Bakı, 19 sentyabr (ERtv). Bu gün Parisdə Heydər Əliyev Fondunun və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə yaradılan Mədəniyyət Mərkəzinin açılış mərasimi olub. Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak edib. Dövlət başçısı və xanımı mərkəzdə yaradılan şəraitlə tanış olub. Məlumat verilib ki, Parisin mərkəzində - Eyfel qülləsinin yaxınlığında yaradılan Azərbaycan Mədəniyyət Mərkəzi ölkəmizin dünya mədəniyyətinin paytaxtında təbliğ olunması istiqamətində atılan ən mühüm addımlardan biridir. Xüsusi əhəmiyyəti ilə seçilən bu mədəniyyət hadisəsi dünya gündəminə mədəniyyətlərarası və sivilizasiyalararası dialoq platformasının aparıcı qüvvəsi kimi daxil olan Azərbaycanın ən yüksək səviyyədə tanıdılmasına xidmət edir. Ölkəmizin qədim və zəngin tarixinə, mədəniyyətinə dair eksponatların bir məkanda təqdim edildiyi mərkəz Parisin mədəni həyatında fəallığı ilə seçilən Azərbaycanın bu sahədə həyata keçirdiyi fəaliyyətin rəsmiləşdirilməsinə də böyük imkanlar açır. Azərbaycan Mədəniyyət Mərkəzi həm də ölkəmizə sonsuz marağı təcəssüm etdirir.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ölkəmizin xaricdə tanıdılması istiqamətində həyata keçirdiyi tədbirlərin mühüm hissəsi Parisin mədəni həyatı ilə bağlıdır. Yeni mədəniyyət ocağı isə bu sahədə işlərin daha da gücləndirilməsinə, vahid mərkəzdən idarə olunmasına və daha səmərəli fəaliyyətin qurulmasına geniş imkanlar açacaq.
Diqqətə çatdırılıb ki, mərkəzin binası 1904-cü ildə inşa olunmuş tarixi tikilidir. Üç min kvadratmetr sahəsi olan mərkəz Parisdə bir növ Azərbaycanın mədəniyyət ocağı funksiyasını yerinə yetirəcək və ölkəmizlə bağlı müxtəlif humanitar tədbirlərin təşkil olunmasına geniş imkanlar açacaq.
Prezident İlham Əliyev Azərbaycan Mədəniyyət Mərkəzinin həyətində dövlət bayrağımızı qaldırıb. Bildirilib ki, mərkəzdə müxtəlif görüşlərin, tədbirlərin keçirilməsi üçün hər cür imkan yaradılıb, otaqlar lazımi avadanlıqla təmin olunub. Mərkəzin əsas özəlliyi burada Azərbaycan mədəniyyətinə dair nümunələrin sərgilənməsidir. Müxtəlif ekspozisiya zallarının yaradıldığı mərkəzdə Azərbaycan tarixini əks etdirən eksponatlar təqdim olunur. Arxeoloji tapıntılardan tutmuş qədim pullara, silahlara, misgərlik məmulatlarına qədər hər şey burada Azərbaycanın qədim və zəngin tarixindən xəbər verir.
Qeyd edilib ki, Azərbaycan xalçaları mərkəzdəki ekspozisiyanın ən qiymətli inciləri sırasındadır. Milli xalçaçılığımızın bütün istiqamətlərinin nümunələrinin təqdim edildiyi mərkəzdə yaşı yüz illərlə ölçülən xalça və xalça məmulatlarının geniş çeşidi təcəssüm tapıb. Burada Azərbaycan xalçaçılıq məktəblərinin tarixi və keçdiyi inkişaf yolları barədə məlumat verilir. Bundan başqa, Azərbaycan miniatürləri də Şərqin bir parçası olan ölkəmizdə qədimlərdən yaranıb formalaşan rəssamlıq sənəti - miniatür məktəbi barədə ətraflı məlumat verir. Zinət və müxtəlif bəzək əşyalarının, xalq incəsənətinin bütün istiqamətlərinə dair nümunələrin, taxta üzərində oyma sənətinin təqdim olunduğu mərkəzin ekspozisiyasında Azərbaycan milli geyimləri də diqqəti cəlb edir. Milli ruhu özündə təcəssüm etdirən kuklalar, bürüncdən hazırlanan heykəllər də maraq doğurur.
