Xəbərlər

Məşhur səhnə ulduzu Cennifer Lopez Bakıya gəldi
21 sentyabr 2012 11:10

Bakı, 21 sentyabr (ERtv). Müğənninin Bakıda solo konsertini təşkil edən “Omnikomo Music Group”un PR və marketinq şöbəsinin müdiri Zaur Darabzadənin verdiyi məlumata görə, gecə saatlarında öz komandası ilə Bakıya təşrif buyuran Cennifer Lopez hazırda istirahət edir. Səfər çərçivəsində müğənninin şəhərimizlə tanışlığı və gəzintiyə çıxması nəzərdə tutulur. O, Bakı tamaşaçıları üçün eksklüziv şou hazırlayıb. Müğənni ilə birlikdə onun 60 nəfərlik komandası da Los-Ancelesdən Bakıya gəlib.

Xatırladaq ki, bir neçə gün əvvəl 500 nəfərlik işçi heyəti konsertin hazırlığı üçün şəhərimizə təşrif buyurub. Bu gün Cennifer Lopezin Bakı səhnəsində ilk məşqinin keçiriləcəyi gözlənilir.

Dünya şöhrətli müğənni sentyabrın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda, sentyabrın 23-də isə “Baku Crystal Hall”da çıxış edəcək.

Bakıda Azərbaycan-Rusiya biznes forumu keçiriləcək
21 sentyabr 2012 11:01

Bakı, 21 sentyabr (ERtv). Rusiya Federasiyası Volqoqrad vilayətinin qubernatoru Sergey Bojenovun rəhbərliyi ilə nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində sentyabrın 24-də Bakıda Azərbaycan-Rusiya biznes forumu keçiriləcək. İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçiriləcək tədbirdə kənd təsərrüfatı və qida sənayesi, tikinti və kiçik sahibkarlıq subyektlərini təmsil edən iş adamları iştirak edəcək.

Elmar Məmmədyarov BMT-nin iclasında çıxış edəcək
21 sentyabr 2012 10:51

Bakı, 21sentyabr (ERtv). Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının Nyu-Yorkda keçiriləcək 67-ci sessiyasında çıxış edəcək. Bu barədə jurnalistlərə Azərbaycanın BMT-də daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev məlumat verib. Onun sözlərinə görə, XİN başçısının çıxışında Azərbaycanın xarici siyasətinin əsas prioritetləri və üzləşdiyi problemlər öz əksini tapacaq.

Aqşin Mehdiyev “Azərbaycanın işğal altında olan ərazilərində vəziyyətə dair” qətnamə layihəsini həmişə diqqət mərkəzində saxladıqlarını deyib.

Bergüzar Korel də oxumağa başladı
21 sentyabr 2012 10:41

Bakı, 21 sentyabr (ERtv). Türkiyənin Şehrazatı Bergüzar Korel müğənniliyə başlayıb. Məşhur aktrisa rəfiqəsi Pınar Akının toyunda müğənni Yalınla duet oxuyub. Rəfiqəsini fərqli təbrik etmək üçün ona sürpriz etməyi qərara alan aktrisa Yalınla onun şərəfinə mahnı oxuyub. Oxuduqları romantik mahnı ilə hamının diqqətini cəlb edən ikili alqışlara səbəb olub.

Qeyd edək ki, Bergüzar Korel “Min Bir gecə” serialı ilə Türkiyənin sevimlisinə çevrilib və o, hazırda “Möhtəşəm Yüz il”in Sultan Süleymanı Halit Erginçle evlidir.

Səfər Əbiyev Çexiyaya gedəcək
21 sentyabr 2012 10:35

Bakı, 21 sentyabr (ERtv). Azərbaycanın müdafiə naziri Səfər Əbiyev gələn ay Çexiyaya səfər edəcək. Müdafiə Nazirliyindən ERtv-yə verilən məlumata görə, səfər çərçivəsində Azərbaycanla Çexiya arasında müdafiə sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunacaq. Yaxın günlərdə Azərbaycanın müdafiə sənayesi nazirinin müavininin də Çexiyaya səfəri planlaşdırılır. 

