Bakı, 15 sentyabr (ERtv). Bakıda bir qadınının üçəm övladı dünyaya gəlib. M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında dünyaya gələn körpələrdən ikisi qız, biri oğlandır.
Körpələr qeysər kəsiyi əməliyyatı ilə dünyaya gəlib. Həkimlər ananın və uşaqların vəziyyətinin ağır olduğunu deyir: “Ananın və uşaqların vəziyyəti ağırdır. Ananın böyrəklərində problem olduğundan hamiləliyin səkkizinci ayında yarımçıq əməliyyat olunub. Uşaqlar isə OMD-yə alınıb”.
Bakı, 15 sentyabr (ERtv). Qadın voleybolçular arasında Avropa çempionatının seçmə mərhələsinin II dövrəsi çərçivəsinin oyunları keçirilib. Bakı İdman Sarayında təşkil olunan matçda Azərbaycan millisi Finlandiya yığmasını qəbul edib.
Meydan sahiblərinin üstünlüyü şəraitində keçən oyunda qızlarımız qalib gəlib - 3:0 (25:23, 25:19, 25:20).
Digər görüşdə eyni hesabla Belarus seçməsi Avstriya voleybolçularını üstələyib.
Millimiz növbəti oyununu bu gün Avstriya yığmasına qarşı keçirəcək.
1.Azərbaycan – 12 xal (12:0), 2.Belarus – 9 (9:4), 3.Finlandiya – 0 (4-9), 4.Avstriya – 0 (0:12)
Bakı, 15 sentyabr (ERtv). Böyük Qafqaz sıra dağlarının cənub ətəyinə, Zaqatalaya ilk qar yağıb. Son günlər Azərbaycanın şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür. Bölgədə son iki gün ərzində fasilələrlə leysan xarakterli yağış yağıb, havanın temperaturu düşüb.
Böyük Qafqaz sıra dağlarının cənub ətəyindəki yüksəklikləri qar örtüb.
Bakı, 15 sentyabr (ERtv). Bu gün Bakıda Azərbaycan Mədəniyyət və Turizm Nazirliyində Fransanın "CTM" şirkəti ilə "Azərbaycanfilm" kinostudiyasının yenidən qurulmasına dair müqavilə imzalanıb. İmzalanma mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, "CTM" şirkətinin baş direktoru Arno Frille və dünya şöhrətli aktyor Jerar Depardye iştirak edib.
Nazirin sözlərinə görə, kinostudiyanın yenidən qurulması Azərbaycanda kinematoqrafiyanın inkişafına yeni nəfəs verəcək.
Jerar Depardye isə qeyd edib ki, Azərbaycanın təbiəti, mədəniyyəti və qonaqpərvərliyinə heyran qalıb və belə vacib müqavilənin imzalanmasına görə sevinir.
Xatırladaq ki, J.Depardye Bakıya "Aleksandr Düma Azərbaycanda" sənədli filminin çəkilişləri üçün gəlib. O, filmdə əsas rollardan birini oynayır.
Bakı, 15 sentyabr (ERtv). Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Temperatur gecə 16-20°, gündüz 26-30° isti olacaq. Bakıda gecə 18-20°, gündüz 27-29° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 762 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-75 faiz, gündüz 50-55 faiz olacaq. Abşeronun çimərliklərində dəniz suyunun temperaturu 23-24° isti təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Temperaturun gecə 14-19°, gündüz 29-34° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Temperaturun gecə 8-13°, gündüz 16-21° isti olacağı gözlənilir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Temperaturun gecə 15-19°, gündüz 25-30° isti olacağı gözlənilir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Temperaturun gecə 12-17°, gündüz 23-28° olacağı gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Temperaturun gecə 16-21°, gündüz 27-32° isti olacağı gözlənilir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında hava əsasən yağmursuz keçəcəkdir. Səhər dağlarda duman olacaq. Temperaturun gecə 18-21°, gündüz 25-30°, dağlarda gecə 15-18°, gündüz 18-23° isti olacağı gözlənilir.