Bildirilib ki, Azərbaycan Mədəniyyət Mərkəzində kitabxana da yaradılıb. Zənginliyi ilə diqqət çəkən bu kitabxanada fransız dilinə tərcümə edilən Azərbaycan ədəbiyyatı külliyyatı təqdim olunur. Bundan başqa, mədəniyyətimizin müxtəlif qollarına dair geniş ədəbiyyat toplusunun cəmləndiyi kitabxana mərkəzə gələnlərdə ədəbiyyatımız, rəssamlıq sənətimiz və musiqimiz haqqında, ümumiyyətlə incəsənətin digər növləri barədə məlumatların əldə edilməsinə imkan verir.
Məlumat verilib ki, mərkəzdə gənc rəssamların işləri də təqdim olunur. Odur ki, bu mərkəzin yaradılması ölkəmizdə inkişaf edən müasir incəsənətin nümunələrinin Fransa ictimaiyyətinə təqdim edilməsi baxımından olduqca əhəmiyyətli hadisədir. Bu, həm də Azərbaycanda müasir incəsənətə verilən dəyərin təzahürüdür.
Mərkəzlə tanışlıq zamanı prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın diqqətinə çatdırılıb ki, burada Azərbaycan musiqisinin təbliğinə də geniş yer ayrılıb. Ayrıca muğam zalı yaradılıb, qədim musiqi alətlərimizin sərgisi təşkil olunub. Bundan başqa, mərkəzdə keçiriləcək təlimlərdə Azərbaycan mətbəxinin nümunələrinin hazırlanması qaydaları öyrədiləcək.
Prezident İlham Əliyev mərkəzin yuxarı mərtəbəsindən Parisin mənzərəsini seyr edib.
Dövlət başçısı Azərbaycan Mədəniyyət Mərkəzinin fəxri qonaqlar kitabxana ürək sözlərini yazıb.
Bakı, 19 sentyabr (ERtv). Fransaya işgüzar səfəri çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev bu gün Parisdə Fransa Sahibkarlar Təşkilatına – MEDEF-ə üzv olan iş adamları ilə görüşüb. Dövlət başçısını “MEDEF International”ın rəhbəri Jan Bürel qarşılayıb. Jan Bürel MEDEF-ə üzv olan iş adamları ilə görüşə vaxt ayırdığı üçün Azərbaycan prezidentinə təşəkkür edib. Bildirib ki, görüşdə müxtəlif şirkətləri təmsil edən 60-a yaxın iş adamı iştirak edir.
Tədbirdə çıxış edən prezident İlham Əliyev bildirib ki, MEDEF-ə üzv olan iş adamları ilə keçirilən əvvəlki görüşlər Azərbaycanla Fransanın aparıcı şirkətləri arasında iqtisadi sahədə güclü tərəfdaşlıq münasibətlərinin yaranmasına mühüm töhfə verib.
Azərbaycan-Fransa iqtisadi əməkdaşlığının sürətlə inkişaf etdiyini deyən dövlət başçısı ölkələr arasında ticarət dövriyyəsinin artdığını bildirib. İqtisadi əməkdaşlığın gələcəkdə daha da şaxələndiriləcəyini söyləyən prezident İlham Əliyev deyib ki, Fransanın aparıcı “Total” və “GDF-Suez” şirkətləri Azərbaycanın uzunmüddətli tərəfdaşıdır. Azərbaycanın enerji siyasətinin artıq regionun hüdudlarından kənara çıxdığını vurğulayan prezident İlham Əliyev qeyd edib ki, hazırda ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində tərəfdaşları ilə birgə işləyir. “Azərbaycan nəhəng neft-qaz ehtiyatlarına malik ölkədir”, - deyən dövlət başçısı bildirib ki, ölkəmizin şaxələndirilmiş boru kəmərləri infrastrukturu var: "Hazırda Azərbaycanın qaz ehtiyatlarını müxtəlif istiqamətlərə ixrac etməyə imkan verəcək yeni boru kəmərlərinin reallaşdırılması üzərində iş gedir. Enerji təminatı marşrutlarının şaxələndirilməsi bizim üçün xüsusi əhəmiyyət kəsb edir”.
