaq və zirzəmidən ibarətdir. Yuxarı Karvansaray öz ölçüləri və həcminə görə Azərbaycan ərazisində mövcud olan ən böyük karvansaraylardan hesab edilir. Bu karvansaraya bir qayda olaraq Türkiyə, Rusiya və İrandan tacirlər gəlmiş, burada uzun müddət ticarətlə məşğul olub. Hazırda bu tarixi abidə mehmanxana kimi fəaliyyət göstərir. Karvansarayın əsas fasadı çaya baxır. Əsas girişin zəngin naxışlarla işləməli arxitekturası insanı valeh edir.

Yuxarı Karvansaray mehmanxana kompleksi ilə tanışlıqdan sonra prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan, xanımı Əminə Ərdoğan birgə nahar edib.

Birgə nahardan sonra Azərbaycan prezidenti, xanımı və Türkiyənin Baş naziri, xanımı Şəkinin Aşağı Karvansaray mehmanxana kompleksinə gəlib.

Məlumat verilib ki, Aşağı Karvansaray da Yaxın Şərqdə bu qəbildən ən böyük tikililərdən biridir. Hazırda kompleksdə əsaslı təmir və bərpa işləri görülür. Bu, dövlətin tarixi keçmişimizin qorunmasına olan həssas münasibətindən qaynaqlanır. Şəkinin özünəməxsus memarlıq üslubunu əks etdirən və 8 min kvadratmetr ərazini əhatə edən bu tarixi binada 200-dən çox otaq var. Burada tacirlərin mallarını saxlaması, alver etmələri, rahat yaşamaları üçün hər cür şərait olub. Aşağı Karvansaray özündə Şərq memarlıq üslubunu qoruyub saxlaya bilib.

Diqqətə çatdırılıb ki, Aşağı Karvansaray funksional xüsusiyyətlərinə görə başqalarından seçilir. Böyüklüyü, rahatlığı, səfalı bir məkanda yerləşməsinə görə Cənubi Qafqazda tayı-bərabəri yoxdur. Tikintidə Şəki memarlığının əsasını təşkil edən bişmiş kərpicdən, çay daşından, kirəmitdən, və digər yerli materiallardan məharətlə istifadə olunması binaya xüsusi gözəllik verir. Burada tağbəndlərdən istifadə edilməsi bu gözəlliyi daha da artırır. Yolüstü karvansaraylardan fərqli olaraq burada istirahət otaqları ilə yanaşı, müxtəlif görüşlərin keçirilməsi, müqavilələrin bağlanması və sair üçün xüsusi otaqlar da inşa edilib.

Bildirilib ki, Aşağı Karvansarayın dörd tərəfdən giriş qapısı var. Bu qapılar bağlandıqda karvansaray alınmaz qalaya çevrilir ki, bu da Şəki sənətkarlarının yüksək dünyagörüşünə və memarlıq bacarığına malik olduqlarını göstərir.

Prezident İlham Əliyev və Baş nazir Rəcəb Tayyib Ərdoğan Şəki Cümə məscidi ilə tanışlıq olub
12 sentyabr 2012 14:30

Bakı, 12 sentyabr (ERtv). Bu gün prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və Baş nazir Rəcəb Tayyib Ərdoğan, xanımı Əminə Ərdoğan XIX əsrin tarixi-memarlıq abidəsi olan Şəki Cümə məscidinə baş çəkib.

Azərbaycan prezidentinə və Türkiyə Baş nazirinə Cümə məscidi və burada fəaliyyət göstərən Şəki İslam Mədrəsəsi barədə məlumat verilib.

Bildirilib ki, şəhərin mərkəzində yerləşən Cümə məscidinin həyətyanı sahəsi 700 kvadratmetrdir. Məscidin tikintisində yerli inşaat materiallarından - çaylaq daşı və bişmiş kərpicdən istifadə edilib. Minarəsinin hündürlüyü 24 metr olan məscidin taxtadan düzəldilən on pilləli minbəri şəbəkə ilə işlənib. İbadət zalının üç giriş qapısı və 44 pəncərəsi var. Hündürlüyü iki metr olan mehrab nəbati ornamentlərlə işlənib. İkinci mərtəbədə isə qadınlar üçün ibadət zalı fəaliyyət göstərir. Məscidin nəzdində fəaliyyət göstərən mədrəsədə həm yerli, həm də Türkiyədən dəvət olunmuş müəllimlər dərs deyir.