Bakı, 15 sentyabr (ERtv). Prezident İlham Əliyev Azərbaycan Milli Paralimpiya komandası üzvlərinin təltif edilməsi haqqında sərəncamı imzalayıb. Sərəncama əsasən XIV London Yay Paralimpiya Oyunlarında qazandıqları yüksək nailiyyətlərə, habelə Azərbaycan idmanının inkişafındakı xidmətlərinə görə aşağıda adları çəkilən Azərbaycan idmançıları və onların məşqçiləri təltif edilib:
“Şöhrət” ordeni ilə
İbrahimov Ramin İbrahim oğlu
Panyutin Oleq Viktoroviç
Pronina Natali Aleksandrovna
Sultanova Afaq Vaqif qızı
Cəfərov Ağanağı Cəfər oğlu
Culfayev Alavərdi Abasoviç
İbrahimov İbrahim Eldar oğlu
Mustafayev Şahlar Gülməhəmməd oğlu
Sultanzadə Məhərrəm Elxan oğlu
Təhməzov Sergey Mehdiyeviç
“Tərəqqi” medalı ilə
Həsənov Hüseyn İsmayıl oğlu
Xəlfəyev Ziyad Əli oğlu
Muradov Elçin Tofiq oğlu
Setin Pavel Vitalyeviç
Süleymanov Afiq Məmməd oğlu
Zəkiyev İlham Əzizağa oğlu
“Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə
Osmanov Rza Fikrət oğlu
Rəcəbli Əhməddin İzət oğlu
Zayets Vladimir Vladimiroviç
Bakı, 15 sentyabr (EERtv). Prezident İlham Əliyev Azərbaycanın mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilib:
“Xalq Artisti”
Adıgözəlov Yalçın Vasif oğlu
İmanova Simarə Cəmaləddin qızı
Mansurov Eldar Bəhram oğlu
“Əməkdar İncəsənət Xadimi”
Ağayeva Sürəyya Xosrov qızı
Bağırova Sənubər Yusif qızı
Əkbərov Tahir İsmayıl oğlu
Əzimov Nadir Nəriman oğlu
“Əməkdar Artist”
Abbasov Səlim Vaqif oğlu
Abdullayev Süleyman Cümşüd oğlu
Aşurbəyova Səltənət Sadıqovna
Əliyev Vaqif Səfər oğlu
Əmrahov Teymur Həşim oğlu
Əsədova Səbinə Çingizovna
Həsənov Emil Karloviç
Hüseynli Sənan Həsrət oğlu
Hüseynov Fərhad Əbdül oğlu
İlyasova Səbinə Babaverdi qızı
Kazımov Möhübbət Allahverdi oğlu
Qarayusifli Əziz Yaşar oğlu
Quliyev Rövşən Vaqif oğlu
Məmmədov Eldar Ramiz oğlu
Məmmədova Fəridə Kamal qızı
Məmmədzadə Tamilla Faiq qızı
Orucova Almaz Ədil qızı
Rzayev Əli Dağbəy oğlu
Tkaçova Lyubov Aleksandrovna
Zeynalova Aygün Mübariz qızı
“Əməkdar Müəllim”
Abbasov Qəzənfər Nəcəfqulu oğlu
Budaqov Fikrət Vəli oğlu
İsmayılzadə Zeynəb Məbud qızı
Məmmədova İradə Adil qızı
Rüstəmova Mehriban Əsgər qızı
Yatsenko Tatyana Nikolayevna
“Əməkdar Mədəniyyət İşçisi”
Babayev Vaqif Baba oğlu
Əliyev Faiq Güləli oğlu
Sadıqov Mais İsrayıl oğlu
Sultanov Kamil Davud oğlu
Bakı, 15 sentyabr (ERtv). Prezident İlham Əliyev Mübariz Tağıyevə Azərbaycan Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə Mübariz Hüseyn oğlu Tağıyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü veriləcək.
Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
Bakı, 15 sentyabr (ERtv). Azərbaycan prezidenti İlham Əliyev XIV London Paralimpiya Oyunlarında ölkəmizi təmsil edən idmançıları və onların məşqçilərini qəbul edib. Dövlət başçısı Londonda qazanılan böyük qələbə münasibətilə idmançıları təbrik edib: "Bizim paralimpiyaçılarımız Azərbaycan bayrağını yüksəklərə qaldırdı. Bu, böyük qələbədir, böyük nailiyyətdir. Bizim komandamız 21 idmançı ilə təmsil olundu. İdmançılarımız medallar qazanıb, toplam 12 medal. Elə idmançımız da var ki, bir neçə medal qazanıb. Bu da hesab edirəm ki, çox gözəl nəticədir, çox böyük qələbədir. Bizim komanda 27-ci yerdədir. 4 qızıl, 5 gümüş, 3 bürünc medalımız var. Bu, doğrudan da böyük və tarixi qələbədir. Paralimpiyaçılarımız artıq bir neçə dəfədir ki, Paralimpiya Oyunlarında iştirak edir. Ancaq ən böyük qələbə məhz London oyunlarında qazanılıb. Mən sizi bir daha bu böyük qələbə münasibətilə ürəkdən təbrik edirəm. Siz bütün xalqımızı sevindirmisiniz, peşəkarlığınızı, Vətənə bağlılığınızı göstərmisiniz. Çünki idman qələbələrinin mənbəyi Vətənə, xalqa olan məhəbbət və sədaqətdir".
Azərbaycanın idman dövləti olduğunu önə çəkən prezident İlham Əliyev qeyd edib ki, dünya miqyasında yüksək pilləyə qalxmaq çox böyük nəticədir: "Hər bir qələbə, hər bir uğur ölkəmizi daha da ucaldır. Bu, əlbəttə ki, sizin qələbənizdir, idmançıların, onların məşqçilərinin, idman mütəxəssislərinin uğurudur. Ancaq bununla bərabər, bütün xalqımızın, dövlətimizin uğurudur. Londonda həm olimpiyaçılarımız, həm ondan sonra sizin bizə bəxş etdiyiniz o sevincli günləri, anları biz heç vaxt unutmayacağıq. Sizin hər bir qələbənizi hər bir vətəndaş öz qələbəsi kimi qəbul edib. Biz doğrudan da idmanda böyük uğurlara nail ola bilmişik. İdman infrastrukturu yaradılır. Paralimpiyaçılar üçün 2008-ci ildə yeni idman kompleksi tikilib istifadəyə verilib".
Dövlət başçısı deyib ki, biz artıq tanınmış idman dövlətlərinin arasında özümüzə layiq yer tapa bilmişik. Çünki o da çox əlamətdar bir haldır ki, həm Olimpiya Oyunlarında, həm Paralimpiya Oyunlarında ildən-ilə qələbələrin sayı artır və komandalarımızın komandalar arasında yeri daha da yüksəlir: "Bizim qələbəmiz dünyaya səs salıb və bir də onu göstərib ki, qələbələrimiz təsadüfi xarakter daşımır. Həm Olimpiya Oyunlarında, ondan sonra Paralimpiya Oyunlarında komandamız ən yüksək yerlərdədir. 4 qızıl, 5 gümüş, 3 bürünc medal, 27-ci yerdə olmaq böyük şərəfdir. Bu münasibətlə mən sizin hamınızı ürəkdən təbrik edirəm. Siz bu qələbəyə layiqsiniz".
Prezident İlham Əliyev bir daha bəyan edib ki, idman hər bir ölkənin gücünü göstərir. İdmana olan diqqət və qayğı hər bir ölkənin dövlət siyasəti olmalıdır.
Sonra London Paralimpiya Oyunlarında uğur qazanan idmançıların və onların məşqçilərinin mükafatlandırılması mərasimi olub. Prezident İlham Əliyev mükafatları təqdim edib.