Prezident İlham Əliyev bildirib ki, bu sahədə Azərbaycanın maraqları avropalı tərəfdaşların maraqları ilə üst-üstə düşür və bu gün ölkəmiz Avropanın etibarlı tərəfdaşıdır.
Hazırda Azərbaycanın təsdiq olunan qaz ehtiyatlarının 2,5 trilyon kubmetrdən çox olduğunu diqqətə çatdıran prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan Fransa şirkətlərinin də regionun və Avropanın enerji xəritəsini dəyişəcək TANAP layihəsinə cəlb olunmasına tərəfdardır.
Ölkəmizin iqtisadi uğurları haqqında danışan prezident bildirib ki, Azərbaycan artıq iqtisadiyyatın şaxələndirilməsinə nail olub. Dövlət başçısı bu ilin altı ayı ərzində ölkəmizdə qeyri-enerji sektorunda ümumi daxili məhsulun 10 faiz, ümumiyyətlə, son 8 ildə Azərbaycan iqtisadiyyatının 3 dəfə artdığını diqqətə çatdırıb.
Müzakirələrdə iştirak edən MEDEF-ə üzv olan iş adamları ölkəmizdə gedən iqtisadi proseslər, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatında oynadığı rol, həyata keçirilən layihələr və digər məsələlərlə bağlı suallarla prezident İlham Əliyevə müraciət edib.
Prezident İlham Əliyev Azərbaycanın iqtisadi prioritetləri, qeyri-neft sektoru, respublikamızda çalışan Fransa şirkətlərinin fəaliyyəti, ölkəmizin regionda hazırkı vəziyyəti və gələcək rolu, enerji, nəqliyyat, səhiyyə, turizm, informasiya və kommunikasiya texnologiyaları, gömrük və digər sahələrdə əməkdaşlıq mövzularında suallara ətraflı cavab verib.
Qeyd edək ki, MEDEF Fransanın 800 min şirkətinin birləşdiyi bir qurumdur. Bu quruma müxtəlif sahələrdə çalışan şirkətlər, o cümlədən bank sektoru, sığorta, ərzaq sahələri, təyyarə və avtomobil istehsal edən, mühəndislik, kimya texnologiyaları sahələrində ixtisaslaşan şirkətlər daxildir.
Sonda prezident İlham Əliyev iş adamları ilə bir daha görüşüb.
Bakı, 19 sentyabr (ERtv). Azərbaycanda səfərdə olan Sloveniyanın Baş nazirinin müavini, İqtisadi İnkişaf və Texnologiya naziri Radovan Zerjavın rəhbərlik etdiyi nümayəndə heyəti Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib, xatirəsini ehtiramla anaraq abidəsi önünə əklil qoyub. Sloveniya nümayəndə heyəti həmçinin, Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanlarımızın xatirəsini ehtiramla yad edib.
Sloveniyanın Baş nazirinin müavini, İqtisadi İnkişaf və Texnologiya naziri Radovan Zerjavın rəhbərlik etdiyi nümayəndə heyəti İqtisadi İnkişaf naziri Şahin Mustafayevlə görüşüb. Şahin Mustafayev Azərbaycan iqtisadiyyatı, qazanılan uğurlar barədə məlumat verib. Bildirilib ki, Azərbaycan prezidenti tərəfindən uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkədə möhkəm siyasi və makroiqtisadi sabitlik, davamlı və dayanıqlı iqtisadi inkişaf təmin olunub, əlverişli biznes və investisiya mühiti yaradılıb. 2004-2011-ci illərdə ÜDM 3 dəfə, sənaye istehsalı 2,7 dəfə, dövlət büdcəsinin gəlirləri 13 dəfə artıb, yoxsulluq səviyyəsi 5,9 dəfə azalıb. Hazırda ölkənin valyuta ehtiyatları xarici dövlət borcunu təqribən 10 dəfə üstələyir. Ölkənin sosial-iqtisadi inkişafında özəl sektorun rolunun artdığını vurğulayan Şahin Mustafayev ÜDM istehsalının 80%-dən çoxunun özəl sektorun payına düşdüyünü bildirib. Qeyd edilib ki, Azərbaycan və Sloveniya arasında əməkdaşlıq inkişaf edir, yüksək səviyyəli səfərlər, keçirilən görüşlər ikitərəfli iqtisadi əlaqələrin genişlənməsində xüsusi əhəmiyyət kəsb edir. Görüşdə Azərbaycan və Sloveniya arasında iqtisadi əməkdaşlığın inkişafı, ticarət əlaqələrinin genişləndirilməsi, qarşılıqlı investisiya qoyuluşu, iş adamları arasında əməkdaşlığın inkişaf etdirilməsi, Azərbaycanda yaradılacaq xüsusi iqtisadi zonalarda Sloveniya şirkətlərinin iştirakı imkanları müzakirə olunub.