Prezident İlham Əliyev və Baş nazir Rəcəb Tayyib Ərdoğan mədrəsənin tələbələri ilə görüşüb söhbət edib.

Şəki Cümə məscidi ilə tanışlıqdan sonra Baş nazir Rəcəb Tayyib Ərdoğana Qurani-Kərim hədiyyə olunub.

Türkiyənin Baş naziri də Cümə məscidinə Qurani-Kərim hədiyyə edib. 

Almaniyada ixtisasartırma kursu keçmək üçün müsabiqə elan edildi
12 sentyabr 2012 14:17

Bakı, 12 sentyabr (ERtv). İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzi “Azərbaycanda biznesin idarə edilməsi sahəsində kadrların ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan ikitərəfli Proqramı” çərçivəsində sahibkarların və gənc menecerlərin 2012-ci il noyabr-dekabr aylarında Almaniyada “İqtisadi kooperasiya” mövzusunda ixtisasartırma kurslarına göndərilməsi məqsədilə müsabiqə elan edib.

Müsabiqə Bakı Biznes Tədris Mərkəzi və Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) nümayəndələri tərəfindən sentyabrın sonunda keçiriləcək.

Müsabiqədən uğurla keçənlər Almaniyada ixtisasartırma kursuna göndəriləcək. Proqramda iştirak edənlərə təqaüdlərin verilməsi, onların həyatının sığortalanması və kurs müddətində mənzillə təminat xərcləri (yol xərcləri istisna olmaqla) Almaniya tərəfindən ödəniləcək, sahibkarlar və menecerlər üçün Almaniyanın ixtisaslaşdırılmış mərkəzlərində və müəssisələrdə tədris və təcrübə təşkil olunacaq.

İxtisasartırma kursları sahibkarlar və gənc menecerlərin beynəlxalq təcrübəyə yiyələnməsinə, alman şirkətləri ilə birbaşa iqtisadi əlaqələrinin qurulmasına, peşəkarlıqların artırılmasına şərait yaradacaq.

Prezident İlham Əliyev və Baş nazir Rəcəb Tayyib Ərdoğan Şəkinin Kiş kəndindəki Alban məbədi ilə tanış olub
12 sentyabr 2012 14:04

Bakı, 12 sentyabr (ERtv). Bu gün Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan Şəkinin Kiş kəndindəki Alban məbədi ilə tanış olub.

Məlumat verilib ki, bu məbəd eramızın birinci əsrində Qafqaz Albaniyasında geniş yayılan Ay məbədinin özülü üzərində qurulub. Əhəng daşından tikilən bu abidə erkən orta əsrlərdə yaranan ilk günbəzli, zal tipli məbəddir. 2001-ci ildə abidədə “Kiş” layihəsi üzrə bərpa işlərinə başlanılıb, 2003-cü ilin sentyabrında məbədin açılışı olub. Layihə məşhur norveçli alim və səyyah Tur Heyerdalın dəstəyi ilə həyata keçirilib.

Bildirilib ki, Kiş kəndinin Maflar məhəlləsində yerləşən məbədin ərazisini əhatə edən divarların qalıqları bəzi yerlərdə indi də qalmaqdadır. Bu divar qalıqları məbədin özünün az qala Maflar məhəlləsi boyda bir əraziyə malik olduğunu göstərir. Məbədin həyətində uzunluğu 2 metrə qədər, eni 1 metrdən çox olan yastı tava daş var. Bu tarixi abidənin qülləsi, ona bitişik divarlar yerli materialla – şırım daşla hörülüb və kirəclə suvanıb.

Diqqətə çatdırılıb ki, 1981-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutu tərəfindən aparılan arxeoloji qazıntı məbədin bünövrəsinin kasa şəklində olduğunu sübut edib. Misir ehramları da məhz bu cür bünövrə üzərində qurulub.