Bakı, 15 sentyabr (ERtv). Erməni silahlı bölmələri dünən və bu gecə Xocavənd rayonunun Kuropatkino, Ağdamın Mərzili və Cəvahirli kəndləri yaxınlığında, Goranboy və Füzuli rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ERtv-yə verilən məlumata görə, qarşı tərəf cavab atəşi ilə susdurulub.
Bakı, 14 sentyabr (ERtv). Bu ilin sentyabrından Azərbaycanın Almaniyadakı Səfirliyinin dəstəyi ilə Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzində uşaq və yeniyetmələr üçün Azərbaycan dili kursları təşkil olunub. Diaspor fəaliyyətinin əsas sütunlarından biri irsi mənsubiyyətin, Azərbaycan mədəniyyətinin qorunub saxlanılmasıdır. Bu sahədə ilk addım sözsüz ki, Azərbaycan dilinin tədrisidir. Bu təşəbbüsün əsas məqsədi Almaniyada böyüyən azərbaycanlı uşaqlarda Azərbaycana qarşı məhəbbət hissi aşılamaq, Azərbaycan mədəniyyəti və incəsənətinə maraq oyatmaq, onları əsil mənada xaricdə yaşamalarına baxmayaraq vətənpərvər şəxsiyyət kimi boya-başa çatdırılmasına xidmət etməkdir. Ana dilində danışmaq – Azərbaycançılıq ideyasının yaşadılması üçün, Azərbaycanlı mənsubiyyətinin əsas şərtidir.
Azərbaycan dili Berlində yaşayan həmyerlimiz dosent Maisə xanım Əliyeva tərəfindən tədris edilir. Kursa gələn uşaqlara Azərbaycan məktəblərində istifadə olunan “Əlifba” və “Ana sözü” dərslikləri əsasında Azərbaycan dilinin qrammatikası, morfologiyası, Azərbaycan ədəbiyyatından uşaqlar üçün yazılan hekayə və şerlər, yazıçılar haqda bilgilər veriləcək. Dərsdə eyni zamanda Azərbaycan dilində cizgi və bədii filmlərin tamaşası həyata keçiriləcək, Azərbaycan dilində ünsiyyəti inkişaf etdirəcək.
Bakı, 14 sentyabr (ERtv). Bu gün Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində prezident İlham Əliyev və xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə yenidən inşa edilən 5 nömrəli texniki peşə məktəbinin açılış mərasimi olub. Mərasimdə iştirak edən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin Xəzər rayonundan deputatı Mehriban Əliyeva məktəbin rəmzi açılışını bildirən lenti kəsib. Mehriban Əliyeva təhsil ocağının əvvəlki görüntüsünün əks olunduğu fotostendə baxıb.
Məlumat verilib ki, hazırda MDB məkanında bənzəri olmayan bu texniki peşə məktəbi 1,2 hektarlıq ərazidə yerləşir. 1969-cu ildən fəaliyyət göstərən məktəb yenidənqurmaya qədər tornaçı, bərbər, maliyyə-uçot ixtisasları üzrə təhsil verib.
Bildirilib ki, məktəb xarici görünüşü və maddi-texniki bazası ilə bərabər profilini də dəyişib, kino, teatr, həmçinin mədəniyyət və incəsənətin digər müvafiq işçi bazasını peşəkar texniklərlə təmin etməyi qarşısına məqsəd qoyub. 5 nömrəli texniki peşə məktəbində kino, video çəkiliş üzrə operatorlar, səhnə işıq və qrim ustaları, kinotele montajçılar, səs operatorları, teatr, kino və telestudio dekoratorları, dərzilər, kompyuterlərin təmiri və xidməti üzrə texniklər hazırlanacaq.