Ölkəmizə səfərindən məmnunluğunu ifadə edən Sloveniyanın Baş nazirinin müavini, İqtisadi İnkişaf və Texnologiya naziri Radovan Zerjav Azərbaycanın davamlı iqtisadi inkişafının ölkəsində maraqla izləndiyini diqqətə çatdırıb, Sloveniya və Azərbaycan arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb.
Həmin gün Bakı Biznes Mərkəzində İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun təşkilatçılığı ilə Azərbaycan-Sloveniya biznes forumu keçirilib. Tədbirdə rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı, qida sənayesi, tikinti, turizm, İKT, maliyyə, logistika və s. sahələrdə fəaliyyət göstərən 50-ə yaxın iş adamı iştirak edib.
İqtisadi İnkişaf naziri Şahin Mustafayev Azərbaycanın Cənubi Qafqazın siyasi, iqtisadi və mədəni mərkəzi olduğunu vurğulayıb, yaradılan əlverişli biznes və investisiya mühiti nəticəsində Azərbaycan iqtisadiyyatına yatırılan investisiyaların həcminin ildən-ilə artdığını qeyd edib, ölkəmizin artan iqtisadi imkanları nəticəsində investisiya ixracatçısına çevrildiyini diqqətə çatdırıb.
Sloveniyanın Baş nazirinin müavini, İqtisadi İnkişaf və Texnologiya naziri Radovan Zerjav çıxışında hər iki ölkənin böyük iqtisadi potensiala malik olduğunu və mövcud imkanlardan səmərəli istifadənin, eləcə də iş adamları arasında əməkdaşlığın genişləndirilməsinin Sloveniya və Azərbaycan arasında iqtisadi-ticarət əlaqələrinin inkişafında əhəmiyyətli olacağını vurğulayaraq, Azərbaycan sahibkarlarını Sloveniyada həyata keçirilən investisiya layihələrində iştiraka dəvət edib.
Sloveniyanın Baş nazirinin müavini, İqtisadi İnkişaf və Texnologiya naziri Radovan Zerjavın rəhbərlik etdiyi nümayəndə heyəti bir sıra dövlət qurumlarında da görüşlər keçirib. Sloveniya nümayəndə heyəti səfər çərçivəsində Dövlət Bayrağı Meydanı və “İçəri şəhər”lə də tanış olacaq.
Bakı, 19 sentyabr (ERtv). Fransa və digər Avropa ölkələrində fəaliyyət göstərən Diaspora təşkilatlarımız Dünya Azərbaycanlı Gənclər Birliyinin təşkilatçılığı ilə Fransadakı Ermənistan səfirliyinin qarşında etiraz aksiyası keçirib. Aksiyada Fransada və Avropa ölkələrində yaşayan azərbaycanlılar, yerli Türk diaspora dərnəkləri, həmçinin Dünya Azərbaycanlı Gənclər Birliyininin Fransadakı 100-dən artıq fəal üzvləri iştirak edib. Həmçinin Azərbaycan-Türk Qadınlar Birliyi, Benilüks Azərbaycanlıları Konqresi, Hollandiya-Azərbaycan-Türkiyə Kültür dərnəyi, Dünya Azərbaycanlıları Konqresinin üzvləri aksiyanı dəstəkləyərək orada iştirak edib. İcazəli etiraz aksiyasına 500-dən çox iştirakçı qatılıb. Onlar Ermənistan səfirliyinin qarşısında Azərbaycanın Dövlət Himni oxuyub, ermənilərin Qarabağ işğalının və orada törətdikləri insanlığa qarşı cinayəti, beynəlxalq terrorizmə dəstəyini əks etdirən plakatlar açaraq, fransız dilində etiraz şüarları səsləndirib. Sonda bəyanat oxunub və aksiya ilə bağlı mətbuata məlumat verilib.