Qeyd edilib ki, Kiş məbədi nəinki Qafqaz Albaniyasında, eləcə də bütün Qafqazda təqribən iki min il bundan əvvəl xristianlığın yayıldığını rəmzləşdirən məşhur tarixi abidədir. Hazırda məbəd tarixi-memarlıq abidəsi kimi dövlət tərəfindən qorunur.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva, Baş nazir Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan məbədin ilkin orta əsrlərə aid sərdabalarına baxıb.

Azərbaycan prezidenti İlham Əliyev, xanımı və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan, xanımı Kişdən qayıdarkən yolüstü kənd sakinləri İsmayıl İlyasovun, İlyas Süleymanovun və Ənvər Süleymanovun evlərində olub, ailə üzvləri ilə söhbət edib.

Prezident İlham Əliyev və Baş nazir Rəcəb Tayyib Ərdoğan Şəki Xan sarayı ilə tanış olub
12 sentyabr 2012 13:31

Bakı, 12 sentyabr (ERtv). Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və Baş nazir Rəcəb Tayyib Ərdoğan, xanımı Əminə Ərdoğan bu gün Şəki Xan sarayı ilə tanış olub.

Sarayla tanışlıq zamanı məlumat verilib ki, XVIII əsrə aid olan bu nadir tarixi-memarlıq abidəsi şəhərin yuxarı hissəsində, “Yuxarı baş” Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşir. Şərq memarlığının nadir incisi hesab olunan bu saray Azərbaycanda ilk müstəqil xanlığın əsasını qoyan Hacı Çələbi xanın nəvəsi, “Müştaq” təxəllüsü ilə şeirlər yazan Hüseyn xanın dövründə, təqribən 1762-ci ildə tikilib.

Diqqətə çatdırılıb ki, bu il iyulun 4-də Şəki şəhərində Şərq memarlığının ən nadir incilərindən hesab edilən Xan sarayının 250 illik yubileyi böyük təntənə ilə qeyd olunub.

Azərbaycan prezidenti və Türkiyənin Baş naziri sarayın eyvanından Şəkinin qədim məhəllələrini seyr edib.

Baş nazir Rəcəb Tayyib Ərdoğana və xanımına Xan sarayının 250 illik yubileyi münasibətilə hazırlanan gümüş sikkələr hədiyyə olunub.

Prezident İlham Əliyevə, xanımına və Baş nazir Rəcəb Tayyib Ərdoğana, xanımına sarayın 250 illik yubileyi münasibətilə nəfis tərtibatda nəşr edilən kitablar da verilib.

Dövlət başçısı, xanımı və Türkiyənin Baş naziri, xanımı kitabları imzalayaraq bir-birinə təqdim edib.

Prezident İlham Əliyev və Baş nazir Rəcəb Tayyib Ərdoğan Şəkinin qədim sənətkarlıq nümunələrinə baxıb.

Azərbaycan prezidenti və Türkiyənin Baş naziri şəkili gənclərlə görüşüb. Daha sonra prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və Baş nazir Rəcəb Tayyib Ərdoğan, xanımı Əminə Ərdoğan çay süfrəsinə qonaq olub.

Ermənilər atəşkəsi yenidən pozdu
12 sentyabr 2012 09:46

Bakı, 12 sentyabr (ERtv). Erməni silahlı bölmələri dünən və bu gecə Xocavənd rayonunun Kuropatkino, Tərtərin Çiləbürt, Füzulinin Aşağı Seyidəhmədli, Horadiz kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ERtv-yə verilən məlumata görə, qarşı tərəf cavab atəşi ilə susdurulub.

Prezident İlham Əliyev və Baş nazir Rəcəb Tayyib Ərdoğan Şəkidə türk əsgərlərinin abidə kompleksini ziyarət etdi
12 sentyabr 2012 09:32

Bakı, 12 sentyabr (ERtv). Bu gün Azərbaycan prezidenti İlham Əliyev və ölkəmizdə işgüzar səfərdə olan Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Şəki şəhərinə gedib.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva, Baş nazir Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan Şəkinin Orta Zəyzid kəndi ərazisində türk əsgərinin abidə kompleksini ziyarət edib.