Burada təhsil iki illikdir. Bu il məktəbə ilk qəbul aparılıb və təhsil alacaq şagirdlərin sayı 160 nəfərdir. Lakin gələcək illərdə onların sayı 320-ə çatacaq. Hazırda 19, gələcəkdə isə 38 nəfər müəllim heyəti şagirdlərə incəsənətin texniki tərəfləri ilə bağlı peşələrin sirlərini öyrədəcək.
Məktəbin yeməkxanası ilə tanış olan Mehriban Əliyeva burada yaradılan şərait və səliqə-sahmandan razılığını bildirib.
Daha sonra Azərbaycanın birinci xanımı məktəbdəki çəkiliş və səsyazma studiyalarına, rejissor otağına baxıb. Məlumat verilib ki, ən müasir səsyazma və səyyar telestudiya çəkiliş avadanlığının qurulduğu studiyalar birbaşa yayım imkanlarına malikdir.
Mehriban Əliyeva məktəbin akt zalı, dərs, qrim, dekorasiya otaqları, dərzi sexi, tibb məntəqəsi, kitabxana və digər emalatxanaları ilə də tanış olub.
Kitabxana ilə tanışlıq zamanı bildirilib ki, burada mədəniyyət və incəsənətə dair kitablarla yanaşı, müxtəlif dərs vəsaitləri də var.
Məktəbin həyətində ayrıca idman kompleksi inşa edilib. Burada futzal, basketbol, voleybol, yüngül atletika qurğuları və trenajorlar yerləşdirilib. Azərbaycanın birinci xanımı məktəbdə yaradılan şəraitdən razılığını bildirib, tədrisin yüksək səviyyədə aparılmasının vacibliyini qeyd edib.
Bakı, 14 sentyabr (ERtv). Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasına yəhudi xalqının yeni il bayramı – Roş-Ha-Şana münasibətilə təbrik teleqramı ünvanlayıb. Dövlət başçısı bildirib ki, çoxmillətli və çoxkonfessiyalı Azərbaycan cəmiyyətinin ayrılmaz hissəsi olan yəhudi vətəndaşlarımız yüz illərdir ki, ölkəmizdə əmin-amanlıq, dostluq və qardaşlıq münasibətləri şəraitində yaşayır, öz dil və mədəniyyətini, adət-ənənələrini qoruyub saxlamaqla Azərbaycanın ictimai-siyasi həyatında yaxından iştirak edir: "Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, hazırda ölkəmizdə gedən böyük tərəqqi və inkişaf prosesində, azad vətəndaş cəmiyyəti quruculuğunda, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında yəhudi icmasının özünəməxsus rolu var".
Prezident İlham Əliyev qeyd edib ki, yəhudilərin hər il təntənə ilə bayram etdiyi Roş-Ha-Şana özündə yeniliyi, mənəvi saflığı və həmrəyliyi təcəssüm etdirir.
Bakı, 14 sentyabr (ERtv). AMEA Dilçilik İnstitutunun hazırladığı və yenicə çapdan çıxan Azərbaycan dilinin orfoqrafiya lüğəti Prezident Administrasiyası tərəfindən qadağan edilib. Bu günlərdə AMEA-nın dilçilik institutu Azərbaycan dilinin orfoqrafiya lüğətini hazırlayıb və lüğətin siqnal nüsxəsi çıxıb. Lüğətin yenidən nəşr edilməsinin məqsədi isə onu daha da təkmilləşdirmək olub. Lakin institut Orfoqrafiya lüğətinin təkmilləşdirilməsi əvəzinə 2004-cü il nəşrinin təkrarı olaraq dərc edib. Hətta əvvəlki nəşrdə olan yanlışlıqlar da siqnal nüsxədə təkrarlanıb. Bu isə kitabın yeni nəşri ilə tanış olan ziyalıları narazı salıb.
Narazılıqlar haqqında məlumat alan Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev məsələni araşdırıb və Orfoqrafiya lüğətinin yenidən hazırlanmasını tələb edib. Ciddi qüsurlara görə isə AMEA Dilçilik İnstitutunun nəşrə məsul əməkdaşlarına xəbərdarlıq edilib. Bundan sonra Prezident Administrasiyasından Orfoqrafiya lüğətinin 2012-ci il nəşrinin ləğv edilməsi və satışdan yığışdırılması haqqında göstəriş verilib.