Bakı, 19 sentyabr (ERtv). Azərbaycan Televiziya və Radiosunun Səid Rüstəmov adına əməkdar Xalq Çalğı Alətləri Orkestrinin tar ifaçısı Səbuhi Aslan oğlu Cəfərovun Ali və orta ixtisas musiqi məktəbinin tar sinfi üçün “Qamma və arpeciolar” adlı not toplusu işıq üzü görüb.
Bakı, 19 sentyabr (ERtv). İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Şəmkir rayonunun Təzəkənd kəndində “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda tədbir keçirib. İİN-nin mətbuat xidmətindən ERtv-yə verilən məlumata görə, tədbir çərçivəsində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Şəmkir rayonu üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:
- müasir meyvə-tərəvəz emalı müəssisəsinin yaradılması;
- kiçik və ya orta həcmli istixana təsərrüfatlarının yaradılması;
- müasir üzum emalı müəssisəsinin yaradılması;
- kiçik və ya orta həcmli üzümçülük təsərrüfatlarının yaradılması;
- müasir soyuducu anbar kompleksinin yaradılması;
- qabaqcıl texnologiyalara əsaslanan çörək istehsalı müəssisəsinin yaradılması.
Sahibkarlar bu sahələr üzrə nümunəvi layihələri Sahibkarlığa Kömək Milli Fondundan əldə edə bilər. Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək. Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilər.
Bakı, 19 sentyabr (ERtv). Ermənistanın Atom Elektrik Stansiyası (AES) elektrik enerjisi istehsalını dayandırıb. Bu barədə Ermənistanın Energetika və Təbii Resurslar Nazirliyi məlumat yayıb. AES-də yenidənqurma tədbirlərin artırılması məqsədilə elektrik enerjisinin istehsalı dayandırılıb. Həmin işlərin bu il dekabrın 11-dək davam etməsi gözlənilir.
Qeyd edək ki, Ermənistandakı “Metsamor” AES-nin istifadə müddəti 2000-ci ildə başa çatıb. Erməni tərəfi isə AES-in istismarını davam etdirirdi. Azərbaycan və Türkiyə tərəfi dəfələrlə həmin stansiyanın region üçün real təhlükə mənbəyi olduğunu dəfələrlə Beynəlxalq təşkilatlara bildirib.
Bakı, 19 sentyabr (ERtv). Artıq Topaz Premyer Liqa deyiləcək. Azərbaycan Premyer Liqasının yeni loqosu yayımlanıb. Azərbaycan futbol çempionatının sponsoru “Topaz” şirkətidir.
Qeyd edək ki, ötən 3 mövsümdə Azərbaycan Premyer Liqasının titul sponsoru Unibank Kommersiya Bankı olub.
Bakı, 19 sentyabr (ERtv). Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistanın Noyemberyan rayonunun Voskepar kəndində, Xocavəndin işgal olunan Kuropatkino, Tərtərin Qızıloba, Ağdamın Mərzili və Şıxlar kəndləri yaxınlığında, Daşkəsən və Goranboy ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ERtv-yə verilən məlumata görə, qarşı tərəf cavab atəşi ilə susdurulub.
Bakı, 18 sentyabr (ERtv). Azərbaycanın Cənubi Afrika Respublikasındakı Səfirliyi Yohannesburq şəhərində CAR-da fəaliyyət göstərən “Səma Məktəbi”nin (Sama School) təşkil etdiyi yarmarkada iştirak edib. Azərbaycanın Cənubi Afrikadakı Səfirliyindən ERtv-yə verilən məlumata görə, məktəbin hər il təşkil etdiyi ənənəvi yarmarkada ilk dəfə olaraq Azərbaycan guşəsi yaradılıb. Sərgidə Azərbaycanın milli şirniyyatları və mədəniyyətimizi əks etdirən digər əşyalar nümayiş etdirilib.