Sinqapur və İndoneziya ilə bir neçə dövlətlərarası saziş imzalanacaq
21 sentyabr 2012 10:32

Bakı, 21 sentyabr (ERtv). Noyabrda Azərbaycanla İndoneziya arasında 17-dək ikitərəfli sənədin imzalanması planlaşdırılır. Bu barədə açıqlama verən Azərbaycanın İndoneziyadakı səfiri Tamerlan Qarayev bildirib ki, prezident İlham Əliyev noyabrın 20-21-də Sinqapura, 22-23-də isə İndoneziyaya səfər edəcək. Səfər zamanı Sinqapurla 4-dək, İndoneziya ilə 17-dək ikitərəfli sazişin imzalanması nəzərdə tutulur. Hazırda sənədlərin imzalanmağa hazırlanması prosesi gedir, bu sənədlər iki ölkə arasında əməkdaşlığın bütün sferalarını əhatə edəcək.

İmzalanma prosesinə hazırlıq məqsədilə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovun gələn il İndoneziyaya səfəri planlaşdırılır. O, Cakartada keçiriləcək İndoneziya və Azərbaycan xarici siyasət idarələri arasında məsləhətləşmələrdə iştirak edəcək və sənədlərin imzalanmağa hazırlanmasını müzakirə edəcək. Səfir həmçinin Azərbaycanla İndoneziya arasında iqtisadi əməkdaşlığa dair hökumətlərarası komissiyanın yaradılacağını bildirib. Noyabrda imzalanacaq sənədlər bu komissiyanın fəaliyyəti üçün hüquqi baza təşkil etmiş olacaq.

Erməni mövqeləri susduruldu
21 sentyabr 2012 07:24

Bakı, 21 sentyabr (ERtv). Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistanın İcevan rayonunun Berkaber kəndində, Krasnoselsk rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Agdamın işğal olunan Şıxlar, Cəvahirli, Şuraabad, Xocavəndin Kuropatkino kəndləri yaxınlığında, Goranboy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ERtv-yə verilən məlumata görə, qarşı tərəf cavab atəşi ilə susdurulub.

Azərbaycan prezidentinin Fransaya səfəri başa çatdı
21 sentyabr 2012 06:33

Bakı, 20 sentyabr (ERtv). Azərbaycan prezidenti İlham Əliyev Fransaya işgüzar səfərini başa çatdıraraq Bakıya qayıdıb. Dövlət başçısını Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşılayıb.

"Xəzər Lənkəran" klubunun baş məşqçisi Yunis Hüseynov istefa verdi
20 sentyabr 2012 16:36

Bakı, 20 sentyabr (ERtv). Baş məşqçi bununla bağlı qərarını "Simurq"a qarşı keçirilən oyundan sonra açıqlayıb. Qeyd edək ki, bu gün Topaz Premyer Liqasının IV turundan təxirə salınan bir oyun keçirilib. "Xəzər Lənkəran" "Simurq"a 0:2 hesabı ilə məğlub olub. Bu məğlubiyyətdən sonra Lənkəran təmsilçisi 5 oyundan sonra 5 xalla turnir cədvəlində 8-ci yerdə qərarlaşıb.

Baş məşqçi bu görüşdə futbolçularının çox pis oynadığını bildirib. Klub rəhbərliyinin Yunis Hüseynovun istefasını qəbul edib-etməyəcəyi hələ ki bilinmir.

Bakının bəzi küçə və prospektlərində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq
20 sentyabr 2012 15:27

Bakı, 20 sentyabr (ERtv). Azərbaycanda keçiriləcək futbol üzrə FIFA U-17 qadınlararası dünya çempionatı ilə əlaqədar paytaxtın bəzi küçə və prospektlərində nəqliyyatın hərəkətinə məhdudiyyətlər qoyulacaq. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov ERtv-yə bildirib ki, sentyabrın 22-dən oktyabrın 13-dək Azərbaycanda futbol üzrə FIFA U-17 qadınlararası dünya çempionatının keçirilməsi ilə əlaqədar bütün iştirakçıların hərəkətinin təhlükəsizliyinin təmin edilməsi zərurəti yaranır. Bu məqsədlə gücləndirilmiş iş rejimi ilə xidmət aparan Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi əhaliyə, avtomobil sahiblərinə və sürücülərə xəbərdarlıq edir ki, paytaxtın Nərimanov rayonunun ərazisindəki Tofiq Bəhramov adına Respublika stadionu, Nizami rayonundakı “Şəfa” və 8-ci kilometr, Səbail rayonundakı “Bayıl”, həmçinin Xəzər rayonundakı “Dalğa Arena” stadionlarının yerləşdiyi ərazi və onlara bitişik küçə və yollar istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyətlər qoyularaq istiqamət dəyişdiriləcək.