Xatırladaq ki, «Azərbaycan Respublikasının Dövlət Dili haqqında» Qanuna əsasən, Orfoqrafiya lüğəti ən geci 5 ildən bir təkmilləşməli və nəşr edilməlidir. Sonuncu Orfoqrafiya lüğəti 2004-cü ildə nəşr olunub. Aradan 8 il keçsə də, Orfoqrafiya lüğətinin təkmilləşmiş nəşri hələ də oxucuların ixtiyarına verilməyib.
Məlumata görə, Prezident Administrasiyasından kəskin reaksiyanın bir səbəbi də budur.
Hazırda AMEA Dilçilik İnstitutunda bununla bağlı gərginlik yaşandığı bildirilir.
Bakı, 14 sentyabr (ERtv). Bu gün Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Koreyanın “RuSearch Co” şirkətinin təşkilatçılığı ilə Azərbaycan və Koreya şirkətləri arasında işgüzar görüş keçirilib. Tədbirdə Azərbaycan və Koreya tərəfindən şüşə məmulatlarının, istilik sistemlərinin, tikinti materiallarının istehsalı, qida sənayesi, turizm və s. sahələrdə fəaliyyət göstərən 50-dən çox şirkətin nümayəndəsi iştirak edib.
AZPROMO-nun rəhbəri vəzifəsinin icraçısı Rüfət Məmmədov Koreya şirkətlərinin nümayəndələrinə Azərbaycan iqtisadiyyatı, ölkəmizdə yaradılan əlverişli biznes və investisiya mühiti barədə geniş məlumat verib, Koreya şirkətlərini Azərbaycan sahibkarları ilə fəal əməkdaşlığa dəvət edib, bu sahədə AZPROMO-nun lazımı köməklik göstərəcəyini diqqətə çatdırıb.
Koreyalı iş adamları Azərbaycan iqtisadiyyatının yüksək templə və davamlı inkişaf etdiyini, ölkəmizə xarici investorların marağının daha da atdığını vurğulayıb. Koreya şirkətləri də Azərbaycan sahibkarları ilə əlaqələrin genişlənməsində maraqlıdır.
İşgüzar görüşdə Azərbaycan və Koreya şirkətlərinin təqdimatları keçirilib, fəaliyyət sahələri barədə məlumat verilib, əməkdaşlıq məsələləri müzakirə edilib.
Tədbirdə AZPROMO tərəfindən koreyalı iş adamlarına Azərbaycan iqtisadiyyatı, ölkəmizin biznes və investisiya imkanlarına dair bukletlər və müxtəlif çap məhsulları paylanıb.
Bakı, 14 sentyabr (ERtv). Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən “Azərbaycan” Cəmiyyətinin sədri Samir İmanov rəsmi Bakının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində apardığı işlərə dəstək məqsədilə BƏƏ-nin müxtəlif səviyyəli məmurları ilə görüşlər keçirərək onları Qarabağ həqiqətləri barədə məlumatlandırıb. Diasporla İş Üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən ERtv-yə verilən məlumata görə, Dubay əmirliyinin Mərkərzi Kitabxanasının müdiri İsa Əhməd Əl-Mulla, Dubay aparatının ictimaiyyətlə iş üzrə idarəsinin müdiri Əhməd Əl-Zahid, aparatın digər məsul əməkdaşı Əhməd Əl-Asam Məhəmməd və əmirliyin müxtəlif nazirlik və komitələrinin nümayəndələri ilə görüşlərdə Samir İmanov son günlər erməni tərəfinin sərhəddə atəşkəs rejimi intensiv surətdə pozduqları barədə məlumatlandırıb, Azərbaycanın sülhpərvər siyasət yeritdiyi və Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli üçün beynəlxalq hüquq və normalar çərçivəsində atdığı addımlardan danışıb. “Azərbaycan” cəmiyyətinin sədri eyni zamanda Dağlıq Qarabağ probleminin həll olunmaması ilə bağlı subyektiv səbəblərə də toxunub, beynəlxalq təşkilatların, xüsusilə də ATƏT-in Mins Qrupunun bu məsələdə qəti mövqe nümayiş etdirməməsinin münaqişənin həllinin 20 ilə yaxındır ki, uzanmasında gətirib çıxardığına qeyd edib.