Qeyd edək ki, türk iş adamlarının dəstəyi ilə 2003-cü ildə təsis edilən məktəbdə 520 şagird təhsil alır və ikisi Azərbaycan vətəndaşı olmaqla 46 müəllim təhsil verir. Məktəb 2009-2010-cu illərdə CAR-ın ən aparıcı elmi məktəbi seçilib.
Bakı, 18 sentyabr (ERtv). Bu gün Azərbaycan prezidenti İlham Əliyevin Fransanın sabiq prezidenti Nikola Sarkozi ilə görüşü olub. Azərbaycanla Fransa arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanan görüşdə əlaqələrin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olunub.
Bakı, 18 sentyabr (ERtv). Bu gün Yelisey sarayında Azərbaycan prezidenti İlham Əliyevin və Fransa prezidenti Fransua Ollandın görüşü olub. Sarayın qarşısında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyev fəxri qarovul dəstəsinin qarşısından keçib. Fransa prezidenti Fransua Olland Azərbaycan prezidenti İlham Əliyevi qarşılayıb.
Azərbaycanla Fransa arasında əməkdaşlıq münasibətlərinin müxtəlif istiqamətləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılan görüşdə bu münasibətlərin siyasi, iqtisadi və mədəni sahələrdə uğurla inkişaf etdiyi bildirilib. Fransa şirkətlərinin Azərbaycan iqtisadiyyatında fəal rolu və Fransanın ölkəmizə sərmayə qoymasının əhəmiyyəti vurğulanıb, bu sahədə əməkdaşlığın yaxşı perspektivlərinin olduğu bildirilib. Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqların hazırkı vəziyyəti, bu istiqamətdə atılmalı olan addımlar da müzakirə edilib.
Bakı, 18 sentyabr (ERtv). Dünya ulduzu Madonna ötən ay konsertində yol verdiyi hərəkətlərinə görə Rusiya məhkəməsi tərəfindən cəzalandırılıb. Ona 10 milyon dollarlıq cərimə kəsilib. Rusiya Həmkarlar İttifaqının üzvləri, o cümlədən homoseksualizmə qarşı 9 fəal müğənni əleyhinə şikayət verib. Buna səbəb avqustun 9-da Sankt-Peterburqdakı çıxışı zamanı musiqiçinin cinsi azlıqlara dəstəyini ifadə etməsi olub. Bildirilir ki, müğənni 12 yaşlı uşaqların da iştirak etdiyi konsertdə yerli qanunları pozub.
İddiaçılar həmçinin Madonnanın şousunun təşkilatçılarının və konsert zalının sahiblərinin də cərimələnməsini tələb edir.
İddia ilə bağlı məhkəmə dinləmələri oktyabrın 11-dən başlayacaq.
Sankt-Peterburq konserti zamanı Madonna paltarını soyunaraq səhnədə qara rəngli alt paltarı ilə qalıb. Həmin zaman onun kürəyində «Qorxmayın!» şüarı yazılıb. O, həmçinin Rusiyanın gey icması üçün dözümlülük təbliğ edən çəhrayı bilərziklər paylayıb və insanları cinsi azlıqların hüquqlarına hörmət etməyə çağırıb.
Homoseksuallıq Rusiyada qanuni olsa da, bu ilin əvvəlində Sankt-Peterburq məhkəməsi yetkinlik yaşına çatmayanlar üçün homoseksualizmi təbliğ etməyin qeyri-qanuni olduğunu bildirən şəhər qanunu çıxarıb.
Öz «Facebook» səhifəsində isə Madonna bu qanunu «gülünc qəddarlıq» adlandırıb.
Bir neçə həftə sonra - avqustun 28-də Madonna Filadelfiyada auditoriyaya üz tutaraq deyib ki, «Yaşadığınız yerdə yaşamaq və sahib olduğunuz azadlıqlar üçün nə qədər şanslı olduğunuzu unutmayın».