Vaqif Əsədov deyib ki, çempionat başa çatana qədər paytaxtdakı “Four Seasons”, “Kempinski Hotel-Badamdar”, “Hilton Baku”, “JW Marriott Absheron”, “Sheraton”, “Park Hyatt” otellərindən qeyd olunan stadionlar istiqamətinə gedən yollar üzrə dayanmanı, durmanı, parklanmanı qadağan edən yol nişanlarının təsir zonalarında avtomobil saxlayan sürücülərə qarşı ciddi tədbirlər görüləcək, hətta evakuasiya imkanlarından istifadə ediləcək, eləcə də avtomobil tıxaclarının yaranmaması üçün fərdi nəqliyyat vasitələrinin yol kənarında durmasının qarşısı alınacaq. Çempionat çərçivəsində paytaxt ərazisində dünya şöhrətli müğənnilərin iştirakı ilə müxtəlif tədbirlərin keçiriləcəyi yerlərə bitişik küçə və yollarda avtomobillərin hərəkətinə də tam məhdudiyyət qoyulacaq. Həmçinin Bakı Şəhər Dövlət Yol Polis İdarəsi bölgələrdən paytaxta gələn əhaliyə avtomobillərin hərəkətinə məhdudiyyətin qoyulmasını nəzərə alaraq ictimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük verilməsini, şəxsi avtomobillərdən az istifadə edilməsini tövsiyə edir.

Çempionatın keçirilməsi Azərbaycan idman həyatında xüsusi əhəmiyyət kəsb etdiyindən komandaların, hakimlərin, VİP qonaqların, xarici jurnalistlərin və çoxsaylı azarkeşlərin rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təşkili məqsədilə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi dövlət idarələrinin, müəssisə, firma və təşkilat rəhbərlərinin nəzərinə iri yük avtomobillərinin bütün istiqamətlərdən şəhərə daxil olmasına müvəqqəti məhdudiyyət qoyulacağını çatdıraraq, onlardan tabeliklərində olan işçilərə məxsus avtomobillərin iş yerləri ətrafında parklandırılmaması barədə xəbərdarlıq etmələrini xahiş edir. Bölmə rəisi qeyd edib ki, Salyan şosesi, 20-ci sahə, “Azneft meydanı”, Neftçilər, Heydər Əliyev prospektləri, Yusif Səfərov küçəsi, 10-cu Zavod Dairəsi, Aeroport şosesi, Buzovna şosesi və həmin marşrutla geriyə Koroğlu körpüsü ilə Qara Qarayev prospekti, Naxçıvanski küçəsi, həmçinin Azadlıq prospekti, Zərifə Əliyeva, Rəsul Rza, İstiqlaliyyət, 10-cu Park, Lermontov, Teymur Elçin, Mehdi Hüseyn, Mikayıl Müşfiq küçələri, Qurd Qapısı və İnşaatçılar, Hüseyn Cavid və N.Nərimanov prospektləri, Bakıxanov, C.Hacıbəyli, Vaqif, Həsənoğlu, Ağaoğlu, F.Xoyski, K.Rəhimov, Qədirbəyov, Dəmirçizadə küçələri, Qələbə meydanı və Xətai prospekti istiqamətlərinə şəxsi avtomobillərin hərəkətinə məhdudiyyət qoyularaq istiqamət dəyişdiriləcək.

Bakı Şəhər Dövlət Yol Polis İdarəsi əhalidən, avtomobil sahiblərindən və sürücülərdən ictimai nəqliyyatdan istifadəyə üstünlük verilməsini xahiş edir.