İsa Əhməd Əl-Mulla və Dubay əmirliyinin hökumət nümayəndələri verdiyi məlumatlara görə S.İmanova təşəkkür edib, belə görüşlərin müntəzəm keçirilməsinin zəruriliyini və iki ölkə arasında əlaqələrin inkişafına böyük dəstək verdiyini bildirib. Onlar eyni zamanda ümidlərini ifadə edib ki, tezliklə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnaməyə əsasən erməni tərəfi işğal olunan Azərbaycan torpaqlarını geri qaytaracaq və ədalət bərqərar olunacaq.
S.İmanov Dubay əmirliyinin Mərkəzi Kitabxanasına və Hökümət rəsmilərinə Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən “Azərbaycan” cəmiyyətinə təqdim olunan ərəb dilində hazırlanan Qarabağ haqqında həqiqətləri özündə əks etdirən “Qarabağ” kitabını, Heydər Əliyev Fondunun hazırladığı “Qarabağ haqqında həqiqi faktlar” toplusunu, Qarabağ həqiqətlərindən bəhs edən “Tarixin səsi” kitabçasını, “Erməni terroru”kitabını, “Kitabi Dədə Qorqud” Ensiklopediyasını, Azərbaycan prezidenti İlham Əliyevin həyat və fəaliyyətindən bəhs edən “İlham Prezident Portreti” kitabını, ulu öndər Heydər Əliyevin həyat və siyasi fəaliyyətindən bəhs edən ərəb və ingilis dillərində müxtəlif kitabları hədiyyə edib.
Bakı, 14 sentyabr (ERtv). Bu gün Bakının Nizami rayonunun Keşlə qəsəbəsində 100 yerlik uşaq bağçası binasının təməli qoyulub. Azərbaycan prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Dövlət başçısı uşaq bağçasının istifadəyə verildikdən sonrakı görüntülərini əks etdirən stendə baxıb.
Diqqətə çatdırılıb ki, Azərbaycan Dövlət Neft Şirkətinin vəsaiti hesabına tikiləcək bağçanın binasının sahəsi 1200 kvadratmetr olacaq. İki mərtəbədən ibarət binada akt zalı, yeməkxana, inzibati otaqlar, həkim otağı yaradılacaq. Burada uşaqların rahatlığı üçün hər cür şərait olacaq.
Prezident İlham Əliyev uşaq bağçası binasının təməlini qoyub.
Dövlət başçısı tikinti işlərinin vaxtında və keyfiyyətlə aparılması ilə bağlı tapşırıqlarını verib.
Bakı, 14 sentyabr (ERtv). Bu gün Bakının Nizami rayonunun Keşlə qəsəbəsində 328 nömrəli orta məktəbin yeni binası istifadəyə verilib. Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak edib. Dövlət başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsib.
Məlumat verilib ki, 640 şagird yerlik yeni məktəbdə 32 sinif otağı, üç laboratoriya, üç kompyuter otağı, emalatxana, rəsm otağı, idman və akt zalları, yeni innovasiya metodları ilə işləyən kabinetlər, tibb məntəqəsi yaradılıb. Tədris prosesinin yüksək səviyyədə təşkili üçün hər cür şəraitin yaradıldığı məktəbdə dərslər interaktiv üsulla keçiriləcək.
Qeyd olunub ki, yeni dərs ilində bu təhsil ocağının istifadəyə verilməsi məktəbin kollektivi və şagirdlər üçün əsl hədiyyədir.