Dövlət başçısı və qardaş ölkənin Baş naziri Qafqaz İslam Ordusunun 1918-ci ildə Azərbaycandakı və Dağıstandakı hərəkət marşrutlarını, həmçinin respublikamızdakı türk şəhid məzarlıqlarının yerləşdiyi məkanları əks etdirən stendə baxıb.

Bildirilib ki, bu abidə XX əsrin əvvəllərində xalqımızı erməni-bolşevik qəsbkarlarından xilas etmək məqsədi ilə Azərbaycana gələn türk ordusunun şəhid əsgərlərinin şərəfinə ucaldılıb. Abidənin ətrafında geniş abadlıq işləri görülüb, 2002-ci ildə məzarüstü abidə kompleksi yaradılıb.

Prezident İlham Əliyev və xanımı, Baş nazir Rəcəb Tayyib Ərdoğan və xanımı abidənin önünə gül dəstələri qoyub.

Azərbaycanla Türkiyə arasında 2012-2013-cü illər üçün əməkdaşlıq üzrə Fəaliyyət Planı imzalandı
12 sentyabr 2012 09:17

Bakı, 12 sentyabr (ERtv). “Türkiyə ilə Azərbaycan arasında dövlət qulluğunun idarə olunmasının inkişafı və dəstəklənməsi sahələrində əməkdaşlıq Protokolu” çərçivəsində “Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Türkiyənin Dövlət Kadrlar İdarəsi arasında 2012-2013-cü illər üçün əməkdaşlıq üzrə Fəaliyyət Planı”nın imzalanması məqsədilə Türkiyədə səfərdə olan Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov 2012-ci il 11 santyabr tarixdə Dövlət Kadrlar İdarəsinin yeni başqanı Mehmet Ali Kumbuzoğlu ilə görüşüb. Görüş zamanı Mehmet Ali Kumbuzoğlu və Bəhram Xəlilov dövlət qulluğu sahəsində Türkiyə və Azərbaycanda aparılan siyasət barədə fikir mübadiləsi aparılıb və iki qardaş ölkə arasında bütün sahələrdə olduğu kimi dövlət qulluğu sahəsində də əməkdaşlığın yüksək səviyyədə olduğu bildirilib. Daha sonra “Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Türkiyənin Dövlət Kadrlar İdarəsi arasında 2012-2013-cü illər üçün əməkdaşlıq üzrə Fəaliyyət Planı” imzalanıb. Sənədi Türkiyə tərəfindən Türkiyənin Dövlət Kadrlar İdarəsinin rəhbəri Mehmet Ali Kumbuzoğlu, Azərbaycan tərəfindən isə Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov imzalayıb.

Sənədin imzalanmasından sonra Bəhram Xəlilov Türkiyənin Çalışma və Sosial Güvənlik nazirinin müavini Halil Etyemez ilə görüşüb, hər iki ölkənin dövlət qulluğu sahəsində görülən işlər barədə müzakirələr aparılıb. Görüşdə Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə Türkiyənin Dövlət Kadrlar İdarəsi arasında imzalanan 2012-2013-cü illər üçün əməkdaşlıq üzrə Fəaliyyət Planı barədə geniş məlumat verilib.

Azərbaycan-Türkiyə sənədləri imzalandı
11 sentyabr 2012 16:46

Bakı, 11 sentyabr (ERtv). Bu gün Qəbələdə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ikinci iclası başa çatandan sonra prezident İlham Əliyevin və Baş nazir Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi olub.

Azərbaycan prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan “Azərbaycan və Türkiyə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ikinci iclasının Protokolu”nu imzalayıb.