Telekanallara xəbərdarlıq edildi
20 sentyabr 2012 14:37

Bakı, 20 sentyabr (ERtv). Bu gün Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib. İclasda “Azad Azərbaycan Teleradio Şirkəti” və “ANS Müstəqil Yayım və Media Şirkəti” tərəfindən teleradio yayımı sahəsində qanunvericiliyin tələblərinin pozulması faktı üzrə inzibati icraata dair işə baxılıb. 17.09.2012-ci il, 18.09.2012-ci il tarixlərdə, saat 17:00 və 19:00 intervalında ANS televiziyasının efirində yayımlanan «İkinci həyat» verilişində və 17.09.2012-ci il, 18.09.2012-ci il tarixlərdə, saat 17:00 və 19:00 intervalında ATV televiziyasının efirində yayımlanan «Ümid var» verilişində “Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün Xüsusi Qaydalar”ın 2.7, 2.8-ci bəndlərinin tələbləri pozulduğundan Milli Televiziya və Radio Şurasının qərarına əsasən  “Azad Azərbaycan Teleradio Şirkəti” və “ANS Müstəqil Yayım və Media Şirkəti”nə xəbərdarlıq elan edilib.

Cenifer Lopez konsertinə gələnlərlə maraqlandı
20 sentyabr 2012 11:23

Bakı, 20 sentyabr (ERtv). ABŞ-ın dünya şöhrətli müğənnisi Cennifer Lopes Bakıya səfəri öncəsi mesaj yayımlayıb. Meqastar öz şəxsi saytında “Bakıda görüşənədək” başlıqlı yazısında həftəsonu Azərbaycan paytaxtında iki böyük gecənin iştirakçısı olacağını vurğulayıb: “Bu, mənim Azərbaycana ilk səfərimdir. Şənbə günü 17 yaşadək qızlar arasında dünya çempionatının açılış mərasimində çıxış edəcəyəm. Dünyanın müxtəlif ölkələrindən güclü, dözümlü qadınların qatıldığı idman hadisəsinin bir hissəsi olmaq mənim üçün şərəfdir. Bazar günü axşam isə “Crystall Hall” arenasında “Dance Again Tour” (Yenidən Rəqs Turu) iştirak edəcəyik. Səbirsizliklə gözləyirəm. Hazırsınızmı?”

Lopes sonda pərəstişkarlarına daha bir sual ünvanlayıb: “Dünya çempionatında kimə azarkeşlik edəcəksiniz? Cennifer”.

Qeyd edək ki, dünya çempionatının açılış mərasimi sentyabrın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Tədbir saat 18:30-da başlanacaq. Ertəsi gün Cennifer Lopesin “Crystall Hall”da nəzərdə tutulan konserti isə saat 21:00-da start götürəcək.

Məşhur türk müğənnisi Ebru Gündeş od püskürdü
20 sentyabr 2012 08:05

Bakı, 20 sentyabr (ERtv). Müğənni gündəmə əri Rza Zərrabın ona aldığı hədiyyələrlə gəlməsinə qəzənlənib: “Bu cür xəbərlər məni çox üzür. Ötən il aldığımız evi “uşağa görə hədiyyə” adlandırdılar. Mənim aldığıma da hədiyyə deyirlər. Bundan sonra ailəmə ziyan olacaq bu tip xəbərlərə görə məhkəməyə müraciət edəcəyəm”.

İbrahim Tatlısəs yeni proqramında türkü söyləməyəcək
20 sentyabr 2012 08:01

Bakı, 20 sentyabr (ERtv). Səhnədən ayrı qaldığı 19 ay boyunca 30 milyon civarında böyük bir maddi qazancdan olan məşhur sənətçi İbrahim Tatlısəs "İbo Şou" proqramına yenidən start verəcək. Proqramını son olaraq BeyazTV-də hazırlayan İbrahim Tatlısəs ekrana fərqli formada çıxacaq. O, türkü söyləməyəcək, yalnız qonaq qarşılayaraq söhbət edəcək.

Qeyd edək ki, yeni "İbo Şou" üçün hazırlıqlar artıq başlayıb. 