Prezident İlham Əliyev məktəbdə yaradılan şəraiti yüksək qiymətləndirib, tədris prosesinin yüksək səviyyədə aparılması ilə bağlı tapşırıq və tövsiyələrini verib.
Bakı, 14 sentyabr (ERtv). Bu gün Bakının Nizami rayonu ərazisində Babək prospekti ilə N.Abdullayev küçəsinin kəsişməsindəki yeraltı piyada keçidi istifadəyə verilib. Azərbaycan prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib.
Dövlət başçısı keçidin texniki göstəricilərini əks etdirən stendə baxıb.
Azərbaycan prezidenti yeraltı piyada keçidinin rəmzi açılışını bildirən lenti kəsib. Məlumat verilib ki, keçidin uzunluğu 64, eni 8, hündürlüyü isə 3,2 metrdir. Piyada keçidinin istifadəyə verilməsi yeni açılmış məktəbin şagirdlərinin və valideynlərinin, eləcə də bu ərazidə yaşayan sakinlərin təhlükəsizliyinə və sərbəst hərəkətinə imkan yaradacaq.
Prezident İlham Əliyev görülən işləri yüksək qiymətləndirib.
Bakı, 14 sentyabr (ERtv). Bu gün Balakən rayonunda “Azərbaycan dövləti istehlakçı hüquqlarının təminatçısıdır” mövzusunda konfrans keçirilib. Tədbirdə aidiyyəti dövlət qurumların, ictimai təşkilatların nümayəndələri və 170-ə yaxın istehlakçı iştirak edib.
Tədbirdə çıxış edən Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəis müavini Araz Əliyev Azərbaycan iqtisadiyyatının davamlı inkişaf etdiyini, əhalinin sosial rifahının daha da yaxşılaşdığını vurğulayıb. Bütün bunlar isə əhalinin artan tələbatının daha dolğun ödənilməsinə, istehlakçıların seçim imkanının genişləndirilməsinə şərait yaradır, eyni zamanda istehlakçı hüquqlarının etibarlı müdafiəsinə diqqətin daha da artırılmasını zəruri edir.
Xidmətin rəis müavini istehlak bazarının keyfiyyətsiz mal və xidmətlərdən qorunmasında inzibati tədbirlərlə yanaşı, maarifləndirmə tədbirlərinin də xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Qeyd edib ki, 2012-ci ilin ötən dövrü ərzində istehlakçıların maarifləndirilməsi məqsədilə 13 adda 44 min buklet, sahibkarların istehlakçıların hüquqlarının qorunması sahəsində vəzifələrinə dair 6 adda 1000-ə yaxın yaddaş kitabçası hazırlanaraq sahibkarlara və istehlakçılara paylanıb, televiziya kanallarında sosial reklam çarxları yayımlanıb. Hazırda da KİV ilə istehlakçıların maarifləndirilməsi istiqamətində əməkdaşlıq edilir, müxtəlif maarifləndirici materiallar dərc edilir, birgə televiziya verilişləri hazırlanır. Bütün bunların nəticəsidir ki, istehlakçı hüquqlarının pozulması, ticarət və xidmət obyektlərində qanun pozuntusu hallarının sayı ildən-ilə azalır.
Tədbirdə həmçinin, xidmət qaydalarının tələblərinə əməl olunması və xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən maarifləndirici tədbirlər barədə məlumat verilib.
Konfransda Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin əməkdaşları “İstehlakçı hüquqlarının müdafiəsi ilə bağlı görülən işlər və qarşıda duran vəzifələr”, “Hər bir istehlakçı öz hüquqlarını bilməlidir”, “Ərzaq malları alarkən nələrə diqqət yetirməli” mövzularında məruzələrlə çıxış etmiş, tədbir iştirakçılarının suallarını cavablandırıb.
Sonda tədbir iştirakçılarına istehlakçı hüquqlarına dair maarifləndirici materiallar paylanıb.