“Bakı Dövlət Universiteti və Yunus Əmrə İnstitutu arasında “Türkologiya layihəsi” üzrə Əməkdaşlıq Protokolu”nu Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov və Yunus Əmrə İnstitutunun türkologiya əlaqələndiricisi Yasin Tunç, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti və Türkiyə Radio-Televiziya Qurumu arasında Əməkdaşlıq Protokolu”nu “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Alışanov və Türkiyə Radio-Televiziya Qurumu - TRT-nin baş direktoru İbrahim Şahin, “Azərbaycanın Nəqliyyat Nazirliyi və Türkiyənin Nəqliyyat, Dənizçilik və Kommunikasiya Nazirliyi arasında kombinə edilən yük daşımalarının inkişafına dair Anlaşma Memorandumu”nu Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov və Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Binəli Yıldırım, “Azərbaycanın Xarici İşlər Nazirliyi və Türkiyənin Xarici İşlər Nazirliyi arasında diplomatların mübadiləsinə dair Anlaşma Memorandumu”nu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu, “Azərbaycan və Türkiyə hökuməti arasında “Azərbaycan-Türkiyə toxumçuluq və araşdırma ortaq müəssisəsi”nin fəaliyyətinin nizamlanması haqqında Protokol”u Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov və Türk Əməkdaşlıq və İnkişaf İdarəsinin rəhbəri Sərdar Çam, “Azərbaycan və Türkiyə hökuməti arasında axtarış və xilasetmə xidmətlərinin əlaqələndirilməsi haqqında Saziş”i Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Binəli Yıldırım, “Azərbaycan və Türkiyə hökuməti arasında texniki tənzimlənmə, standartlaşdırma, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya və metrologiya sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu isə Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev və Türkiyənin iqtisadiyyat naziri Zəfər Çağlayan imzalayıb.

Emin Ağalarov Cennifer Lopezlə birgə “Baku Crystal Hall”da çıxış edəcək
11 sentyabr 2012 16:28

Bakı, 11 sentyabr (ERtv). Rusiyada yaşayan azərbaycanlı bəstəkar-müğənni Emin Ağalarov dünya şöhrətli Cennifer Lopezlə eyni səhnəni bölüşəcək.

Müğənninin Bakıda konsertinin təşkilatçısı “Omnikomo Music Group”un PR və marketinq şöbəsindən ERtv-yə verilən məlumata görə, Emin Ağalarov sentyabrın 23-də “Baku Crystal Hall”da keçiriləcək Cennifer Lopezin solo konsertində səhnəyə çıxacaq. Eminin saat yarımlıq çıxışı nəzərdə tutulan Cennifer Lopezdən öncə səhnəyə çıxacağı və bir saata yaxın sevənləri qarşısında çıxış edəcəyi gözlənilir. Emin Ağalarov repertuarında sevilən və seçilən, dünya hit-paradlarında ön sıralarda olan kompozisiyaları sevənləri qarşısında oxuyacaq. Bu Eminin sözügedən səhnədə “Eurovision 2012” mahnı müsabiqəsinin final şousundakı yaddaqalan ifasından sonra ikinci çıxışı olacaq.

Qeyd edək ki, E.Ağalarov eyni zamanda sentyabrın 22-də Bakıda keçiriləcək 17 yaşlı qızlar arasında futbol üzrə dünya çempionatının açılışında da Cennifer Lopezlə bir səhnədə çıxış edəcək.

İbrahim Tatlısəs yenidən ata olacaq
11 sentyabr 2012 15:57

Bakı, 11 sentyabr (ERtv). Ötən ilin martında uğradığı silahlı hücumdan sonra sol tərəfi iflic olan İbrahim Tatlısəsin dünyaya gələcək körpəsinin cinsi məlum olub.

Türkiyənin “Posta” qəzetinin yaydığına görə, məşhur müğənninin bir il əvvəl evləndiyi həyat yoldaşı Ayşegül Yıldız 4 aylıq hamilədir. Cütlüyün qızı olacaq.

Qeyd edək ki, Ədalət Tatlıdan 1 oğlu, 2 qızı, Perihan Savaşdan 1 qızı, Dərya Tunadan 1 oğlu olan İbrahim Tatlısəsin 3 nəvəsi də var.

 əvvəlki    977  978  979  980  981  982  983  984  985  986  987    növbəti 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.