Azərbaycan Səfər Əbiyevin rəhbərliyi ilə hərbi təlimlərə başladı
20 sentyabr 2012 07:33

Bakı, 20 sentyabr (ERtv). Azərbaycan Ordusu növbəti genişmiqyaslı hərbi təlimlər keçirir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən ERtv-yə verilən məlumata görə, təlimlərə bütün qoşun növləri - Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrinin şəxsi heyəti cəlb olunub.

Təlimlər müdafiə naziri general-polkovnik Səfər Əbiyevin komandanlığı altında keçirilir.

Prezident İlham Əliyev Parisdə Azərbaycan Mədəniyyət Mərkəzinin açılışına həsr olunan qəbulda iştirak edib
20 sentyabr 2012 07:08

Bakı, 20 sentyabr (ERtv). Parisdə Heydər Əliyev Fondunun və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə yaradılan Mədəniyyət Mərkəzinin açılış mərasiminə həsr edilən qəbul olub. Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva qəbulda iştirak edib. Dövlət başçısı qəbulda çıxış edib.

Azərbaycanın və Fransanın dövlət və hökumət rəsmiləri, tanınmış ictimai-siyasi, mədəniyyət xadimləri və digər nüfuzlu qonaqların iştirak etdiyi qəbulda milli mətbəximizin ləziz təamları təqdim olunub.

Tədbir konsert proqramı ilə davam edib.

Azərbaycanın neft sənayesi işçiləri təltif edildi
19 sentyabr 2012 16:09

Bakı, 19 sentyabr (ERtv). Prezident İlham Əliyev Azərbaycanın neft sənayesi işçiləri təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən Azərbaycanın neft sənayesinin inkişafında xidmətlərinə görə Rəhman Əlisgəndər oğlu Qurbanov, Səfixan Rüstəm oğlu Məmmədov "Şöhrət" ordeni, 67 nəfər isə "Tərəqqi" medalı ilə təltif edilib.

Azərbaycanın neft sənayesi işçilərinə “Əməkdar Mühəndis” fəxri adı verildi
19 sentyabr 2012 15:57

Bakı, 19 sentyabr (ERtv). Prezident İlham Əliyev Azərbaycanın neft sənayesi işçilərinə “Əməkdar Mühəndis” fəxri adı verilməsi haqqında

sərəncam imzalayıb. Sərəncama əsasən Azərbaycanın neft sənayesinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə “Əməkdar Mühəndis” fəxri adı veriləcək:

 

Abdullayev Vaqif Adil oğlu

Bəkirov Şaiq Xanbaba oğlu

Əmirov Nail Nurov oğlu

Mədətov Mübariz İsrafil oğlu

Şirəli İskəndər Yaqub oğlu.

Azərbaycan prezidentinin fərdi təqaüdü veriləcək
19 sentyabr 2012 15:54

Bakı, 19 sentyabr (ERtv). Prezident İlham ƏliyevAzərbaycan prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən ölkənin neft sənayesində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslərə Azərbaycan prezidentinin fərdi təqaüdü veriləcək:

Kasımov Əlihüseyn Əlimuxtar oğlu

Süleymanov Həsən Teymur oğlu.

Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll etməlidir. 

 əvvəlki    972  973  974  975  976  977  978  979  980  981  982    növbəti 
Heydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə AzərbaycanHeydərlə Azərbaycan
Kaş ki, səni sevməyəydim 1
652021
Kaş ki, səni sevməyəydim 2
652022
Kaş ki, səni sevməyəydim 3
652023
Kaş ki, səni sevməyəydim 4
652025
Kaş ki, səni sevməyəydim 5
652026
Kaş ki, səni sevməyəydim 6
652027
Kaş ki, səni sevməyəydim 7
652028
Kaş ki, səni sevməyəydim 8
652029
Kaş ki, səni sevməyəydim 9
652030
Kaş ki, səni sevməyəydim 10
652031
NəzrinNəzrin
AydanAydan
AyxanAyxan
FərarFərar
BəylərNəzrinin övladı
BecanBecan
BarıBarı
"Kaş ki, səni sevməyəydim"
filminə məşhurların rəyləri.