Bundan başqa Madonna 20 mindən çox dinləyicisinə deyib ki, kürəyinə yazdırdığı «Qorxmayın!» şüarı ilə Peterburqda 80 nəfərin məhz qey olduğuna görə həbsə atıldığına diqqət çəkmək istəyib.
Bakı, 18 sentyabr (ERtv). Litvada rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev bu gün Litva parlamentinin sədri İrena Dequtuiene və baş nazir Andrius Kubiliusla görüşlər keçirib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ERtv-yə verilən məlumata görə, görüşlərdə ölkələrarası münasibətlərin inkişafı və hərbi əməkdaşlıq məsələləri geniş müzakirə edilib.
Müdafiə naziri Səfər Əbiyev Litva Parlamentinin sədrinə və baş nazirə regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun yaratdığı çətinliklər barədə ətraflı məlumat verib.
Litva Parlamentinin sədri İrena Dequtuiene bildirib ki, onlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır və münaqişənin bu yöndə həllini arzulayır.
Günün sonunda Azərbaycanın müdafiə naziri Litva Milli Müdafiə Nazirliyinin nəzdində fəaliyyət göstərən enerji təhlükəsizliyi mərkəzində olub.
Bakı, 18 sentyabr (ERtv). Bu gün Parisin Luvr muzeyində İslam incəsənətinə həsr olunan yeni zalların açılış mərasimi keçirilib. Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva, Fransa prezidenti Fransua Olland mərasimdə iştirak edib. Dövlət başçısını və xanımını Fransa prezidenti Fransua Olland qarşılayıb.
Tədbirdə çıxış edən Luvr muzeyinin baş direktoru Anri Luerett bildirib ki, Fransa bütün mədəniyyətlərin, o cümlədən İslam incəsənətinin qorunub saxlanmasına böyük diqqət göstərir. Bu baxımdan Luvr muzeyi hazırda mədəniyyətlərarası dialoqun əldə olunmasında mühüm rol oynayır. Yeni zallar isə İslam sivilizasiyasının mühüm cəhətləri ilə tanış olmaq imkanı yaradır.
Fransa prezidenti Fransua Olland da çıxış edərək bildirib ki, rəsmi Paris Luvr muzeyində İslam incəsənəti departamentinin yaradılmasından və bu zəngin kolleksiyanı təqdim etməkdən şərəf hissi duyur. Fransa dövlətinin başçısı söyləyib ki, 2003-cü ildə ideya kimi yaranan, 2008-ci ildən isə icra olunmağa başlayan bu layihənin həyata keçirilməsində əsas məqsəd Luvrun universallığını və bəşəri əhəmiyyətini göstərmək, Fransanın İslam sivilizasiyasına münasibətini nümayiş etdirməkdir. Fransua Olland bu layihənin həyata keçirilməsinə verdikləri dəstəyə görə Azərbaycan prezidenti İlham Əliyevə və digər tərəfdaşlara minnətdarlığını bildirib: “Mən xeyirxahlıq nümayiş etdirərək lazımi anda yardımını göstərən şəxslərə, xüsusilə də Azərbaycan prezidentinə və digər ali qonaqlara dərin təşəkkürümü bildirmək istəyirəm. Onlar bizim çoxsaylı tərəfdaşlarımızdandır. Onlar Fransanın dostlarıdır. Onlar bu layihəyə çox böyük yardım edib. Ümid edirəm ki, bu xeyirxahlıq gələcəkdə də davam etdiriləcək”.
Fransa prezidenti diqqətə çatdırıb ki, bu layihə sivilizasiyalar arasında dialoqun əldə olunmasına töhfə verməklə yanaşı, muzeyə gələnlərə Şərqi daha yaxşı tanımaq, Avropa və İslam mədəniyyəti arasındakı uyğunluqları müəyyən etmək üçün şərait yaradır.
Sonra qonaqlar Luvr muzeyinin İslam incəsənəti bölməsi ilə tanış olub. Bildirilib ki, bu bölmənin yaradılması muzeyin tarixində xüsusi bir mərhələdir. Həmin bölmə İslam sivilizasiyasının arxitektura, rəssamlıq və digər mədəni yaradıcılıq nümunələrini təcəssüm etdirir. Muzeydəki İslam incəsənəti bölməsi müxtəlif müsəlman ölkələrinin mədəniyyətlərinə aid yaradıcılıq nümunələrindən ibarətdir. Burada şüşədən, keramikadan və metaldan hazırlanan müxtəlif dulusçuluq əşyaları, xalçalar, geyimlər, miniatürlər də daxil olmaqla 5 mindən çox bütöv incəsənət nümunələri, mindən artıq natamam və zədələnən yaradıcılıq işləri sərgilənir. Muzeyin bölməsində İslam tarixinin müxtəlif dövrlərində mövcud olan dövlətlərə aid sənət əsərləri də saxlanılır.
Diqqətə çatdırılıb ki, yeni zalların açılmasında Fransa ilə yanaşı, Azərbaycan, Küveyt, Oman və Mərakeşin də mühüm rolu olub.
Muzeyin İslam incəsənəti bölməsində nümayiş etdirilən eksponatlarla tanışlıqdan sonra xatirə şəkli çəkdirilib.
Daha sonra Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva muzeyin həyətində xatirə şəkli çəkdirib.
Dünyanın ən məşhur muzeylərindən sayılan Luvr 1793-cü ildə Kral sarayının binasında açılıb. Parisin mərkəzində yerləşən muzeyin ilk vaxtlar 60 min kvadratmetr sahəsi hazırda 3 dəfə artıb. Luvr sahəsinə görə dünyanın üçüncü, tamaşaçı sayına görə isə ən çox ziyarət edilən muzeyidir. Təkcə 2011-ci ildə muzeyə 8 milyon 800 min ziyarətçi gəlib.
Bakı, 18 sentyabr (ERtv). MDB-nin mətbuat xidmətinin açıqlamasına görə, bu gün Belarusun paytaxtında təşkilatın Minskdəki iqamətgahında MDB-nin iştirakçısı olan dövlətlərin Birliyin nizamnamə və digər orqanlarındakı daimi səlahiyyətli nümayəndələri Şurasının iclası keçiriləcək.
Bakı, 18 sentyabr (ERtv). Sumqayıtda ötən gün baş verən dəhşətli partlayışda həlak olanların sayı 4-ə çatıb. Zərərçəkənlərin verdiyi məlumata görə, ölən 2 nəfərin şəxsiyyəti artıq müəyyənləşdirilib. Onlardan biri Sabir Babayev, digəri isə Piri Piriyevdir. Digərinin isə şəxsiyyəti müəyyənləşdirilir.
Xatırladaq ki, sentyabrın 17-də ilkin olaraq partlayışda həlak olan şəxsin Elman Səfərov olduğu açıqlanıb. Beləliklə, Sumqayıt şəhərində yerləşən "Məişət malları" Açıq Səhmdar Cəmiyyətinin ərazisində baş verən yanğında ölənlərin sayı 4-ə çatıb.
Bakı, 18 sentyabr (ERtv). İngiltərənin baş naziri Devid Kameron pişiyini tənbəlliyinə görə işdən azad edib. Hökumət başçısının sarayının baş siçantutanı olan Larri ləqəbli pişik vəzifəsini yerinə yetirmədiyi üçün saraydan qovulub. Yarım il ərzində Larri cəmi bir gəmirici tuta bilib.
Kameronun dördayaqlı dostu ötən ilin fevralında göstərdiyi yaxşı nəticələrə görə hökumət sarayına yol tapa bilib.
Bakı, 18 sentyabr (ERtv). ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq sabah Azərbaycanın Füzuli rayonunun Qaraxanbəyli kəndinin şimal istiqamətindəki təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ERtv-yə verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçisi Jiri Aberle və şəxsi köməkçi Uilyam Prayor keçirəcək.
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçisi Xristo Xristov və ofisin əlaqələndiricisi Piter Ki keçirəcək.
Bakı, 18 sentyabr (ERtv). Erməni silahlı bölmələri bu gecə Ermənistanın İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən atəşkəs rejimini pozub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ERtv-yə verilən məlumata görə, qarşı tərəf cavab atəşi ilə susdurulub.